.....

.....

GÜNƏŞƏ HƏSRƏT SƏTİRLƏR – Cəvahir Tanrıverdi (hekayə)

GÜNƏŞƏ HƏSRƏT SƏTİRLƏR – Cəvahir Tanrıverdi (hekayə)

GÜNƏŞƏ HƏSRƏT SƏTİRLƏR

Üzərindəki işləmələri göz oxşayan sandıqda heç gün üzü görməmiş yazılar – şeirlər, hekayələr, nağıllar və tapmacalar üst-üstə yığılıb mürgüləyirdi. Onlar bir Pərinin qələmindən süzülüb vərəq üzərində canlanmışdılar. Pəri bu yazıları gecələr qələmə aldığı üçün onları yalnız Ay və ulduzlar görürdü. Elə onlar da yalnız Ayı və ulduzları görürdülər. Öz məzmunlarında əks olan Günəşdən və onun işıqlı dünyasından xəbərləri belə yox idi. Amma bu onlara həmişə möcüzəli və maraqlı gəlirdi. Pəri bir dəfə uşaq şeirlərinin birində bu sətirləri işlətmişdi:

Ay Günəşim, ay Günəşim,
Yoxdur sənə tay, Günəşim.
Sən çıx, hər yan işıqlansın,
Hər tərəfə nur yayılsın.
Bir hekayəsində isə qələmə aldığı sübh çağı ifadəsi elə hekayənin özünü də heyrətə salmışdı: “Görəsən, sübh çağı necə olur? “ O bu ifadənin əsl varlığını öz gözləri ilə görməyi çox istəyirdi. İllərlə yazılıb üst-üstə sandığa yığılan bu yazılar gün üzünün həsrəti ilə alışıb-yanırdı. Pəri isə elə gecələr yazırdı, yazırdı, yazırdı…
Yazılar aralarında söhbətləşirdilər də. Onlar arzularından və ümidlərindən danışırdılar:

-Bizi yalnız Ay görüb, bir də ulduzlar. Biz də eləcə. Bir gün Günəşi görə biləcəyikmi? Yəqin ki, görərik, – deyə bir şeir niskilli-niskilli göz yaşı axıtmağa başladı.

-Ağlama, onsuz da Pəri səni qəlımə alanda özü ağlayırdı. Sandığı açıq qoymuşdu, mən gördüm. – deyə bir nağıl hökmlə fikrini bildirdi.
Bəli, şeirlərin bəzisi göz yaşları ilə qələmə alınmışdı. Nağıllar uşaq sevinci ilə, tapmacalar bu sirli kainatı açmaq düşüncəsi ilə, hekayələrsə həyatda baş vermiş hadisələrin o Pərinin ürəyinə toxunan izlərilə dünyaya göz açmışdılar. Şeirlər arasında sevgi və sevinc dolu sözlərlə işləmələr də vardı. Bir sözlə, sandıq Pərinin duyğu və düşüncələrinin canlı ifadəsi olaraq qələmə alınmış cızma-qaralarla dolu idi. Sandığa daxil olan yeni yaradıcılıq nümunələri yaranıb ərsəyə gəldikləri üçün çox sevincli olurdular. Lakin onların bu sevincini illərlə sandığa toplanmış digər yazılar gözlərində qoyurdu:

-Elə bu sevinciniz bu qədər olacaq. Siz də bizim kimi burada illərlə qalacaq və sizləri də zamanla bizim kimi mürgü basacaq.
Bu cümlələrdən sonra ortalığı kədər dolu sükut ağuşuna alırdı. Bir gün Pəri bir qisim şeirlərini gün üzünə çıxarmağı qərara aldı. Min bir düşüncə və sevinc dolu ümidlə sandığın ağzını açdı. Yazıları arasında seçim etdikcə yazılar da nə baş verdiyini anlamağa çalışırdılar. Pəri sandığın bir kənarına qısılmış şeirləri əlinə aldı. Uşaqlar üçün qələmə aldıqlarını seçib sandığa qoydu. Digər şeirlərini isə ehmalca yazı stolunun üzərinə düzdü. Sandığın ağzını bağladı. Stol üzərinə düzülmüş şeirlər gözlərini qırpırdılar. Axı onlar ilk dəfə idi ki, Günəşin gözqamaşdırıcı şüalarının hər yanı necə işıqlandırdığının şahidi olurdular. Pəri bu şeirləri səliqə ilə üst-üstə yığıb bir ünvana yolladı. Hansı ki o ünvanda onları həqiqətən də gün işığına çıxaracaqdılar. Şeirlər də elə Pəri kimi həyəcan keçirirdilər. Amma onların həyəcanının içində bir az qorxu da vardı. Başlarına nə gələcəyini bilmədiklərindən idi qorxuları. Təlatümlə bir-birilərinə toxunaraq nəticəni gözləyirdilər. Pəri günləri sayırdı. Eyni zamanda yenə gecə oturub yeni bir mövzu üzərində işləməyə başladı. Bu an gün ərzində Pərini çox diqqətlə izləyən Ay dilə gəldi:

-Nə olub? Yaman seviclisən. Sən o yazılarını səhər tez-tələsik seçib haraya göndərdin?

-Onları illərlə Günəşə həsrət qoymuşam. İstəyirəm, bu kainatı, Günəşi, bütün varlıqları görsünlər. Axı bu onların haqqıdır.

-Necə? Sən onları gün üzünə çıxarmaq istəyirsən? Yoox, bu ola bilməz! Onları məndən başqa heç bir varlıq görməməlidir! – Ay özündən çıxmağa başladı.

-Sən deyəsən qısqanırsan axı?

-Yox. Heç üzərimdəki boz ləkələrimin ucundan belə keçmir qısqanclıq. Sadəcə onların yalnız mənə aid olduğunu düşünmüşəm. Mən də ki özümə aid olan heç bir şeyi heç bir varlıqla paylaşmağı sevmirəm. Bir də ki özün yazmışdın axı “Gecələrin övladıdır şeirlərim”. Qoy bu gecələrin övladı elə gecələrə, mənə, bir də ulduzlara aid olsun. Mən qəti surətdə buna narazıyam.

-Səni üzərindəki ləkələrinə and verirəm, işimə pəl vurma. Yorma məni, bezdirmə! Onsuz da, bu həyat mənlik deyildi. Gəlib düşdüm gözəgörünənlərin arasına. Hər şeyi gözlə gördükləri üçün elə gözlə görünən maddi dünyanın alovuna yanıb-alışırlar. Onların arasında özümə həmdəm də tapa bilmirəm. Axı necə tapım? Mən ki Pəriyəm. Gözlə görünməyən, amma bu həyatda var olan bütün canlıların həyatlarının əsasını təşkil edən hiss və duyğulardan xəbərləri olmayan varlıqlar məni də yox sayırlar. Onlar əbədi olmayacaqlarını bilirlər, amma bunu tamamilə dərk etmirlər. Ah insanlar…

-Yaxşı, az çərənlə. Onlar deyirsən, maddi dünya deyirsən, həm də yazırsan; hiss və duyğulardan yazırsan. Mənə də qısqanc deyirsən. Özün bilirsənmi nə dediyini? Əslində mənim dediyim odur ki, bax bu sənin maddiyyata bağlı insanlar dediklərinin nəyinə lazımdır sənin yazdıqların? Bir də ki, bəziləri, bəlkə, oxuya, amma onlar da nöqsan tapacaqlar. Yoxsa sən özünü alim sayırsan, ya da ən möhtəşəm əsərlər yaradan yazıçı? İki-üç sətir yazıb özünü biabır etmə! Sənə görə deyirəm. Göndərdiklərin çıxsın, gör insanlar necə qarşılayacaq, sonra qalanını gün üzünə çıxar. Ya da belə et, hamısını birdən çıxar.

-Necə yəni hamısını?

-Nə yazmısan hamısını çıxar. Bundan sonra da yazma. Onsuz da sənin yazdıqlarını heç kəs oxuyan deyil.

-Yox! Oxunacaq . İnsanlar onlarla duyacaqlar həyatı. Bir də onların hamısı birdən çıxan deyil. Fərqli yaşlara aid yazmışam hər birini. Nəzmlə nəsri də qarışdıra bilmərəm.

-Get, nə istəyirsən elə.

-Halallıq ver. Qara tökmə işimə.

-Mən verdim halallığını. İnsanlar versin. O da oxuyan olsa… Günlər bir-birinin ardınca özləri belə anlamadan ötürdülər. Nəhayət, xoş gün yetişdi. Pərinin illərdir həsrətlə, ümidlə gözlədiyi şeirlər kitabı gün üzü gördü. Hələ kitabda çıxan şeirləri görəydiniz. Sevincləri kitab bağlı olsa belə hiss olunurdu. Səsləri gəlirdi ara-sıra. Günəşə həsrət sətirlər vüsala çatmışdılar. Onlar üçün əsl həyat indi başlamışdı. Hər yan necə də işıqlı və gözəldir. Kitabdakı şeirlər də işıq saçırdı. Onların içində Aya həsr olunmuş şeirlər də vardı, Ayla Günəşin sevgisinə də:

Budur əbədi sevgi –
Ay həsrətdə qalsa da,
Başqasını sevməyir.

Və ya :

Yenə görünürsən, axşam düşübdür,
İşığı uzaqdan sevgilin verir.

Bu sətirlər dildən-dilə düşdü. Oxundu, sevildi, Aya baxaraq insanların dilində səsləndi. Pərinin ürəyini sevinc hissi qanadlandırırdı. Ayın da üzərindəki ləkələrindən necə xoşbəxt olduğu aydın şəkildə görünürdü:

-Yox, oxunurmuş şeirlərin. Məni bədii sözlərlə nə gözəl qələmə almısan?! Doğrusu, belə gözləmirdim.

-Davammı?

-Davam!
Günəşə həsrət sətirlər artıq ümidlə yaşayırdılar. Onlar daha gün üzünə çıxacaqlarını bilir və uşaq ümidi ilə öz zamanlarını gözləyirdilər.