Borc…
Yox,mən əlimi qaşığa uzadıb,yemək yeyə bilmərəm…Uşaqlarım qaranlıq,soyuq evdə ac qalıblar, mən burada kabab, aş yeyim?!
Fəridə bu fikirlərlə, uşaq evinin yeməkxanasında onun tərbiyəçi-müəllim kimi fəaliyyət göstərdiyi 22 oğlan uşağından ibarət qrupun yemək yediyi an, masaların ətrafında gəzinərək uşaqlara nəzarət edir, ona ayrılmış paya əl uzatmadan, iş vaxtının bitəcəyi saatı səbirsizliklə gözləyirdi.
Yeməkxanada 100-ə yaxın uşaq,5-6 personal vardı.Boşqablara dəyən qaşıqların cingiltisindən ağız deyəni qulaq eşitmirdi.
Fəridə, beynində üst-üstə qalanmış qayğılaın ağırlığındanmı, qaşıqların səsindənmi, başı gicəllənirdi. Bayırda sulu qar yağırdı. Bir azdan hava qaralacaq, uşaqlar yeməklərini yedikdən sonra yatmağa hazırlaşacaqdılar və o, qrupu növbətçi müəllimə təhvil verib, evə gedəcəkdi.Unutmasın deyə tez-tez ürəyində təkrarlayırdı -“Evə gedəndə, şam, çörək, uşaqlara şirniyyat, kolbasa alarsan! Ananız ölsün ay bala,bu soyuqda sizə soyuq kolbasa çörək yedirdəcəm.Günah özündədir dəə,axı niyə kommunal xərclərinə diqqət etmirsən?! Niyə vaxtında,ödəniş etmirsən?! Üzünə xoş baxdılar deyə arxayın düşdün hə?!”
İki həftə öncə işıqpulu üçün qapı döyüləndə, qapını Fəridə açmışdı. İşıqpulunu yazan şəxsin, hardasa 40-41 yaşı olardı, amma saçları azacıq çallaşmışdı. Fəridəni gördüyü an diqqətlə bir neçə saniyə susaraq gözlərinə baxmış və :
-Salam.Sizin 38 manat, 80 qəpik borcunuz var.İşığı kəsmirəm,evdə körpə uşaqlarınız var.
Fəridə isə dili topuq vura-vura, üzrxahlığa başlamışdı.
-Allah razı olsun, maaşda mütləq tam məbləği ödəyəcəm. Anam kəndə gedib e, yoxsa o mənə kömək edərdi.
-Hə bilirəm, Validə xala yoxdur, məhlədə görünmür. Adam, bir necə saniyə susduqdan sonra:
-Fəridə, mənim üçün bu görüş çox ağrılı oldu,inan. Səni belə görmək məni çox kədərləndirdi .Allah atana,qardaşına rəhmət eləsin.Sizin bir vaxtlar necə gözəl həyatınız vardı.Elə bil, gözə gəldi sizin ailə.Eşitdim,sən də ayrılmısan, çox üzüldüm.
İşıqpulu yazan kişinin bu sözlərini eşidən Fəridənin,həyəcandan ürəyi guppuldadı,qulaqları uğuldadı,hiss edirdi ki,yanaqları yanır.Xəcalətdən yerin dibinə girmək istəyirdi o an.Anlamışdı ki,bu şəxs onların ailəsini lap yaxından tanıyır.Adamın gözlərinə o an diqqətlə baxdıqdan sonra kim olduğunu təxmin etmişdi.
Bu saçları çallaşmış adam, 17 il əvvəl anasının Fəridəyə elçi düşdüyü həmin o gülərgözlü gənc-Rüstəm idi.İllər onu necə dəyişmişdi…Köhnə qonşu idilər. Atalarının hər axşam nərd oynadığı, samovar çayının cazibəsinə, analarının əlləri dolu padnoslarla, Fəridənin atası Həsən kişinin saldığı o nağılvari bağda toplaşdıqları mehriban qonşular…
Fəridə,boşandıqdan sonra ata evində cəmi bir neçə ay qalmışdı.Kirayə qaldığı ev də,ata evinə yaxın idi.
Demək, illər ötər, nə atalar qalar, nə ataların saldığı o samovar tüstülü, çiyələk,ərik ətirli bağlar, nə o qonşular, nə də o qonşuluqlar…
Hə, Fəridə arxayın olmuşdu ki, Rüstəm ayın axırına kimi işığı kəsməz. Bu düşüncə ilə heç kimə ağız açıb borca girməməyə, işıq pulunu maaşda ödəməyə qərara vermişdi.
Amma…Amma dünən,axşama doğru qəfilən kəsilən işıq, Fəridəni ikiqat sarsıtmışdı.Bir, övladlarının qaranlıqda, soyuqda qalması, bir də tonlarla kəsilən çörəyin, qonşuluq haqqının 38 manatdan da ucuz olması…Daha xəbəri yox idi ki, Rüstəm qəfil ürəktutmasından rəhmətə gedib…
-Əli, bilirsən nə deyirəm? Böyüyüm,kalan pulum olsun, hər gün kolbasayla, kola alacam ee.
-Həri alə, bezdim e mən də. Amma buna da şükür e, biz kabab yeyirik, camaat bunu da tapmır e, Məhəmməd! Anam həmişə deyirdi ki, adam şükürlü olar.
Ən yaxın masadakı uşaqların dialoqu, Fəridəni öz aləmindən ayırıb,uşaq evinə gətirdi.
Kimsə qurban kəsib, uşaqlara yemək bişirtdirmişdi.Uşaq evinə tez-tez qazan yeməkləri gətirərdilər, amma bu sovqatlar içində heç vaxt kolbasa,sosiska olmazdı.Yəqin sağlıqlı olmadığı üçün…
Uşaqların yemək yeməsi, gülüşləri, söhbətləri, dava-dalaşları, hər an Fəridənin evdə ac, qaranlıqda qalan balalarını xatırladırdı…
O gözünü pəncərədən ayırmadan, yağan qara baxır, su keçirdən ayaqqabılarının nəmindən uşüyən vücudu, buz kəsmiş yanaqlarına axan ilıq yaşlarla isinirdi …
Görəsən, dünyada neçə insan, titrəyən vücudunu, axan göz yaşının hənirilə isidib ? İllər ötdükcə,anlamışdı ki,milyonlarla insan…
Fəridə,müəllim yoldaşları onun halını hiss etməsinlər deyə onlara tərəf getmitdi.
Utanırdı…Çox utanırdı…
Hələ kirayə qaldığı bir otaqlı evin işıqları kəsilmədən öncə yaşanan o təsadüfi hadisə…
“Eybi yoxdur,bu sənə dərs olsun,Fəridə!” deyib, iş saatının bitməsinə az qalmış müdir müavininə yaxınlaşmışdı.
-Məhsəti müəllim,işığımı kəsiblər. Ödəniş etməliyəm,amma maaşı gözləyirəm. Mənə kömək edə bilərsinizmi?Borcunuzu maaş verilən kimi qaytaracam.
-Qızım,sənə kömək edərəm, amma sən iki uşaq anasısan, niyə özünə bu qədər əzab verirsən?! Sən o uşaqları atanın evindən gətirməmisən ki! Uşaqpulu tələb et, bu məvaciblə necə dolanmaq olar axı?! Bax, sən öz haqlarını bilməlisən, alimentini hər ay al, uşaqlara da əziyyət verirsən axı…Onların yaxşı geyinmək, gəzmək, qidalanmaq haqqı var axı…
Fəridə, Məhsəti xanımı eşidir, amma dinləmirdi. Ürəyində- “Ay Allah, çox şükür ,bu gün işığımı yandırım, başqa bütün işləri həll edəcəm, mənə lazım deyil onun minnətli alimenti! ” deyirdi. Məhsəti xanım , pulqabısından 50 manat çıxarıb, Fəridəyə uzatdı. O, həm də çox güclü psixoloq idi. Anlamışdı ki, Fəridəni nə qədər ağıllandırmağa çalışsa da, öz bildiyini edəcək.
Fəridə, Məhsəti xanımın verdiyi pulu alıb, sevinə-sevinə evə getmək üçün hazırlaşmağa başladı.Yolboyu ayaqqabıları buz kimi suyla dolsa da, üşümürdü.
Marketin terminalın dan işıqpulunu ödəyib, unutmasın deyə tez-tez təkrarladığı ərzaqlar olan selofan paketlərlə özünü tələsik evə atmışdı.O gecə qəribə gecə idi.Şam işığında, parlayan iki cüt körpə gözdə, bütün məhdudiyyətlərə rəğmən, nəfəsinə sığındıqları varidat və kolbasa çörək, kola dadında xoşbəxtlik vardı…
“Borcları ödəməliyəm” deyə pıçıldayaraq yuxuya gedən Fəridə, ertəsi gün soyuducunun motorunun səsinə diksinib ayılmışdı.
Urrrraaaa,işığımız yandı!….
Fatimə Əlihüseyn