.....

.....

Bəlkə fikrin dəyişdi… – Cavid Qasımovun şeirləri

Bəlkə fikrin dəyişdi… – Cavid Qasımovun şeirləri

Həyat səni nə qədər yorsa,
İntihar etməyindən ötrü güc saxlayır.
Tələsmə…

Göy üzünü əyib, yetişməkdən sapsarı olan
Günəşi dər.
Son dəfə barmaqlarının arasıyla süzülsün şəfəqləri.

Bəlkə fikrin dəyişdi…

***

Ömrün sahilində
Yarpaq kimi düşür eynəyinin bir gözü,
Ayağının altında
Xəzəl nəğməsi bilib
Şüşənin hecalara ayrılan səsini
keçirsən…

Tanımasaydım,
Pirata oxşadardım.

Ömrünü soyan adamdan hər şey gözləmək olar …

Molbert

Ayağının birini itirəndən
Hər iki əlinə ağac budağı almısan.
Uzaqdan yeriyən molbertə oxşatdım.

Adam özündən başqa
Hər şeyə,
Hər kəsə rahatlıqla oxşaya bilir.

Neyləmək olar ?

Rahat dur ,
Sinənə yoxsulluğunun,
Ehtiyacın,
Vətənin şəklini çəksin zaman.

***

Qorxduğu olmaq istəyər adam .
Nədən çox qorxursan,
Ya da kimdən
Ona çevrilirsən.

Bayaq ana qorxudurdu uşağını
Özünün bir vaxtlar qorxduğu həkimlə deyil,
Polisin gələcəyi ilə.
Polis olacağam dedi uşaq böyüyəndə
Yüksək səslə…

Asayişi pozuldu fikirlərimin,
Qorxutmaq hüququ tapdalandı əli iynəli həkimin.
Şahidi oldum dağılmaq bilməyən mifin dağılmasının,
iynənin dəyənəyə çevrilməsinin,
Qorxu möcüzəsinin şahidi oldum.

Səni nə ilə ,
Kimlə qorxudurlar?
Səmimi ol,
Allahla demə…