Erməni qonağımız.
Məsafənin nə qədər olmasından aslı olmayaraq,sən dünyanın hansı bucağında olmuş olsan da, hansı məsafədə olsan da,əgər yer kürəsinin bir tərəfində müharibə,digər tərəfində uşaqlar varsa,hansısa formada müharibəni hiss edəcəksən.Başqa yolu yoxdur.Əslində biz müharibədən uzaq idik.Yəni məsafə baximindan.Qarabağ hara,Cəlilabad hara?Amma sən demə müharibəni həyatımızın ta içində yaşayırmışıq.
“Üç qaranquş və biz” hekayəsini yazıb bitirdikdən və oxuduqdan sonra da hiss etdim bunu,bizim həyatımız,mənim uşaqlığım bir ölkədə müharibə varsa o ölkənin uşaqlarının həyatı ən yaxşı halda necə olar,elə keçib.Və bu gün dönüb geri baxanda,bir insan, vətəndaş,valideyin olaraq öz valideyinlərimə haqq qazandırb-qazandırmamaqda qərarsızam.Mən onların edə bildiyini edə bilərdimmi?Insanlıq yoxsa vətəndaşlıq mövqeyi?Vətəndaş olmaq insanlıqdan çıxmağı tələb edirmi?Bir valideyin müharibənin ən qızğın çağında düşməninin uşağını gətirib öz övladlarının yanına salırsa,və bu uşağın kim olduğunu,o “kim”in kim olduğunu,kimlər olduğunu heç bir halda hiss etdirmirsə,sanki belə olmaq ən normalmış kimi rəftar edirsə o valideyin haqlıdır ya haqsız? Bəlkə elə normalı odur?Bəlkə elə onu düzgün sandığımız üçün nələrisə itirmişik?
Hava qaralmaq üzrə idi.Kənd yerlərinə məxsus o axşamçağı təlaşı,otlaqdan qayıdan qoyun quzunun,mal heyvanın,onları qarşılamağa can atan balalarının səs-küyü -bütün bunlar həmişəki şeylər idi amma bu mənzərəyə verilən reaksiya həmişəki deyildi.Nənəm,həyətə girən böyük inəyə doğru qaçan,onun gün boyu təzə otlardan yeyib döşünü südlə doldurmuş anasının əmcəyini necə tələsik əmməyinə baxıb qışqırmırdı.Bala dananı kənara çəkməyə çalışıb,onun yeməyinə şərik olub südü vedrəyə sağmırdı.Bu günün südünün boşa getmək fikri deyəsən onu narahat etmirdi.Çünki başqa narahatçılığı var idi.Elə gəlinbacımın da(əmimin yoldaşı)elə bibilərimin də,elə anamın da.Hamısı pilləkəndə oturub fikrili nəzərlərlə həyət qapısına baxırdılar. Oynayıb səs-küy salmağa cəsarətimiz çatmırdı artıq.Hiss edirdim ki,o qapı bir az da gec açılsa, Rusiyada olan,bu gün gəlməli olan və gecikən iki əmim o qapıdan girməsə ağlaşma başlayacaq, həm də nə başlayacaq.
Onların bu halı mənim üçün maraqsız idi.Hamı çöldə və başı qarışıq idisə bu fürsəti əldən vermək olmazdı.Içəri getdim.Nənəmin “qiymətli” əşaları saxladığı sandığı açdım.Üstündə döşəkçələr var idi.Hansı ki,o döşəkçələr qonaq gələndə evin ortasında olurdu;qonaq otursun deyə.O döşəkçələrin sayı 5 idi,10 idi indi bilmirəm onu.Amma görünür çox imiş ki,hıqqana-hıqqana sandığın dəmir dəstəyindən tutub döşəkçələr qarşıq qaldıranda ağır gəlirdi mənə.
Sinəmlə sandığın qapağına dayaq edib bir əlimlə də içinə salıb qarışdırdım.Istədiyim şeyi çox axtarmalı olmadım.Iki dənə “mu-mu” keçdi əlimə.Sandığın qapağını buraxdım.Yerindən tərpənmiş döşəkçələri də səliqəyə salıb tələsik “mu-mu”nun birini soyub ağzıma atdım.O birini isə cibimə dürtüşdürdüm.
“mu-mu” ağzımda əriməmiş çöldə səs-küy qopdu.Bu qoyun-quzu səsi deyildi yox.Çölə qaçdım.
Nənəm növbə ilə hər iki oğlunu qucaqlayırdı.Bibilərim sevincdən yaşaran gözlərini silirdilər. Anamın üzündə həm sevinc,həm də gizli maraq var idi.Gəlinbacım isə pərt idi.Ürkək nəzəzrlərlə gözlərini bir istiqamətə zilləmişdi.Onun baxdığı tərəfə baxdım.
Əmimin ayaqlarını qucaqlayıb sıxılan,sakit, həyəcansız nəzərlərlə olanları izləyən,hardasa mən boyda olan,sarısaç, mavigöz,əlində kiçik çantası olan qız mənə baxırdı.Nəzərlərimiz toqquşdu:tez ağzımdakı “mu-mu”nu uddum.
Gəlinbacım ehmalca ərinə yaxınlaşdı.Yanlız ikisinin eşidə biləcəyi səslə(mən onsuz da gözəgörünməz idim)qısa bir dialoq keçdi aralarında:
Bu uşaq kimdi?
“Xazayka”nın nəvəsidir.Atası qarşılayacaqdı,gecikdi nəsə,məcbur gətirdik özümüzlə.
Sənə oxşayır.
Kül başuva.dərdinə bax.
Əmim gəlinbacımdan aralanıb uşağın başına yığışanların səs-küyünü azaltmağa çalışdı:
Yaxşı,uşağı buraxın bir nəfəs alsın.Bir tikə çaydan-çörəkdən verin.Elə həyətdə duracayıq?
Əmim evə keçdi.Onun arxasıyca da,üzündə rahatlamış ifadəylə arvadı.Anam balaca qonağın əlindən tutub bilmədiyim dildə,başa düşmədiyim sözlərlə sual yağışına tutdu.Uşaq bütün suallara qısa,sakit cavablar verirdi.Birdən bibim anamdan soruşdu.
Adı nədir?
Anam da tez nəsə soruşdu.Qız yenə eyni sakit səslə:
Kristina- dedi.
Və beləcə bizim 3 günlük qonağımız,bir ömürlük xatirəmiz olacaq Kristina evə girdi.
Əmimin iki oğlu var idi.Ikisi də oğrun-oğrun kənərdan baxırdı Kristinaya.Kristina da nəzərlərini hərləyib-fırlayıb elə onların üzündə saxlyırdı.Əmim ona yaxınlaşdı:
Kristina,bax bunlar mənim oğlanlarımdır.Adları da-əmim bir saniyə fikirləşib:-Roma və Şurik- dedi.
Oğlanlar əvvəlcə bir-birlərinə sonra əmimə baxdılar.Axı ilk dəfəydi kimsə onları belə adlandırırdı. Əmimin oğlanları öz yeni adlarından heyrətləndilər amma eyni zamanda məhz Roma və Şurik olduqları üçün bir az daha şanslı bildilər özlərini.Kənarda durub baxan bizə nisbətən təbii ki.Roma bir az daha ağzı açıq Kristinaya baxıb atasına döndü:
Kristina bu gecə bizdə yatacag?
Əmim oğlunun həvəsli üzünə bir iki saniyə baxıb ehmal bir qapaz ilişdirdi başına.
Yox,ədə.Nənəngildə.
Roma pərt halda Şurikin arxasına keçdi.Kristinanın qarşısında qapaz yeməyi pis olmuşdu. Kristinanın isə deyəsən heç nə vecinə deyildi.Romanın qapazına da soyuqqanlılıqla üzünü çevirdi.Ətrafa çox diqqətlə baxır,amma sifətindəki laqeyid ifadə silinmirdi.Əmim əllərini dizinə vurub oturduğu stuldan qalxdı.Bütün səs-küyü basdıracaq tonla anasına döndü:
Nənə,bu uşağa öz yanında yer salarsan.Gecə tualet zad istəyər birdən ayıq ol sən canı. Əmanətdi.
Nənəm paltarın ətəyi Kristinaya dəyməsin deyə yığışdırıb:
Bala mən namazqılan adamam,bu uşaqla yatsam mundar olaram.
Eybi yox qəzasın qılarsan bir günlük bir şey olmaz.
Neçə gün qalacag bəs?
İndi görək də-əmim başının külfəti ilə qapıdan çıxhaçıxda dedi:-sabah poçta gedib anasına zəng vurarıq.
Əmimgilin getməyi ilə otaqdakı səs-küy yarıya endi.Kristinaya rahat yaxınlaşa bilərdim artıq. Ehmalca onun oturduğu tərəfə süründüm.Nənəmin dizinin dibinə yaslandım.Elə təzəcə göz-qaş, him-cim söhbətinə başlamaq istəyirdim ki atam ayağa durdu.İndi getmək növbəsi bizim idi. Təəssüflə yerimdən qalxdım.Kristina heç kimə baxmadan öz çantasını qurdalayırdı.Hətta bir ara ağzını açıb əlini çantaya saldı.Qapıdan çıxmağımı ləngidib onun çantadan nə çıxaracağını dəhşətli dərəcədə çox maraq edirdim amma böyük bacım qapını tutduğum üçün dürtməylə məni otagdan çıxartdı.
Yerimə girəndə də gözümü yuman kimi Kristinanin o kiçik əl çantası gəlirdi ağlıma.Görəsən nə var idi onda?Kristinaya yemək də yedirdə bilmədilər.Nə təklif etdilərsə yemədi.Nənəm qaz bozbaşı bişirmişdi halbukı.Qaz bozbaşından daha dadlı nə var?Ət tikələri də böyük olur.Bu Kristina ağzının dadını bilmir.Ya da yəqin çantasında doya biləcəyi çox ləzzətli bir şey var. Görəsən nə?
Əmim dedi sabah zəng edəcək anasına.O da ərinə xəbər etsə,sabah gəlib apararlar yəqin.Mən dərsdən qayıdana qədər getsə?Of bilməyəcəm nə var idi çantasında.Bəlkə sabah dərsə getməyim?
Ma?
Qız sən hələ yatmamısan?
Ma, sabah dərsə getməyim?
O niyə?
Kristinayla oynayaram.
Olmaz! Bəlkə əlifbadan təzə hərf keçəcəksiz, getməsən geri qalarsan.
Axı Kristina…
Əşi Kristina qaçmır ki. Get dərsə günortadan sora oyna da Kristinayla.
Birdən mən gələnə qədər getsə?
Getməz. Hara gedir
Neçə gün qalacaq?
Atası gəlib aparana qədər.
Atası nə vaxt gələcək?
Əşi mən nə bilim! Yat!
Anamı hirsləndirməık xeyrimə olmazdı. Həm bacım da yanımda qurdalandı əsəbi-əsəbi. O biri otaqda Anam eşitməsin deyə astaca dilləndim:
Gördün onun “sumkasın”?
Gördüm. Nə olsun?
Görəsən içində nə var?
Görməmiş olma!
Pah Sən görmüsən?
Maa?
Yaxşı-yaxşı susdum!
Gec idi amma:
Nə var?- digər otaqdan anamın narazı səsi gəldi
Qızına de səsin kəssin. Qoymur yatım.
Hansı qızıma?
Bacım çaşdı. Qaranlığda gözün necə döydüyünü təxmin etdim. Yorğanı başıma çəkib xısın-xısın güldüm
Səhər tez açılsın, dərsə tez gedim, evə tez gəlim, Kristinayla tez oynayım
Səhər məktəbə gedəndə,nənəmgilin həyətindən keçirdim həmişəki kimi. Bibim həyəti süpürürdü. İçəri boylansam da heç nə görmədim. Tam sakitçilik; hər kəs yatmışdı. Bir də tövlədən nənəmin səsi gəlirdi. Narahat nəzərlərlə evə tərəf baxa-baxa həyətdən çıxdım. Birdən mən gələnəcən gedərdi Kristina…
Dərsdən qayıdanda demək olar qaça-qaça nənəmgilə girdim. Heç kim yox idi. Nitqim qurudu. Ətəyinə tökdüyü paxlaları qırıb içini çıxardan bibimdən soruşdum:
Kristina getdi?…
Yoox.
Bəs hardadır?
Sizə gedib.
Nə?Oleyy… Qapıya tərəf qaçıb birdən dayandım.Bir az bibimin belini sındırdığı paxlalara baxıb soruşdum:
“Sumka”sın da aparıb?
Nəyin?
Əlində balaca sumka vardı haa
Nə bilim əşi, deyəsən hə.Evimizə çatanda ürəyim daha şiddətlə döyünürdü. Qapını açmağımı heç kim eşitmədi çünki evdə,anamın belə məqamlarda dediyi kimi-“koşmar” var idi.Qapının ağzında dayanıb onları izlədim
Kristina,iki əmioğlum, qonşudan iki qız və hətta bacım da,bəlkə də boğazlarından çıxa biləcək ən yüksək səslə çığıra-çığıra qaçır,bir-birini tutmaga çalışır,otaqların qapısı əvəzinə pəncərələrdən istifadə edirdilər.Bacım arada rusca kəlmələrdən də istifadə edirdi:
O boju moy…Net,net.
Da,da
Kristina da ona nəsə cavablar verirdi.Arada bir gülümsünürdü də.Və o an başa düşdüm ki, məsələ ancaq Rus dilini bilməkdədir.Və o an irəliyə keçib yüksək səslə:
Kristina, stoy!- bağırdım.
Bir anlıq sükut çökdü.Sonra bacımın iztehzalı nəzərləri Kristinanın saymazyan baxışlarına qarışdı. Arada da əmioğlanların bic-bic,xısın gülmələri eşidildi.Məni tər basdı:
Kristina,stoy!…Davay,davay,davay.
Və möcüzə.Kristina gözü məndə ikən gülümsündü.Bulanıq gözləri işıqlandı.Qatar şəklində düzülmüş uşaqlar hərəkətə gəldilər.Kristina isə mənim köynəyimdən yapışdı.Xor şəklində evin bütün otaqlarını gəzə-gəzə oxuyurduq:
Kristina,stoy,davay,davay,davay.Kristina,stoy,davay,davay,davay.
Bu gözəl ritmik mahnının ortasında otaqların birindən atamın səsi gəldi.Uzanıb dincəlirdi və artıq deyəsən başı qazana dönmüşdü.Bacım qayıdanda bizə sərt nəzər saldı:
Sakit olun,atam dincəlir.-Sonra mülayim formada Kristinaya xitabən:
Kristina,tixa.Papa spit-dedi.
Kristina bir anlıq susdu.Sonra yenə əvvəlki səslə köynəyimdən tutub dartışdırdı:
Kristina,tixa,papa spit,Kristina,tixa,papa spit.
Biz də ona qoşulduq və bacımın acıqlı baxışlarını,göz-qaş oynatmağını vecimizə almayıb oyunumuzu davam etdik.
Anam xəmir yoğurmuşdu.Bir azdan bişmiş çörəklərlə evə girəndə və hər tərəfi təzə təndir çörəyinin ətri bürüyəndə Kristina da yaddan çıxdı onun diqqətini çəkmək dərdi də.Hamımız acgözlüklə anamın yerdə süfrə üstünə sərdiyi,üstünə kərə yağı çəkdiyi çörəklərə cumduq. Hərəmiz bir parça çörək götürüb mətbəxdə nənəmin atdığı nehrədən yaranan ayrana batırıb yeməyə başladıq.Kristina maraqla bizə baxırdı.Əvvəlcə təklifimizə fikir vermədi.Amma sonra 4-5 uşağın birdən bu təama hücüm etməyimi,ya çörəyin qoxusumu onu çəkdi.Uzatdığımız çörək parçasını əvvəl tərəddüdlə,sonra iştahla yeməyə başladı.“Roma”dişlərini ağardaraq bizə işarə etdi:
Qarunqulu imiş ki bu.
Bacım gözünü bərəltdi:
Qarınqulu niyə olur?Sənin hər gün yediyin şeydi yenə gözünə təpirsən.O yazıq nə bilir belə şeyin dadını.
Bu gün çörək bişmişdisə deməli yemək də nəsə xəmir xörəyi olacaqdı.Çünki anam iki işi birləşdirməyə çalışırdı həmişə.Vaxt azlığına görə.Xəngəllər kəsilib hazır saxlanmışdı.Bircə qalırdı suyu qaynatmaq.Hamımız növbə ilə padnusların başına sərilmiş xəngəlləri anamın yanına aparırdıq o da onları bir-bir qaynayan suya tökürdü.Kristina yenə əvvəl sadəcə tamaşaçı qismində baxdı,sonra bizə qoşldu.Əyləncəli şəkildə,bir-birimizi itələyə-itələyə xəngəlləri anama daşıyıb qurtardıq.Yekə qazanda qaynayan suyun içinə tökülən xəngəllər bir az sonra aşsüzənin içində buğlanırdı.Hamımız həvəslə sarımsaqlı qatığı xəngəlin üstünə tökəcəyimiz anı gözləyirdik. Və o an heç gözləmədiyimiz bir şey oldu.Kristina boşqabı kənara itələyib:
Ne xaçu!- dedi.
Kristina, eta xəngəl e, xəngəl xaraşo, oçen xaraşo.
Nea!
Aa,ay bala bəs çto xoçeş?
Hmm,sup.Sup xaçu.
Anam süfrədən durub Kristina üçün balaca qazanda sup bişirməyə başladı.Hamımız təəccüb içində pıçıldaşırdıq.Elə bil möhkəmdən danışsaq Kristina başa düşəcək.Bu dəlidir ki,bizim ən çox nifrət etdiyimiz yemək sup idi.Çünki nə vaxt ki xəstə olurduq,anam umac,əriştə,sup və s bu kimi dadsız yeməklər bişirib məcbur içirdirdi bizə.Amma bu Kristina belə dadlı xəngəli qoyub,içində nə bilim yerkökü,çuğunur olan supu yeyəcək.Ağzının dadın bilmir.Bacım yenə ağıllı fikrini dedi:
Bilirsiz, o xəngəl yeməyib axı, xəngəli bizdən başqa heç kim yemir. ..
Nöş yemir e?Mən Bakıda olanda dayımgil də xəngəl bişirmişdi.
Axmaq!Biz yəni biz də.Azərbaycanlılar.
Baklılar da azərbaycanlıdır?
Of…
Axşam yeməkdən sonra adəti üzrə yenə nənəmgilə yığışmışdıq.Roma Kristinanın onlarda qalmaq fikrindən hələ ümidini üzməmişdi.Yenə dilə tuturdu onu.
Kristina bax bu gecə bizdə qal nə qədər quşvuranım varsa hamısın sənə verəcəm.
Kristina onu başa düşmürdu amma ilıq təbəssüm bəxş edirdi.
Mənim fikrim əmimlə qonşu kişinin söhbətindəydi.Qonşu yavaşca:
Bu sarı uşaq hansınızın günahıdır–deyəndə əmimgil xısın-xısın güldülər.Sonra əmim ciddi şəkildə danışdı:
Şaxtyordaydıq.Bular anası,nənəsi ev sahibidi atası Bakıdadı.Uşağı verdi atasına çatdıraq.O da gəlmədi nəsə.Axşam düşürdü tək qoya bilməzdik ki ayraportda.Məcbur gətirdik.Bayax iki dəfə zəngcün getdim düşə bilmədim.Atasının bakı nömrəsin də bilmirəm.
İndi o rus arvad əriylə danışsa biləcək uşağı almayıb
Rus deyil ermenidir. Nə edə bilərəm,atasının Bakı nömrəsini bilmirəm.Sabah yenə arvada zəng edəcəm.Gəlib aparsınlar amanatların.
Elə-elə.Xataya salar sizi.
Əmim qonşunun qayğılı üzünə baxıb dedi:
Yoo,kişi Bakı ruslarındandır.Elə Şaxtyorla Bakı arasında gedir,gəlir. Biz də…
Sonrasın eşitmədim çünki qulağımın dibində möhkəm gülüşmə düşdü.:
Nənəm iri kəllə qəndi sərdiyi süfrənin üztünə qoyub balaca çəkiclə sındırırdı.Sınan qəndlər çəkicin çanağına tökülürdü.Görünür Kristinaya çox maraqlı gəlmişdi ki gedib nənəmin dizinin dibində oturub gözünü çəkicin necə hərəkət etməsindən çəkmirdi.Elə bu an nənəm ona qənd təklif etmişdi:
Kristina saxar yeysən?
Otağı bürüyən gülüşmə də bu səbəbdən qopmuşdu.Kristina bir gülənlərə bir də nənəmə baxıb susurdu.Nənəm “səhvini” düzəltdi:
Yaxşı,Kristina,saxar yeş?
Nu..da
Nənəm ən iri,parlaq qənd parçasın ona verdi.Kristina qəndi yemədi.Mən onun yerinə olsaydım o dəqiqə ağzıma atardım.Fürsətdən istifadə Romayla Şurik nənəmə tərəf süründü:
Bizə də,bizə də ver.Veeer
Köpək uşağı,o qonağdı
Mənim fikrim Kristinadaydı.Çox möcüzəli anlar yaşanırdı:Kristina öz balaca əl çantasını açmışdı. Çantanı boşaldıb qəndi münasib şəkildə ora yerləşdirmək istəyirdi.Və beləliklə mən o çantada nə olduğunu gördüm:bir snikers şokaladı,bir cüt ev başmağı və bir sarı armud.
Kristina armudu bükdüyü salfetkanın kənarından Bir parça cırıb qəndi bükdü.Yenidən “əmlakını” səliqəylə,təmkinlə çantasına yerləşdirdi.Həmin an ürəyim az qala yerindən çıxacaqdı.Mən heç vaxt bu qədər qiymətli şeyi bir arada görməmişdim.Bütün onlar Kristinanın ixtiyarında idi amma o onları yemirdi.Görünür evlərinə aparıb ordakı dostlarının yanında öyünmək istəyirdi.Yəqin əmimgil armud və şokaladı Bakıda almışdılar ona.Çünki ev başmağının büküldüyü kağız fərqli idi. Armud və şokalad isə eyni salfetkaya bükülmüşdü. Bir az da açıq qalsaydı işi çözəcəkdim amma elə bu an kimsə böyrümdən bir dürtmək vurdu:
Ağzını sil, suyu axır!
Sənə nə!
Bacım nifrətlə baxdı mənə:
Görməmiş!
Sən görmüsən?
Bəli!
Harda?
Bacım duruxdu.Hər halda bu boyda yalanı deyə bilməzdi:
Rus kanalında reklam edirlər həmişə sinikersi.Orda görmüşəm.
Əh..orda mən də görmüşəm.
İkimiz də susduq bir az.Mən beynimi gəmirən sualı dilimə gətirməyə qərar verdim nəhayət:
Əmimgil heç bizə sinikers almayıb indiyəcən. Amma prastinaya alıblar.
Of!Prastina yox!Kristina!
Hədə ona.
O qonağdı.
İndi biz olara getsək biz də sinikers alarlar?
Nə bilim.Onun əmisi yoxdu heç bəlkə.
Əmimə tərəf süründüm:
Əmi…Əmi?
Hə?
Prastinanın əmisi Var?
Var.İki əmisi var.Neynirsən ki?
O da bizə sinikers alsın da.Sən ona almısan elə.
Əmim gülməyin boğub burnumu sıxdı həmişəki kimi:
Mən sənə alaram sinikers.
Nə vaxt?!!
Nə vaxt Bakıya getsəm.
Nə vaxt gedəcəksən bir də Bakıya?
Qoy görək Kri..prastinanın atasından səs çıxmasa sabah da,özümüz onu aparacayıq Bakıya. Onda alaram.
O an hər şeydən çox istəyirdim Kristinanın atasının onu unutmağını.
Səhər məktəbdən gələndə Kristinanı soruşmağa ehtiyac olmadı.
Nənəmgilin aynəbəndinin altında nə vaxt əkildiyi bəlli olmayan alça ağacı var idi.Ləzzətli göy alçalar gətirərdi.Hansı ki qonşunun qırmızı alçaları ilə dəyiş-düyüş edərdik.O ağacın işə yarayan tərəfi tək bu deyildi.Möhkəm budaqlarından bir yelləncək asmışdıq və o yelləncəyə bizdən başqa kimsə minə bilməzdi.O səhər məktəbdən gələndə Şurik və Romanın Kristinanı o yelləncəkdə yellədiyini gördüm.Nədənsə heç təəccüblənmədim.Qıcıqlanmadım.Sanki qanunauyğun idi Kristinanın bizə məxsus olandan istifadə etməyi.Kristina halından çox məmnun idi.Şuriklə Roma mübahisə edirdi onu yelləmək üstündə.Sakitcə onlara yanaşdım.Görəsən Kristina bilirdi bizim üçün çox özəl olan bir yerde oturduğunu?
Kristina, eta..kif.
Çtoo??
Kif.Kif..yəni..svinq
Znayu…
Romayla Şurik əlləriylə ağızlarını tutdular.Onlara acıqla baxdım.Yenə nəsə demək istəyirdim ki nənəmgilin həyət qapısı açıldı.İçəri girən maşından əvvəl əmim düşdü.Sonra tanımadığımız üç kişi. Üçü də sarı.Solğun.Çilli və s bizə yad sir-sifətdə.Kristina birdən-birə oturduğu yerdən güllə kimi qopub bizim evə tərəf qaçdı.Bunun növbəti oyun olduğunu zənn edib biz də onun arxasıyca qaçdıq.Yanlız bizim evə girəndə Kristinanın dolmuş gözlərini görəndə,”ne xoçu papu” deyib üzünü yastıqda gizlədəndə başa düşdük oyun oynamadığını. Hamımız donub qalmışdıq. Bu vaxt bacım da yanımıza gəldi. Mühüm məlumat verirmiş ifadəylə:
Kristina,papa prişel e .Dla tebya-dedi.
Ne xaçu papu.Ne xaçu exat
O an çox sevinmişdim .Sanki Kristina ne xaçu dedisə atası da onu burda qoyub getməyə razı olacaq.Amma yarım saat sonra Kristina atasının gətirdiyi paltarları geyinib,əlində atasının gətirdiyi yumşaq ayı oyuncağı ilə həyətdə dayanmışdı.Atasının yanında əmiləri də gəlmişdi. Atası Kristinanı qucağından yerə qoyandan sonra bəlkə 3-cü dəfə idi əmilərimin əlini sıxırdı,əmimgil isə tox şəkildə“ne zaçto,ne zaçto”deyirdi.
Onlar gedəndən sonra nənəm ətəyini çırpalaya-çırpalaya:
Örgəşmişdik kafirin qızına-dedi.
Son vaxtlar bu sualı özümə çox verirəm: mən necə hərəkət edərdim? Eynilə valideyinlərimin etdiyi kimi, yoxsa fərqli? Uzun düşüncədən sonra hiss etdiklərim bu oldu: mən təbii ki, uşağı çöldə qoymazdım. Hansı millətdən olur- olsun. Öz övladıma verdiyim yeməkdən ona verər, öz övladımı yatızdırdığım yataq kimi yumşaq yataqda ona yer açardım. Sağ-salamat geri qayıtması üçün əlimdən gələni edərdim. Amma bunu edərkən içimdə bir tərəddüd toxumu, bir narahatlıq olmuş olardımı? Olardı. Mən valideyinlərimdə o narahtlığı hiss etmədim. Baxmayarq ki, o vaxt müharibənin ən qızğın vaxtı idi, baxmayaraq ki, o vaxt hər gün onlarla şəhidimiz olurdu, hər şey isti – isti yaşanırdı. Amma mənim valideyinlərim Sovetin bütün millətlər dost- qardaşdır” fəlsəfəsi ilə böyümüşdü. O fikrin onların beynindən çıxması üçün illər, onillər lazım olacaqdı. Mən isə, mən müharibədən çıxmış, hələki itirdiklərini geri ala bilməyən ölkənin vətəndaşıyam. Getdikcə öz qabığına çəkilməyi öyrənən, özündən başqa kiminsə uşağına ana ola bilməyən kimi formalaşan bir kütlənin fərdiyəm və mən getdikcə şovinistləşən, hisssizləşən, vəhşiləşən dünyanın sakiniyəm. Fərqimiz bax budur.
Şəfa Abdulla. (09.06.2017)
