.....

.....

AĞRI – Rəna Qələndərova

AĞRI – Rəna Qələndərova

AĞRI…

Hamı bu toydan danışırdı.
—Halal olsun, qəşəng toy elədilər!
—Elədir! Amma, a bajı, onlar da eləməsin kim eləsin belə toyu, tək oğul, ata qoçaq, ana qoçaq….Yaxşı vaxtında çıxdılar burdan. Yoxsa burda, kənddə qalsaydılar elə bizi kimi geridə qalmışın biri olacaqdılar danaaa…
—Evlərini də gördün dəəə! Maşallah, Allah sağlıqlarına qismət eləsin…
—Aaazz, bu qədər danışırıq, xalxı gözə gətirəcəyik vallah!
Qadınlar gülə – gülə bulaqdan aşağı enən cığırda
səhənglərini yerə qoyub nəfəslərini dərmək üçün dayandılar.
Aşağı tərəfdən gələn Lalə qadınların yanına çatıb dayandı.
—Toya gedəjəm, Daşqın bəy olajax, oynuyajam, “Yanıx Kərəmi” oynuyajam…
—A batmış, toy oldu, qurtardı eyyy, Daşqın evləndi!
Lalə elə bil eşitmirdi:
—Zərri don aldırajam qağama, Daşqının toyudur!
Qadınlardan biri təəssüflə başını yırğaladı:
—Deyirəm, gərək Ayaz bu yazığı da aparaydı ey toya, bədbəxt adamdı da, sevinərdi…
—Aaaazzz, dəlisən, hara aparsın, onu o toyda kim idarə eləyəcəkdi? İnan, yazıxları bezdirərdi eyyy…
—Deyirəm, ay Yasəmən, bu qıza nə oldu eyyy, yadındadı necə sərrast qız idi. Özü də məktəbin ən gözəl, tərbiyyəli uşağı idi. Bizdən bir sinif aşağıda oxuyurdu. Nooldu buna birdən – birə….
—Nə deyim vallah, keçmə Allahdan, xeyli yatdı evlərində, qaynanam dedi deyəsən, Cümşüdün qızına vergi verilif, hey yatır. Sonra da birdən beləcə gördük ki, nə vergi əşşi qız dəli olub…
Lalə daşın üstündə oturub uzaqlara baxırdı…
… Daşqın toydan bir neçə gün sonra baş ağrılarından şikayətlənməyə başladı. Tərgül onun bu halını min yerə yozdu. Gah dedi yuxusuz qalırsan, gah dedi “pis gözlərə lənət, gözə gəlibsən!”…
Amma Daşqın daha dözə bilmirdi. Başağrı dərmanı atsa da beyni zoqquldayırdı.
—Ay mama, yuxusuzluq deyil eee… Yatıram deyən kimi uşaq ağlamağı səsi gəlir qulağıma. Bütün gecəni qulağımın dibində sanki uşaq ağlayır.
Təzə gəlin də mat qalmışdı. Daşqın gecənin bir aləmində başını əlləri arasında sıxır “sus, sus ay Allahın bəlası, sus!” – deyə pıçıldayırdı.
Tərgül Daşqının körpəliyini xatırladı. Sabaha kimi qışqırardı, ağlayardı… Amma o günləri xatırlamaq Tərgülü sanki qorxutdu.
—Səhər gedək həkimə, görək sənə nə olub.
Amma Tərgül səhəri gözləmədən, aşağı məhəllədəki falçının yanına getdi. Daşqının, gəlninin, özlərinin şəklini də özü ilə götürdü.
“Baxıcı” Tərgülə baxan kimi bir həşir qayırdı ki:
—Boooyyy, nə gündəsiniz ay xanım?! Üstünüzdə nəzər var! Özü də nəsə təzəlikdə bir yığıncaqda olmusan, sözün dilə – dişə düşüb.
Daşqının şəklini Tərgüllə Asifin şəklinin yanına qoyub soruşdu:
—Nəyindi bu oğlan?
—Oğlum!
Falçı şəklə baxdı, Tərgülə baxdı, ani sükutdan sonra :
—Oğlundu? Həəə, maşallah göyçək uşaqdı, Allah saxlasın! Tərgülü elə bil ilan çaldı, falçı bir şəklə, bir də Tərgülə təkrar baxdı.
Xeyli danışdı, yazdı, bükdü, bağladı… Tərgülün bir şax yüzlüyünü də aldı…
—Təmizlədim bütün mənfi enerjiləri, gözə gəlib oğlun! İnşallah göydə Allah, yerdə də bu yazdıqlarım kömək olar.
Tərgül çox pəjmürdə idi. Falçının yanından gələndən elə bil ürəyində nəsə qırılıb düşmüşdü.
Daşqın bütün analizlərini verdi. El arasında deyildiyi kimi “tomoqrafi, MRT, UZİ hamısını elətdirdi. Amma gündüzlər dincələn başağrıları gecə yuxuya düşən kimi o müdhiş uşaq ağlaması ilə başlayırdı.
Həkim də məətəl qaldı. Hər şey qaydasında idi.
—Həəə, bircə yolumuz qaldı, psixoloji yoxlamadan keçmək. Əlamətlər göstərir ki, bu səndə hansısa travmanın nəticəsidir. Ya da sinirinə toxuna biləcək bir hadisə ilə bağlıdır.
Tərgüllə Asif həyəcanla bir birinə baxdılar.
… Asif Tərgüllə evləndiyindən üç il keçmişdi. Uşaq həsrəti ilə hər dəfə onları sorğulayan valideynləri sevindirə bilmirdilər. Bütün müalicələr nəticəsiz qalır, ümidləri daha çox üzülürdü körpə sarıdan..
Bir axşam qəribə bir hadisə oldu. Qonşu Cümşüd, arvadı Nabatla onlara gəldi. Xısın – xısın danışıqlar, qəzəbli pıçıltılar Asiflə Tərgülün otağında da eşidilirdi. Asifin atası, Cümşüd kişini sakitləşdirməyə çalışsa da Cümşüd kişinin səsi yüksəlirdi:
—Bilirsən nə var, mən sabah rayona getsəm şikayətə, sənin qaynın qulağının dibini görər polisdə işləməyi görüncə. Bilmirəm, nə eləyirsiz eləyin mənim uşağımın adına ləkə gəlməsin! Yoxsa qaradan artıq rəng yoxdur, mən də bildiyimi eliyəjəm!
Asif anasının astaca səsini eşitdi:
—Üzün qara olsun ay Rasim, bizi biyabır elədin.
Rasim Asifin dayısı idi. Təzəlikdə polisə işə düzəlmək istəyirdi. Rasimin, bacısının ailəsindən başqa kimsəsi yox idi. Ona görə də ondan gələn şikayətləri də Asifin atası “sinəsinə çəkirdi”
Cümşüdgil gecə yarıya qədər danışdılar, nəhayət getdilər. Asif atasıgillə eyni həyətin fərqli evlərində olurdular. Qonaqların getdiyini görüb, atasıgil tərəfə keçdi.
—Noolub ay maaa, Cümşüd dayı nəyə gəlmişdi?
Anası əməlli dilxor idi…
—Dayının canına azzar olsun! Bunun əlindən axırda özümü öldürəjəm!
—Neynəyib? Yoxsa Cümşüdün qoyununu oğurlayıb, kabablayıb?!
—Ehhh, Asif, sən də kefsən eyy, mən ölürəm…
—Noolub eee???
Anası danışdıqca Asif daha çox sıxılmağa başladı…
—Deməli, bu üzüqara olmuş, Cümşüdün qızı Laləyə göz qoyubmuş. Qızı aldadıb, başdan çıxarıb, deyib səni alacam. Qız da bu il qurtarıb axı məktəbi.. Fağır da uşaqdı. İndi də deyib düş yaxamdan, sənin başın əməlli çatmır. Mən səni alası deyiləm.
Asifin qaşları düyünləndi.
—Belə də götürəndə, bir az da düz deyir danaaa, göyçək olmağına göyçəkdi, amma o qızın elə bil bir az o söz, başı çatmır. Bir də almır – almır daaa. Qız ağacı qoz ağacı…
—Zəvzəkləmə əəəə, elə döyül eee, qız hamilədir!
Asif yerində donub qaldı…
Evdə sanki yas düşmüşdü. Hamı fikirləşir, çıxış yolu axtarırdı. Rasim qəti Laləyə yaxın durmurdu.
—A bala al, bir müddət sonra denən yola getmədik boşan! —anasının bu sözü Asifə yaman pis təsir elədi…
Rasim heç ipə – sapa yatmırdı. Unversitet tələbəsi təzə sevgilisinə “xəyanət” etməyəcəkdi…
Nə isə çox çək-çevirdən sonra hər iki ailə qərara gəldi ki, Lalə uşağı dünyaya gətirənəcən cox həyət bacada görünməsin. Uşaq olanda, Asiflə Tərgül uşağı götürüb kəndi tərk etsinlər. Laləni də Asifgilin uzaq bir qohumuna ərə verəcəkdilər. Kişi çoban idi, arvadı malyariyadan ölmüşdü, iki uşağı vardı.
Bütün bunun müqabilində Cümşüdə də üç min “sus payı” pul verəcəkdilər.
Lalə o gecə səssiz – səmirsiz evdəcə bir oğlan doğdu. Elə o gecə Asiflə Tərgül uşağı götürüb getdilər şəhərə.
Cümşüd o pula bir Jiquli”aldı.
Lalə… Lalə də havalandı.
Laləni aparmadıqları həkim qalmadı. Xeyri olmadı Rasim polislikdən aldığı pulun çoxunu Lalənin müalicəsi üçün Cümşüdə versə də, sonda məlum oldu ki, müalicənin xeyri olmayacaq…
Bir gün Lalə Asifin atası evinə gəldi. Əvvəlcə, uşağın adını nə qoyduqlarını pıçıltı ilə soruşdu.
—Adı Daşqındır! – deyən Asifin anası gözyaşlarını saxlaya bilmədi…
—Deməli, oğlandır! Kimə oxşayır, şəkli varmı? – Lalənin gözləri qəribə şəkildə parladı..
—Deyərəm göndərərlər şəklini…
Lalə işarət barmağını dodağının üstünə qoydu.
—Susss! Anamgilə demə, heç kimə demə, olmaz! Gətir şəklini, amma heç kimə demə…
Daşqın çox ağlayırdı. Hələ ilk gətirdikləri vaxt dözülməz dərəcədə ağlayırdı.
Sonra hər şey adiləşdi
Unuduldu… Təkcə Lalə unutmurdu heç nəyi… Piltik-pitik olmuş qəzetə bükülmüş körpə şəklini əzizləyirdi.
… İndi bu başağrısı da bir dərd oldu Asiflə Tərgülə. Sinirlə bağlı ola bilər demələri də lap qorxutdu onları.
Uşaq ağlamağı kəsmirdi Daşqının qulağında.
Asifin anası qonaq gəlmişdi onlara. Daşqının başağrılarını eşidəndə, “qulağına gələn uşaq səslərini” biləndə nənənin gözləri hədəqəsindən çıxdı.
—Asif, Lalə yarım aydı can verir, ölə bilmir yazıx! Sizin toydan bir az sonra bulağın başında özündən gedibmiş. Gətirdilər evə. Ayılmır, dili də tutulub, can verir…
Tərgül hönkürdü “Allahım! Keç günahımızdan!”
Səhər nənəni kəndə apardılar. Cəmşidgilə də “xəstə ziyarətinə” getdilər.
Əvvəlcə Tərgül Lalənin çarpayısına yaxınlaşdı, öpdü üzündən. Lalə süst vəziyyətdə yatırdı.
Tərgül Daşqına gözü ilə him elədi”keç sən də görüş! “
Daşqın Laləyə yaxınlaşdı. Əyilib öpmək istəyəndə başındakı ağrı lap şiddətləndi. Öpdü Laləni. Lalə yenə tərpənmədi. Bir az oturub getdilər nənəsigilə. Gecəni qalıb səhər şəhərə qayıdacaqdılar.
Səhər Daşqın çox gümrah oyandı.
—Ay maaa, uşaq susdu, bu gecə ağlamadı…

Tərgül göz yaşlarını sildi… “Bu gecə Lalə öldü!”