Gül ilə bülbül
Dünya gözəl bir yerdir bunu duyana,
Dünya zindandır ondan bir şey umana.
Biri var idi, biri yox idi. Çiçəklər diyarında bir bağça var idi. Bu bağçadakı min bir ətirli gül-çiçəkdən, qönçədən xoş rayihələr yayılardı. Dünya bu bağça sayəsində ətirlənər, bu bağçadan yayılan qoxu ətraf aləmi riqqətə gətirərdi. Bağçanın yaxınlığında isə budaqları göy qübbəyə qədər uzanan ağacların məskəni olan meşə var idi. Bu meşədə təbiətin ən gözəl səsli quşları yaşayardı. Quşlar bir-biri ilə bəhsə girib havada süzülmək, gözəl avazla mahnı oxumaq, bir-birindən fərqli hava rəqsləri etmək üçün yarışardılar.
Bülbül ailəsinin gözünün ağı-qarası olan bir gənc bülbül isə uçmağı təzə öyrəndiyi və hələ səsi açılmadığı üçün bu yarışlara qatılmağın həsrətini çəkər, səbirsizlənərdi. Qanadları ilə ağacların, qarma-qarışıq budaqların arasında süzməyi, cəh-cəhlə, ahənglə nəğmələr söyləməyi gözləyərdi. Ən çox da, ən çox da meşədən kənara çıxmağın, Günəşin şəfəqlərini qovalamağın həsrətini çəkərdi.
Günlərin bir günü gənc bülbül böyük bacı-qardaşlarının da müşayiəti ilə meşədən kənara çıxdı. Gördüyü mənzərə, Günəşin buludları qovalayan şüaları, yağış damlalarının rəqsi, mehin otlara toxunaraq aralarından süzülüb əsməsi onu valeh etmişdi. O da rüzgar kimi, nəsim mehi kimi otların, çiçəklərin üzərindən uçub Dünyanı salamlamaq, “Mən də buradayam, mən sizi çox sevirəm” demək istəyirdi.
Bülbüllər mavi səmada qanad çalaraq min bir ətirli güllərin olduğu bağçaya gəlib çatdılar. Böyük bülbüllər aşiq olduqları güllərə nəğmələr oxuyur, güllər də onlara naz edirdi. Balaca bülbül isə tikanlı güllərə yaxınlaşmaqdan qorxur, mahnı oxusa, səsinin cılız çıxacağından utanırdı. Birdən bu qızılgüllərin arasında zərif bir fidan gözünə dəydi. Sanki o da güllərin tikanlarından qorxur, qəsdən kənarda dayanır, başı üzərindən o yana-bu yana uçan bülbüllərdən çəkinirdi. Gənc bülbül güllərə yaxınlaşaraq fidanı salamladı.
– Salam, sən də mənim kimi qorxursan?
Fidan torpağa əyilən başını qaldırmadan cavab verdi:
– Hə, qorxuram ki, budaqlarım əzilə.
– Qorxma, sən ki güclüsən, bir də ki bu bağçada hamıdan gözəlsən. Niyə qorxursan?
– Bir azdan külək qalxacaq, böyük bacılarımın arxasında gizlənəcəyəm ki, külək yarpaqlarımı qırıb aparmasın. Bəs sən nədən qorxursan?
– Əslində, qorxmuram. Amma uçmağı təzə öyrənirəm, bir də ki səsim böyük qardaşlarımınkı qədər yaxşı deyil.
– Özünə inan, axı biz hələ balacayıq. Böyüyəndə biz də bacı-qardaşlarımız kimi, bəlkə də, onlardan daha yaxşı olacağıq.
– Haqlısan, sən də özünə inan, özünü qoru. Böyüyüb bülbüllərin sirlərini öyrənəndə gəlib sənin güclü budağına qonacaq, sənə nəğmə oxuyacağam.
– Səbirsizliklə gözləyəcəyəm. Mən də böyüyüb bu bağçanın ən gözəl, ətrafa ən çox rayihəsini yayan, dünyanı gözəlləşdirən gülü olacağam.
Elə bu vaxt böyük bacı-qardaşları bülbülü səslədilər:
– Getmək vaxtıdır, meşəyə, meşəyə…
Bülbül gülün ətrafında dövrə vuraraq uçub qanadları ilə onun yarpaqlarına toxundu. Sanki aralarında gizli bir söz, bir əhd bağlandı. Hər ikisi bir-birinə :
– Hələlik… Hələlik…
– Görüşənədək…
– deyə səsləndi.
Gül fidanı bülbülün sözlərindən təsirlənmişdi. Artıq özünə daha çox güvənir, hər keçən gün torpağa daha şövqlə kök atır, yerini bərkidirdi. Günlər keçir, gül bağçası dəyişilirdi. Qocaman güllər ləçəklərini tökür, yeni güllər onları əvəzləyirdi. Bizim balaca fidan da boy atmışdı, yarpaqları çoxalmış, artıq qönçə olmuşdu,ətrafdakı fidanlara yol göstərir, özlərini qorumağı öyrədirdi. Gün keçdikcə ətrafa gözəl rayihə yaymağa da başlayırdı. Bağçadakı bütün güllər hələ qönçə olan bu çiçəyin ətrindən valeh olmuşdu. Qönçənin ətri o qədər güclü idi ki, meşə əhli də onu duyur, tamaşa etmək üçün tez-tez bağçaya baş çəkirdi. Beləcə, artan ziyarətlər, bitib-tükənməyən maraq qönçəni narahat etməyə, ləçəklərini qorumaq, ətrini daha çox yaya bilmək üçün özünü yad nəzərlərdən, onu qoparmaq istəyən əllərdən qorumaq üçün tikanlarını göstərmək qərarına gəldi. Qönçə böyüdükcə ətrafını sarıb-sarmalayan tikanlar, kollardan qala inşa etdi özünə. Bir gün ətrafında pərvanə olan bülbüllər ondan soruşurlar:
– Sən ki bu qədər gözəlsən, ətirlisən, niyə qoymursan budağına qonub sənə nəğmə oxuyaq? Bu qədər çox çalışırsan, axı niyə nəğməmizlə ruhunudincəltməyimizə imkan vermirsən?
– Nəğmənizi uzaqdan da eşidirəm.
– Uzaqdan sadəcə qulağınla dinləyə bilərsən, ruhunla dinləmək üçün gərək yanında oxuyaq.
– Öz bülbülümü gözləyirəm. Ona söz vermişəm.
– Sənin ətrini duyan hər bülbül bura gəlir. Bəs sənin bülbülün hanı? Kim bilir, hardadır. Bəlkə də, səni unudub. Boşuna gözləyirsən. Gəlməyəcək. Öz ruhunu da yorursan. Digər güllər kimi sənin də dincəlməyə haqqın var.
– Yorulmuram. Narahat olmayın. Bilirəm, gələcək, gələcək…
Bu söhbətlər hər gün təkrarlanır, qönçə gün keçdikcə əldən-ayaqdan düşüb xəstələnir, amma fasilə vermək istəmir, ətrafına ətir yaymaqdan əl çəkmir, bülbülün yolunu gözləməkdən… Bəs bülbül?..
Bəs bülbül haradadır? Qönçənin boy atıb çiçəkləndiyi müddətdə bülbül var gücü ilə çalışır, qanadları ilə yeni təcrübələr etməyə başlayırdı. Öncə meşədəki yarışlara qoşulub qanadlarının gücündən əmin olduqdan sonra daha yüksəklərə, budaqları göy qübbəyə dəyən ağacların başına doğru uçurdu. Bir gün o, yuxarıda səsi ətrafdakı bütün ağacları, buludları, Səmanı, Günəşin şüalarını özünə valeh edən yaşlı bülbüllə qarşılaşdı. Bu bülbülün nəğməsi o qədər gözəl idi ki, gənc bülbül ona həsəd aparırdı. Bülbüldən necə onun kimi oxuya biləcəyini soruşduqda yaşlı bülbül cavab verdi:
– Övlad, gərək bütün diyarları gəzib-görə, dumduru bulaqlardan bir qurtum su içə, ən uca dağın zirvəsindən ən alçaq dərənin dibinə kimi qanadlarını yorasan, sonda isə dünyanın ən gözəl qızılgülünün qoxusunu ala, sübh vaxtı ciyərlərini ən gözəl rayihəylə doldurasan. Bax onda, onda ən avazlı bülbül sən olacaqsan.
– Nə yaxşı, mən dünyanın ən gözəl gülünü tanıyıram. Tez gedib onun qoxusunu çəkim ciyərlərimə.
– Ey gənc, dediklərimi dinləmədinmi? Ən gözəl ətri qoxulamaq sonuncu addımdır. Öncə dünyanın bütün diyarlarında qanad çalmalısan.
– Elə olduqda gülümü gözlədəcəyəm axı. Çoxmu çəkər bu səyahət?
– Çox, ya az… özün qərar ver. Bunu nə üçün istəyirsən?
– Gülümə söz vermişəm ki, ona ən gözəl avazla ən gözəl nəğməni söyləyəcəyəm.
– Övlad, bacarıqlarını sadəcə özünə, yaxınlarına saxlamaq niyyətində olsan, ustalaşa bilməyəcəksən. Səsini, avazını dünyanı gözəlləşdirmək, yaxşılığı yaymaq üçün istifadə et.
– Çox sağ ol, qoca. Qanadlanım ki, ustalaşıb gözəllik nəğmələri söyləməyə, yaxşılığın səsini hər tərəfdə ucaltmağa gecikməyim.
Bülbül qanadlandı, dünyanın bütün diyarlarında səmanı dövr etdi. Ən ucadağların bəyaz qarlı başından ən alçaq dərələrin qaranlıq çökəkliyinə kimi havanı ciyərlərinə çəkdi. O anladı ki, bütün bu deyilənlər ciyərlərini məşq etdirmək, səs tellərindən axıb gələn havanın ahəngini gözəlləşdirmək üçündür. O gördüyü, bildiyi bütün bulaqlardan bir dimdik saf su içdi, beləcə, susuz qalmağı, nəfsini tərbiyə etməyi öyrəndi. Bülbül səhralardan, çöllərdən, dərələrdən, düzlərdən keçdi. Dünyadakı bütün gülləri, çiçəkləri gördü. Bir daha ən gözəl gülün öz diyarındakı olduğundan əmin oldu. Nəhayət, öz meşəsinə çatdı, ailəsi üçün çox darıxmışdı. Bacı-qardaşlarını salamladıqdan sonra gülünün yanına getmək istəyirdi. Amma meşədə heç kim yox idi. Təkcə yaşlı bülbüllərdən biri yuvada idi. Gənc bülbül ondan soruşdu:
– Əmi, bilmirsən, bacı-qardaşlarım haradadırlar?
Qoca başını aramla ona tərəf döndərib dedi:
– Gül bağçasına gediblər. Qızıl qönçə xəstələnib. Bütün bülbüllər ona nəğmə deyirlər ki, bəlkə, sağala.
Bülbül təlaşlandı. Tez qanadlanıb bağçaya üz tutdu. Ağacların arasından Günəş şəfəqlərinin işıq saçdığı gül bağçası görünürdü. Dünyadakı bütün bülbüllər bir gülün ətrafına toplaşmışdı. Amma gül sanki qorxurdu, budaqlarını özünə dolayıb onların içində gizlənmişdi. Bülbül uca səslə dilləndi:
– Görmürsünüz, Günəş şüalarının qarşısını kəsmisiniz! Yazıq gülü kölgəyə məhkum etmisiniz, özünü sağaltmağa macal tapmır. Ona sizin nəğməniz yox, bir az Gün işığı, bir az da yağış lazımdır. Kənara çəkilin.
Bülbüllər kənara çəkildilər, günəş zavallı qönçəni qucaqlayıb isitdi. Qönçə yavaş-yavaş özünə gəlirdi. Yağış isə qorxurdu ki, buludlardan süzülsə, gülü incidəcək. Ona görə də qaranquşların köməyi ilə damlalar göndərirdi. Qaranquşlar yağış damlalarını onun başından səpir, qönçə canlanırdı. Artıq axşam düşürdü. Bülbüllər meşəyə qayıtmışdı. Bircə bülbüldən başqa.
Gecə öz soyuq yorğanını bağçanın üzərinə çəkdi. Külək güllərin yarpaqları arasında var-gəl edirdi. Bülbül qorxdu ki, getsə, halsız, yuxulu qönçə üşüyəcək. Buna görə də qanadlarını gərib səhərə kimi qönçəni küləkdən qorudu. Səhərə yaxın külək bağçadan səhra diyarına tərəf yol aldı. Bülbül qönçənin tikanlı budaqları arasında özünə yer edib yuxuya getdi. Sübh şəfəqləri qönçənin budaqlarına, yarpaqlarına toxunduqca qönçə oyanırdı. İlk dəfə idi ki, özünü belə gümrah hiss edirdi. Qönçə budaqları arasında mürgüləyən bülbülü görüb çox sevindi. O qədər sevindi ki, biixtiyar ləçəkləri açıldı, qızılgülə çevrildi. Daha o, əvəzsiz rayihəsini içində saxlaya bilmirdi. Qızılgülün ətri hər tərəfi bürüdü. Bütün diyarlar, ellər, obalar bu qoxu ilə xoşbəxt oldu.
Dünyanı bürüyən bu ətir yuxuda olan bülbülün ruhunu qidalandırırdı. Onun oyandıqdan sonra gülü salamladığı bənzərsiz nəğməsi bütün canlıların eşitdiyi ən gözəl, ən zərif səs idi. Güllə bülbül öz ətri və nəğməsi ilə bütün diyarları dolaşıb hər kəsi, hər canı, Səmanı və Günəşi, Yağışı və Rüzgarı, Buludu və uzaqdan boylanan Ayı valeh edir, dünyanın səfasını onlara duyururdu. Heç kimdən heç nə ummadan, heç kimi incitmədən…
Ülviyyə Rəhman,
filoloq
“Füyuzat” jurnalı №3 (137), 2024-cü il