.....

.....

Xəyalə Sevilin Rəşad Nağı Mustafa ilə müsahibəsi

Xəyalə Sevilin Rəşad Nağı Mustafa ilə müsahibəsi

Zərif Kölgələrin növbəti müsahibi Rəşad Nağı Mustafa – “Şeirdən bərk yapışmışam”

  1. Adətən, deyirlər, insanlar bir sahədə daha istedadlı, uğurlu olur. Siz bir az bu fikrin əksinə gedərək şair kimi də, aktyor kimi də, ssenarist kimi də bacarıqlısız. Bəs siz özünüzü daha çox hansı sahədə bacarıqlı hesab edirsiz?
    – Necə ki, Allah insana qaldıra biləcəyi qədər yük verir, düşünürəm, istedadı da elə verir. Yəni özünü göstərə biləcəyin qədər. Mənim inandığım, tanıdığım, danışdığım Allah o qədər ədalətlidir ki, insanlara istedadı da bərabər, yəni layiq olduğu qədər paylayıb. Ədalət də elə budu, hər kəsə layiq olduğu qədər vermək. Düşünürəm, Allah mənə layiq olduğum qədər şairlik, ssenaristlik və aktyorluq verib. Mən şair kimi istedalıyam, bacarıqlı deyiləm. Bacarıqlı olsaydım, şeirdən pul qazanardım. Amma ssenaridən pul qazanıram, elə buna görə də bu sahədə bacarıqlı hesab edirəm özümü. Aktyorluğa gəlincə bu peşənin təhsliin almamışam və təcrübəsizəm, ona görə də özümü aktyor hesab etmirəm. Bu yaxınlarda redaktoru olduğum verilişdə səsləndirdiyim “Müharibə” şeirim böyük marağa səbəb olmuşdu. Məlum videonu paylaşıb bir başlıq yazmışdım. O başlıq bir az da bu suala cavabdı bəlkə də. “Bir çox serialların ssenaristi, verilişlərin redaktoruyam. Həvəskar aktyor kimi, seriallara da çəkilirəm. Hətta bir dəfə cızığımdan çıxıb qısametrajlı filmin rejissorluğunu da etmişəm… Ancaq şeirdən həmişə bərk yapışmışam. Çünki şeirdə ssenari də yaza bilirəm, akytorluq da edə bilirəm, film də çəkə bilirəm.
    Siz isə ürəyinizdən ikiəlli yapışın. O ki yerə, göyə sığmaz, ürəyimizdədir – əlimizin altda.
  2. Bəs istedadınızı bir neçə qola bölmək çətin olmurmu?
    – Əslində bu suala birinci sualın cavabında cavab vermişəm. Heç nə çətin deyil, nə qədər pafoslu səsləsnsə də inanmaq lazımdı.
  3. İstedadı tamamlayan nəsnə onu təbliğ etmək bacarığıdır. Siz bu baxımdan bacarıqlısızmı?
    – Mən belə düşünmürəm. İstedadı təbliğ etmək məcburiyyətimiz yoxdu. Təbii ki, insan ona verilən istedaddan istifadə edib, insanlığa xidmət etsə bu özü bir təbliğatdır. Kəsəsi, “qarğa məndə qoz var” demək əvəzinə, qozu səssiz göstərmək lazımdı.
  4. Son zamanlar, deyəsən, şeir öz aktuallığını itirib. İnsanlar şeirə inanmırlar, çünki bəzən şairlər belə öz şeirlərındəki qədər dərin yaşamırlar. Siz necə, şeirlərinizdəki kimi yaşayırsız?
    – Aşağı yuxarı şeiri sevən müəyyən sayda insan var. Onlar nə çox azalır, nə çox çoxalır. Buna görə də aktuallığını itirib deməzdim. Sadəcə yaxşı şeirin sayı azalıb. Bəzi şairlər şeiri rutinə çevirib, dayanmadan yazırlar. İnsan da dayanmadan fərqli hiss yaşamadığı üçün şeirlər boş, mənasız olur. Şeirlərimdəkini yaşayıb yaşamadığımı dəqiq bilmirəm, amma yaşlandığım dəqiqdi.
  5. Təsadüflərə inanırsız, yoxsa insan taleyini özü yazır?
    – Əlbəttə özü yazır. İnsan taleyini dəyişdirə biləcək qədər güclüdü. Başımıza gələn fəlakətlər etdiyimiz səhvlərin cəzasıdı. Bu gün həyatımda baş verən hər hansı bir yaxşı, pis hadisə mənim yazdığım qədərdi, taledi. Təbii ki, bu yazma qüdrətini də Allah verib mənə.
  6. Qadın sevənə qədər ağıllıdır, deyirlər. Bəs kişilər nə vaxta qədər ağıllıdır?
    – Bunu bütün qadınların adından kim deyib bilmirəm, mən bütün kişilərin adından nəsə deyə bilmərən. Öz adımdan deyə bilərəm. Mən atam vəfat edəndən, anam xəstələnəndən, evlənəndən və ata olandan sonra ağıllanmışam.
  7. Münasibəti kim aparır, kişi, qadın, yoxsa sevən?
    – Ağıllı olan. Sevən adam münasibəti apara bilməz, sevgi hissdi, hiss təhlükədi. Münasibəti ağıllı adam aparır, inkişaf elətdirir, xilas edir.
  8. Kişilər xəyanət etdikləri qadını itirməkdən qorxurlarmış. Ümumiyyətlə, xəyanət sevməməkdirmi?
    – Bu suala xəyanət edən kişi dəqiq cavab verə bilər, mən yox)))) Ancaq müşahidələrim göstərir ki, kişi xəyanət etmək istəyirsə, ona səbəb lazım deyil. Mən sevdiyini itirməkdən qorxuğu üçün yox, sadəcə sevdiyi qadından qorxduğu üçün xəyanət etməyən kişilər tanıyıram. Onlar elə xəyanət etmiş kimi var. İnsanın ağlına xəyanət etmək gəldisə, amma qorxudan etmədisə, artıq edib mənə görə. İnsanın ağlına xəyanət gəlirsə, münasibətini gözdən keçirməlidi, boşluqları tapmalıdı.
  9. Pul, maşın, qadın! Deyəsən, bu üçlüyə kişinin marağı olmalıdı. Sizcə, necə?
    – Məndə hər üçü də ehtiyacım olduğu üçün var. Pulu yaxşı yaşamaq üçün qazanıram, maşını rahat olmaq üçün sürürəm. Qadını xoşbəxt olmaq üçün sevirəm. Yəni eqoistəm)))
  10. Nə qədər inkar etsək də, dünya təmənna üzərində qurulub. Sevəndə belə sevilmək istəyirik. Bəs sizin sevgidəki təmənnanız nədir?
    – Qarşılıqsız sevə ancaq Allahdı. Günahkar olsan da sevir. Sevilməyi hamı istəyir. Ancaq insanı sevilmək yox, sevmək xilas edir. Çünki insan sevəndə dəyişə bilir. Mən də sevəndən sonra dəyişmişəm. İndiki Rəşad daha səbirli, daha uzaqgörən, daha planlıdı. Hərəkətlərinə fikir verir, özünü yaxşı aparır.
  11. Platonik sevgiyə münasibətiniz necədir?
    – Məsafə saxlayıram)
  12. Unutmaq çoxmu vaxtınızı alır?
    – İnsan unutqandı, bir gün hamı nəfəs almağı unudub ölür. Bacardığın ən yaxşı şeydi unutmaqdı. Unutmasam, yaşaya bilmərəm. Bu gün enerjimi alan bütün hadisələri sabah unuduram. Çünki hər günün öz haqqı var. Bu günü sabaha daşımaq olmaz. Sabahı da o biri günə. Hər günün öz planı var, planları pozmaq insanı illərlə dala sala bilər. Unudulmalı insanlar pul deyil ki, dar gün üçün qırağa atasan. Qırağa atmaq olar, amma birdəfəlik. Hamı haqlıdı, unudan da, unudulan da.
  13. Keçmiş, gələcək, indi! Daha çox hansında yaşayırsız?
    – Keçmişdən bu günə lazım olan xatirlərəmi daşıyıram, lazım olmayanı da dediyim kimi unuduram. Ancaq əsas bu gündü, indidi. Çünki gələcəyin təməlini indi, bu gün qoyuram. Bu günüm üçün yaşayıram, gələcəyim üçün.