Belə ola bilərdimi? Bu mümkün idimi? Xəyal etdiyin xoşbəxtliyini əlindən alıb onu gözünün qarşısında özünün səadətinə çevirən bir insanın xoş günlərinə sevinə bilərdimi insan..?
Belə ola bilərdimi? Bu mümkün idimi? Xəyal etdiyin xoşbəxtliyini əlindən alıb onu gözünün qarşısında özünün səadətinə çevirən bir insanın xoş günlərinə sevinə bilərdimi insan..?
Sultanlıq məzarlığında qətl
Dərs ilinin başa çatmasına az qalırdı. Təbiətin hər tərəfi göy çəmənliklərə bürünmüş, gözəl may ayı son həftəsinə qədəm basmışdı. Bu gün ayın 23-ü həftənin bazar ertəsi idi. Qax rayonu İlisu kənd orta məktəbinin 8-ciləri bu gün axırıncı saat olan tarix dərsini açıq havada, kəndin bir neçə kilometrliyində yerləşən “Sultanlıq Məzarlığı” adlanan tarixi ərazidə keçəcəkdilər. Bu tarixi ərazi Kürmük çayının sahilində, alçaq təpəliklərin arxasındakı düzəngah bir ərazidə yerləşirdi. Çox da böyük sahəyə malik olmayan bu ərazidəki bütün qədim məzarların üstlərində sərdabələr ucaldılmışdı. Bu sərdabələrin bir çoxu yarıya qədər dağılsa da, onların üzərində olan tarixi yazılar qədim İlisu Sultanlığının şanlı tarixinə canlı şahidlik edirdi. Tarixi məzarlığın digər tərəfləri isə sıx meşəliklərlə əhatə olunmuşdu. Şölə müəllimə ilk dəfə deyildi ki, şagirdlərə dərsi rayonun müxtəlif mədəni-tarixi abidələri yerləşən ərazilərində keçirdi. Əlbəttə, bu çox doğru seçim idi. Axı rayon ərazisindəki ulu babalardan qalmış bu tarixi abidələr şagirdlər üçün əvəzolunmaz bir əyani vəsait sayılırdı. Bu yerlərdə şagirdlər doğma vətənlərinin şanlı tarixi barədə həm müəllimdən eşidir, həm yüz illərlə əvvəl baş vermiş hadisələrin izlərini gözləri ilə görür, həm də tarixin ən dərin qatlarından gələn uluların sədalarını ruhları ilə hiss edirdilər. Şölə müəllimə bu gün şagirdlərinə dərsi tək özü keçməyəcəkdi. O, dərsə uşaqlıq rəfiqəsi, rayonun mədəniyyət idarəsində işləyən arxeoloq Yağmur xanımı da dəvət etmişdi. Müəllimə uşaqlarla artıq burada, Yağmur da indilərdə gəlib çıxmalı idi. Şölə və Yağmur eyni ildə İlisuda kənddə anadan olmuş, bu kənddə böyümüş, eyni sinifdə oxumuş, ikisi də ən bacarıqlı, əlaçı şagirdlərdən olmuşdular. Məktəbi bitirəndən sonra Şölə tarix müəlliməsi ixtisasını, Yağmur isə adlı-sanlı arxeoloq, atası Rəhman Vəlizadənin davamçısı kimi onun ixtisasını seçərək müvafiq ali məktəblərə üz tutmuşdular. Dörd dağın arasında yerləşən İlisu kəndi indiyədək, ümumilikdə, saysız-hesabsız alim, professor, elm və mədəniyyət xadimləri yetişdirmişdi. Nahaq yerə İlisunu həm də alimlər kəndi adlandırmırlar. Ali təhsillərini başa vurandan sonra rəfiqələrin hər ikisi yenə doğma kəndlərinə qayıtmış, Şölə kənd məktəbində tarix müəlliməsi, Yağmur rayonun mədəniyyət idarəsində arxeoloq kimi çalışmağa başlamışdı. Bütün bu gənclik illəri arxada qalmış, bu il onların qırx altı yaşı tamam olacaqdı. İşinə başlayandan sonra Yağmur, əlbəttə, ilk olaraq doğma kəndinin və rayonun tarixi abidələrini tədqiq etməyə başlamış, sonralar Azərbaycanın bir çox yerlərində, eləcə də bəzi xarici ölkələrdə arxeoloji tədqiqatlar aparmışdı. Onların hər ikisi ailə qurmuş, Şölə ailəsi ilə birlikdə kənddə yaşayır, Yağmur isə rayon mərkəzinə gəlin köçmüşdü. Tanrı Şöləyə iki oğul, Yağmura isə tək bir qız övladı bəxş etmişdi. Şölə böyük oğlunu, Yağmur da qızını evləndirmişdi. Rayon mərkəzi ilə İlisu kəndi arasında cəmi 12 kilometr məsafə olduğunu nəzərə alsaq onları bir-birindən çox da ayrı düşməmiş hesab etmək olar və bu günədək dostluq münasibətlərini qoruyub saxlamışdılar. Vaxtaşırı görüşür, imkan olanda Yağmur rəfiqəsinin dəvəti ilə gəlib onun sevimli şagirdlərinə apardığı tədqiqatlar, maraqlı arxeoloji tapıntılar, bu tapıntıların tarixi barədə məlumatlar verirdi. İxtisasları ayrı olsa da, demək olar ki, hər ikisi eyni məqsədə qulluq edir, ikisi də doğma Azərbaycanın tarixini yaşatmaqla məsul idilər. Axı arxeoloji tapıntılarsız tarixi təsəvvür etmək mümkün deyil. Bütün dünyada həm də arxeoloji tapıntılar, arxeoloji faktlar tarixin əsl sübutları kimi qəbul olunur.
Bir neçə dəqiqə sonra, nəhayət, Yağmur da gəlib çatdı. O, Şölə müəllimə və uşaqlarla salamlaşandan sonra ilk olaraq məktəbliləri bu qədim sərdabələr, daşların üzərindəki qədim yazılarla tanış etməyə başladı. Bu yazılar ərəb dilində yazılsa da artıq çoxdan tərcümə olunmuş, bu məzarlarda kimlərin uyuması bəlli idi. Əvvəllər də Yağmur xanım şagirdlərlə bir neçə dəfə görüşdüyü üçün uşaqlar onu yaxşı tanıyır və hər dəfə onun çox maraqlı məlumatlarını sevə-sevə dinləyir, onun dediklərindən özləri üçün qeydlər edirdilər. Yağmur bu gün ilk olaraq onlara bu qədim “Sultanlıq Məzarlığının” necə yaranması, daşların üzərindəki qalmış yazılar haqda məlumat verməyə başladı. Tarixi məzarlıqdakı sərdabələrlə qısa tanışlıqdan sonra uşaqlar kənardakı talada bir yerə toplanıb çəmənlikdə oturaraq dəftər və qələmlərini hazır edib diqqətlərini Şölə müəllimə və Yağmur xanıma yönəltdilər. İndi də, Şölə müəllimə mövzu barəsində onlara qısa izahat verdi. Şölə müəllimə və Yağmur xanım bu gün sevimli şagirdlərinə yaşadıqları bölgə və doğulub boya başa çatdıqları Qax rayonunun tarixi haqqında danışacaqdılar. Əsas suallara aydınlıq gətirəndən və bu sualların izahından sonra Şölə davam etməsi üçün Yağmurdan xahiş etdi. Yağmur ona təşəkkür edib üzünü uşaqlara tutdu.
-Əziz balalar, bilirsiniz ki, füsunkar təbiətli gözəl, doğma Qax rayonumuz şiş təpələri görünən o Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Bu da sizə məlumdur ki, bizim rayon ərazisi şimal-qərbdən Dağıstan, qərbdən Gürcüstan respublikası, şimaldan Zaqatala rayonu, cənubdan Şəki şəhəri ilə həmsərhəddir. Rayonumuzun ərazisinə rayon mərkəzindən başqa əlli səkkiz kənd daxildir. Bizim rayon Azərbaycanın qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biridir. Rayon ərazisində üzə çıxan arxeoloji tapıntılar onu göstərir ki, burada ilk məskunlaşan əhali oturaq həyat keçirmiş, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Doğma diyarımız həm də ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Rayon ərazisində uzun illər aparılan arxeoloji axtarışlar nəticəsində neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Arxeoloji qazıntılar zamanı mən özüm də neçə-neçə bu cür qədim yaşayış məskənlərinin izlərinə rast gəldim. Bütün bu arxeoloji qazıntılar və digər tarixi faktlar sübut edir ki, bütün bu ərazilər qədim Alban dövlətinə daxil idi. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də bizim Qax rayonunun indiki ərazisində 11-ci əsrdən başlayaraq Oğuz-Səlcuq türkləri, sonra isə Qıpçaq türkləri məskunlaşmağa başladı. Uzun illər müxtəlif idarəetmə quruluşları ilə davam edən həyat tərzindən sonra 1562-ci ildə Səfəvi hökmdarı Şah 1-ci Təhmasibin fərmanı ilə İlisu Sultanlığının əsası qoyuldu. Kəndimizin adı “İli” qədim Qıpçaq dilində “isti”, “su” da elə eyni anlamdadır. Yəni “İsti su.” Bəli, kəndimizi burada qaynayan çoxlu sayda şəfalı bulaqlara görə bu cür adlandırıblar. İndi olduğu kimi o zamanlar da ulu xalqımızın başının üstünü daim qara buludlar almış, vətənimiz zaman-zaman yadelli işğalçıların hücumlarına məruz qalırdı. Tarixin o dönəmində uzun illər boyu Ərəb xilafəti doğma vətənimizə hərbi yürüşlər etdi. Başda xalqımızın böyük qəhrəmanı Babək olmaqla 20 ildən çox o mənfur düşmənə qarşı vuruşduq. Lakin hər zaman olduğu kimi yenə içimizdəki xainlər və satqınlar ortaya çıxıb düşmənin dəyirmanına su tökdülər. Düşmənin say üstünlüyü isə məğlubiyyətimizdə əsas rol oynadı. Amma ərəb istilasına qarşı ulu xalqımızın mücadiləsi bitmədi. Ərəblərin bu torpaqlardan qovulmasından sonra vətənimizə olan yadelli işğalçı hücumlar ara vermədi. İlisu Sultanlığı mövcud olduğu illər boyu zaman-zaman həm də gah İran şahlarına, gah da Kaxetiya çarlarına qarşı qəhrəmanlıqla vuruşdu. Bu gördüyünüz qədim məzarlıq “Sultanlıq Məzarlığı” adlanır. O döyüşlərdə qəhrəmancasına həlak olmuş Sultan soyundan olan bahadırları bax burada, bu məzarlıqda dəfn edirdilər. Ona görə də bu məzarların üzərində digərlərindən fərqli olaraq sərdabələr ucaldılıb. Daşların üzərindəki bəzi yazılarla az əvvəl sizi tanış etdim. O zamanlar qaniçən düşmənlərə qarşı İlisu Sultanlığı o qədər rəşadətlə döyüşürdü ki, həmin Sultanlığın adı tarixdə həm də “Müzəffər Sultanlıq” kimi qalmışdır. 18-ci əsrin ortalarında İlisu Sultanlığının nüfuzu o qədər yüksəlmişdi ki, Osmanlı imperiyası İlisu sultanı Əli Sultan bəyə “İki Sancaqlı Paşa” titulunu vermiş və onu Şəki bəylərbəyi kimi tanımışdı. Nə yazıq ki, 1803-cü ildə İlisu Sultanlığı yeni bir hücuma məruz qalıb Rusiya imperiyası tərəfindən işğal edildi. Amma Sultanlığın o zamankı hakimi Daniyal Sultan dağlıların milli-azadlıq hərəkatının rəhbəri Şeyx Şamilin tərəfinə keçərək mənfur düşmənə qarşı mübarizəni sona qədər davam etdirmişdi. Ruslar həmin vaxt Sultanlığı işğal edəndən sonra Sultanlığın mərkəzi olan bizim doğma, canımız qədər sevdiyimiz İlisu kəndini vəhşicəsinə yandırdı. Nə qədər günahsız insanları, kənddə yaşayan dinc əhalini öldürdülər. Bundan sonra Sultanlığın ərazisi mahallara bölündü və Car-Balakən dairəsinə tabe edilərək Çar Rusiyasının müstəmləkəsinə çevrildi. Lakin bu qanlı tarix nə qədər uzun çəksə də sonsuza qədər davam edə bilmədi və bilməzdi də. İlk dəfə 1918-ci ildə yenə çoxlu qəhrəman şəhidlərimizin qanı bahasına müstəqillik qazandıq. Bu müstəqilliyimiz cəmi 23 ay sürsə də, ruslar bizi artıq bolşevik qismində yenidən işğal etsə də, bu 23 aylıq şanlı zaman kəsiyi yeni tariximizə qızıl hərflərlə yazıldı. Şərqdə ilk Demokratik Respublikanı biz qurduq. Amma gün gəldi və biz yenə 90-cı illərin əvvəllərində işğalçını torpaqlarımızdan qovduq. Bolşevik imperiyası qalığı indi də erməni dığalarından istifadə edib torpaqlarımıza əl qoymaq istədilər. Və otuz ilə yaxın bir müddətdə vətənimizin bir hissəsi olan Qarabağı işğal altında saxladılar. Amma mərd oğullarımız, qəhrəman babaların qəhrəman nəvələri iki il əvvəl yenə minlərlə şəhid verib, düşmənin başını əzərək torpaqlarımızı geri aldılar.
Əziz balalar, görürsünüz ki, tarix boyu ulu babalarımız vətənimizi öz qanları və canları bahasına qoruyub bu günlərə gətirmiş və bizlərə əmanət etmişlər. Bizim də vəzifəmiz onların müqəddəs əmanətini göz-bəbəyi kimi qoruyub, çiçəkləndirib, hərtərəfli inkişaf etdirib, bütün dünyaya tanıdıb və bizdən sonrakı nəsillərə təhvil verməkdir. Siz şanlı tariximizi yaxşı bilməli, bu tarixlə şərəf duymalı, bu tarixi çiyinlərinizdə, beyinlərinizdə gələcəyə daşımalısınız. Çünki tarixini tarixdə buraxan, tarixinə yiyə çıxmayan, bu tarixi çiyinlərində daşımayan bir xalqın tarixini yiyəsiz qoyub gəldiyi yerlərdən oğurlayar, düşmənləri onu öz maraqları naminə dəyişər və sonra da zamanı gələndə o xalqın özünə qarşı istifadə edərlər..
On dəqiqə sonra dərs bitdi və onlar Kürmük çayına tərəf getməyə başladılar. Həm uşaqları gətirən mikroavtobus, həm də Yağmurun göy “Reno”su körpünün o tayında dayanmışdı. Sultanlıq Məzarlığı yerləşən əraziyə kənddən gətirən maşın yolu ancaq bura qədər idi. Körpü çayın digər sahilinə yalnız piyadaların keçməsi üçün nəzərdə tutulmuşdu. Şölə müəllimə uşaqları mikroavtobusa mindirib yola saldı. Kəndə Yağmur ilə birlikdə qayıdacaqdılar. Amma uşaqlar gedəndən sonra onlar dərhal maşına oturmadılar. Hər ikisi çayın sahilində durub nəzərlərini məcrasında sakitcə axan suya yönəldərək bir müddət danışmayıb xəyallara daldılar. Hər biri üçün bu yerlər çox əziz, uşaqlıq xatirələri ilə dolu idi. Hər ikisi uşaqlıqdan bəri bu yerlərdə çox olmuş, bu ərazilərin hər qarışını dəfələrlə gəzmişdilər. Yağmur indi daha fikirli görünür, sanki daha dərin xəyallara dalmışdı. O, bayaq gələndə Şölə fikir vermiş, Yağmuru bu gün bir az yorğun və fikirli görmüşdü. Həm də başqa vaxtlarda hər dəfə Yağmur uşaqlarla görüşəndə daha çox həvəsli olurdu. Bu gün isə o, bir az fərqli idi. Uşaqlarla söhbətini də hər dəfəkindən daha tez bitirdi. Şölə üzünü ona tutub bu haqda yalnız indi soruşdu.
– Gözümə bu gün bir az yaxşı görünmürsən, Yağmur! Bir şeylərmi oldu? Uşaqların yanında bəlli etmək istəməsəndə gələndən bəri kefin yerində görünmür.
Yağmur gözlərini çaydan ayırıb rəfiqəsinə baxdı və gülümsəməyə çalışdı.
– Yox, Şölə, hər şey yaxşıdır. Heç nə olmayıb.
Şölə Yağmurun üzündəki təbəssümün səmimi olmadığını, onun içində ya böyük həyəcan, ya da böyük təlaş olduğunu hiss etmişdi.
– Yox, yox.. Mən görür, hiss edirəm. Bu gün içindəki nədirsə səni çox narahat edir. Amma bunun həyəcan və ya təlaş olduğunu ayırd edə bilmirəm. Məndən niyə gizlədirsən? Sənin əhvalın yerində deyil. Yoxsa yenə Aydın..?
Yağmur yenə üzünü çaya tərəf çevirib Şölənin üst-üstə yağdırdığı suallara cavab vermədi. İndi sanki o, rəfiqəsini eşitmirdi. Yağmurun içindəki nə idisə uşaqlar gedəndən sonra onun həyəcanını hər dəqiqə daha çox artırmağa başlamışdı. Qırx altı yaşı olmasına baxmayaraq Yağmur bir az dəyişsə də özünün gənclikdə malik olduğu gözəlliyini çox itirməmişdi. Qısa kəsdirdiyi gur qara saçları, qara gözəl gözləri ,hündür boylu, ağ bənizli, qələm qaşlı Yağmurda yaz yağmuru təravətini daim saxlayırdı. Bu gün əyninə geyindiyi tünd göy rəngli koftası və eyni rəngli şalvarı da ona çox yaraşmışdı. Bir sözlə bu gün Yağmur zahirən çox gözəl görünürdü. Amma daxili… Axı bu gün orada nə var idi? Çoxdan idi Şölə onu heç belə görməmişdi. O, zəngin dünya görüşlü, vətəninin tarixini, hər daşını, hər kəsəyini, öz sənətini sevən, gözəl bir qadın olması ilə yanaşı, həm də çox iradəli, yeri gələndə çox sərt xarakterli biri idi. Dəniz adını tək övladlarına atası Ucal həkim qoymuş, bu adı qoyarkən sevimli həyat yoldaşına: “Yağmurdan Dəniz doğar”, – demişdi. Vaxt hər kəs kimi onlar üçün də tez keçmiş, Dəniz də böyüyüb boya-başa çatmış, ali məktəbi bitirər-bitirməz rayonda yaşayan, çoxdan sevdiyi Aydına ərə getmişdi. Amma Dənizin seçimindən Yağmur elə ilk əvvəldən razı deyildi. Aydını ilk dəfədən bəyənməmişdi. Amma nə etsə də, Dənizin istəyinə qarşı çıxa bilməmişdi. Dənizin evlənməsindən iki ilə qədər zaman keçmiş və bu müddət ərzində Yağmur Aydın haqqında fikirlərində yanılmadığına əmin olmuşdu. İlk vaxtlar Aydın özünü yaxşı tərəfdən göstərməyə çalışsa da, az sonra iç üzünü göstərmiş, yavaş-yavaş Dənizi incitməyə və hətta son aylar ara-sıra döyməyə başlamışdı. İnsan çox acgöz və eyni zamanda naşükür məxluqdur. Əli yetmədiyi hər şeyin dəlisi, əlində olanın isə nankoru olur. Əvvəllər belə olmasa da, Aydın son vaxtlar həddindən çox spirtli içki qəbul edir, evə gec gəlir, ticarətlə məşğul olaraq işində qazandığı nə var idisə içkiyə verirdi. Bu səbəbdən ailənin dolanması da günü-gündən çətinləşirdi. Dəniz bütün bunları valideynlərindən gizlətməyə çalışsa da, Yağmur hər şeyi bilir qürurundan istəməsə də, qızına maddi cəhətdən bu və ya digər bəhanələrlə köməklik edirdi. Bütün bunlara görə isə kürəkəni ilə münasibətləri hər gün daha çox pozulmaqda idi və hər gün Aydın onun gözündən daha aşağı mərtəbələrə düşürdü. Həm Ucal, həm də Yağmur kürəkənləri ilə bu mövzuda bir neçə dəfə söhbət aparmış və hər dəfəsində Aydın düzələcəyinə söz versə də, bu baş vermirdi. Aydın nə özünün, nə də ki Dənizin valideynlərini eşitməz olmuşdu. Ucal və Yağmur isə iki odun arasında qalmışdılar. Ya övladlarının cəmi iki ildir qurduğu ailə dağılmalı, ya da canlarından çox sevdikləri Dəniz Aydının get-gedə artırdığı zülmlərinə dözməli idi. Bir də arada yeni doğulan körpə var idi. Onların çox sevdiyi balaca nəvəsi. Bəs onun aqibəti necə olacaqdı…? Dəniz də hələlik uşağa görə işə düzələ bilmirdi. Şölə bunların hamısını bilir və o üzdən : “Yenə Aydın..?”,- deyə soruşmuşdu. Yağmur isə hələ də dinmirdi. Şölə indi içində böyük təlatüm olan sevimli rəfiqəsini bir müddət kənardan seyr edib yaxınlaşaraq onun əlini tutdu. Yağmurdan fərqli olaraq Şölə çox yaraşıqlı xanım deyildi. Qıvrım saçları, geniş alnı, iri gözləri, çox da incə olmayan burnu var idi. Xarakteri isə Yağmurdan daha sərt və bir az da xəsis idi. Buna baxmayaraq Yağmur üçün dostluqda, yoldaşlıqda vəfalı biri olmuşdu. Yağmur Şölənin əlini hiss edib çox asta səslə yalnız indi danışdı. Lakin bu gün onun içini yeyən dərd kürəkəni Aydın deyilmiş. Yağmurun gözləri dolmuşdu.
– Sən yazıya inanırsanmı, Şölə!?
Şölə çaşqınlıq içində idi.
– Nə yazısı, Yağmur? Sənə bu gün nə olub axı?
– Səhər yuxudan qalxanda çox pis olmuşdum. Ürəyim nədənsə çox narahat idi. Bu vaxta qədər heç belə olmamışdım. Bura gəlməzdən əvvəl evimizin yaxınlığında, məhəlləmizdə bir az gəzmək, fikrimi dağıtmaq istədim. Bir az gəzib ağacların yanındakı skamyada əyləşdim. Çox düşüncəli idim. Bir də baxdım yanımda bir qaraçı qadın da oturub. Haradan peyda olduğunu heç hiss etmədim. “ Əlini ver, falına baxım”, – dedi. Bilirsən ki, mən belə şeylərə inanmıram. Amma nədənsə qeyri ixtiyari əlimi ona uzatdım.
– Eh, səndə! Mən də dedim nə olub. O qaraçılar pul qoparmaq üçün elə şeylər edirlər ki.. Hətta insanları hipnoz edə bilirlər.
– Bilirəm, Şölə, bilirəm.. Ancaq o qaraçı qadın ovcuma çox diqqətlə və uzun bir zaman baxıb sonunda siması dəyişdi. Nə bir söz dedi, nə pul istədi. Əlimi astaca dizlərimin üstünə buraxaraq çox qorxulu baxışlarını bir an gözlərimə dikib getdi. Nə o, bir kəlmə dedi, nə də mən soruşmağa cəsarət etdim. Onun bir anda dəyişmiş siması gözlərimin önündən getmir. Sanki ovcumun içindəki ömür cizgisinin “sonu” göstərdiyini anlamış kimi idi. Yuxudan qalxanda içimdəki narahatlıq da ona görə imiş..
Yağmur göz yaşlarını saxlaya bilməyib hıçqıraraq rəfiqəsini qucaqladı. Şölə isə onun başını köksünə sıxıb saçlarını sığalladı.
– Dəli, Yağmur! Ağıllı insan heç qaraçıya inanarmı? Onlar gələcəyi bu qədər yaxşı görə bilirlərsə gedib uduşlu lotereya biletləri alsınlar. Camaatdan pul niyə dilənirlər? O qaraçı qadınla olan təsadüfi görüşü ağlından dərhal çıxar. O qaraçılar da kənardan fikir verib kimi fikirli, təlatümlü görsələr, ona yaxınlaşırlar.
Yağmur bir az sakitləşib başını qaldırdı və gözlərini əlindəki dəsmalı ilə sildi.
– Nə bilim… Sən deyən kimi düşünmək istəyirəm. Amma bu ölüm kabusu ətrafımda dolaşır sanki. Boz qayadakı o hadisə.. Altı ay əvvəl məhəlləmizdə baş verən soyğunçuluq hadisəsi də yadındamı? Günün günorta çağı onu güllə ilə vurub anbarın pullarını apardılar. Gözümlə gördüm. Bu bir dəhşət idi. İndi də bu qaraçı..
Əlbəttə, rayonda yaşayan hər kəs kimi Şölənin də bu hadisədən xəbəri var idi. Bu dəhşətli hadisə yavaş-yavaş unudulmağa başlasa da, o zaman bütün rayon bundan danışırdı. Rayon mərkəzində, onların məhəlləsində, Yağmurun yaşadığı bina ilə üz-üzə, küçənin digər tərəfindəki topdan satış un anbarından pul dolu portfel ilə çıxan cavan kuryer oğlan dayanacaqdakı maşına oturmaq istəyəndə yandakı aptekin arxasından çıxan motosiklet ildırım sürəti ilə ora yaxınlaşmış, başında qoruyucu şlem, əlində qara əlcək olan motosikletin sürücüsü oğlana tapançadan atəş açaraq onu ağır yaralamış və portfeli götürərək aradan çıxmışdı. Deyilənə görə, həmin portfeldə 70.000 manata yaxın pul olmuşdu. Hadisə insanların gözü qarşısında elə anidən baş vermişdi ki, camaat nə olduğunu anlayana qədər nömrəsiz motosiklet artıq hadisə yerindən çox-çox uzaqlarda idi. Bütün bunları bəzi bina sakinləri və ətrafda olanlar kimi təsadüfən həmin vaxt yaşadığı evin balkonunda olan Yağmur da gözləri ilə görmüşdü. Düzdür, o güllə ilə vurulan cavan oğlan ölməmiş, yalnız ayağından yaralanmışdı. Amma deyilənlərə görə soyğunçu motosiklet sürücüsü hələ də tapılmamışdı. Son vaxtlar ətrafında baş verən bütün bu neqativ hadisələr Yağmura çox pis təsir etmişdi. Onun indi işləməkdən çox dostlar ilə gəzməyə, söhbət etməyə ehtiyacı var idi. Şölə iki gün əvvəl telefonla danışıb onu həm dərsə, həm də doğma kəndlərində bir az gəzib dolanmağa dəvət edəndə Yağmur bu dəvətdən razı idi ki.. Lakin görünür o qaraçı qadın bu gün səhər Yağmura daha bir ruhi sarsıntı yaşatmış, indi Yağmur keçmişində baş verən bu hadisələri tək-tək yadına salıb, onların ağrılarını yenidən yaşayırdı.
– Unut bunları! Həyatda hər kəsin başına bunlara oxşar hadisələr gəlir. Qaraçı qadın da cəhənnəm olsun! Bəsdir bu mövzuda danışdıq. Dur.. dur gedək doğma təbiətimizin qoynunda bir az gəzək, sonra bizə gedərik! Sənə çox sevdiyin yarpaq dolmasını bişirəcəm. Artıq axşamdan əti büküb qazana yığmışam. Bağçamdakı çox sevdiyin qızıl güllər elə açıb ki! O güllərin əhatəsində bir az gəzsən bütün bu səfeh fikirlər başından qovulacaq. Qalx gedək, dəli qız!
Yağmur rəfiqəsinə baxıb gülümsədi. Bu təbəssüm ona o qədər yaraşdı ki, sanki, bir günəş olub üzündəki qışı qovdu. Onlar ayağa qalxıb danışa-danışa maşına tərəf getdilər. Yağmur indi nisbətən rahat görünür, ya da dostuna görə bu cür görünməyə çalışırdı. Şölə bunu anlamadı, amma hər halda həyan olub onun içindəki narahatlığı müəyyən qədər də olsa oradan qova bilmişdi..
Rayondakı xəstəxana mərkəzdən xeyli kənarda, hündür şam, qovaq və çinar ağaclarının əhatəsində yerləşirdi. Bu yer müalicə ocağı üçün o qədər gözəl seçilmişdi ki, artıq xəstəxananın səfalı, bol oksigenli həyətinə daxil olanda xəstələr bu gözəl mənzərədən ilk tibbi yardımını almış olurdular. Artıq saat 17.25-i göstərirdi. Bütün həkimlər və digər tibb personalı yavaş-yavaş ağ xələtlərını dəyişib evə getməyə hazırlaşırdılar. Nevropatoloq Ucal həkim də saata baxıb paltarını dəyişmək üçün yerindən qalxdı. Qapıdan çıxmaq istəyəndə isə otaqdakı telefon zəngi onu saxladı və o geri dönüb dəstəyi qaldırdı. Zəng qəbul bölməsindən edilmişdi.
– Eşidirəm.
– Ucal həkim, indicə bir xəstə gəlib. Qəbul edə bilərsiniz?
– Axı iş vaxtı bitib Səbinə. De sabah gəlsin.
– Amma üzündəki “üçlü sinirdir” deyəsən. Ağrısı adamın bütün üzünə yayılıb, gözünə, qulağına vurur. Ağrıya dözə bilmir. Həm də bizim rayondan deyil, qonaqdır.
Ucal narazılıqla başını yellədi. Doktor işdən sonra xəstələrə xidmət göstərməyi heç sevmirdi. Lakin insanlardakı sinir ağrıları baş qaldırmaları üçün zaman bilmirdi ki.. Odur ki, hərdən iş vaxtından sonra da həkim xəstələri qəbul etmək məcburiyyətində qalırdı. Bəzən xəstələr gecə vaxtında da bu cür ağrılara dözməyib zəng vuraraq müraciət edirdilər. Ucal telefonu qulağından ayırmayıb yenə saatına baxdı. Yağmur evə bu gün bir az gec gələcəkdi. Axı o, rəfiqəsi Şölə müəllimənin dəvəti ilə bu gün kəndə getmiş və evə bir az gec, axşamüstü gələcəyini demişdi. O, bir az daha düşünüb nəhayət bir qərara gəldi.
– Rentgenoloq getməyib ki?
– Xeyr, doktor. Elə o da burada, yanımdadır. Onu da yoldan saxlamışam. Deyir əgər xəstəni qəbul etsəniz və rentgenə ehtiyac olsa gözləyə bilər.
Həkimin səs tonundakı narazılıq azalmadı. Lakin nə etmək olardı. Ağrı içində olan bir xəstəni geri çevirmək bu müqəddəs peşənin sahibləri üçün yazılmamışdı.
– Nə etməli, göndər gəlsin!
O, dəstəyi asıb yenidən ağ xələtını geyinmək üçün şkafa tərəf getdi. Növbətçi tibb bacısı qeydiyyatı tez bitirib orta yaşlı xəstə kişini həkimin otağına tərəf yola saldı.
– Buyurun, keçin! İkinci mərtəbə, ən başdan sağdakı otaq.
Fərhad ağrıya zorla dözür, divanda oturub hər iki əli ilə üzünü tutmuşdu. O, yerindən qalxıb tibb bacısına birtəhər: ”Sağ olun”,- deyərək pilləkənlərə sarı getdi.
Tibb bacısı düz təxmin etmişdi. Bəzi ilkin müayinələrdən sonra Ucal həkim də:”Üzdə olan “üçlü sinir” olmalı”,- deyib Fərhadı rentgen otağına göndərdi. On dəqiqə sonra cavab hazır idi. Elə idi, təxminləri doğru çıxmışdı. Üzdə olan üçlü sinirin zədələnməsi və bu sinirin iltihabi prosesi başlamış, lakin nə yaxşı ki, xəstəlik hələ erkən mərhələdə idi. Ucal xəstəyə ilk olaraq ağrıkəsici iynəsi vurdu və bir neçə dəqiqə sonra onun ağrıları xeyli azaldı. İndi onunla rahat danışmaq olardı. Qısa tanışlıqdan sonra məlum oldu ki, Fərhad Bakıda yaşayır və tikinti sahəsində mühəndis kimi çalışır. İki gün əvvəl məzuniyyətə çıxmış və rayon mərkəzinə yaxın yerlərin birindəki istirahət mərkəzinə bir həftəlik dincəlməyə gəlib. Hələ Bakıda olanda onun hər iki üz nahiyəsində hərdənbir ağrıları olur, lakin az müddət sonra keçirmiş. Bu gün nahardan sonra başlayan ağrıları nəinki keçməmiş, axşam saatlarına qədər çox şiddətlənmiş, kəskin ağrılar indi gah damaqları gəzir, gah gözlərə, gah da qulaqlarına vururdu. O artıq ağrılara dözməyərək durub birbaş xəstəxanaya gəlmişdi. Doktor onu diqqətlə dinlədi.
– Son vaxtlar sizdə yuxusuzluq, tez özünüzdən çıxma, aqresiya, özünə qapanma və bu kimi daimi narahatçılıq verən başqa hallar da olurmu?
– Demək olar ki, dediyiniz bütün hallar var, doktor. Son vaxtlar çox aqressiv olmuşam, elə hey daxilən narahatam, az yata bilirəm. Bunlardamı üçlü sinirlə bağlıdır?
– Əlbəttə, bağlı ola bilər. Ancaq çox güman bu bağlılıq əksinədir. Bu emosional hallar sinir sisteminin zədələnməsi ilə bağlı yox, sinir sisteminin zədələnməsi ilk olaraq emosional əhatə dairəsi ilə bağlıdır. Sonra bu bağlılıq bir-birini əvəz edə bilir. Bu və ya digər səbəbdən insanda yaranan pozitiv və neqativ emosiyalar birbaşa orqanizmə çox böyük təsir edir. Pozitiv emosiyalar hər zaman orqanizmdə ən yaxşı izlər buraxır, hətta bir çox xəstəlikləri belə sağaldır. Lakin kədər, qorxu, qəzəb… kimi neqativ emosiyalar orqanizm üçün birbaşa biokimyəvi təhlükə mənbəyidir. Məsələn, insan çox hirslənəndə beyində yaranan qəzəb ocağından mərkəzi sinir sistemi vasitəsilə ,ilk olaraq, qolundakı əzələyə impuls gələr. Bu impuls sənə : “Qolunu qaldırıb səni acıqlandıranı vur!”,– deyər. Amma dərhal ardınca beyindən yeni bir impuls gəlib: ”İnsanı vurmaq cinayətdir”,– deyər və səni bu cinayətdən saxlayar. O zaman ilk əvvəl qoluna gələn impuls oradan ağız və çənə nahiyənə yönələr. “Vurmaq mümkün deyilsə, indi də onu söy!”, – deyər. Bu dəfə isə səni bu işdən etik normalara riayət etməli olduğun şaxlayar. Beləliklə, içində yaranan qəzəb, həmin güc dolu enerji sinir sistemi ilə orqanizmdə gəzib çölə çıxa bilməz və ilk olaraq bu böyük qəzəb enerjisi zərbəsini gəzdiyi yerlərdəki sinir sisteminə vurar. Məsələn, son olaraq gəlib çatdığı üzdə, diş ətinin altında olan “üçlü sinir” nöqtəsinə. Zərbənin təsirindən zədələnmiş və zəifləmiş sistemin bir müddət sonra iltihaba yoluxması da artıq təəccüb doğurmur. Amma tək qəzəb deyil, digər neqativ emosiyalar da orqanizmin ən vacib orqanlarını hətta bir anda sıradan çıxara bilir. Məsələn, insanın qorxudan, kədərdən infarkt və şəkərli diabet kimi ağır xəstəliklər tapa bilməsi hər kəsə məlumdur.
– Demək, içimizdə yaranan bütün neqativ emosiyalar ilk olaraq özümüzü vurar, hə?
– Əlbəttə, özümüzü vurar. Müdrik kəlamlar ilə də bu haqda çox deyilib. Amma bu hadisələrin ardıcıl olaraq orqanizmdə necə baş verməsi, neqativ emosiyaların orqanizmi necə sıradan çıxarması haqda insanlar çox az məlumatlıdırlar. Bu detallı bilgilərə sahib olmadıqlarından onlardan xəbərsiz orqanizmdə baş verən söküntü və dağıntıları önləyə bilmirlər.
– Demək ki, insan bu haqda əvvəlcədən bilsə ona xeyri olacaq? O, bu prosesi dayandıra biləcək?
– Tam olaraq dayandıra bilməsə də, özünü çox böyük təhlükələrdən xilas edə biləcək. Biz dərimiz üzərindəki bir cızığı görəndə dərhal ona qarşı bir dərman tapıb o nahiyəyə çəkirik. Bizdən xəbərsiz içimizdə gedən bu prosesləri görən insanlar da, neqativ emosiyaların onlar üçün necə təhlükəli olduğunu anlayıb ilk öncə çalışmalıdırlar ki, bu bilgiləri xatırlayıb hər kiçik səbəbdən onlarda neqativ emosiyalarının oyanışına ağılları ilə icazə verməsinlər. Bu tam mümkündür. Məhz bu səbəbdən psixoanalizin banisi sayılan Freyd çox doğru olaraq deyirdi ki, hər bir insanın psixoloji gücü onu özündən çıxaran hadisələrin ölçüsü boydadır. Yəni, çalışmaq lazımdır ki, həyatda qarşılaşdığın hər kiçik bir neqativ hadisə səni özündən çıxarmasın. İzah etdiyim kimi sözün hərfi mənasında insanın içində yanan qəzəb atəşi, ilk olaraq, yandığı yeri kül edər. Bir ailəni ata və ana idarə etdiyi kimi, orqanizmi də ağıl və hislər idarə edir. Bu ailədə onlardan kim qabağa düşdü, onun sözü keçir. Səbəbləri böyük olduğundan yaranan bu tip neqativ emosiyaları isə yenə ağlının idarəsi altına vermək lazımdır. Beləliklə, səbəblər böyük olduğundan ağıl içəridə neqativ emosiyaların yaranmasına mane ola bilmədisə dərhal onları idarə etməyə çalışmalı, yüyənlərini əlində saxlamalı ki, onlar vurub sahibləri olduğu bədəni sıradan çıxarmasınlar. Bütün emosiyalar çox böyük daxili enerjidir. Bu enerji neqativdirsə, ilk növbədə, böyük bir hissəsi dərhal bir sivil yol ilə, misal üçün, ağlamadan başlamış… çöldəki bir kötüyü döyəcləməyə qədər… çölə axıdılmalı. Və ya sadəcə bu neqativ hisləri bir müddət diqqətsiz qoymaq lazımdır ki, öz-özünə sönsün. Düzdür, nə qədər çalışsaq da üstünə su tökərək söndürülmüş neqativ emosiyalar tam olaraq ölmür. Şüur altı, sinirlərdə, yaddaş hüceyrələrində qalıb zaman-zaman öz mənfi təsirini göstərir. Lakin o mənfi təsirlər indi daha az olur və orqanizm onların kiçik zərbələrinə fizioloji olaraq tab gətirə bilir.
Fərhad indi daha çox təəssüf hissi keçirirdi.
– Demək ki, bu sahədə bilgim olmadığından mən də vaxtında hislərimə orqanizmim ilə mübarizdə mane ola bilməmişəm. Düz təxmin etdiniz, doktor, mən ətrafımda baş verən ən kiçik hadisələrə çox əsəb keçirirəm. Mənim üzümdəki bu ağrılar həqiqətən bir dəfə çox möhkəm əsəb keçirdiyimdə başladı. Bundan sonra siz deyənləri hər daim xatırlayaraq çalışıb hər xırda şeyə fikir verməməliyəm. Bu çox ziyanlı imiş.
– Təəssüf ki, elədir. Bir də barənizdə söylədiklərinizdən görünən o ki, sizin orqanizmdə maddələr mübadiləsinin gedişatı da pozulub və bu səbəbdən orqanizmdəki bioenerji düzgün və rasional paylanmır. Daxili enerjinin düzgün paylanmaması da, ilk olaraq, özünü elə emosional dairədə göstərir. Vaxtında müalicə olunmazsa sonunda hormonal pozğunluğa gətirib çıxarır və ,əlbəttə ki, ilk təsirini yenə mərkəzi sinir sisteminə göstərər. Dediyim kimi, mərkəzi sinir sistemi və emosional dairə bir-biri ilə çox sıx şəkildə bağlıdır.
O, həkimin dedikləri barədə bir an daha düşündü.
– Nə məsləhət görürsünüz ,doktor!? Ağlım bu işləri önləmək üçün gecikdiyindən, çox güman, indi sizin köməyinizə böyük ehtiyacım var.
Ucal qələmi götürüb müalicə üçün resept yazdı və ona uzatdı.
– Bu müalicə ancaq üçlü sinirin sağalması üçündür. Bu iyirmi günlük müalicəni bitirəndən sonra yenidən müayinəyə getmək lazımdır. Zədələnmə ağır deyil, iltihabi proses də ilk, kəskin mərhələdədir. Xəstəlik özünü vaxtında bildirib. Yaxşı ki, gizli getməyib. Üçlü sinirin iltihabı bu mərhələdə müalicə olunandır. Lakin xroniki hal aldısa bir ömür sağalmaz. Ondan sonra nə ağlın, nə də ki, dərman terapiyasının köməyi yetməz. Məsləhətim dərhal müalicəyə başlanmalı.
Fərhad resept kağızını alıb baxdı.
– Burada hakim sizsiniz ,doktor. Hökmü də siz verəcəksiniz. Mənə tabe olmaq düşər. Elə bu gündən müalicəyə başlayacağam.
– Daha keyfiyyətli nəticə əldə etmək, mərkəzi sinir sistemi ağır zədə almamış və orqanizmdəki narahatedici digər halları aradan qaldırmaq üçün bir də iynə terapiyasını məsləhət görərdim. Ən az üç seans qəbul etsəniz çox köməkliyi dəyəcək. Sonra əlavə olaraq bir-iki dərman da yazaram.
Fərhad bu qədim Tibet üsulu barədə çox eşitmişdi. Amma təfsilatı ilə bu barədə bilmirdi. Ucal bunu anlayıb iynə terapiyası haqda onu daha ətraflı məlumatlandırmağa çalışdı. Doktor çox gözəl bilirdi ki, xəstə həkimin tərəfində olmasa, xəstənin onun müalicə planlarından xəbəri olmasa və xəstə xəstəliyə deyil, həkimə kömək etməsə, həkimin xəstəliklə başladığı mübarizə çox çətin olur. Ona görə də Ucal adətən xəstələrinə dərmanlarla yanaşı hər daim lazımi məlumatlar da verirdi.
– Əksər ölkələrdə, ələlxüsus az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə xəstəlikləri yox, xəstəliklərin yaratdığı simptomları müalicə etməklə məşğuldurlar. Bu da düzgün yanaşma deyil. Çünki bu hallarda simptomlar bir müddət itib sonra yenə özünü büruzə verəcəkdir. Əsas məsələ xəstəliyi yaradan səbəbi yox etməkdir. Az əvvəl dediyim kimi, sizin orqanizminizdə pozulmuş, daha doğrusu, normadan daha çox sürət almış maddələr mübadiləsini tənzimləmək lazımdır. Bunun üçün iynə terapiyası çox effektivdir. İlk öncə bioloji nöqtələrə batırılmış xüsusi iynələr orqanizmdə xoşbəxtlik hormonu sayılan sirotanin və bədənə rahatlıq gətirərək həm də sinir sisteminin işini tənzimləyən dofamin hormonunun çoxalmasına səbəb olur. Bundan əlavə bu terapiya zamanı beyin endorfin hormonunu da qədərində ifraz etməyə başlayır. Bu hormon təbii və orqanizm üçün təhlükəsiz, lazımlı morfin preparatıdır. O, bədəndə olan bütün ağrıları götürür, zədəli sinir sisteminin yaratdığı əzələ spazmalarını aradan qaldırır. Gördüyünüz kimi, iynə terapiyası nəticəsində orqanizmin özündə xəstəliyin səbəbini yox edəcək çoxlu dərmanlar ifraz olunur. Hansı dərman laboratoriyası orqanizm üçün onun özündən daha yaxşı dərman istehsal edə bilər?
– Bu barədə də, çox az məlumatlı idim, doktor. Demək, sinir sistemi xəstəliklərinin bir çoxunu da orqanizmdəki hormonal pozğunluqlar yaradırmış?
– Əlbəttə! Stress ilə başlayıb, depressiyaya, nevrotik reaksiyalara, bipolyar pozğunluqlara və daha sonra şizofreniya kimi ağır psixi xəstəliklərə aparan ən başlıca yol hormonal pozğunluq və bundan əmələ gələn maddələr mübadiləsinin pozulmasıdır. Bu hal sosioloji araşdırmalar zamanı da sübut olunub. Məsələn, insanların yaşam səviyyəsi ən yüksək olan Finlandiya “intiharlar ölkəsi” kimi tanınır. Çünki stress və depressiyanın ən yaxşı həkimi olan xoşbəxtlik hormonu sirotonin hormonu orqanizmdə ən çox günəş işığının təsiri ilə yaranır. Finlandiya isə çox soyuq ölkə olduğundan, oranın səmalarında günəşin çox az görünməsi səbəbindən bu hormon həmin ölkənin insanlarından uzaq düşüb. Odur ki, iqtisadi tərəfdən yaşam tərzləri nə qədər yüksək olsa da, “sirotonin”siz həyat tərzi onları bir çox hallarda depressiyaya və sonunda intihara sürükləyir. Rusiyada da intihar halları çox tez-tez baş verir və araşdırmaçılar tərəfindən buna səbəb yenə təbiət, Rusiyanın əksər bölgələrində günəş şüalarının az olması göstərilir.
Fərhad əlindəki resepti cibinə qoyub razılıqla həkimə baxdı.
– Onda nəyi gözləyirik, doktor! Əgər mümkünsə gəlmişkən ilk iynə terapiyasını da qəbul edək. Özünüz dediniz ki, nə qədər tez başlasaq o qədər faydası çox olacaq. Zəhmətinizin haqqını artıqlaması ilə ödəyərəm. Təki məni bu ağrılardan qurtarın.
Ucal yenə qeyri-ixtiyari saata baxdı. İstədi sabah gəlməsini tövsiyə etsin. Amma gec də olsa qəbul etmişkən, özü təklif etdiyi müalicəsinə də başlamasına qərar verdi. Bir də rayon yerində bu cür pullu xəstələr az-az olur. Hər halda bunu da nəzərə almaq lazım idi.
– Amma bir az uzun sürəcək. Vaxtınız var, yəqin.
– Əlbəttə, var. Lakin gec gəlib iş vaxtından sonra narahat etdiyimiz üçün üzrlü sayın lütfən. Ağrı zaman, məkan bilmir.
– Eybi yox. Düzgün qərardır, nə qədər tez başlasaq bir o qədər yaxşıdır. Gəlmişkən ilk seansı keçirək. Zəhmət olmasa pərdənin arxasına keçin və üst paltarınızı soyunun. Orada uzanmaq üçün çarpayı var..
Ucal yaşadıqları binaya çatanda artıq hava qaralmaq üzrə idi. O, yorğun-yorğun pilləkənlərlə 3-cü mərtəbəyə qalxıb qapının zəngini çaldı. Amma qapını açan olmadı. Bir az gözləyib bir də düyməyə basdı. Lakin yenə içəridən bir hənirti gəlmədi. İndi də əli ilə qapını döydü. Yenə kimsə açmadı. Ucal qolundakı saata baxdı. Artıq 8-ə qalırdı. Yağmurun bir az gec gələ biləcəyini bilirdi, lakin o, bu vaxta qədər kənddə qala bilməzdi. Oradan axşamüstü qayıdacağını demişdi. Əgər belə gec qalsaydı da, mütləq zəng vurub xəbər edərdi. Qapının dəstədəstəyindən tutub dartdı. Yox, deyəsən,Yağmur hələ də qayıtmamış, qapı kilidə bağlı idi. Bu zaman qapı qonşu Pakizə xanım əlində zibil torbası evindən çıxdı.
– Axşamın xeyir, oğul. Deyəsən, Yağmur evdə yoxdur. Səhərdən heç görmədim.
– Axşamınız xeyir, Pakizə xala. Hə, kəndə getmişdi. Amma indiyədək gəlməli idi.
O, cibindən telefonu çıxardı. Nömrəni yığıb telefonu qulağına apardı. Yağmura zəng çatır, lakin o cavab vermirdi. Telefon zəngi cavabsız qalan hər saniyə Ucalın həyəcanını daha da artırırdı. Ard-arda bir neçə dəfə zəng vursa da Yağmur cavab vermədi. Vəziyyəti anlayıb Pakizə xala onu sakitləşdirmək istədi.
– Narahat olma, oğul. Bəlkə, maşın sürür, eşitmir.
Pakizənin dediyi Ucalın ağlına batsa da həyəcanı tam itmədi.
– Ola bilər..
O, fikirli-fikirli portfelin cibindən özündə olan açarı çıxarıb qapını açdı. Əlindəki portfeli kənara qoyub işıqları yandırdı. Yalnız ayaqqabılarını tələsik çıxarıb içəri keçdi. Ətrafa boylanıb Yağmuru bir də yığdı. Lakin yenə telefonun digər tərəfi səssiz qalmışdı. Onun həyəcanı daha da çoxaldı və Şöləyə zəng vurmaq istədi. Amma onun nömrəsi həkimdə yox idi. Bir anlıq düşünüb tez Yağmurun iş otağına keçərək masaya tərəf getdi. Axı səhv etmirdisə Yağmurun dəftərcəsində Şölənin ev telefonu olmalı idi. Əlləri əsə-əsə kitabçanı tapdı. Nə yaxşı ki, Şölə telefonun dəstəyini tez qaldırdı.
– Alo.
– Salam, Şölə xanım.
Onlar ailəvi olaraq da bir-birilərini tanıyır, mütəmadi gediş-gəlişləri olurdu. Odur ki, Şölə də Ucalı səsindən dərhal tanıdı.
– Salam, doktor.
Həkimin səsindəki təlaş açıq-aydın hiss olunurdu.
– Yağmur bu gün sizə gəlməli idi.
– Hə, səhərdən mənimlə idi. Həm də bu gün birlikdə uşaqlara dərs keçdik.
– Hələ də sizdədir?
Şölə bir anlıq özünü itirdi. Bu gün səhər Yağmurun söylədikləri, səhərki əhvalı ildırım sürətilə gözlərinin önündən keçdi və indi o, Ucaldan daha çox həyəcanlandı.
– Yo.. yox. Yağmur iki saata yaxın olar getdiyi. Hələ evə gəlməyib ki?
– Mən də indi işdən gəldim. Evdə yoxdur. Telefona da cavab vermir.
– Axı.. axı o çoxdan çıxıb. Artıq çoxdan çatmalı idi.
Şölənin gözü bir anlıq pəncərəyə sataşdı. Səhər hava günəşli olsa da, nahardan sonra sis duman hər tərəfi bürümüşdü. May ayı bu il şıltaqlığı ilə yadda qalırdı. Sanki bahar deyil, bu il payızı təmsil edirdi. Bütün ay boyu havalar bir gün günəşli, iki gün dumanlı, çiskinli keçirdi. Şölə həm Ucalı, həm də elə sanki özünü sakitləşdirməyə çalışdı.
– Narahat olmayın, doktor! Bəlkə, yolda nəsə olub. Bəlkə maşını xarab olub, ya da..
Şölə Yağmurun səhər barəsində söylədiyi və üzünü görmədiyi o lənətə gəlmiş qaraçı arvadı təsəvvür edib beyninə rəfiqəsinin başında bir iş olmadığını bildirən başqa əsaslı fikir gətirməyə çalışdı. Bəlkə.. bəlkə telefonu səssizə alıb. İndi mən də zəng vuraram.
Şölənin içində indi həyəcandan çox, bir böyük günah hissi də baş qaldırmışdı. Axı Yağmuru bu gün üçün kəndə o, dəvət etmişdi. Əgər Allah eləməmiş başına bir iş gəlibsə demək günahkar odur..? Ucal telefonu masanın üzərinə qoyub çox fikirli görkəm aldı. Bayaqdan zibil torbasını dəhlizdə qoyaraq Ucalın ardınca evə girib kandarda duran Pakizə xala vəziyyəti anladı. O da ayaqqabılarını soyunub içəri girdi.
– Axı nədən bu qədər həyəcan keçirirsən? Uşaq deyil ki, bəlkə bilmədiyimiz bir işi çıxıb. Harada olsa indilərdə gələcək.
Ucal sakitcə kresloya oturdu. Sanki beyni keyimişdi. O, bir anlıq bu cür qalıb sonra yavaş-yavaş başını qaldırdı və qonşusuna baxdı.
– Yağmur indiyədək bir dəfə də olsun dediyi yerə gecikmədi, Pakizə xala. Uzaqda olub bir işi çıxanda da dərhal xəbər verərdi. O, həm həyatda, həm də işində çox məsuliyyətlidir. Lakin məni çox həyəcanlandıran bu da deyil.
– Bəs nədir?
– Onun səhərki halı. Dünən hər şey yaxşı idi. Amma bu gün səhər yuxudan qalxanda həmin Yağmur deyildi sanki. Özünü çox narahat hiss edirdi. Səbəbini soruşdum: “Amma bir şey yox, bir az ürəyim sıxılır”, – dedi. Səhər yuxudan tam başqa bir Yağmur ayılmışdı. Ona görə çox narahatam. Hava da dumanlı.. Bəlkə halı pisləşib, maşını idarə edərkən yolun kənarındakı dərəyə aşırıb. Əgər belədirsə bu cür dumanlı havada yoldan keçən maşınların sürücü və ya sərnişinləri belə onu görə bilməzlər.
– Xeyir söylə ki, xeyir gəlsin, a bala! Bu pis fikirləri başından at! İndi İzzət dayını da çağıraram birlikdə axtarıb taparsınız. Bax görərsən heç axtarmağa gərək də olmaz. Yağmur balam indi özü gəlib çıxar. Sən bir az sakitləş!
Pakizə xala sözünü bitirər-bitirməz qapıdan çıxıb dəhlizə sarı yönəldi və ərini çağırmağa başladı.
– İzzət, ay İzzət…! Hələ bəri çıx görüm…!
– Hoo…hoo.. Sizi görüm lənətə gələsiniz. Hər kəsin inəkləri axşamüstü olan kimi çöldən evlərinə dönər. Mənsə bu qoca yaşımda bu merəsə qalmışları hər gün axtarıb çöldən gətirməsəm özləri evə gəlməzlər. Daha arxalarıyca düşmək üçün taqətim də qalmayıb. Adamın gərək bəxti ola. Nə arvaddan, nə övladdan, nə də ki, heç olmasa mal-heyvandan yaramadım. Bircə axşam çöldə qalsalar yalquzağa yem olacaqlarını anlamırlar. Görərsiz, bu il sizi satıb başımdan rədd edəcəm.
Yetmiş yaşlı, kənddə deyingənliyi ilə ad qazanmış Alxas kişi əlində çubuqla inəklərini hoyluya-hoyluya çöldəki örüş yerindən gətirir və onların qarasınca deyinirdi. Hava hələ tam qaralmamışdı. Lakin hər tərəfi basmış sis duman yolu-izi görünməz etmişdi. İnəklər “Sultanlıq Məzarlığı”nın yanına çatandan sonra bir-bir suyun dayaz axdığı yerdən çayı keçdilər. Alxas kişi də onların ardından keçmək üçün bir ayağını daşın üzərinə qoydu. Amma elə bu zaman gözü sol tərəfə, sahildəki bir qaraltıya sataşdı. İlk əvvəl fikir verməyib davam etmək istədi. Amma içini nəsə gəmirdi, deyəsən. Yaxında olan bu siluet ,sanki, insan şəkilli idi. Özüdə yerdə uzanmış insan. O, çayı keçməyərək geri çöndü və üzüyuxarı o qaraltıya tərəf getməyə başladı. Bir neçə addım atandan sonra isə üstünə çıxdığı mənzərədən dəhşətə gəldi. Yerdə saçları qısa kəsilmiş, göy paltarlı bir qadın üzüqoylu uzanmış, onun başının altında və ətrafında xeyli böyüklükdə bir qan gölməçəsi əmələ gəlmişdi. Bir xeyli yaşı olmasına baxmayaraq Alxas kişi ömründə ilk dəfə bu cür dəhşətli mənzərə görürdü. O, nə baş verdiyini təxmin etdi. Bu qədər qanı axmış biri, çox güman, çoxdan ölmüşdü. Çox həyəcanlı və qorxu içində olsa da birtəhər toparlanıb əyilərək iki barmağını onun boynuna qoydu. Yox, bu yatmış gözəl xanımın nəbzi artıq vurmurdu. O daha orada durmayaraq bacardığı qədər sürətli addımlarla çayı keçib kəndə sarı yol aldı. Tez insanlara xəbər etmək lazım idi.