.....

.....

Əli Zabiloğlu – İsimsiz

Əli Zabiloğlu – İsimsiz

 “Keşikçilər” romanından kiçik parça

“Soydaşlarım o raket qəliblərindən düzəltdikləri manqalla Şuşada, Xankəndidə, Xocalıda kabab çəkəndə, bayram şənliklərini keçirəndə,  ruhum göylərdən seyr edib dinclik tapacaq…”

8 oktyabr 2020-ci il. 2-ci Qarabağ müharibəsi davam edir.

Keçmiş İrəvan xanlığının ərazisi. Gizli  qərargahlardan biri.

– Ara, özümə su süzəcəm, istəyən var?

– Balon boşdur, yenisi ilə əvəz edərsən, amma, içib qarnıvı doldurma. Əsas içkiyə yer saxla. Bir azdan Gəncə şəhərinə isgəndər atacağıq. 4k görüntü ilə dronlardan azərilərin necə parça-tikə olduqlarını izləyəndə şampan partladacağıq. Buz kimi şampan qədəhindən qurtumlayaraq görüntülərə baxıb həzz alacağıq. Belə kadrlar ancaq filmlərdə olur (Qəhqəhə çəkməyə başlayır, ətrafdakılar da ona qoşulur).

– Gülməli deyil, ara. Dron hara, 4k çəkiliş hara? Qara tüstüdən başqa ekranda nə görünür ki? Həm də ki, soyuducunu qoşmağı unutmusunuz. Şampan yəqin istidir.

– Eee, adamın həvəsini korlamaqdan başqa əlindən nə gəlir sənin? Nəysə, su təklifin hələ də qüvvədədir?

            -Gətirərəm…

  Dəhlizin sonundakı su aparatına yaxınlaşıram. Su qablarından birini  götürürəm, qapağını açıram, 2 fincan süzürəm, sonra aparata daxil edirəm. Hər zaman balonu əyərkən mütləq bir az su dağılır. Bir az gözləyirəm, sonra fincanları gətirirəm.

– Buyur.

“Sağ ol” belə demədən suyu bir nəfəsə içir…

– Birazdan qayıdacam.

– Gecikmə! Partlayış 20:00-da olacaq.

– Hələ 48 dəqiqə var. Çataram.

Dəhlizin sonundakı liftə tərəf gedirəm. Olduğum mərtəbənin rəqəmi ekranda görünür. Düyməni sıxan kimi qapılar açılır. İçəri daxil olub 8 düyməsini sıxıram, qapılar bağlanır. Lift titrəyərək hərəkət etməyə başlayır. ”Bu əbləhlərin lifti nə ləng gedir. Piyada düşsəm, tez çatardım”. Lift dayanır. Qapılar açılır. Çölə çıxıb maşınıma tərəf gedirəm. Liftdən yenicə uzaqlaşmışdım ki, ayağımın altından xırçıltı səsi gəlir.

“Bismillah” deyib geri çəkilirəm. Ölmüş siçovul, onu yeyən başqa siçovulun tapdalanmış quyruğu və adamın beyninə işləyən zəhrimar ciyilti səsi… Çox iyrənc mənzərədir. Bu gedişlə kəşfiyyatçı olmağın stressindən yox, bu murdarlardan iyrənməyimə görə sarılıqdan öləcəyəm. Yerin 7 qat altında bu boyda bina tikiblər, amma dərmanlamağa, təmiz saxlamağa canları çıxır.

 Maşınıma yaxınlaşıram. Ətrafda heç kəs yoxdur. Siçovulların ciyiltilisini  saymasaq. Baqajı açıram, ehtiyat təkərin içində xüsusi hazırladığım, frekans sistemi  dəyişdirilmiş telefonu çıxarıram. Tezliyi dəyişirəm, parametrləri təsdiqlədikdən sonra olduğum ölkədə radardan itir. Azərbaycana qoşuluram.

– Diqqət, Mələk. Danışan sehrbazdır.

Qarşı tərəfdən cavab gecikmir:

– Mələk eşidir. Məruzə et.

– Bu gün 8 şəhərimizə isgəndər atacaqlarını düşünürlər. Narahat olmayın. Dəmir borular çox səs-küy etməyəcək.

– Hər şey qaydasındadır? Boru olduqlarına əminsən?

– Kabelləri şəxsən quraşdırmışam)).

– Afərin, Sehrbaz. Vətən sənin kimi qəhrəmanlar sayəsində azad ediləcək.

– Var qüvvəmlə bunun üçün çalışıram.

– Əlavə nəsə?

– Yerim laxlayır. Ola bilər ki, bir də əlaqəyə çıxa bilmədim. Texnikaları nəzarətdə saxlayın. Əsas da sərhədlərdən daşınan iriçaplı texnikaları. Papaları bunlara çox raket göndərib. Eyni vaxtda 4-5 raket atacaqlar ki, heç olmasa biri düşsün.

– Şərəfsizlər. Kasetli bombaların qadağan olunduğunu hamı bilir.

– Bunlarda şərəf olsaydı, xalqımıza xəyanət etməzdilər. Başa düşdüyüm qədər bunların məqsədi Rusiyanı məsələyə qarışdırmaqdır. Mülki obyektləri vuracaqlar ki, bizimkilərdə  İrəvanı vursun. Vuran kimi də… Sonrasını bilirsən. Kollektiv köpək uşaqlarının xətrinə dəyəcək. Sözümün canı odur ki, təxribata aldanmayın. Nə olur, olsun…

– Özünü qoru. Vətənə lazımsan.

– Sizinlə xidmət etmək şərəf idi. Yaşasın bütöv Azərbaycan! Əlaqənin sonu.

Telefonu söndürüb frekansı dəyişirəm. Burada elə sistem var ki, girişdə 1 şifrə istənilir. Bu 11.12.91-dir. Dağlıq Qarabağ Muxtar Respublikasının yaranma tarixi. Vətənpərvər görünməyə məcburam axı… Bu şifrə yığılandan sonra adi telefondur. Azərbaycana qoşulmaq üçün 8 rəqəmli şifrə yığmaq lazmdır. Proqramı GTA vice city  oyunundakı kimi yığmışam. Ekrada heç bir şifrə tələbi görünmür. Amma  klaviaturada şifrəni yığsan, istədiyinə çatırsan. Başqasının əlinə keçsə belə o şifrəni dəqiq yığmaq mümkün deyil.

 Ratsiyanı söndürüb yerinə qoyuram. Qarajdakı sükutu mənə doğru tuşlanmış 4 kalaşnikov avtomatının çəkilmiş çaxmaq səsinin şaqqıltısı və baqajın qapısının bağlananda eşidilən çıqqıltı səsi pozur.

O an anladım ki, yolun sonudur, amma özümü sındırmadım.

– Ara, neyniyirsiniz? Silahlar nə məsələdir?

– Kəs səsini, türk tulası. Elə bilirsən bilmirik? Uzun müddətdir, izlənilirdin. Amma çəyirtkə bir tullanar, iki tullanar. Üçüncüsü sonun olacaq.

Hırıldayır. Çirkin gülüşünün səsi  qarajda əks-səda verir.

Xəfif gülümsəyirəm.Dərindən nəfəs alıram. Anlayıram ki, çıxış yolu yoxdur…

– Atəş aç. İşgəncə ilə məndən öyrənəcəyin heç nə yoxdur.

– Səndən nəsə almağa ehtiyacımız yoxdur. Həqiqi adını de. Hər gün kimin qəbrinə tüpürəcəyimizi bilmək istəyirəm. Böyük cəsarətin var.

Gülüşünün şaqqıltısı eşidilir.

– Qəbrə ehtiyacım yoxdur. Tapşırığımı icra elədim. Atdığınız isgəndərlərin hər biri dəmir borudan başqa bir şey deyil. Soydaşlarım o raket qəliblərindən düzəltdikləri manqalla  Şuşada, Xankəndidə, Xocalıda kabab çəkəndə, bayram şənliklərini keçirəndə ruhum göylərdən seyr edib dinclik tapacaq.

Bu, artıqlaması ilə bəsimdir. Ölümüm heç nəyi dəyişməyəcək. Müharibə bizim qələbəmizlə başa çatacaq.

– Ölümdən sonrakı həyat siz müsəlmanları idarə etmək üçün uydurulmuş xülyadır. Bir heç uğrunda ölüb gedirsən, heç adın da bilinməyəcək.

Mənimlə danışan erməninin ratsiyasında səs eşidildi. Dəstəyi açdı.

– Qəbul.

Dəstəyin digər tərəfindəki adamın həyəcanlı səsi eşidildi. Bombaların heç birinin partlamadığını məruzə edir. Uçuş edən 8 təyyarənin 7-nin vurulduğunu, danışanın isə yaralı halda bir təhər özünü xilas edə bildiyini deyir. Kaş bu an əbləhlərin sifətindəki ifadəni görərdiniz…

   Öz aləmində kefini pozmur. Yavaş-yavaş hırıldamağa çalışır:

– Narahat olma. Bombalarımız çoxdur. Bunlar olmaz, başqası olar. Papamız padarka verib eee, sizin kimi xalqımızın  boğazından kəsib almamışıq. Nəysə, azəri. Çox sevdiyin xalqını sənin mübarək adını bilməsindən məhrum edəcəksən, yoxsa?

– Azəri yox, Azərbaycan türkü.

Gülümsəyirəm. Deməli mənimki bura qədərmiş.

– Cəhənnəmdə görüşərik. Bəlkə orada lənətə gəlmiş adını deyərsən.

Dördü birdən hırıldayır.

– Donuz yeyənləri şəhidlərin cənnətinə buraxmırlar. Amma sevinməyə tələsmə. Biz öləndə də əliboş getmirik. Dodaqlarımda son təbəssümü sıxıb saxlayıram. Kəlimeyi-şəhadətimi deyirəm…

Kalaşnikov avtomatından çıxan  güllələrin, yerdə diyirlənən gilizlərinin  səsi əks səda verir. 120 güllə… Gilizlərdən bəziləri diyirlənib maşının altında gözdən itir. Divara sıçrayan qan ləkələri asta sürətlə aşağı axır. Güllələr qurtardıqdan sonra nəşimə yaxınlaşıb tüpürürlər. Hırıltıları əks-səda verir. Bir-birlərinin qollarından tutub mahnı oxuyur, yallı gedirlər.

Haqlarıdır da, ”kişilər” qəhrəmanlıq ediblər. 4 nəfər 10 metr aralı nişangahda olan silahsız 1 nəfəri güllələyib cansız bədəni təhqir edirlər.

Onsuz bunların əlindən cansız bədəni təhqir etməkdən başqa nə gəlir ki?

Mənimlə danışan erməni ratsiya ilə əlaqəyə çıxır.

– Ara, podvalda zibil var, təmizliyərsiniz.

– Oldu.

Ucadan gülüş sədaları altında liftə minirlər. Ofisə qalxmaq üçün 8 düyməsini sıxırlar. Lift aramla yuxarı qalxır. Qapılar açılanda gördükləri mənzərə  murdar sifətlərindəki gülüşü əbədi dondurur.

Ofisdəkilərdən qusanlar, sürünənlər, can verənlər, çabalayanlar bir-birinə qarışıb. Bizim dördlük nə baş verdiyini anlamağa çalışır, amma artıq gecdir. Kiminə tez təsir edir, kiminə  gec, amma zəhər hər zaman öz işini görür.

 Danışanan erməni ətrafındakı hamının yavaş-yavaş öldüyünü görür, təşviş içindədir. Nə baş verdiyini anlamağa çalışır. Yanındakı 3 nəfər də boğulmağa başlayır. Qəribədir. Niyə ona heç nə olmayıb? Yuxarıdakı manitor birdən açılır. Ekranda mən. Son çəkdiyim video.

Bəli, düz tapdınız ekranda məni görəndə “alçaq türk” deyə bağırtısı ətrafı götürür, lakin nə fayda?

“Əgər bu videonu izləyirsinizsə, deməli artıq ifşa olmuşam. Ancaq son nəfəsimdə dediyim kimi, biz boş yerə ölmürük. Qələbə Azərbaycanın olacaq”.

Video burada bitir. Geri sayım başlanır. 29, 28, 27, 26… Su siqnalizasiyası işə düşür. Ancaq bir dəqiqə, bu su niyə çəhrayı rəngdədir?

    Səhər yerləşdirdiyim mikrofonların birindən aralarındakı danışığı eşidəndə anladım ki, kimliyim aşkarlanıb və bu gün öləcəyəm.

Adətən belə vəziyyətdə xüsusi təyinatlılar son qumbaraları ilə özlərini partladırlar. Amma bura qədər girmişkən qumbaradan daha böyük bir səs-küy çıxartmağa qərar verdim. Ona görə də əliboş getməmək üçün bir az tədarük görməli oldum. Su siqnalizasiyalarının yerini benzinlə doldurdum. İçməli su bidonunu  boşaldanda 2 fincan özüm və bu erməni üçün təmizini süzdüm, sonra bütün balonları zəhərlədim. Hamısı da bəh-bəhlə içmişdi.

Videonu isə ayaq yolunda çəkib sistemə əlavə etmişdim. Bilirəm, xoşagələn yer deyil, amma kamera olmayan başqa yer yoxdur. Öldürüləndən sonra ürək döyüntülərimə bağlı bomba işə düşməzdən 88 saniyə əvvəl ekranda görünəcəkdi. Onların liftlə yuxarı çıxmaları da 40-50 saniyə  çəksə, videonu izləyəndən 30 saniyə sonra  havalara uçmalı idilər.

Niyə 88? Sadəcə 8 rəqəmini sevirəm…

    Budur 4, 3, 2,1, 0… Və buumm! Maşınıma qoyduğum bomba işə düşdü. Maşını düz su sisteminin yanında saxlamışdım. Partlayış nəticəsində yaranan yanğın və tüstü su siqnalizasiya sitemini işə saldı və su, yəni benzin axmağa başladı. Bu da əlbəttə ki daha böyük bir yanğın və ardınca gələn partlayışa səbəb oldu… Detonasiya… Hər mərtəbədə daha güclü partlayış. Domino daşlarının bir-birini yıxdığı kimi. Aşağıdan yuxarıya doğru yüksələn binanı isə yerin dibinə basdıran partlayış…

     Bəlkə də qələbəmizi görə bilməyəcəyəm, lakin xüsusi komanda müşahidə məntəqələrinin qərargah binasını məhv edə bildim. Sistemlərini söndürdüyüm raketlər isə sadəcə düşüb asfalta sancıldılar. Ən azı bir nəfərin həyatını xilas edən biri kimi  gedirəm bu dünyadan.

Varsa, haqqım sizlərə halal olsun. Cənnətdə görüşərik. Arxamca göz yaşı tökməyin. Axı biz bir ölər, min dirilərik…

9 oktyabr 2020. Gəncə şəhəri. DOS-6 dairəsi.

ANS TV

Aparıcı jurnalist Natəvan Babayeva   həyətinə düşüb partlamayan raketin yanında dayanıb ev sahibindən müsahibə alır. Ev sahibi üzündə təbəssümlə bu dəmir parçasından xatirə qalması üçün manqal hazırlayacağını deyir. Sujeti yekunlaşdıran aparıcı üzünü kameraya çevirərək  deyir:

– Bəli, əziz tamaşaçılar. Gördüyünüz kimi mənfur düşmənimiz mülki obyektləri hədəf almağa davam edir. Lakin texnikaları da özləri kimi yararsız olan raket partlamayıb. Qələbə bizim olacaq! Ordumuz irəliləməyə davam edir.

P:S. Olar ki, gələcək zamanda bu hekayə kimlərsə tərəfindən bəyənilər və qısa film çəkilər. Baş rolu oyanayacaq adamın üzü göstərilməməlidir. Filmi izləyən hər bir şəhid və övladı itkin olanların ailəsi hekayənin qəhrəmanının öz övladları olduğunu düşünməsi üçün bu vacibdir.