.....

.....

Abadistan bağırtıları eşitmir – Elçin Məhərrəmin hekayəsi

Abadistan bağırtıları eşitmir – Elçin Məhərrəmin hekayəsi

Abadistan bağırtıları eşitmir.

Böyük avtobus gürzə kimi fısıldayaraq dayandı. Elə bil o, kimi isə qorxutmağa çalışırdı.
Deyirdi : ” Gəlmə.Sancaram.Minmə.Çox uzağa apararam”

Abadistan … Abadistan… 10 dəqiqədən sonra tərpənir…
Sürücü ara-sıra siqaretindən bir-iki qullab vurur sonra yenidən bütün səsi ilə bağırırdı.
Abadistan, gözəl şəhər. Tələsin. Tələsin.
Bağırtılar da barmaq izləri kimi biri- birindən fərqlənir. Sürücü bağırtısı, fahişə bağırtısı,
siyasətçi bağırtısı, əsgər bağırtısı…
O əsgər bağırtısına yaxşı bələd idi. Çox əsgər bağırtısı eşitmişdi. Ən son isə eşitdiyi bağırtı
öz içindən qopmuşdu. Dan yeri sökülənə yaxın atılan top mərmisinin qəlpəsi onun bir
ayağını və qolunun dirsəkdən aşağı hissəsini qoparmışdı. Gözlərini açanda artıq o ,tək qolu
və ayağı olan bir ” canlı ” idi . Bu hadisədən bir ay keçmişdi. İndi o əl ağacına söykənərək
Abadistan şəhərinə yola düşmək üzrə olan avtobusa minmək haqqında düşünürdü. Yeni
salınan bu şəhər barədə hospitalda yatanda eşitmişdi. İşıq, qaz pulsuz, qiymətlər ucuz,
istirahət zonaları təmiz.
Avtobusa yaxınlaşdı. Bir it zingildəyərək özünü onun qabağına atdı. Başından quyruğunadək
yara-xora içində olan bu ağ it ,burnunu onun tək qalmış ayağına sürtürdü .Bu it nədənsə ona
, əsgər yoldaşının aclıqdan düşmənin yaralı itini öldürərək yeməsi hadisəsini xatırlatdı. Özü
də çiy-çiy. O ağzını elə marçıldadırdı ki, sanki ən ləziz bir yeməyi dadırdı. Yeyib bitirdikdən
sonra üzünü ona təəccüblə baxan insanlara tutaraq : “Aclıq bütün duyğuları gəmirən bir
parazitdir ” demişdi. 1 həftə sonra xəbər gəldi ki, ” ityeyən ” kəşfiyyata gedərkən əsir düşüb.
Dindirilmədən sonra onu 4 dənə ” Rottweiler” cinsli itə parçaladıblar. Avtobus siqnalı onu
daldığı xatirə girdabından çəkib çıxardı.
Özünü ona sürtən it gözdən itmişdi. Avtobusa minmək vaxtı idi. Gecikmək olmazdı.Çətinliklə
avtobusa qalxa bildi. Yalnız fiziki məhdudiyyətli şəxslər üçün ayrılan iki oturacaqdan başqa
bütün yerlər dolu idi. Ağır- ağır oturacağa yaxınlaşırdı ki, bir qüvvə onu kənara itələdi. Bu
yekə yanbızlı, yanında balaca iti olan qadın idi. O üzr belə istəmədən boş qalan bir
oturacaqda oturdu. Digərinə də itini oturtdu.Pırtlaşıq saçlarına tez-tez sığal çəkən bu qadın
hansısa çizgi film personajına bənzəyirdi. Bütün oturacaqlar dolmuşdu. Birdən onun diqqətini
avtobusun pəncərəsinə yapışdırılan ” itlərin girişi qadağandır ” nişanı çəkdi. Sürücüyə nəsə
söz demək istədi ancaq bu addımı atmadı. Oturacağın altında buğlanmış bir cüt göz onu
dayandırdı.Bu bir az əvvəl gördüyü bədəni yara-xora basmış həmin ağ it idi. Büzüşmüş bir
şəkildə Abadıstana səfərə hazırlaşırdı. Gəldiyi kimi ağır- ağır avtobusdan düşdü. Bu gün
Abadistana gedə bilməyəcəkdi…
Avtobus çox uzaqlaşmamış dayandı. Elə bil gürzə öz mədəsini boşaltdı.Ağ iti avtobusdan
tulladılar. Zingilti qopararaq asfalta çaxıldı. Çaxılan kimi də durub uluya- uluya onun üstünə
qaçdı. Sanki it deyirdi : ” – Ay əlil niyə susdun ? Niyə demədin ki , bu it yiyəsiz deyil. Onun
yiyəsi mənəm. Görürsən yiyəsi olana toxunmurlar.Niyə bizi Abadistandan məhrum etdin ? “

Birdən göy guruldadı. Göyün qarnı cırıldı. Müharibədə yağan yağışdan yağırdı. Bu yağışı o
uzaqdan görmüşdü. Bu yağışdan sonra heç bir canlının nəfəs ala bilməyəcəyini də yaxşı
bilirdi. Yoldaşları da nə vaxtsa hansısa yerə məhz bu cür yağış yağdırmışdılar. O bilirdi .
Üzünü göylərə tutub it kimi uladı,zingildədi. Ona çatan it də başını göylərə qaldırıb insan kimi
bağırmağa başladı. İnsan hürür, it bağırırdı.
Bədənlərin bağırtılarını çox eşitmişdi. Ruhların bağırtısına isə yalnız indi şahid olurdu.
İlk və son dəfə…
( Elçin Məhərrəm)