Boz
Buludlar bu gün dünyanın üzünə pərdə kimi düşmüşdü. Yuxudan oyanmaq istəmirdi. Hər tərəf boz dünyaya bürünmüşdü. Yer – göy şəkil idi. Bu şəkillərdən birini götürən əllərini hiss etmirdi. Gecə çox içmişdi, bütün bədəni donmuş idi. Evin hər qarışından tənhalıq yağırdı, ruhu kimi evi də tör- töküntü içində idi.
Şəkillərdə uşaqlıq şəklinin ağlayan gözlərində keçmişə getdi. Hamıdan dala qalan, qaçanda yıxılan, yıxılıb yerindəcə yuvarlanan, tənbəl donuq baxışlarını gizlətməyə çalışan balaca vaxtına. Bəlkə də hər şey elə bütün gətirməzlik o günlərdən başladı. Atası onları atıb getdi, evdə tez – tez çırpılan qapılardan, ağlayan anasının səsindən qulaqlarını yastıqla tutub susduğu dövürlərdən.
Yadındadı ki, elə qəhrəman olmaq istəyirdi kənddə babasının bir atı var idi, heç bir minvalla o atı minə bilmirdi hər dəfə də yerə dəyirdi. Bu dəfə minib üstündə oturdu, əllərini qaldırıb, sevincini dünyaya bəyan eden səslə bağırdı. Elə bu an at hürküb onu yerə çırpdı .
Şəkli kənara atdı. Yerlə bir şəkillər içində ailə şəkilləri də var idi. Ata, ana ,qardaşları şəkillərdə olan heç kim sağ deyildi. Üşütməyə başladı. Evdə olarkən onu görməzdən gələn doğmalarını görmək onlara toxunmaq istədi.
Şəkli üzünə tutub ağlamağa başladı. Hönkürtüsü göylərə əks olundu. Ağacların üzərindən quşlar uçub yerlərini dəyişdi, həyətdə oynayan körpələr analarına tərəf qaçdılar.
Evin içində vargəl etdi. Balaca, divarları saralmış evində əşya əlindən tərpənmək olmurdu.
Anası öldükdə onu evdən qovdular, içkili olduğundan dərk etmirdi nə olur. Həm də aciz idi. Susub evdən çıxdı, amma səhər gəlib anasının əşyalarını bir bir daşıdı. Onun evden əşya daşımağa gələndə hec kim danısdırmırdı. Əmisinin balaca komasına köçdü, əşyaları üst-üstə yığdı. Köhnə ev əşyalarından bu komada yer olmadi, yarısı həyətdə qaldı.
Bir müddət sonra evlərinə yenə getdi. Kilidi dəyişmişdi, evin içində yad adamlar var idi, əmi də evi satıb harasa toz olmuşdu.
Bomboz görmüşdü dünyanı. Onda kor peşman evə dönüb yenə içməyə başlamışdı. Əvvəllər işə də gedirdi.
Şəkillərin biri küləklə yerini dəyişdi. Şəkildə bir qızla dənizə baxırdı. Onu sevmişdi ya yox bilmirdi, indi amma həmin gün çox xoşbəxt idilər.
Birgə nahar edib gecəni də elə qızgildə qaldılar. Özünü tam xoşbəxt həyatda hər şeyə qadir bir insan kimi saydığı an isə qıza zəng edən nişanlısının səsinə oyanmışdı. Qız onu o günün səhərisi olduqdan sonra heç axtarmadı. Onun üzündə olan kədəri peşmanlığı da görmədi. Həmin gün evə yox, dəniz tərəfə getdi. Sevginin sorğu sualını dənizlə çəkdi. Dəniz yəqin ki, ona bir doğru söz deyə bilmədi, çünki dəniz özü də sevginin nə olduğunu bilmirdi. Sevgi heç bir zaman onun qəlbini döymədi.
Ayağa durub yenə ora bura gəzdi. İşləri yaxşı gedərdi bəlkə. İş həyatında layihələr qururdu. Özünü təsdiq etmək istəyirdi. Əlbəttə o vaxtlar evdə onu görmürdülər, amma işdə uğuru da az olmurdu. Yalnız axırda bütün uğurların bir qəhrəmanı olurdu, o da müdirin kürəkəninin. Bir gün kürəkən içəri girib:
-Gəl səninlə bir iş quraq- demişdi.
-Sən layihəni mənə ver, mən də sənin o biri işlərində kömək olum. Müdir qaynatamdı, sözümdən çıxmaz – demişdi .
O da gözünün nurunu tökdüyü işini ele bele bir quru sözə satmışdı.
Bir gün də ayılıb görmüşdü ki, illərlə kağız üzərində qalan layihə budur həyata keçir, amma yaradıcı kürəkəndi, o yox. Yavaş – yavaş kölgədə qalıb, işdən də çıxarılanda da heç kimə bir söz demədi həmin gün, qəbirüstünə gedib anasını sorğuladı: – onu niyə dünyaya gətirdilər? Bu dünyada haqq yoxdursa o, burda nə edir? Bir sürü sentimental göz yaşıyla sözlər deyib, hətta atasına nə qədər nifrət etdiyini də dilə gətirib, ağlamışdı həmin gün.
Sonra üç beş manat pul qarşılığında tərcümələr etdi və bir müddət dolandı. İnsanlardan qaçar, telefon belə işlətməzdi. Bir gün bütün bunlardan bezib, özünü öldürmək qərarı aldı. İçki alıb evə gəldi, yeyib, içdi. Sonra şəkilləri yerə töküb, bir daha həyatını incələdi. Gördü yox, bir işə yaramayıb ömründə. Bu həyata son qoyub, axır ki, həyatda bir iş görəcəyinə tam ruhuyla qərar verdi. Qalıb mübarizə də apara bilərdi. Yalnız yaşından utandı. 49 yaşına qədər bu qədər aciz yaşamağından xəcalət çəkdi.
Körpünün üstündə xeyli adam var idi.
Evin açarlarını yavaşça əlində fırlada -fırlada körpüdə gəzişməyə başladı.
Əvvəlcə əyilib hündürlüyü yoxladı. Çox yüksək idi, burdan düşən sağ çıxmaz. Yüksəkliyi və kimsənin görüb görmədiyi bilmək üçün açarları hündürlükdən yerə tulladı. Heç kim onu görmürdü.
Uzaqdan işırtı görünməyə başladı. Bir çox adamın bir birinə sığınıb gələn izdihamı onu çaşdırdı .
Az keçmədi, üç-dörd üzü baqli qapqara geyimli insanlar da oranı bürüdü. Hamıya yerə yatmağı əmr etdilər. Hər kəsdən birinci yere uzanıb taleyini qarğadı.
-Ay Allah – dedi,- bu nə zülmdür ki, mən çəkirəm.
Adamlar körpüyə partladıcı atdılar və var gücləri ilə uzaqlaşdılar . Qaçmağa çalışdı. Qışqırığın içində qulaq batıran partlayış oldu.
Səhər butun TV-lər, jurnalistlər hadisə yerində idi. Dağıntılardan yerə tökulmuş qırıntılar incilənirdi. Açarları tapan əməkdaş istintaq aparan nümayəndəyə yaxınlaşdı.
Orda olan insanların siyahısı tutuldu. Onu axtaran yox idi deye, adı heç yerdə qeyd olunmurdu.
Allah onun adını da bu dünyaya qıymamışdı. Bilmirəm indi o hardadı. Göyün üzü bomboz idi. Sanki göyə sovrulan insan külündən göyün üzü də tutqun idi. Onun səsi gəlmirdi. İlk dəfə olaraq daxilində danışan adam susmuşdu.
Çəkisiz, gücsüz olmuşdu, küləklə sovrulan şəkillər kimi aciz də olsa daha azad və xoşbəxt idi.
Bəzən bizi görmürlər. Yalnız biz bir yerdən hardansa özümüzdə rəng tapıb bir şəkildə bir birimizə görünürük bu yalan dünyanın sevgisinə gərdişinə bir şans veririk. Biz bu əslində heçdən yaranan dünyanın yalan atributları ola bilirik. O isə bunu bacarmadı. Allahın yaratdığı kimi də qaldı. Hər şeyindən imtina edib tək yaradanın sevgisini qazandı.
Boz, bomboz üzünü götürüb işığa doğru getdi..
Aysel Fikrət