DÜŞMƏNLƏR
( hekayə)
Hər açılan güllə bir ana
qəlbindən keçər…
Dörd ay idi ki, xidmətə başlamışdı . Sərhəddə növbədən çıxıb dincəlməyə gedirdi. Bir xeyli yol gedəndən sonra əsgər dayanıb, — deyəsən, cığırı səhv salıb səmtimi itirdim — deyə həyəcanla ürəyindən keçirdi və diqqətlə ətrafına baxdı. Doğrudan yolu səhv gəlmişdi. Amma hər yer ona tanıs gəlirdi…
— Bizim meşələrə neçə də bənzəyir. Ağaclar, kollar, yer, hətta quşların səsi də eynidi. Eyni deyəndə ,elə eyni də — acı – acı düşündü.
— Bir dağın o tərəfi onlardı, bu tərəfi biz — dilinin altında mızıldandı və çəkməsinin ucu ilə yerdəki xəzan olan yarpaqları hirslə təpik vurub dağıtdı.
Ümidsiz halda yanında durduğu ağacın altına çökdü. Yorğunluqdan ayaqları gizildəyirdi. Azıb bura gəldiyinə əmin olduğu üçün həyəcan və qorxu hissi onu bürümüşdü . Aclığını belə hiss etmirdi.
— İndi mən nə edəcəm ?! — başını sinəsinə sıxdığı avtomat silaha dayadı.
— Birdən onların yanına gəlmiş olaram, — fikirləşdi və yerindən dik atıldı. Həyəcanla ətrafı dinlədi. Meşədə huzurverici bir sakitlik var idi. Quşların cəh – cəhi , əsən mehdən xışıldayan yarpaqların həzin səsi ətrafa yayılırdı. Bir az rahatlayıb yenə ağacın altına çökdü.
— Hansı tərəfə gedim?! — qərarsız düşündü. Göyə baxdı. Günəş göyün düz ortasında parlayırdı. Şəfəqləri ağacların budaqlarının arasından süzülüb , kölgə basmış meşəni işıqlandırırdı…
Xışıltı eşitdi. Cəld əlindəki silahı hazır vəziyyətə gətirib tərpənmədən ətrafına baxdı.Bir az aralıdan bir əsgərin əlində silah asta – asta addımlarını yerə başa – başa getdiyini gördü. Nəfəsini içinə çəkib ayağa qalxdı. Sakitcə ağacın arxasına keçdi, diqqətini toplayıb baxdı. Düşmən əsgəri idi. Arxadan atəş açmaq istədi — çox olarlar , tək onlarla baş edə bilmərəm — düşündü, fikrindən daşındı. Bir az gözlədi. Düşmən əsgəri yan – yörəsinə baxa – baxa ehtiyatla meşənin dərinliyinə tərəf gedirdi. Hərdən dayanır, həyacanla əlində hazır tutduğu silahı sağa – sola çevirir, yoluna davam edirdi.
— Deyəsən bu bədbəxt də mənim kimi yolunu azıb — istehzalı gülümsədi və düsmən əsgərinin arxasınca sakit – sakit addımlamağa başladı. Böyük böyürtkan kolunun yanında dayanan düşmən ətrafı bir də nəzərdən keçirdi, sonra silahı çiyninə asıb böyürtkanlardan yığıb yeməyə başladı. Acgözlüklə yeməyindən aç olduğu hiss olunurdu. O, əyilib kolun dibindən bir neçə torpaqdan təzə cücərən , kövrək böyürtkən kolu qırdı. Səliqə ilə yarpaqlarını və tikanlarını təmizləyib iştahla yeməyə başladı.
O, əlini tətikdən çəkib bir anlıq uşaqlığını xatırladı. Məhəllədəki dostları ilə çaya gedib çiməndən sonra suyun qıraqlarında bitən kolların üstündə salxım kimi sallanan qapqara , şipşirin böyürtkanlardan əlləri, ağızları qaralana qədər yeyərdilər. Dostlarından fərqli olaraq o, ən çox ” kol dibi ” dedikləri təzə bitən turşməzə kolları qırıb üstundəki tikanları , yarpaqları təmizləyib yeməyi xoşlayardı…
Başından fikirləri qovub , diqqətini yenə düşmənə cəmlədi. Atəş açıb onu öldürmək istədi.
— Yox, silahla ətrafa səs – küy salmağa lüzum yox, nə olar, nə olmaz, səssizcə , münasib zamanda əllə işini bitirərəm . Fəndləri, insanda ölüm nöqtələrinin yerini yaxşı bilirəm. — düşündu.
Universitetdə oxuyanda idmanla da məşğul olmuşdu. Yarışlarda dəfələrlə fərqlənib , mükafatlanmışdı.
Düsmən əsgər bir xeyli məsafə də sakit – sakit addımladı.O da gözlərini qırpmadan onu təqib edirdi. İri bir daşın yanında dayandı. Ətrafa baxdı. Kimsənin olmadığına əmin olub yenə silahını çiyninə asdı. Əyilib daşın altından qaynayan dupduru bulağın suyundan ovuclayıb içməyə başladı. Əsil zaman idi.Üstünə atlayıb bir anda onu öldürə bilərdi. Dayandı. Nənəsinin — ilan ilanlığıynan su içəndə adamı çalmır — sözünü xatırladı , qolları boşaldi:
— Ləhnət şeytana ! — yumruqlarını sıxıb, ağacın arxasında gizləndi.
Su içəndən sonra düşmən , silahını yenə əlində hazır vəziyyətdə tutub ətrafı nəzərdən keçirdi , sonra yoluna davam etməyə başladı. Bir az getmişdi ki, səsə diksinib arxaya baxdı. Dönməyi ilə qulağının dibindən aldığı zərbədən səsini belə çıxarda bilmədən yerə düşdü. Başı yerdəki daşa dəydi , inildədi. Qan fontan kimi ətrafa sıçradı. Yanına düşən əlindəki silahdan atəş açıldı. Əsgər tez atılıb silahı onun əlindən qoparıb aldı. O, ölmüşdü. Cəsədə baxdı. Eyni yaşda olardılar. Getmək istəyəndə onun cibindən sürüşub çiyninə tərəf düşən bir şəkil gördü. Əyilib götürub baxdı. Sədə bir həyətdə stolun ətrafında yemək zamanı çəkilmişdi.Əsgər gülumsəyərək yanında oturan arıq , çəlimsiz kişini qucaqlamış , geyiminin üstundən belinə önlük bağlamış qadın isə şən əhval – ruhiyyədə boşqaba qazandan yemək qoyurdu. Hamısının üzundə sevinc var idi. Yəqin ata – anasıdır — fikirləşdi. Birdən ona elə gəldi ki, şəkildəki qadının üzündən sevinc çəkildi və gözlərindən yaş axmağa başladı. Diksindi. Şəkli gözləri açıq cəsədin üstunə atıb , cəld oradan uzaqlaşdı.
Bir az getmişdi ki, ayağının ağrısından addım ata bilmədi. Çəkməsi qanla dolmuşdu.Baldırından yaralandığını gördü . Şalvarı qan içində idi. Tez belindən kəmərini açıb baldırını sıxdı. Ancaq qan dayanmırdı , süzülüb axırdı. Yerimək istədi, gücü çatmadı. Ayaq üstə tır – tır əsməyə başladi. Bərk üşüyür, dişi – dişinə dəyirdi. Yaxındakı iri daşın yanında bir təhər oturdu.Kurəyini daşa söykədi. Payız Günəşinin şəfəqləri üstunə düşduyündən daş isinmisdi. İlıq və xoş bir gizilti canına yayıldı. Yuxusu gəlirdi, gözlərini yumdu. Bu dəm xoşladığı zurna alətində çalınan həzin
” Vağzalı” səsinə gözlərini açdı. Qarşıda yamyaşıl çəmənlikdə ağappaq gəlinlikdə , duvağın altından sevgi ilə ona baxıb gülümsəyən nisanlısını və onun qarşısında durna kimi süzə – süzə oynayan anasını gördü. Gözləri beləcə donub qaldı…
ZƏHRA SƏFƏRALIQIZI