.....

.....

F.DOSTOYEVSKİNİN  “CİNAYƏT VƏ CƏZA” ROMANINDA PSİXOLOJİ  MƏQAMLAR – Cəvahir Tanrıverdi

F.DOSTOYEVSKİNİN  “CİNAYƏT VƏ CƏZA” ROMANINDA PSİXOLOJİ MƏQAMLAR – Cəvahir Tanrıverdi

Dünya ədəbiyyatında əvəzsiz iz qoymuş dahi qələm sahiblərindən olan Fyodor Dostoyevskinin əsərlərini oxuyanlar onu “psixoloqların psixoloqu” da adlandırmışlar. Bunun müəyyən əsasları vardır. Hər bir əsərində insanın ən dərin, hətta özünün belə özündə kəşf etmədiyi hisslərə toxunan dahi yazar daxili aləmin dərinliklərinə enir. Bunu onun bütün əsərlərində görmək mümkündür. Dostoyevski əsərlərini oxuyub anlayan həyatı öz mənliyi ilə dərk etmək qabiliyyətinə yiyələnir. Hətta məşhur türk şairi Cəmal Sürəyya öz çıxıçlarının birirndə bu ifadələri işlədir: “1931-ci ildə doğuldum. 1937-ci ildə anam öldü. 1944-cü ildə Dostoyevsini oxudum. O gün bu gündür hüzurum yoxdur. Bioqrafiyam bu qədər.”
Dostoyevskinin beş böyük romanı dünya ədəbiyyatında öz sözünü demiş əsərlərdəndir: “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə” və “Karamazov qardaşları”. “Cinayət və cəza” romanı yazarın birinci romanıdır. Əsər 1866-cı ildə yazılmışdır. Əsərin yazılma dövrü Rusiyanın ən gərgin dövrünə təsadüf etmişdir. Belə ki, Rusiya təhkimçilik hüququndan sonra hələ öz yolunu aydınlaşdırmaq üçün yeni qaydalar müəyyənləşdirməmişdi. Belə bir məqamda müxtəlif təbəqələrdən olan insanlar arasında çətinliklərlə qarşılaşan və bu çətinliklərin psixoloji yaralarını daşıyan insanlar romanın əsas qəhrəmanlarına çevrildilər. Əsərin baş qəhrəmanı Raskolnikovdur. O, tələbədir. Lakin müəyyən maddi çətinliklər onun yaşayışına və təhsilinə təsir etmişdir. Çox kasıb həyat tərzi olan Raskolnikovun yaşadığı kirayə ev belə acınacaqlı bir görkəmdədir. Başının altına qoyduğu alt paltarlarından ibarət yastığı, köhnə çarpayısı, qapının yanında olan kiçik köhnə stol, evin alçaq tavanı, zəif işığı – bunlar hamısı Raskolnikovun daxili aləminin gərginliyi ilə müqayisə olunur. Atasını itirmiş, anasıın göndərdiyi pulla birtəhər dolanan Raskolnikovun ən gərgin anı isə təmiz, əxlaqlı və düzgün həyat tərzinə malik bacısı Dunyanın ailə qurmaq məsələsi ilə başlayır. Anasının ona göndərdiyi məktubda təmiz qəlbə malik bacısı Dunyanın Lujinə ərə getmək qərarı yazılmışdı. Yazılanlardan aydın olur ki, Dunya onu sevmir, sadəcə olaraq, Lujinin çox imkanlı olduğuna görə bu addımı atmaq qərarına gəlmişdir. Bununla da o, həm anasına himayə olacaq, həm də qardaşının təhsilinə maddi yardım göstərəcəkdir. Bacısının belə bir addım atmağını heç bir halda qəbul etməyən hüquq üzrə təhsil alan Raskolnikov dəhşətli bir mənəvi sarsıntılar keçirir. Bu yaşayışına bacısının qurban qərarını qəbul etmir. Onun düşüncəsində fırtınalar qopur. Bəs bu yaşayışın dəyişməyi üçün nə etmək lazımdır? Əvvəlcə insanın özü dəyişməlidir. O, fikirlərinə Napoleonu gətirir. Napoleon yüksəlmək üçün nə etdi? Nələr etdi? İnsanları öldürməklə müəyyən mövcudiyyətə düzəlişlər etdi. Bəs o tutuldumu? Yox. Bunca fikir içində baş qəhrəman yalnız özünü dəyişmək istədi. Yüksəlişə doğru gedənlər kimisə öldürür. Bəs o zaman həmin insan nə qədər güclü olur ki, bunu etməyinə baxmayaraq, əzab çəkmir. Bu kimi düşüncələr onun beynini, düşüncələrini çulğayır. Əsərdə sələmçi, varlı bir qadın obrazına rast gəlirik. Bu qadın insani duyğulara malik olmayan, qəddar, yalnız maddiyyat düşünən qarı Alyona İvanovna idi. Onun özündən kiçik bacısı Lizaveta İvanovna isə əsərdə bacısının əksi olaraq göstərilmişdir. Qarıdan heç kəsə xeyir gəlmir, hətta öz bacısını yalnız qorxu altında saxlayır. Bəzən hədələrdən əlavə bu qızı döyür də. Bunu isə orada yaşayanlar bilir. Raskolnikov da bu düşüncələr içində qarının evinə dəfələrlə pul üçün getmişdir. Amma bu son hadisələrin onda yaratdığı psixoloji sarsıntı, eyni zamanda özünü dəyişmək, Napoleon kimi yüksəlmək fikri onu bu qarını öldürməyə sövq edir. Əsas məsələ də yalnız bundan sonra başlayır. Cinayətkarın özünü hansı məqamda ələ verdiyini araşdırmaları əsasında bildiyi üçün, onun hansı psixologiya ilə cinayəti törətdiyinin anlaşıldığını bildiyi üçün bütün müəyyən addımlarda çox ehtiyatla davranır. Burada cinayətin üstünə çıxan bacısı Lizaveta da qurban olur. Raskolnikov istəməyərək onu da öldürür. Evdən götürdüyü qır-qızıla və pullara isə açıb baxmadan bir həyətin girəcəyində daşın altında gizlədir. Bütün bunları da müvəffəqiyyətlə bacarır – özünü ələ vermədən. Gəlib evinə çıxdıqda isə vicdan rahatsızlığından xəstələnir. Uzun müddət heç kəslə danışmır. Burada o qərara gəlir ki, o, Napoleon ola bilmədi. Deməli Napoleon olmaq üçün vicdan əzabı çəkməmək lazımdır. Yalnız bunu bacarsaydı, karyerada irəliləyərək yüksəlişə çata bilərdi.
Əsərdə müəyyən hissələrdə günahkarın işlətdiyi günahına görə Allah qarşısında hansı məqamda olduğuna aid də fikirlərə rast gəlirik: ” Allah hamını mühakimə edib bağışlayacaq: yaxşıları da, pisləri də, aqilləri də, mütiləri də… Elə ki hamının işinə baxıb qurtardı, onda bizə deyəcək: “Siz də yaxın gəlin! Yaxın gəlin, sərxoşlar, yaxın gəlin, zəiflər, yaxın gəlin, biabırçılar!“ Biz də hamımız utanmadan yaxın gələcəyik, gəlib onun qabağında duracağıq. O deyəcək: “Siz donuzsunuz! Siz vəhşi heyvan surətində, onun timsalında bir şeysiniz, amma siz də gəlin!” Onda aqillər, idraklılar söyləyəcək: “İlahi! Nə üçün bunları qəbul edirsən?” O da buyuracaq: “ Aqillər, ona görə onları qəbul edirəm ki, onlardan heç biri özünü bu şeyə layiq görməmişdir…” Bu sətirlərə diqqət yetirsək, anlaşılan o olur ki, bu həyatda əsərdə də deyildiyi kimi “Ağıl kömək eləməsə, şeytan kömək edər” fikri ilə ağlına yox, şeytana qulaq asanlar günah sahibi olurlar. Bəs bu günahkar kəs etdiyi günahı özünə rəva bilirmi? Etdiyi səhv əmələ bəraətmi qazandırır, yoxsa vicdan əzabımı çəkir? Etdiyi əməldən özünü günahkarmı çıxarır, yoxsa özünü bu səhv əməllə haqlımı hesab edir? Və bu günah onun mənəvi təmizliyini çirkləndirə bilirmi, bu çirklənmədən sonra yeni insan, vicdansız insan tipi yarada bilirmi? Bəli! Biz əsər boyu bunu izləyirik. İnsan yalnız atdığı səhv addımlardan sonra özünü tanıyır, kamilləşməyə doğru gedirsə, deməli, bu səhv addım onu mənəvi yüksəlişə aparacaqdır. Əsərdə oxuyuruq: “Yalan danışmaq insanın bütün başqa məxluqata görə yeganə imtiyazıdır! Yalan deyərsən, həqiqətə çatarsan! Mən ona görə adamam ki, yalan deyirəm.heç kəs azı bir on dörd dəfə yalan demədən heç bir həqiqətə çatmamışdır. Bu isə yalan deyən adam üçün, bir növ, hörmətdir; ancaq biz öz ağlımızla da yalan deyə bilmirik… Adamın öz ağlı ilə yalan deməsi başqasının, yad bir adamın ağlı ilə doğru deməsindən yaxşıdır.”
Əsərdə yalana, səhv addımlara bəraət qazandırılmır, amma bu yalan və səhv addımları atdığını anlayıb doğru yolu tapan şəxs çirklərdən, günahlardan sıyrılmış şəxs olaraq göstərilir. Kimsə də abırlı adamdırsa, onun abırlı, təmiz olmağı da həmin adamın xüsusi imtiyaz sahibi olduğuna işarə etmir. Dostoyevskinin fikrincə, hər kəs abırlı olmalıdır. Buna görə özünü yüksəklərə qaldırmağa ehtiyac yoxdur. Raskolnikovun tələbəlikdə tanış olduğu yoldaşı Razumixinin dilindən çıxan bu fikirləri oxuyuruq: “Az da olsa, abırlı adamam… yaxşı, burada axı lovğalanmalı nə var? Hamı gərək abırlı olsun, hələ bir gərək təmiz də olsun.”
İnsan varlıq olaraq öz psixologiyası ilə vəhdətdə öz yaşamını qurub formalaşdırır. Bəs bu formalaşma zamanı təbiət qanunları nəzərə alınırmı? Əsər boyu oxuyub nəticəyə gəldiyimiz o olur ki, insan yaşamaq üçün bir çox addımlar atır, amma bu addımlarda özü belə bilmədən fərqli yollara üz tutur. İnsan inkişaf edib cəmiyyəti normal hala gətirəcək. Cəmiyyət normal olanda cinayətlər olmayacaq. Burada Rusiyanın o zamanı vəziyyəti nəzərdə tutulur. İnsan varlıq olaraq idarəçilərə lazım deyil. Çünki əsərdə də deyildiyi kimi: “Canlı insan həyat tələb edəcək, canlı insan mexanikaya tabe olmayacaq, canlı insan şübhə edəcək. Bizim dediyimizdən cəmdək qoxusu gəlsə də, burada insanı kauçukdan yaratmaq olar, bunun üstünlüyü ondadır ki, bu insan canlı olmayacaq, onun iradəsi olmayacaq, o, kölə olacaq, qiyam edə bilməyəcək”.
Əsərdə insanlar yaşam xüsusiyyətlərinə görə iki hissəyə bölünüb. Bir hissə dinc, itaətkar insanlardır. Onlar itaətkar olmağı xoşlayırlar. Buna görə də başqalarının fikirləri ilə hərəkət etmək onlara günah yaratmır. Digər təbəqə isə heç nəylə barışmayan insanlardır. Onlar qabiliyyətlərinə əsasən qanunları pozurlar, ya mənəvi, ya da fiziki olaraq cinayət törədirlər. Burada cinəyət sözü nisbi olaraq götürülür. Belə ki, tək kimisə ölürməklə deyil, kiminsə hüququnu tapdalamaqla, alçaltmaqla da cinayət törətmiş hesab edilirlər. Onlar bu addımı atarkən vicdanları ilə hesablaşmırlar. Onların qarşısında bir yol var. O da qan tökmək bahasına olsa belə, yüksəlmək, insanları özlərinə tabe etdirmək, özlərindən qaydalar qoymaq, insanları bu qaydalara tabe etdirmək. Bu isə onlara görə günah sayılmır. Vicdanları qarşısında bunu özlərinə hətta borc bilirlər. Amma bax bu əməllərlə özlərinə bəraət qazandıranları qamçılamaq lazım olduğu göstərilir əsərdə. Yəni vicdansızlıq edənlərə dağ çəkmək lazımdır. Lakin vicdanlı insan günah edirsə, ona heç nə etmək lazım deyildir. Çünki onlar vicdanları ilə özlərini qamçılayacaqlar. Öz günahlarını boyunlarına alıb insanların içində qamçılayacaqlar. Çünki bu addımı özlərinə yaraşdırmadılar. Çünki özlərini belə bir alçaq əmələ layiq görmədiklərinə görə edəcəklər bunu. Özləri özlərinin cəzalarını öz vicdanları ilə verəcəklər. Günahsız insan varmı? Günahkar insan böyük qəlb sahibidirsə, özü özünə cəza verəcəkdir. Raskolnikovun Razumixinlə dialoqunda Raskolnikovun sözlərinə diqqət yetirək: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar. Mənə elə gəlir ki, əsl böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar”. Bütün məqamlarda Raskolnikovun yalnız vicdan əzabı ilə özü özünün cəzasını verdiyinin şahidi oluruq. Götürdüyü pula, qızıl, gümüş əşyalarına bir dəfə də əl vurmayan, heç onların nə qədər olduğundan xəbərsiz olan Raskolnikovun bu günahını ilk əvvəl Sonya bilir. Sonya isə ögey anası tərəfindən əxlaqsızlıqla pul qazanmağa sürüklənmişdir. Amma burada bir məqam diqqətimizi çəkir: kasıblıqdan övladlarına baxa bilməyən Marmeladovun birinci arvadından olan qızı Sonya çox təmiz, əxlaqlı qız olur. İkinci arvadı isə doğduğu körpələrinə Marmeladovun baxa bilmədiyini görüb Sonyaya bu ifadə ilə müraciət edir ki, onu nəyə saxlayırsan? Get pul gətir evə. Bu yola ilk dəfə addım atan Sonya evə gələndə bütün bədəni titrəyir. Ögey anası isə bundan çox təsirlənir. Sonya çarpayıya uzanır. Evə dərin bir sükut çökür. Bir az aralıda isə atası Marmeldov uzanmışdır. Ögey anası isə Sonyanın yanında oturur. Vicdan əzabı çəkir, əyilib dayanmadan Sonyanın ayaqlarından öpür, ağlayır. Sonya da ilk pulu ona verir. Beləcə bu normal hala çevrilir. Lakin Sonya vicdanını, daxili mənəviyyatını təmiz saxlayır. O bu addımının əzabını çəkir. Əsərdə Raskolnikovun günahkar olduğunu bilən Sonya ona deyir ki, sən get meydana, əyil torpağı öp, hər kəsin qarşısında günahkar olduğunu bildir. Əsərin sonunda Raskolnikov məhz onun dediyini edir. Özü gedib təslim olur. Məhkəmə qarşısında da dəfələrlə özünün günahkar olduğunu və nə qədər çox cəza kəsmək lazımdırsa, onun tətbiq olunmağını istəyir. Bu istək, onun özünün gəlib təslim olmağı, bir də götürdüklərinə bir dəfə belə əl vurmamağı cəzasının yüngülləşdirilməyinə səbəb olur. Səkkiz il cəza kəsilir.
Əsərdəki obrazlardan biri olan Svidriqaylov mənəviyyatca çox alçaq obraz olaraq göstərilmişdir. Lap kiçik yaşlarında olan qız uşaqlarına belə təcavüz etməkdən çəkinməyən bu adam qadın düşkünü olur. Hətta Dunyaya belə göz dikir. Əsərin sonlarına yaxın onların arasında baş tutan xoşagəlməz dialoqa əsasən öyrənirik ki, o, Dunyaya aşiq olmuşdur. Buna görə də ona yaxın durmaq, toxunmaq istəyir. Lakin Dunya hər zaman öz ismətini qoruyur. Əsərin sonunda isə əlli yaşında olan Svidriqaylov 16 yaşında olan bir qızla nişanlanır. Lakin etdikləri sonunda ona o qədər mənəvi əzab verir ki, özünü tapança ilə öldürür.
Əsərdə müxtəlif obrazlarla əks olunan müxtəlif xarakterli insanlarla qarşılaşırıq. Lakin ən pis əməl sahibinin belə bir gün etdiyi əməldən vicdanı sızlayır. Bəs düşüncələrində dəyişmək istəyi oyanan Raskolnikov dəyişə bildimi? İnsana qarşı cinayəti ilə karyerasını, yaşayış tərzini formalaşdırıb daha da yüksəyə qaldıra bildimi? Olmadı. Raskolnikovu dəyişməyə qoymayan onun vicdanı, daxili təmizliyi və saflığı oldu. Dostoyevski bunu göstərmək istəyirdi. Çox aydın və geniş surətdə də bacardı. Onun yazıçı kimi böyüklüyü məhz bu məqamlarda özünü çox aydın şəkildə göstərir. Dostoyevskini oxuyan ruhunu kəşf edir. Əbəs yerə onu “psixoloqların psixoloqu” adlandırmırlar.