Axı nə üçün?
İzzət həyətdə öz maşınını işə saldı və Ucal da tələsik o tərəfə keçərək qapını açıb oturdu. Onun öz maşını yox idi. Ailədə olan tək maşını Yağmur idarə edirdi. Onlar qısa zamanda gəlib rayon mərkəzi ilə İlisu kəndi arasında, yolun kənarında yerləşən dərənin yanına çatdılar. Rayon mərkəzi ilə kənd arasındakı asfalt yolda ən təhlükəli yer bura olmalı idi. Və ona görə də əgər yolda Yağmurun başına yol nəqliyyat hadisəsi gəlmişsə və indiyədək kimsə bundan xəbər tutmamışsa Ucal bu hadisənin məhz burada baş verə biləcəyini düşünmüşdü. Odur ki, bayaqdan onlar maşını yolun kənarında saxlamış əllərində fənər çox da dərin olmayan dərəyə enmişdilər. Lakin Yağmurun maşını nə dərədə yox, nə də ki yolun bu hissəsində yol nəqliyyat hadisəsini göstərən bir iz yox idi. İki qonşu fikirli-fikirli dərədən yola çıxdılar. Ucal telefonu cibindən çıxarıb artıq neçənci dəfə yenə Yağmuru yığdı. Bu dəfə telefonu qulağına aparanda isə gözü rayon tərəfdən gələn yolda sayrışan işıqlara sataşdı. Bu işıqlar zəif sayrışırdı. Lakin hər keçən saniyə işıqların parıltısı daha da çoxalır və bu işıqlar get-gedə onlara yaxınlaşırdı. Hə, bu onlara sarı ard-arda gələn maşınların işıqları idi. Lakin bu işıqlar fərqli rəngdə və daha parıltılı idi. Daha bir neçə saniyə keçdi və sürətlə yaxınlaşan maşınlardan birinin təcili tibbi yardım, digərinin polis maşını olmasına şübhə qalmadı. Bu maşınlar onların yanından yel kimi ötüb keçəndən sonra İzzət kişi həyan olmaq üçün yaxınlaşıb Ucalın yanında durdu. Hər ikisi eyni şeyi düşünmüşdü. Yol nəqliyyat hadisəsi bir az qabaqda baş veribmiş. Onlar heç bir söz söyləmədən dərhal maşına oturdular. Ucal əlləri əsə-əsə və yenə cavab verməyəcəyini bilə-bilə telefonun yaşıl düyməsinə bir də basmaq istədi. Lakin indi ona zəng gəldi. Nömrə tanış olmasa da, dərhal cavab vermək üçün düyməyə basdı.
– Alo.
– Bir anlıq o tərəfdən səs gəlmədi.
Ucal telefonu qulağından ayırıb ekrana baxdı. Yox, rabitə qırılmamışdı. Bir də cavab verdi.
– Alo, kimdir!?
Şölə telefonun o biri başında yalnız hıçqıraraq ağlaya bildi..
Təyin olunmuş diametr boyu ərazi polis lenti ilə əhatəyə alınmış, bu ərazidə yalnız əməliyyatçılar, müstəntiq və ekspertlər işləyirdi. Hadisə yerində kənddən gələn bir xeyli adam toplanmış, hər kəs çaşqınlıq içində idi. Ucala az əvvəl sakitləşdirici iynə vuraraq polis maşınına otuzdurmuşdular. O, indi özündə deyil, yarımyuxulu vəziyyətdə idi. Ətrafda baş verənlər də sanki ona yuxu kimi gəlirdi.
Rayon prokuroru Təhməz Qəribovun şəxsən başçılıq etdiyi intensiv ilkin istintaq əməliyyat tədbirləri yalnız bir istiqamətə yönəlmişdi. Qatili isti izlərlə, elə bu gecə, mümkünsə elə indi ələ keçirmək. Amma, görünür, bu çox çətin olacaqdı. Çünki onlardan əvvəl hadisə yerinə kənddən gələn adamlar hər yeri tapdalamış, hadisə yerində və ətrafda iz-izə qarışmışdı. Odur ki, kinoloqların itləri hər dəfə meyitin yaxınlığından bir iz götürüb elə yaxınlıqda sağa-sola qaçır, çox uzağa deyil, hər dəfə camaata tərəf gedir və bilinirdi ki, onların götürdüyü qoxu kənd sakinlərinə aiddir. Havanın artıq qaralması və dumanlı olması da işləri xeyli çətinləşdirmişdi. Bütün bunlara baxmayaraq kənarda saxlanılan maşınların və əl fənərlərinin işıqları altında əməliyyat qrupu işlərini var-gücləri ilə davam etdirir, hadisə ilə bağlı ola biləcək, qatilin izinə düşmək üçün dəlillər axtarırdılar. Amma görünən o idi ki, səhərə qədər işləsələr belə, burada əsas işi sabah hava işıqlaşandan sonra aparmaq lazım olacaqdı. Elə bu zaman bir taksi kənarda dayandı və maşının qapısı açılan kimi: ”Ana…!!!”, – deyə elə bir fəryad qopdu ki, orada olan hər kəsin tükləri biz-biz oldu. Dənizin çığırtılı bu “Ana fəryadı” elə dənizdəki dalğalartək tufanlarda ərşə qalxan kimi ucalaraq dağlarda əks səda verib ətrafdakı kolların dibinə sığınan heyvanatı belə yerlərindən dəbərtdi. O, qaça-qaça yaxına gəlmək istəyəndə Şölə dərhal qabağına gedib lentin kənarında onu qucaqladı və onlar hönkürüb bir-birinə sarıldılar. Gözləmədiyi bir anda canından çox sevdiyi anasını itirmiş Dənizin içindəki bu acı, bu iztirab, bu fəryad heç bir çəkiyə gələ bilməz, heç bir ölçü vahidi ilə ölçülə bilməzdi. Bu dağ boyda acını bu övlada yaşadan kim idisə, onun içində insanlıqdan heç bir əlamət olmamalı idi. Həyatının ən gözəl çağında xalqı üçün çox dəyərli insan, zərif bir qadın və eyni zamanda müqəddəs varlıq olan bir ananı öldürməyə qalxan əl insana aid olmamalı idi. Prokuror bu dəhşətli mənzərəyə çox baxa bilməyib üzünü yana çevirdi və dişlərini bir-birinə sıxdı. Yanında durduğu yerdə uzanmış bu məsum qadına uzanmış əli elə indi kəsib yerə salmağı çox istəyirdi. Amma, hələlik, o da çarəsiz idi. İndi ən çox o və həmkarları soyuqqanlı olmalı, var-gücləri ilə o əlin sahibinə aparan yolu tapmaq üçün bir yol axtarmalı idilər.
Qəribov Yağmurun cansız bədəni ilə işləyən həkimə yaxınlaşdı. Həkim ayağa qalxdı və ilkin olaraq yalnız bunları dedi.
– Bir dəfə atəş açmaqla başın arxa hissəsindən vurublar, cənab prokuror! Hansı tip odlu silah istifadə olunduğu hələ bilinmir. Güllə dəlib və qadının üz nahiyəsindən çıxıb. Güllə çıxarkən yaratdığı yaranın xarakteri atəşin yaxın məsafədən açılmasını göstərir. Lakin hələ güllə tapılmayıb. Qanın laxtalanması, bütün əzaların bərkimə səviyyəsi, göz bəbəklərinin kiçilmə radiusu, bədənin temperaturu və daha bir neçə ilkin əlamətlərə görə hadisə təxminən 1 saat 30 dəqiqə əvvəl baş verib.
Prokuror qolundakı saata baxdı. Saat 8-ə 5 dəqiqə qalırdı.
– Demək, təxminən ,18.30-da.
– Bəli, təxminən,18.30 radələrində.
– Aydındır. Siz davam edin, doktor.
Qəribov asta addımlarla bir az kənarda durub güllənin axtarılması işinə nəzarət edən polis rəisi mayor Cümşüdzadəyə yaxınlaşdı.
– Hələ də tapılmadı?
– Yox, hələ, cənab prokuror! Camaat ərazidəki çox yeri tapdasa da meyitə dəyməyiblər. Heç olmasa buna ağılları çatıb. Güllə üz nahiyəsindən çıxmışsa çox uzağa düşməli deyildi. Burada çoxlu daşlar var. Həm də hər tərəfi ot basıb. Yəqin, ya otların, ya da daşların arasına düşüb. Hər yerə baxırlar. Çay bir az uzaqdır. Güllə başından çıxıb suya düşə bilməzdi. Havanın bu cür olması da işləri ləngidir. Tapılmasa gərək metal axtaran cihaz gətirək.
Elə bu an bir neçə metr aralıda əyilərək əlindəki fənərı daşların arasına tutan bir polis nəfəri məruzə etdi.
– Cənab mayor, deyəsən, gülləni tapdım.
Bir azdan meyitdən bir neçə metr arxadakı otların arasından giliz də tapıldı. Artıq qatilin atəş açarkən təxmini harada durduğu da məlum oldu. Giliz və gülləni qablaşdıran ekspert isə ilkin olaraq yalnız atəşin tapançadan açıldığını bildirdi. Silahın kolibri və markası barədə yalnız ətraflı ekspertizadan sonra məlum olacaqdı.
Prokuror nəzərlərini yerdə uzanmış Yağmur tərəfə yönəltdi.
– Görəsən, bu arxeoloq xanımın belə havada, günün bu vaxtı bu çöllükdə nə işi vardı?
Polis rəisi hadisə yerinə prokurordan bir az tez çatmış, artıq Şölə müəllimə ilə söhbət edərək Yağmur barədə bəzi məlumatlar əldə etmişdi.
– Bura çatanda elə məni də ilk olaraq bu sual düşündürməyə başladı. Səhər saat 12-də kəndə gəlibmiş. Rəfiqəsi Şölə müəllimə ilə burada, bir az aralıdakı “Sultanlıq Məzarlığı”nda uşaqlara tarix dərsi keçiblər. Dərsin mövzusu bu tarixi yerə uyğun imiş. İlisu Sultanlığı haqda onlara məlumat veriblər. Bundan əvvəl də hərdən kəndin məktəbində tarix müəlliməsi işləyən rəfiqəsi Şölə onunla birlikdə uşaqlara dərsi bu cür tarixi yerlərdə izah edərmişlər. Müəllimənin dediyinə görə Yağmur özü də uşaqlara araşdırmaları haqda məlumat verməyi çox sevirmiş. Dərsdən sonra birlikdə çayın sahilində bir xeyli söhbət edərək bu tərəflərdə gəziblər. Daha sonra Şölə müəllimə gilə gediblər. Axşam saatlarına qədər onların evində birlikdə olublar. Yemək yeyib, çay içib, söhbətlərinə davam ediblər. Saat 18.20 radələrində Yağmur onlardan çıxıb. Şöləyə evə gedəcəyini deyib. Lakin nəyə görəsə fikrini dəyişərək bura gəlib. Maşını çayın o tərəfində, qapıları bağlı idi.
– Demək, 18.20-də onlardan çıxıb. Əgər belədirsə və o, 18.30 radələrində qətlə yetirilibsə demək onlardan birbaş bura gəlib. Şöləyə isə evə getdiyini bildirərək bura gələcəyi barədə heç nə deməyib?
– Bəlkə, səhər burada nəsə qiymətli bir şey itirib və müəllimədən ayrılandan sonra, maşına oturanda bunu anlayaraq o əşyanı axtarmaq üçün birbaş bura gəlib?
– Ağıla gələn ilk fikir budur. O müəllimə haradadır?
– Orada, Yağmurun qızı Dənizin yanındadır. Onu sakitləşdirir. Onlar ailəvi olaraq bir-birilərini yaxşı tanıyırlar.
– Yağmurun əri özünə gəldi?
– Dərmanın təsiri tam olaraq hələ keçməsə də, artıq bir az özünə gəlib yəqin. Maşının yanındadır. Qızına da iynə vurdular. Yazıq qızın az qala ürəyi partlasın. Elə əri də yaman gündədir.
– Qoy əməliyyatçılar işləri davam etdirsinlər. Gəl əri ilə də danışaq. Olan oldu artıq. Şölə müəlliməni də çağır. Bəlkə, Yağmurun bir düşməni olub. Bəlkə onlar kimdənsə şübhələnir. Dəniz bir az özünə gələndən sonra ondan da bu haqda soruşmaq lazımdır. Əgər belə biri varsa bəlkə isti izlərlə yaxalaya bildik.
Prokuror çayın o biri sahilində durmuş polis maşınına yaxınlaşdı. Ucal indi maşından enmiş və elə orada yerdə oturaraq hər iki əli ilə aşağı endirmiş başını tutmuşdu. Qəribov onun yanında dayandı. Maşının yanında duran polis nəfəri kənara çəkildi.
– Keçmiş olsun, doktor! Başınız sağ olsun!
Ucal yavaş-yavaş başını qaldırdı. Yanında duranın kim olduğunu anlayıb yavaş-yavaş ayağa qalxdı. Onun səsi zorla eşidilirdi.
– Axı niyə..? Nə üçün..? O, kimə nə etmişdi..?
– Lütfən, sakit olun! Onun bir düşməni var idimi? Siz kimdənsə şübhələnirsiz? Axı bu barədə sizdən yaxşı kimsə bilə bilməz.
Ucal bir anlıq fikrə getdi.
– Nə düşməni? Onun kimi qəlbi təmiz bir insanın düşməni ola bilməzdi.
– Yaxşı, düşmən deməyək. Onu istəməyən, ya da ətrafınızda onun özünün sevmədiyi biri var idimi?
Elə bil Ucal indi ayıldı.
– Dəniz…Qızım…O, haradadır? Onun xəbəri varmı?
– Sakitləşin! Xəbəri var. O da buradadır. Halı pisdir, əlbəttə. Amma narahat olmayın. Həkimlər yardım edir, sakitləşdirici vurublar. Şölə xanım da yanındadır. Orada, təcili tibbi yardım maşınındadırlar.
Ucal kənara baxıb gözlərini qıydı. Siması çox sərt bir ifadə aldı.
– Aydın.. Kürəkənim Aydın.. İlk gündən Yağmurun ürəyinə yatmadı. Zahirən yaraşıqlı biri olsa da, mənəvi cəhətdən kasad olduğunu Yağmur yaxşı anlamışdı. Aydının hansı yuvanın quşu olduğunu ilk gündən yaxşı hiss etmişdi. Onların toyuna qədər ən müxtəlif yollarla bu izdivacı əngəlləmək istədi. Amma “Sevginin gözü kor olur “ deyənlər haqlı imişlər. Dənizi fikrindən döndərə bilmədik. O alçaq da iç üzünü toydan bir il sonra göstərməyə başladı. Yer üzündə Yağmurun sevmədiyi, bəlkə də nifrət etdiyi tək adam var idisə, o da balasının həyatını cəhənnəmə döndərən Aydın olmalı idi. Lakin Dənizə görə hər şeyə dözürdük. Dəfələrlə söhbət edib adam etmək istədik. Alınmadı.. Son vaxtlar hər gün daha çox içir, Dənizi daha çox incidirdi. Artıq Dənizin də, bizim də son qərar verməyimizə çox az qalmışdı. O alçaq bunu bilirdi. Dəfələrlə Dənizi döyüb ondan anasının ailə daxili işlərinə qarışmamasını tələb etmişdi..
Ucal sözünə ara verib bir az susdu. Bu an rəis və Şölə xanım da onlara yaxınlaşdılar. Həkim müəlliməyə baxdı və dodaqlarının altından pıçıldadı.
– O alçaq buradadır?
Şölə isə söhbətin kimdən getdiyini dərhal anlayıb başını buladı.
– Yox, Aydın gəlməyib. Mən zəng vuranda Dəniz evdə tək idi. Taksi ilə gəldi. Aydını ondan soruşmadım. Heç nəsə soruşulası bir halı var ki..
Prokuror həkimə baxdı.
– Aydının telefon nömrəsi var, yəqin.
Ucal dodaqlarını gəmirə-gəmirə əlini cibinə atdı. Onun adını telefonda tapıb nömrəsini yığmaq istədi. Prokuror isə onu qabaqladı.
– Ehtiyac yoxdur. Siz deyil, mən danışaram. Qəribov doktorun telefonundakı ekrana baxıb öz telefonunu çıxardı.
Zəng gedir, amma Aydın cavab vermirdi. O yalnız üçüncü dəfədən sonra cavab verdi. Ağzını açan kimi çox içkili olduğu bəlli oldu.
– A..lo. Kimdir?
– Prokurorluqdandır. Sən haradasan Aydın?!
Cavab bu dəfə daha gec gəldi.
– Prokur..or..lu..
– Hə, prokurorluq. Soruşuram haradasan?
– Mə..n nə etmişəm ki..? İçmək olmaaa..z?
– Evdəsən?
– Yo..yox.. Uşaqlarla meşədəki kafedəyəm. Ne..cə bəyəm?
– Hansı kafedə?
Aydının dostlarından biri yaxında oturmuş və o, Aydının telefonuna gələn gur səsi eşidirdi. O, vəziyyəti görüb telefonu Aydından aldı. Onun ağlı nisbətən başında idi.
– Alo Eşidirəm. Kimdir? Nə lazımdır? Aydın bizimlədir. Yol kənarındakı “Quzu bulağı” kafesindəyik. Çörək yeyirik.
– Prokuror telefonu söndürüb nəzərlərini rəisə yönəltdi.
– “Quzu bulağı” kafesi.
Cümşüdzadə dərhal polis nəfərlərinə həmin kafeyə getmələri üçün əmr verdi. Qəribov telefonu cibinə qoyub üzünü Şöləyə tutdu.
– Deyirsiniz, Yağmur sizdən çıxanda evə gedəcəyini dedi?
– Hə, sonda birlikdə nahar etdik, çay içdik, söhbət etdik.. Və dediyim vaxtda saata baxıb “Artıq gecdir”,- deyərək Yağmur masadan qalxdı. Onu maşına qədər yola saldım. Görüşüb xudahafizləşdik.
– Burada səhər dərs vaxtı nəsə itirməmişdi ki? Evdə olanda bu barədə sizə bir şey söyləmişdi?
Şölə fikrə getdi.
– Yox, belə bir söz deməmişdi. Əgər elə olsaydı axtarmağa birlikdə gələrdik. Şər qarışan vaxtı onu buralara tək buraxmazdım. Mən də onunla birlikdə gələrdim.
Bu zaman Yağmurun maşınında işləyən əməliyyatçılardan biri onlara yaxınlaşdı.
– Cənab prokuror!
Qəribov ona tərəf baxdı. Ekspertin vacib bir məlumat gətirdiyini anlayıb polis rəisi və onunla birlikdə bir az kənara çəkildilər.
– Cənab prokuror, bizə elə gəlir ki, Yağmur son dəfə maşında olarkən nəsə axtarıb. Ön oturacaqda qoyduğu əl çantasının ağzı açıq, sanki içi eşələnmiş kimidir. Prokuror fikrə getdi.
– Bəlkə, Yağmur deyil, o öləndən sonra qatil çantasında nəsə axtarıb?
– Amma maşının qapıları bağlı, açar Yağmurun cibində idi. Əgər belə olubsa onda qatil açarı onun cibindən götürərək maşında apardığı axtarışdan sonra yenə qaytarıb onun cibinə qoymalı idi. Hər iki hal mümkündür. Biz maşının həm içində, həm də çöl tərəfində ola biləcək bütün əl izləri ilə işləyirik. Yağmurun telefonu da maşında, ön oturacağının üzərində idi.
Qəribov dərindən nəfəs alıb kənara baxdı.
– Elə də düşünürdük. Çox güman Yağmur Şölənin evindən çıxandan sonra maşına əyləşib və yalnız bu zaman nəyisə itirdiyini hiss edib. Düşünüb ki, səhərki dərs vaxtı burada düşüb. Başqa nə səbəblə yenidən bura gəlsin ki?
Prokuror geri qayıdıb Şöləyə baxdı.
– Siz səhər dərsdən sonra dəqiq hansı tərəflərdə oldunuz? Yağmurun qətlə yetirildiyi yerə tərəf getmişdinizmi?
– Bəli, dərsdən sonra elə düz orada olan enli daşın yanında durub bir xeyli söhbətləşmişdik.
– Demək, Yağmur qətlə yetirildiyi yerdə bu gün səhər olmuşdu. Bu da o deməkdir ki, onun itirdiyi nə idisə axşamüstü məhz orada axtardığı mümkün görünür. Amma saatı qolunda, sırğaları qulağında. Telefonu da maşında. Görəsən onun itirdiyi nədir?
– Amma o mənə bu barədə..
Prokuror onun sözünü kəsdi.
– Görünən o ki, indi bu suala aydınlıq gətirə bilmirik. Bəlkə o, heç nə itirməyib. Bəlkə bura tam başqa bir səbəblə gəlib. Yaxşı bəs Yağmurun bu gün əhvalı necə idi? Bütün günü bir yerdə oldunuz. Sizə deməsə də, onun nə üçün bura gəldiyi barədə ağlınıza heç nə gəlmir? Birbaşa deməsə də, bəlkə, bu gün sizə dediyi hər hansı bir sözündən və ya evinizdə olduğu vaxt hansısa telefon danışığından bunu təxmin edə bilərsiniz? Onun bura nə üçün gəldiyini anlaya bilsək qatilin izinə dərhal düşə bilərik. Bunu başa düşürsünüz, yəqin.
Şölə bu gün səhər orada olanları yadına salıb qəhərləndi və davam etdi.
– Əlbəttə, sizi anlayır və elə mən də bayaqdan bu haqda düşünürəm. Lakin ağlıma onun bura nə üçün gəlməsi haqda heç bir məntiqli fikir gəlməyib. Bu gün birlikdə olduğumuz vaxt nə bu barədə mənə bir söz demədi, nə də ki, ondan bu barədə başqa bir eyham duymadım. Birlikdə olduğumuz vaxt kiminləsə telefonda danışıb bura gələcəyi, ya da haradasa başqa yerdə görüşəcəkləri haqda heç nə eşitmədim. Amma Yağmur bu gün bir xeyli qəribə idi. Kəndə gələndən çox kefsiz görünürdü. Bu gün səhər evlərinin yanında bir qaraçı arvad fala baxmaq adı ilə ovcuna baxmış və heç bir söz demədən kədərli üzlə çıxıb getmişdi. Deyəsən, onlar həqiqətən baxıb insanın nə qədər ömrü qaldığını təyin edə bilirlərmiş. Dərs bitəndən sonra o, mənə bu barədə danışanda çox həyəcanlı idi. Onu sakitləşdirməyə çalışdım. Bu cür boş şeylərə fikir verməməyi məsləhət gördüm. Amma, görünür, həyəcanı boş deyilmiş..
İndi də Ucal qəhərini birtəhər boğub fikirli-fikirli Şöləyə qoşuldu.
– Yağmur hələ bu gün səhər yuxudan qalxanda çox narahat görünürdü. Gecəni çox pis, narahat yatmışdı. Səbəbini heç özü bilmirdi, deyəsən. “Sadəcə içim rahat deyil, özümü çox pis hiss edirəm” – demişdi. Yenə daxili gərginliyinin artdığını düşünmüşdüm. Səhər yeməyi vaxtı mənə kəndə gedəcəyi barədə deyəndə dərhal razılaşdım. O, kənddə olarkən, Şölə ilə birlikdə olduğu vaxtlarda çox rahatlıq tapır, əhvalı həmişə yaxşılaşırdı. O falçı qadın barəsində isə indi eşidirəm. Yəqin, mən işə gedəndən sonra onunla rastlaşıb. Ax…Yağmur ax…
Ucalın gözləri yenə doldu və üzünü kənara çevirdi. Prokuror bir müddət düşünüb qatilin, ya da qatillərin izinə düşmək üçün Yağmurun bura gəlmə səbəbini indi tapmağın mümkün olmadığını anladı və Cümşüdzadəyə işarə edərək onunla birlikdə yenə kənara çəkildilər. Qəribov vaxt itirmədən indi başqa yollar axtarışında idi.
– Bu yerləri yaxşı tanıyan kənd sakinlərindən soruşun. Görək bu “Sultanlıq Məzarlığına” gətirən maşın və piyada yolları hansılardır. Görək qatil bura gizlincə necə gəlib, buradan necə yox ola bilərdi. O yolların hamısında işləmək lazımdır. Bəlkə, bir yeni nəqliyyat, ya da piyada izlərinə rast gəldik. Havanın pis olması bu işə mane olmamalıdır. Hər tərəfi, o alçağa aparan hər yolu axtarmaq lazımdır. Nə qədər çox zaman itirsək, o əclaf bir o qədər bizdən uzaqlaşacaq.
– Siz gəlmədən bu işə başlatmışam, cənab prokuror. Bura maşın yolu yalnız kənd tərəfdəndir və Yağmurun maşını durmuş körpünün o tayına qədərdir. Körpüdən o tərəfə bir xeyli gedəndən sonra yol ikiyə ayrılır. Bir istiqaməti kəndə, bir istiqaməti rayon mərkəzinə tərəf aparır. Amma piyada olaraq buradan demək olar ki, çox tərəfə yol var. Meşəliyə, örüşə, o təpəliyin ətrafındakı istirahət mərkəzləri tərəfə.. Bir sözlə qatil maşında deyil, piyada olubsa onun izlərinə rast gəlmək çox çətin olacaq. Çünki bu yollardan gediş-gəliş çoxdur. Kənd camaatı hər gün bu yollardadır. Buna baxmayaraq güman gələn hər cığırda və maşın yolunda ekspert və əməliyyatçılar işləyir. Rayonun çıxışında olan Yol Polisi postuna da tapşırıq vermişəm. Rayondan çıxan bütün maşınlar yoxlanılır. Əgər şübhəli bir hal müəyyən olunsa dərhal məlumat veriləcək.
Qəribovun bu məruzədən eyni açılmadı.
– Mənə elə gəlir ki, bütün bunlar yalnız bir şeydən xəbər verir. O, ya da onlar bu alçaq niyyətlərini məhz burada həyata keçirmək üçün çox ağıllı bir plan işləyiblər. Yağmuru öldürmək üçün ideal bir yer və zaman seçilib. Qətli törədəndən sonra iz saxlamadan buradan yox olmaq çox asan görünür. Odur ki, isti-isti izlərinə düşmək üçün heç nə alınmır.
– Hələ ki, elə görünür. Lakin o, mütləq səhv etməli idi, bir iz buraxmalı idi. Biz bu səhvi, saxladığı o izi mütləq taparıq.
Prokuror yenə acıqlı-acıqlı dodaqlarını gəmirdi.
– O cavan oğlanı günün günorta çağı hamının gözü qarşısında güllə ilə vurub pullarını aparan o motosikletçinin qoyduğu izləri tapan kimi hə..?
Rəis başını azca aşağı dikdi. Bu işin hələ də açılmaması prokurora və ona çox ağır başa gəlmişdi. Bu səbəblə hər ikisi dəfələrlə yuxarılar tərəfindən məzəmmət olunmuşdular. Bu işin tez bir zamanda açılması onlardan israrla tələb olunur, lakin o müəmmalı motosiklet və sürücü bir yağlı əppək olub göyə çəkilmişdi. İndi də üstəlik rayonda odlu silah işlədilməklə baş verən daha ağır bir cinayət.. Əgər tez bir zamanda Yağmurun qatilini də tapmasalar vəziyyətin onlar üçün nə qədər gərgin olacağını hər ikisi anlayırdı. Əgər Yağmurun atasının dünya şöhrətli arxeoloq, Azərbaycanda çox böyük nüfuz sahibi olmasını və onun qızının qətli barədə bir azdan bütün ölkə boyu səs salacağını da nəzərə alsaq, onda vəziyyəti tam təsəvvür etmək olardı.
Vəzifəyə cəmi bir ildir təyin olunan gənc prokuror bir xeyli müddət danışmayıb düşündü. İndi o daha soyuqqanlı və daha ətraflı fikirləşirdi. O, müəlliməyə tərəf çöndü.
– Şölə xanım!
Müəllimə onu anlayıb sakitcə yaxınlaşdı.
– Buyurun.
– Bu gün evinizdə Yağmur və sizdən başqa daha kim var idi? Ev sakinlərindən yenə kimsə var idimi? Deyirəm, bəlkə ,Yağmurun telefonda kiminləsə danışığını təsadüfən onlardan biri eşidərək onun bura nə üçün gəldiyini təxmin edə bilər.
Şölə yenə kömək edə bilmədiyi üçün sanki təəssüf hissi keçirdi.
– Bu gün evdə ikimizdən başqa kimsə olmayıb. Böyük oğlumu evləndirmişik və onlar bizdən ayrı yaşayırlar. Həyat yoldaşım isə kiçik oğlum ilə birlikdə bu gün səhər Bakıya gediblər. Oğlum neçə gün idi xəstə idi. Anginası var idi.
Qəribov yenə bir anlıq düşündü.
– Demək, bütün günü evdə Yağmurla ikiniz olmusunuz?
– Bəli, ikimiz olmuşuq.
– Yağmur saat 18.20-də sizdən çıxandan sonra nə işlə məşğul oldunuz? Məsələn, mağazaya və ya qonşuya getdinizmi? Ya da qonşulardan sizə gələn oldumu?
Şölə prokurorun nə demək istədiyini anladı və əsəbiləşdi. Səsi isə bir az titrəməyə başladı.
– Nə demək istəyirsiniz, cənab prokuror? Yağmur mənim…
Qəribov dərhal onu sakitləşdirdi.
– Sizi anlayıram, Şölə xanım. Biz də bilir, daha doğrusu necə mehriban rəfiqə olduğunuzu, sizin yaxşı bir insan olduğunuzu hiss edirik. Amma ortada çox böyük cinayət, bir qətl hadisəsi var. Bu cür hadisələrin də araşdırılması üçün çox sərt istintaq qaydaları mövcuddur. Bu qaydalar dostluq, yoldaşlıq, qohumluq, hislər tanımaz. Əksinə, adətən bu cür hallarda ilk olaraq qatili elə qurbanın ən yaxın çevrəsinin, qohum-əqrəba və dostlarının arasında axtarmağa başlayırlar. Bir də ki, Yağmuru canlı olaraq ən son siz görmüsünüz. Odur ki, suallarım sizi narahat etməsin.
Şölə vəziyyəti anlayıb daha etiraz etmədi və dərindən bir ah çəkdi.
– Doğrudan da, uşaqlıq rəfiqəmin, can dostumun qətlində mən günahkaram. Amma onu mən öldürmədim. Belə bir şeyi ağlıma belə gətirsəm yuxuma belə girsə mən dəli olardım. Lakin iki gün əvvəl zəng vuraraq onu növbəti və görünür son dəfə kəndə, öz ölüm məkanına mən dəvət etdim. O səbəblə özümü günahkar sayıram. O, saat 18.20-də bizdən gedəndən sonra isə ev işləri ilə məşğul oldum. Bulaşıq qab-qacağı yudum. Nə dükana, nə də ki, qonşuya getmədim. Qonşulardan da evimizə kimsə gəlmədi. Qısa və sizin dildə desəm o öldürülən zaman üçün alibim yoxdur. Yağmur bizdən gedəndən kəndə onun ölüm xəbəri yayılanadək evdə tək olmuşam. Mən də bura kənd camaatı ilə birlikdə gəldim.
– Dərsi birlikdə keçmək üçün səhər bura Yağmurla birlikdə gəldiniz?
– Yox, mən uşaqlarla birlikdə mikroavtobusda gəldim. Yağmur isə öz maşını ilə bir müddət sonra gəldi. Amma kəndə qayıdanda Yağmurun maşınında onunla birlikdə qayıtdıq.
– Onun maşınında olarkən Yağmurun əl çantasına toxundunuz?
Şölə bir an fikirləşdi.
– Hə, mən ön oturacağa oturanda onun əl çantası həmən oturacağın üstündə idi. Mən rahat əyləşmək üçün o çantanı götürüb arxa oturacağa qoydum.
– O vaxt həmin çantanın ağzı açıq idi?
– Yox. Çantasının ağzı bağlı idi.
– Yağmur evinizə gələndə əl çantasını özü ilə götürdü?
– Bəli, götürmüşdü.
Prokuror bir az ara verib, hələlik müəllimədən daha heç nə soruşmadı.
– Yaxşı, hələlik Dənizin yanına gedin. Söhbətimizi sabah prokurorluqda davam etdirərik. Amma çalışın bu gün Yağmurla olduğunuz hər anı xatırlayasınız. Bəlkə, aranızda olan söhbətlərdən bu işlə bağlı ola biləcək nələrisə yadınıza düşdü.
Şölə gedəndən sonra prokuror və Cümşüdzadə yenə Ucalın yanına qayıtdılar. İndi eyni şeyləri ondan da soruşmaq, hadisə baş verdiyi vaxt onun harada olduğunu öyrənmək lazım idi. Ucal indi nə qədər acı içində olsa da, prokurorun nə demək istədiyini anlayıb bütün gün ərzində harada olub, nə işlərlə məşğul olduğu haqda onların suallarını cavablandırdı.
İki dəqiqə sonra isə bayaq Aydının və dostlarının arxasınca gedən polis maşını gəlib bir az aralıda durdu və üç dost bir birinin ardınca maşından enməyə başladılar. Gözləri qanla dolmuş Ucal dərhal maşına tərəf getmək istəsə də, mayor Cümşüdzadə onu saxladı.
– Lazım deyil, doktor! Biz hələ heç nə bilmirik. Onun xarakteri və qızınızla aralarında baş verənlər hələ heç nəyi sübut etmir. Xahiş edirik, işimizə mane olmayın. Bəlkə də onun bu işdən heç xəbəri yoxdur. Fikrimcə, indi tam başqa işlərlə məşğul olmalısınız. Səhər saatlarında arvadınızın meyiti dəfn olunması üçün sizə təhvil veriləcək.
Ucal intizamlı insan idi. Nə qədər çətin olsa da, o rəisin xahişini anladı və tabe olaraq yanındakı maşına söykənib Aydın tərəfə acıqlı-acıqlı baxaraq dərindən nəfəs aldı. İndi də gözləri Dənizin olduğu bir az aralıdakı tibb maşınına tərəf yönəldi. Həmin maşına sarı addım atmaq istəsə də, sanki ayağını yerdən qopara bilmədi. İndi onunla necə görüşəcəkdi? Ucalın dodaqları qurumuş, ayaq üstə zorla dururdu..
Qəribov və rəis həkimi polis nəfəri ilə orada qoyub içkili dostlar tərəfə getdilər. Aydın orta boylu, sarışın, gözlərinin rəngi yaşıla çalan yaraşıqlı bir gənc idi. Dənizin nə üçün onu seçib-sevdiyi, Yağmurun israr etməsinə baxmayaraq sonunda onunla evlənməsi prokurora indi daha çox aydın oldu. Aydınla birlikdə hadisə yerinə gətirilən iki dostu ona nisbətən az sərxoş idilər. Aydının isə qara köynəyi şalvarından çıxmış, pencəyinin bir tərəfi toza batmış, dili söz tutmur, burada nə baş verdiyini, polislər tərəfindən bura niyə gətirildiklərini, bu qədər adamın axşam vaxtı bura nə üçün yığılmasını, deyəsən, hələ də anlamırdı. Onunla və dostları ilə yalnız sabah danışıb rəsmi olaraq ifadələrini almaq olardı. Lakin içkili olsalar belə onlardan indi nələrisə mütləq öyrənmək lazım idi. Qəribov və Cümşüdzadə onlardan maraq doğura biləcək yalnız bunları öyrəndilər; “Aydınla eyni məhəllədə yaşayan və çox zaman birlikdə gəzən bu üç dost bu gün kafeyə birlikdə getməyiblərmiş. Dostlar kafeyə təxminən saat 18.10 radələrində, Aydın isə kafeyə bir saat gec, təxminən saat 19.00 radələrində gəlibmiş.” Aydın dili topuq çala-çala o vaxta qədər harada olması barədə bildirdi ki: “O bu gün nahar yeməyindən sonra təxminən saat 16 radələrində rayon mərkəzi və İlisu kəndi aralığında, çayın sahilində yerləşən köhnə dəyirmanın yanına tilov ilə balıq tutmaq üçün gedibmiş. Təxminən 18.30-dək orada olub. Tutduğu iki-üç balığı da özü ilə kafeyə gətirib.”
Bir müddət sonra Yağmurun cansız bədəni təcili tibbi yardım maşınında daxili müayinə üçün patoloji-anatomiya mərkəzinə götürüldü. Dəniz polis maşınının arxa oturacağında atasına sarılıb hər ikisi için-için ağlayır və bu maşın da təcili tibbi yardım maşınının arxasınca yola düşdü.
Aydın və dostları digər polis maşınında ayıltma məntəqəsinə götürüldülər.
Ərazinin işlənməsi üzrə Zəruri istintaq tədbirləri isə həm gecə boyu, həm də səhəri gün əməliyyat qrupu tərəfindən tam gücü ilə davam etdirildi. Lakin giliz və güllədən başqa hadisə yerində və ətraf ərazidə, bu əraziyə gətirən bütün yollarda istintaq üçün əhəmiyyət kəsb edə biləcək yalnız iki dəlil tapılmışdı. Bu dəlillərin də hadisəyə aid olub-olmadığı hələ ki, tam dəqiq deyildi. Bu dəlillər Yağmur öldürülən yerdən bir xeyli kənarda, meşənin girişindəki İlisu tərəfə qalxan cığırda təzə ayaq izləri və o izlərin yanında tapılmış üzərində çevrə boyu göy xətti olan bir ağ rəngli düymə idi. Düymənin üstündə radius xətti üzrə çəpəki bir tam olmayan yarıq da var idi. Bu yarığı düyməyə gözəllik vermək üçün düşünmüş və həm də çox güman bu düymə xarici firmalardan birinin məhsulu olmalı idi. Ola bilər ki, qatil hadisəni törədəndən sonra bu cığırla getmiş və buradan keçəndə paltarını buradakı kol budaqlarına ilişdirmiş və nəticədə düymə paltarından sökülərək yerə düşmüşdü. Həmin düymə işlənməsi üçün ekspertiza şöbəsinə göndərildi. Əlbəttə, əgər məhz qatil əynindəki paltarı kol budağına ilişdirib bu düyməni orada yerə salmışdısa onda bu düymə çox önəmli dəlil sayılırdı. Lakin istənilən bir kənd sakini, ya da bir xarici turist həmin gün buradan keçib köynəyini bu kola ilişdirə bilərdi. Hadisə vaxtı Yağmurun yaxın çevrəsindən hələlik məlum olan insanlardan nə Aydın, nə Ucal, nə Dəniz, nə də ki, Şölə müəllimənin paltarlarında bu cür düymələr olmamış, onların heç birinin ayaqqabı altlıqlarında yerdəki izlərin naxışları yox idi. Deməli, təxminən də olsa, ilk növbədə, son vaxtlar buralarda olmuş bütün kənd sakinlərini və turistləri müəyyən edib bu düymənin onların hansınınsa üst paltarına aid ola biləcəyini müəyyən etmək lazım idi. Onların da ayaqqabıları yoxlanılmalı idi. Bu uzun bir iş idi. Lakin aparılması mütləq idi. Əgər bu izi qoyan ayaqqabılar, düymənin qopduğu paltar tapılsa və bu ayaqqabı və paltar sahibinin Yağmurla hər hansı bir əlaqəsi üzə çıxsa müəyyən nəticələrə gəlmək olardı.
Qətl törədilən silah nə qədər axtarılsa da heç yerdə tapılmadı. Çox güman qatil silahı özü ilə aparmışdı. Bu çox pis xəbər idi. Tək ona görə yox ki, əgər silah tapılsaydı bu çox vacib dəlil sayılardı. Həm də ona görə ki, qətli törədən şəxs indi yenə silahlı idi və kim bilir, o bu silahla daha bir və ya bir neçə qətl törədə bilərdi. Psixoloqlar bəzi insanları vəhşi heyvanlarla müqayisə edirlər. Çünki bir çox hallarda bu cür insanlardan birinin ağzı qan iyi hiss etdisə və qısa müddətdə ələ keçirilməyib cəzasız qalanda o, get-gedə vəhşi heyvana çevrilib bu alçaq işini yenə davam etdirməyə cəhd edir. Prokuror Qənbərov bu barədə yaxşı bilir və ona görə də Yağmurun qatilinin tapılması üçün rayonun bütün hüquq-mühafizə orqanları ayaqda idi. Ancaq aparılan bütün intensiv istintaq tədbirlərinə baxmayaraq hadisə yerində qalmış çox az saylı dəlillər, hələlik, istintaqa Yağmuru öldürmək üçün çox önəmli səbəbi olanların məlum olmaması bu işin tez bir zamanda açılmasından xəbər vermirdi. Vəziyyət çox qarışıq və eyni zamanda gərgin idi..
Artıq növbəti gün də yekunlaşmaq üzrə, istintaq isə bir addım da olsa irəli gedə bilməmişdi. Qənbərov kreslosunda fikirli-fikirli oturub masaya dirsəklənmiş və fikrə getmişdi. Ekspertizanın nəticələri hələ yox, hadisə baş verən ərazidən bir yeni xəbər yox, Aydın artıq ayılsa da, israrla bu işi törətmədiyini bildirir, səhərdən bütün informasiya saytlarının baş xəbəri də Yağmurun qətli haqda idi. Hadisə barəsində baş prokurorluğa az əvvəlki növbəti məruzəsi isə gözlənildiyi kimi ürəkaçan olmamış, baş prokurorun müavini general Hüseynov çox qısa müddətdə ondan bu qaranlıq hadisəyə işıq sala biləcək yeni məlumatlar gözləyirdi.
Prokuror başındakı bütün bu fikirləri kənara atıb yenə o barədə düşünməyə başladı. Axı Yağmur Şölə müəllimənin evindən çıxandan sonra nəyə görə yenə ora, Sultanlıq Məzarının yanına qayıdıb? Axı nə üçün..?