AĞACLARIN DƏRDİ
Payız Bakıya hələ gəlməmişdi. Ancaq ağaclara baxanda adama elə gəlirdi ki, payızın sərt küləkli, sazaqlı son günləridir. Ağacların yarpaqlarının çoxu tökülmüş, budaqların ucunda tək-tük qalanların rəngi saralıb-solmuşdur. Sanki son anlarını yaşayırdı, bir himə bənddi ki, qopub yerə tökülsün, ya da küləyin təsirindən uçub harasa getsin. Uca qamətli, qollu-budaqlı çinarların, küknar və şam ağaclarının şax qaməti elə əyilmişdi ki, elə bil doxsan yaşında kasıb qocadır, oturub ölümünü gözləyir.
Payıza hələ çox qalmışdı. Havalar da isti keçmirdi, mülayim idi. Ağacların bu hala düşməsi məni narahat etdi. Düşündüm ki, bəlkə, ağaclara yaxşı qulluq olunmayıb, vaxtlı-vaxtında dibi bellənməyib, su verilməyib. Gördüm yox, fikrim məni çaşdırıb. Bağbanlar öz işlərini vicdanla yerinə yetiriblər. Onda marağım bir az da artdı.
Ayaqüstə quruyan ağaclara diqqətlə baxdığımı görən bir nurani qoca mənə yaxınlaşdı. Onun yaxınlaşması məni fikirlər aləmindən ayırdı.
-Bala, bayaqdan sənə fikir verirəm, quruyan ağaclara yaman diqqətlə baxırsan. – dedi. – Görürəm, ağacların dərdini çəkirsən. Kaş, burda yaşayan, işləyən adamlardan yüzdə biri sənin kimi həssas olaydı.
Astadan cavab verdim:
-Baba, düz buyurursunuz. Ağacların dərdi məni götürüb. Bunların dərdi nədir ki, öz-özünə quruyurlar?
Qoca ətrafa nəzər saldı. Gördü ki, yaxınlığımızda heç kim yoxdur. Qəhər boğa-boğa yavaşcadan dedi:
-Bala, ağaclar adamlardan fərqli olaraq çox həssasdırlar. Başlarına gələcək qada-balanı tez duyurlar. Bu gün-sabah onları kəsib-doğrayacaqlar. Yerlərində göydələn, mağaza, ya da restoran tikəcəklər. Çünki şəhərdə, görmürsənmi, tikinti aparılacaq boş yer qalmayıbdır. Hamısını satıblar. İşbazlar indi də gözlərini yaşıllıqlara dikiblər. Heç kimin cürəti çatmır onlara desin ki, ay namərdlər, niyə belə əzazil olubsunuz, yaşıllıqlara qənim kəsilmisiniz. Onların vicdanları daşdandır, adam da yaşıllığı məhv edər? Əgər bir nəfər dillənsə, onu da o söz… Arxalarında böyük-böyük səlahiyyət sahibləri olan məmur-oliqarxlar durublar. Bala, ağaclar da istəmir ki, o namərdlərin baltasına tuş gəlsin.
Mən gözümü quruyan ağaclara zilləyib durmuşdum. Qocanın daha nə dediklərini eşitmirdim. Qulaqlarımda quruyan ağacların ah naləsi, fəryadı səslənirdi.