Ən sevdiyim obraz
Cəmiyyət insanların kimisinə görə sadecə bir mübarizə meydanı, kimisinə görə isə öz həyatlarındakı yerlərini, hansı obrazlara sahib olduqlarını və hansı obrazları həyatlarına daxil etdiklərini göstərən bir öyrədici, ən yaxşı müəllimdir. Bir insan ömrünün sonuna kimi bir çox obrazlara bürünür, məsələn, ana, ata, müəllim, şair, övlad… Öz həyatınızda hansı obraza sahib olacağınızı siz seçirsiz və onların gətirdiyi öhdəlikləri, məsuliyyəti yerinə yetirməyə çalışırsınız. Bəs heç düşündünüzmü, ya yaşadığınız mühitdə heç bir obraza sahib olmasaydınız,ya da heç kim heç bir obraza sahib olmasaydı necə olardı?
Mənim fikrimcə yaşadığımız mühitdə hər birimiz hər hansı bir obraza sahib olsaq da, olmasaq da həmişə bir obrazın parçası olaraq qalacıq. Əlbəttə ki, həyatımızın. İnsan bəzən özünü yarımçıq, əskik hiss edər və özünü tamamlayacaq nəyinsə və ya kiminsə axtarışına çıxar, ancaq bilməz ki, əslində insanı tamamlanmamış, yarımçıq hiss etdirən sahib olduğu düşüncələridir. Heç bir insan düşünməz ki, onu tamamlayan sahib olduğu öz həyatıdır. Əslindəhəyatımız ona hiss etdirdiyimiz qədər bizə sahib olma şansı verər və verdiyi qədər düşündürər. Yəni, hər şey bizdə başlayar və bizdə bitər. Həyatımız əslində özü bir obrazdır, biz isə onun ssenaristi. Bəli, indi bəlkə də düşünürsünüz ki, “rollar necə dəyişə bilər?” və yaxud “ tam əksi olmalı deyilmi?”
Əslində, tam əksi də ola bilər. Yəni, həyat ssenarist, siz obraz ola bilərsiniz. Ancaq onda sizin, küləyin ilk güclü əsintisində budağından qopan yarpaqdan fərqiniz qalmaz. Yarpaq da bilməz külək əsintisi ilə hara məskən salacağını, sizdə bilməzsiniz ssenari bitdiyində sonunuzun necə olacağını. Əgər həyatınızın ssenaristi siz olacaqsızsa, bəlkə yenə ssenarinizin sonunubilməyəcəksiniz, amma həmin sona yön verən olacaqsınız.
Bir rəsmin gözəl və ya çirkin olması, onu rənglərin sehri ilə bəzəyənrəssamın əlindədir. Bəzən bir çizgi, bir qaralama böyük bir rəsmin ilk başlanğıcı və yaxud o rəsm tamamlandıqda nəyə bənzəyəcəyinə yön verən ola bilər. Rəsm yaradılarkən əlbəttə, nöqsanlar baş verir. Ancaq önəmli olan nöqsanların baş verməsi deyil, rəssamın ya onu silib yenidən çizməyə başlaması , ya da həmin nöqsandan şahəsər yaratmağa çalışmasıdır.Rəsm bitdiyində heç kim rəssamdan hansı çətinliklərdən keçərək və yaxud nə qədər vaxt sərf edərək onu yaratdığı ilə maraqlanmaz. Sadecə rəsmin gözəlliyi ilə bağlı öz düşüncələrini dilə gətirər və gedər.
Həyatımız da belədir. Yəni biz düz yolda addımlamağa çalışarkən bir baxarsan ki, qarşıda bir maneə var və yaxud həmin yola dəvam edərkən ətrafındakı qara buludlardan ötrü irəlliyə bilmirsən. Elə həmin vaxt ya çarə axtarıb yolunu dəyişdirməlisən yada geri dönüb hər şeyə sıfırdan başlamalısan. Önəmli olan bunları etmiş olmaq deyil, səbrini və iradəni,hər şeydən öncə duyğularını düzgün idarə etməyi bacarmaqdır. Həyatınızın rəssamı da, senaristi də sizlərsiniz. Yaratdığınız senari də, rəsm də sizin əlinizlə şəkillənəcək.
Yaşantımız boyunca yalnız xoşbəxtliklər deyil, eyni zaman da kədər, qəm də yaşayırıq və yaşayacağıqda. Yalnız kədərimiz belə bəzək əşyası kimi sətirlərimizi bəzər, daha da cəlbedici bir ssenarinin yaranmasına səbəb olar bilər. Sətirlərimi sizinlə paylaşarkən əslində sizlərə çatdırmaq istədiyim bundan ibarətdir: Hər birimizin kədər dediyi duyğu əslində bəlkə də ssenaristi olduğumuz həyatımızı fərqli bir şəkildə bəzəyən bir naxışdır. Bunlara xitabən son sətirlərimi sizinlə paylaşmaq istərəm. Bu sətirlərim ümid edirəm ki, kiminsə həyatına, kiminsə sadecə ruhuna naxış olar: “ Həyatın vicdan məhkəməsindən alnıaçıq çıxa bilsəm əgər, mənim üçün ayrılan taleyin incə ipinə ümid muncuqlarını dənə-dənə düzər, ruhuma qorxu salan bilinməz gələcəyimin boynundan taxardım.Taxdığım o muncuqlu ipin mələyi qısqandıracaq gözəllikmi, yoxsa edam hökmünü verəcək əzrailmi olduğunu bilmədən hətta…”.