.....

.....

BOGEMA DƏSTİ –  Ceylan Mumoğlu (hekayə)

BOGEMA DƏSTİ – Ceylan Mumoğlu (hekayə)

BOGEMA DƏSTİ
– Elə bilirsən, insan qəfil rüşvətxor olur? Yox, qətiyyən. Özü də bu adamları cəmiyyət də ağac kimi sulayanda, ya da yanından laqeyd ötüb keçəndə başımıza yekə daş düşür. Rüşvət cəmiyyətin damarına işləyir, qanuna-manuna da baxmır. Zəhrimar narkotik kimi bədənin hər yerinə elə yayılır, sahibi özündən bixəbər çevrilib olur rüşvətoman. Xüsusilə, beyin daha çox zədələnir. Bu xəstəliyə tutulmuş insanın hafizəsində “qanun” sözünün yerində “rüşvət” sözü olur, yaxınlarına, ətrafına, hardasa bütün dünyaya da rüşvət gözüylə baxır, – Samid daha bir şəxsin məmurun kabinetindən suyu süzülə-süzülə çıxdığını görüb, yanında oturan 10 illik dostuna dedi, – İki saatdır, burada gözləyirik. Gör, nə qədər adam girdi-çıxdı. Deyirlər, milləti soyub soğana çevirib. Düşünürəm ki, bəzən pul yox, ruhiyyənin ölməsi dəhşətlidir. Həmişə rüşvət məsələsi ilə üzləşəndə yaddaşıma yazılmış o pis əhvalatı xatırlamaya bilmirəm:
‒ Təxminən iyirmi il əvvəl Masazır tərəfdə bir məktəbdə işləyirdim. Kitabxanaçıydım. İşlədiyim müddətdə orada bir məktəb direktoru vardı. Boyu bapbalacaydı, saçları, hitlersayağı bığları sarımtıl-qonur rəngdə, gözləri xırda, iti baxışlı, bir duruşu vardı, sanki qarşında Napoleon dayanıb. Adı da Nizam müəllimdi. Kitabxanaya baş çəkəndə seçdiyi kitablar ya Napoleondan olurdu, ya Hitlerdən. Hərdən mənə elə gəlirdi, direktor onlardan ilham alır.
Həmin il məktəbə bir neçə gənc müəllim təyin edilmişdi. Aralarında daha çox seçilən coğrafiya müəllimi Dilavər idi. Dilavər digər gənc kadrlardan fərqli olaraq, direktorun istədiyi şəkildə ipə-sapa yatan, o dəqiqə tabe olan gənclərdən deyildi. Bu qız məktəbə gələndən sonra Nizam müəllimin bütün əsəbləri korlanmışdı. Elə bil, vəhşi at tutub gətirmişdilər, direktor da onu əhliləşdirməyə çalışırdı.
Aralarında ilk söhbət təxminən belə olmuşdu:
– Dilavər, qızım, siz tərəfdə işə qəbul olanda böyüklərə hörmət eləmirlər?
– Necə hörmət, Nizam müəllim?
– Hörmət necə olur, a bala, elə bil, Ayda yaşayırsan!
– Təyinat veriləndə dedilər, bu məktəbdə işləyəcəksən. Mən də təyinatımla gəldim.
– Əcəb edib gəlmisən! Xoş gəlib, səfalar gətirmisən! Get, dərsini keç!
Bu söhbətdən sonra Nizam müəllim Dilavər müəllimi müxtəlif metodlarla “əhilləşdirmə” vasitələrinə başladı. İşə ciddi girişmişdi. Bu çöl atı ev atına çevrilməliydi, vəssalam!
Nizam müəllim Dilavər müəllimlə təkbaşına başa çıxa bilmədiyini görüb, işə “peşəkar atlar”ını da cəlb elədi. Yuxarı sinif müəllimlərindən Dahiyə müəllimə işinin başına keçməsini əmr etdi. Dahiyə müəllim gənc müəllimi sinfinə aparıb, şagirdlərə peşəkar şəkildə “dərs keçmək” qaydalarını öyrətməyə başladı. Hər dəfə təcrübəli müəllimlərin dərsi bitdikdən sonra Dilavər müəllim rüşvətin alınması qaydalarının sirrindən agah olaraq, sinifdən çıxırdı. Bu vəziyyət getdikcə yazıq qızın ürəyini sıxmağa başladı. Nizam müəllimsə tutduğunu buraxmırdı. Artıq iş o yerə çatmışdı ki, gənc müəllimin hər addımını izləməyə başlamışdılar. Hətta kitabxanaya gəlib, hansı kitabları oxuması haqqında da məlumat toplayırdılar. Detektiv kimi onu izləyirdilər.
Bir dəfə yaz aylarının ortasında Dilavər müəllim sinfinə tarixi abidələri birlikdə ziyarət etməyi təklif etdi. Bunun üçün valideynlərdən yol pulu toplanmasını istədi. Ziyarət baş tutub, şagirdlərlə geri qayıtdıqdan sonra sabahı günü məktəbdə dedi-qodu yayıldı ki, Dilavər müəllim yığdığı pulla özünə bogema dəsti alıb.

Çöl atını ev atına çevirmək üçün uğurlu fənd seçmişdi Nizam müəllim. Dilavər müəllimin haqsız dedi-qodudan ciddi narahatlığını görüb sevinmişdi. Bu hadisədən sonra gənc müəllimə hücumlarını daha da artırmağa başladı. Gah dərs saatlarını azaldır, gah bir neçə sinfi birləşdirib, dərs keçməsi üçün onun sinfinə göndərir, müxtəlif çətinliklər yaradır, işindən bezməsi üçün əlindən gələni edirdi.
Məktəbin qocaman müəllimləri, yeni gələn gənc müəllimlər əvvəllər Dilavər müəllimə onlar kimi olmadığı üçün əsəbiləşsələr də, zaman keçdikcə ipə- sapa yatmazlığında qətiyyətli olduğunu görüb, daxilən bu dönməzliyinə heyran olmuşdular. Elə mən özüm də Dilavərin təslim olmasını istəmirdim. Elə ümidlənmişdim ki, elə bilirdim, direktorun bu dəfə oxu daşa dəyəcək. Amma sən saydığını say, gör fələk nə sayır!
Nizam müəllim “peşəkar atlar”dan köməyin yetərsiz qaldığını anlayıb, başqa metodları yoxlamağa keçdi. Bu mübarizədə əsl Napoleon kimi hərəkət edirdi. Məğlubiyyət sözünü lüğətindən silib atmışdı. Bu dəfə müəllimi təslim etdirmək üçün yuxarı sinif şagirdlərindən ən çətin tərbiyə edilənlərini seçdi. Bu cür şagirdlərdən təşkil olunmuş sinfi müəllimin öhdəsinə verdi. Üstəlik, hər dəfə gənc müəllim sinif üçün nəsə xeyirli bir iş gördükdə, direktor yubanmadan onu əks dedi-qoduya çevirib, məktəbi Dilavər müəllimə qarşı qaldırırdı.
Bəzən yaşlı müəllimlərin Dilavər müəllimə yazığı gəlirdi. Onu yanlarına çağırıb, “müdrik məsləhət”lər verirdilər.
– A bala, niyə özünə zülm edirsən, axı? Onsuz, bu zəmanə düzələn deyil. Gətir, ver bu zəhrimarı, sənin də canın qurtarsın, bizim də.
– Qurtaracaq yaxın zamanda. Hamısı qurtaracaq, narahat olmayın!
Günlərin bir günü Dilavər müəllim olmayan “bogema dəst”ini də qoltuğuna vurub, məktəbi tərk etdi. Mənim ümidlərimi də özü ilə aparmasından xəbərsiz qızcığaz, əslində, təslim olmaqla nə qədər pislik etdiyinin fərqinə varmadı. İndi illərdir, belə kabinetlərin qarşısındayam. Sükutla tələb olunan məbləği verirəm. Çünki bilirəm ki, Dilavərdən fərqim yoxdur. Hər ikimiz susuruq, hamımız susuruq.
Samid sonuncu cümləni deyib ayağa qalxdı. Əli ilə cibindəki şişkin zərfi yoxladı, çiyinləri sallanmış halda kabinetin yarı aralı qapısından içəri keçdi.