Belə Gəlmə
(Yuxuda yuxu- hekayə)
Hündür bir qayadan sallanırdım. Yalnız bir qolumla, sanki həyatın son ipinə yapışmış kimi. Yaralı qolumdan süzülən ağrı hər şeydən real idi. Amma qəribəsi, bu anın özündə də, bunun bir yuxu olduğunu hiss edirdim. Elə bil yuxuda başqa bir yuxunun içinə düşmüşdüm. Bir labirintin mərkəzində, heç cür çıxış yolu tapa bilmədən…
Aşağı baxdım. Torpaq görünmürdü. Sadəcə yaşıllıq içində saysız-hesabsız əsgər paltarında şəhidlər vardı. Səsləri bir-birinə qarışırdı, amma hamısı eyni şeyi deyirdi:
“Belə gəlmə! Səni xilas etməyə şəhid göndəririk!”
Gözlərim o yamacda dayanan şəhidlərə tərəf çevrildi. Qırmızı qızılgüllərin təravəti elə bil cənnətdən əsən bir küləklə yayıldı. Onların hər biri bir dünyaydı. Hər dünyada isə qurban verdikləri həyatın izləri vardı. Amma bu izlər ağrı yox, işıq gətirirdi. Çiyinlərindəki paqonlar bu işığın alovu kimi parlayırdı.
Qarşımdakı qayaya baxdım. Qayanın zirvəsində şəhid generalımız Polad Həşimov dayanmışdı. Əlində dalğalanan Azərbaycan bayrağı vardı. Baxışları qətiyyətli, sanki “biz buradayıq” demək istəyirdi. O an mənim içimdə bir şey titrədi. Bu insanlar niyə mənə belə deyirdilər? Niyə səsləri yalvarış dolu idi?
Birdən o səhnədə bir musiqi duyuldu. Xudayar təsnifinin ecazkar sədaları yayıldı. Bu səslə birlikdə mənim ətrafımda nələrsə dəyişməyə başladı. Gözlərimi qaldırdım. Qayanın aşağısından iki şəhid yaxınlaşırdı: biri Azərbaycanın qəhrəman həkimi Tariyel Salmanov, digəri Xudayar idi. Əllərində çiçəklərlə gəlirdilər. Tariyel o çiçəkləri döyəcləyib bir məlhəm hazırlamağa başladı.
“Dayan,” dedi Tariyel. “Gözlə! Qolun üçün məlhəm hazırlayıram. Səni xilas edəcəyik!”
Şəhidlərin səsləri yenidən ucaldı:
“Bizim yolu yaşat. Sən hələ hazır deyilsən. Belə gəlmə!”
Bu sözlər ürəyimdə qəribə bir titrəyiş yaratdı. Mənə elə gəlirdi ki, bu çağırış təkcə ümumi bir mesaj deyil, həm də mənim üçün xüsusi bir and idi. Tariyel Salmanovun səsi isə daha fərqli bir ağırlıqla eşidilirdi. O, doğulduğum Ağcabədi torpağının şəhidlərindən biri idi. Mən də o müqəddəs torpağın qəhrəmanları haqqında yazmağa təzəcə başlamışdım. Elə bil bu torpağın ruhu indi mənə “get və bizi unutma” deyirdi.
Tariyel bir anda mənə yaxınlaşdı. Əllərində hazırladığı məlhəmi yaralı qoluma sürtdü. Sürtdüyü anda qolumdan axan ağrı yox oldu. O toxunuşda qəribə bir istilik, bəlkə də şəhidlərin ruhundan gələn bir şəfa vardı. “Sənə bir tapşırıq var,” dedi. “Bizim haqqımızda danış, bizi unutmasınlar. Həyata qayıt və bu mübarizəni yaşat.”
Hələ də qayadan sallanırdım, amma indi hiss edirdim ki, nəsə məni yuxarı dartır. Aşağıda isə şəhidlər əl-ələ verib sanki bir zəncir yaratmışdılar. Bu zəncirin sonuncu halqasında Xudayar dayanmışdı. O, başını qaldırıb bir mahnının son misrasını oxuyurmuş kimi gülümsədi və dedi:
“Biz buradayıq. Amma sən hələ getməlisən.”
Bir anlıq hər şey qaraldı. Komadan ayrıldığımı hiss edirdim. Oyanan kimi əlimə baxdım. Yaradan heç bir iz yox idi, amma sanki o toxunuşun istiliyi hələ də dərimdəydi. Gözlərim dolmuşdu. Ətrafımda olanlara nə baş verdiyini soruşdum. Mənə dedilər ki, möcüzəvi şəkildə sağalmışam.
Amma bilirdim ki, bu sağalma təkcə bədənimlə bağlı deyildi. Ruhum artıq başqa bir yük, başqa bir missiya ilə dolmuşdu. Mən o qayada qalan sözləri, şəhidlərin qışqırıqlarını unutmayacaqdım:
“Belə gəlmə. Sən bizim ümidimizsən.”