BİR QUTU ŞAM
Başını sükandan ağır-ağır qaldırıb yuxulu adamlar kimi ətrafa boylandı. Dodağının altında zəmanəni söyə-söyə yorğun gözləriylə sərnişin axtarmağa başladı.
Göyün üzü indicə leysan tökəcəkmiş kimi dolub dayanmışdı. Gündüzün günorta çağı olmasına baxmayaraq, bu boyda şəhərdə adamlar gözə dəymirdi. Hamı elə bil birdən-birə qeybə çəkilmişdi. Son zamanlar pul qazanmaq da çox çətinləşmişdi. Ona görə də hər gün öz-özünə əsəbiləşib həyatdan gileylənirdi. Günlər bir-birindən ağır gəldikcə yaşamaq çox çətinləşirdi. Səbiri tükənmişdi, yumruğunu hirslə dizinə çırpdı: “Lənət sənə, belə dünya! Bu yaşamaq deyil, vallah, yaşamaq deyil…”
Dünən səhər tezdən evdən çıxanda maşının qabağından qara pişik keçmişdi. İşi düz gətirmirdi. Əlini hara atırdısa, boşa çıxırdı. Çörəyi taksidən qazanırdı. Dünən əvvəlki günlərdən də az pul qazanmışdı. Axşama qədər qazandığı cəmi dördcə manat pulun iki manatını siqaretə, iki manatını isə benzinə verib evə yenə də həmişəki kimi əliboş qayıtmışdı. Yooxx… Bu yaşamaq deyil. Belə yaşamaq ölümdən də betərdir.
Neçə gündür, nimdaş pencəyinin qoltuq cibində gəzdirdiyi bayram şamı qutusunu əlinə alıb uşaq kimi rənglərini saydı. “Bu qırmızı, bu yaşıl, bu göy, ağ, çəhrayı…”
Bayram axşamına üç gün qalsa da, bayramlıq adına evə altı ədəd rəngbərəng şamdan başqa heç nə ala bilməmişdi. Kimi qınayaydı? Dövranımı? Bəxtinimi? Yoxsa, özünümü?..
Üzü qara gəlmiş zəmanənin ucbatından insanların çəkdiyi aclıq və minbir çətinliklər çox evlərin bayram əhval-ruhiyyəsini söndürmüşdü. Böyüklərin çarəsizlikdən, uşaqların isə ümidsizlikdən üz-gözündən bayram sevinci oxunmurdu. Ancaq əvvəllər bayramların dadı başqa idi. Hər il Novruz bayramı gələndə evlərə təmizlik, süfrələrə ruzi-bərəkət, ürəklərə xoş bir bayram ovqatı gələrdi. Və bu bayram sevinci bütün mart ayı boyunca insanları tərk etməzdi. Qız-gəlinlər növbə ilə bir-birinin evinə yığışıb birlikdə Novruz şirniyyatları bişirərdilər. İlaxır çərşənbədən çox əvvəl uşaqlar iki dəstəyə ayrılıb məhəllənin ortasında gecə düşənə qədər “Qurşaq tutma”, “Aşıq-aşıq”, “Qılınc oynatma” oyunları oynayar, evlərindən gətirdikləri bəzəkli bayram yumurtalarını döyüşdürərdilər. Bayram axşamı qız-gəlinlər bir-birinin evinə qulaq falına çıxar, uşaqlar evlərə qurşaq atardılar. Eh, onda həyat elə sakit və mənalı keçirdi ki…
…Sonbeşiyi balaca Nurayın on beş gün qabaqdan əyri-üyrü xətlərlə yazıb ona verdiyi bayram siyahısını açıb ilk dəfə oxuyurmuş kimi yenidən bircə-bircə nəzərdən keçirməyə başladı. Qızının ağappaq vərəqə sıra ilə yazdığı və hər gün ondan, “Ata, yazdıqlarımı bu gün də almadın?” – deyə kədərlə soruşduğu bayram sovqatlarını bu günəcən ala bilməməsi onu bir ata kimi utandırır, ürəyini ağrıdırdı. Hər axşam evə əliboş getməkdən xəcalət çəkirdi. “Dinib-danışmasam da, həyatın çiyinlərimə gənclikdən çökdürdüyü ağır yüklərdən qurtulmaq üçün hər gün apardığım mübarizədən artıq çox yorulmuşam. Elə yorulmuşam ki, başımı götürüb insan ayağı dəyməyən yerlərə qaçmaq istəyirəm. İstəyirəm, dərdimi daha insanlara yox, dağlara, daşlara, meşələrə, quşlara danışım. Dilsiz otlardan, lal axan sulardan kömək ummağım gəlir. Gecələr hamı yatandan sonra yerimin içində oturub Allahla o qədər söhbət edirəm ki, arvadım da pıçıltıma yata bilməyib gah gülür, gah da ağlayaraq deyir: “Özünlə danışa-danışa bir gün başına hava gələcək, dəli olacaqsan. Cəhənnəm olsun hər şey, yıxıl, yat…” Deyirəm: “Ay qız, narahat olma e, Allahımla öz aramda dərdləşirəm də. Axı mən heç vaxt ruzi sıxıntısından ötrü ondan üz çevirib harama meyl etməmişəm. Allahdan başqa kimsə məni səbirlə dinləmir ki…”
Təslim olmağı sevmirəm. Nə də dünyadan bezib özümü öldürmək kimi bir niyyətim də yoxdur. Bütün kasıb adamlar kimi mən də hərdən ürəyimi boşaltmaq üçün bəxtimdən şikayətlənirəm. Axı mən də ailə-uşağını sevən zəhmətkeş atalar kimi bu həyatda çalışıb-işləyib öz halalca ruzimlə övladlarımı gözəl böyütmək, onları xoşbəxt görmək istəyirəm.
Qızının bayram siyahısını səliqə ilə dörd qatlayıb, yenidən cibinə qoydu. Sonra hər gün etdiyi duasını Allaha pıçıldadı: “İlahi, sən mənim gözəl Allahım və əbədi dostumsan. Məni tənha buraxma! Sənin məndən başqa bəndən çoxdur, amma mənim səndən başqa nə Rəbbim, nə də kimsəm var…”
…Ona tərəf gələn sərnişinləri görən kimi tez-tələsik maşından düşüb ucadan səsləndi:
– Ağsaqqal, taksi lazımdırmı?
Yetmiş-yetmiş beş yaşlarında nurani qoca başının işarəsi ilə yanındakı qolu sarıqlı yeniyetməni göstərərək:
– Oğul, məni nəvəmlə birlikdə körpünün yanındakı Diaqnostika mərkəzinə apara bilərsənmi? Nəvəmin qolunun gipsi açılandan sonra bizi oradan da evimizə apararsan. Evim elə rayon mərkəzində yerləşir. Xəstəxanada işlərimi bitirənə qədər bizi gözləsən, on beş manat verəcəyəm. Nə deyirsən oğul, razısan?
– Əyləşin, ağsaqqal, min bərəkət!..
Qızının tapşırdığı bayram şeylərinin neçəsinin pulunu Allah yetirmişdi deyə maşını işə salarkən üzündə arxayın bir ifadə dolaşdı. Ancaq, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır… Mənzil başına on beş-iyirmi metr qalmış arxadan gələn yol polisi səsgücləndirici ilə onun maşınının nömrəsini təkrar-təkrar səsləndirərək saxlamasını əmr edirdi. Maşını yolun sağına çəkib yerə düşdü, yaxınlaşıb polislə salamlaşdı. Polis, onun maşınının o yan-bu yanına keçib əlindəki aparatla maşının səsboğucusuna baxış keçirdikdən sonra ona cərimə yazacağını dedi. Belə məlum oldu ki, guya onun maşınının səsboğucusundan çıxan tüstü ekologiyanı korlayırmış. Dəfələrlə xahiş edib dil tökməsinə baxmayaraq, polisi verdiyi qərardan döndərə bilmədi.
– Vətəndaş, sizin maşınınızın səsboğucusundan ətrafa yayılan zərərli tüstünü mən yox, əlimdəki bu cihaz müəyyən edir.
Polis əlindəki cihazı onun düz gözlərinin qarşısında oynadaraq sifətini bir az da turşutdu.
– Qardaşoğlu, düz etmirsiniz, maşınımın ili təzə olmasa da, sazdır. Nə artıq səs edir, nə də ətrafa tüstü yayır. Siz, sadəcə olaraq, cərimə yazmağa bəhanə axtarırsınız. Cənab polis, siz heç bircə dəfə də olsun yanacaqdoldurma məntəqəsindəki benzin çənlərini yoxlamısınız? Əlbəttə, yox! Yoxlasanız, görərsiniz ki, tüstünü yaradan maşınlar yox, maşınlara vurulan kefiyyətsiz benzinlərdir. Onların hesabına maşınlarımızın mühərriki də tez-tez sıradan çıxır.
– A kişi, mənə nağıl danışma. Cərimə onsuz da yazılacaq. Təkrar edirəm, cərimə olunmasını istəməyən sürücü, zəhmət çəksin, maşınına qulluq etsin.
O, polisin biləyindən yapışıb yenə də yalvardı:
– Yazmayın, cənab polis! Bayrama ikicə gün qalıb, mən hələ də evimə bir qutu bayram şamından başqa heç nə ala bilməmişəm. – Bunu deyib pencəyinin cibindəki şam qutusunu çıxararaq polisə göstərdi, – balaca qızım hər gün qapıda durub məndən bayram sovqatı gözləyir, imkanım yoxdur almağa, işləyə bilmirəm. Özüm də bu saat borc içində boğuluram. Aptekə, dükan-bazara ödəyə bilmədiyim nə qədər borclarım qalıb.
Yanağından qan daman yekəqarın polis bu dəfə də onun yalvarışlarına məhəl qoymayıb üzündəki bomboz ifadəni dəyişmədən səsini daha da ucaldıb dedi:
– A kişi, sənə bayaq dedim ki, mənimlə altı-beş danışma! İmkanın yoxdur? Canın çıxsın, get qapılarda fəhlə işlə, daş daşı, həyət bellə, beton tök. Gərək elə taksi sürəsən? Pah atonnan, yerindən duran bir dənə çürük maşın alıb cumur elə taksiyə. Adam az, taksi çox…
Eşitdiklərindən ciyəri yanıb, pərt olsa da, özünü sındırmadı:
– Haqlısan, cənab polis, fəhləlik edib kişi kimi alın təriylə çörək qazanmaq heç vaxt ayıb iş olmayıb. Mən əməliyyatdan keçən həftə çıxdığım üçün ağır işlərdə işləyə bilmirəm. Bir yandan çarəsizlik, o biri yandan ehtiyac çox sıxır məni. İndi özün de, mən nə etməliyəm? İp atıb özümü asmalıyam? Yoxsa, oğurluq etməliyəm? Xahiş edirəm, yazma bu cəriməni mənə, qardaşoğlu…
– Dövlətin qoyduğu qanun var, maddə var. Biz də o qayda-qanunlara əməl etməliyik. Sənin işin taksi sürməkdir, mənim də işim yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə cərimə yazmaqdır. Cərimənin məbləği əlli manatdır, bir ay müddətinə ödəməlisən!
…Gecəni səhərə qədər yata bilməyib eyvandakı külqabını siqaret kötükləri ilə doldurdu. Yol polisinin acı sözləri bütün gecə boyu qulaqlarında səslənərək onu yatmağa qoymamışdı: “A kişi, imkanın yoxdur, canın çıxsın, get fəhlə işlə. Daş daşı, odun doğra, bağ bellə, gərək elə taksi sürəsən?”
Səhərin gözü açılan kimi dünəndən beynini döyəcləyən bu sözlərlə həvəssiz-həvəssiz yerindən qalxıb çay-çörək də yemədən işə yollandı. Bu gecəki küləkli yaz yağışından sonra günəş şıltaqcasına gah yer üzünə xoş bir istilik səpələyir, gah da buludların arxasında gizlənərək görünməz olurdu. Hava çox təmiz idi, hər tərəfdən adamın burnuna yazın ilk ətri gəlir, canda qanı qaynadır, ürəkdə yaşamaq eşqini coşdururdu.
Bayram çox yaxınlaşdığı üçün qəbiristanlıqda adam əlindən tərpənmək olmurdu. Novruz adətincə hamı ilaxır çərşənbədən qabaq öz ölülərinin qəbrinin üstünü təmizləməyə, sahmana salmağa gəlmişdi. Çox adam qəbirlərin üstünü pulla təmizlətdirirdi.
Şəhərin yuxarı başından götürdüyü sərnişinləri qəbiristanlığın qapısı qarşısında düşürəndə, özü də maşından endi. Girişin yan-yörəsində əllərində bel tutmuş bir neçə fəhlə dayanıb iş gözləyirdi. Qarşılaşdığı bu acınacaqlı mənzərədən ürəyinə elə bir ağrı doldu ki, bir anlığa öz dərdini də unutdu. Fəhlələrin arasında tanıyıb-bildiyi təhsilli adamlar da var idi…
Yaxınlaşıb asta səslə fəhlələrin birindən qəbirlərin üstünü neçə manata təmizlədiyini soruşdu.
– Hündür kol basmış qəbirin birini otuz manata, xırda ot-ələfi olan qəbirləri isə iyirmi manata təmizləyirəm, – fəhlə dedi, – görürəm, sən də mənim kimi kasıb oğlansan, sənə beş-on manat aşağı qiymətə edərəm. Özünü tərifləmək olmasın, bu boyda məzarlıqda məndən yaxşı qəbir təmizləyən tapa bilməzsən.
– Çox sağ ol, qardaş, Allah ruzini yetirsin. Ancaq mən sifarişçi deyiləm, taksi sürücüsüyəm, qəbir üstünə sərnişin gətirmişdim. Bura toplaşdığınızı görüb maraqlandım.
…Gecikmək olmazdı. Maşını birbaşa evə sürüb köhnə beli götürərək yenidən qəbiristanlığa qayıtdı.
Artıq neçə dəqiqə idi ki, o da əlindəki bellə qəbir təmizləyən fəhlələrin yanında dayanıb sifarişçi yolu gözləyirdi. Çənəsini yerə dayadığı belin sapına söykəyib yalnız evə alıb aparacağı bazarlıq barədə düşünürdü. Bu saat onu nə səhhəti, nə də borcları narahat edirdi. Bircə bu axşam evə əlidolu gedib balalarını sevindirə bilsəydi…
– Qardaş, qəbirin üstünü neçəyə təmizləyirsən?
Səsə diksinib düşüncələrdən ayrıldı. Qarşısında özü yaşda bir adam dayanıb ondan cavab gözləyirdi.
– Hündür kol basmış qəbirin birini otuz manata, xırda ot-ələfi olan qəbirləri isə iyirmi manata təmizləyirəm, – deyə bayaq fəhlədən eşitdiyi qiymətləri eynilə təkrarladı. Sonra qonşulardan kiminsə onu görə biləcəyindən narahat olaraq baxışlarını ətrafda dolandırdı.
– Kol-kosu çox olan bir cüt qəbiri əlli manata təmizləyərsən? Düzü, qəbirlərin sahibi mən deyiləm, yaxın qonşumdur. Özünün vacib işi olduğu üçün bir saatdan sonra gələcək. Mənə tapşırıb ki, fəhlə haqqı əlli manatdan yuxarı olmasın. Nə deyirsən qardaş, razılaşırıq?
İş bu dəqiqə əlinə elə bil göydən düşmüşdü, ona görə də tez dilləndi:
– Əlbəttə, əlbəttə, qardaş, niyə təmizləmirəm ki, Allah bərəkət versin!..
Onlar günü-gündən çoxalan qəbirlərin arası ilə bir qədər irəlilədikdən sonra məzar daşları yabanı kolların əhatəsində az qala görünməz olan bir cüt köhnə qəbirin önündə dayandılar. Kişi qəbirləri ona göstərərək:
– Qonşumun valideynlərinin qəbridir, – dedi, – Allah hər ikisinə rəhmət eləsin, çox mehriban və xeyirxah adam idilər. Bir neçə il bundan əvvəl yol qəzasında öldülər. Sən işinə başlayıb qəbirlərin üstünü təmizlə, qardaş, zəhmətinin haqqını qonşum gəlib verəcək. Mən də gedim öz ölülərimin qəbrinin üstünü təmizləyib sahmana salım.
– Oldu qardaş, çox sağ ol, Allah ölənlərinə rəhmət eləsin!..
Əllərinə əlcək taxmadığı üçün işlədikcə kol-kos əl-qolunu didib qanatmışdı. Bir cüt məzar təmizlənib aydınlığa çıxdıqca başdaşından ona baxan iki nur üzlü insanın gözlərindən sanki minnətdarlıq hissi yağırdı. Məzarların qırağındakı xırda otları qopara-qopara dərindən köks ötürüb rəhmətliklərin şəkilləri ilə danışırdı:
– Xətrinizə dəyməsin, görəsən, sizin qəbirlərinizi belə baxımsız vəziyyətdə qoyan övladlarınız heç əməllərindən utanıb xəcalət çəkirlərmi? Görəsən, onlar o dünyada sizin yanınıza hansı üzlə gələcəklər? İnciməyin, mən belə nankor övladları görəndə üzlərinə tüpürmək istəyirəm. Yaxşı ki, bu ədalətsiz, yalanı çox olan dünyadan vaxtında canınızı götürüb gedə bilmisiniz.Vay mənim kimi qırx yaşında dərddən başına dağların qarı düşənlərin halına. Hə, vallah, düz sözümdür, ayaq üstə gəzən ölü olmaq da bu dünyada ən dəhşətli dərd imiş…
Toz-torpağa bulaşmış əlləriylə gözlərinin qırağındakı yaşı silib:
– Siz Allah, məni bağışlayın gözəl insanlar, – dedi, – bəlkə də, çox danışıb yordum sizi. Allah sizə də, mənə də rəhmət eləsin!..
İşini tamamlayıb neçə gündür, cibində gəzdirdiyi şam qutusunu açaraq ikisini götürdü, onları başdaşıların yanında yandırdı və lal-dinməz dayanıb nəzərlərini xırdaca alov dillərinə dikərək qəbirlərin sahibini gözlədi.
Onlar bir-birini görəndə heyrətdən donub qaldılar. Bu, dünən ona cərimə yazan həmin yol polisi idi. Pərt olmuş polis başını qaldırıb nə məzar daşından ona məzəmmətlə baxan ata-anasının üzünə, nə də dünən cərimə etdiyi taksi sürücüsünün gözlərinə baxa bilirdi.
Taksi sürücüsü polisin dinməzcə uzatdığı halal zəhmət haqqı olan əlli manatını alaraq heç nə demədən ordan uzaqlaşdı.