ALAGÖZ
(biblioqrafik hekayə)
On iki yaşım ancaq olardı. Varımız, yoxumuz, buzovsuz bircə inəyimiz vardı. Adı Alagöz idi.
Bir gün axşam kənd sovetinin sədri Hürü xanım, katibi Əfsər kişi ilə qapımıza gəldilər. Bildirdilər ki, üç ildir ətlik, yumurta, yun planını vermirsiniz.
-İnəyinizi verib borcunuzu ödəməlisiniz. Yoxsa!.. – deyib Əfsər kişi qağama həbsxana işarəsini göstərdi.
Onlar gedən kimi anam qağamın həbs olunacağından qorxub dedi:
-Onsuz da qısır inəkdi. Ətlik idarəsinə verək, planı ödəyək.
Qağam istədi anamı fikrindən yayındırıb o dediyini eləməsin. Bayaq Hürü xanıma: “Qanun qarşısında boynunuz qıldan da nazikdir”, – deyən anam indi də qağama:
-Hökumətlə çiling-ağac oynamayacağıq ki… – tövsiyyəsi verirdi.
Gecə saat on ikidə qağam inəyin boynuna çatı saldı. Yuxa, şor, termosda çay qoyduğu heybəni də çiyninə atıb “hoo.., hoo..” – deyib yola düşdük. Qağam ağır eşitdiyindən o uzaq bir yerə gedəndə mən də yanında olurdum.
Bütün gecəni yol getdik. Koroğlu daşına çatanda qağam dedi ki, dayanıb bir hovur həm dincimizi alaq, həm də yemək yeyək. Elə də etdik. İnəyin çatısını ağ qovaq ağacına bağladıq ki, qaçıb getməsin. Biz də beş addım o yanda oturduq. Qağam heybədən yuxa, şor çıxarıb dürmək edib mənə verdikdən sonra özünə də dürmək düzəltdi. İştahla yeyib, termos çayından içdikdən sonra ayağa durdu ki, yola düzələk. Bu vaxt hava çiskinlədi, ardınca da şıdırğı yağış başladı.
Yaxşı ki, yaxınlıqda kolxozçuların daldalanacaq istirahət yeri – daş çardaq vardı. İnəyi güclə çardağın aynabənd olan hissəsinə saldıq. Biz isə otaqların birinə keçib pəncərədən həm inəyə baxır, həm də yağışın kəsməsini gözləyirdik. Dəmir çarpayıya oturan kimi yuxum gəldi. Evimizdə olanda bu vaxtlar şirin yuxuda olardım. Qağam mənim halımı görüb: “Sən yat, yağış kəsəndə oyadacam”, – deyib divardan asılmış köhnə gödəkçəni üstümə sərdi. İsti canıma dolan kimi yatdım. Qəribə yuxu gördüm. Görürəm: “…Selləmə yağış davam edir. Daldalanmaq üçün ora-bura qaçırıq. Uzaqda bir işıq yanırdı. İşığa tərəf gedib bir evə rast gəldik. Evə girdik. Ev yiyəsi havanı öyrənmək üçün bayıra çıxıb dedi: “İş yiyəsi işindədir”. Onunla birlikdə yaşayan ikinci kişi də həmin sözləri təkrarladı.
Qağam da bir azdan başını çölə çıxarıb səmaya baxıb: “Bu xaraba yenə yağır”, – dedi. Bax, bir anda görünən işıq da, ev də, ev yiyəsi də, onun yanındakı kişi də yox oldu. Biz əvvəlki kimi yağış altında qaldıq. “Yaxşı ki, qağam yuxudan oyatdı: “Dur gedək, yağış kəsib. Səhər erkəndən çatsaq növbəmiz də irəlidə olar”, dedi.
Səhər açılanda rayon mərkəzinə – Pirçivana çatdıq. Bazar günü olduğundan ətlik idarəsi işləmirdi. Qarovulçu dedi ki, sabah tezdən gətirərsiniz. Qağam mənə peşiman olmuş kimi baxırdı. Axı iyirmi bir kilometr yolu geri qayıtmaq, yenidən gətirmək çətin olacaqdı. Qağam qərara gəldi ki, Pirçivanda qalaq. Bəs inəyi harda saxlayaq? Kimi tanıyırıq ki? Tutaq ki, kimsə bizə bir gecəlik sığınacaq verdi, bəs inək? Bu minvalla günü axşam elədik…
Sən demə, qağamın bu ərazilərlə tanışlığı varmış. Ətlik idarəsinin qonşuluğunda bir rus ailəsi yaşayırdı. Evin sahibi qapıda hərlənirdi. Qağam rusun həyət çəpərindən boylanıb salam verdikdən sonra:
-İcazə ver, bu gecə sizin tövlədə bu inəklə qalaq. Sabah əttiyə verəcəyik.
Rus əvvəlcə yox dedi. Sonra inəyə, mənə baxıb yazığı gəlirmiş kimi qağama dedi:
-Ey musulman, bu çardağın altındakı əşyalar yığılan otaqda qala bilərsənmi?
Qağam tez:
-Qalarıq, qalarıq, – dedi.
İnəyi çatıyla həyətdəki tut ağacına bağlayan rus bizi əşyalarla dolu olan yardımçı evə gətirdi:
-Özünüzə yer düzəldin, mən də görüm evdən nə tapıb gətirə bilirəm yatmağınıza, – deyib getdi. Getməyi ilə qayıtmağı arasındakı məsafə bir neçə dəqiqəlik vaxt oldu. İki yorğan gətirmişdi, – birtəhər bu gecəni yola verin.
Qağam əşyaları bir qırağa yığıb taxta döşəmənin üstündə yer düzəltdi. Heybənin içindən sonuncu yuxanı çıxarıb dürmək edib mənə verdi:
-Dədə qurban, şorumuz günorta yeməyində qurtardı.
Özü isə heybənin dibindəki çörək qırıntılarını ovcuna yığıb acıgözlüklə ağzına təpdi. Elə iştahla yeyirdi ki, elə bil yağlı kababı isti-isti damağına çəkir…
Səhər açıldı. Qağam rusa razılığını bildirib həyətdən çıxdıq. Alagöz axşamdan ac olduğundan çəpər qırağında yenicə göyərən yaşıllıqda otarmaq istədik. O isə küsmüşdü, otlamırdı. Ətlik idarəsinə gətirdik. Alagözü iri bir tərəziyə qoyub çəkdilər. Çəkisini bir kağıza yazıb qağama verib dedilər ki, apar hesabdarlıq işinizi həll etsin. Hesabdarlıqda adımızı tapıb inəyin ətindən üç ilin planını tutduqdan sonra bizə çatası on manat səksən səkkiz qəpik pulu gələn ay poçtla adımıza göndəriləcəyini dedi.
Alagözü ətliyin ağılındakı inəklərin yanına salmışdılar. Qarovulçudan çatısını götürüb ətlikdən çıxdıq.
İnəyi ətliyə verməyimizdən bir neçə gün ötmüşdü. Həkəri çayının qırağındakı “Qarama” yerdə qağam arat edirdi. Mən heybədə qağama yemək gətirmişdim. Günortaüstü idi. Qağam söyüd ağacının dibində yenicə süfrə açmışdı ki, bu vaxt asfalt yolla bir naxır ətlik malların getdiyini gördüm. Qonşu rayonun ət kombinatına aparırdılar. Səksən, yüz malın içindən Alagözü gördüm. O da məni gördü. Mən ona doğru getdikcə, o da mənə tərəf gəldi. Çatan kimi mələdi. Əlimi, ayağımı yaladı. Alagöz məndən imdad diləyirdi.
Azad olmaq idi onun arzusu. O mənə baxıb adam kimi gözlərindən yaş axıtdı. Mən də ağladım. Alagözümü sığallayıb öpdüm.
Alagöz sürüdən geridə qalmışdı. Ətlik mallarını aparan naxırçılardan biri Alagözü görüb geri qayıtdı. Çatan kimi bir çomaq ilişdirdi. Alagöz məndən aralandı. O mələyə-mələyə qaçıb sürüyə qoşuldu.
Son
29.12.2024
Bakı, Albalılıq qəsəbəsi