“Dəniz… Dəniz… Həsrətim dəniz…”
Dəniz həmişə xəyallarımın hədəf nöqtəsi olub. Gecələr yuxularımda çağlayıb, gündüzlər xəyallarımda dolanıb. Məni hər an çəkib özünə – əlçatmaz arzu kimi. Günlərlə səhrada susuz qalan bir yolçunun bulağa can atdığı bir hərisliklə can atmışam dənizə tərəf. Sükut dolu dəqiqələrdə qulaqlarımda dənizin şırıltısı səslənib. Gözlərimin dənizi görmək həvəsilə saçdığı qığılcımları söndürmək üçün ağ kağızlar üzərində dalğalı cızma-qaralar çəkmişəm – dənizdir deyə. Sevdiyindən ayrılmaq məcburiyyətində qalan bir adamın son dəfə ona baxdığı bir həsrətlə baxmışam dənizə tərəf…
Daha nə gizlədim, dənizə dəlicəsinə vurulmuşam. Dənizin hər bir anını sevirəm. Yox… sadəcə sevirəm demək az olar. Ölürəm dənizdən ötrü – özü də dəli bir dənizdən ötrü…
Dənizin hər səhər günəşin şəfəqləri altında həzin-həzin dalğalanması xəyallarımı əsir edir, axşamlar soyuq küləklərin təsiri ilə ləpədöyəni döyəcləməsi düşüncələrimi dolaşdırır, dənizdə qorxunc fırtınaların qopması, vahiməli uğultuların göyləri titrətməsi, dalğaların çılğınlıqla özünü qayalara çırpması isə… eh, bax elə bayaqdan bunu demək istəyirəm. Ölürəm belə bir dənizdən ötrü. Elə beləcə dəli bir dənizdən ötrü…
Doymuram dənizdən! Nə olursa olsun, yenə də doymuram! Sevirəm dənizi – ən azı illər boyu içimdə yaşatdığım ümidlərim qədər, ən azı kiçik bir körpənin məsum gülüşü qədər, ən azı ilk sevginin təmizliyi, saflığı qədər sevirəm dənizi..!
Dənizə tərəf əsən küləklərə qarışıb, sığal çəkirəm dənizə – xəyallarımda. Ya da topa- topa buludlarla yarışıb gözlərimin həsrətini tökürəm dənizə – yağış yerinə. Gecələr düşünürəm ki, dəniz uyuyur qollarımda. Söykəyirəm üzümü dənizin qırçın – qırçın tellərinə…
Hər səhər gözləyirəm… Gözləmək nədir..? Səsləyirəm günəşi – doğsun dənizin üstə. Nur içində ləpələnsin dəniz. Coşub-daşıb, qayalardan aşıb, sahilə səpələnsin dəniz. Sevinci özünün olsun.., barı dərdi qəlbimə ələnsin.
Xəyalımda sıxıram bağrıma, dənizə aparan yolları… Gözlərimdə dənizin intizarı, qəlbimdə dənizin dərdi, ruhumda dənizlə dolu diləklər – nəğmə deyir dalğaların hər birinə. Dənizin üstündə uçan mələklər öpsünlər dənizi mənim yerimə!