GÖRÜŞ
1992-ci ilin günəşli bir yaz səhəri bütün cazibəsi ilə Cavidin ruhunu ovsunlamışdı. “Nizami” klubunun qarşısında dayanıb avtobus gözləməsi də sanki yadından çıxmışdı. O, bir anlıq hündür şam ağaclarının yarpaqları arasından süzülən zərif şüaların fonunda möcüzə axtaran uşaqlıq illərinə qayıtmışdı. Tutmağa çalışdığı şüalar ovcundan qaçanda kövrələrək anasına sığındığı anlar da az olmamışdı. Ötənləri yada saldıqca Cavidin üzündə təbəssüm oynadı. Onun yanından keçən adamlarınsa bu təbəssüm, demək olar ki, eyninə deyildi. Doğrusu, onların etinasızlığı heç Cavidi də maraqlandırmırdı. Şəhərarası sarı PAZ markalı avtobus fısıldayıb dayananda Cavid xəyallardan ayrıldı. Cikkiltiyə bənzər səs çıxararaq açılan qapıdan birtəhər içəri keçdi. Salonda bütün yerlər tutulmuşdu. Ayaq üstdə dayanan sərnişinlər tutacaqlardan, oturacaqlara vurulan dəmir dəstəklərdən yapışmışdılar. Cavid də kitab-dəftərlərini sağ qoltuğuna vurub səndələməmək üçün sol əliylə girəcəkdəki nazik dəmir dirəkdən yapışdı.
Salonda əyləşənlərin əksəriyyəti qadınlarıydı. Geyimlərindən, yüklərindən o dəqiqə bilinirdi ki, onlar bazarda xırda-xuruş alveri eləyənlərdir. Bir səbət yumurtanı qucağında saxlayan şişman qadın arabir əyilərək ayaqlarının arasındakı kağız torbada çabalayan toyuqlara çımxırmağı da unutmurdu:
– Qoyduğum yerdə otur də, ay çərdəymiş. Bircə bazara çatsaydım, dəyər-dəyməzinə verib sizdən canımı qurtarardım.
Böyründə oturan qadın onun sözlərinə təbəssümlə cavab verdi:
– Dəyər-dəyməzinə satana qədər kəs, evdə uşaqlar doyun qarına yesinlər. Daha əziyyət niyə çəkirsən?
Şişman qadın halını da pozmadı:
– Ay Nurxanım, elə-belə sözgəlişi dedim də. Evdə bir uşağım var, onun da dişləri çıxmayıb.
Sarı qıvrım saçları kapron şərfinin altında ipə-sapa yatmayan göygözlü Şəfiqə heyrətləndi:
– Sən yaşda qadının kiçik uşağının neçə yaşı var ki?
Şişman qadın qəh-qəhə çəkdi:
– Allah öyünü tiksin, neçə olacax ki, düz yetmişi haxlayıb, qiymədən başqa ət yeməz.
Şəfiqə, deyəsən, sözü düz eşitmədi:
– Sən allah, düz deyirsən, yüz yetmiş yaşı var?
Şişman qadın bu dəfə elə güldü ki, ətrafdakılar da pıqqıldadılar:
– Hə, bu yaxınlarda elçi də gedəcəm. Yaxşı yerdən bir qız da tapmışam.
– Hardan?
– Hardan tapacam, Çılpaxlıya gedəndə yolun sol tərəfində bir biçimli xudmani evlər var ha, o evlərdən birində qalır. Evinin üstü də ağ mərmərdəndir.
Avtobusda oturanların gülüşü bir-birinə qarışdı. Sürücü də özünü saxlaya bilməyib qəh-qəhəylə güldü.
– Sən allah, ay Bibiş, bir eləsi rast düşəndə mənə də xəbər elə. Hindidən yerini-yurdunu, kimlərdən olduğunu öyrənim ki, gədəm müharibədən gələn kimi evləndirim.
Yer-yerdən səslər eşidildi:
– İnşallah!
– Salamat gəlsin!
Şişman qadının – Bibişin üzü birdən ciddiləşdi:
– Şəfiqə, mən bilmirəm, sən bu ağıl-başnan necə alver eləyirsən? Aazz, indi yüz yetmiş yaş ömür sürən var? Onların hamısı Çılpaxlıya gedən yolun sol tərəfində birdəfəlik yatıblar.
Şəfiqənin sarı simasına bir qırmızılıq çökdü, amma susmaq da istəmədi:
– Sənin mənim alverimnən nə işin? Bacarmasam, bir gün ayağımı o bazara qoymaram.
Avtobus növbəti dayanacaqda fısıldayıb dayananda yenə maşından düşən olmadı. Dayanacaqdakı üç-dörd adam da içəri daxil olanda Bibişin dili dinc durmadı:
– Ay şofer, sənin maşının lap nömrəsiz corab kimidir. Nə qədər adam istəsən, götürə bilirsən.
Sürücü gülərək başını bulayanda Nurxanım dilləndi:
– Tək canına üç adamın yerini tutmusan, düşəndə bir nəfərin
pulunu verirsən, bəs bu sürücü yazıq neyləməlidi? O da plan verir axı.
Bibiş ağzını doldurub Nurxanıma çımxırmağa hazırlaşırdı ki, gözü dəfələrlə yer göstərilsə də, nəzakətlə təşəkkür edib heç kimə əziyyət verməyən ağsaqqal bir dayıya sataşdı. Çox zövqlə geyinmiş dayının əlində bahalı bir gül dəstəsi vardı, ətri bütün salonu bürümüşdü. Bibiş dodaqlarını büzdü:
– Mən də deyirəm, bu cənnət qoxusu hardan gəlir?
Dayı dillənmədi, üzündəki xoş ifadə də çəkilmədi. Bibiş hamının eşidəcəyi tərzdə sözünə davam elədi:
– Görəsən, hansı bəxtəvərin əllərini bəzəyəcək bu güllər? – o, kişinin cavab vermədiyini görüb bu dəfə ona səsləndi, – sənnənəm ey, ağsaqqal, yaman gülürsən. Deyəsən, işdərün xod gedir. Bu nədi, əşi, birdən görüşə-zada gedərsən, xəbərimiz olmaz haaa… Hara belə?
Kişinin üzündən təbəssüm çəkilmədi, əksinə, siması daha da nurlandı, gülümsünərək:
– Bəli, görüşə gedirəm, – dedi.
Avtobusdakıların diqqəti indi də şıq geyimli dayıya yönəldi: damağını nırçıldadanlar, dərindən içini çəkənlər, hətta “hm” edərək dodaq büzənlər də oldu. Bibiş arvad qalib ədası ilə onun sözünü yarımçıq qoydu:
– Hə, bilirdim də, Şıxeeb baba haqqı, hələ elə də bilirdim. Kimnən, harda görüşə gedəssən, əşi?
Maraq dolu gözlər bir anda dayının ağzına zilləndi. Amma dayının gülümsər siması birdən-birə xeyli ciddiləşdi, boğazını arıtladı, astadan dedi:
– Oğlumla… O, şəhiddir.
Bir anda elə bil hər tərəfə qaranlıq çökdü. “Ara qarışıb məzhəb itən” adanı xatırladan avtobusa sükut hakim kəsildi. Bir neçə dəqiqə əvvəl müharibə gedən bir ölkənin vətəndaşı olduqlarını, hər gün küçələri dolduran ana fəryadlarına dözə bilmədiklərini unudan “ada”nın sakinlərinin üstünə elə bil qaynar su çiləndi. Hamı yerində donub qaldı. Bayaqdan deyib gülən qadınların rəngi qaçdı. Sürücü də nə edəcəyini bilmədi:
avtobusu dayanacağa çatmağa əlli-altmış metr qalmış saxladı.
Qapı cırıltı ilə açılar-açılmaz Cavid qapıdan özünü çölə atdı, tanımadığı istiqamətdə iti addımlarla irəlilədi. Uşaq olsa da, keçirdiyi daxili sarsıntıdan boğazına tıxanan qəhəri püskürmək, qışqırmaq istədi, lakin səsi çıxmadı. Elə zənn elədi ki, günahkardır və onun qəbahətini bilən bütün adamlar bu anda qınaq dolu baxışlarla ona baxırlar. O, bu baxışlardan qaçmaq, qurtulmaq üçün addımlarını daha da yeyinlətdi, qarşıdan gələn adamların üzünə baxmamağa çalışdı. Qolundan yapışan bir əl onu dayanmağa məcbur eləyəndə Cavid, doğrudan da, təəccüblə üzünə zillənən gözlərlə qarşılaşdı. Özü fərq eləməsə də, yanaqlarını səssiz-səmirsiz yuyan göz yaşları ətrafdakılara qəribə gəlmişdi.
Cavid yuxudan ayılan uşaqlar kimi döyükdü. Qoltuğunda sıxdığı dəftər-kitabını görəndə haraya gedəcəyi yadına düşdü. Əlinin arxası ilə gözlərini silib ətrafa baxdı. Harada olduğunu anlamağa çalışdı. Üstündə müxtəlif yerlərin adı yazılan avtobusları görəndə anladı ki, bura Əli Bayramlı – Salyan avtovağzalıdır, mənzil başına çatmağa isə hələ xeyli var. O, dərsə geciksə də, növbəti avtobusu gözlədi…
Günlər keçdi, amma yaşadığı həyəcan Cavidi günlərlə tərk eləmədi, şıq geyimli yaşlı dayı gözlərinin qarşısından getmədi. Ona elə gəldi ki, öz dərdi ilə başqalarını yükləmək istəməyən, hamı ilə həmrəy olduğunu nümayiş etdirməyi bacaran, Şəhidinin görüşünə bahalı paltarlarını geyinib məzar üstünə ən gözəl gülləri aparan və hamıya insanlıq dərsi keçən bu dayı nə Hüqonun, nə də Dostayevskinin qəhrəmanlarından geri qalır, əksinə, yeni presedent yaradır.