ANAMA MƏKTUB!
Əzizim Anam.
Biz tərəfin, yəni dünyanın halını soruşmaq istəyirsənsə heç də hər şey qoyub getdiyin kimi deyil.
Sən getdikdən sonra hər şey dəyişdi, hər şey…
Sən öldükdən sonra Sərxan dayı, sonra sənin sevimli xalan oğlu, mənim isə sevimli əmim Səfər əmi, ardınca isə ən sevdiyin kürəkənin Şəhram öldü.
Yaxşı ki, sən bunların heç birinin ölümünü görmədin.
Yoxsa qurban olduğum o ürəyin bütün bunlara görəsən tab gətirərdimi?
Sən getdikdən sonra mən iki dəfə əməliyyat olunmuşam.
Mən üçüncü əməliyyata hazırlaşarkən, nəvən Tamilla isə ana olmağa hazırlaşır.
Nəvələrindən Məcidi əsgərliyə, Talibi isə təhsil almaq üçün çox uzaqlara Amerikaya yola saldıq.
Uzaqlar demişkən, sevimli bibin qızı Təranə isə həmişəki kimi hələ də uzaqların Adamıdı, vətənə qayıtmayıb.
Həyat bibin isə yaşayır, artıq doxsana yaxın yaşı var. Hərdən ziyarətinə gedir, səni xatırlayıb ağlayırıq.
Bilirəm artıq fikrin qaldı Elnarənin yanında ki, Şəhramsız nə edir?
Mən deyim də nə edir.
Qəbirstanlıq yaxın olduğundan səhərlər qəbir üstünə gedir, günorta Şəhramın mərasim zamanı böyüdülmüş şəkli ilə danışır, gecələr isə ən xoş anılarını xatırlaya xatırlaya gecənin səsizliyində göz yaşlarında boğularaq ölən, səhərə isə sağ salamat çıxan insanlardandır.
Əzizim Anam!
Anasız uşaqların həmişə boynu bükük olur, deyərdin. Anasını görməyən, ana sevgisinin necə bir duyğu olduğunu bilməyən uşaqlar niyə həyat boyu anasızlığın yoxluğunu çəkirlər?
İnsan bilmədiyi bir nəsnənin yoxluğunu necə çəkə bilər axı?
Əzizim Anam!
Bilirsənmi, sən getdikdən sonra dünyada o qədər dəyişikliklər oldu ki…
Binalar yüksəldikcə insanlar kiçilməyə başladı.
Məscidlərin işığı şəhərin gur işıqlarından artıq fərq edilməz, Tanrı isə görünməz oldu.
Əvvəllər Tanrıdan dilədiyimizi indi insanlardan diləyirik.
Biri gəlsin bizi qurtarsın deyə…
Əzizim Anam!
Səncə bütün bu olanlar nədən vaş verir?
Yalnızlıqdanmı?..
Yoxsa hər kəsin birilərini, yeni nəsnələr axtarmaq arzusunda olmağındanmı?
Biri yeni dünya, biri yeni din, biri yeni peyğəmbər, bir başqası yeni eşq axtarışındadır.
Bəlkə bu üzdəndir hər kəs o biri yarısını axtarır.
Elə isə mənə söylə gözəl Anam, qəlbimizi ovcuna verməmiz qarşılığında bizi yalnızlıqdan qurtaracaq biriləri varmı bu dünyada?..
Bəlkə də ümidimizi insanlara bağladığımız üçün Tanrı görünməz oldu.