Sirli düyün
İstanbul-Bakı reysi ilə uçan təyyarə Bakı hava limanına saat 11.45-də eniş etdi. Məşhur arxeoloq Rəhman Vəlizadə artıq on gün idi ki, beynəlxalq arxeoloji qrupla birlikdə Misirə getmişdi. Qrup məşhur ehramlar ətrafında elmi arxeoloji tədqiqatlar aparırdı. İki gün əvvəl övladı Yağmurun acı xəbərini alan kimi ən əlverişli marşrut olaraq oradan İstanbula, bu gün də İstanbuldan uçub Bakıya gəldi. Cüssəli, zabitəli, daim səhra və çöllərdə iş başında olan alim trap verilən kimi pillələri sürətlə enməyə başladı. Bu acı xəbər onun uca və qürurlu qamətini bir xeyli əymişdi. İçindəki dəryalar qədər dərin kədər və dağlar boyda qəzəb hissləri isə bir-birinə qarışmışdı. Bu dəhşətli xəbəri alandan bəri gah gözlərindən yaş gəlir, gah da bu iti gözlər intiqam işıqları sayırırdı. O, çox böyük həyəcanla terminaldakı son yoxlama postunu da keçib həyətə çıxan kimi iti addımlarla avtomobil dayanacağına sarı getdi. Burada saxladığı maşınını işə salıb dərhal yola çıxdı. Şəhər mərkəzindəki evinə getməyin mənası yox idi. Arvadı artıq çoxdan rayonda idi. Odur ki, aeroportdan çıxıb birbaş o da rayon istiqamətinə yol aldı. Şəhərin çıxışına az qalmış telefonu zəng çaldı. Zəng vuran arvadı idi. O, sürəti azaldıb maşını kənara çəkdi və barmağı ilə ekrana toxundu.
– Alo.
Fədayə yenə ağlayır, onun dedikləri hıçqırığına qarışıb zorla eşidilirdi.
– Rəhman, gəldinmi!?
– Gəldim, Fədayə! Bakıdan çıxıram. Bir neçə saata çataram. Vəziyyət nə yerdədir? Balamızın həyatına son qoyan o iblisi tapdılarmı? Gəlib öz əllərimlə onu boğaram..! Öz əllərimlə..!!
– Yox, Rəhman, yox. Hələ də tapmayıblar. Balamız…O gül üzlü Yağmurumuzu qara torpaq uddu, Rəhman! İndi başımıza haranın külünü tökəcəyik…!? Mən daha yaşamaq istəmirəm… istəmirəm… Mən də qızımın yanına istəyirəm… İndi ona soyuqdur Rəhman, üşüyür, yəqin..! Balamız üşüyür indi..! Gedib üstünü örtəcəm..!
Fədayənin səsi kəsildi və onun acı, fəryad ilə dolu hıçqırığı ərinin sümüklərinə qədər işlədi. Rəhman səsli olmasa da, indi o da için-için ağlayır, gözlərindən sel kimi axan acı göz yaşları yanaqlarını yandırırdı. Hər ikisi bir anlıq danışmayıb ağladılar. Uca Tanrı kişilərin ürəyini qadınlara nisbətən bir az möhkəm, oda-alova daha davamlı ət parçasından yaradıb deyəsən. Rəhman ürəyindəki bu cəhənnəm atəşinin ömrünün sonunadək sönməyəcəyini yaxşı bilirdi. Amma nəyin bahasına olursa-olsun indi, ilk növbədə, onun və yaxınlarının qəlbində bu dəhşətli atəşi alovlandıran o alçağı tapmağın vacib olduğunu da dərk edirdi. O, az da olsa özünə gəlib arvadını sakitləşdirməyə çalışdı.
– Özünü ələ al, Fədayə! Gedərik, balamızın yanına birlikdə gedib üstünü örtərik. Lakin onu ora göndərən iblisi burada qoyaraq yox!
Fədayə də bir xeyli ağlayıb, ərinin artıq yaxında olmasından az da olsa toxtaqlıq tapdı.
– Yeni heç bir xəbər yoxdur, Rəhman. Elə hey, ”Araşdırırıq, qatili axtarırıq”,- deyir, başqa da heç nə demirlər. Qorxuram onun qatili tapılmasın. Zəng vurdum ki, Bakıda ikən bunun üçün əlindən nə gəlirsə et. Bura tək gəlmə! Orada ən yaxşı vəkilləri tapıb onlarla birlikdə gəl!
Rəhman bir anlıq susub, sonra cavab verdi. Fədayənin sözü onun ağlına batmışdı.
– Düz deyirsən. Mən ora tək gələ bilmərəm. Balamın qatilini tapmaq üçün burada nə lazımsa, hara lazımsa müraciət edər və sonra gələrəm.
Rəhman telefon danışığını bitirib bir an düşündü və sonra maşını sürətlə irəli sürüb qabaqdakı yol ayrıcından geri döndü.
Prokuror Təhməz Qəribov yerində qərar tuta bilmirdi. O, iş otağında fikirli-fikirli o tərəf-bu tərəfə var gəl edir, elə hey düşünür, lakin Yağmurun qatilinə aparan heç bir yol ağlına gəlmirdi. Keçən iki gün ərzində işi aparan müstəntiqlə, polis rəisi ilə, digər əməkdaşlarla birlikdə dəfələrlə məşvərət edib bunun üçün hansı istiqamətlərə baş vururdularsa, dərhal dalana dirənirdilər. Bu günlər ərzində çox işləmiş, bəzi faktlar da əldə olunmuşdu. Lakin əldə olunan heç bir fakt qatilin tapılması üçün faydalı bir nəticə verməmişdi. Kor qaranlığa bürünmüş istintaqa işıq sala biləcək suallardan ən önəmlisi Yağmurun öz ölümünü qarşılamaq üçün həmin gün yenidən hadisə yerinə nə üçün qayıtması barədə isə hələ də nə bir məlumat yox idi, nə də ki, bu barədə ağıllı bir fərziyyə irəli sürmək mümkün görünmürdü. Onun heç kimə demədən axşamçağı Şölə müəllimə gildən ora qayıtması çox müəmmalı bir sual olaraq qalmaqda idi. Kürəkəni Aydından başqa isə Yağmuru öldürmək üçün tutarlı bir səbəbi olan başqa birisi hələ ki, müəyyən olunmamışdı. Həm də hadisə zamanı Aydının çayda balıq tutmasını özündən başqa kimsə təsdiq etmirdi. Onun deməsinə görə nahardan sonra dostlarının yanına, meşədəki kafeyə gedənədək çay kənarında balıq tutarkən tək olmuşdu. Prokuror bütün bunları fikirləşdiyi vaxt qapı döyüldü və işi aparan müstəntiq Fərəcov ballistika üzrə ekspertlə birgə içəri keçmək üçün icazə istədilər. Deməli, artıq hadisə yerində tapılan giliz və Yağmuru öldürən güllə barəsində ballistik ekspertizanın nəticələri hazır idi. Qəribov onların içəri girmələrinə icazə verib müstəntiqə tərəf baxaraq nəticələr haqda bilmək üçün səbirsizləndi.
– Birlikdə gəldiyinizə görə, demək ki, nəticələr hazırdır.
Prokurora elə gəldi ki, Fərəcov və ekspert sanki bir az tərəddüdlü, ya da çaşqınlıq içindədirlər. Qəribov bunun səbəbini anlamadı və bir də ucadan soruşdu.
– Fərəcov, nə olub? Soruşuram rəy hazırdır? Alınan nəticəni bazada yoxladınız?
Müstəntiq sanki indi özünə gəldi. Gətirdikləri xəbər həqiqətən təəccüblü idi.
– Cənab prokuror, Yağmura da eyni silahdan atəş açıblar.
Qəribov müstəntiqin nə demək istədiyini anlamadı.
– Hansı silahdan bəhs edirsən?
– Altı ay əvvəl rayon mərkəzində naməlum motosikletçinin anbardan pul dolu əl çantası ilə çıxan kuryer oğlana atəş açdığı silahdan. Yağmura da eyni, məhz həmin tapançadan atəş açaraq qətlə yetiriblər.
– Necə…? Həmin silahdan…? Həmin tapança…?
Prokuror indi müstəntiq və ekspertdən daha çox çaşqınlıq içində idi. O, qeyri ixtiyari bir addım irəli atıb dayandı. Sonra bu məlumata inanmayıb ekspertə baxaraq bir də soruşdu.
– Əminsiniz? Bəlkə, səhv edirsiniz? Necə yəni həmin silahdan? Yağmurun bu silahlı qarətlə nə əlaqəsi ola bilər?
Ekspert təcrübəli mütəxəssis idi. Bu sahədə çoxdan çalışır, dəfələrlə ballistika üzrə ekspertizalar aparmışdı. O da bu nəticəni görəndə ilk öncə təəccüblənmişdi. Lakin gəldiyi qənaətdə qəti idi.
– Mən də nəticəni görəndə çox təəccübləndim, cənab prokuror! Odur ki, dünən gəlməyib təkrar olaraq dəfələrlə yoxladım. Həmən silahdır. Bu dəqiqdir. Həm altı ay əvvəl o oğlanın bədənindən çıxarılan güllədəki, həm də Yağmur xanımı öldürən güllədəki cızıqlar tamamilə eynidir. Hər iki güllənin üzərindəki bu cızıqlar yalnız eyni bir silahın lüləsindən çıxarkən qala bilərdi. Buna heç bir şübhə yoxdur. Bu həqiqət mikroskopun altında açıq-aydın görünür. Hər iki atəş 9 millimetr kolibrli eyni Makarov tapançasından açılıb.
Prokuror onlara daha heç bir sual verməyib sakitcə keçərək yerində oturdu və yenə bir xeyli düşündü. Yalnız bundan sonra nəzərlərini onlara tərəf çevirib çox asta səslə dilləndi.
– Çox qəribədir. Düzdür, o hadisə Yağmur yaşayan məhəllədə baş vermişdi. Amma onun bu hadisə ilə əlaqəsi? Yağmur xanımın yaşadığı bina un bazası yerləşən küçənin əks tərəfində yerləşir. Amma… Heç nə anlamıram… Heç nə…
Fərəcov indi də əlindəki başqa bir ekspert rəyini prokurora təqdim etdi. Bu rəyi yerdə izlərlə işləyən digər ekspertlər tərtib etmişdi.
– Həm də körpünün tuşunda, asfalt yolun bəzi kənar hissələrində aşkar olunan və motosiklet təkərlərinə aid olduğu təxmin edilən izlərin həmin silahlı qarət zamanı yerdə qalan motosiklet təkərlərinin izləri ilə eyni olması təxmin edilir. Hər iki halda istifadə olunan motosikletin bir təkərində eyni ölçüdə və eyni formada olan yamağı var imiş.
Gənc prokuror bu rəyi də ard-arda iki dəfə oxudu. İndi nə deyəcəyini bilmirdi. O, kağızları masanın üzərinə qoydu. Təəssüf hissi onu boğurdu.
– Demək ki, o naməlum motosikletçini vaxtında tapa bilməməyimiz daha bir cinayətin baş verməsinə gətirib çıxardı hə..? Demək burada bizim də günahımız var..? Bu necə müəmmadır Fərəcov…? O günü bu qədər insanın içində o motosikletçi hara yox oldu..?
Arxeoloq Rəhman Vəlizadəni Respublika Prokurorluğunun növbətçi zabiti qarşıladı və onu qapıda çox saxlamadı. Çünki gələcəyi barədə artıq məlumatlı idi. Az əvvəl general Hüseynovun köməkçisi bu haqda ona tapşırıq vermişdi. Zabit verilən tapşırığa əsasən Vəlizadə gələn kimi onunla birlikdə beşinci mərtəbəyə qalxıb Vəlizadəni Hüseynovun otağınadək müşayiət etdi. General məşhur alimi şəxsən özü qəbul edəcəkdi.
Hüseynov tanınmış alimi birbaşa tanımasa da, mətbuatdan və televiziya ekranlarından barəsində çox eşitmişdi. Məlum hadisədən sonra isə son günlər onun haqda artıq bütün xəbər saytları yazır, televiziyada gedən baş xəbərlərdə qızının bu müəmmalı qətl hadisəsi barədə, alimin fəaliyyəti haqda geniş məlumatlar verilirdi. Yarım saat əvvəl isə Hüseynovun yaxından tanıdığı başqa bir alim zəng vurub onu qəbul etməsini xahiş etmişdi. Məşhur arxeoloq içəri girən kimi general yerindən qalxdı və irəli gələrək əlini ona uzatdı.
– Başınız sağ olsun, Rəhman müəllim! Buyurun, keçin!
Rəhman dərindən nəfəs alıb o da əlini Hüseynova uzatdı.
– Sağ olun, yoldaş general!
Hüseynov qabaq masada onunla üz-üzə əyləşdi. Köməkçi iki stəkan çay gətirib masaya qoydu. General çaydan bir qurtum alıb, kədərdən, qəzəbdən və yorğunluqdan tar-mar olmuş yaralı ataya baxdı.
– Lütfən için! Çox yorğun görünürsünüz. Gələcəyiniz barədə zəng etmişdilər. Amma bu qapılar hər zaman və hər kəsin üzünə açıqdır. Birbaş da gələ bilərdiniz.
İçinin yanğısından və yorğunluqdan dil-dodağı qurusa da tanınmış alim önünə qoyulmuş çaydan içmədi. O, çox qəzəbli görünür, boğazından heç nə keçmirdi. Vəlizadə dili ilə qurumuş dodaqlarını isladıb udqundu.
– Çox sağ olun. Bilirəm, bu hündür dövlət binaların hamısı ,əlbəttə, xalqa qulluq etmək üçün inşa edilib. Lakin mən balamın qatilinin ən qısa zamanda tapılması üçün kimə müraciət etməyim barədə alim dostumla bura gəlmək üçün yox, vəkil tutmaq üçün məsləhət etdim.. Bu işlərdən o qədər də anlayışım yoxdur. O da sağ olsun, dedi ki, sizin yanınıza gəlim. Sizdən xahiş və tələb edirəm, balamın qatilinin tez bir zamanda tapılması üçün yardım edin! Mənim gül üzlü balamı öldürdülər, onu qətlə yetirdilər… Eşidirsiniz, qətlə yetirdilər..! Onu vəhşicəsinə öldürdülər..! Yağmurumu, o gül balamı.. Onun qatilini..
Vəlizadənin gözləri doldu və o göz yaşlarını saxlaya bilmədi. Hüseynov onu sakitləşdirməyə çalışdı. Yaralı ata birtəhər özünə gəlib davam etdi.
– Onun qatilinin azadlıqda və sağ-salamat gəzdiyi hər gün bizim çəkdiyimiz əzabları daha dözülməz edəcək. Bunun biz valideynlər və Yağmurumun öz ailəsi üçün nə qədər böyük bir dərd olduğunu sözlə ifadə etmək olmur. Yalnız bu cür hadisələrlə qarşılaşan insanlar keçirdikləri o hislərin necə dəhşətli sancılarla, ağrılarla , iztirablarla dolu olduğunu bilər. Bu dəhşəti bizə yaşadan kimsə, tez bir zamanda tapılmalı, yoldaş general! Məni səhv başa düşməyin! Mən bura vəzifəsindən, elmi rütbəsindən və ya ictimai mövqeyindən istifadə etməyə çalışan tanınmış bir alim kimi deyil, sadəcə qətlə yetirilmiş bir övladın atası kimi gəldim. Düşünürəm indi bu cür ağır yara almış bir ata yüz alimdən daha çox diqqətə ehtiyac duyur. Odur ki, sizdən sadə bir vətəndaş kimi xahiş edirəm, o alçaq kimdirsə, tapılması üçün mənə kömək edin! Ən yaxşı mütəxəssislərinizi bu işə cəlb edin. Bu dərd bizi də öldürməmiş, bu sirri çözün!
Balasını itirib əzablar içində qovurulan qəzəbli atanı Hüseynov yaxşı anlayırdı. Lakin indi hələlik onun da əlindən heç nə gəlmirdi.
– Nə edəsən, bu amansız həyat acı və iztirablarla, faciələrlə doludur. Sizə təsəlli verməyə söz tapmaq da çətindir. Amma arxayın olun, onun qatilini və ya qatillərini tapmaq üçün əlimizdən nə gəlirsə edirik. İşin araşdırılması rayon prokurorluğunda çalışan ən təcrübəli müstəntiqə həvalə olunub. Ondan əlavə indi rayonun bütün hüquq-mühafizə orqanları Yağmurun qatilini axtarmaqla məşğuldurlar. Onların bir nömrəli vəzifəsi indi bu ən ağır cinayət işini açmaqdır. İş həm də bizim nəzarətimizdədir. İstintaqın gedişatı haqda hər gün bizə məruzələr edilir. Düzdür, bəzən isti izlərlə cinayət törədənləri dərhal ələ keçirmək olur. Bəzən də bunun üçün müəyyən zaman tələb olunur. Ələlxüsus cinayətkar qəddar olduğu qədər hiyləgər və ağıllı olanda. Sizə açığını deyim ki, cinayətkarı isti izlərlə ələ keçirməyimiz üçün hadisə yerində çox az dəlil qalıb. Qətl aləti olan silah da hadisə yerində tapılmayıb. Bu işin açılmasında çox önəmli, ən vacib sual ola biləcək – Yağmurun həmin vaxt rəfiqəsindən ayrılaraq axşamçağı, dumanlı-çiskinli havada Sultanlıq Məzarlığının yaxınlığına yenidən nə üçün getdiyini – də, hələ ki, anlaya bilmirik. Bu haqda Yağmurun yaxın ətrafından heç kim heç nə bilmir. İstintaqa işıq sala biləcək bütün bu və başqa suallara aydınlıq gətirmədən qatilə aparan yolu tapmaq çətin görünür. Odur ki, indi bu istiqamətlərdə istintaq bütün gücü ilə davam etdirilir. Amma bütün çətinliklərə baxmayaraq onun qatilini mütləq tapacağıq. Bu bizim vəzifə borcumuzdur. Nə qədər çətin olsa da, sizə indi səbir etmək, dözümlü olmaq düşər.
General masadan vizit kartını götürüb Vəlizadəyə uzatdı və davam etdi.
– Nə zaman istəsəniz zəng vura bilərsiniz. Bu qapılar da üzünüzə daim açıqdır. Arxayın olun ki, iş baş prokurorluğun, bizim nəzarətimizdədir.
Alim ona uzadılmış kartı aldı. Lakin simasındakı narazı ifadə deyilənlərin onu hələ ki, qane etmədiyindən xəbər verirdi.
– Bu cür ağır cinayətlərin sizin nəzarətinizdə olmasını bilirik, yoldaş general. Lakin nəzarət başqa, bu işin araşdırılması ilə ən yaxşı mütəxəssislərin məşğul olması başqa.
– Axı dedim, istintaq ən təcrübəli müstəntiqə həvalə olunub. Lazım olarsa rayon prokurorluğunda bir neçə müstəntiqdən ibarət istintaq qrupu da yaradılacaq.
– Bu işin rayon prokurorluğu tərəfindən tez bir zamanda açılmasına, balamın qatilinin tapılmasına mən də sizin kimi inanmaq istərdim. Lakin açığını desəm içim heç rahat deyil. O rayonda bir neçə ay əvvəl daha bir cinayət hadisəsi baş vermiş, elə qızım yaşayan məhəllədə silahlı qarət olmuşdu. Bir cavan oğlanı günün günorta çağı güllələyib əlindəki anbara aid pulları aparmışdılar. Bildiyim qədər rayondakı “o təcrübəli müstəntiqlər” bu qədər zaman keçməsinə baxmayaraq indiyədək həmin cinayətkarı da tapa bilməyiblər.
General bu dəfə bir az gec və sanki özünü günahkar hiss edirmiş kimi dilləndi. Axı Vəlizadə haqlı idi. Hüseynov bu işin bu qədər zaman ərzində açılmadığı üçün rayon prokurorunu dəfələrlə məzəmmət etmişdi.
– Hə, elədir. Qax rayon mərkəzində altı ay əvvəl belə bir hadisə baş verib və o cinayətkarı həqiqətən hələ ki, ələ keçirmək mümkün olmayıb. Amma o işin istintaqı da davam edir. Yenə deyirəm, bəzən cinayətkarları ifşa etmək üçün böyük bir zaman tələb olunur. Bəzən aylar, bəzən də illər.
– Və bəzən də bir çox cinayətlərin üstü açılmamış qalır.
– Təəssüf ki, hərdən elə də olur. Ancaq övladınızın qatili əlimizdən qaça bilməyəcək. Buna əmin olun.
– Mən bunu da bilirəm ki, bu həyatda hər sahənin adi və bir də çox güclü, istedadlı mütəxəssisləri vardır. Ona görə də çox istərdim ki, balamın qətl işini bu cür birinə tapşırasınız.
– Bir az səbir edin! Hadisədən az bir vaxt keçib. Ekspertizaların nəticələri hələ ki, tam hazır deyil. Bu nəticələr və onlar əsasında aparılan işlərdən də çox şey asılıdır. Rayon prokurorluğunda çalışan həmkarlarımız da öz işlərini yaxşı bilir və böyük əzmlə çalışırlar. Əgər bu işin istintaqı rayon prokurorluğunda bir nəticə verməsə onda mütləq işin aparılmasını tam olaraq üzərimizə götürərik. Bu onsuz da bizdə bir qaydadır. Ən ağır, açılması ən çətin işlərlə müəyyən zamandan sonra özümüz məşğul oluruq.
Vəlizadə başqa çarəsi qalmadığını görüb, ağır-ağır ayağa qalxdı. Hüseynov da yerindən durub onu yola salmaq üçün hazırlaşdı. Alimin üzündəki intiqam dolu ifadə heç azalmamışdı.
– Neynək, hadisə balamın başına gəlsə də, indi bu sizin işinizdir. Amma xəbəriniz olsun ki, sizinlə bərabər mən də onu axtaracağam. Sizdən öncə ələ keçirsəm onun ədalət məhkəməsinin hakimi özüm olacağam. Bax onda sizlərə ehtiyacım qalmaz.
Hüseynov təmkinini yenə pozmadı.
– Əlbəttə, onu birlikdə axtaracağıq, Rəhman müəllim! Qatilin tapılması üçün Yağmurun bütün yaxın ətrafı, bütün qohumları bizə kömək etməlidirlər. Acınız, keçirdiyiniz ağrılı hissləri də anlayıram. Lakin xahiş edirəm bizdən xəbərsiz bir iş tutmayasınız. Bu cür yanlış fikirlərə düşmək sizin yaşda bir alim üçün qəbuledilməzdir.
Vəlizadə bu mövzuda daha heç nə deməyərək, sadəcə təşəkkür edib çıxmaq istəyəndə yan masanın üzərindəki xidməti telefonlardan biri zəng çaldı. Üstündə çoxlu düymələr olan aparatın yanan işıqlarından biri telefonun o başında Qax rayon prokuroru olduğunu göstərirdi. Hüseynov yaxınlaşaraq dəstəyi qaldırıb həmin düyməyə basdı. İki dəqiqəyə yaxın danışandan, daha dəqiq desək prokuror Təhməz Qəribovun iki dəqiqəlik məruzəsindən sonra general dəstəyi asdı. Hüseynovun siması indi çox dəyişmiş, bayaqkına nisbətən daha ciddi və fikirli bir görkəm almışdı. General asta-asta pəncərəyə tərəf yaxınlaşıb əllərini belində çarpazlayaraq oradan nəzərlərini çölə yönəltdi. Edilən məruzə deyəsən onu çox qayğılandırmış, sanki otağındakı getməkdə olan qonağını belə ona unutdurmuşdu. Vəlizadə nələr olduğunu anlamasa da, nəhayət xudahafizləşib çıxmaq istədi.
– Sağ olun, yoldaş general. İcazənizlə mən gedim.
Qaşları çatılmış və hələ də düşüncələrdə olan Hüseynov ona tərəf çöndü.
– Tələsməyin, Rəhman müəllim! Deyəsən istədiyiniz kimi, işi elə indidən biz davam etdirməli olacağıq.. Zəhmət olmasa əyləşin.
Vəlizadə heç nə anlamayıb təəccüblə yenə yerində oturdu. General da öz kreslosuna əyləşib aparatın üzərindəki bir başqa düyməyə basaraq Ağır İşlər Üzrə İstintaq idarəsinin rəisi polkovnik İlyas Ocaqovu yanına çağırdı. Vəlizadəni isə maraq boğurdu.
– Anladığım qədər edilən zəng Yağmurun qətli ilə əlaqəli bir xəbər idi.
– Elədir, edilən məruzə o işlə bağlı idi.
– Və demək ki, gələn məruzə işin daha dolaşıq olmasından xəbər verdiyinə görə siz də qərarınızı dəyişdiniz.. Amma…
Bu an qapı döyüldü və alimin sözü yarımçıq qaldı. Polkovnik Ocaqov gəlmək üçün icazə istədi və keçib qabaq masada Vəlizadə ilə qarşı-qarşıya oturdu. Hüseynov ilk növbədə onları tanış etdi.
– Rəhman müəllim, tanış olun, polkovnik İlyas Ocaqov. Bu gündən övladınızın ölüm işi onun rəhbərlik etdiyi bizim Ağır İşlər Üzrə İstintaq İdarəsində aparılacaq. Bayaq bəhs etdiyiniz ən yaxşı, istedadları, təcrübələri və peşəkarlıqları ilə seçilən hüquq işçilərimizin çoxu onun rəhbərlik etdiyi idarədə cəmləşib. Polkovnikin özü isə indiyədək onlarla hiyləgər caniləri ələ keçirərək, ən çətin işlərin öhdəsindən gəlib.
General indi də tələbkar baxışları ilə Ocaqova baxdı.
– Məncə İlyasın rəhbərlik etdiyi idarə bu işin öhdəsindən qısa zamanda gələcək.
Tanınmış arxeoloq da onunla üz-üzə oturmuş zabitə baxdı. Orta boylu, iti baxışlı, qara saçlarının uc hissələri artıq ağarmağa başlamış, uniformasını çox səliqə ilə geyinən polkovnik nədənsə ilk baxışdan sözün bütün mənalarında dünya görmüş alimdə xoş təəssürat buraxdı. Alim polkovnikə bir anlıq daha baxıb sonra üzünü yenə Hüseynova tutdu.
– Sağ olun, yoldaş general. Amma nə baş verdiyini, nələrin dəyişdiyini anlamadım. Axı oradan nə xəbər gəldi?
Hüseynov indi asta səslə və daha səbirlə danışırdı.
– Dəyişən çox şey deyil. Amma hadisə barədə gələn hər yeni məlumat onu göstərir ki, Yağmurun qatili sandığımızdan daha hiyləgərdir. Bu iş müəmma ilə, sirr ilə dolu görünür. Bu səbəblə işin istintaqını elə indidən birbaşa üzərimizə götürdük. Siz narahat olmayın, vaxtı gələndə işin ən kiçik detalları barədə də məlumatınız olacaq. Amma hələlik icazə verin əlimizdəki faktları dəqiqləşdirək. Elə məlumatlar var ki, müəyyən müddət istintaq sirri sayılar.
Vəlizadə generalın dediklərini yaxşı anlayırdı. Odur ki, daha israr etmədi. Övladının qatilinin tapılması üçün istintaqın bundan sonra bir baş Respublika Prokurorluğunda aparılacağı xəbəri hələlik onun üçün bəs edirdi.
– Söylədikləriniz aydındır, yoldaş general. Bu qədəri üçün də sağ olun. İnanıram ən yaxşı istintaqçılarınız balamın o vəhşi qatilini tez bir vaxtda üzə çıxara biləcək.
General yenə nəzərlərini İlyasa tərəf çevirdi və indi də tanınmış arxeoloqu İlyasa təqdim etdi. Sonra da ona ilk tapşırıqlarını verdi.
– Qonağımız tanınmış, dünya şöhrətli alim Rəhman Vəlizadədir, İlyas. Gözünün ağı-qarası olan bircə övladı və sənətinin layiqli davamçısı Yağmur xanımın Qax rayonundakı müəmmalı qətlindən hamı kimi sənin də məlumatın var.
– Əlbəttə, cənab general. Tam təfsilatı ilə olmasa da bu haqda müəyyən məlumatımız var. İki gün əvvəl hamımızın iştirak etdiyi ümumi müşavirədə İlisuda baş verənlər haqqında geniş danışıldı.
– Bu saatdan işin istintaqını idarənizə həvalə edirəm. Biləsən ki, hələlik qatilin tapılması üçün ortada çox dəlil yoxdur. Əldə olan az sayda faktlar isə onu deyir ki, qatili zalım olduğu qədər həm də çox ağıllı və çox hiyləgər biri kimi görünür. Hadisəni törətmək və sonra da gizlincə aradan çıxmaq üçün hadisə yerinin və zamanının ideal seçilməsi, Yağmurun həmin vaxt ora yenidən və nə üçün qayıtdığını hələ də bilməməyimiz, hadisədən sonra demək olar ki, birbaş qatilə aparacaq dəlillərin qalmaması və sair bu kimi faktlar hələlik bunu göstərir. Üstəlik indiyədək əldə olunan məlumatlara görə bizim üçün Yağmuru öldürməyə səbəbi ola biləcək tək adam öz kürəkəni Aydındır ki, bu səbəb də bir insanın qətli üçün hələlik o qədər böyük görünmür.
Vəlizadə dərindən bir ah çəkdi.
– Bu amansız dünyada heç kimlə işi olmayan o gül balamın belə amansız düşməni haradan peyda oldu? Kürəkəni Aydın… Sevimli nəvəm Dəniz öz sevdasını düzgün birində tapmadı. Aydın zahirən yaraşıqlı bir gənc olsa da, iç dünyası, mənəvi dünyası heç inkişaf etməmişdi. Yağmur isə bu işə hamıdan çox həssas yanaşır, Dənizin bu uğursuz izdivacını bitirməsinə az qalırdı. Aydın bunu yaxşı bilirdi. Mən də imkan tapıb Aydınla bir-iki dəfə söhbət etmiş və onu müəyyən qədər tanıyırdım. O isə nəsihətlərimizdən nəticə çıxarmaq əvəzinə son vaxtlar içkiyə daha çox meyl saldı. Daha irəli gedib son aylar Dənizi həm mənəvi, həm də fiziki olaraq incitməyə başlamışdı. Əvvəllər heç olmasa bunları etmirdi. Amma onun içində insan öldürməyə qadir bir iblis də yatırdımı..? Bax onu mən də dəqiq deyə bilmərəm.
General isə hələ də fikirli görünürdü.
– Taparıq, övladınızın qatilini mütləq taparıq. Siz arxayın olun.
Vəlizadə adamların vaxtını çox almamaq üçün daha uzatmayaraq, təşəkkür dolu baxışlarla əvvəl generala, sonra ümid dolu nəzərlərlə İlyasa baxıb ayağa qalxdı.
– Təşəkkür edirəm. İndi isə icazənizlə mən gedim. Neçə gündür Misirdə idim. Bakıya çatdığım bir-iki saat olar. Hələ rayona gedib çata bilməmişəm. Balamı son mənzilə yola salmaq da qismətim olmadı.
Hüseynov və İlyas yenə gözləri yaşarmış dərdli atanı yola salmaq üçün yerlərindən qalxdılar. Vəlizadə hər iki zabitlə görüşüb qapıya sarı yönəldi. Qapıya çatanda isə İlyasın səsi onu saxladı.
– Rəhman müəllim!
Alim ayaq saxlayaraq geri çöndü. İndi qaşları çatılmış polkovnikin hisləri arxa plana keçərək, beynində işlə bağlı ilk sual doğmuşdu.
– Dediniz ki; “Bu həyatda heç kimə pislik etməyən Yağmurun düşməni ola bilməzdi.” Bəs sizin necə…? Bəs sizin bu vaxtadək bir düşməniniz oldumu? Bilərəkdən və ya bilməyərəkdən, siz özünüz indiyədək kiməsə çox böyük bir pislik etmədiniz ki? Övladınızı öldürməklə sizdən qisas ala biləcək bir düşməniniz varmı?
Vəlizadə sanki yerində donub qaldı. O, bir müddət başını aşağı salaraq, sanki keyləşib danışmadı. Sonra asta addımlarla İlyasa yaxınlaşdı.
– Bu haradan ağlınıza gəldi? Mənimlə əlaqəli çoxdan olmuş bu hadisəni siz necə təxmin etdiniz?
– Mən heç nə təxmin etmədim. Siz böyük nailiyyətləri olan, dünyanı gəzən, bu müəmmalı dünyanın altında gizləmiş sirlərini çözən bir alimsiniz. Böyük insansınız. Böyük insanların problemləri də, dostları da və elə düşmənləri də adətən həmişə böyük olur. İnsan qətlə yetirmək kimi ən böyük cinayətlər də, çox zaman kiçik deyil, məhz böyük problemlərə görə baş verir. Bunu həyat və iş təcrübəmdə çox gördüm. Bu səbəblə soruşdum.
Vəlizadənin siması özündən asılı olmayaraq bu dəfə çox dəyişdi.
– Belə bir adam var idi, yoldaş polkovnik. O, həmin an hətta düşmənimdən irəli idi desəm yanılmaram. Amma o vaxt mən ona yox, o mənə kinli idi. Biz həmkarım Didar Saridze ilə elm yolunda on iki il əvvəl rastlaşdıq və on ilə yaxın bir yerdə çalışdıq. O yaşda məndən on üç il kiçik olsa da, biz eyni tədqiqat qrupuna düşdük və aramızda çox isti münasibətlər yarandı. Həm də uzaq Afrikada işlədiyimiz həmin qrupda Qafqazdan cəmi iki nəfər olduğumuz üçün bir-birimizə daha çox isinişdik. Qısası əvvəl dost olduq. Nisbətən cavan olmasına baxmayaraq çox bilikli və bacarıqlı arxeoloq idi. Tiflisdə yaşayır. Onunla birlikdə çox tədqiqatlarda olduq. Lakin bir gün yolumuz çox pis kəsişdi. Və o günü dostluğumuz düşmənçiliyə çevrildi.
Bu hadisə təxminən iki il əvvəl Çində baş verdi. Qazıntılar zamanı yerin altından yaşı min ildən çox olan, tuncdan döymə, üstündə qədim Çin heroqlifləri ilə yazısı olan çox nadir bir qılınc tapdıq. Bu qılıncı bizim ərazimizdə olan tədqiqat sahəsindəki torpağın altından çıxaranda orada yalnız ikimiz idik. Həmin vaxt qrupun digər üzvlərinin bir hissəsi yeməkdə, bir hissəsi də çadırda istirahətdə idi. Tökmə tuncdan hazırlanmış bu nadir qılınc yüzilliklər boyu torpaq altında qalsa da, elə bil ki, bu dəqiqə düzəldilmişdi. Hətta çox da uzun olmayan tiyəsi hələ də neştər kimi iti idi. Üstündəki heroqliflər və qılıncın tuncdan olaraq xüsusi düzəldilməsi bu qılıncın qədim Çin hökmdarlarından birinə aid olmasına elə ilk baxışdan heç bir şübhə yeri qoymurdu. Bizim işdə elə olur ki, aylarla, hətta illərlə və çox böyük səbirlə qazır, yerin altından çıxan əşyaları ehtiyatla torpaqdan təmizləyir, lakin sonunda çox da dəyəri, uzun bir tarixi olmayan əşyaya rast gəldiyini görürsən. Həmin gün isə bəxtimiz yaman gətirmişdi. Qrupun hər bir üzvü bu nadir və çox dəyərli tapıntıya görə xeyli miqdarda mükafat alacaqdı. İndi bu tapıntının öyrənilməsi, üstündəki heroqliflərin oxunması üçün xüsusi mütəxəssisləri cəlb etmək lazım idi. Mən bütün bunları düşünərkən, Saridze birdən ayrı xəyallara düşdü. Bu nadir tapıntını oğurlamaq və başqa yerdə gizlətməyi təklif etdi; “Bir müddət sonra bura qayıdar və arxeoloji tapıntıların qara bazarında qılıncı böyük məbləğə satarıq”- dedi. Bu cür qara işlərlə məşğul olan mafioz qrupların olduğunu bilirdim. Amma düzü ondan belə bir təklif gözləmirdim. Dediklərini etmək həqiqətən bizə düşəcək mükafatdan min qat daha çox pul gətirəcəkdi. Amma bu iş bir cinayət idi. Arxeoloji işlər zamanı ortaya çıxan dəyərli, tarixi tapıntıları oğurlamaq böyük bir cinayətdir. Bunun üçün xüsusi beynəlxaq qanunlar mövcuddur. Əlbəttə, mən buna gedə bilməzdim. Və qısası Didar Saridze nə qədər israr etsə də, razılaşmadım. “Nə cinayət edər, nə də ki, bütün ömrümü həsr etdiyim sənətimə, digər qrup yoldaşlarıma xəyanət edərəm!”– dedim. Amma o, çox israrlı idi. Sanki, bu tapıntı onun üçün həmin vaxt göydəndüşmə olmuşdu. O, böyük bir riskə gedib bu işdən çox böyük məbləğ qazanmaq istəyirdi. Anladığım qədər ona həmin an çox böyük məbləğdə pul lazım idi. Böyük məbləğdə pula aldanıb mənim də dərhal razılaşacağımı düşünmüşdü. Qrup yoldaşlarımız gələnə qədər yarım saat ərzində məni bu işə razı salmaq üçün hər vəchlə səy göstərdi. Sonunda isə bu işin alınmayacağını görüb təhdidə keçdi. Amma ailə üzvlərimlə deyil, o zaman məni özümlə təhdid etmişdi. Lakin etdiyi təhdidlərə də baxmayaraq mən onunla razılaşmadım. Bax belə, həmin andan onunla aramızda olan bütün iş və dostluq münasibətlər bitdi. Yollarımız o zamandan ayrıldı və hər ikimizin istəyi ilə biz bir daha eyni tədqiqat qruplarında yer almadıq. Həmin dəyərli tapıntı indi Pekində yerləşən tarixi muzeylərin birində saxlanılır.
Vəlizadə sözünə ara verib bir an danışmadı.. Baxışlarını kənara dikərək, bir müddət düşünüb sonra davam etdi.
– Bizim mübahisəmiz və onun təklifi barədə qrupun digər üzvləri və rəhbəri bilmədi. Bu söhbət aramızda qaldı. Onlar gəlib çatanda biz az qala davaya çevriləcək mübahisəmizi bitirdik və mən də bu haqda daha heç kimə heç nə demədim. Lakin buna rəğmən Saridzenin içində mənə qarşı böyük bir kin qaldığını yaxşı xatırlayıram. Belə demək mümkünsə mən həmin gün sənətimə və qanunlara sadiq qalıb onun əlindən çox böyük bir məbləği almış oldum. Bir də görünən o idi ki, bu nadir tapıntını oğurlamaq üçün səbəbi çox böyük idi.
Alimin söylədikləri həm generalın, həm də İlyasın marağını çəkdi. İndi də Hüseynov soruşdu.
– Bəs sonra nə oldu? Keçən bu iki il müddətində qarşına çıxdımı heç? Etdiyi təhdidləri həyata keçirməyə çalışdımı? Onunla sonralar heç rastlaşdınızmı?
– Yox, yollarımız ayrılandan sonra daha onun tərəfindən hər hansı bir təhdidlə rastlaşmadım. Onu bir daha görmədim.
Vəlizadə yenə fikrə gedib o zamana qayıtdı. Həmin vaxt həmkarı ilə aralarında baş verənləri bir də yaxşı xatırlayıb, onun acıq, qəzəb, kin dolu simasını bir də yada salıb fikirli-fikirli davam etdi.
– Sonralar qarşıma çıxmadı, amma həmin an əlində ixtiyarı olsaydı və yaxınlıqdakı çadırda digər həmkarlarımız olmasaydı, o nadir tapıntını əldə etmək üçün bəlkə də vurub məni öldürərdi.
– Onun indi harada, hansı ölkədə, hansı arxeoloji qruplarla işlədiyindən xəbəriniz varmı?
– Yox, onu və onunla olub bitənləri çoxdan unutmuşdum. Həmin tədqiqat bitəndən sonra daha ondan heç bir xəbərim olmayıb.
– Bəs bu tapıntı hadisəsindən əvvəl, yəni həmkar və dost olduğunuz on il ərzində Saridzeni heç Azərbaycana dəvət etdinizmi? Onun sizin ailə üzvləri haqda məlumatı var idimi?
– Hə, var idi. Bu illər ərzində mənim dəvətimlə iki dəfə həyat yoldaşı ilə birlikdə Azərbaycana gəldi. Hətta ikinci dəfə onları istirahət üçün ana yurdumuz Qax rayonuna apardım. Oradakı ata evimizdə üç gün qaldıq. Onları ailə üzvlərim ilə tanış etdim. Elə mən də həyat yoldaşım ilə birlikdə iki dəfə onun dəvəti ilə istirahət üçün Gürcüstana getmişdik.
Hüseynov yenə bir an daha düşünsə də, alimdən daha başqa heç nə soruşmadı. İlyas üçün də bu qədəri hələlik bəs edirdi. Onlar alimi daha saxlamayıb, görüşərək yola saldılar.
O, çıxandan sonra general Hüseynov keçib yerində əyləşdi və İlyasa da oturmaq üçün işarə etdi. Vəlizadənin söylədikləri maraq doğursa da, general indi başqa istiqamətdə fikirləşirdi.
– Həmişəki kimi ilk dəqiqədən maraqlı bir faktı ortaya çıxara bildin, İlyas. Lakin inanmıram bu işin o gürcü arxeoloqa bir aidiyyəti ola.
– İstintaqın belə tez zamanda və qəfildən bizə həvalə etməyiniz, işdə başqa istiqamət göstərən yeni və mühüm faktların üzə çıxması ilə əlaqədar olduğunu təxmin etmişdim, cənab general.
– Elədir, özü də çox qəribə və danılmaz bir fakt. Altı ay əvvəl həmin rayonda, özü də qətlə yetirilən Yağmurun yaşadığı məhəllədə silahlı qarət olmuşdu. Bu haqda da bilirsən. Son aylar az qala hər müşavirəmizdə bu cinayət haqqında danışır, o cavan kuryer oğlana atəş açan motosikletçi soyğunçunun tapılması üçün Qax rayon prokuroru Qəribova və polis idarəsi rəisinə verdiyimiz tapşırıqlar haqda da çox eşitmisən. Və bunu da bilirsən ki, rayon prokurorluğu və polis idarəsi nə qədər çalışsalar da o silahlı soyğunçunu hələ də tapa bilməyiblər. İndiyədək ortada real bir nəticə yoxdur.
– Demək ki, indi bu iki cinayət arasında bir əlaqə ortaya çıxıb.
– Özü də necə bir əlaqə. Az əvvəl Qəribov bu barədə məruzə etdi. Hadisə yerində tapılan dəlillərlə bağlı bəzi ekspertizaların nəticələri bu gün hazır olub. Bu nəticələr çox təəccüb doğurur. Ekspert rəylərinə görə Yağmuru da həmin soyğunçu motosikletçi öldürüb. Hər iki adama eyni, 9 mm-lik PM tapançasından atəş açılıb. Altı ay əvvəl ilk dəfə bu silahdan o cavan oğlana atəş açılaraq cinayət törədilməsi zamanı ehtimal olunan həmin 9 mm-lik Makarov tipli tapançanın ondan əvvəl həm bizim respublika üzrə, həm də bütün post sovet respublikaları üzrə hər hansı bir cinayətdə istifadə olunması aşkara çıxmadı. Bu haqda nə bizim, nə də ki, istifadəsi ehtimal olunaraq sorğu göndərilən başqa bir dövlətin Daxili İşlər nazirliyindən müsbət cavab gəlməyib. SSRİ dövründə icad olunan bu silah demək olar ki, indi yalnız post sovet respublikalarının güc strukturlarında istifadə olunur. Başqa xarici dövlətlərdə bu kimi silahlardan istifadə edilmir. Uzun illər boyu nə qədər yığılsa da insanlar arasında bu tip silahların hələ də qalmasını bilirik. Necə deyərlər, nə qədər çətin olsa da, çox təəssüf ki, qaranlıq dünyada pul gücünə nə istəsən, hansı tip silah istəsən tapmaq olur. Aydındır ki, Yağmurun atasına indi bu barədə demək məqsədəuyğun deyildi. Həm də bu məlumatın indi yalnız istintaq orqanlarına məlum olması sizin leyinizə ola bilər. Düşünürəm bu faktı hər hansı bir formada istifadə edə bilmək üçün istintaq zamanı fürsət yarana bilər. Bunu diqqətində saxla. Bundan əlavə Yağmur qətlə yetirilən yerin yaxınlığında, rayon mərkəzi ilə İlisu kəndinin arasındakı asfalt yolun bəzi kənar hissələrində motosiklet təkər şinlərinin izlərinə də rast gəlinib. Özü də bu təkər şinlərinin izləri ilk cinayət zamanı yerdə qalmış izlərlə eyni olduğu təxmin olunur. Hər iki cinayət yerində izi qalmış təkərdə eyni ölçüdə yamaq var imiş. Bir sözlə İlyas, həmin motosikletçi orada olub və Yağmuru da həmin silahla qətlə yetirib. İlk cinayətdən sonra bu qədər zaman ərzində onu tapa bilməməyimiz yeni bir faciənin baş verməsinə gətirib çıxartdı.
İlyas bir an susub danışmadı. Hələ təfsilatları ilə tam tanış olmadığı, yalnız barələrində eşitdiyi bu iki cinayəti bir yerdə təsəvvür etməyə çalışdı.
– …Açıq-aydın silahlı qarət…Və altı ay sonra bu qarətlə heç bir əlaqəsi olmayan bir qadının səbəbi bilinməyən müəmmalı qətli…Əgər səhv etmirəmsə iki gün əvvəl müşavirədə bildirdiniz ki, qətlə yetirilən xanımı qarət etməyiblər.
– Elə məni də qayğılandıran, düşündürən məsələ budur. O adam yenidən qarət məqsədilə atəş açsaydı onda anlayardıq ki, ilk cinayətdən əldə etdikləri pulları xərcləyib bitirdikdən sonra yenidən pul üçün, qızıl zinət əşyaları üçün ova çıxıblar. Cinayətləri ayrı olsa da, məqsədləri eynidir. Amma Yağmurun üstündə gəzdirdiyi qızıl-zinət əşyalarına, sırğaları və qızıl qolbağısına, maşındakı əl çantasında olan müəyyən qədər nağd pula toxunulmayıb. Qatil yalnız ona atəş açaraq aradan çıxıb.
– Bəlkə, buna vaxtı olmayıb. Məsələn, bəlkə, atəş açandan sonra yaxınlıqdakı meşəlikdən və ya yol tərəfdən gələn bir hənirti buna mane olub. O, bu hənirtidən birinin yaxınlaşdığını güman edərək əsl məqsədinə çatmayaraq tez-tələsik aradan çıxıb.
– Əlbəttə, belə də ola bilərdi. Bu fərziyyəni də mütləq yoxlamaq lazımdır. Cavabsız qalan daha bir önəmli və çox müəmmalı sual, Yağmurun rəfiqəsi Şölənin evindən çıxandan sonra “Evə gedirəm” – deyib onun yenidən Sultanlıq Məzarlığının yaxınlığına nə üçün qayıtmasıdır. Qatil onun ora gələcəyini bilirdimi? Yoxsa onlar orada təsadüfən rastlaşıblar..? Hadisə yerində tək bir xarici firma köynəklərinə aid olduğu təxmin olunan düymə tapılıb. Bu düymənin də işlə hər hansı bir əlaqəsi olub-olmadığı hələ ki, müəyyən olunmayıb. Bu üç gün ərzində İlisu kəndinin bir çox sakinlərini, yaxınlıqda yerləşən çoxlu istirahət mərkəzlərində istirahət edən və o tərəflərdə olmuş bir çox qonaqları yoxlasalar da onlardan heç birində bu cür düyməli köynək aşkar olunmayıb…Həmin vaxt hadisə yerində və ətraf ərazidə, bu əraziyə aparan yollarda bir neçə yeni izlər və müxtəlif istiqamətlərdə az da olsa bəzi maraq doğura biləcək şahid ifadələri də əldə olunub. Lakin bu faktlar da hələ ki, doğru-dürüst bir yol göstərmir. Bu faktlar ilə yerində və ətraflı tanış olarsan. Bir sözlə İlyas, bir-biri ilə sıx bağlı olan bu iki iş hələ ki, müəmma və sirr ilə doludur.
– Bəlkə, Yağmur o silahlı qarət barəsində, bunun kimin törətdiyini bilib. Bəlkə, o işin şahidi kimi aradan götürüblər. Hər halda o silahlı qarət onların yaşadığı məhəllədə baş vermişdi.
– İndi ilk sırada duran fərziyyə elə budur. Lakin hadisə onun yaşadığı məhəllədə baş versə də, həmin məhəllədə yaşayan onlarla sakindən ifadə alınsa da, Yağmur həmin hadisənin istintaqında heç dindirilməyib. Özü də ölənədək bu haqda nə prokurorluğa, nə də ki, başqa birinə hər hansı bir məlumat verməyib.
– Amma bu o demək deyil ki, Yağmur bu haqda mütləq heç nə bilmirdi.
– Doğrudur, səninlə razıyam. Amma Yağmur bu haqda bilirdisə və məhz bunun qurbanı olubsa, indi bunu öyrənmək o həyatda olmadığı üçün daha çətin görünür. Bu işdə görüləcək çox iş, açılmalı olan çox düyün var. İstintaqı ən bacarıqlı və ən təcrübəli müstəntiqlərə həvalə et. Özün isə istintaqa şəxsən rəhbərlik elə. Buradakı işləri müavininə tapşırıb müstəntiqlərinlə birlikdə sən də mütləq ora get. Hər iki hadisə yeri ilə şəxsən tanış ol. Lazım bildiyin şəxslərlə özün də danış. Hələ də əlində tapança olan o vəhşi yenə birini qətlə yetirməmiş nəyin bahasına olursa olsun onu tez bir zamanda tapmaq lazımdır. Bu dünyada insan həyatı qədər dəyərli heç nə yoxdur. Vətəndaşlarımızın canı da, malı da indi bizlərə əmanətdir. Görürsən, ağzı qan iyi almış bir cani vaxtında ifşa olunmayıb cəzasız qalanda quduzlaşaraq ətraf üçün necə təhlükəli olur.
İşdə olan bu qədər müəmma İlyasa çox maraqlı gəlmiş və o, fikrə dalmışdı. Polkovnik yenə çox ağıllı, hiyləgər və zalım biri ilə qarşı-qarşıya gəldiyini artıq hiss edirdi.
– Elədir, cənab general. İlk cinayəti törədəndən sonra istintaqdan bu qədər zaman yayınmağı bacardığına görə və bu hadisə zamanı da isti izlərlə ələ keçmədiyi üçün hər iki cinayətin həqiqətən çox məkrli biri və ya biriləri tərəfindən törədildiyi aşkar görünür.
– Amma bu iki cinayət arasında olan daha bir neçə əlaqəni ortaya çıxara bilsən işin xeyli asanlaşacaq. Məncə, ilk buradan başla. Bu düyünü nə qədər tez çözə bilsəniz qatilə aparan yolu da bir o qədər tez görə bilərsiniz.
– Sizinlə razıyam. Amma…
– Amma nə?
– Amma ortada olan az sayda faktların söylədiyi kimi, əgər qatil həqiqətən çox ağıllıdırsa onda o, ya bu vacib düyünü çözə bilməməyimizdən əmindir, ya da bu çözümün bizim işimizə yaramayacağını bilir.
– Sən də bunu gözəl bilirsən ki, cinayət törədib hər kəsdən gizli qalmaq çox çətin bir işdir. Bəzən canilər hər hansı bir cinayəti ustalıqla planlayaraq həyata keçirirlər, bəzən isə və çox vaxt ilk cinayətlərinin bu və ya digər formada davamı və ya ilk cinayətlərini ört-basdır etmək üçün məcbur olaraq növbəti hadisəni törətməli olurlar. Bundan başqa nə qədər ağıllı olursa olsun, sakit bir şəraitdə nə qədər məkrli plan qurursa qursun, əsas olan cinayətkarın cinayəti həyata keçirdiyi zaman olduğu emosional vəziyyətidir. Qorxu, həyəcan, təlaş, qanda qalxan adrenalinin ən yüksək səviyyəsi cinayət zamanı istər-istəməz onu səhv etməyə məcbur edir. Bəlkə də o belə bir səhvi ilk silahlı qarəti zamanı etmiş, həmin məhəllədə yaşayan Yağmur bu səhvi hər hansı bir formada görmüş və qatil də bu haqda haradansa artıq bilirdi. Bəlkə də, Yağmur həyatının ən böyük səhvini edib bunu ona bəlli etmişdi. Bu səbəbdən qatil çarəsiz qalıb riskə gedərək ikinci bir cinayəti törətmiş, Yağmuru ilk cinayətinin üstü açılmasın deyə qətlə yetirmişdir. Yağmurun intellekt səviyyəsini, onun çox savadlı, gözüaçıq bir xanım olduğunu da unutmaq olmaz. Min il bundan əvvəl daşların üzərinə ən müxtəlif əlifba hərfləri ilə həkk olunan qədim yazıların sirrini çözməyə qadir olan bir zəkalı xanımdan söhbət gedir. O silahlı qarətçinin kim olduğunu həmin vaxt yox, məsələn, bir neçə ay sonra bu yaxınlarda başqa bir yol ilə də öyrənə bilərdi. Bir də kim bilir, bəlkə, bu qarəti törədən və sonra da Yağmuru qətlə yetirən o müəmmalı motosikletçi elə Yağmurun yaxın ətrafından biri olmuşdu. Yağmur da məhz hadisə vaxtı deyil, daha sonralar onun kim olduğunu ya müşahidəsi ilə, ya eşitdiyi hər hansı bir məlumat əsasında, ya da təsadüfən onda gördüyü hansısa dəlil və ya dəlillər əsasında öyrənə bilmişdi. Bəlkə də, o adam məhz Yağmurun çox yaxın adamı olduğu üçün polisə bu haqda hələ ki, məlumat verməmişdi. Bəlkə də, tam olaraq bunu bilmir, silahlı qarətçidən həllik ancaq şübhələnirdi.. Suallar həddindən çoxdur İlyas, həddindən çox.. Düşündükcə hər dəfə ağlına bir fərziyyə gəlir. Lakin fərziyyə başqa, elmi sübut başqa. Hər iki cinayətin eyni biri tərəfindən törədilməsinə artıq heç bir şübhə yoxdur. Onu tez bir zamanda tap!
İlyas ayağa qalxıb əmrə müntəzir hərbi vəziyyət alaraq işə başlamaq üçün icazə istədi. Onun simasında indi böyük bir əzm və döyüşkənlik ifadəsi vardı.
– Əmr etdiyiniz kimi, ilk olaraq bu düyünü çözməyə çalışacağıq, cənab general. Bundan başqa da ağıla gələn hər bir istiqamətlə gedəcəyik. İcazənizlə!