BƏHANƏ
– Bu samovar nə olan şeydir ki, bu qiymətə olsun?
– Ay qızım, sən Allah, məni qınama. Dediyim qiymət ən münasib qiymətdir, – deyə sağ əlini astaca sol yanağına vuraraq gülümsədi.
Açığı, onun bu hərəkəti məni açmadı. Bəlkə də samovarı alardım. “Söhbət qiymətdə yox, sövdələşmədədir” deyə düşünərək Təzə bazardan aşağı, 28 may metrosuna tərəf irəlilədim. Həmişə alacağım əşyaları siyahı üzrə qeyd edir, məqamı çatınca alır və evə dönürdüm. Bu gün isə nədənsə evə əliboş, samovarsız qayıtdım.
– Salam!
– Salam! Bayramınız mübarək!
-Sağ olun, sizinlə bahəm! Mən də elə buna görə yazırdım. Bayramınızı təbrik etməyə– virtual olsa da üzüm allandı.
– Təşəkkür!
İllərdir ki, onu izləyirdim. Hamının sevimlisi idi. Zarafat deyil. Çoxlu sayda izləyicisi var idi. Mən də pərəstişkarlarından biri idim. Mən onun nəzərində sıradan biri olduğum halda, o, mənim gözlərimdə bir dünya idi. Məni həyatı sevməyə, düşünməyə vadar edən biri.
Atam deyərdi ki, ən məşhur ulduzların yolu tənhalıqdan keçir. Mənim düşüncələrimə gəlincə, həmişə pozitiv görünən insanlar belə, hardasa, nə vaxtsa özünü tənha hiss edə bilər. Deməli, atamla mənim fikirlərim üst-üstə düşürdü.
Söhbətə samovardan başlamağım təsadüfi deyil. Mən həyatda bu yaşıma qədər çətinliklə də olsa istədiyimi həmişə əldə etmişəm. Mənim düşüncəmə görə, ümumiyyətlə, həyatdan istədiyin gec-tez sənin olur. Asan və ya çətin. Fərq etməz. Əsas odur ki, sən nəyisə bütün varlığınla, qəlbinlə arzulayasan. Ona mərhələ-mərhələ çatmağına can atasan. Və bir gün o mütləq sənin olacaq. Mütləq!
O, bir sənət adamı, tanınmış şəxsiyyət və ən əsası, mənim üçün maraqlı olan bir insan idi və mən bütün varlığımla ona yaxınlaşmağa can atırdım.
– İnsan fanatı olduğu birini sevə bilər?
– Hə, əlbəttə.
– Bəs onu qısqanmağı nə dərəcədə doğrudur?
– Qısqanırsa, pərəstişkarlığı məhəbbətə çevrilib. Yəni, həddi keçib.
– Bəs insan pərəstişkarı haqqında xəyallar qura bilər?
– Baxır necə xəyallar.
– Şirin… Çox şirin xəyallar…
– Həə, deyəsən sən doğurdan da həddi aşmısan. Sənin özündən xəbərin var? Sən vurulmusan. Özü də necə! – psixolaqla söhbətim belə olub.
Eh, lap ağlımı itirdim. Axı söhbət samovardan gedirdi. Bəhanə simvolu olan samovardan. Niyə bəhanə? Bu dəqiqə açıqlayacam.
Uzun illərin həsrətindən sonra “xəyalları gerçəyə çevirmək cəsarət istər” şüarı altında ürəklənərək ona bir daha doğum günü təbriki yazdım və Mərdəkan bağlarındakı gözəl bir məkanda bağ evinə samovar çayı içməyə dəvət etdim. Pərəstişkarı olduğum üçün hər bir xasiyyətinə, sevdiyi fəsil, rənglərə, həyata baxışından, ümumiyyətlə, bütün maraqlarından hali idim və eləcə də çay dəstgahına xüsusi marağı olduğunu bilirdim. Hissiyatım məni aldatmamışdı. Azdan– çoxdan məni tanıdığı üçün etiraz etmədi. Görüşdük.
– Buralar çox gözəldir. Havası təmizdir. Əsl yaradıcılıq məkanıdır.
O, danışdıqca dinləyir, illərin həsrətinin acısını çıxarırdım. İnana bilmirdim ki, onunla üzbəüz oturmuşam. Baxışlarım qəlbimin döyüntülərini ələ vermiş olsa da, özümü toparlamağa çalışırdım.
– Bəlkə bu gün sizə sadə çay dəmləyim. Qismət olsa, gələn görüşdə samovar çayı içərik. Hava küləklidir deyə…
Gülərək sözümü kəsdi:
– Əşi, nə fərqi var? Əsas çay olsun!
İki həftə ötdü. Onunla aramızdakı isti münasibət, maraqlı, şirin söhbət anlarını unuda bilmirdim. Onun gəlişi sanki bir yuxu idi. Xoşbəxtlərin çin çıxdığı yuxular.
– Salam!
– Salam!
– Necəsən, dostum?
– Yaxşıyam. Siz yaxşı olun.
Mesajla çiçəklər yolladı.
Özümü ən yüksəklərdə, göyün mövcud olmayan qatında hiss etdim. Ağladım. Sevinc göz yaşları idi. Az da olsa, rəğbətini qazandığım üçün sevindim. Axı illər əvvəl şəkillərinə baxdıqca düşünürdim ki, kaş onun sevdiyi çiçəklərin tək bir ləçəyindən külək təsadüfən mənə yollamış olardı.
– Deyirəm söhbətimiz yarımçıq qaldı… Samovar!
– Hə. Elədir. Siz gəlin. Mən samovar təşkil edərəm!
Vaxt təyin edib görüşdük. Həmin məkan, həmin saat! Samovar ala bilməsəm də qonşuya gedib bir neçə saatlığa samovarını götürdüm, yaxın dükandan bir kisə kömür də aldım.
Bu dəfə söhbətimiz daha da maraqlı alındı. Nədənsə fikirlərimiz üst-üstə düşürdü. Deməli, düşüncələrimdə yanılmamışdım. Rənglərimizdə oxşarlıq var idi.
Biz baxışlarımızı bir-birimizdən ayırmadan şirin söhbət etdiyimiz an süfrədəki qaynar çay soyumuş, samovar isə həyətdə günəşin qızmar şüaları altında istiliyini qoruyurdu. Bəlkə də dil açıb danışırdı: “Məni bəhanə edib görüşənlər, məndən bixəbərdir”.
Yox! Mən ondan bixəbər deyildim. Bilirdim ki, həyətdə keşikçi kimi dayanıb. Bilirdim ki, ona qovuşmağımın əsas səbəbkarıdır.
Üçüncü görüşümüz də maraqlı oldu. Amma somavardan söhbət düşmədi. Çünkü biz bir– birimizə bağlandıq, isnişdik. Bu, qəribə olsa da belə idi. İlk görüşün bəhanəsi olan samovar mənim həyatımın talismanına çevrildi.
O görüşlərdən illər ötüb.
İndi həyətdə, onunla görüşdüyüm an iki yaşı olan ağacın kölgəsində oturmuşam. Samovar qaynayır. Birbaşa qana işləyən hil, mixək və kəklikotu ilə qarışmış Azəri çayı çaydanın içində dilə gələrək, “məni dəmləyin, məni için” deyirdi.
Amma mənim gözüm qapıda idi. Görəsən illər sonra dönəcəkdimi? Şirin söhbət məkanı saydığımız bu Mərdəkan bağları görüşümüzə yenidən şahidlik edəcəkdimi? Eh, nə isə. Çayı dəmləyib içdim. Əvvəlki dadı olmasa da bir az dadlı, ətirli idi.
Qapı bərkdən döyüldü…