DOLLARDƏYİŞƏN
Buludxan şəhərdən axşamüstü qayıtdı, çox dilxor idi. Demək olar ki, heç özündə deyildi, ovqatı yaman təlx olmuşdu. Qapının ağzında qarşılaşdığı arvadını da birtəhər salamladı, bəlkə heç salamlamadı da, eləcə dodağının altında nə isə mızıldanıb evə keçdi. Yasəmən xanım qəflətən qapını açmasaydı, qarşılaşmasaydılar, Buludxan da salamlaşmadan evə keçəcəkdi. Sonra da iş otağına girib öz işləri ilə məşğul olacaqdı. O vaxta qədər ki, ya ona çay gətirəcəkdilər, ya da yeməyə dəvət edəcəkdilər.
Yasəmən xanım ərinin xasiyyətinə yaxşı bələddi, elə ki, evə kefsiz gəldi, deməli, ya işdə qanqaraçılıq olub, ya da boş yerə olsa belə əsəbləşdiyindən mədəsinin ağrıları başlayıb. Gərəkdir ki, tez bir stəkan qaynanmış isti su içsin. O da olmasa, dərmanını atıb sakitləşsin. Yalnız ondan sonra süfrə başına keçib yemək yeyə bilərdi.
Elə ki, yeməyini yeyib tam rahatlaşdı, bundan sonra hal-əhval tutub söhbət etmək olardı. Amma Yasəmən xanım da arif qadındı. Ərini heç belə pəjmürdə görməmişdi, çox vaxt onun nədən dilxor olduğunu üzünə baxan kimi anlayırdı. Bu dəfə nə isə başqa cür idi ərinin vəziyyəti. Odur ki, ağzını doldurub nə isə soruşmaq istəsə də özünü saxladı. Səbrini basıb mətbəxə keçdi.
-Paltarını dəyiş, gəl. Çay istidir, yemək də hazırdır.
-Yemək yeməyəcəyəm.
-Nahar eləmisən?
-Yox, eləməmişəm, elətdiriblər. Elə nahar elətdiriblər ki, bir ay yeməsəm, bəsimdir.
-Yaxşı, onda keç otağa, paltarını dəyiş, çay gətirirəm.
Buludxan asta-asta əvvəlcə zal otağa, ordan da yataq otağına keçib paltarını dəyişdi. Zal otağa qayıdanda artıq Yasəmən xanım masaya pürrəngi çay qoymuşdu. Çay buğlana-buğlana Buludxanı gözləyirdi, görən kimi rəngi bir az açıldı. Onun zəif yerlərindən biri elə bu idi, onu da Yasəmən xanım evliliklərinin ilk günlərindən hiss etmişdi. Çay ki, soyuq, yaxud ilıq oldu, elə bil Buludxanın başına bir qazan qaynar su tökmüsən, gəmiləri dəryada qərq olub, atasını, anasını, yeddi dönənini qəbirdən çıxardıb lənətləyiblər. Amma çay ki, buğlana-buğlana üzünə güldü, nə cür fikirli, qəmgin olursa-olsun kefi azacıq da olsa yüksələcəkdi. Odur ki, bir buğlana-buğlana onu gözləyən pürrəngi çaya, bir də əlində pult televizorun kanallarını aşağı-yuxarı fırlayan arvadına baxıb dilləndi:
-Yasəmən, səndən çıxmayan iş, heç soruşmursan nə olub.
-Niyə soruşum ki? Birdən ikiyə mən səndən işlərin barədə nə isə soruşmuşam ki, indi də soruşam? Özün məsləhət bilsən, deyəcəksən. Məsləhət bilməsən də… yenə özün bilərsən. Mənə çox lazımdır, sənin iş yerində nə olub.
-Yox, Yasəmən, iş heç də sən fikirləşdiyin kimi deyil.
-Nədir, yenə nə olub?
-Biabır olduq, arvad. El içində, qohum-əqrəba, tanış-biliş yanında rüsvay olduq.
-A kişi, nə danışırsan? Bir söylə görüm, yenə nə zibil qaynatmısan?
-Sən səbrini bas, özündən çıxma. İndi danışaram. – Buludxan bunu deyib masaya yaxınlaşdı. Əyləşən kimi də stəkanı qaldırıb dodaqlarına yaxınlaşdırdı. Əvvəlcə çayın buxarı ilə nəfəs alıb istiliyini yoxladı. Sonra püfhapüflə bir-iki qurtum alıb stəkanı nəlbəkiyə qoydu.
…Buludxan işin sonunu gözləmədən şöbə müdirindən icazə alıb çıxmışdı. Havayı deyildi, neçə illərdir gözlədiyi ali mükafatı – prezident təqaüdünü, nəhayət ki, bu gün almışdı. Belə bir təmtərağı mütləq qeyd etmək lazımdı, özü də xüsusi olaraq. Tələsirdi, hara gedəcəyini, nə alacağını dəqiq müəyyənləşdirib bir qərara gəlməsə də tələsirdi.
Sevinə-sevinə kitabxana binasından aralanıb yolun əks tərəfindən başlayan parka çıxdı. Əlindəki kiçik çantasını yelləyə-yelləyə parkı keçdikdən sonra aşağı tərəfdəki küçəyə çatıb dayandı. Burada müxtəlif növ mağazalar sıra ilə düzülmüşdülər. Ən çox ərzaq mağazaları, şirniyyat dükanları, bir də ara-sıra valyuta dəyişmə məntəqələri adamın diqqətini cəlb edirdi. Buludxan istiqamətini müəyyənləşdirib səki ilə metroya tərəf irəlilədi. Mağazaların adlarına, şəffaf şüşə arxasından gəl-gəl deyən vitrinlərə baxa-baxa getdikcə ağlından cürbəcür fikirlər keçməyə başladı.
Əvvəlcə yaxşıca bazarlıq edib evə getmək qərarına gəldi. “Yasəmənlə beşdən-üçdən babat bir süfrə düzəldərik. Qonşulardan da bir-ikisini çağırıb oturarıq. Gör nə vaxtdır, bir yerə yığışıb başımızı açmırıq. Havayı deyil, düz otuz ildir, sənət cəbhəsində qələm çalıram. Axır ki, sorağım gedib lap yuxarılara da çatdı. Budur, məni ən ali mükafata – prezident təqaüdünə layiq gördülər. Bundan da böyük şad günüm olmayacaq ki? Düz bir il hər ay maaşımdan əlavə üç yüz manat pul alacağam. Bu mənim yaradıcılığıma verilən bəlkə də ən böyük qiymətdir. Qələmimin halalca qazancıdır. Onu mütləq qeyd etmək lazımdır!”
Bir az getmişdi ki, fikrini dəyişdi. “Yox e, haramıza yaraşır belə israfçılıq. Gör heç neçə ildir yeni ildə, bahar bayramında qonşular bir yerə yığışır? Özləri bir yana, heç uşaqlarına da ad günü keçirmirlər. Heç təzə paltar da almırlar. Elə neçə il əvvəl aldıqları paltarların içindədirlər. Yox, heç bir stol-zad açmağa, qonum-qonşu toplamağa ehtiyac yoxdur. Sadəcə bir yaxşı tort alaram. Uşaqlar, özümüz ağız şirinliyi ilə çayımızı içib xudmani qeyd edərik. Simvolik olsa da qeyd etmək lazımdır. Gərək qonum-qonşu, dost-tanışla yığışıb bir yerdə qeyd edək? Elə çay-tortla özümüzün qeyd etməyimiz məgər pisdir?”
Beləcə, ağlında olanları götür-qoy edə-edə “Mələk” şirniyyat dükanına daxil oldu, sex də dükanın içindəydi, arxa tərəfində yerləşirdi. Orda bişirib isti-isti vitrinə qoyurdular. İçəri keçən kimi birtəhər iy onu ovsunladı. Xəmir yeməklərdən ötrü sinov gedirdi. Pirojnı, tort ilə çay içməkdən ötrü lap uçunurdu. Diqqətlə vitrinlərə baxdı. Biri birindən gözəl, iri, bəzəkli tortlar adamın üzünə gülürdü. Baxdı, baxdı, amma bəyənə bilmədi. Tortların üzünə o qədər krem yaxmışdılar ki, əti çimçəşdi, az qaldı ödü ağzına gəlsin. İş yerindəki tez-tez qarşılaşdığı yekə, sallaqdodaq arvadlar gəlib durdu gözünün qabağında. Sulu, şələ dodaqları bir yana, yağlı pamadadan o qədər yaxırdılar ki, Buludxanın onlardan lap zəhləsi gedirdi. Başını qaldırıb şirniyyat satan qızlara baxdı. Yox, deyəsən burada başqa abı-havaydı. İş yerində gördüyü o yeyib-yatmaqdan motala dönmüş sallaq, yekədodaq arvadlardan burda yox idi. Bəlkə bu qızlar da onların yaşına çatanda xəmir yeməkdən onlar kimi olacaqlar? Bəlkə elə onlar da gənclikdə belə nərmənəzik incəbel olublar? Kim bilir..?
İndicə qızların ona diqqət yetirəcəklərindən, “dayıcan, bir şey al” deyərək qır-saqqız olub yaxasından yapışacaqlarından, bir bulku da olsa aldırmayınca əl çəkməyəcəklərindən ehtiyatlanıb tələsik dükanı tərk elədi. “Eh, neynirəm e tortu? Gərək elə tortla qeyd edək? Bir də ki uşaqların nəyinə lazımdır atalarının prezident təqaüdünü qeyd eləmək? İndi onlar da tay-tuşları kimi tamam başqa aləmdədirlər, əcaib-qəraib düşünürlər. Bəlkə, elə düz də edirlər. Mənəm də yapışmışam, yaradıcılıq belə oldu, prezident təqaüdü elə getdi, uğuru belə qazandım, mənə yuxarıdan belə qiymət verdilər. Kor tutduğunu buraxmayan kimi mən də yapışmışam köhnə fikirlərimdən, əl çəkmirəm zəhlətökən vərdişlərdən. Bir az başımı işlətsəm, mən də indiki zəmanə adamları kimi düşünə bilərəm. Aha, deyəsən, yaxşı bir ideya gəldi beynimə!”
Buludxan dükanların qabağı ilə irəliləyir, ancaq gözünü də vitrinlərdən çəkmirdi. İndi onu ən çox düşündürən valyuta dəyişmə məntəqələrinin önündən asılmış sarı elan lövhəcikləri idi. Həmin lövhəciklərdə dünyanın bərk gedən ölkələri pul vahidlərinin manata nisbətdə məzənnəsi qeyd olunmuşdu. Başda da Amerikanın dolları yazılmışdı. “Yaxşısı budur, pulu dollara dəyişim, qoyum dursun. Onsuzda yazağzı təzə kitabımı çapa verməliyəm, xeyli xərc lazım olacaq. Son vaxtlar da dəllallar dollarla yaman oynayırlar, Allah axırını xeyir eləsin. Elə günü-gündən ölkəni ajotaj götürür başına ki, bəs dollar bahalaşacaq. Qoy bahalaşsın!”
Beləliklə gəzə-gəzə gəlib çıxdı “Turan bank”ın valyuta dəyişmə məntəqəsinin qabağına. Burada asılmış lövhəcikdə dolların kursu nisbətən ucuz göstərilmişdi. Lövhəyə bir də diqqətlə baxdıqdan sonra:
-Hə, burada dəyişmək olar! – deyib içəri keçdi və dərhal dollar dəyişən oğlanı salamladı. – Allah bazar versin! Dollarınız varmı?
-Var. – Pəncərə-vitrinin arxasındakı oğlan Buludxanın salamını alıb gülümsündü. – Sizə nə qədər dollar lazımdır? Min, iki min, yoxsa daha çox?
-Üç yüz!
-Üç yüz min? – Valyuta dəyişən oğlanın bəbəkləri heyrətdən az qaldı hədəqəsindən çıxıb gözündəki eynəyin şüşələrini partlatsın. – Bura bank deyil, filialın məntəqəsidir. Bizdə o qədər pul olmaz. – Tez eynəyini çıxardıb bir anın içində tərləmiş şüşələrini silməyə başladı.
-Üç yüz dollar deyirəm. – Buludxan gülümsəyib fikrini konkretləşdirdi. – Özü də mümkünsə təzəsi olsun.
-Üç yüz dollar?! – Dollar dəyişən oğlan eynəyini gözünə taxdıqdan sonra rahat nəfəs alıb gülümsündü. – Belə deyin də. Mən də qorxdum ki, üç yüz min dollar istəyirsiniz. Bu qədər pulu heç rayon filialında saxlamırlar.
-Mən heç üç yüz min dollar dəyişən adama oxşayıram? – Buludxan kişi üç yüz dolların olduğunu eşitcək çox sevindi. Sevindi ki, bir neçə dəqiqədən sonra pullarını verib dollar alacaq, özü də təzələrini – yeni dövrüyyəyə buraxılmış Amerika pulunu. – “Birdən məni aldadar, saxta dollar verər?” – fikrindən keçdi.
-Niyə oxşamırsınız ki? Lap yaxşısından oxşayırsınız. – Valyuta dəyişən oğlan Buludxan kişini indi görürmüş kimi bir də təpədən dırnağadək süzdü. – Böyük məbləğdə pul dəyişənlər elə sizin kimi olur. Hətta bəziləri sizdən də nimdaş paltar geyib gəlirlər ki, heç kim onlardan şübhələnməsin.
-Buyur!
Buludxan kişi onun nə dediklərinə bir o qədər də məhəl qoymadan pulu vitrindən içəri uzatdı. Oğlan pulları götürüb yuxarı qaldırdı və işığa tutub bir-bir baxdı.
-Narahat olma, mühasibatlıqdan heç yarım saat olmaz almışam.
-Yoxlamaq və saymaq bizim vəzifə borcumuzdur, pulu alanda da, verəndə də.
Oğlan pulları aşağıdakı daxıla qoydu və oradan üç dənə yüzlük dollar çıxartdı. Kişinin gözünün qabağında işığa tutub yoxladı, saydı və sürməyə qoyub çölə itələdi. Buludxan şax yüzlükləri götürüb adəti üzrə sağ şalvar cibinə basmaq istədi, ancaq qatlamağa heyifi gəldi. Qoltuq cibinə qoymağa hazırlaşırdı ki, bu vaxt içəri daxil olan ucaboy bir qız onu fikrindən ayırdı. Cəld kənara çəkilib əlindəki balaca çantanın ağzını açdı və dollarları çantanın içərisinə itələdi.
Qız vitrin-pəncərəyə yaxınlaşıb yaxasındakı “Press” yazılmış lövhəciyi valyuta dəyişən oğlana göstərdi. Qızın arxasınca əlində fotoaparat olan bir oğlan qapıda göründü və onların şəkilini çəkdi.
-Deyirlər dollar bahalaşa bilər. Bu düzgündürmü? – Müxbir qız dərhal valyuta dəyişən oğlanı sorğu-suala tutmaq istədi.
-Gedin! Gedin! Xahiş edirəm, gedin! – Valyuta dəyişən oğlan cəld üzünü yana çevirib onlara əli ilə çıxmaq işarəsi verdi. – Bizim açıqlama verməyə ixtiyarımız yoxdur.
Qız bunu eşitcək Buludxana tərəf çevrildi.
-Siz dollar dəyişirdiniz? – Cavabını gözləmədən suallarını davam etdirdi. – Siz dollardəyişənsiniz? Nə vaxtdan bu peşə ilə məşğulsunuz? Bizim suallarımızı cavablandıra bilərsiniz? Nə məsələdir, deyirlər ki, süni şəkildə dolları bahalandırırlar. Bu nə məsələdir?
Qapıda duran fotoqraf indi də onların şəkilini çəkdi.
“Batdım! Bu yekədodaq qız hardan çıxdı? Mən onlardan qaçıram, onlar da harda olsam, nə iş görsəm, gəlib məni tapırlar. İndi kimi inandıra biləcəyəm ki, mən dollardəyişən deyiləm. Bura da başqa məqsəd üçün gəlmişdim, dollar dəyişdirmirdim. İndi gəl iş yoldaşlarına izahat ver. Qohum-əqrəba, dost-tanışın telefon zənglərini cavablandır. Bir qəsəbənin qəbiristanlıq sakinləri qədər tanış-bilişə izahat ver ki, Buludxan, sən dollar dəyişən deyilsən!”
-Bilirsiniz, xanım qız! – Buludxan baxdı ki, bu qızın alma kimi iri gözləri, yekə burnu, sallaq sulu dodaqları var. Sifəti də balaca deyildır, bir pəhləvanın şillə vurası qədər böyükdür, lap kərpic kimidir. Amma suyuşirin qızdır, inadkarlıq göstərməz, desəm başa düşər. – Mən dollar dəyişən deyiləm. Burda işləyən oğlan mənim qohumumdur, daha doğrusu, dostumun oğludur. Ona baş çəkməyə gəlmişdim. İstəyirsiniz, onun əvəzinə mən sizə açıqlama verim, bir ziyalı kimi…
-Nə deyirəm ki… – Müxbir qız razılaşdı. Onun çöhrəsinə ilıq bir təbəssüm qondu. – Buyurun!
-Onda çölə çıxaq.
Qapıya yaxın olduğundan birinci fotoqraf, onun arxasınca müxbir qız, sonda da Buludxan kişi valyuta dəyişmə məntəqəsindən çölə çıxdılar. Qızla Buludxan kişi səkinin ortasındakı ağacın böyründə üz-üzə dayandılar. Fotoqraf yaxınlaşıb onların dayanma bucaqlarını korrektə etdi ki, şəkilləri aydın düşsün, günəşin və kölgənin kəsişməsindən siluet kimi görünməsinlər.
-Belə dayanın ki, günəş sifətinizi tutmasın!
-Başlaya bilərikmi? – Müxbir qız fotoqrafdan soruşdu.
-Buyurun! – Hər ikisi, həm fotoqraf, həm də Buludxan kişi bir ağızdan cavab verdilər.
Qız soruşdu, Buludxan kişi geniş, əhatəli açıqlamalar verdi, bir xeyli söhbət apardılar. Sağollaşıb ayrılanda qız təşəkkürünü bildirdi.
-Sizi başqa suallarla da bağlı narahat edə bilərikmi?
-Əlbəttə, əlbəttə, nə vaxt istəsəniz, zəng vura bilərsiniz.
Buludxan telefon nömrəsini qıza bildirdikdən sonra sağollaşıb onlardan aralandı. Bir neçə addım atmışdı ki, dalağı sancdı, tez geriyə qanrılıb baxdı. Həmin qızla fotoqraf oğlan ondan bir xeyli aralanmışdılar. Indi də başqa valyuta dəyişmə məntəqəsinin qabağında kiminsə şəkilini çəkməyə, onu danışdırmağa hazırlaşırdılar.
“Bunlara etibar etmək olmaz! Bir də gördün dollardəyişən kimi efirə buraxdılar. Ondan sonra gəl, dart yaxanı cır ki, mən dollardəyişən deyiləm. Kimi inandıra bilərsən? Efir, internet sənin şəklinlə dolacaq. Hamı səni valyuta dəyişən məntəqənin qabağında görəndən sonra dollar dəyişdiyini zənn edəcək. Ondan sonra kimə sübut edə biləcəksən ki, dollar dəyişdirmirdin? Axı mənə deyən lazımdır. Birdən ikiyə pulunu dollara dəyişdirmisən? Cəhənnəm olsun kitab da, dollar da. Təmiz dilxor oldum e…” İti addımlarla geri qayıdıb onlara yaxınlaşdı.
-Gözəl xanım! – Buludxan sakitcə yekədodaq qızın qoluna toxundu.
-Hə, sizsiniz? – Qız ehmalca çevrilib ona baxdı və Buludxanı görcək dodağı qaçdı, gülümsündü. Sanki tanış bir adamla rastlaşmışdı.
-Hə, mənəm. – Buludxan da gülümsündü. – Siz Allah, birdən xatirinizdən çıxar, məni dollardəyişən kimi efirə verərsiniz.
-Siz heç narahat olmayın. Mən hər şeyi nəzərə alacam. – Qız arxayın-arxayın gülümsündü. Çöhrəsinə qonmuş bayaqkı təbəssüm yekədodaq, kərpicsifət olmasına baxmayaraq onu çox istiqanlı və suyuşirin göstərirdi.
-Yaxşı, mən getdim. Sağ olun.
Buludxan onlardan aralanıb evə üz tutdu. Yekədodaq müxbir qız sarıdan arxayınlaşdısa da daxili bir narahatçılıq onu rahat buraxmırdı. Evə gəlib çatana kimi beynindən yüz cür fikirlər gəlib keçdi. Ancaq “yüz fikir də bir borcu ödəyə bilməz” deyiblər. Gözləməkdən başqa əlac yox idi.
Bu əhvalata arvadı nə qədər laqeyd yanaşsa da Buludxan rahatlıq tapa bilmirdi.
-Yaxşı, day özünü bu qədər üzmə. Nə olacaq, olacaq. Kim də nə deyəcək, desin, heç vecinə də alma. Bir sən deyilsən ki, pulunu dollara dəyişib ehtiyat yığan. İndi kimi tərpətsən evində ən azından qara gün üçün iki yüz, üç yüz dollar pul çıxacaq. Lap o qoca pensiyaçılar da ehtiyat pullarını dollara çevirirlər. Laləzar arvaddan özüm eşitmişəm, deyir bizim pula etibar yoxdur. Pulu gərək dollara çevirib saxlayasan. Di özünü üzmə, gecə keçir, dur, get yerinə gir, yat.
Gecəni çox narahat yatdı. Yuxuda da o yekədodaq qızı gördü. Elə hey soruşurdu:
-Siz dollardəyişənsiniz?
-Sənə dedim ki, yox!!! – Gecənin bir aləmində elə qışqırdı ki, yuxudan dik atıldı.
-Bismillah! – Arvadı Yasəmən də yuxudan ayıldı. – A kişi, sənə nə olub, özünə gələ bilmirsən? İmkan ver, yataq. İşin-gücün yoxdur e sənin. De görüm, o qızın telefonunu götürmüsən? Dur zəng elə, özüm onu başa salacam.
-Yox, götürməmişəm. Qız özü mənim telefonumu götürdü. Dedi ki, lazım olsa, zəng vuracam.
-Bilmədin hansı televiziyadandır? Durum onların redaksiyasına zəng vurum.
-Televiziya deyildi, belə adını birtəhər dedi. Saytdı, ya internet saytı, ya da internet televiziyası. Adını da demişdi, huşumda qalmayıb. Azvision demişdi, necə demişdi, belə adı birtəhərdi, dilimə yatmır.
-Mən də deyirəm bəs, kişini televizorda göstərəcəklər deyə belə qorxur. A kişi, uzan yerinə, yat. – Yasəmən bərk çəmkirdi ki, bəlkə əri çəkinə, fikri dağıla, sonra yata. – Camaat gedir quşa rast gəlir, mənim kişim də bayquşa. Harda ələngə, yekədodaq ifritə var, sənin qabağına çıxır. Bir dəfə eşitmədim ki, bir normalnısı çıxa sənin qabağına.
Buludxan üzünü o yana çevirib uzandı, qulaqlarını da yumdu ki, arvadının danlaqlarını eşitməsin. Ha çalışdısa da yuxusu gəlmədi. Elə gözlərini yuman kimi həmin o yekədodaq qızın sifəti gəlib dururdu gözünün qabağında.
-Bağışlayın, siz dollardəyişənsiniz? – Səsinin cingiltisi də beynində amanal kimi parlayırdı.
-Ay qız, bir sözü neçə dəfə təkrarlamaq olar? Sənə dedim ki, yox, əl çək məndən. – Özlüyündə pıçıldadı.
Yasəmən baxdı ki, əri öz-özünə danışır, amma özünü o yerə qoyub büruzə vermədi. “Vallah, axırda bu kişinin başına hava gələcək!”
Səhərə yaxın Buludxanı yuxu aparmışdı, mışıl-mışıl yatırdı. Yuxuda yenə də həmin o yekədodaq qızı gördü. Adını da öyrənmədiyi həmin müxbir qız bu dəfə heç nə soruşmurdu, heç nə demirdi. Əllərini qoynuna qoyub məsum-məsum ona baxırdı, lap o eşqə düşüb vurulanlar kimi süzürdü. Buludxanın boyuna-buxununa elə tamaşa edirdi ki, elə bil ondan ötrü dəli-divanədir. Amma, deyəsən, həzin bir pıçıltı ilə nə isə soruşurdu, Buludxan qızın dodaqlarının asta tərpənişindən bunu hiss etsə də nə soruşduğunu eşidə bilmirdi. Yaxınlaşıb dəqiqləşdirmək istəyirdi, bacarmırdı, sanki Buludxan da keyiyib qalmışdı. Qorxurdu ki, birdən yenə də dollardəyişən olub-olmadığını soruşar. Bundan sonra o, bir də əsəbləşər, cinləri oyanar. Odur ki, aralıda durub qıza baxmaq, bu səssiz və şirin səhnəni sonsuzluğa qədər uzatmaq istəyirdi. Birdən-birə qız yoxa çıxdı, sanki heç əzəldən yox imiş. “Yox” deyə qışqırmaq istədi, ancaq ha çalışırdısa da səsi çıxmadı. Telefon zənginə yuxudan ayıldı. Yasəmən yataqda oturub onun mışıl-mışıl yatmasına tamaşa edirdi.
-Yaman şirin-şirin yatırdın.
Buludxan əl atıb taxtın böyründəki tumbanın üstündən telefonunu götürdü. Nömrəyə baxdı, tanış deyildi. Yaşıl düyməni basıb qulağına yaxınlaşdırdı.
-Alo, eşidirəm!
-Alo, dayı, bağışlayın ki, belə erkən narahat etdim. – Danışan həmin yekədodaq qız idi, Buludxan səsindən dərhal tanıdı. Bədən və sifət quruluşundan fərqli olaraq çox həzin və nəvazişli səsi vardı. O, indi başa düşdü ki, yaddaşdan silinə bilməyən bağlılıq telləri nəyin üzərində ilişib qalıb. – Danışa bilirsinizmi?
-Buyur, sözünü de, eşidirəm.
-Hər şey yaxşıdır. Dünənki danışığınız vergülünə, nöqtəsinə qədər yadımdadır. Artıq əzbərdən bilirəm. Ancaq lent yanıb, şəkillər alınmayıb. Siz dünənki yerə gələ bilərsiniz? Heç olmasa bircə dəfə şəkilinizi çəkərdik?
Buludxan əli ilə telefonun ağzını yumub üzünü Yasəmənə tutdu:
-İndi buna nə deyəsən?
-Nə deyəcəksənsə de, qızı gözlətmə. Sən öz işinin aludəçisi olduğun kimi o da öz peşəsini yerinə yetirir.
-Deyirəm, birdən getmərəm, acığa düşüb məni…
-Hə, hə, düz fikirləşirsən. – Yasəmən baxdı ki, Buludxan onun yanında rahat danışa bilmir. Odur ki, yataqdan qalxan kimi kinayə ilə son sözünü deyib elə gecə paltarında mətbəxə yollandı. – Dollardəyişən!