QIŞ NAĞILI (1)
Maşın sürməyi heç sevmirəm. Ancaq məcburam. İndiki həyatda maşınsız çətindir. Anamla yaşayıram. Qocalıb yaman. Hər gün mənə deyir ki, ölüb gedəcəm, ancaq səndən nigaran qalacam.
Bəlkə də haqlıdır. Ailə qurmadım, anamı nənə edə bilmədim. Mən də belə yaşadım öz həyatımı.
Tələbəlikdə müəllimimə vurulmuşdum. Ondan başqa gözüm heç kimi görmürdü. Onun da məndən xoşu gəlirdi deyəsən, ancaq elə də ürəyini açmadı mənə. Sonralar onun haqqında heç bir şey eşitmədim… Amma onu hələ də sevirəm. İllər ötsə də.
Qadın qəribə məxluqdur. Özüm də qadın olduğumdan deyirəm bunu. Heç vaxt nə istədiyini bilmək olmur.
Bax, maşın sürməyi sevmirəm dedim, amma bu qarlı qış günündə rayona gedirəm.
Soruşun niyə?
Niyəsini desəm güləcəksiniz.
Məsələ burasındadır ki,hələ tələbəlikdən bölgələrdən birində kiçik, birmərtəbəli ev almaq arzusundaydım. Hədənsə həmişə o evi qış mənzərəsində təsəvvür edirdim.Hər yerdə o evin şəklini çəkirdim.Dəftərlərim, kitablarım hamısı o arzu etdiyim evin şəkilləriylə bəzənirdi.Hətta bir gün həmin vurulduğum müəllim dəftərimi əlimdən alıb onun son cümləsini təkrar etməyimi xahiş etdi. Təbii ki, təkrar edə bilmədim. O, dəftərimi götütüb bir daha qaytarmadı. Onda tələbə yoldaşlarım ona mənim ev arzumu dedilər. O qədər güldük ki, o gün. Ehhh… yenə qayıtdım keçmişə…
Hə..indi bölgələrdən birində ev satırlar.Mən axı bütün günü internetdə elanlara baxıram. Orda gördüm o evi. Əvvəl gözlərimə inanmadım. Bilirsiz niyə?
Çünki bu ev mənim həmişə təsəvvür etdiyim evə çox oxşayırdı. Əsl mən istədiyim ev! Hətta rənglər də mənim həmişə çəkdiyim rəsmlərdəki rənglər idi!
Bölgələrimizin qışının bu qədər gözəl olduğunu bilmirdim. Mən bəyaz qış mənzərəsini çox sevirəm. Sanki təbiət özü öz çirkinliyinin üstünü bəyaz qarla örtür ki, sonra həmin qarın altından tər bahar çiçəkləri çıxa bilsin. Ətraf ağappaq qardır.
Düzdür maşınla getmək bir qədər təhlükəlidir, amma çox gözəl mənzərədir.
Budur, mən artıq elanda yazılan ünvana yaxınlaşıram.
İlahi! Bu ev nə gözəldir!?
Qapını bir kişi açır:
– Buyurun, xanım.
– Mən elanla gəldim. Satılan ev budur?
– Bəli.
– Evin sahibi sizsiniz?
– Xeyir. O, axşam gələcək. Siz içəri buyurun. Gəlin otaqlara baxın. Evlə bir tanış olun. Ev sahıbı də gələr.
Mən evin qapısından içəri girdim.
Sanki xarıci filmlərdə göstərilən mənzərəni gördüm.
Otaq son dəblə təmir olunub, rənglər bir- birini çox gözəl tamamlayırdı. Bir küncdə yanan sobanın alovunun rəngi isə tam qəhvəyi rəglə bəzənmiş otağa alov rəngini qatırdı. Çox gözəl idi!
Təbii ki, bəyəndim. Sonra o birisi otaqlara keçmək istədim. Lakin məni qarşılayan adam otağın birini mənə göstərmədi. Dedi ki, o otağı ev sahıbi gələndə özü açacaq.
Ev məni valeh etdi. Ancaq mən heç Bakıdakı evimi və bağımı satsaydım da bu evi ala bilməzdim yəqin ki. Ona görə evin qiymətiylə maraqlandım. Adam dedi ki, ev sahıbi özü danışacaq bu haqda. Elanda da belə yazılmışdı.
Otaqları mənə göstərən adam çox mədəni surətdə mənə çay təklif etdi. Bu soyuq havada və bu gözəl sobanın qarşısında çay içmək lap yerinə düşdü deyə, razılaşdım.
Qarşı divardakı rəfdə səliqəylə düzülmüş kitablardan birini götürüb sobanın yanındaki kresloya oturdum. Çayımı içib ev sahibinin nə vaxt gələcəyini soruşmaq istəyirdim ki, qapını kimsə astaca açdı.
Hündür, gözəl geyimli bir şəxs içəri daxil oldu.
– Xoş gəlmisiniz,xanım.
– Sağ olun. Mən elanla gəldim.
– Bəli, buyurun.
– Çox xoşum gəldi evdən və qiymətini bilmək istərdim. Bu mənim çoxdanki arzumdur. Və…
– Bilirəm. Tələbəlikdən.
– Hə, elədir…
Bir qədər duruxdum. Axı, o bunu hardan bilir? Mən bu adamı tanımıram ki? Yox, dəqiq tanımıram.
– Məni qiymət maraqlandırır,- deyə mən təkrar etdim.
– Anladım. Ancaq siz otağın birini hələ görməmisiniz
– Hə. Dedilər ki, açar sizdədir.
– Bəli, buyurun.
Biz otağın bağlı qapısının qarşısında dayandıq.
Birdən, ev sahibi əllərimdən yapışdı. Diksindim.
– Xanım! İllərdir bu evi qardaşım sizin üçün tikdirir. Hətta illər öncə dərsdə sizin əlinizdən aldığı dəftəri də saxlayıb. O sizi dəlicəsinə sevib və indi də sevir. Lakin heç vaxt sizə ürəyini aça bilməyib . Çünki …
– Çünki nə?
– Çünki, siz hələ tələbə olarkən, o qəzada ayaqlarını itirib.
– Yalan deyirsiniz! Bu ola bilməz! O məni sevmirdi. Heç vaxt da sevməyib.
Ev sahibi qapını açdı.
Bəli, bu o idi! Mənim ilk məhəbbətim! İndi burda mənə “Xoş gəldin!” deyən bu səsi mən yüz səsin içindən tanıyardım!
– Siz… Sən… Yoox! Necə ola bilər bu?- deyə mən özümü elə itirdim ki…
– Ev sənin çəkdiyin şəkildən heç nə ilə fərqlənmir. Həmin evdir.
Mən bunu sənə hədiyyə etməklə səni,ömrümdə ən çox sevdiyim qadını unutmadığımı bildirmək istədim. Bu ev sənindir. Bu məndən sənə hədiyyədir.
Mən asta addımlarla onun əlil kreslosuna yaxınlaşıb qarşısında diz çökdüm. Başımı onun dizlərinə qoyub hönkürdüm. O mənim saçlarımı siğallayır və ağlayırdı. Bütün baş verənlər sanki bir nağıl idi. Həqiqət, sevgi, sədaqət, ləyaqət dolu bir nağıl.
Bu gün isə bizim heç vaxt ayrılmadan birgə yaşayacağımız qış nağılının ilk günü idi…