.....

.....

CİBGİRLƏR – ƏLİ BƏY AZƏRİ (hekayə)

CİBGİRLƏR – ƏLİ BƏY AZƏRİ (hekayə)

CİBGİRLƏR
(hekayə – uşaqlar, yeniyetmələr, həm də böyüklər üçün)

O, dayanacaqda çox gözləməli olmadı, cəmisi yeddi-səkkiz dəqiqə dayandı. Yol ilə şütüyüb gedən maşın və avtobuslara, bir də dayanacağın ətrafında marşrut gözləyən adamlara tamaşa etdi. Nədənsə bu gün avtobuslar həmişəkindən tez gəlirdilər, bəlkə də maşınlararası intervalın vaxtını azaltmışdılar. Amma sərnişinlər daha çox idi. Həm də avtobuslar dayanacağa daxil olanda salonları sərnişinlə dolu olurdu, sanki başlanğıcda adamları doldurub hərəkətə keçirdilər. Dayanacaqda avtobusdan iki-üç nəfər düşürdüsə, ən azından altı-yeddi nəfər minir, bir neçəsi də minməyə cəhd göstərirdi, birtəhər özlərini salona dürtməyə çalışırdılar.
Cibgirlər haqqında Tacəddin indiyə kimi bir neçə dəfə eşitmişdi. Onların öz qanunları olduğunu bilirdi. Həmin qanun üzrə hərəkət edən hər cibgir qrupunun öz marşrutu olsa da, əsasən sərnişini daha çox olan dayanacaqları və adamla dolu olan avtobusları hədəf seçərdilər. Tacəddin dayanacaqda dayanan adamlar arasında cibgir olduğunu təsəvvür etməyə ha çalışdısa da bir şey alınmadı. Avtobus gözləyənlər arasında onu şübhələndirən elə birisi yox idi.
Nəhayət Tacəddinin gözlədiyi növbəti avtobus gəlib dayandı və qapıya yaxın olduğundan minmək şansı hamıdan əvvəl ona verildi. İkicə nəfərin düşdüyünü gözləyən kimi özünü salona dürtdü. Pilləkənlərlə yuxarı qalxıb adamların arasında özünü birtəhər “rahatladı”. Ondan sonra salona minənlər avtobusun pilləkənlərinə qədər hər yeri tutdular və mümkün olan qədər onu sıxışdırıb arxaya keçirtdilər.
-Yol verin, xanım irəli keçsin! – Salondakılardan kimsə pilləkəndə sıxlaşmış adamlar arasında “ilişib” qalmış gənc bəstəboy qıza işarə etdi.
Sarışın saçlı qıza o dəqiqə yuxarı qalxmağa imkan verildi. Onsuzda sıx olan avtobusda sarışın sadəcə pilləkənləri yuxarı qalxıb durdu və əlindəki planşetini işə salaraq öz aləminə çəkildi. Avtobus yerindən tərpənib döngəni burulan kimi çilləkənə düşdü.
-Off, yenə çilləkən! – Kimsə gileyləndi.
-Hər gün belədir. – Başqa birisi ona qoşulub deyindi. – Səhər saat yeddidən düz saat on birədək şimal giriş beləcə tıxanır.
-Şəhəri bu tıxaclardan təmizləmədilər ki, camaatın da canı qurtarsın.
-Avtovağzalı gətirib şəhərin girişinə salanda bilmirdilər ki, belə olacaq?
-Elə bil başlarına yer qəhətdi. Canları çıxardı, beşcə yüz metr o tərəfdə tiksəydilər.
-Bu tıxac, çilləkən məsələsi elə bir şeydir ki, onu adi baxışla başa düşmək olmur. Gərəkdir ki, azacıq düşünüb təhlil aparasan, – deyə arxa oturacaqlardan birində əyləşmiş ağsaqqal, nurani bir kişi söhbətə qoşuldu. – Dünyanın hər yerində söz yiyəsi neft maqnatlarıdır. Onlar pullarına görə hamıdan üstündürlər. Daima fikirləşirlər, nə edək, necə edək ki, bu gün dünənkindən, sabah bu günkündən çox pul qazanaq. İşləri, gücləri ancaq bunu fikirləşməkdir.
-Tıxacdan nə pul qazanmaq olar? – Onun yanında oturan arvad narazı-narazı dilləndi. – Sən də saqqal tərpədib söz danışdın!
-Bir səbriniz olsun. Sözümü axıradək dinləyin! – Kişi təmkinini pozmadan izahına davam etdi. – Əvvəlcə şəhərdə tıxac yaratmaq üçün pul qoyub maşın gətirdilər, maşın bolluğu yaratdılar. Sonra yollarda dəyişikliklər elətdirdilər ki, tıxacların yaranmasına nail olsunlar. İndi getdiyimiz yola fikir verin. Buralarda çox enli bir vəziyyət yaradıblar. Yan-yana ən azından doqquz-on, hətta bəzi yerlərdə on bir maşın şütüyür. Amma qabaqda, avtovağzaldan çıxan yolla qovuşanda yol daralır. Orada cəmi dörd maşın yan-yana irəliləyə bilir. Özünüz müqayisə edin; belə bir dar keçiddə tıxac yaranarmı?
-Əlbəttə yaranar və bir neçə saat da davam edər.
-Ay bərəkallah! Bu yalnız bir yerdədir. Başqa yerlərin də özünəməxsus tıxacyaratma şərtləri mövcuddur. İndi gəlin, məsələnin ikinci tərəfinə baxaq. Şəhərdə bir milyondan artıq maşın var. Hər iki maşından biri şəhərə çıxsa yarım milyon maşın daima hərəkətdə olur. Gün ərzində yaranmış tıxaclarda, çox demirəm, hər maşına bircə litr artıq işlənmiş benzini toplayın. Sonra onu altmış qəpiyə vurun. Görün, həmin neft maqnatları hər gün havayı nə qədər pul qazanırlar?
-Cibgir! – deyə kimsə qışqırdı.
-Bəli, cibgirlər! Sürücülərin ciblərinə girib hərədən altmış qəpiyi elə çəkirlər ki, heç kimin ruhu da incimir. – Ağsaqqal kişi söhbətinə yekun vurdu.
-Cibgirlər! Çantama girdilər! Kaşelokumu götürdülər! – Bayaqkı sarışın qız ucadan qışqırdı.
-Niyə qışqırırsan? Kimə lazımdır sənin kaşelokun? – Sarışın qızın arxasında dayanıb sıxlıqdan ona sıxılmış ortayaşlı keçəl kişi dilləndi. – Yaxşı bax, bəlkə yerə düşüb?
-Hə, burda, ayağımızın altında nə isə var. Bəlkə sizin kaşelokunuzdur? – Qızın böyrünə sıxılıb səhərdən bəri onun planşetini izləyən ucaboylu oğlan hərəkətə gəldi.
Kaşelok doğrudan da yerdə idi. Qıza imkan yaratdılar əyilib kaşelokunu götürdü. Elə o dəqiqə də açıb baxdı. İçindəki pullar yerində deyildi.
-Pulları götürüb kaşelokumu yerə atıblar. Əclaflar, alçaqlar! – Qız ağlamsındı, pörtdü, az qaldı ki, ağlasın.
-Sür polisə, qapıları açma! – Kimsə sürücüyə komanda verdi. – Bu cibgirlərin əlindən təngə gəlmişik.
Camaat hərəkətə gəldi. Sarışının yanına sıxlaşmış üç nəfəri əhatəyə aldılar, onların kənara çəkilməsinə imkan vermədilər.
Xoşbəxtlikdən polis bölməsi yaxınlıqda idi. Avtobus bölmənin qarşısında dayanan kimi adamların köməkliyi ilə sarışın qız onu əhatəyə alıb sıxışdıran üç nəfərlə şöbəyə daxil oldu.
-Könüllü olaraq iki nəfər şahid qalsın, qalanınız sərbəstsiniz! – Növbətçi polis bunu sərnişinlərə bildirəndə avtobusdan ilk düşən Tacəddin oldu. Hadisələr elə sürətlə baş vermişdi ki, o, hələ də bir şey anlaya bilmirdi. Amma maraq onu bu addımı atmağa sövq etdi. Axı Tacəddin sənədlərini Polis Akademiyasiyasına təqdim etməyə hazırlaşırdı. “Gedim, görüm cibgirləri necə ifşa edirlər?”
Baş əməliyyatçı mayor Rəsulov idarəyə daxil olanda içəridə çoxlu adam görüb təəccüblənməsə də maraqlandı.
-Burda nə baş verir? – deyə soruşdu.
-Avtobusda oğurluq olması faktı üzrə şikayət qeydə almışıq. – Balacaboy leytenant yerindən qalxmadan cavab verdi. – Sərnişinlər tərəfindən saxlanılan üç nəfər şübhəli şəxs qismində şöbəyə gətirilib. Əlavə olaraq iki nəfər şahid saxlayıb avtobusu qalan sərnişinləri ilə buraxmışıq gedib.
-Ay maşallah! Siz mənsiz gör nə qədər iş görmüsünüz.
-Çalışırıq ki, şübhəlilərdən hansının kaşeloku oğurladığını, ümumiyyətlə oğurluq faktının baş verdiyini müəyyənləşdirək. Fərziyyə var ki, zərərçəkmiş qız sadəcə özünü itirib. Çünki onun gəldiyi avtobusda adam çox olduğundan bərk sıxlıq var imiş. Kaşeloku isə yerdə görüblər. Ya qız özü sıxlıqda fərqinə varmadan əlindən salıb, ya da bu üç nəfərdən biri oğurlayıb və digərinə ötürməyə çatdırmayıb. Zərərçəkmiş qışqırdığından tez yerə tullayıb.
-Yaxşı, özünüzü yormayın. – Mayor Rəsulov sakitcə bildirdi. – İndi aydınlaşdırarıq. Onları bir-bir mənim yanıma gətirin. Mən çalışaram, nə isə müəyyənləşdirəm.
-Yoldaş mayor! – Mayor Rəsulov dönüb öz otağına getmək istəyirdi ki, Tacəddin yüksək səslə müraciət etdi. – Olarmı ki, mən də sizin yanınızda olum?
-Siz kimsiniz? – Mayor Rəsulov suala sualla cavab verdi.
-Mən adi sərnişin və şahid. – Tacəddin dilləndi. – Amma bu il sənədlərimi Polis Akademiyasına təqdim edəcəyəm. Sizin sorğunuz mənim üçün maraqlı olar.
-Əgər təcrübə keçmək istəyirsənsə, buyur, prosesi izlə. Yox, əgər şahidsənsə, deməli sən hadisəni görmüsən və birinci olaraq izahat verməlisən.
-Mən yalnız səs-küy düşəndən sonra baş verənləri izləməyə başladım. Lazımdırsa müşahidələrimi yazıb verərəm.
Onlar ard-arda baş əməliyyatçının otağına keçdilər. Sonra şübhəlilərdən biri – əcnəbilərə bənzər saqqal buraxmış, gödək qalstuklu orta yaşlı kişi daxil oldu.
-Mən Gəncə Dövlət Universitetinin dosenti Yusif Nəsirliyəm. Bakıya ezamiyyətə gəlmişəm – bir həftəlik təkmilləşdirmə kursundaydım. Axşam qatarla geriyə qayıdacağam. Bu gün şənbə günü olduğundan şəhərə çıxdım ki, həm bir az gəzim, həm də bəzi lazım olan şeyləri alım. Avtobusda bərk sıxlıq idi. Sarışın qızın yanına sıxılmağım sırf təsadüfdəndir, kütlə sıxışdırıb məni oraya gətirdi. Sonra baxıb gördüm ki, sarışın qız planşetində nə isə oxuyur. Diqqət yetirdim ki, görüm paytaxt gəncləri daha çox nə ilə maraqlanırlar, kimi oxuyurlar. Planşetdı təsvir olunan Elxan Elatlının yeni dedektivi məni də özünə cəlb etdi. Heç bilmədim ki, qız nə vaxt “cibgirlər, oğrular” deyə bağırdı. Yaxında duran digərləri ilə bərabər məni də tutub buraya gətirdilər. Tam ziyalı məsuliyyəti ilə bildirirəm ki, bu bir anlaşılmazlıqdır. Məni buraxın, gedim. Mən oğru deyiləm. Kaşelokda mənim əl izlərim ola bilməz.
-Sənədləriniz üstünüzdədir?
-Xeyr, mehmanxanadadır. Özümlə gəzdirmirəm ki, birdən itirərəm.
-Bəs qorxmursunuz ki, özünüzü itirərsiniz, dosent Yusif Nəsirli? – Mayor Rəsulov kinayə ilə soruşdu.
-Xeyr!
-Onda dəhlizdə gözlə. Biz indi hər şeyi araşdırarıq.
Dosent otaqdan çıxan kimi uzundraz oğlan otağa daxil oldu.
-Yoldaş nəçənniy. – Əl-qolunu ölçərək qabaqdangələnlik etməyə başladı. – Məni, ümumiyyətlə səhvən saxlayıblar. Mənim bu işə heç bir aidiyyatım yoxdur. Nə olsun ki, mən də həmin vaxt qızın yanında olmuşam, bu o demək deyil ki, kaşeloku mən götürmüşəm. Mən ordudan təzəcə tərxis olunmuşam. Avtobusla avtovağzala gedirdim.
-Bəs mənə deyirlər ki, avtovağzaldan şamaxinkaya gələn istiqamətdə hadisə baş verib.
-Elədir. Hadisə şamaxinkada, dayanacağa yaxın yerdə baş verib. Nə bilim, belə çıxır, çünki qız orda qışqırıb haray-həşir saldı.
-Bəs sən avtovağzalda niyə düşmədin?
-Sıxlıq idi. Həm də başım qıza qarışdı. Düşə bilmədim. Dedim, eybi yoxdur şamaxinkada, ya da iyirmi yanvar dayanacağında düşüb qayıdaram. Yoldaş rəis, burda nə var ki? Avtobusa minəndə gördüm qəşəng qızdır, planşetdə nə isə oxuyur. Fikirləşdim ki, yəqin sevgi-məhəbbətdəndir. Belə qızlar ayrı nə oxuyasıdır ki? Rəis, siz heç cavan olmamısınız? Cavançılıqdır da. Özünüz başa düşürsünüz, iki il əsgərlik.
-Daxili Qoşunlarda qulluq edirdin, yoxsa Milli Qvardiyada? – Mayor Rəsulov nəyi isə dəqiqləşdirmək üçün onun danışığını kəsib soruşdu.
-Yox, rəis. Mən tankovoyda qulluq etmişəm, hamısı hərbi biletimdə yazılıb. Odur, sənədlərim əməliyyatçının stolunun üstündədir. – Uzundraz qıyqacı gülümsündü. – Rəis, bəs siz harada qulluq etmisiniz?
-Burda dur! – Mayor Rəsulov şəhadət barmağı ilə işarə verdi. – Biz nə tanışlıq klubunda deyilik, nə də internetdə, tanışlıq saytlərində. İşin mahiyyətinə aid danışın. Başqa şeylərə qulaq asmağa vaxtımız yoxdur.
-Daha nə danışacam, rəis? Avtobusdayam, baxıram ki, gözəl qızdır, blondinkadır. Mən də, özünüz başa düşürsünüz, əsgərlikdən gəlirəm. Altı ay idi ki, poliqondaydıq, qadın tayfasından heç kimin sifətini belə gözüm görməyib. Aclıq mənə güc gəldi, özümü saxlaya bilmədim, yaxınlaşıb qızın böyrünə qısıldım. Elə mament axtarırdım ki, tanış olam, birdən qız qışqırdı. “Kaşelokumu oğurladılar” kəlməsini eşidən kimi ondan aralaşmaq istədim. Dedim, xatası məndən uzaq olsun. İki kişi əllərimdən yapışdı, imkan vermədilər aralanmağa, tutub gətirdilər bura. Mən onlara deyirəm, əsgərlikdən gəlirəm, dembil adamam, sənədlərim də qaydasındadır, buyurun baxın. Onlar heç məni eşitmək istəmədilər. Dedilər, polis özü araşdırar.
-Əlbəttə polis araşdırar. – Mayor Rəsulov gülümsədi.
-Yoldaş rəis! Kişilərin evin həmişə qadınlar yıxıb. Oyy, qızlar, oyy… dad sizin əlinizdən…
-Səni tutan kişilər düz deyib, biz araşdıracağıq. Hələlik sən də dəhlizdə, o birisinin yanında gözlə və de, üçüncünü çağırsınlar.
Uzunrdaz çıxdı. O, çıxan kimi otağa əsəbi halda bir kişi, üçüncü saxlanılan şəxs daxil oldu. Gözünün üstündə çapığı, əlində tatuajı – nakolkası vardı. Gözləri oynayır, qayır-qayır qaynayırdı.
-Mən, ümumiyyətlə bu işlərdən kənaram, yoldaş rəis. Dayanacaqda avtobus gözləyirdim. Adam çox idi. Gəlib dayanan kimi mindim avtobusa. Talpanın davkası məni elə itələdi ki, bir də baxdım gəlib dirənmişəm həmin sarışın qıza. İstədim aralanam, qız da elə bildi ki, ona sürtünürəm. Dedi, tərpənmə, dur durduğun yerdə. Daha qorxudan tərpənmədim. Dedim onsuzda adım vayqanlıdır, bir şey-zad olar, yıxarlar mənim üstümə. Atalar nahaqdan deməyib, ağlına gələn, başına gələr. Bir az getmişdik ki, qız qışqırdı. Mən özümü saxlaya bilməyib aralanmaq istədim, tutdular.
-Əgər sizin əliniz kaşeloka dəyməyibsə, niyə aralanırdınız?
-Yoldaş rəis, əlim dəysə, yəqin ki, kaşelokun üstündə izi qalar.
-Əlbəttə. Biz indi sizin hər üçünüzün əl izlərini götürəcəyik.
-Yoldaş rəis, mən dedim axı, adım vayqanlıdır. Əvvəllər də məhkumluğum olub. Özünüz yaxşı bilirsiniz, bir oğurluq-zad olanda kimin üstünə atırlar? Aydın məsələdir ki, əvvəllər məhkum olanın. Ancaq, yoldaş rəis, başımla cavabdehəm, burda mənlik bir iş yoxdur. Hələ pasport da almamışam. Əhvə düşüb azadlığa buraxılmağım barədə kalondan arayışım var.
-Yaxşı, hələlik sən də dəhlizdə gözlə. İndi barmaq izlərinizi götürərlər. Mən bir analiz aparım, deyəcəyəm.
O, çıxandan sonra mayor Rəsulov telefonla saxlanılanların əl izlərinin götürülməsi barədə tapşırıq verib üzünü Tacəddinə tutdu.
-Sən doğrudanmı görmədin, bunlardan hansı oğurladı kaşeloku?
-Rəis, mən ancaq səs-küy düşəndən sonra müşahidə etməyə başladım.
-Deyirsən oxuyub polis olmağa hazırlaşırsan?
-Bəli!
-Onda de görüm, bunlardan hansı kaşeloku oğurlamış olar?
-Məncə uzundraz.
-İzah elə görüm.
-Birincisi, o, içəriyə keçəndə hamıdan çox canfəşanlıq göstərməyə çalışdı. Bu da onu göstərir ki, birinci əməli deyil, öyrəncəlidir. İkincisi, tankovoyda qulluq etdiyini yalan dedi. Tankovoya boyu uzun olanları götürmürlər. Bunun isə boyu çox uzundur. Üçüncüsü də ortaya mətləbə dəxli olmayan söhbətlər salmağa çalışdı ki, bununla da sizin diqqətinizi yayındırmaq istədi.
-Sən bunları harada öyrənmisən?
-Mən zabit oğluyam. Atam tank qoşunlarında komandir olub. O, hərdən araşdırmaları barədə mənə söhbətlər edib. Oxuyub polis müstəntiqi olmağa, cinayətkarlarla mübarizə aparmağa həvəs məndə onun söhbətlərini dinlədikdən sonra yaranıb. – deyə Tacəddin səmimiyyətlə cavab verdi.
-Əhsən! İndi neyləyək. Deyək, qandalı gətirsinlərmi?
-Mənim fərziyyəmlə?
-Bəli, sənin fərziyyənlə. Bir də ki, fərziyyə niyə, ən tutarlı arqumentlərlə Elə mən də onu müəyyənləşdirmişdim. Səndən çox yaxşı polis müstəntiqi olacaq.