ATAM
Atam həmişə güclü idi. Zəhmətkeş, qürurlu və heç kimə yük olmaq istəməyən bir adam. Ömrü boyu çalışmışdı, alnının təri ilə qazandığını bizə yedirtmişdi. Ən çətin günlərdə belə üzündə bir kədər görməzdin, sanki hər şey yolundaymış kimi davranardı.
Amma həyat bəzən ən güclü insanları da sındırır. Onu yatağa salan xəstəlik təkcə bədənini yox, sanki ruhunu da yavaş-yavaş çəkib aparırdı. Üç il davam edən mübarizədə son bir il artıq hər şeyin həlledici nöqtəsi idi. O, yatağa düşmüşdü.
Başlanğıcda inanmaq istəmirdik. “Keçəcək”, “Yaxşı olacaq” deyirdik. Amma zaman keçdikcə anlayırdıq ki, bu, geri dönüşü olmayan bir yoldu. O yolun sonunda bizi atamızın yoxluğu gözləyirdi. Amma biz bunu qəbul etmək istəmirdik.
İlk aylar atam hələ də içindəki gücü qoruyurdu. Bizi incitməmək üçün əzabını dilinə gətirmirdi. “Hər şey qaydasındadır” deyirdi. Amma gözlərində başqa bir həqiqət var idi.
Gecələr onun otağına girəndə təkbaşına tavana baxdığını görürdüm. Gözləri uzaqlara dalırdı, bəlkə də keçmişə qayıdırdı. Gəncliyini, güclü vaxtlarını, bizim uşaq çağlarımızı düşünürdü. Hərdən nəfəsi ağırlaşır, qollarını tərpətməyə çalışır, amma bacarmırdı.
Biz isə əlimizdən gələni edirdik. Nə qədər həkim varsa, çağırdıq. Hansı dərman yaxşı deyildi, aldıq. Onun üçün ən rahat yatağı düzəltdik, ən yaxşı qidaları verdik. Amma bunların heç biri kömək etmirdi.
Atamın qüruru xəstəlikdən daha güclü idi. O, bizə yük olmaq istəmirdi. Hər dəfə onu çevirməyə çalışanda utanırdı. “Mən sizə əziyyət verirəm, bala…” deyirdi. Halbuki o, bizim üçün həyatını vermişdi. Biz ona necə əziyyət demək olardı ki?
Bir gün həyətdə oturub gözlərini bağlamışdı. Artıq danışıqları azalmışdı. Amma bir cümləsi var idi ki, indiyə qədər qulağımdan getmir:
— Bala, bu bahar mənim sonuncu baharım olacaq…
O bunu bilirdi. Bəlkə də hamıdan yaxşı anlayırdı.
Biz isə onu saxlamaq üçün çırpınırdıq. Amma zaman bizdən güclü idi.
Son günlərində nəfəsi daha da ağırlaşdı. Artıq gözlərini açmağa belə çətinlik çəkirdi. Anam göz yaşlarını gizlətmək üçün otaqdan çıxırdı. Biz isə gözümüzü atamdan ayırmırdıq. Sanki nə qədər çox baxsaq, onu o qədər uzun yaşada bilərdik.
Amma olmadı…
O gecə nə ay, nə ulduzlar görünürdü. Sanki bütün dünya yas içində idi. Atam son nəfəsini verəndə otaqda bir səssizlik yarandı. Zaman dayandı.
Atam getmişdi.
O an mənə elə gəldi ki, evin içindəki işıq sönüb. Sanki hər şey boşalmışdı. Amma sonra başa düşdüm: o, heç yerə getməyib.
Atam bizə qoyub getdiyi hər dəyərlə yaşayır. Onun qüruru, zəhmətkeşliyi, sevgisi bizim qanımızda axır. Biz onu unutmayacağıq. Heç vaxt.
Ona layiq yaşamaq, onun kimi güclü olmaq, onun bizə aşıladığı dəyərləri qorumaq – bu bizim ən böyük borcumuzdur.
Rahat yat, ata… Sən bizimlə qalacaqsan. Hər zaman!
Rüfət Abbasov