.....

.....

Daşdələn – Eluca Atalı

Daşdələn – Eluca Atalı

Daşdələn

Daşda iz salmaq üçün ustanın ona vurduğu çəkicin ağır zərbəsindən qoca qulaqlarına dolmuş danqıltını beynindən çıxara bilmirdi. Bir də bıçağın daş üzərində iz salmasından ötrü göstərdiyi inad gözlərindən asılıb qalmışdı. Bəzən bıçaq ustanın əlindən qaçıb daş üzərində lazımsız cız salırdı, elə o andaca usta bıçağı əvvəlki yerinə qaytarır, daşa həkk etmək istədiyi naxışı dərinləşdirmək üçün onu əlində daha möhkəm sıxıb urəli-geri aparırdı. Təsadüfi və nazık cızıqları barmaqlarının ucu ilə sığallayıb hamarlaşdırmaqla daşı öncəki vəziyyətinə gətirirdi.

Daş yonanın emalatxanasından evin yolunu tutub gələn qoca nə düşündüsə, gözlənilmədən yolun ortasında durdu. “Gedim-getməyim” – qeyri-müəyyən hal onu irəli addımlamağa imkan vermirdi. Cilovunu azca boşaltmağı yetərdi ki, dilbazı onu öz evinə aparaydı. Atın başını Murğuz dağına sarı çəkdi, “gedim-getməyim” tərəddüdündə müəyyənliyi tapmışdı: gedəcəkdi! Amma evinə yox, meşənin dərinliyinə. Gəncliyindən bəri dəfələrlə ziyarət etdiyi bir qaya parçasını yoxlamaq birbən-birə beynini necə sarmışdısa, bu gün onu görməsəydi, rahatlıq tapmayacaqdı.

Lap erkən gəncliyindən, o Murğuz dağlarındakı Şirnak, Gəlinuçan, Kalafa meşələrində meşəbəyilik edirdi. “Oradakı bütün ağacları tanıyıram” deyəcək qədər meşənin bütün ağaclarına bələd idi, əlbəttə, maralı-cüyürü ilə birgə. Yazda höhrələnən fidan ağacların boyunu oxşaya-oxşaya ucalmasına sevindiyi kimi, bəzən də parazit düşüb çürümüş ağaclar ürəyini göynətmiş, bəzən də küləyə doy gələ bilməyən ağacların böyrü üstə yıxılmasını taleyin acı oyunu hesab etməyi ağacın yanında əyləşib ona uzun-uzadı söyləməklə anladacağına inanmışdı. Gerçəkdən də ona elə gəlirdi, təbiət onu duyur.

Bir gün axşam üstü meşədən evə dönərkən qəribə taqqıltı eşitdi. “Ağacdələn!” – deyib quşun dimdiyinin möhkəmliyini çəkicin taxtaya pərçimləmək inadında olduğu mixla onu müqayisə etdi. Atını mahmızlayıb bir qədər irəli sürdükdən sonra “Hoşşş” edib 

onu saxladı. “Bu qədər möhkəm dimdik? Görünür çox nadir bir tipdir bu balaca.” Hoşşş, deyib atın böyürlərini yüngülcə tpiklədi. “Qoy işində olsun”, – quşu çaldığı nağara ilə birgə meşənin öhdəsinə buraxdı. Səmaya başını qaldırıb: “Bir az tələs, quşcığaz, havada yağış ətri var”.

Gecə qaranlığına düşməmək üçün özü də atını yeyin sürməyə başladı, çünki yağışdan öncə sıxılan havada bürkü yaranırdı, səmada isə ağ-mavi buludlar qaçırdı. Əslində, onların ardınca gələn qara buludlar bir ucdan göy üzünü aldıqca ağ-mavi buludların qaçmaqdan savayı əlacları qalmırdı. Yüyrək irəliləməyən buludları qaralar qol-qıçları ilə altlarına alıb yox edirdilər. Həmişə olduğu kimi, indi də havadakı sıxlıqdan meşəbəyinin nəfəsi tıncıxdı və o üzdən atın sürətini artırmağı mahir nağaraçının ritminə qulaq asmaqdan üstün tutdu.

Səhəri gün yenə meşədəki işini bitirib evinə dönəndə meşənin dərinliyindən gələn taqqıltı səsini onun qulağı çaldı. “İnadkar quş, ağacın axırına çıxmasa, dincəlməyəcək.” Yoluna davam etdi, başqa nə edə bilərdi. Qaş qaralanda meşədə qurda-quşa yem olmamaq üçün bütün meşəbəyilər kimi meşədən uzaqlaşardı.

O biri gün yenə həmin zaman – qürub çağında, meşədən əl-ayaq çəkiləndə səs qulaqlarında əks-səda verdi. Quşa heyrətini heç vəchlə gizlədə bilmirdi, dünən evə döndükdə arvadına da quşdakı inadkarlıqdan bəhs etmişdi. “Görünür, hər növ heyvanların içində də ardıcıl eyni hədəfə vuranlar tapılır”. Səsə bir xeyli qulaq verdi. “Qələbə ardıcıllıq və yorulmazlıq tələb edir”. Bunu da fikrindən keçirməyə onu sövq edən quşun nəfəs almadan ağacı döyəcləməsi idi. “Bu quş qoca bir palıd ağacının kökünü qazısaydı, çoxdan aşırardı, nəinki ağacın gövdəsini oymaq üçün bu qədər zaman sərf edir.” Gülümsəyib, başını yellədi. “Təbiət balaca bir vücuda iki əks halı yerləşdirib. Həm xeyirxahlıq, həm də ziyankarlıq. Ağac həkimi!”

O, ağacdələni çox zaman öz adı ilə çağırmazdı, sadəcə, ağac həkimi və bəzən də çox irəli gedib onu bütün meşənin həkimi hesab edirdi. Parazit düşmüş ağaca təsəlli vermək üçün bir gün meşə həkiminin onu mütləq tapacağına ağacı əmin edirdi. “Bir tərəfdən ağacları qurd-quşdan təmizləyir, bir də gördün sağlam bir ağacda dərin yuva qurur.” Bir qədər də addımlayıb taq-tuqdan yaxa qurtara bilməyəndə: “Səni yamanlayım, yoxsa öyüm, bilmirəm. Öz kefinin ağasısan, a alabəzək”, – quşun qarasınca sual etdi.

Bir dəfə yaz aylarında meşədə gəzərkən qulağına qəribə civilti səsi dəydi, bala quş fəryad edirdi. Səsinə səs verən olmadığından anlamaq olur ki, yalnızdır, düşdüyü çətinlikdən necə çıxacağını bilmir. Nə qədər etsə də, meşəbəyi yetişməmiş quş səsinin hansı quş balasına aid olduğunu ayırd edə bilmədi. Səsə doğru irəllilədi. Sarıdimdik bir quşcuğaz yerdə çapalayır, torpaq və keçən payızdan qalmış, quruyub ovulmuş yarpaqlar arasında çırpınır. Təqribən on metr hündürlükdə bir ana quş dövrə vurub təlaş keçirirdi. Meşəbəyi bala quşu əlinə götürdü, üst tükləri çıxmadığından yetkin quşlar kimi lazımı rəngini almamışdı. Qanadlarında isə uçuşunu nizamlayacaq pərlər bapbalaca idi, qanadın ucundakı şax lələksə balaca və yumuşaq olduğundan quşcığaz ayaq üstə durub müvazinatını saxlaya bilmirdi, nəinki uçmağı bacara.

O, bala quşu yerdən qaldırmaqla ana quşun təlaşını azca da olsa azaltmamışdı, ana quş onun başı üzərində şaqulu istiqamətdə durub qanad çırpırdı. “Bilirəm, istəyin nədir, a alabəzək” meşəbəyi onu sakitləşdirmək üçün başını yuxarı tutub quşla danışığa girdi. Ana quş yalnız qısa-qısa səslər çıxarırdı, lakin həmişə olduğu kimi, bu dəfə öz məğrur səsinə meşəbəyinin qulaqlarını qonaq etmirdi. O, atı yaxına çəkib quşun ovduğu yuvanın yerləşdiyi ağaca onun cilovunu bağlayıb, bala quşu bir əlində tutub atın belinə çıxdı. Quş olan qolunu yuvaya uzatdı, lakin qolu yuvaya yetmədi. Nə illah etdisə, xeyirhaqlığını başa vura bilmədi.

Yerə enəndə öhdəsindən gələ bilmədiyi əməl üçün ana quşdan üzr istəyib quşu xurcuna qoyub asta addımlarla yuvadan uzaqlaşanda ana quş onu bir xeyli müşayiət etdi. Lakin yuvada civildəşən balalar ana quşa izin vermədilər, sona qədər meşəbəyini izləsin.

Bala quşu nə az, nə çox meşəbəyi bir ay evində qonaq etdi, ta ki onun şax lələyi bərkiyib quş uçmaq vərdişini qazandı. Elə həmin andaca o quşu çiyninə qoyub meşəyə üz tutdu. Quş bəzən havaya qalxıb pərvəzlanır, bəzən də çox irəli uçub təkrar onu dardan qurtarmış adamın yanına qayıdırdı. Bu minvalla oynaya-oynaya meşəbəyinin yanıyca onu müşayiət etdi. Yorulanda ağaca yox, gah onun çiyninə, gah da başına qonub cikkildəyir, arada da anadangəlmə vərdişindən ötürülmüş adətindən əl çəkməyib meşəbəyinin başına möhkəm dimdiyindən bir neçəsini ilişdirirdi. O dostuna acıqlanmırdı, sadəcə, gözlərini yumub zərbənin ağrısına dözürdü, bir atanın övlad nazına səbir etdiyi kimi.

Onun doğma evinin harada olduğunu meşə bəyi unutmamışdı, səmtini, istiqamətini bilirdi, ağacı isə hökmən tapacaqdı. Çünki quşla oradan ayrıldığı həmin gün xurcununda saxladığı kömürlə (Xəstə ağacları kəsmək lazım gəldikdə əvvəlcədən həmin ağaca kömürlə nişan qoyduğundan xurcununda daim bir tikə kömür gəzdirərdi) nişan vurmuşdu. Yuva yerində idi,

amma bomboş qalmışdı. Məlum idi, balalar oranı tərk etmişdilər. Quşun yadadşı qayıtmışdı, o yuvanı tanıdı. Meşəbəyi onu başından götürüb əlləri arasına aldı, quşun dimdiyindən öpüb onu havaya buraxdı. Quş onun başı üzərində durmadan dövrə vurdu, bəlkə də, bu, ağacdələnlər aləmində təşəkkür hesab olunur, təəssüf, insan övladı onun dilini mükəmməl öyrənməyib ki, hərəkətlərini yoza bilsin. Quşun avazla çıxartdığı səsə qarşılıq verildi. Uzaqdan-uzağa bir neçə quş eyni anda səsləndilər və sonda yuva ətrafına ağacdələnlər yol alıb gəldilər.

O, meşədən uzaqlaşmağına baxmayaraq, yerində durub arxaya çevrildi. “Bu hansı ağacdır belə öhdəsindən zor gəlir?” Yoluna davam etdi, lakin qulaqlarına dəyən səs onun içindən yeni sual doğurdu: “Qaş qaralanda ağacı oyan quş… Yox, ola bilməz, quş bu zaman yuvaya girib mürgü vurmalıydı.” Axşam düşəndə meşəyə girmək kimi şakəri olmayan meşəbəyini maraq içdən didsə də, öz evinə getməyi üstün tutdu, nəinki geri dönmək.

Bir neçə gündür, aramsız eşitdiyi taqqıltı səsi kəsmək bilmirdi. Maraqlısı isə eyniliklər idi. Eyni səsin eyni ahənglə eyni yerdən gəlməsi meşə bilicisinə rahatlıq vermirdi. “Bu quş özünü o ağaca qırlayıbmı?” İçinə qəribə bir şübhə toxumu düşdü və sakit bir nöqtədə durub səsi dinlədikcə içindəki toxum göyərib baş qaldırırdı. Artıq dözümü tükəndi, atdan enib onu meşə kənarındakı bir ağaca bağladı. Şinkar meşəsinin içinə girəndə havada işıq azalırdı, gecə qara çuxasını meşənin üzərinə sərməkdə israrlı idi. Hər şeyə qadir insan, təbiəti ram etməkdə acizliyini etiraf etməlidir. Əgər Molla Nəbinin əlində ixtiyar olsaydı, gecəni ləngidərdi, ta ki inadkar bildiyi ağacdələni tapana qədər. O irəlliləyirdi, bir az da yeyin addımlarla Şinkarın içinə yürüyürdü. Onun indiki inadkar addımı gecənin məğlub etməyə çalışdığı gündüzdən bir qədər oğurlamaqdan çox, gündüzdən qalma son işartılarda alabəzək quşu görmək idi.

O bilirdi ki, ağacdələn ağacı oyduqda bir kilometr uzaqdan səsi eşidilir, bu hesabla təqribən iki min addımdan sonra onun məkanına yetməli idi. Amma o lazım olan yerə hələ də çatmamışdı, amma getdikcə səs daha aydın eşidilirdi və bu hesabla az qalmışdı, lap az…

O, qəfildən addımını yavaşıtdı, budur artıq bir nöqtədə durub. Bəlkə, quşu hürkütmək istəmirdi? Üzündə yaranan təəccübü görməklə onun müşkül qarşısında qaldığını anlamaq zor deyildi. Durdu, dinşədi və çiynindəki təkatılanı aşağı endirdi. Amandır, quşamı qıyacaqdı? Xeyirxahlıq və ziyanxahlığı bir vücudda birləşdirməyi ona təbiət bəxş etməyibmi? O da belə yaranıb, insan deyil ki, öz yaranışında dəyişiklik edə, öz-özünün bənnası ola? Sırınmasının yan cibindən bir giliz götürüb tüfəngin patron yerinə yerləşdirdi və onu qapayanda şaqqıltısı eşidilməsin deyə, sırınmasının yaxasını açıb silahı qarnına dayayıb onu ehmalca bağladı. “Hazırdır,.. Əlimdən qaça bilməyəcəksən”. “Yox, bu səs, o səs deyil. Bu ağaca dəyən dimdik deyil”.

Şübhə içini gəmirməyə başlamışdı, ağacdələnin açdığı oyuq qədər içini şübhə dəlib yemişdi. İndi onu durdurmaq zor idi. Barmağının ucunda astaca və ustacasına irəliləyirdi. Səs kəsiləndə özünü gövdəsinin çox yoğun qovağın dalına verib orada daldalandı. Kiminsə gəldiyinə duyuq düşmüşdümü həssas quş, yoxsa, əks halda, nədən səs kəsilməliydi. Gözlədi, taqqıltı yenidən başlayanda o da addımlamağa davam etdi.

– Dur! – Gözlənilmədən əlindəki təklüllənin çaxmağına barmağını ilişdirdi. – Əlini tərpətsən, beynini tökərəm! – Təhdid və hədə eyni anda ağzından çıxdı.

Qaya parçasına söykənmiş oğlanın əlindən bıçaq şappıltı ilə yerə düşüb tiyəsi torpağa batdı. O əlini aşağı əyib aləti yerdən qapmaq istərkən:

– Tərpənmə! Dur, dedim sənə! – Meşəbəyi səlahiyyətini aşmadan əmrlər verdi. Ona meşənin ağaclarını qorumağı həvalə etmişdilər, o isə meşənin ruhu hesab etdiyi dilsiz daşları belə qorumağı vicdan əməli hesab edirdi. Bir addım da atıb tüfəngi onun yaxınına gətirdi. – Kimsən?

– Gveorg! – Adam burnunun ucunda mızıldandı.

– Hansı Gveorg?

– Ara, adam, sən neçə Gveorg tanıyırsan?

– Hələki birini – daşdələn Gveorgu! – Adam kimliyi haqda şərh verməyə tələsməyəndə, meşəbəyi özü izahat verdi, – Səni buralarda birinci dəfədir görürəm.

– Mən gəldim…

– Hə, haradan?

– Gəldim, qonşu kənddənəm… Çarxaçlıdan.

– Yalan danışırsan…

– Ara, yalan niyə olur?

– Mən çarxaçlıları azdan-çoxdan tanıyıram, amma sənin sifətin mənə tanış gəlmir.

– Ara, mən gəldim, – Gveorg bir əlini qaldırıb uzaq bir məsafəyə işarə etdi. – Gəldim mən…

– Haradan gəldin? Göydənmi düşdün? – Meşəbəyi tüfəngini səmaya tuşladı.

– Ara, mən gəldim Libanon…

– Dur bir görüm! Sən nalbənd Levongildənsən?

– Ay Astvaf, Levon nə? Mən nə?

– Allah, Allah, bu haradan gəldi bura?

– Cavit dənəm, mən Livandan gəldim… – İki əlinin şəhadət barmaqlarını yaxınlaşdırıb, – Suriyanın yanından gəldim.

– Nədi, a gəda, bu dağlar arıq eşşəyin yaylağıdırmı, qaçıb gəlmisən bura?

– Ha, ha… – Hiss olunurdu ki, meşəbəyinin nə dediyini anlamır, sadəcə, əsir düşdüyü adamın sualını cavabsız qoymaq istəmir.

– Kimləsən burada?

– Ara, mənimi sorursan?

Meşə bəyi cəld ətrafa göz atdı, təbii ki, tüfəngini daşdələndən uzaq tutmamaq şərti ilə.

– Burada kim var səndən başqa?

– Mən bir dənəyəm. – Barmağını havaya qaldırıb dillə dediyini işarə ilə də nümayiş etdirdi.

– Aha… Burada nə edirsən?

– Daş yonuram.

– Daş yonur… Bir daşyonan Səlimimiz var, artığına ehtiyac yoxdur. Nədir yonduğun?

Gveorg mızıldandı, yonduğunun nədənliyini söyləməyə çaba etmirdi.

– O yana dur, görüm! – Əlindəki tüfənglə onun yana çəkilməsinə yer göstərdi. – Baxım, görüm, dəldiyin nədir? – Gveorg çəkilib sakit durdu, əlləri boynunun arxasında bənd olmuşdu. – Xaç? – Gveorg başı ilə təsdiqlədi.

– Hər gün o boyda yolu qət edirsən, burada daş yonasan?

– Yox, ara.

– Bəs, harada qalırsan?

Gveorg başı ilə beş-on addım kənardakı qollu-budaqlı çinarı göstərdi. Ağacın yerdən dörd-beş metr hündürlüyündəki haçasında balaca daxma qurmuşdu.

– Hı… Göydə kənd salmısan. – Daxmaya baxa-baxa gözlərini qıydı, başını döndərib yenidən daşa baxanda beyninə iynə batmış kimi dik atıldı.

– Al, o bıçağını! – Əmr etdiyi an Gveorg yerə əyilib bıçağı qapdı. Ətrafa göz gəzdirdi, hiss olunurdu nə isə axtarır. Arxaya iki addım atıb yaxınlığındakı qovaq ağacının kötüyünə bıçağı

vuranda meşə bəyi dilləndi:

– Nə etdiyindi?

– Ara, bunun palçığını silirəm.

– Ağacı korlama! Canlıdır…

O, bir-iki addım da atıb balaca su tuluğunun yanındakı dəri bıçaq qabını götürdü. Bıçağın toz-torpağa bulaşmış tiyəsini üstünə sürtüb astaca qabına saldı.

– Hımmm… Zənn edirsən, işin bitdi? – Gveorg ona başı ilə cavab verdi. Təbii ki, cavabı ”hə” idi, – Al, o alətini… Poz onları!

– Elə indi?

– Bu işin sabahı yoxdur, bu dəqiqə pozacaqsan. Mən də… – yerə çömbəlib qayanın üzərində oturdu, təbii ki, tüfəngini əlindən buraxmadan, onu dizləri arasına almışdı, – burada oturacam. Ta o vaxta qədər ki, orada heç bir iz qalmayacaq.

Sırınmasının yan cibindən tütün qəlyanını çıxarıb içində qalmış xırda-para yanıq tütün qırıntılarını üfləyib-küləkləyib havaya uçurtdu. Yenidən əlini cibinə salıb tütün kisəsini çıxartdı. Gveorg bir dəfə meşəbəyinə ani nəzər salmaqla onun “poz” deməsində nə qədər israrlı olduğunu anladı. Əgər qəlyanını tam doldurub alışdırıbsa, bu o mənadadır ki, meşəbəyi bu tezliklə onu rahat buraxan deyildi. Qənaətində haqlı idi, patron anbarı dolu tüfəngini qucağında möhkəm saxlayıb ona havayı oksigen verən meşəyə insafsızcasına onu karbon qazına qonaq edirdi. Xaç yonmaq günlərini alan Gveorgun, onu pozması sadəcə saatlarını oğurladı. İnsafən, asta çalışmırdı, amma ritmik taqqıltı meşədən çəkilmişdi, indi bıçağın daş üzərindəki nizamsız hərəkətləri bəzən də ət ürpədirdi. Meşəbəyi qulağına xoş olmayan səsə dözməli idi. Dözməyə məhkum idi, yurdun ləyaqətini qorumaqdan ötrü. O hətta düşündü ki, gecəni burada da qala bilər. Gəlmənin daşa vurduğu öz nişanını pozması yaxın zamanda bitənə oxşamırdı, çünki o, “böyük əsər” yaratmışdı.

Gveorgu atın döşünə salıb meşədən çıxaranda qurd quşdan seçilmirdi. Gveorg isə sahibliyini millətinə tapşırmaq istədyi Şirnak meşəsindən biryolluq izini silə-silə öz evinə doğru addımlayırdı. Bir də bu gecə o yalnız daş üzərindəki izini yox, həm də qovağın budaqlarına ağırlığını salmış evciyəzini sökməli olmuşdu.

Molla Nəbi kəhəri bu dəfə meşənin qırağında bağlamadı, meşənin dərinliyinə köhnə dostu ilə birgə getdi. Oyulmuş daşa çatanda ayaq saxladı, daşın ortasındakı dəlikdə yağışın mərhəmətindən balaca su nohru yaranmışdı. Onun kənarına yığılmış boz sərçələr özlərini suya salıb çırpınır, vücudlarına dəyən sərinlikdən həzz alırdılar. Sərçə qanadından ətrafa səpilən su daş suyu canına çəkmədiyindən anındaca quruyurdu. Oyuq isə əbədi yara idi daşın ürəyində.