Güllü Səndəl
Bu gün də adətim üzrə yarıyuxulu avtobus gözləyirdim.
Fəsillərdən yay idi.Yay fəslinin mənim lüğətimdə leksik mənası “işləmək”
deməkdir. Dayanmadan, durmadan, nəfəs alamadan işləmək.İşləməyim maddi
cəhətdən mənə yaxşı təsir etsə də fiziki və mənəvi çox yorurdu.Necəsə fiziki
yorğunluğu aradan qaldırmaq olardı amma mənəvi yorğunluq günbəgün üstünə
yağış yağdıqdan sonra ağırlaşan odunlara bənzəyirdi.
Avtobus dayandı. Keçib ön sırada üzü pəncərə tərəfə olan oturacaqların birinə
əyləşdim. Əyləşdiyimlə maşın götürüldü. Avtobusla birgə sərnişinlərin ağzıları da
hərəkətə gəldi və onlar danışmağa yəni qışqırmağa başladılar .
-Ə bu Zelenskiyə halal olsun vallah ! Köpəyoğlu, urusun qabağını yaman alır e.
Deyirlər ki hələ Ukranyanın nüvəsi var ey nüvəsi ! Canım haqqı !- , saçları
seyrəkləmiş , üzü təraşlı , qoltuğunda “ İSKRA”adlı rəngi solmuş qəzet tutan bu
qoca kişi ,dünyada baş verən “siyasi xəbərləri” sərnişlərə böyük şövqlə çatdırdı.
Növbəni “İqtisadiyyat” xəbərləri aldı. Həyatda tək uğuru onun-bunun işlərinə
ürəkbulandıran xallı burnunu soxmaq olan Bic Tükəz sözə başladı.
-Bu il bu pendirin qiyməti yaman düşüb ha. Vallah alsanız uduzmasınız. Başımla,
dişimlə ,hətta,kişimlə cavabdehəm. Tükəz sonucu işlətdiyi sözə özü də
təəccübləndi Bildiyim qədəriylə onun kişisi çoxdan rəhmətə getmişdi. Anlıq
fasilədən sonra Tükəz arxaya çevrilərək şampan kimi partladı. Özü də bu şampanın
köpükləri düz mənim üzərimə sıçradı.
-Mədinə maman neçə vaxtdı məndən ayın-oyun almır ha. Ay qız məndən ucuz
nəsə satan var görən ?
Sonra o torbanın ağzını açaraq ordan yumurtalardan birini götürərək söhbətinə
davam elədi.
– Bax bu yumurta var ey elə-belə yumurta deyil. Bu Qu quşunun yumurtasıdı.
Xoruzu da qudu, fərəsi də. Bunu mənə Misirdən göndəriblər. Rəhmətlik qayınatam
oranın baş naziri ilə yaxşı dost olub. Baş nazirə çox yaxşılığı dəyib rəhmətliyin.
İndi də onun əvəzini çıxır.Hər ay payımızı göndərir bizə.
Tükəz qədimdən qalan bu sənətə-ticarətə ayrıca bəzək vururdu. O, alveri başqa-
mənim dünya dağıla bacara bilməyəcəyim bir mərhələyə daşımışdı. Artıq mənim
dayanacağıma az qalmışdı cibimdə dünəndən qalan parlaq diri 50 qəpiyi sürücüyə
verib avtobusdan düşdüm.Bu gün bazar günü olduğundan işlərim çox ağır
olacaqdı,ona görə işə çatan kimi çaparaq əyinimi dəyişib , “Beynəlxalq
qanunlarla”qorunan meyvə-tərəvəz bölməsinə keçdim . Bu işin ən sevdiyim tərəfi
mənə keçmişimi, uşaqlığımı xatırlatması idi. Şaftalılardan gələn şirin qoxu,məni
məst edir,uşaq vaxtı etdiyim kimi,gilənarlardan qulağıma sırğa ,böyürtkənlərin
şirəsindən dodaqlarıma boya,yanağıma isə qırmızı çiyələklərdən allıq etmək
keçirdi ürəyimdən, bu meyvələrin yanında şıltaq uşaq olurdum. Meyvə qoxusu –
keçmişə açılan bir zaman tuneli idi.
Qəfil bir səs məni bu uşaq xəyalından ayırdı.
– Mədinə xanım, Mədinə xanım. Siz nə edirsiniz belə ? Fikriniz hardadı
Meyvələrə nə vaxta kimi tamaşa edəcəksiniz? Tez olun ,vitrinləri hazırlayın.
Bu , zəhimli, amma bir o qədərdə yaraşıqlı olan uzun boylu nəzarətçinin səsi idi.
Bu sözləri dedikdən sonra dovşan dalına düşmüş tazı kimi yanımdan bir andaca
yox oldu. Bəzən onun sehirbaz olduğunu belə düşünürdüm . Vaxt itirmək olmazdı.
Rəngli çiyələklər gilənar böyürtkənlər olan xülyadan ayılaraq işimi görməli
idim.Nə olursa olsun müştərini razı salmaq əsas prinsipimiz idi. Hətta müştəri
başına çıxıb nağara çalsa belə sən, onu incitməli deyil, onun çaldığı ritmə uyğun
olaraq rəqs etməli idin. Elə müştərilər gəlirdi ki, bəzən vitrində olan bütün
meyvələri, tərəvəzləri onların başına tolazlamaq istəyirdim. Amma bir nəfər xaric.
O məni nə qədər incitsə, diltəng etəsə də yenə ona bir söz deyə bilmirdim. Bu
marketimizin daimi müştərisi Şəmsiyyə idi. İnsan ruhunu çoxdan vəhşi heyvaların
ruhu ilə barter edən iş yoldaşlarım ona lağ edir, Dəli Şəmsiyyə ,Havalı Şəmsiyyə
deyə səslənirdilər. Mənim ona yazığım gəlirdi.
Birdən mağazanın özündən baha sensorlu qapıları aralandı. Və mənim həsrətində
olduğum qonaq- Şəmsiyyə özünü içəri atdı. Onun saçı həmişə yəhudi ravvinlər
kimi iki yandan burularaq sallanırdı. Ağız boşluğunda rahatca seçilən cəmi dörd
dişi vardı. İkisi yuxarıda ikisi isə aşağıda.Yay-qış ayağındakı güllü səndəlini də
çıxartmazdı. Bəzən mənə elə gəlirdi ki, o elə anadan bu səndəllə doğulub, səndəllə
bağçaya, məktəbə gedib.Səndələ bu qədər bağlı olan biri yəqin elə toy günü də
ayağından onu çıxarmayıb. Şəmsiyyə asta-asta marketin mərkəzinə yaxınlaşdı. Üz-
gözündən yorğunluq yağırdı. Əliylə buruq saçlarını qarışdırdı. Ətrafa nəzər saldı
və birdən cingiltili səsiylə qışqırmağa başladı.
– Şokalad verin, şokolad . Oğluma göndərəcəm. Şokolad verin.Vallah özüm
yeməyəcəm. Mənə şokolad verin, oğlum acdı. Düşmənlə savaşır. Şokolad yesin ki,
daha yaxşı vuruşsun.- O bu sözləri dayanmadan təkrar edir, hər dəfə də daha güclü
səslə qışqırırdı.
Elə bil onu özünü yox səsini qovurdular. Elə bil hardasa bir ovçu onun səsinin
dalınca öz təlim görmüş itlərini yollamışdı. Onun səsindən qəribə bir kədər
damırdı. Amma bunu deyəsən məndən başqa heç kim hiss etmirdi. Birdən başı “Ət
məhsulları” şöbəsindəki işçilərlə söhbətə qarışmış sısqa mühafizəçi Şəmsiyyənin
yanında peyda oldu. Əl-qolunu havada sallayaraq qışqırmağa başladı.
– Nə qışqır-bağır salmısan Havalı Şəmsiyyə ? Səni mağazadan qovmaqdan
artıq bezmişəm. Belə getsə sənə görə ərizə yazıb, işdən çıxacam. Dədənin
evi deyil bura hər ağlına əsəndə gələsən ? Sən eşşəksən nəsən belə ? Yox,
sən eşşəkdən də betərsən. Yenə onu kötəklə yola gətirmək olur. Nə
istəyirsən bizdən ay dəli ?
Şəmsiyyə mühafizəçiylə burun-buruna dayanmışdı. Elə bildim bu dəqiqə onun
burnundan yapışıb dişləyəcək. Amma,o bunun etmədi. Daha da bərkdən hiddətlə
qışqırmağa başladı.
– Şokolad istəyirəm. Oğluma göndərəcəm. Bax ayağıma, oğlum mənə güllü
ayaqqabı alıb. Məndə ona şokolad göndərəcəm.
– Ay dəli mənə nə sənin oğlun nə alıb ? Pulun varsa al çıx. Yoxsa rədd
edəcəm səni marketdən – deyərək sısqa mühazifəçi onun qolundan yapışdı.
Bir anda Şəmsiyyə ilə baxışlarımız toqquşdu. Onun gözündə gördüyümü dünyanın
ən yaxşı Nobel laureatlı yazıçıları belə təsvir edə bilməzdi. İntibah dövründən bu
yana mövcud olmuş rəssamların fırçaları bu gözlərdəki ifadə qarışısında aciz qalar,
boyaları quruyardı. Güclə eşidiləcək bir səslə :
– Pul yoxdu , amma ayaqqabımı verə bilərəm. Mənə şokolad ver göndərim
oğluma.
Mühafizəçin gözü kəlləsinə çıxdı. Şəmsiyyəni sürüyərək marketdən çölə tulladı.
Sonra ardınca karların belə eşidəcəyi bir səslə qışqırdı.
– Bir də bura ayaq bassan sənin o, olan-qalan dörd dişini də tökməsəm heç
atamın oğlu deyiləm. Buna bax bir. Özü də nə oğul salmısan bayaqdan ?
Oğlun var sənin ay mərdimazar tülkü? Səndən oğul qazanan kişinin
papağına tüpürüm elə. Gör müştəriləri necə hürküdüb marketdən qaçırtdı.
Bu hadisə mənə çox pis təsir etmişdi. Bir həftə yata bilmədim. Gecələr Şəmsiyyə
şokolada batmış formada yuxuma girirdi. Hər bucaqda Şəmsiyyəni gəzirdim.
Amma ondan heç bir xəbər-ətər yox idi.
Bir dəfə avtobusla evə qayıdan vaxtı qulağım səslərin içindən“Dəli Şəmsiyyə”
adını seçdi. Bu ad məndən arxada oturan yaşlı bir qadının dilindən çıxmışdı. Mənə
maraq güc gəldi və onun mənim tanıdığım Şəmsiyyə olub- olmamasını
dəqiqləşdirmək üçün həmin qadını söhbətə tutdum. Söhbət elə bizim Şəmsiyyədən
gedirmiş. Qadının dediklərinə görə Şəmsiyyə özü ziyalı bir ailənin qızı olub.
Vilayətdəki ali məktəbə qəbul olub amma anası ağır xəstəliyə tutulduğu üçün
təhsilini davam etdirmək imtina edib. Bir gün əyalətə təyinatla göndərilən gənc
kimya müəllimi ilə yolları kəsişir. Onlar bir-birilərinə vurulurlar. Atası başda bu
eşqə qarşı çıxsa da sonra toy üçün razılıq verir. Müəllimin təyinatını başqa bir yerə
verirlər. Şəmsiyyəni də götürərək buranı tərk edir. Sonra qarının dediyinə görə
orda bəxtləri yaxşı gətirmir. Hələ də müəmma olaraq qalan bir hadisə baş verir.
Müəllimi nəyəsə görə bıçaqlayaraq çaya atırlar. Bir aydan sonra müəllimin çay
canlılarının ruzisinə çevrilən didilmiş cəsədi tapılır. Şəmsiyyə qucağında
körpəsiylə ata evinə qayıdır. Bu yazığın başına burada da nələr gəlmir ki ? Bir
müddət sonra anası və atası qonaq getdikləri xalasigilin evində yanaraq can
verirlər. Şəmsiyyə bu faciəyəyə də dözə bilir. Süpürgəçi, qabyuyan əlinin yetdiyi
hər bir işdə çalışaraq zorla oğlunu böydüb boya-başa çatdırır. Oğlunu hərbi
xidmətə yola salır. Yaşlı qadın dedi ki, Şəmsiyyənin ayağındakı güllü səndəli də
oğlu məzuniyyətə gələn vaxtı alıbmış. Bir gün bir xəbər gəlir ki,oğlunun qarnını
qayçıyla deşərək, öldürüblər. Cəsəd də düşmən tərəfdə qalıb. Həyatı yaxşı
getməyən Şəmsiyyə bundan sonra zəlil günə düşür, havalanır, küçə-küçə dizin-
dizin sürünür,Allaha ona yazdığı taleyə görə qarğıyır.
O hər səhər əyalətdə olan bütün marketləri gəzərək şokolad dilənməyə başlayır.
Pulu olanda alır, pulu olmayanda isə dilənirmiş. Qadının dediyinə görə o
şokoladları hərbi hissələrdəki əsgərlərə aparırmış.Bir də eşitdim ki, bir aydır ki,
gözümə görünməyən Şəmsiyyəni maşın xıncım-xıncım edərək, asfalta
yapışdırıb.Deyilənə görə onu elə geyindiyi səndəllə birgə torpağa tapşırıblar.
Şəmiyyəni artıq görə bilməyəcəkdim. Bəlkə nə vaxtsa onun səsini, saçlarını,
gözlərini unuda bilərəm. Amma onun almaq istədiyini şokoladları və güllü səndəli
heç vaxt unutmayacam…