.....

.....

Elton Türkeldə yeni hekayə

Elton Türkeldə yeni hekayə

İTİN İTİ YADDAŞI

Bəzən tay-tuşlarımın özləri üçün qurduqları qızıl taxta baxanda kitablara ayırdığım vaxta heyifslənirəm. Nə qədər oxumaq olar axı? Camaatın cibindən şax pul çıxanda, mənim cibimdən hansısa kitabdan apardığım qeydlərin əzik-üzük kağız parçası çıxır. İş üçün etdiyim müraciətlərdən gələcək xəbəri gözləyə-gözləyə nə qədər kitab oxumuşam dəqiq yadımda deyil. İş elanlarının da böyük əksəriyyəti “təcrübəli satış meneceri axtarılır” başlıqlıdır. Yüzlərlə iş elanları arasında cəmi dörd dənə “korrektor, redaktor axtarılır” elanına rast gəlmişəm, onlar da: “gecikmisiz, işçi götürmüşük. Nömrənizi yazırıq, lazım olduqda sizinlə əlaqə saxlayacağıq”-deyiblər.
Günün ikinci yarısından sonra gələn zəng məni həyacanlandırdı. Kimdir axı indiki zamanda kitab oxumaqla zaman keçirən qohumuna, dostuna zəng edən? Telefonu açdıqda bir xanımın səsi eşidildi:

  • Alo! Salam, müəllim, bizim müəssəyə işlə bağlı müraciət etmişdiniz. Sabah saat doqquzdan sonra gələrsiz ətraflı danışarıq.
    • Oldu, çox sağ olun.
      O gecə sabaha qədər sevincimdən yata bilmədim. İş görüşməsinə gedirdim. Rəsmi geyim mütləqdir. Bəylik kostyum-şalvarımı nizama saldırıb, ağ köynəyimi ütülətdirdim. Səhər rəsmi geyimimi geyinib üz tutdum həmən müəssəyə. İş görüşməsi uğurlu oldu. Müdür neçə müddətdir işsiz olduğumu bildikdə humanistlik göstərib hələ mənə avans da yazıb, həftənin birinci günündən işə çıxacağımı bildirdi. Mühasibatdan avansı alıb sevinə-sevinə müəssədən ayrıldım. Qaldı çoxdandır doğru-düzgün bazarlıq üzü görməyən ev əhlini müjdələmək. Bunun üçün mütləq bazara baş çəkməliydim. Avtobusdan düşüb iri addımlarla bazarın giriş qapısına çatdım. Girişdə bayaqdan sakit-sakit yatan itin məni görən kimi dişlərini qıcayıb acıqlı-acıqlı, arxa ayağını çəkə-çəkə üstümə hücum çəkməsi məni çox təəccübləndirdi. Satıcıların müdaxiləsi və itin topallığı olmasaydı topuğumdan istədiyini alacaqdı. İt uzaqlaşsa da, sanki hürməsiylə mənə: “get-get, onsuz da, bu yolu geri dönəcəksən” – deyirdi. Bazarlığımı edib geri dönəndə hiss etdim ki, bərk acmışam. İki ədəd bulka alıb elə yerindəcə birini yedim. İkinci bulkaya keçid etmək istəyəndə yadıma bayaqkı ağsaq it düşdü. Nə qədər mənə qarşı aqressiya nümayiş etsə də, nəticə o əngəlli itiydi. Kim bilir, bəlkə də, acdır. Mənə bir bulka yetər, ikinci onun qismətidir. Qapıya yaxınlaşanda eyni hal yenidən təkrarlandı. Mən əlimdəki bulkanı ona tərəf atanda sanki daş atırmışam kimi daha da aqressivləşdi. Bulkanı da dişinlə çəkişdirib acıqla bir tərəfə atıb üstümə doğru irəlilədi. Yenə də, satıcıların müdaxiləsi sayəsində uzaqlaşdı. Niyə məhz mən? Bu qədər insanın arasında təkcə mənim üstümə hücum çəkməsinin bir səbəbi olmalıdır axı. Bax o səbəb növbəti dəfə, bazar günümdə o bazara gedənə qədər mənə sirr olaraq qaldı. Hətta, bu sirr mənim fikrimi o qədər dolaşdırdı ki, kasıb mətbəxinin “şah plov” u hesab olunan kartofu almağı unutdum. Evə çatanda o kartofdan süfrədə xariqələr yaradan mətbəxin şefi “a kişi, bəs kartof almamısan?” – deməsi mənə nə almadığımı xatırlatdı.
      Səhər oyanıb köhnə geyimlərimdən birini geyinib evdən çıxdım. Bazarın giriş qapısına yaxınlaşdıqca məndə həyacan da artırdı. Görəsən yenəmi o it ordadır, yenəmi dişlərini qıcayıb mənə hücum çəkəcək? Bu düşüncələrlə də, nə vaxt giriş qapısına çatdığımın fərqinə varmadım. Fikir qatarından ayrılanda hiss elədim ki, həmən axsaq itin yanında dayanmışam. Lakin bu dəfə it qapının kölgəsində mürgüləyirdi. Heç mənim varlığıma əhəmiyyət də vermədi. Nə əcəb məni tanımadı? Yox-yox, itlərin yaddaşı yaxşı olur axı. Bu işdə başqa bir sirr var. Bunu mütləq öyrənməliydim. Qapının kənarında dayanıb tərəvəz satan satıcıya yaxınlaşdım. Bir neçə tərəvəzin qiymətini soruşub, evin təlabatına uyğun çəkib verməsini söylədim. Əslində məqsədim təkcə tərəvəz almaq deyildi, itin sirrini öyrənmək idi. Satıcıya iti göstərib, dünən mənə hürdüyünü, bu gün isə əhəmiyyət vermədiyini dedim.
  • Qardaş oğlu, rəsmi geyimdə olmamısan ki? Satıcının sualı məni heyrətə gətirdi: -Bəli, əmi, geyimin mənə hürməsinlə nə əlaqəsi var ki?
    • Var, qardaş oğlu, o it rəsmi geyimdə kimi görsə o cür hürüb üstünə şığıyır.
    • Niyə axı?
    • Təxminən bir ay əvvəl yolu keçərkən bir xarici maşın onu vurdu. Sahibi kostyum-şalvarlı, qalustuqlu bir kişiydi. İnsafı kəsilmiş maşından düşüb əməlindən peşman olmaq yerinə yazıq yaralı iti təpiklədi ki, “köpəkoğlunun iti maşını əzdi”. Bazar camaatı iti güclə əlindən aldıq. Nə qədər itə yardım eləsək də, ayağı gördüyün kimi topal qaldı. O vaxtdan bəri harda qalustuqlu, rəsmi geyimli insan görür, bax eləcə üstünə hücum çəkir.
      Satıcının bu sözlərindən sonra məndə bir sual yarandı. Görəsən bu it onu topal edən rəsmi geyimli şəxsi tapıb qisasını alana qədər neçə mənim kimi rəsmi geyimli insanların üstünə hücüm çəkəcək? Mənə elə gəlir ki, o heç vaxt qisasını ala bilməyəcək…