.....

.....

BİR DƏSTƏ KƏKLİKOTU – ZƏHRA SƏFƏRALIQIZI.

BİR DƏSTƏ KƏKLİKOTU – ZƏHRA SƏFƏRALIQIZI.

BİR DƏSTƏ KƏKLİKOTU
hekayə

Tələsik yır- yığış edirdi. Sanki dalınca atlı gəlirdi. Bütün geyim paltarlarını yenicə aldıqları çamadana yığdı.Qalanlarını da böyük əl çantasına yerləşdirib qapının yanına qoydu.
– Nənə, qablarımızı göturməyəcəyik? Hamısı burada qalacaq?- nəvəsi sual dolu baxışları ilə ona baxdı.
– Yox, göturməyəcəyik. Atan söz verib, yenilərini alacaq. Hər şeyimiz təzə olacaq …
Balaca qızın qucağına sıxdığı gəlinciyə, oğlanın isə əlində bərk- bərk tutduğu masın oyuncağa baxıb:
– Siz öz oyuncaqlarınızı götürün. Onlar sizə aiddir.– söyləyib körpələrin başını sığallayıb, sonra yanaqlarından öpdu.
Dilli- dilavər balaca qız :
Bunlar bizə aid deyil ki?..– maraq dolu gözlərini nənəsinə dikdi.
Onun sifətinə acı bir ifadə çökdü, doluxsundu, sonra sərt bir tərzdə — yox, onlar bizə aid deyil. Hərə bir şey verdi, müvəqqəti islətdik, burda yaşadıq, indi isə öz yerimizə gedirik– rəngi solmuş divarları, qapı- pəncərəni, döşəməni süzüb yaşarmış gözlərini əllərinin arxası ilə sildi…
Dərindən köks ötürüb köhnə dolaba tərəf getdi. Əlini atıb dolabın üstundən köhnəlmiş dəsmala bükülü balaca bir bağlama götürdü. Bu, qupquru qurumuş bir dəstə kəklikotu idi. Əli ilə asta- asta sığalladı, əzizlədi sinəsinə sıxdı, sonra ciyərdolusu qoxlayıb — bir də bizə aid budur– deyib əl çantasına qoydu.Ona elə gəldi ki, bir dəstə kəklikotunun qoxusu bu miskin, alaqaranlıq, nəmli divarları, adamda bir hüzün yaradan otağı başına göturdu. Bir anlıq da olsa bu miskinliyi qovub açıq pəncərədən çölə qovdu…
Bütün günü tövlədə qalan körpə quzulara yazığı gəldi.– Anaları örüşdən gələnə qədər bir çıxardım evin qənşərindəki yamacda cücərmis otlardan yesinlər –düşünüb tövlənin qapısını acdı. Bir neçə quzu və çəpici qarşısına qatıb həyətdən çıxdı.
Oktyabr ayı olmasına baxmayaraq neçə həftə idi ki, günəşli hava yal- yamacı yamyaşıl örtüyə bürümüşdü.
Heyvanları evin yaxınlığındakı yamaca ötürdü. Hava o qədər gözəl idi ki, hər tərəf gözoxsayırdı. Günəşin şəfəqləri yeni cucərmis otların, təzə-tər çöl çiçəklərinin ləçəkləri üzərində bərq vururdu. Cürbəcür otların, kəklikotunun qoxusu ətrafa yayılıb ,az qala adamı bihuş edəcəkdi. O, gözüdolusu ətrafa baxdı. Dərindən, ciyərdolusu nəfəs aldı.Birdən hüzünləndi. Nigaran qəlbini bir nisgil bürüdü.– Allahım, bu namərdlərə fürsət vermə, bizi torpağımızda rahat yaşamağa imkan versinlər. Allahim, keşikdə duranlarımızı qoru– dilinin altında dua etməyə başladı.Kurəyinə bağladığı oğlunu əlləri ilə sıvazladı. Sonra əyilib yan- yörəsindəki kəklikotu kolundan bir dəstə topladı. Səngərdə gecə- gündüz kəndin bütün kişiləri ilə birgə keşik çəkən yoldaşını düşündü. Əllərini göyə qaldırıb sızıltılı səslə:
– Yarəbbim, onu qoru. Yetim qızam. Ondan başqa bir arxamız yoxdur– söylədi. Əlindəki kəklikotuya baxıb -bu axşam gələndə dəmləyim içsin, soyuqlaması varsa çıxsın. Gecə- gündüz meşədə səngərdə ayazda durur.– dilinin altında öz- özünə dedi.
Sifariş göndərib ki, axşam evə əyin- başını dəyişməyə gələcək. Bilirəm, mütləq gələcək.
Gedim hamamın peçini yandırım su isinsin, yuyunub rahatlansın, yeməyi isidim, cayı dəmləyim, bir azdan gələr yəqin – düşundu…
Başlarını qaldırmadan yaşıl otları
acgözlüklə yeyən quzuları əlindəki balaca çubuqla dəhmərlədi. Onları yamacdan güclə ayırıb qarşısına qatıb evə tərəf yön aldı. Günəş artıq yerdə qərar tutmuş əzəmətli Əsgülüm dağının arxasına çəkilirdi.
Evlərinə yaxınlaşırdı ki, qəfildən elə bil qiyamət qopdu. Kəndin camaatının vay- şivəni göyə qalxdı. Silahların səsi ətrafı bürüdü. Hamı bir- birinə qarışdı. Uşağının əlindən tutub, qucağına alıb qaçan kim, qocaları kürəyinə alıb yüyürən kim… Örüsdən alayarımçıq qayıdıb ətrafa dağılan mal- heyvanların böyürtüsü silahların, insanların qışqırıq səsinə qarışmışdı.
Bir anlıq donub qaldı. Nə olduğunu kəsdirə bilmədi. Sanki ayaqları yerə yapışmışdır, yeriyə bilmədi.Birdən elə bil dünya uçub başına töküldu. Qeyri- ixtiyari kəndin yuxarı tərəfində , meşədə qurulan səngərə tərəf baxdı. Toz- dumandan başqa bir şey görünmürdü. Silah səsləri qulaq batırırdı. Özündən asıli olmadan əlində bərk- bərk sıxdığı kəklikotu dəstəsi ilə birgə kürəyinə bağladığı oğlunu açıb bağrına basdı. Tez- tez arxaya dönüb kəndin yuxarı başındakı səngərə baxa- baxa qaçan camaata qoşuldu…
Kəndin ortasında isə səs- küydən ürkmüs, ora- bura qaçan mal heyvanların boyürtüsü və balaca quzuların anasını axtaran mələrti səsi qaldı…
Camaata qoşulub, min bir məşəqqətlə gəlib bu köhnə,miskin , nəm qoxulu yataqxananın balaca ,alaqaranlıq otağına sığındı. Əziyyətlə, evlərdə təmizlik işləri görə – görə oğlunu böyütdü, oxutdu, evləndirdi. İki nəvəsi dünyaya gəldi. Nə qədər bu yataqxana otağına əl gəzdirib , rəngləyib, bəzək- düzək vursa da hüzünün üstünu örtə bilmədi ki, bilmədi. Bir gozü ağladı, oğluna, nəvələrinə baxıb bir gozü güldü. Amma ölüsündən, dirisindən xəbər tuta bilmədiyi yoldaşına gah gizlin, gah da aşkar yas tutub, ağı söylədi…
Köç maşınları sürətlə yurda tərəf gedirdi. Çox adam susmuşdu. Dinib- danışmırdı. Sanki ağrı – acılı xatirələri ilə üz – üzə durmusdular. Bəziləri də sevincindən gah ağlayir, gah da düsmən qonşularını lənətləyirdi. Amma avtobusdakı uşaqların səs- küyü ,gülüşlərinin səsi pəncərələrdən çıxıb uzanan , yamyaşil, laləli çöllərə yayılırdı…
Ürəyi titrəyirdi. Ona elə gəlirdi ki, yoldaşı kəndin ayağında durub onların yolunu gözləyir.Yurda çatmaq üçün səbrsizlənirdi.
Hər zaman düşünürdü ki, oğlu döyüşlərdə olanda da, indi sərhədləri qoruyan əsgərlərə rəhbərlik etdiyi zamanda da tək deyil. Atası onunladı…
Camaatı gətirən avtobus və yükləri daşıyan masınlar yeni, gözəl tikilən binaların yanında dayandı. Hamı yerə düsdü. Əhalinin çoxu sevincdən ağlayır, dizlərini yerə qoyub torpağı öpurdülər. Ata- analarının, baba- nənələrinin əlindən tutan uşaqlar maraqla, bir az da təəccüblə onları izləyirdi. Böyük uşaqlar dərk elədikləri üçün bu mənzərəyə baxıb, kövrəlirdilər. Bəziləri baba- nənələrinə qoşulub ağlayırdılar.
O, göz gəzdirib bir az uzaqda olsa da evlərinin yerinə baxdı. Əsər- əlamət qalmamışdı. Viranə qalmış xarabalığa oxşayirdı. Gözləri ilə uçulub- dağılmış duvarlarını oxşadı, gözlərinin yaşını boynuna saldığı salının ucu ilə sildi…
Onlar üçün hundur və yaraşıqlı evlər tikilmişdir. Aidiyyatı orqanlardan gələn nümayəndələr camatı təbrik edib yeni evlərinin acarlarını verdilər. Bu an oğlu da özünü onlara yetirdi. – Bir saatlıq işdən icazə alıb gəldim. Sizinlə birgə olmaq üçün- Evimiz mübarəkdi – deyib anasını qucaqlayıb öpdü. Uşaqlarının hər birini boyu bərabər qaldırıb , fırladıb, öpub yerə qoydu.
– Baxın, necə gözəl evimiz var. Yataqxanalardan canımız qurtardı – sevinclə övladlarına baxıb söylədi. Yoldaşına sevgi ilə gülumsədi.
Qapını açıb içəri girdilər.Otaqda hər şey var idi. Mebelləri dövlət vermişdi. Qalan əşyaların hamısını özu alıb yerləşdirmişdi. Uşaqlar sevinclə otaqları dolaşır, genişliyin dadını çıxarır, özlərinə aid otaqları bir- birinə tərif edirdilər. Onların sevinclərinin həddi- hüdudu yox idi…
Gətirdikləri palpaltarları yerbəyer edəndən sonra gəlin süfrə açdı. Stolun üstünə yataqxanadan çıxanda bişirib hazırladığı, sumkaya yığıb gətirdiyi yeyəcəkləri qoymaq üçün mətbəxdə keçdi.
O isə asta- asta otaqları gəzib görəndən sonra pəncərəyə tərəf gəldi. Pərdəsini yana çəkib taybatay açdı. Otağa sərin bir meh doldu. Gözlərini yumub xeyli belə dayandı.Sonra ciyər dolusu havanı içinə çəkdi. Qəmli baxışlarını kəndin yuxarı tərəfinə dikdi. Uşaqlar görməsin deyə gizlincə gözlərinin yaşını silib o da mətbəxə keçdi. Çay dəmləməyə hazırlaşan gəlininə üzünü tutub dedi:
-Sən yeməkləri stola götür, mən çayı dəmləyib gətirəcəm- dedi və qoynundan dəsmala bükülü bir dəstə qurumuş kəklikotunu çıxardıb çaynikə qoydu, üstünə qaynamıs suyu tökdü. Dəmlənməsi üçün çay dəsmalı ilə üstünü örtdü…
Hamı stolun ətrafına toplaşmısdı. O, dəmlədiyi kəklikotu çayını stəkanlara süzüb süfrəyə gətirdi. Kəklikotunun ətri otağı bürüdü. Oğlu stəkanı burnuna tutub çayın qoxusunu içinə çəkib, ləzzətlə bir qurtum aldı, çox sağ ol, ay ana, nə yaxşı dəmlədin bunu. Bir az soyuqluyan kimiyəm. Vallah, dərman əvəzi oldu mənə…
-Şəfa olsun , oğlum — deyib dərindən köks ötürdü, gözlərini dolandırıb pəncərədən kəndin yuxarı tərəfinə dikdi və ona elə gəldi ki, bir cüt göz sevinclə onlara baxır…

ZƏHRA SƏFƏRALIQIZI.