Ənqa quşunu görüb, əbədi həyatı qazanmaq üçün etdikləri səfərin ilk günləri hər şey öz qaydasınca gedirdi. Yazılmamış, amma güzəştsiz qanuna hamısı sözsüz əməl edirdi.
Məgər onlara indi kimsə “dur!” deyə bilərdi?
Məgər onlar öz istəkləri ilə yola çıxmamışdılar?
Kim onlara ikinci bir xəritə cızar, yol təyin edə bilərdi?
Məgər fikirlərini qət edib, qərar çıxarıb, gələcəkləri üçün hökmü özləri kəsməmişdilərmi?
Bu yetkin yaş sahiblərinə, qanadı bərkimişlərə kimsə sahib çıxa bilərdimi?
Onlar özləri özlərinə,sözlərinə hakim olduqları üçün, özləri də özlərinə sahib idilər.
Bu yolda kimsə onlara böyüklük edib, sahib çıxa bilməzdi!
Yola sahib olmaq istəyənin, gərək hökmü öz içində doğsun!
Günəşin şəninə rəqs edənlər
Günəş artıq göy üzünə qalxmışdı, istisi quşların kürəyini qarsıyırdı. İlk dəfə idi ki, saatı bilmədiyi üçün utandı və bu yerdə flaminqolara zəki canlı kimi qibtə etdi.
– Saat on iki tamamdır!..
Ana flaminqo zaman təyinindən sonra dəstənin üzərinə qalxdı, boğazını göyə milləyib günəşə ani açıq gözlə baxdı. Yaşaran gözlərinin suyunu boğazını qıvırıb kürəyinə qəfil çırpmaqla sildi. Bir də başını göyə millədi, yenə boynunu qıvırdı və ardından səfər dəstəsinin alt qatına endi. Bundan sonra dəstədəki bütün flaminqolar dəstədən ayrılıb hamısı komandirdən əmr almış əsgərtək birnəfəsə yuxarı qalxdılar. Onlar ana flaminqonun hərəkətlərini mütləq mənada təkrarladılar.
– Olmaya, bu, flaminqo aləmində günəşə sevginin etirafıdır?
Başarıda flaminqolara qarşı heç bir qısqanclıq yaranmadı, günəşi hər kəs sevə bilər, əlbəttə, onu dərk etdiyi qədər. Lakin sevginin təzahürləri müxtəlif olur… Eşq təmənnasız olmalıdır, sevdiyin qədər sevilməyə bilərsən.
– Günəş də bizi sevirmi?! – Günəşdən qarşılıqlı sevgi uman bala flaminqo anasından sordu. O, ardından durduğu yerdəcə havadan asılı qalıb sağ ayağını gövdəsinə sıxıb tək ayaq üstə günəş şüası ətrafında saysız dövrə vurdu.
Bala quş sevgi gözləyirdi, görünür, onun sevgisini anlamayan birisinə içindəki intim duyğularını xərcləmək istəmirdi.
– Əsas olan sənin sevməyindir və sevdiyin sənin sevginə layiq olmalıdır! – Ana flaminqo günəş şüası altında qanadlarını geniş açıb bükdü. Günəşdən gələn bütün işığı bir anda sinəsinə basıb qucaqladı. Bala quş hərəkətini dondur muşdu. Havada qanadlarını tam açıb, müvazinətini tarazlayıb dururdu. Görünür, o, günəşin onu sevməsinə şübhə edirdi, ya da günəş şüası ilə necə davranmaq olar mövzusunda tam qənaətə gələ bilməmişdi. Ana flaminqo qanadlarını cütləyib lalə qönçəsitək dimdik havaya millədi və qəfildən açıb balanın üzərinə yol aldı. Dimdiyini onun sinəsinə vuranda bala da qanadlarını açıb özünü rəqs meydançasına atdı.
- Onlardamı günəşə çatmaq istəyirlər?
- Ətrafa göz atdı, flaminqoların rəqslərini seyr etməkdən ötrü boy-boya durmuş səfər dostlarının hamısı ağzı açıq, heyrət içində rəqs meydançasına marıtlamışdılar.
- Başarı öz sualına özü cavab verdi:
– Nədən də olmasın!
– Günəşə fiziki çatmaq önəmli deyil, ondan gələn istiliklə ruhumuz qidalanırsa, bu yetər.
– Rəqqasələrin solisti, hə, ana flaminqo həm də rəqs dəstəsinin başçısı idi. Günəşə sevgini rəqsləri ilə etiraf edir və günəşdən aldığı enerji ilə sevginin qarşılıqlı olduğunu qəbul edirdi. Flamingolar son dəfə günəşə doğru qalxanda onları müşahidə edən Başarı çaşqınlıqdan donub qaldı. O, müşahidə etdi ki, quşların rəngləri ağappaqdır. Lakin ilk dəfə onları iclasda görəndə rənglərinin qırmızı olduğunu yaxşı xatırlayırdı. Bir az da çəhrayıya çalırdılar.
– Gerçəkdən, bu həmin quşlardırmı?
Başarı gözlərini yumub, açıb onlara bir də diqqətlə baxdı.
– Bəlkə, bu ağ flaminqolar dəstəyə yarı yolda qatılıblar. Bəlkə də, hər hansı bir qayalığı aşarkən…
Onu fikrindən ayıran quşların özü oldu.
– Bu yol rəngimizi bizdən aldı!
– Solist flaminqo gileygüzar etdi. O, dimdiyi ilə sinəsini eşməyə başladı. Sanki itmiş qırmızını axtarırdı. Lakin məyusluğu üzündən çəkilib getmirdi. – Ağ lələklər tez çirklənir…
– Çirkin flaminqonu təsəvvür etmək əzabını beynimə sığışdıra bilmirəm!..
Ana quşa qahmar çıxan rəqs meydançasındakı tərəf müqabillərindən biri idi. Flaminqolardan savayı kimsə onun yoldaşlarına etdiyi işarənin mənasını anlamadı. Onlar elə rəqs etdikləri kimi yenə də topa ilə dəstədən ayrılıb, bu dəfə günəşə sarı yox, aşağıya doğru əyilib cəm oldular. Dənizin sahilinə vəhşi ehtirasla cuman quşlar, bayaq günəşə olan sevgilərini nümayiş etdirdikləri tək suya da eyni eşqi bəyan etdirdilər. Başarı isə çox sonralar öyrəndi ki, flaminqoların lələklərinə qırmızı çalarlar sudan tutub yedikləri xərçəng kimi canlılardan gəlir.