Ehtimal
İnternet saytından dövlətə xəyanətdə ittiham edilərək həbs olunmuş nüfuzlu iş adamı barəsində oxu- duğu xəbər illər öncəsinə apardı qadını…
…Ofisdə təmir işləri gedirdi. Dəhlizdə toz-torpaq əlindən tərpənmək mümkün deyildi. Buna baxmayaraq, şirkətin işi öz qaydası ilə davam edirdi. Nahar fasiləsində, adətən, yaxınlıqdakı parka yeriməyə çıxardı. Bu gün müdir ofisdə olmağı, vacib qonağı qarşılamağı tapşırmışdı. Səhər evdən tələm-tələsik, makiyaj etmə- dən çıxmışdı. Fürsəti fövtə verməyib makiyaj eləyirdi.
– Çirkinləri başa düşdük, gözəl qadınlar niyə makiyaj edirlər?..
Diksindi. Göz qələmi əlindən yerə düşüb, necə gəldiyini eşitmədiyi qonağın ayağının ucuna doğru dığırlandı. Qonaq qələmi uzadaraq: “Tövbəli olmasaydım, sizə kompliment deyərdim”, – söylədi.
Hə-ə… qəribə oğlan idi, qəribə də adı var idi – Ariz. Ucaboy, arıq, alın nahiyəsindən saçları erkən tökülməyə başlamış ağbəniz, yaraşıqlı sayılacaq, təxminən 30 yaşlarında biri idi. Əməkdaş şirkətin nü- mayəndəsi idi tez-tez gəlib-gedərdi.
Həm qəfil qonağın gəlişindən, həm ərkyana dediyi sözlərdən sıxıldı. Yanaqları allandı. Tökdüklərini tez çantasına yığdı.
– Müdir gec gələr?..
– Yeməyə çıxıb.
– Saat 3-ə işləyir artıq. Müdirin bulkası nə yaman uzun oldu?
Qadının dodaqları qaçdı, gərginliyi keçdi. Qonağa çay süzüb, kompüterdə qurdalanmağa başladı.
Arizin kefi kök idi, söhbətə girişmək istəyirdi. – Bilirsiniz, nəyə tövbə etmişəm?..
– Nəyə?
– Evli xanımlara kompliment deməyə.
– Niyə?..
– Demək, belə… Universiteti bitirib işə yeni qəbul olunduğum vaxtlarda başıma qəribə bir əhvalat gəl- mişdi. Sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya getmişdim. Poliklinikaların – bilirsiniz də – uzun, dar dəhlizləri olur. Bir-bir həkimlərin qəbuluna girir, yüngülvarı yoxlanırdım. Bir kabinetin qabağında məndən əvvəl növbədə otuz-otuz beş yaşlarında dünya gözəli bir qadın gözləyirdi. Oğrunca onu başdan-ayağa süzdüm: ucaboylu, mütənasib bədənli, bahalı, amma sadə geyimli, uzunsaçlı idi. O da məni başdan-ayağa süzdü və həkimin otağına keçdi. Qısa müddət sonra otaqdan çıxıb mühafizəçilərinə: “İşlərimi bitirdim, gedə bilərik”, – dedi. Yanımdan keçəndə mühafizəçilərin gözünü oğurlayıb ovcuma nəsə basdı. Özümü itirdim, çaşqınlıqdan nə edəcəyimi bilmədim. Növbəm çatsa da, içəri keçməyi unutmuş, donub-qalmışdım. Həyəcandan xəzri döyən payız yarpağı kimi titrəyirdim. “Ay bala, keçmirsənsə, qoy mən keçim”, – deyən yaşlı qadının səsi məni özümə gətirdi. Əlimə baxdım: ovcumda bir cümlə və telefon nömrəsi yazılmış kağız var idi.
Üç gün o gözəl qadın, onun mühafizəçilərinin bədheybət görünüşü, ovcumu köz kimi yandıran bir cüm- ləlik kağız parçası yuxularımdan çıxmadı. Qadının bahalı ətirinin qoxusu hər yeri bürümüşdü sanki. Gənclik marağı sonunda güc gəldi və “mənəm, xəstəxanadakı oğlan” deyə mesaj yazdım. Dərhal: “Sən mənə yazma, zəng vurma, mən özüm sənə zəng edəcəyəm”, – deyə cavab gəldi. Və… başlandı. Qadın üç-dörd gündən bir zəng vurar, nakam ilk məhəbbətindən danışar, ona nə qədər bənzədiyimi təkrarlamaqdan yorulmazdı. Özü haqda heç nə danışmırdı, “Nə qədər az bilsən, o qədər çox yaşayarsan”, – deyirdi.
İlk gəncliyində tələbə yoldaşını sevibmiş. Sevgilisi ilə universiteti bitirən kimi evlənəcəkləri, köçüb başqa şəhərdə yaşayacaqları barədə xəyallar qurarmışlar. Son kursda oxuyanda qıza ondan yaşca xeyli böyük, vəzifəli bir kişidən elçilər gəlir. Qız anasına sevdiyi olduğunu, nə olur-olsun, ondan başqası ilə evlənməyəcəyini deyir.
Son imtahanlara hazırlaşdıqları günlərin birində universitetə gedən qız dostlarını gözüyaşlı görür. Sən demə, sevdiyi oğlan qəfil bədbəxt hadisə nəticəsində dünyasını dəyişibmiş. Ailəsi oğlanın dəfninə getmə- yə belə icazə vermir. Öz aləmində sevgilisinin yasını saxlayan qızı məcburən elçilərini təkrar göndərən həmin kişiyə ərə vermişdilər. Nə yaşadığı zəngin həyat, nə də dünyaya gətirdiyi övladları ilk məhəbbəti- nin yanğısını söndürə bilmişdi. Bədbəxtliyinin kulminasiya nöqtəsi isə illər sonra sevgilisinin bir qohumun- dan eşitdikləri olmuşdu: sən demə, nümunəvi davranışları, gözəl əxlaqı ilə seçilən oğlanı Qanlıgölün sahi- lində bıçaqlayıb qamışlığa atıblarmış. Ailə üzvləri aldıqlaları təhdidlər səbəbindən, digər övladlarının zərər görməməsi üçün, oğlanın bədbəxt hadisə nəticəsində öldüyü xəbərini yayıbmış. Sevgilisinin əri tərəfindən öldürülmüş ola biləcəyi ehtimalı ilə qadın ölür, ölür, sonra yenidən dirilirdi…
Bir gün qadının nömrəsindən “Saat …da həmin poliklinikada ol” məzmunda ismarıc gəldi. “Axır ki, mənimlə görüşməyə imkan tapıb” deyə sevindim, deyilən saatın gəlməyini həyəcanla gözlədim. Elə poliklinikanın girişinə yaxınlaşmışdım ki, qadının mühafizəçiləri peyda olub, öz xoşumla onlarla getməyi təklif etdilər. Qorxumdan ürəyimdə kəlimeyi-şəhadətimi deyib, şüşələrinə qara plyonka çəkilmiş maşına əyləşdim. İki saatlıq şəhər turunun sonunda (sanki istintaqdaymış kimi psixoloji basqı altında sual-cavablardan sonra) simkartımı (mobil telefon nömrəmi) sındırıb atmağı, qadının nömrəsini isə ömür- lük unutmağı məsləhət görüb, elə həmin poliklinikanın qarşısında da maşından düşürdülər. Özümü film qəhrə- manı kimi hiss edir, bütün bunların necə və niyə baş verdiyini anlaya bilmirdim. Artıq o gözəl qadına nə olduğunu, onunla necə davranıldığını öyrənməyi istəsəm belə, bacarmazdım. Çünki heç adını da bilmirdim. Sadəcə qadının ərinin məşğuliyyətini, onu da təsadüfən ağzından qaçırarkən eşitmişdim çox nüfuzlu adam idi…
“Elə insan olan yerdə şeytan özündən şəkkə düşərdi…” – deyə həmsöhbəti olan qadın fikrə getmişdi…
Ariz zarafatla:
– Elə buna görə də evli olan gözəl xanımlarla hətta söhbət edəndə belə, o mühafizəçilərin haradansa məni izləyə biləcəklərini, keçən dəfəki kimi rahat buraxmayacaqlarını düşünürəm”, – deyib güldü.
Qadın güclə eşidiləcək pıçıltı ilə:
– Deyəsən, o gözəl xanım artıq həyatda deyil, – dedi. Arizin təbəssümü dodaqlarında dondu, təəccübdən
sifəti əyildi…
– Necə??? Siz haradan bilirsiniz?..
– O dediyiniz adamın gənc və gözəl xanımı qəfil
dünyasını dəyişib: təxminən dörd il əvvəl, mart ayında… – Ola bilməz! Mart ayında… Demək, onlar məni
sağ buraxıblar, qadını isə… Əminsən???
– Əslində, əmin deyiləm.
– Necə bəyəm?
– Eşitdiklərimi analiz edəndə belə mənzərə yaranır.
Gözəllik salonuna bir xanım gəlir. Həyat yoldaşım məni salondan götürməyə gələndə qadını tanımışdı – müştərilərindən birinin evində görübmüş, evin xanımının rəfiqəsi imiş. Evin xanımının çox gözəl ol- duğunu və həmişə fikirli gəzdiyini, ərinin onunla xanımı kimi yox, kölə kimi davrandığını danışırdı həmişə. Deyirdi ki, evin xüsusi mühafizə sistemi var. Havalandırma sistemi elə qurulub ki, zəhərli qaz buraxılsa belə, evin havası dərhal təmizlənir. Xanım hətta villanın həyətinə tək çıxa bilməzmiş. Evin girişində hər gün təmizlik işləri aparmaq üçün gələn qadını belə başdan-ayağa yoxlayıb, sonra içəri buraxırlar… Nə isə, sözüm onda deyil… Bir gün gözəllik salonuna gedəndə gördüm ki, hamı gərgindir. Yoldaşımın tanıdığı o qadın yana-yana rəfiqəsinin cavan yaşda, bu qədər yaxşı həkimlərin olduğu bir dövrdə gizli ürək xəstəliyindən ölməyini danışırdı. Yoldaşıma danışanda bildirdi ki, o qadının qəfil ölməsinə kimsə məni inandıra bilməz: onun ərindən nə desən çıxar…
– Axı mən onun heç adını da bilmirdim… Axı mən onu sadəcə dinləyirdim… O isə heç kimə demədiyi dərdini mənə danışırdı. Hər zəngində eyni əhvalatı nağıl edir, eyni sözləri deyirdi… Düzü, ona niyə qulaq asdığımı heç özüm də bilmirdim…
Ariz artıq onunla danışmır, öz-özünə sayıqlayırdı. Gözlərində yaş gilələnmişdi. Müdir isə çoxdan gəl- mişdi…