.....

.....

HƏVƏSKAR SEVGİ…

HƏVƏSKAR SEVGİ…

HƏVƏSKAR SEVGİ…
(Mehrbanu və Mehrdadın eşq hekayəsi)

(Həyatda sevərkən sevilməyənlərə ithaf olunur!)

Günəş əzəli qanuna görə hər gün öz yerindən doğaraq bütün kainata nur, aydınlıq və istilik bəxş etsə də, bəzən buludlar onun qarşısını kəsir və kainatla bir-başa təmasda olmasına əngəl törədirlər. İnsan həyatı da, günəş kimidir. Bəzən aydın, işıqlı və istiliyi ilə hər tərəfə nur saçır, bəzən isə müəyyən amillər nəticəsində kölgədə qalır, qaranlıq və kədərə məhkum olur.
Avqust ayının son günləri idi. Hava qızmar günəşli və isti keçsə də, ara-sıra payız fəsli yolda olduğunu müəyyən əlamətlərlə göstərməyə çalışırdı. Bu isti və qızmar yay günləri isə hər kəs üçün isti və aydın keçmirdi. Kimisi özünü xoşbəxt hiss etsə də, kimiləri ağrılı-acılı günlər içində vurxunur, kədərli günlər və anlar yaşayırdı. Bu arada bəziləri özləri də, bilmədən daha dərin və daha böyük kədərlər üçün hazırlanırdı…
Mehrdad anası və ailəsinin israrı ilə evləndiyi xanımla uyğun gəlmədiyindən 2 il öncə ayrılmış və yaşayış yerini də, dəyişmişdi. İndi o, tək yaşayır və özünə uyğun ola biləcək bir xanımla sevib-sevilmək prinsipi əsasında ailə həyatı qurmağı düşünürdü. Onun beş il sürən uğursuz, həm də, övladsız ailə həyatı hər gün dedi-qodu, qalmaqal və əsəb gərginliyi ilə keçirdi. Lakin boşandıqdan sonra sakit və hüzur içində yaşasa da, özünü kamil görə bilmir, öz yarı və həyatda ona uyğun ola biləcək gələcək həyat yoldaşını axtarırdı.
Mehrdad İstanbul Universitetindən psixologiya üzrə doktorluq elmi dərəcəsi və diplomunu aldıqdan sonra ölkəyə qayıtmış və İnşaatçılar Metrostansiyasının yaxınlığında özəl klinikalardan birində psixoloq-həkim kimi çalışırdı. Həftə ərzində çoxsaylı passentləri olur, onların həyatda üzləşdikləri problemləri həll etməyə çalışırdı. Lakin iş yerini özünə uyğun görmədiyi və rəhbərliklə arasında müəyyən problemlərin olduğundan orada işlədiyi halda həm də, özünə digər münasib bir iş yerinin axtarışında idi.
Günlərin birində işdən sonra idman zalına tələsirdi. Yolda Facebook Sosial Şəbəkəsindəki hesabına mesaj gəldiyini eşitdi. Mobil telefonunu açıb baxdıqda, özünü xanım kimi təqdim edən bir istifadəçinin ona qısa mesajlar göndərdiyini gördü. Onun istifadəçi adı “Mehrbanu” olsa da, profil şəkili adi bir təbiət təsviri, doğum tarixi isə 1956-cı ilin fevral ayının 23-ü kimi göstərilirdi. Halbuki mesaj yollayan şəxs özünü 19 yaşlı subay bir xanım kimi təqdim edirdi. Mehrdad bu uyğunsuzluğu görüncə, mesajı silib yoluna davam etdi. Çünki onun şəxsi hesabına adı, soyadı, kimliyi və mahiyyəti bəlli olmayan istifadəçilər tərəfindən bu kimi mesajlar tez-tez gəlirdi.
Təxminən 1 həftə ötüb keçdi. Bir gün səhər saatlarında sosial hesabına baxdıqda, dostluğunda olan xanımlardan birinin ona mesaj yolladığını gördü. Bu, onun orta məktəbdə ingilis dili üzrə müəllimə işləyən dostu Gözəl xanım idi. Gözəl xanım Mehrbanu adlı bir tələbəsinin olduğu və həmin xanımın onunla əlaqə yaratmağa çalışdığı, amma bunun alınmadığını yazırdı. O, həm də, həmin xanımın həyatda üzləşdiyi bəzi problemlərlə bağlı bir sıra suallarının olduğu və məsləhətə ehtiyac duyduğunu yazaraq onu cavablandırmağı və ümumiyyətlə, Mehrbanu xanıma vaxt ayırmasını xahiş edirdi.
Günortadan sonra vaxt edib hesabına daxil olduqda, həmin xanım tərəfindən yenə də, ona çoxsaylı mesajlar gəldiyini gördü. O, “Mehrbanu” adı ilə dostluq təklifi və eyni halda çoxsaylı mesajlar yollamış xanımın yazdıqlarını diqqətlə oxudu və qısa cavab yazaraq onu çalışdığı klinikaya dəvət etdi. Lakin o, klinikaya gəlməkdən imtina edərək azad bir məkanda görüşməyi təklif edirdi. O, həm də, həyatda ciddi problemlərlə üzləşdiyi və psixoloji tövsiyələrə ciddi şəkildə ehtiyacı olduğunu yazırdı…
Mehrbanu ailənin tək və yeganə övladı idi. Onun qardaşı və bacısı yox idi. Ata-anası ilə tək yaşamış və boya-başa çatmışdı.
Beləliklə də, sentyabr ayının 12-si günortadan sonra saat 17.00-da Elmlər Akademiyası Metrostansiyasının çıxışında görüşməyə razılaşdılar. Mehrdad həmişə olduğu kimi səliqəli, təmiz və sadə geyimi, bir də hər zaman sevdiyi ətirdən istifadə edərək təyin edilmiş vaxtda orada hazır oldu. Bu zaman metronun çıxış qapısında balaca boylu arıq-incə və əsmər bir xanımın dayanıb ona baxaraq gülümsədiyini gördü. Yaxınlaşıb özünü təqdim etdikdə yanılmadığına əmin oldu. Bu 19 yaşlı Mehrbanu idi. O, əyninə cins şalvar və mavi rəngdə qısaqol köynək geyinmiş, saçlarını isə yığaraq arxaya atmışdı. Ayaqlarında yay fəslinə uyğun olan ayaqqabı var idi. Çiyinindən isə qara rəngli balaca bir çanta asmışdı. Zahiri baxımdan olduqca sadə və adi bir xanım kimi görünsə də, ceyran baxışlı iri və qəhveyi gözləri ilk əvvəldən Mehrdadın diqqətini özünə cəlb etmişdi. O, bir xanıma məxsus olan bütün gözəlliklər və incəliklərə malik idi. Lakin ilk uğursuz evlilik həyatından sonra Mehrdad üçün əsas məsələ evlənəcəyi xanımın ağıl, sədaqət və mədəniyyət baxımından uyğun olması idi. Axı bu həyatda insanı xoşbəxt və məsud edən amil yalnız gözəllik, maddi-imkan və digər bu kimi ötəri şeylər deyil. Bu həyatda nə qədər gözəl və yaraşıqlı, eyni halda yüksək səviyyədə maddi imkanı olan xanımlar və bəylər ailə həyatı qursalar da, sevgisizlik, uyğunsuzluq və yanlışlıq nəticəsində bir-birindən ayrılmış və bir ömür boyu pemançılıq, həsrət və bədbəxtliyə məhkum olmuşdur.
Qısa təqdimatdan sonra birlikdə yaxınlıqda yerləşən kafelərdən birinə gedib əyləşdilər. Mehrdad ilk öncə onun fikirini öyrəndikdən sonra qarsona iki nəfər üçün çay və şokolat, bir də türk paxlavası gətirməsini xahiş etdi. Beləcə birlikdə əyləşib 1 saat yarım müddət ərzində onu narahat edən mövzular barədə öz fikir və suallarını verir, Mehrdad isə səbr və təmkinlə onları cavablandırmağa çalışırdı. Onlar kafedən çıxdıqdan sonra yaxınlıqdakı parka gedərək 2 saata qədər orada söhbəti davam etdirdilər…
Mehrbanu Bakı Dövlət Universitetində ali təhsil alarkən bir dəfə universitetdə tələbə yoldaşlarından biri ilə bir müddət sevgi münasibətində olduğu, lakin onun xəyanətinə məruz qaldığı, bundan əlavə onun xoşagəlməz, eyni halda səviyyə və mədəniyyətdən kənar sayılan davranışlarından bezərək münasibətə son qoyduğunu, bunun da, onun həyatında sarsıdıcı bir zərbə olduğundan danışır, bu barədə danışarkən göz yaşlarına mane ola bilmirdi. Hətta, aldığı psixoloji və mənəvi zərbəyə görə bir neçə dəfə intihara cəhd etdiyini də, söyləyirdi. Lakin son zamanlar Gözəl müəllimənin məsləhəti əsasında Türkiyədə ali təhsil almış tanınmış və bacarıqlı bir psixoloqun olduğu və onunla görüşməyin faydalı olduğunu öyrənərək bu görüşə can atdığını bildirirdi.
Demək olar ki, doktor Mehrdad klinikada işə başladıqdan o günə kimi passentlərinin əsas hissəsi uğursuz və nakam sevgi nəticəsində həyatdan küsən, özünə qapanan və bəzən də, buna görə intihara can atmaq istəyənlərdən ibarət idi. Bu baxımdan, Mehrbanunun söylədiyi problem onun üçün ilk və yeni bir mövzu deyildi.
Mehrdad peşəkar psixoloq olduğundan Mehrbanunun sualları və onu narahat edən kimi təqdim etdiyi mövzulardan daha çox onun həyatda üzləşdiyi psixoloji təlatümdən qurtulmaq üçün özünə yeni sevgi həyatı tapmaq və həyatına gələn yeni sevgi ilə ötən acılıqları unutmağa və aradan qaldırmağa çalışdığını anlayırdı. Hətta, bir dəfə çaşıb uyğun olan bir namizəd qarşısına çıxarsa, onunla evlənməyə hazır olduğunu da, dilə gətirdi. O, həyatında yalnız bircə dəfə sevgi yaşadığı və onun da, natamam və uğursuz olduğunu söyləsə də, onun yeni sevgi həyatına bu qədər can atması bu yaşına qədər bir deyil, bəlkə də, bir neçə dəfə uğursuz sevgi həyatı yaşaması ehtimalını irəli sürmək olardı.
Onların arasında baş tutan ilk görüş təxminən 4 saat çəkdi. O, bu görüşdən məmnun kimi görünür, həkimin fikirləri və tövsiyələrinin öz üzərində çox müsbət təsirə malik olduğunu söyləyirdi. Həm də, növbəti dəfə görüşlərin baş tutmasına israr edirdi.
Doktor Mehrdad görüşdən evə qayıdarkən metroda və marşrutda yol boyu Mehrbanunun sözləri və davranışı barədə düşünür, onları bir-bir diqqətlə analiz edirdi. O, həqiqətən də, söylədiyi kimi sonuncu sevgi münasibətində ciddi şəkildə psixoloji və mənəvi zərbə almış, eyni halda dərhal yeni sevgi həyatına başlamağı düşdüyü çətin durumdan ən sadə və faydalı çıxış yolu olaraq düşünürdü. Təxminən 4 saatlıq görüş zamanı onun danışıq və davranış tərzində gizlətməyə çalışdığı ayrı bir məqam da, var idi. O da, Mehrbanunun özündən asılı olmadan Mehrdada xüsusi baxışlarla baxması, sanki vurulmuş kimi davranışı idi. Mehrdad buna görə əndişələnir, dərin fikirlərə getmişdi. Bir neçə gündən sonra bir dəfə telefonu əlinə alıb yaxın dostu Gözəl xanıma zəng etdi. Mehrbanu ilə görüşün alındığını söyləsə də, həkimliyin etik qaydalarına uyğun olaraq onun problemləri və görüşdə söylədiyi sirlərini gizlədərək barəsində yalnız ümumi məlumat almağa çalışdı.
Gözəl xanım 1 il öncə ailə həyatı qurmuş və Natəvan adlı gözəl bir qız övladı dünyaya gəlmişdi. Onun özü də, bir zamanlar həyatda üzləşdiyi müəyyən problemlərlə bağlı doktor Mehrdada müraciət etmiş, onun məsləhət və tövsiyələrindən yararlandığı üçün həyatında böyük peşmançılıqlardan qurtulduğunu söyləyirdi. Buna görə də, hər zaman özünü ona minnətdar bilirdi. Gözəl müəllimə həm də, doktor Mehrdadın subay olduğu və ailə həyatı qurmaq üçün özünə uyğun bir xanım axtardığını bilirdi. O, Mehrbanunun ingilis dili üzrə məşğələ müəlliməsi olduğu üçün onunla yaxın münasibətdə idi. Məhz həmin yaxın münasibətinə görə onun başına gələnlərin çoxundan məlumatlı idi. Buna görə də, doktor Mehrdada Mehrbanunun problemlərindən xəbəri olduğu və bir-başa onun doktoru bəyənərək onunla ailə həyatı qurmağa razı olduğunu söylədi. Onun söylədiyinə görə, bu görüşün əsas məqsədi məhz bunu söyləmək olsa da, utandığından görüş zamanı bunu söyləyə bilməmişdir. Gözəl xanımın sonralar söylədiyinə görə, o, Mehrbanuya doktorun subay olduğunu və evlənmək üçün axtarışda olduğunu söyləmiş, barəsində müəyyən məlumatları ona təqdim etmişdi. Mehrbanu da, həmin məlumatlar əsasında doktoru sosial şəbəkələr üzərindən izləməyə, onu bəyənərək onunla ailə həyatı qurmağa qərar vermiş və həmin görüşə can atmışdır.
Gözəl müəllimənin bu sözü Mehrdadı təəccübləndirmədi. Çünki o özü həmin görüş zamanı danışılan bütün söhbətlər və qarşı tərəfin davranışını bir neçə dəfə xatırlayıb analiz etdikdə, onun daha çox həmin məqsədlə görüşə gəldiyini təxmin etmişdi. O, bunu elə görüş əsnasında da, çox sərrast şəkildə təsbit edə bilmişdi. Əslində öz psixoloji problemlərininin həlli üçün klinikaya gəlməkdən imtina edib azad məkanda görüşməyə israr etməsi də, ilk əvvəldən bu ehtimala yol açırdı.

Gecə saatlarında yatağına girib bir az musiqi dinləmək üçün telefonunu əlinə aldı. Bu zaman sosial şəbəkə üzərindən ona bir neçə mesaj gəldiyini görüb şəxsi səhifəsinə daxil oldu. Mesaj yazanlardan biri də, Mehrbanu idi. O görüşün özü üçün çox faydalı və yaxşı keçdiyini, doktorun məsləhət və tövsiyələrinin mükəmməl və fövqəladə şəkildə onda müsbət təsir etdiyini yazır, dönə-dönə təşəkkür edirdi. Əlbəttə, bununla bağlı müəyyən qədər mübaliğə etdiyi də, aydın hiss edilirdi. Mehrdad ona bir neçə kəlmə ilə təşəkkür yazıb çıxmaq istəsə də, onun canlı olaraq xətdə olduğu və dərhal yazdığı cavabı görüb dayandı.

– Salam doktor, mən sizi öz nakam həyatımın xilaskarı sayıram. Kaş ki, sizinlə daha tez görüşərdim. Yenə də, Gözəl xanım çox sağ olsun ki, sizi mənə tanıtdırdı.

– Buyurun Mehrbanu xanım! Bu mənim insanlıq və həkimlik borcumdur. Əgər sizə nəsə yardım edə bilmişəmsə, özümü xoşbəxt və məsud hiss edirəm!

– Bağışlayın, amma görüş zamanı sizə söyləmədiyim əsas bir məsələ qalıb…

– Yəqin ki, növbəti görüşdə o məsələni demək istəyirsiniz? Eləmi?
Mehrbanu xətdə olsa da və doktorun mesajını oxusa da, nədənsə cavab yazmadı. Beləcə bir neçə dəqiqəlik fasilə yarandı.
Mehrdad bu sözün nədən ibarət olduğunu çox yaxşı bilirdi. Amma həmin sözün Mehrbanu tərəfindən dilə gəlməsini məqsədəuyğun gördüyü üçün sükut etməyi daha üstün saydı.
Mehrbanunun nəsə yazdığı, yazaraq dayandığı və bəlkə də, yazdığını dəyişib redakt etdiyi və ya göndərməyə əli gəlmədiyi hiss olunurdu. Amma bir neçə dəqiqəlik fasilədən sonra nəhayət görüşdə demədiyi sözü yazaraq yolladı:

– Doktor! İnanın ki, yazmağa utanıram. Amma necə cavab verəcəyinizdən asılı olmayaraq yazmaq məcburiyyətindəyəm. Əslində mən sizi neçə aydır ki, səhifəniz və işlədiyiniz klinikanın rəsmi saytından izləyir, müxtəlif saytlarda dərc edilən müsahibə və elmi məqalələrinizi oxuyuram. Sizi bu neçə gün və həftə ərzində tanımamışam. Mən sizi aylardır ki, tanıyır və izləyirəm. Ürəyimdə bir arzum var. Mən sizin kimi görkəmli, səviyyəli, doğru-dürüst və mərd insanın həyat yoldaşı olmaq istərdim. Amma bilmirəm ki, bu istəyim həyata keçə bilər ya yox?

– Mehrbanu xanım! Siz zarafat edirsiniz?

– Yoo, əsla zarafat etmirəm. Tam ciddi yazıram.

– Əvvəla, xoş sözlərinizə görə sizə təşəkkür edirəm! Amma bu sosial şəbəkə üzərindən yazışmaq səviyyəsində həll olunası bir məsələ deyil. Biz görüşüb ətraflı danışmalı, bir-birimizi kifayət qədər tanımalı və daha sonra qərar verməliyik.

– Mən sizin dediyiniz vaxt və məkanda görüşməyə və istədiyiniz qədər danışmağa hazıram!

– Yaxşı, elə isə növbəti görüşün vaxtını sizə deyərəm. Gecəniz xeyrə qalsın! Özünüzə yaxşı baxın! Hər zaman məsud olun!

– Sizin də, gecəniz xeyrə qalsın! Hər şeyə görə çox sağ olun Mehrdad melim!

– Buyurun, dəyməz!
Bu yazışma günün bütün yorğunluğunu Mehrdada unutdurdu. O, gecə saatlarının sonuna qədər Mehrbanunun ona vurulduğu və rəsmən evlənmək təklifi barədə düşünür, bu barədə dərindən fikirləşirdi. Belə olan təqdirdə yorğunluq və yuxu yada düşə bilməzdi. Mehrdadla Mehrbanu arasında hardasa ciddi yaş fərqi də, var idi. Amma Mehrdad yaşından daha gənc göründüyündən bu elə də, ciddi problem yaratmırdı. Çünki yaxınlar və dost-tanışlar onu əsil yaşından təxminən 10 il gənc sanırdı. O, ən əsas və ciddi problemin ayrı məsələ və ya məsələlərdə olduğunu düşünürdü. Beləcə fikirləşən halda o gecə yuxuya getdi…

İki gündən sonra yenə də, axşamüstü saat 17.00-da görüş üçün vaxt təyin edib bu dəfə onunla Qış Parkında görüşdü. Mehrbanu sadə və gözəl geyimi ilə öz incəliyi və gözəlliyini bir-birinə qatmış, ilk görüşdən daha fərqli və cazibədar görünürdü. Qulaqlarında gümüşdən hazırlanmış incə sırğalar, boynundan isə anasının ona hədiyyə etdiyi sadə qızıl sep asmışdı. Qara və uzun saçları, qarabuğdeyi dərisi, yumuru sifəti, qəhveyi rəngdə iri və yumuru gözləri, qalın qaşları və uzun kiprikləri, bir az uzunsov yanaqları və qalın, həm də, gözəl dodaqları var idi. O, parfumdan çox az istifadə edir, daha çox dərisinə qulluq etmək üçün müəyyən hazırlanmış kremlərdən yararlanırdı. Elə uca boyu olmasa da, incə bədənə malik idi. Onun sevgi dolu təravətli baxışları və şirin danışıq tərzi bütün bu gözəllikləri neçə bərabər edirdi. Əlbəttə, gözlərində xüsusi bir qəribəlik və özəllik də, var idi. Gözlərindən təbiətin qoynunda gəzən ceyran kimi həm qorxu və hürkü, həm də, şəfqət və mərhəmət diləyi hiss olunurdu. Baxışlarından sevgiyə susuz olduğunu anlamaq heç də, çətin deyildi. Amma bununla yanaşı o gözlərdə həm də, Mehrdadın ilk əvvəllər anlaya bilmədiyi bir qəribəlik, bəlkə də, ögeylik və daşürəkli hiss də, ara-sıra özünü biruzə verirdi.
Bu görüş parkda fəaliyyət göstərən “Zambaq” restoranında, ardınca isə park boyu gəzinti və oturacaqda əyləşərək təxminən 5 saata qədər çəkdi. Çox gözəl və faydalı olan bu görüş, əslində onların bir-birini qarşılıqlı şəkildə tanıması üçün zəruri idi. Bu görüş zamanı demək olar ki, dünyanın və ölkənin siyasi, iqtisadi, mədəni və digər sahələrindən tutmuş şəxsi baxışlar və xasiyyətlərdən söhbət getdi. Mehrdad görüş və söhbətin əsas mövzusuna qayıdaraq ona üz tutub dedi:

– Əslində mənim bir dəfə uğursuz ailə həyatım olub və beş ildən sonra ayrılmışıq. O vaxtdan bəri özümə uyğun olan bir xanım axtarıram. Sən zahiri görüşündə bir gözəl xanıma lazım olan bütün xüsusiyyətlərə malik olan birisən. Amma bizim aramızda yaş fərqi çoxdur.

– Olsun! Dünyada, öz ölkəmizdə və hətta, öz qohumlarım aralarında 10-15 və bəzən daha çox yaş fərqi olan nə qədər xoşbəxt cütlüklər var. Mənə görə, yaş önəmli deyil. Yaşın nə fərqi var ki?! Əsas qarşılıqlı sevgi-hörmətdir. Bundan əlavə, mən sizin fotoşəkillərinizə baxanda yaşınızdan 10 il daha gənc göründüyünüzü düşünmüşdüm. Bunu Gözəl müəllimə də, təsdiq etdi. Sizinlə görüşdükdə isə buna əyani şəkildə əmin oldum…

– Çox gözəl, təşəkkür edirəm! Amma evlənmək çox ağır və məsuliyyətli bir məsələdir. Sən subay və bakirə bir xanım olsan da, mənim bu sahədə ən azından beş illik bir uğursuz təcrübəm var. Ona görə, həyatda ikinci dəfə uğursuzluğa imza atmaq istəmirəm. Məhz buna görə tələsməyə lüzum yoxdur. Mən sizin ailənizi, sən də bizim ailəmizi tanımalı, bundan daha önəmli olanı isə budur ki, biz bir-birimizi xasiyyət, dünyagörüş və səviyyə baxımından yaxından tanımalıyıq. Buna görə də, biz bir müddət bir-birimizi yaxından tanımaq və hansı səviyyədə bir-birimizə uyğun gəlib-gəlmədiyimizi dəqiqləşdirmək üçün beləcə münasibətdə olmalıyıq. Bunu müəyyən səviyyədə sosial şəbəkə üzərindən yazışmaqla həyata keçirmək mümkün olsa da, canlı şəkildə görüşüb söhbət etmək tam fərqli və daha faydalıdır. İmkan olduqca həftə ərzində tez-tez görüşüb beləcə söhbət edək, gəzib-dolanaq və bir-birimizi daha yaxından tanımağa çalışaq…

– Yaxşı, mən razıyam…
Mehrdad bütün bunlarla yanaşı həm də, Mehrbanunun həyatda təcrübəsiz olduğu və müəyyən məqamlarda müəyyən məsələlərə uşaq baxışı ilə yanaşdığını görür, onun bir az həyat təcrübəsi toplamasını istəyirdi. Görüşün sonunda Mehrdad onu evlərinə qədər aparıb ötürdü. Sonra geri qayıdıb evə tərəf yollandı.

Mehrbanu gözəl bir xanım idi. Göstərdiyi davranış və danışıq tərzi ilkin qənaətə görə, onun sağlam və mötədil dünyagörüşünə malik olduğunun, etika, mədəniyyət və xanımlıq səviyyəsinin göstəricisi idi. Lakin ilkin qənaət bu sahədə kafi sayılmırdı. Bu arada Mehrdad da, həyatda təcrübəsiz birisi deyildi. O, özünə həyatda sırf zahiri baxımdan gözəl və uyğun olanı deyil, sözün həqiqi mənasında özünə uyğun ola biləcək bir yarını axtarırdı. Buna görə də, Mehrbanunun danışıq və davranışından əldə etdiyi müəyyən və eyni halda bəzi gizlin məqamlara görə aralarında evliliyin uyğun olmayacağını düşünürdü.
Psixologiya sahəsində malik olduğu təcrübəyə görə, Mehrbanu ilə ilk görüşdə onun həyatda üzləşdiyi natamam və uğursuz sevginin acısını unutmaq və həmin uğursuz münasibətdən aldığı mənəvi və psixoloji zərbənin dərhal başqa birisi ilə münasibət qurub evlənməklə aradan qaldırmağa can atması bu evliliyə mane olan əsas amil idi. Doktor Mehrdad bununla bağlı saatlar, günlər, həftələr və aylarca düşünsə də, dönə-dönə həmin nəticəyə gəlir, onun danışıq və davranışlarında həmin xüsusiyyəti təkrar şəkildə müşahidə və təsbit edirdi. Lakin bu işin alınmayacağını ona söyləmək bəlkə də, onun üçün yeni və daha sarsıdıcı mənəvi və psixoloji zərbə sayıla bilərdi. O, özünə vurulmuş bir xanımı qırmağı insanlıq və mərdlik adına yaraşmayan bir hərəkət bildiyindən məsələyə daha fərqli tərzdə yanaşmağın doğru olduğunu fikirləşirdi. Odur ki, məsələni dolayısı yollarla ona çatdırmağı, onun özü tərəfindən məsələnin həqiqətini dərk edərək bu istəkdən vaz keçməsi üçün şərait yaratmağı ən faydalı və daha düzgün yanaşma tərzi olaraq düşünürdü.
Həmin hədəf çərçivəsində bir müddət aralarında yaş fərqinin olması, yaşlaşdıqca bunun bir sıra ciddi problemlərə yol açacağını qabartmağa çalışdı. Bununla bağlı görüşlərin birində baş tutan bu söhbət həmin bəhanəni qabartmaq üçün idi:

– Mehrbanu xanım! Lütfən məni diqqətlə dinləyin! Cütlük arasında qarşılıqlı sevgi-məhəbbət və hörmətlə yanaşı həm də, yaş uyğunluğu olmalıdır. Bu gün mənim məsələn 30-35 yaşım varsa, illər sonra yaşlanacam. O zaman mən sənin yanında qoca görünəcəm. Övladımızı məktəbə aparanda məni övladımın atası deyil, babası, sənin isə atan kimi düşünəcəklər. Hələ bundan əlavə, sevgi və digər sahələrə aid münasibətlərdə də, müəyyən uyğunsuzluq və problemlər meydana gələcək. Nəticədə isə mən də, sən də həyatdan bezəcək, bu gün evlilik üçün müsbət qərar verdiyimiz üçün ciddi şəkildə peşman olacağıq…

– Mən yaş fərqini evliliyimizə əsla ciddi maneə görmürəm. Qarşılıqlı sevgi-hörmət varsa, bunlar boş şeylərdir. Siz indi əsil yaşınızdan 10 il gənc görünürsünüzsə, yaşlaşanda da, öz yaşınızda olduğunuz kimi deyil, daha cavan görünəcəksiz. Mən aralarında 15 və bəzən daha çox yaş fərqi olan nə qədər xoşbəxt cütlüklər tanıyıram. Əslində mənim atamla anamın arasında 18 il yaş fərqi var. Biz də onlardan biri olarıq…
Mehrdadın bu məsələdən öz hədəfinə çatmaq üçün istifadəsi uğursuz alınırdı. Çünki bu barədə nə söyləyirdisə, Mehrbanu dərhal cavablandırır, onun bəhanələrinə bir cavab tapırdı…
Mehrdadın Mehrbanunu bu evlilik qərarından yayındırmaq üçün əl atdığı bəhanələrdən biri də, el arasında evlənməklə bağlı yayılmış bir sıra lüzumsuz adət-ənənələr idi. Onlar bir neçə dəfə baş tutan görüşlərində və eləcə də, yazışma və telefon danışıqlarında bu mövzu ətrafında geniş müzakirələr apardılar. Əslində Mehrdad bu məsələyə Mehrbanunun ailənin tək övladı olduğu üçün xüsusilə israr etməyə çalışırdı. Çünki valideyninin bununla bağlı tam mənada adət-ənənələrə əməl etməklə bağlı qərarlı olduğunu hiss edirdi.

– Mənim həyata baxışım tam fərqlidir. Bu gün evlənmək üçün atılan addımların bir çoxu vaxt, pul və əsəb itikisindən başqa bir şey deyil. Biz evlənməyə qərar verdikdə həmin adət-ənənələrdən imtina edə bilməyəcəyik. Çünki sən evin tək övladısan. Valideynin və bütün qohum-əqrəban sənin toy mərasiminin dəbdəbəli şəkildə qeyd edilməsinə israr edəcək. Amma mən bunu sevmir və etmək istəmirəm. Odur ki, bu işin alınacağına elə də, inanmıram…
Mehrbanu bu sözlərdən sanki coşaraq el arasında dəbdə olan adət-ənənələrin çoxuna inanmadığı və bunlara qarşı etinasız olduğunu bildirdi: “İnsan toyla, dəbdəbəli və eyni halda yazılmamış qanunlar və pul israfı ilə xoşbəxt ola bilməz. Mənim üçün yeganə xoşbəxtlik sizin kimi doğru-dürüst və mərd bir insanla xoşbəxt ailə həyatı qurmaqdan ibarətdir. Lazım olarsa valideynimlə danışıb bütün bunlardan vaz keçə bilərik. Sadəcə bir dəfə evimizə elçi gəlib məni valideynimdən istəməniz yetər. Mən özüm onları razı salacam. Birdən razı olmasalar belə qaçmağa razıyam. Mənə elçi, nişan, toy-filan lazım deyil. Bunlar insanı həyatda xoşbəxt edən amillər sayılmır! Sadəcə evlənək, birlikdə və bir damın altında yaşayaq. Mən səndən hər gün nəsə tələb edən, səni xərcə və çətinliyə salacaq birisi olmayacam!”
Mehrdad bəzən bununla bağlı bəhanə kimi göstərdiyi, amma əslində ciddi problem olan iş yeri məsələsini gündəmə gətirir, özünə etibarlı və uyğun iş yeri tapmayınca evlənmə məsələsinin çətin olacağını ona təlqin edirdi. Lakin Mehrbanu bunu da, ciddi bir məsələ saymır, onun üçün istənilən zaman uyğun işin tapılacağı, hətta, xüsusi coşqu və böyük ümidlə lazım olduğu təqdirdə birliklə əl-ələ verib yeni iş yeri açmağa hazır olduğunu söyləyirdi…
Onun belə qətiyyətlə söylədiyi sözləri Mehrdada ciddi şəkildə təsir edirdi. Əsas təsiredici məqam Mehrbanunun sözün həqiqi mənasında ona bağlanması və ona vurulması idi. Çünki bu qəbil cavablar onun qeyri-adi halından xəbər verirdi. Adətən, bir çoxları da, belə cavabları həqiqi sevgi kimi qiymətləndirirlər. Lakin Mehrdad onun həqiqi sevgisi barədə düşünməyə tələsmirdi. Sonrakı mərhələdə özünün bir dəfə ailəli olub boşanmasını önə çəkərək buna görə evliliyin alınmayacağını söylədi.

– Hər halda mənim bir dəfə evlilik həyatım olub. Uğursuz ailə həyatıma öz istəyimlə son qoyub boşanmışam. İndi sənin valideynlərin tək övladlarını bir dəfə evli olub-boşanmış birisinə ərə verməzlər. Axı el arasında mən “dul kişi” sayılıram…

– Xeyr! Mənə görə, siz mənim üçün subay birisindən daha uyğun və yaxşısınız. Məncə sizin ailə saxlamaq və idarəçilk üçün təcrübəniz daha böyük və daha güclüdür. Siz təcrübəsiz birisi deyilsiz. Bir dəfə uğursuz həyatı olan bəy ikinci dəfə evlilik həyatı quranda hökmən xoşbəxt olur. Mən özümü sizin xanımınız olaraq güvəndə hiss edər və xoşbəxt sayaram. Valideynimin mövqeindən də, narahat olmayın. Mən onları buna razı salacam. Onlar ümumiyyətlə, mənim xoşbəxtliyimi istəyirlər. Əgər imtina etsələr, mən də, bildiyim başqa metodlara əl atacam!

– O hansı metodlardır belə?

– Mən həqiqi mənada deyil, sadəcə onları razı salmaq hədəfi ilə özümə qəsd etməklə bağlı onları təhdid edə bilərəm. Ən asan olanı isə evə məktub yazıb səninlə birlikdə qaçaram. Hər halda qanunvericilik baxımından mən öz həyatım üçün qərar vermək səlahiyyətinə malikəm…

– Amma lütfən özünəqəsd və intiharla bağlı bir daha belə sözləri dilə gətirmə! Mehrbanu xanım, bilirsənmi, bu can bizim əlimizdə bir ilahi əmanətdir. Onun yaradanı biz özümüz deyilik ki, istədiyimiz zaman onu məhv etməyə haqqımız çatsın. Bütün varlığımız Ulu Yaradanın əmanətidir. Həyatda ağıllı olmağa, üzləşdiyimiz hən hansı bir problemlə bağlı ən ağıllı və məntiqli yolu tutaraq addım atmağa mükəlləfik. İntihar əslində əqli baxımdan qüsurlu insanlar tərəfindən həyata keçdikdə qınanılmaz. Çünki onlar ağıl nemətindən məhrum sayılırlar. Lakin ağılı başında olan ilk öncə özünü çətinliyə salacaq yollara və işlərə imza atmaz, üzləşdiyi problemləri isə ağıl və məntiqlə həll etməyə çalışar…
Mehrbanu doktorun bu sözlərini yarı ciddi, yarı gülümsəyən üzlə dinləyir, tez-tez kipriklərini vurur, sevgi, şövq və həsrəti, həm də, ara-sıra biruzə verdiyi o qəribəliyi özündə ehtiva edən iri gözləri ilə diqqətlə ona baxırdı. O, tez-tez “aha!”, “anladım!” və s. bu kimi ifadələrlə Mehrdadın sözlərini təsdiq etməyə çalışırdı.
Mehrbanu daha sonra sözünə belə davam etdi: “Mən sizdən mənim üçün pul xərcləməyi, qızıl-zinət əşyaları və s. almağı və hətta, zaksa getməyi də, tələb etmirəm. Siz buna ehtiyac görmürsünüzsə və ya işinizlə bağlı bu sahədə nəsə problem varsa qalsın. Mən özümü qızıl-zinət əşyaları və kağız üzərindəki zaksla deyil, yalnız sizin həqiqi sevginizlə və mənə sahib çıxmanızla xoşbəxt hiss edə bilərəm! Yalnız bircə nişan üzüyümün olmasını istərdim. O da, imkanınız daxilində. Amma zaksa getsək, buna görə sevinərəm. Daha çox sizin soyadınıza keçməyi və soyadınızı dağımağı arzulayıram!”
Mehrdad bu sözləri dinlədikdə susdu. Çünki bu cavablar onun hansı vəziyyətdə olduğunun göstəricisi idi. İndi belə bir halda olan, eyni halda həyatın acılıq, çətinlik və sıxıntılarını müşahidə etməmiş təcrübəsiz bir xanıma bir-başa rədd cavabı verib onu özündən kənarlaşdırmanın nə qədər böyük təhlükələrə yol aça biləcəyini düşünürdü.

– Amma deyim ki, biz evlənməyə qərar versək hökmən zaksa getməliyik. Bu fərqlə ki, mən səni öz soyadıma keçməyə məcbur etməyəcəm. Öz istəyindir. Soyadı dəyişməklə bura qədər adına olan bütün dövlət və rəsmi sənədlərlə bağlı müəyyən problemlər yaranır. Mənə görə, xanımların ərə gedərkən öz soyadından imtina edib ərin soyadına keçməsi ilk mərhələdə onun öz ata-baba və soykökünə sayğısızlıq əlaməti sayılır. Axı bir qadın öz soykökünün soyadı mənsubiyyətindən çıxmaqla öz ərinə itaətkar və bağlı sayıla bilməz. Xanımın öz ərinə həqiqi mənada sevgi bəsləməsi, ona itaətkarlığı və hörmət bəsləməsi xoşbəxtlik üçün kafidir. Bunun üçün soyadından çıxmasına heç bir lüzum yoxdur. Məncə hər bir xanım bu məsələlərə önəm verməli və eyni halda öz soykökünə mənsubiyyətinin göstəricisi sayılan soyadını qoruyub saxlamalıdır. Ümumiyyətlə, ərə gedən xanımın öz soyadından çıxması qanunvericilik baxımından zəruri sayılmır. Hələ qanunvericilikdə bununla bağlı ikili soyadını daşımaq üçün də, bir yol var…
Mehrbanu bu cavabı sevinclə dinləsə də, ömründə ilk dəfə olaraq belə bir baxış və mövqe ilə üzləşdiyini etiraf etdi. Beləcə onların arasında müxtəlif görüşlər, telefon danışıqları və sosial şəbəkə üzərindən həyata keçən yazışmalarda fərqli mövzularla bağlı fikir mübadiləsi aparılır, eyni halda bir-birini daha yaxından tanımaq üçün uyğun şərait yaranırdı. Onlar dəfələrlə Qış parkında görüşərək parkı dəfələrlə fırlanır, keçidin bir tərəfindən girib digər tərəfindən çıxaraq bir-birindən maraqlı söhbətlər edir, gözəl və unudulmaz anlar yaşayırdılar… Bu arada Mehrdadın zarafatçıl bir insan olması da, Mehrbanu üçün çox sevimli və bəyəniləsi sayılır, eyni halda onun üçün unudulmaz anlar və xatirələr yaradırdı.
Mehrdad davamlı şəkildə onu öz fikirindən yayındırmaq üçün nə qədər çalışsa da, buna nail ola bilmədi. Hətta, bir dəfə gördüyü narahat yuxunu bir az şişirdərək ona söyləməklə bu evliliyin yaxşı olmayacağı ilə bağlı onu əndişələnməyə vadar etməyə çalışdı. Amma Mehrbanu öz sözü və mövqeindən zərrə qədər də, geri çəkilmir, yalnız sevgi, eşq, məhəbbət və evlənməyə israr edirdi.
Onun sevgiyə bu qədər israrla təkid göstərməsinə rəğmən ara-sıra yalnız uşaq səviyyəsinə xas olan davranışlar sərgiləməsi Mehrdadın əl-qolunu bağlayır, onun hələ də, həqiqi və təcrübəli sevən bir xanım olmadığı fikirini təsdiq edirdi. Bir dəfə ata-anasına açıq məktub yazaraq Mehrdadın yanına gəlmiş, onunla birlikdə yaşamağa hazır olduğunu söyləmişdi… Amma Mehrdad məsələnin belə davam etməsini özünə və ona uyğun görmədiyindən onu nəvaziş və mehribanlıqla evlərinə qaytarmışdı…
Mehrdad bir dəfə gecə saatlarında yuxuda özünün hər tərəfdən yanar odla əhatə olunduğu və oradan çıxış yolu tapmağa çalışdığını görmüşdü. Sağ əlindəki üzüyün qaşının isə sınması ilə yuxudan ayılmış və narahat olmuşdu. Yatağından ayağa qalxaraq əl-üzünə su vurmaq üçün sanitar qovşağa keçdikdə əlindəki üzük qəfildən çıxıb metlaxın üzərinə düşməklə qaşının sınması onu daha da, narahat etmişdi. O, həmin yuxu və olayı Mehrbanu ilə görüşdə söyləyib qaşı sınmış üzüyünü ona göstərdikdə, Mehrbanu təsirlənərək ağlamış, lakin yenə də, öz sevgi və ehtiras dolu mövqeindən geri çəkilməmişdi. O, yuxulara çox da inanmamağın lazım olduğundan danışır, sanki bu sahənin üzmanına nəsə öyrətmək istəyirdi!
Əslində Mehrbanu ürəyi təmiz və sevilməli bir xanım kimi görünürdü. Onun müsbət xüsusiyyətlərindən biri də, bütün işlərinin asan və rahatlıqla həll olunması idi. Onun hansısa bir məsələyə görə ağrı-acılıq çəkməsi də, çox tez və asanlıqla həll olub aradan qalxırdı. Bunun əsas səbəblərindən biri isə onun zatən iradəli və əzmkar bir xanım olmasından ibarət idi. Bir dəfə onlar birlikdə gəzintiyə çıxdıqda, Mehrbanu ehtiyatsızlıq üzündən yıxılıb bərk əzildi və həmin hadisə onların hər ikisinin bərk qorxuya düşməsi ilə nəticələndi. Mehrdad onu dərhal yaxınlıqda yerləşən özəl klinikaya aparıb həkimə göstərdi. Həkim xanım böyük nəzakət və iltifatla onu ətraflı şəkildə müayinə edib USM və Ultrasonoqrafiyadan keçirdi və lazım olan məsləhətlərini verərək bir neçə dərmandan istifadə etməsini göstəriş verdi. Mehrdad klinikadan çıxan kimi dərmanları alıb onu evə qədər ötürdü. Onları qorxudan bu hadisə isə cəmi 3 gün ərzində sağalıb bitdi. Bu da, onun işlərinin sadə və asan olmasının bir nümunəsi idi. Amma hər şeyə rəğmən bəzi ciddi problemlərə malik olduğundan bu işin həyata keçməsi yenə də, məsləhət sayılmırdı. Həmin ciddi problemlər onun həyatda üzləşdiyi uğursuz sevgi münasibətindən aldığı sarsıdıcı zərbəni dərhal başqa birisi ilə münasibət qurmaqla aradan qaldırmağa can atması, həyat təcrübəsizliyi, evin tək övladı olaraq böyüdüyü üçün ərköyünlüyü, tənqid qarşısında dözümsüzlük nümayiş etdirməsi və s. ibarət idi. Bundan əlavə ara-sıra təmizliklə bağlı tənbəllik, pul xərcləmək sahəsində bədxərclik və s. kimi məsələlər də, Mehrdadın diqqətindən yayınmırdı. O, bunları onun evin tək övladı olaraq ərköyün böyüdüyünə görə baş verdiyini anlayır, bu qəbil nöqsanların tədricən maarifləndirmə əsasında aradan qalxa biləcəyini düşünürdü.

Mehrdadın Mehrbanu ilə tanışlığından uzun müddət ötməsinə rəğmən bu evliliyin məsləhət olmadığını düşünüb bunun üçün bir sıra tutarlı fikirlərə malik olsa da, qəlbi və hislərinə hakim ola bilmirdi. O, artıq Mehrbanunu bəyənib sevməyə başlamışdı. Əslində Mehrbanunun bura qədər davamlı israrı, müxtəlif sınaqlardan uğurla çıxması və uzun bir müddət ərzində özünü ağıllı və məntiqli bir xanım kimi göstərməsi istər-istəməz Mehrdadı belə bir vəziyyətə məhkum etmişdi. O, artıq Mehrbanunu görmədikdə, səsini eşitmədikdə və ya ondan bir mesaj almadıqda ürəkdən darıxır və əzab çəkirdi. Bu, onun Mehbanuya bağlılığından, ona qarşı qəlbində yaranmış sevgidən xəbər verirdi. Onlar bütün bu müddət ərzində, xüsusilə də, hər dəfə görüşdükdə bir-birinə müəyyən hədiyyələr təqdim edir, Mehrdad onun üçün bəzi geyim, aksesuar və zinət-bəzək əşyaları alırdı. Hətta, ona nişan üzüyü olaraq qızıl üzük almış və Mehrbanu həmin üzüyü gizlətsə də, onunla görüşə gəldikdə barmağına taxırdı. Əlbəttə, həmin üzüyü aldıqdan sonra barmağının olduqca incə olduğuna görə qızıl təmiri ilə məşğul olan bir ustaya müraciət edib aldığı üzüyü onun barmağının ölçüsünə uyğunlaşdıra bilmişdi.
Görüşlərin birində Mehrdad Mehrbanudan boynuna bağladığı mavi rəngli zolaqlar olan yaylığını ona hədiyyə etməsini xahiş etdi. Mehrbanu da, dərhal boynundakı yaylığı açaraq ona uzatdı. Mehrdad onu alan kimi ilk öncə Mehrbanunun incə əllərini, daha sonra onun verdiyi yaylığı öpüb dodaqlarına yapışdırdı və onun ətrini içinə çəkdi. O, bunu özü üçün ən gözəl hədiyyə sayırdı. Çünki Mehrbanu olmayan yerdə onu üzünə yaxınlaşdırmaqla ondan Mehrbanunun özünəməxsus gözəl və təbii ətrini alırdı. Bir çox hallarda isə gecə yatarkən onu üzünə örtüb yuxuya gedirdi… Bunun qarşılığında isə özünəxas olan və Mehrbanu tərəfindən çox sevilən, eyni halda xaricdən sifarişlə gətirdiyi ətirini ona hədiyyə vermişdi. Mehrbanu da, darıxan zaman həmin ətirdən bir az nəbzinə vurur və onu qoxumaqla Mehrdadı öz yanında hiss edirdi…
Bütün bunlara rəğmən onlar hələ də, evlənə bilmirdilər. Çünki evlənmək üçün müəyyən şəraitin yaranması və onun hansı formada həyata keçməsi üçün qarşılıqlı razılaşma yaranmadığından məsələ uzanırdı.
Bir müddət keçdikdən sonra Mehrbanu ilk əvvəl söylədiyi sözləri tədricən geri götürərək, evlənmək üçün adət-ənənələrin hökmən həyata keçməsinə israr etməyə başladı. Bunu isə anası, bibiləri və xalalarının təkidi olaraq təqdim etməyə çalışırdı. Onun hökmən kimsə tərəfindən təlimatlandırıldığı aydın idi. Lakin o şəxsin kimliyi Mehrdad üçün məlum deyildi. Çünki Mehrbanu fərqli və bəzən ziddiyyətli fikirlərini gah anasının, gah, bibilərinin, gah, xalalarının, gah da, yaxın rəfiqələrinin fikiri və tələbi kimi təqdim edir, özünü məsuliyyətdən yayındırmağa çalışırdı. Lakin mövzunun nədən ibarət olmasına baxmayaraq bu davranış tərzi onun həyatda sabitfikirli bir xanım olmadığını göstərirdi. Bu isə gələcək müştərək həyat üçün olduqca təhlükəli bir amil sayılırdı…
Bu arada Mehrdad iş yerində üzləşdiyi müəyyən problemlərə görə iş yerini dəyişmək istəyirdi. Mehrbanu isə hər ay və hər fəsildə müəyyən şərtlərlə çıxış edərək gah nişan, toy və s. kimi adət-ənənələrin həyata keçməsini mənasız və lüzumsuz adlandırır, gah da, bunların qaçılmaz və zəruri olduğuna təkid edirdi. Əvvəllər göstərdiyi itaətkarlıq və diqqəti bəzən unudur və tamamilə fərqli davranışlar göstərərək ardıcıllıqla səhv və yanlışlığa yol verirdi. Mehrdadın açıqlamaları və narahatlığından sonra səhvini anlayaraq üzr istəyir və bir daha təkrar olmayacağına dair söz verirdi. Belə bir halda Mehrbanunun sərgilədyi çox eybəcər və xoşagəlməz bir hərəkəti onun həyatda qəlbini qırdı, ümidlərini puç etdi…
Mehrbanu 1 həftədən çox görüşə can atmır, zəng etmir və nəsə yazmırdı. Mehrdad ilk əvvəl bunu adi qarşılamağa çalışsa da, sonra yavaş-yavaş narahat olmağa başladı. Onun telefonuna zəng etdikdə, nömrələrindən birinin bağlandığı, digər nömrəyə isə cavab vermədiyini gördü. Sosial şəbəkədəki hesabına yazdığı mesajları isə neçə gün ərzində oxumamışdı. Nəhayət, gecə saatlarında ardıcıl zənglərdən sonra telefonu açıb, soyuq və etinasız halda cavab verdi. Mehrdad ondan nə baş verdiyi soruşduqda isə söylədiyi cavab ona bəzi həqiqətləri xatırlatmaqla yanaşı onu bərk əsəbləşdirərək məyus etdi:

– Xahiş edirəm daha mənə zəng etməyəsən, nəsə yazmayasan. Mən artıq özümə yeni həyat qurmaq fikirindəyəm. Bizimki alınmır. Alınsaydı, bu 2-3 il ərzində alınardı. Demək ki, məsləhət deyilmiş. Daha məni narahat etməyin lütfən!

– Mehrbanu! Sən nə danışırsan? Nə yeni həyat? Nə məsləhət?

– Eşitdiyin kimidir. Mən öz qərarımı vermişəm. Hətta, görüşdüyüm birisi də, var. İstəsən fotoşəkilini yollaya bilərəm! Biz 2 gün öncə İçəri şəhərdə görüşüb söhbət etmişik! Sən isə artıq mənim üçün 1 qəpik qədər də, dəyərli deyilsən! Daha səni sevmirəm. Hər şey bitdi! Məni bir daha narahat etmə!
O, Mehrdadla danışdığı mobil nömrələrindən birini sındırmış, “yeni həyat”ı üçün özünə yeni bir nömrə də, almışdı! Bu da, onun Mehrdada səhvən həmin nömrə ilə zəng edərkən üzə çıxdı. Mehrbanunun bu cavabı əslində onun təcrübəsiz birisi olmaqla yanaşı həm də, həyata, sevgi və məhəbbətə olan yanlış baxışının bir təzahürü idi.
Mehrdad onun belə bir davranışını onunla ilk görüşlərdə hiss etdiyi üçün indi dərindən sarsılmadı. Çünki o, başqa birisi ilə uğursuz sevgi münasibətindən ayrılaraq onun həyatına gəlmiş və kor-koranə tərzdə dərhal onunla ailə həyatı qurmağa israr edirdi. Elə o zaman onun nə vaxtlarsa belə bir işə imza atacağını da, təxmin etmək mümkün idi. Əslində onun ceyran baxışlı gözlərindəki ara-sıra özünü biruzə verən qəribəlik hissi də, daha çox həmin xüsusiyyətindən irəli gəlirdi. Amma bu neçə il ərzində aralarında olan yaxın və səmimi münasibət nəticəsində yaranmış sevgi Mehrdadı ondan vaz keçməyə qoymurdu. Buna görə onunla çox acıqlı danışıb görüşə və söhbətə gəlməsini tələb etdi.
Mehrdadın sonradan əldə etdiyi məlumata görə, elə həmin vaxtlar o, yenicə tanış olduğu şəxslə aralarında uyğunsuzluğu görüb onunla məsələni bitirmiş və kor-peşman halda düşünərək qalmışdı. Əslində həmin şəxs başqası ilə adi bir məsələ üzərində dalaşdığına görə işi polis və məhkəməyə düşmüş və beləliklə də, Mehrbanu onunla evliliyin alınmayacağına əmin olmuşdu.
İki gündən sonra yarı peşman və yarı acıqlı və qorxan halda təyin edilmiş yerə (dəfələrlə görüşdükləri Qış Parkına) gəldi. Mehrdad əsəbindən onu vurmaq istəsə də, bundan vaz keçdi. Çünki onun ceyran kimi iri, eyni halda kədər və qorxu ilə dolu olan gözlərini görüncə əsəbi soyudu. Birlikdə Qış parkında gəzərək ona olanları sakit və səmimi şəkildə danışmağı, onun yol verdiyi işin sadə bir səhv deyil, əslində xəyanət olduğunu ona anlatmağa çalışdı. Mehrdad ara-sıra əsəbləşir, amma yenə də, öz əsəbinə hakim olmağı bacarırdı. Mehrbanu isə bir neçə dəfə göz yaşlarına mane ola bilməyib ağlayır və dönə-dönə üzr istəyərək böyük səhv etdiyini etiraf edirdi. Daha sonra parkdakı kafelərin birində əyləşib onunla söhbəti davam etdirdi. Mehrdad onun özünə qurmaq istədiyi “yeni həyat” üçün son günlər ərzində alıb istifadə etdiyi sim kartı ondan alıb gözlərinin özündə sındırdı və sim nömrəyə ödədiyi pulun əvəzini ona təqdim etdi. Daha sonra ciddi və soyuqqanlı, eyni halda yarı əsəbli halda söylədi:

– Sən necə bir sevən xanımsan ki, bu tərzdə özbaşınalıq edir, sevgi kimi həssas və müqəddəs məsələyə Vasmoy bazarından nəsə almaq kimi yanaşırsan? Əgər evlilik məsələsi bura qədər alınmamışdısa, bunun əsas səbəbi sən özün idin. Əlbəttə, mənim də, bir sıra üzləşdiyim ciddi maneələr var. Lakin bunlar həll olası məsələlərdir.
Sənsə özün iddia etdiyin sevgidə qərarlı deyildin. Həyatda üzləşdiyin stresi atmaq üçün başqasının həyatına girib öz asayişini nəyin bahasına olursa-olsun təmin etməyə qalxdın. Gah öz adından, gah valideynin, gah bibilərin, gah xalaların, gah da yaxın rəfiqələrinin sözlərindən təsirlənərək fərqli-fərqli mövqelər araya qoydun! İndi isə heç nə olmamış kimi davranır, belə sayğısızlıqla aradan çıxıb gedirsən! Sənin bura qədər israrla söylədiyin o həqiqi sevgi bu idimi? Amma unutma ki, sənin mənim həyatımda varkən başqası ilə görüşməyinin tək bir adı var. O da, xəyanətdir. Mənə görüşdüyün şəxsin fotoşəkilini utanmadan göndərməklə hansı səviyyədə olduğunu sübut etdin. Bu, sənin üzqaran və səviyyənin göstəricisi idi. Şükür et ki, mən sıradan biri deyiləm. Çünki belə olsaydı, sənin bu xəyanətin sənə də, ona da, çox ağır başa gələrdi…
Mehrdad dayanmadan kəskin sözləri və tutarlı ifadələri ilə onun layiq olduğu sözləri deyir, o isə gah ağlayır, gah da susaraq sakitcə aşağıya baxırdı. Amma bundan artıq danışmaq, ona yüklənmək də, düzgün deyildi. Hər halda o, etdiyindən peşman olmuş və səhvini etiraf edərək dönə-dönə üzr diləyirdi. Hər şeyə rəğmən onun gördüyü adi bir səhv deyil, əslində xəyanət idi. Mehrdad son zamanlar öz ilkin fikirindən yayındığı və ona sevgi ilə yanaşdığı üçün qəlbində onun üçün xüsusi yer ayırmışdı. Buna görə də, qəlbinə hakim olan hislər ağlı və məntiqli mövqeinə üstün gəlib onu Mehrbanunun belə bir utanmaz hərəkətinə və əslində xəyanətinə qarşı yumuşaq mövqe sərgiləməyə, olanları görməzdən gəlməyə sövq etdirdi. Bu isə Mehrdadın ilk uğursuz həyatı qədər və bəlkə də, ondan daha böyük bir yanlışlığı sayılırdı. Lakin o, bu yanlışlığın acısını bir müddət sonra anlayacaqdı…

Hər halda Mehrdad həyatda yanlışlığa yol verərək Mehrbanunu bağışladı və onların arasında əvvəlki kimi yaxın və səmimi münasibət quruldu. Əslində onu dildə bağışlasa da, qəlbən gördüyü xəyanəti həzm edə bilmir, sadəcə öz aləmində ona yeni bir şans verdiyinə və növbəti davranışı və mövqeinin necə olacağını sınamağa qərar verdiyinə inanırdı. Amma vicdan hissi ara-sıra onu içindən sızladır, bir dəfə çox asanlıqla belə bir böyük xəyanətə imza atanın yenə də, ona qarşı xəyanət edəcəyini düşünərək əzab hissi keçirirdi.
Onlar yenə də, görüşüb müxtəlif mövzular barədə söhbət edir, əyləncə, gəzinti və s. ilə vaxt keçirib beləcə həyat səhifələrini ötürürdülər. Amma Mehrbanu da, artıq əvvəlki Mehrbanu deyildi. Ya bilə-bilə, ya da, özündən asılı olmadan ardıcıllıqla xoşagəlməz xüsusiyyətləri və qəbahətlərini nümayiş etdirir, özünü gözdən salırdı. Onun bir dəfə üzündəki irinli sızanaqları həkimin yanında təmizlətdirdikdən sonra üzü və yaxası qanlı, natəmiz halda bir-başa Mehrdadla görüşə gəlişi Mehrdadı çox narahat etmişdi. Çünki o, Mehrdadın təmizliyə nə qədər diqqət yetirdiyini öz adı kimi yaxşı bilirdi. Digər bir hadisə isə onun yaxınlarından birinin toyuna adi bir xanım qonağa uyğun olmayan tərzdə geyinmiş və həddindən artıq parfumdan istifadə edərək toy məclisinə getməsi, orada çəkilmiş fotolarını isə sosial şəbəkə hesabında paylaşması idi. Onun görünüşü elə bir vəziyyətdə idi ki, toya gələnlərdən bəzisi əsil gəlinin deyil, ona yaxınlaşıb təbrik etmişdilər! Onun bütün bu kimi məsələləri unudaraq belə yanlışlıqları ardıcıllıqla təkrar etməsi qəbahətli sayılsa da, bunu bilə-bilə etməsi daha qəbahətli idi. Kökəlməyə meyilli olduğundan bir neçə dəfə yemək rejiminə fikir vermədiyi üçün çəki artıraraq özünə yaraşmayan formaya düşmüş və heç nə olmamış kimi davranmışdı. Onun ərköyün və küsəyən xasiyyəti də, digər tərəfdən Mehrdadı narahat edirdi.
Əvvəllər yanlışlıqlarını ədəb və səmimiyyət çərçivəsində ona söyləyən Mehrdadı dinləyərək ona dönə-dönə minnətdar olan və onu bu baxımdan özünün müəllimi adlandıran Mehrbanu artıq səhvlərini eşitməyə dözümsüzlük göstərirdi. Bir neçə dəfə Mehrdadın ona söylədiyi səhvlərinə görə küsüb-getmiş və bir neçə gün bütün əlaqələri kəsmişdi. Ümumiyyətlə o, dəfələrlə Mehrdada ondan bir çox həyat təcrübələrini öyrəndiyini etiraf etsə də, son davranışları çox qəribə görünürdü.
Mehrdad sonrakı görüşlərdə onun yanlış və qəbahətli hərəkətlərini ən uyğun yollarla ona çatdırır, səmimiyyət və etika çərçivəsində bu yanlışlıqların aradan qaldırılması üçün ona dəstək olmağa çalışırdı. Amma özbaşınalıq göstərib o xəyanətə yol verməsi onun bura qədər ən böyük eybi və ən xoşagəlməz qəbahəti idi. O, Mehrbanunun zatən güvəncsiz və etinasız xasiyyətinə görə sarsılır, onun hər şeyə çox asanlıqla göz yumub görməzdən gəlməsini sevgi və xoşbəxtlik üçün çox böyük təhlükə sayır və bütün bunlara görə müxtəlif yollarla onu maarifləndirməyə çalışırdı.
Görüşlərin birində həmin məqsədlə onun üçün söylədiyi bir əhvalat Mehrbanunu çox təsirləndirmişdi. Əhvalat belə idi: “Qədim zamanlarda üç yaxın dost əlbir olub padşahın xəzinəsindən oğurluq etmək üçün saray xəzinəsinin yerləşdiyi otağın altına qədər yeraltı tunel qazmağa qərar verirlər. Aylarla uzanan bu qazıntı işi çox böyük məşəqqət və təhlükələrə rəğmən nəhayət sona çatır və onlar xəzinənin yerləşdiyi otağa çatırlar. Gecə saatlarında saray xəzinəsinin yerləşdiyi otağa daxil olduqda orada içərisi qızıl, gümüş, qiymətli daş-qaş və zinət əşyaları ilə dolu olan çoxlu sayda saxsı qablar, bundan əlavə bir çox qiymətli şeylər görürlər. Bu işə başçılıq edən şəxs yaxınlıqda onun gözlərini qamaşdıran bir yaqut daşını əlinə alıb dilini onun üzərinə çəkir və daşın üzərindəki duz dadını hiss edir. Yaqut daşını yerinə qoyub dostlarına dərhal oranı tərk etməyə göstəriş verir və beləliklə də, xəzinədən heç bir şey götürmədən oranı tərk edib qazdıqları tuneli bağlayırlar.
Ertəsi gün padşaha xəbər veririr ki, xəzinəyə gizli yeraltı qazıntı ilə yol tapıb daxil olanlar olmuş, lakin xəzinədən heç bir şey götürmədən oranı tərk etmişlər. Bu olay padşahı çox düşündürüb təəccübləndirir. Həmin şəxs və ya şəxslərin kimliyi və günahından asılı olmayaraq özü tərəfindən bağışlandığını rəsmən elan edərək onları sarayına dəvət edir. Padşahın həmin qərarı carçılar tərəfindən küçə və bazarlarda əhaliyə çatdırılır. Üç dost bağışlandıqlarını görüb padşahın sarayına getməyə qərar verirlər. Görüş zamanı padşah onlardan belə bir çətin və məşəqqətli işdən sonra xəzinədən heç nə götürmədən çıxıb getdiklərinin səbəbini soruşur. Üç dostun başçısı deyir: “Padşah sağ olsun! Biz oğurluq kimi pis bir işə qalxsaq da, uşaqlıqdan valideyn və müəllimlərimizdən duz-çörəyə hörmətin vacibliyini öyrənmişik. Süfrədə əyləşib duz yemək və daha sonra duzqabını sındırmağın günah və böyük bir qəbahətli iş olduğunu bilirdik. Xəzinəyə daxil olarkən orada mənim diqqətimi özünə cəlb edən bir yaqut daşını əlimə alıb mal ehtirası üzündən onun üzərinə dilimi çəkdim və duzlu bir dadı hiss etdim. Bu zaman anladım ki, biz artıq padşah həzrətlərinin duzunu dadmış insanlarıq və buna görə ona xəyanət edə bilmərik. Məhz buna görə heç bir şeyə toxunmadan gəldiyimiz yolla geri qayıtdıq…”
Padşah da, onların sədaqət və doğru-dürüstlüyünü dəyərləndirərək hər birinə ən böyük mükafatlar təqdim edib, saray xəzinəsinin işlərini həmin üç dosta həvalə edir…”
Mehrdad bu nağılı Mehrbanuya danışmaqla onu yuxuya vermək və başını qatmaq deyil, əslində dolayısı yolla onun duzunu daddığı birinə qarşı xəyanətə qalxmamağa sövq edirdi. Hər halda onlar bu müddətə qədər dəfələrlə birlikdə səhər, günorta və şam yeməyini birlikdə yemiş, Mehrdadın xüsusi və əziz qonağı olmuşdu…
Bir müddət sonra Mehrdadın xəstəlikdən əziyyət çəkən atası dünyasını dəyişdi. O, buna görə bir müddət Bakıdan və işindən uzaqlaşmalı olsa da, yenidən öz iş yerinə qayıdıb əvvəlki işini davam etdirdi. Ardınca isə bütün dünyanı öz cənginə almış “COVİD-19” xəstəliyi və pandemiya dövrü başladı. Bütün dünyada olduğu kimi Azərbaycanda da, hökumət tərəfindən əhalinin qorunması məqsədi ilə qapanma siyasəti tətbiq edilir, müxtəlif vaxtlarda yalnız “SMS İcazə” ilə, özü də, iki saatlıq evdən bayıra çıxmağa icazə verilirdi. Paytaxtdan bölgələrə, bölgələrdən isə paytaxta gediş-gəlişə xüsusi nəzarət tətbiq edilir, bir çox ümumi iaşə obyektləri, parkalr, əyləncə mərkəzləri və s. tətil edilmişdi. Həmin dövrdə doktor Mehrdadın çalışdığı klinika da, üzləşdiyi bir sıra maliyyə problemlərinə görə rəsmən bağlandı və beləliklə də, o bir müddət işsiz qaldı. Əlbəttə, onun klinika rəhbərliyi ilə ilk əvvəldən müəyyən fikir ayrılığı olduğundan bu hadisə onun üçün göydəndüşmə bir fürsət sayılırdı. Amma Mehrbanu bütün bu olanları görməzdən gələrək tələbkarlıqla danışır, Mehrdadın onun sevgisi qarşısında etinasızlıq göstərməsi, məsələni əsassız yerə uzatması və s. bu kimi sözlər danışıraraq özündən mənfi obraz formalaşdırırdı.
Amma günəş həmişə qara buludlar altında qalmadığı kimi bütün yer kürəsi və bəşəriyyətin həyatına hakim kəsilmiş pandemiya dövrünün çətin və sıxıcı günləri də, aradan getmək üzrə idi. Belə ki, pandemiya və karantin rejimi tədricən aradan qalxır, həyatın qızmar və parlaq günəşi qara buludlar arxasından boylanaraq hər tərəfi işıqlandırırdı. Artıq Mehrdad da, ayrı bir klinikada işlə təmin olunmuşdu. Amma Mehrbanunun davranışı heç də, ürəkaçan deyildi. Gah bütün telefonları və sosial şəbəkədəki hesablarını bağlayır, gah da, soyuq davranışları ilə Mehrdadı narahat edirdi. O, əvvəlki kimi tez-tez görüşə gələ bilmədiyi, tez-tez yazmağa və danışmağa vaxt tapa bilmədiyini son bir neçə ay ərzində yenicə açdığı qadın gözəllik salonunda həddindən artıq məşğul olması ilə əlaqələndirirdi. Onun bu sözü məşğulluq baxımından bir həqiqət ola bilərdi. Lakin bu qəbil davranışlar bəzən də, həyatda peyda olan ayrı namizədin ucbatından, qarşı tərəfin hərdəmxəyallığı və xəyanətə meyilli olmasından irəli gəlir… Hər halda həqiqi sevgi bu qəbil məşğuliyyətlərlə qarşısı alına biləcək bir qüvvə deyil. Mehrdad bununla bağlı daha dərindən araşdırma apardıqda, Mehrbanunun yeni iş yerindən aylıq böyük gəlir əldə etdiyi, daha çox yüksək gəliri və qazandığı pula görə özünü itirdiyini təsbit etmişdi. Amma o, ali təhsil alarkən hər ay atasından xərclik aldığı illərdə heç də, belə davranmır və özündənrazı tərzdə görünmürdü. Ümumiyyətlə, pul bir çox insanları, xüsusilə də, həqiqi sevginin mahiyyətini anlamayanları çox asanlıqla bir yandan digər yana, bir yoldan digər yola və bir mövqedən digər mövqeə sürükləyə bilir.
O, bütün gözəl və mənfi xüsusiyyətləri ilə birlikdə daş üzərinə yazılmış yazı kimi artıq Mehrdadın qəlbinə həkk olunmuşdu. Mehrdad həyatda aciz və qorxaq kişi deyildi. Bütün zəhmi, tələbkarlığı və qorxmazlığı ilə yanaşı həm də, mərhəmətli və mehriban insan idi. Onu isti ilə soyuğun, qəzəblə sevginin və etinasızlıqla bağlılığın birlikdə daşıyıcısı adlandırmaq da, əbəs olmazdı. Bəlkə də, Mehrbanu onun özünə qarşı sevgi, məhəbbət və bağlılığını yaxşıca anladığı üçün özünü istədiyi kimi davranmağa icazəli sayır, ən azından yol verdiyi yanlışlıqlarda özünü rahat hiss edirdi. Mehrdad isə ona daha çox şans vermək, özünü doğruldacağına dair inanmaq istəyirdi. Nəhayət, keçmişdə baş vermiş bütün olayları bir kənara qoyaraq Mehrbanu gilə elçi gəlmək və evlənib birlikdə xoşbəxt olmağa qərar verdilər. Əlbəttə, Mehrdad bundan öncə daha bir neçə dəfə elçi gəlməyə qərar vermiş, lakin hər dəfə Mehrbanunun əcayib və xoşagəlməz davranışı, bəzən də, ailəsinin fərqli-fərqli tələbkarlıqları buna mane olmuşdu…
Merhdad Mehrbanu ilə payızın qızıl və xəzanlı bir günündə Dənizkənarı parkda görüşüb evlənməklə bağlı qərar verdiyini, bir-birinə əbədi qovuşmaq və birgə yaşayıb xoşbəxt olmaq ümidi ilə onlara elçi gəlmək istədiyini söylədikdə, o belə bir qərardan çox sevindi. Hər şey öncədən danışılıb dəqiqləşdirildi. Mehrdad mart ayının ilk günlərində Mehrbanu gilə elçi getməli idi. O, həm də, elçi gedərkən ona və valideynlərinə xüsusi hədiyəllər alıb təqdim etmək istəyirdi. Buna görə, yenicə aldığı avtomobilinə əyləşib Şərq Bazarına doğru hərəkət etdi. Orada 1-2 saat ərzində gəzdikdən sonra ən gözəl və qiymətli hədiyyələr alaraq xüsusi hədiyyə paketləri hazırlatdırdı. Onun Mehrbanu üçün aldığı hədiyyə ən çox sevəcəyi böyük məharətlə işlənmiş qızıl sırğa, boyunbağı, qolbağı və üzük dəsti idi.
Axşam saatlarında Bakıya yağan çiskin yağışa görə yollar sürüşkən idi. Bu zaman sağ tərəfdəki avtomobillərdən biri idarəni itirərək qəfildən onun hərəkət etdiyi zolağa daxil oldu yüksək sürətlə avtomobilə çırpıldı…
Bu avtoqəza nəticəsində Mehrdadın avtomobilinə ciddi xəsarət dəysə də, özünə bir şey olmadı. Əslində qəza zamanı özünə heç nə olmadığını təsəvvür edirdi. Lakin bir neçə saatdan sonra boyun nahiyyəsində güclü ağrıların başladığını görüncə həkimə getməyə və müayinə olunmağa qərar verdi. Sabahsı günü həkimə gedib müayinə olundu. Heç bir ciddi problem yox idi. Sadəcə avtomobilin qəfildən çırpılması nəticəsində boyun nahiyəsinə zərbə dəymiş və ağrılar yaranmışdı. Həkim ona müalicə üçün dərmanlar yazıb 10-15 gün müddətində istirahət etməli olduğunu tapşırdı.
Bundan sonra o, özünü çıxılmaz vəziyyətdə hiss etməyə başladı. Çünki sabah sevdiyi xanımın elçiliyinə getməli idi. Hər şey öncədən danışılmış, onun ailəsi də, hazırlıq işləri görmüşdülər. Amma bu vəziyyətlə elçi getmək də, mümkün deyildi. Odur ki, telefonunu əlinə alıb Mehrbanunu yığdı…

– Salam əzizim, necəsən?

– Salam əzizim, çox sağ ol! Sən necəsən? Hardasan? Nə işlə məşğulsan?
– Evdəyəm, amma sənə bir pis xəbərim var. Anlayış göstərməni istəyirəm.
– Nə olub, nə baş verib?
– Mən dünən axşam saatlarında avtoqəza keçirmişəm. Özüm yaxşıyam…
– Nə danışırsan? Nə vaxt? Niyə?
– Narahat olma əzizim, dedim ki, özüm yaxşıyam, amma avtomobilə ciddi ziyan dəyib. Sığorta olduğundan hər şey həll olacaq. Sadəcə boynuma zərbə düşdüyündən çox ciddi ağrılar var. Az öncə həkimə getdim. Müayinədən keçdim. Bəzi dərmanlar yazdı. Amma tövsiyə etdi ki, 10-15 gün istirahət edim… Ona görə, bu elçilik məsələsini ertələməliyik. Çünki bu vəziyyətdə elçi gəlməyim alınmayacaq.
Mehrbanu təsəlli vermək və şəfa diləməyi unudub etiraz və acıqla belə dedi: “Sən nə danışırsan? Sən məni ailəmin yanında heç etdin! Mən əvvəldən bilirdim ki, bizim işimiz alınası deyil. Gəl elə burada hər şeyi bitirək. Daha heç vaxt münasibətdə olmayaq. Qurtardı, getdi. Bizimki bura qədər imiş! Mən səni halal edirəm. Sən də, məni halal et, bu iş bitsin!”
O, sağollaşmadan son sözünü deyib telefonu söndürdü. Mehrdad onun bu sözlərini dinləyincə neçə illik münasibətini film lenti kimi gözlərinin önündən keçirirdi. Onu yenidən yığıb açıqlama verməyə, baş vermiş olayı ona ətraflı izah etməyə çalışdı.

– Mehrbanu, əzizim axı sən uşaq deyilsən! Bu hadisə hər kəsin başına gələ bilər. Sən həqiqi sevənsənsə, səbirli olmalı, anlayış göstərməlisən. Ən azından mənə bir cümlə ilə “keçmiş olsun!” sözünü deməyi belə unutdun. Yəni, mənim sənin yanında olan dəyərim bu qədər imiş?

– Mənim deməyə heç bir sözüm yoxdur. Nə lazım idisə söylədim. Xahiş edirəm daha mənə zəng etmə! Mən səni sevdiyimə peşmanam. Səhv etmişəm. Artıq mənim üçün hər şey bitib. Mən daha səni və xoşbəxtliyimizi düşünmürəm. Məndən əl çək!
Bundan sonra 1 aya kimi heç bir zəngə cavab vermədi. Yazılan mesaj və sms-ləri də, cavabsız qoydu. Ayrı nömrələrlə zəng etdikdə isə zəng edənin Mehrdad olduğunu bilən kimi dərhal telefonu söndürürdü. Beləcə təxminən 1 ay sonra bütün nömrələr və sosial şəbəkələr üzərindən Mehrdadı bloklayıb, öz balaca və vəfasız aləmində öz vicdanını rahatlamağa çalışdı!
Mehrdad yeni nömrə alıb ona mesaj atdı. Mesajda özünü təqdim edib onunla görüşmək və səmimi şəkildə söhbət etməyi təklif etdi. Lakin Mehrbanu mesajı oxuduqdan sonra ağır ifadələrlə onu təhqir edib özündən uzaqlaşdırmağa çalışdı. Bir neçə dəqiqədən sonra həmin nömrəni də, blokladı.
Onun təhqiramiz davranışı və xüsusilə də: “Məndən əl çək və hansı cəhənnəmə gedirsənsə get!” – cümləsi Mehrdadın qəlbini sözün həqiqi mənasında qırdı. Axı illər boyu özünü həqiqi sevən və vurğun kimi göstərib bütün yanlışlıqlarını ədəb və səmimiyyətlə ona söyləyən birisini əzizim, canım, aşkım və müəllimim adlandıran bir xanım necə birdən-birə belə dəyişə bilərdi ki?
Bir müddət sonra Mehrbanu gözəllik salonu üçün yeni yaratdığı bir sosial şəbəkə hesabında özünün elçilik və nişan mərasiminə aid bir neçə fotoşəkil paylaşaraq hər şeyin rəsmən bitdiyini təsdiqlədi.
Mehrdad bütün bunları görüncə ömrünün ən çətin və acı anları, saatları və günlərini yaşamağa başladı. O, bir günlər sevgi və ehtirasla Mehrbanunun ətrini aldığı o yaylığı əlinə alaraq ona diqqətlə baxır və onunla gözlərindən axan yaşları silirdi. Onların yaxın münasibətdə olduqları zaman çəkdirdikləri fotoşəkillərə, xüsusilə də, Qış parkında çəkdirdikləri və ən uğurlu alınmış fotoya bir-bir baxaraq keçən şirin xatirələri yada salır və kişi olsa da, ürəyini verdiyi və ürəyi saydığı Mehrbanunu düşünərək ağlayırdı. Artıq o, həyatdan incimiş, hər kəsdən və hər şeydən bezmişdi. Əlbəttə, yalnız sevərkən sevilməyən, eyni halda sevginin mahiyyətini dərk edən insanlar bu dərdin nə olduğunu yaxşı anlayırlar. Lakin sevgidən və insani hislərdən məhrum olanlar adətən belə hala düşənlərə məsxərə gözü ilə baxır və gülürlər…
O, avtomobilinə minib şəhərdən xaric oldu və axşam saatlarında Xəzər dənizinin sahilinə gəlib dayandı. Avtomobilindən enərək yaxınlıqdakı qaya parçasının üzərində əyləşdi və batmaqda olan günəşə acılıqla tamaşa etdi. Ətrafda heç kim yox idi. Buna görə avtomobilinə keçib ən kədərli musiqilərdən birini bütün səsi ilə açıb yenidən qaya parçasının üzərində əyləşdi. Mehrdad bütün kədəri və nakamlığı ilə böyük Xəzərin sahilində tək-tənha əyləşmişdi. Hava soyuq və bir az küləkli idi. Sanki təbiət də, bu soyuq hava kimi bütün sevgi və mehr-məhəbbətdən məhrum görünürdü. Hava bir az küləkli olduğundan dənizdə ara-sıra dalğalar yaranırdı. Amma dalğanın səsləri də, cansız və təravətsiz idi. Mehrdad illər boyu özünü aşiq, vurğun və sevən kimi göstərən bir xanımın nədən və necə dəyişərək amansız, ruhsuz və mənasız bir adama şevrilməsi barədə, Mehrbanunun ötən günlərdə ona sərgilədiyi eşq və sevgisini, aralarında yaranmış bağlılıq və sevgini düşünərək bundan sonra onun həyatında olmayacağını qəbul etməyə çalışırdı. Amma duyğulanaraq qəhərləndi və ağlamağa başladı və bəlkə də, ömründə xatırlamadığı bir tərzdə ürəkdən ağlayıb göz yaşı tökdü. Ətrafa baxdıqda yaxınlıqda yerə atılmış yanmış ağac parçalarını gördü. Çox güman ki, kimsə isinişmək üçün orada tonqal qalamışdı. Ondan bir kömür parçası götürüb əyləşdiyi yerə qayıtdı və qaya parçasının üzərinə göz yaşları ilə şairlərdən birinin şerinə aid olan bu sözləri yazdı:

Səndəki sevgi yox, həvəsmiş həvəs!
Sinəmə yük oldun, qəlbimə qəfəs!

Əlində olan yeni bir nömrə ilə Mehrbanuya belə bir mesaj atdı: “Bu gün səhifəndə sənin üçün üz qarası, xəyanətin üçün sübut olan o fotoları gördüm… İndi isə mənim sənə deyəcəyim ürək sözlərim var. Amma bu sözləri yenidən mənə qayıtmağın üçün deyil, sadəcə sənə olan son sözlərim kimi dinlə! Mənim sənə son sözlərimi demək haqqımı isə nə sən, nə də başqa birisi məndən ala bilməz. Hətta, sən indi mənim telefonumu açıb məni dinləməyə hazır olmasan belə, mən səni yaşadığın binanın qarşısında, parkda, metroda, marketdə və ya hər hansı digər yerdə tutub bu sözlərimi son kəlməsi və nöqtəsinə qədər sənə deyəcəm… Mən sənə sonuncu dəfə son sözlərimi demək istəyirəm. Sən də, sonadək məni dinləməyə məcbursan!”
Mehrbanu göndərilən mesajı dərhal gördü və oxudu. Bu, zaman bir az qorxuya düşsə də, Mehrdada zəng etmək istədi. Amma utandığından bunu edə bilməyib gözləmə mövqeində qaldı.
Mehrdad yolladığı mesajın oxunduğunu görüncə göz yaşlarını silərək ona sonuncu sözlərini demək üçün zəng etdi. Onun gözləri yaşla dolduğundan heç telefonun ekranını belə aydın şəkildə görə bilmirdi. 2 dəfə çağırdıqdan sonra telefonu açdı və heç nə demədi. Sanki öz səssizliyi və sükutu ilə Mehrdadın sözlərini dinləməyə hazır olduğunu bildirmək istəyirdi. Mehrdad isə ciddi, kədərli və narahat səslə dedi:
“Sən ilk dəfə özün mənim həyatıma gəldin. Mən əvvəllər sənin sevginə inanmadım, səni həyatda bir təcrübəsiz və həvəskar aşiq saydım, müxtəlif yollar və bəhanələrlə səni özümdən uzaqlaşdırmağa çalışdım. Amma sən əl çəkmədin və qəlbimin daha dərinliklərinə işlədin. Mən də, sənin bu qədər israrını görüb həqiqətən bir sevən və bir aşiq olduğunu düşündüm, sonda hislərim və qəlbimə təslim oldum və səni sevməyə başladım. Birlikdə həyatımızın ən şirin və yaddaqalan, bəzən də acı və kədərli günlərini yaşadıq. Bütün olanları birlikdə yaşadıq. Əgər bu yolda ağrı və acı çəkdiksə, hər ikimiz birlikdə çəkdik. Amma əsas ağrı və əzabları mən çəkdim. Buna görə səni qınamıram. Çünki kişi əsas ağır olanı çəkməli və daha ağır olana yüklənməlidir. Biz rəsmən evlənməsək də, əslində ər-arvad kimi idik. Sən özünü mənim yanımda güvəndə və məsud sanır, məni öz həyatının tək mənası adlandırırdın! Sən ya ilk əvvəldən mənim həyatıma gəlməməli və özünü mənə tanıtdırmamalı, ya da o qədər enişli-yoxuşlu yollar və sınaqlardan keçdikdən və bir-birimizə bu qədər yaxın olub bağlandıqdan sonra öz iradə və mətanətini qoruyaraq heç vaxt məndən ayrılmamalı idin. Ayrıldınsa, demək ki, bura qədər göstərdiklərin və dediklərin həqiqi deyil, sadəcə həvəskar sevgi və boş sözlərdən ibarət idi. Sən bu hərəkətinlə mənə göstərdiklərinin sevgidən çox-çox uzaq olan adi və uşaq xəyalları, yetkinlik dövründən qalmış ötəri ehtiras olduğunu sübut etdin. Buna görə, sən heç bir zaman bu həyatda xoşbəxt və məsud ola bilməyəcəksən. Çünki səndə olan saxta və ötəridir. Sən mənimlə o qədər yaxın sevgi münasibətindən sonra heç kimlə xoşbəxt ola bilməyəcək, daim daxilində əzab, müqayisə və ikifikirli savaşına məruz qalacaqsan. Bu da, səni yoracaq və həyatdan bezdirəcək.
Yəqin edirəm ki, yeni bir maskaya bürünərək sadə bir yazığı tora salmış və özünü ona “indiyədək əli heç bir oğlanın əlinə dəyməmiş birisi” kimi təqdim etmisən. Amma özün də, yaxşı birlirsən ki, sən o sən deyilsən! Bunu sənin bütün varlığın və bütün vücudun çox gözəl bilir və çox yaxşı da, anlayır. Yalan, saxtakarlıq və xəyanətin bundan başqa adı və forması ola bilərmi? Yadındamı mən sənə bir vaxtlar mənə eşq elan etmiş 45 yaşlı bir xanımdan danışmışdım. O da, and içirdi ki, bu yaşına qədər əli heç bir özgə əlinə toxunmayıb, həyatında da, heç kim olmayıb! Sən bu sözümə görə onda qəh-qəhə çəkib ürəkdən gülmüşdün. Mən də, səni o zaman beləcə güldürdüyüm üçün xüsusi həzz almışdım. Amma indi sən həmin nalayiq hərəkətinlə məni ağlatdın!
Sən buna görə sanki saatlı bomba daşıyıcısına bənzəyirsən. O, sənin əlində və həyatında olarkən bir gün qəfildən işə düşəcək və qurduğun hər bir şeyi bir göz qırpımında məhv edəcək. Sevgiyə inamın olmasa da, buna tam əmin ola bilrsən!
Əslində sən illər öncə mənim həyatıma gələndə ayrı bir nakam sevgidən bezərək özünə çıxış yolu axtarmaq üçün çabalayırdın. İndi isə ürək verdiyin başqa birisini belə bir formada yaralayaraq yaşadığın o daxili əzabları ayrı bir “sevgi həyatı” və evliliklə söndürməyə çalışırsan! Lakin vicdanlı və səviyyəli insan həyatda üzləşdiyi nakamlığı başqasının hissləri ilə oynamaqla bərpə etməyə qalxmır. Sən bu xoşagəlməz işə çox asanlıqla imza atdın və atmaqdasan! Buna görə sən indi öz kimliyini çox gözəl tərzdə anlamalısan!
Mən elə o zaman ağlımın mənə ilham etdiyini dinləməli və bütün acılıqlara rəğmən səni özümdən uzaqlaşdırmalı idim. Neçə il öncə mənim həyatımda varkən başqa birisi ilə münasibət qurub görüşdüyünə görə isə səni layiq olduğun tərzdə cəzalandırıb rəsmən həyatımdan silib atmalı idim. Lakin tökdüyün göz yaşları, bilməməzliyin və pis fikirdə olmadığını söyləyib dönə-dönə üzr istədiyinə görə xəyanətinə göz yumub səni bağışladım! Sənə özünü doğrultmaq üçün yenidən şans verdim. Bu, mənim həyatımın böyük səhvi idi. Mən səni o xəyanətinə görə bağışlamamlı idim. Çünki xəyanətkar bağışlanmamalıdır. Bağışlanan xəyanətin ardınca yeni bir xəyanət və yeni-yeni xəyanətlər gəlir. Sən də, o bağışlanmış xəyanətindən bir müddət sonra beləcə yeni, həm də böyük və çox qəbahətli bir xəyanətə imza atdın!
Unutma ki, başqasının ahı üzərində qurulan ailə həyatı heç bir zaman məsud olmur. Başqasının ahı üzərində özünə “xoşbəxtlik” qurmağa çalışan şəxs həyatı boyu üzləşəcəyi bütün nakamlıq, bəla və bədbəxtlikləri bir-bir öncə əkdiyi xəyanət, yalan və saxtakarlıq toxumlarının acı meyvələri kimi qəbul etməlidir. Sənin də, bəxtin və həyatında belə acı meyvələrdən çox olacaq…
Mən özümü səhvsiz, qüsursuz sanmadım və sanmıram da! Mən yalnız Ulu Yaradanın səhvsiz və qüsursuz olduğuna inanıram. Amma səninlə münasibətdə heç bir zaman namərdlik və xəyanətə yol vermədim. Bu, mənim məramım və davranış tərzimdir. Sən özün də, dəfələrlə mənim bu xüsusiyyətimi dilə gətirib guya buna görə özünü məğrur və xoşbəxt adlandırdın!
Sən bu qədər gözləyib, çətinliklərə səbir edəndən sonra qovuşmamızın bir addımlığında hər şeyi tərk edib özünə belə bir yol tutdun. Halbuki bircə az da, dözümlü olsaydın, biz bir-birimizə qovuşar və hər zaman arzulayıb xəyal etdiyimiz o şirin və gözəl həyatı birlikdə yaşayardıq. Amma sən özün bunu istəmədin və özün buna mane oldun. Həm də, ilk dəfə deyil, neçənci dəfə… Özün həyatıma o çılğınlıqla gəlib bütün sınaqlardan keçdin, lakin qovuşmağa azacıq qalmış birdən-birə dönüb sayğısızlıq, dikbaşlıq və xəyanət yolunu tutdun!
Bunu da, unutma ki, mən səni zorla ələ keçirib sahiblənə bilərdim. Özün də, çox yaxşı bilirsən ki, mənim bununla bağlı kifayət qədər imkanım, gücüm və faktlarım var. Mən ən azından aramızda olan yaxın və səmimi münasibəti sənin valideynin və yaxınlarına, həm də, yenicə yalan və xəyanət maskası ilə aldatdığın o namizədə söyləməklə yalnız mənə məxsus olduğunu sübut edə bilərdim. Sən də, məcbur qalıb mənə dönər və heç bir artıq hərəkət edə bilməzdin. Amma mən bunları etmədim. Çünki mərdlik və insanlıq məramım buna imkan vermir. Zorla sevgi və xoşbəxtlik də, indiyədək dünyanın heç bir yerində olmamış, olmur və bundan sonra da, olmayacaqdır. Sadəcə sənin məni sevmədiyinə əmin olub kənara çəkilməyə qərar verirəm”.
Mehrdad bu cümlədən sonra qəhərləndi və astaca bir neçə anlıq ağladı. Sonra özünü toparlayıb sözünə belə davam etdi:
“Həyatda məsud olmaq yalnız aralarında qarşılıqlı sevgi və məhəbbət olan cütlüyə məxsusdur. Birtərəfli şəkildə sevgi isə təkqanadlı quş kimidir. Belə bir quş başqasının ayaqları altında qalmaq və ya hansısa vəhşi heyvanın qurbanına çevrildiyi kimi, birtərəfli sevgi ilə evlənən də, beləcə tez bir zamanda məhv olur və ya kiminsə iyrənc qurbanına çevrilir.
Sən mənim müsbət xüsusiyyətlərim arasından daha çox mərdlik xislətimi yaxşıca anladın və indi görürəm ki, ən çox bu xislətimdən məharətlə sui-istifadə edərək öz xəyanətinlə mənə arxadan zərbə vurursan! Bunu mənim zəifliyim kimi deyil, əslində öz xəyanətin və hiyləgərliyinin qəbahəti kimi qəbul etməlisən!
Mən sənin o boyda xəyanətini və o qədər böyük qüsur və qəbahətlərini ötürüb bağışladım, göz yumdum və sənə yeni-yeni şanslar verdim. Lakin sən mənim həyatda üzləşdiyim təbii problemləri həzm edə bilməyib özünə yeni və uğursuz həyat yolu tutdun! Halbuki həqiqi sevən olsaydın, aylar və uzun illər boyu səbirli olmalı, baş verən bütün olaylara rəğmən öz sevgindən əl çəkmədən sədaqətini sübut etməli idin. Sən uzun müddət sevgi və qovuşmağa israr etdiyin zaman özünü doğrulda bilmədin. Mənim sənə həqiqi sevgi ilə bağlanıb evlənmək üçün ciddi addım atmaq istədiyim zaman isə bir kənara çəkilib sayğısızlıq və xəyanətə imza atdın! Təəssüf ki, sən bunu bacarmadın. Çünki ümumiyyətlə, sevgi, iradə, səbr və sədaqət sənə görə deyilmiş…
Məndən sənə halallıq verməmi istəmişdin. Amma hansı namuslu və qeyrətli kişi öz ürəyi kimi sevdiyinə, öz namusu bildiyinə başqası ilə ailə həyatı qurmağa və başqası ilə birlikdə yaşamağa halallıq verə bilər ki? Buna görə də, mən səni əsla halal etmirəm! Bu dünyada olsam da, olmasam da, nəfsim, ahım, fikirim və nəzərim daim üzərində və həyatının üstündə olacaq. Sən bunu həyatının müxtəlif anlarında dönə-dönə hiss edəcək və bütün bu ağır hisləri dadaraq yaşayacaqsan.
İnan və əmin ol ki, sən bu həyatda etdiklərinə və nalayiq əməllərinə görə heç vaxt məsud ola bilməyəcəksən. Buna inan və əmin ol! Çünki bu həyat özbaşına deyil. Bu həyatda görülən hər bir yaxşılığın bir mükafatı, hər bir pisliyin də, bir cəzası var. Amma nə yazıqlar olsun ki, sənin gördüyün sadəcə balaca bir pislik deyil. Sən bu hərəkətinlə çox böyük və iyrənc bir xəyanətə, çox böyük bir qəbahətə aludə oldun. Kimsə də, səni buna məcbur etmədi. Sadəcə öz sərsəmliyin və həvəsbazlığın, eləcə də ağıl, məntiq və doğru-dürüstlükdən uzaq olan niyyətinlə bütün bu iyrəncliklərə imza atdın. Buna görə də, üzü sənə tərəf düzülmüş ardıcıl və sarsıdıcı ilahi cəzaların intizarında qal! Şüşəyə atılan daş onu sındırdığı kimi, sənin də bütün bu günah və xəyanətlə dolu əməllərin elə öz həyatını alt-üst edəcək və nakam qalacaqsan!
Sanma ki, həyatda pul, mal-dövlət, bahalı avtomobil, yüksək vəzifə və s. bu kimi şeylər insanı xoşbəxt və məsud edə bilər! Əsla belə deyil! Ətrafına yaxşı-yaxşı bax! Bu dünyada səadət və xoşbəxtliyə, eləcə də, hüzur və asudə həyata susamış nə qədər imkanlı, varlı və vəzifəli adamlar var. Sən də, öz iradə və öz əməllərinlə özünü həmin zümrədən birinə çevirdin! Bir insanın həyat yoldaşı, övladları, nəvə-nəticələri, xüsusi biznesi, yüksək gəlirli işi, malı-mülkü ola bilər. Lakin bütün bunlara rəğmən daim içində nəsə çatışmamazlıq, iztirab və uğursuzluq hissi ilə yaşaması onun həqiqətən də, məsud olmadığının göstəricisidir. Sən bunu indi anlamaya bilərsən. Çünki bu günlərdə həvəsbazlıq dumanı səni özünə məst etmişdir. Amma az sonra bütün dumanlar çəkiləcək və məhz ondan sonra hər şeyi bütün çılpaqlığı ilə görüb, xəyanətinin acılıqlarını dadmağa məhkum olacaqsan!
Məni yaxşıca dinlə! Əslində sən bu davranışlarınla iddia etdiyin o sevginin 1 qəpiklik olduğunu göstərdin. Bəlkə də, sənin iddia etdiyin o “sevgi”nin bu qədər dəyəri də, yox imiş. Çünki 1 qəpikləri üst-üstə yığanda ən azından bir qutu kibrit alıb onunla müəyyən faydalı işlər görmək olur. Lakin səndə olanların bir yerə toplandığı təqdirdə belə ondan nəsə faydalı bir şey olacağına inanmıram!
Mənim səni bu sözlərimlə təhqir və ya təhdid etdiyimi əsla düşünmə! Mən sadəcə sənin davranışlarında müşahidə etdiklərimi, xüsusilə də, bu həyatda mövcud olan ilahi və əzəli qanunları sənə xatırlatmaq istədim. Sən bu həyatda başqasına zülm, pislik və xəyanət edənin hansısa bir zəif qul ilə deyil, əslində böyük intiqam sahibi olan kainatın Ulu Yaradanı ilə tərəf müqabili olduğunu unutmusan!
Bunu da, unutma ki, başqasına pislik və xəyanət edənlər elə bu dünyada cəzasını çəkir, vurduqları yerdən vurulurlar. Sən mənə bu həyatda pislik və açıq-aşkar şəkildə xəyanət etdin. Buna görə çəkəcəklərin olacaq. Həm də, çox acı və dərdli şəkildə… Həyatda tutduğun bu xəyanət yolunda istədiyin kimi yaşa! Yaşadıqca indi sənə söylədiklərimi bir-bir əyani şəkildə müşahidə edib anlayar və özünə nəticə çıxararsan… İndi isə sənə həmişəlik olaraq “əlvida” deyirəm…”
Mehrdad bütün bu sözləri Mehrbanuya söylədikdən sonra bir az gözlədi. O, sadəcə dinləyir və heç bir söz danışmırdı. Ara-bir dərindən nəsəf aldığı və bəzən kövrələrək ağladığı hiss olunsa da, sonadək heç nə demədi. Əslində Mehrdad da, ondan nəsə bir cavab gözləmirdi. Çünki artıq heç bir cavab və müzakirəyə yer qalmamışdı.
Bundan sonra üfüqdə batan günəşin son xəttinə baxıb illər boyu sevdiyi qızın da, həyatından beləcə itib-getdiyini xatırladı. Əlbəttə, günəş bir neçə saatdan sonra yenidən günçıxan tərəfdən doğacaq və öz işığı və istiliyi ilə bütün dünyaya təravət və həyat bəxş edəcəkdi. Lakin Mehrdadın həyatından itib gedən Mehrbanu artıq bir daha onun həyatında doğmayacaqdı. O, yenə də, dizlərini büküb başını qolları üzərinə qoyaraq hönkürtü ilə ağladı. Bu göz yaşları onun ötəri hissləri üzərində olan sadə göz yaşları deyildi. Bu göz yaşları onun bütün qəhəri, ahı və nakam qalmış kişilik sevgisinin, od kimi yanıb külə dönmüş sevgi həyatının insanın gözlərini kor edən acı tüstüsü idi…

Bu hadisədən bir-neçə il ötüb-keçdi. Onu unutmaq elə də, asan bir iş deyildi. Çünki sevgi həqiqidirsə, onu silib atmaq və məhv etmək mümkün olmur. Axı daş üzərinə həkk olmuş yazı kimi insanın qəlbinə yazılan və qəlbində özünə isti yuva quran bir sevgini necə silib-atmaq və necə unutmaq olar ki? Kimsə bunu bacardığını iddia edirsə, ya yalançı, ya da, sevginin və insani hislərin mahiyyətini dərk etməyən birisidir. Buna görə də, ayrı-ayrı vaxtlarda birlikdə gəzdikləri yerlərdən, Bulvar, Sevgi və Qış parkları, Xəzər dənizinin Mehrbanunun ona geri qaytardığı nişan üzüyünü atdığı hissəsi, keçidlər və s. ötüb-keçəndə və bir-birini sevərkən dinlədikləri mahnıları dinlədikdə, birlikdə olduqları zaman çəkilmiş müxtəlif fotoşəkillərə baxdıqda, keçmiş xatirələr gözünün önünə gəlir və ağrılı-acılı, həm də, əzablı anlar yaşayırdı. O, bu illər ərzində dəfələrlə Mehrbanunu yuxuda görmüşdü. Bir neçə dəfə onun hər tərəfdən odla əhatəyə alınmış bir adada qalıb fəryad edərək yardım dilədiyi, bir dəfə güclü sel axınına düşərək bulaşıq və aludə sel suyunun işində çabalaması və digər bu kimi narahat yuxular görürdü. O, daha çox həmin yuxuları keçmiş və silinməz xatirələrin əks-sədası və aralarında baş vermiş acı və xəyanətkar ayrılıqla əlaqələndirməyə çalışırdı…
Bir gün Mehrdad işdən çıxıb hər dəfə olduğu kimi idman zalına gedərkən yolda təsadüfən Mehrbanunun böyük xalası ilə rastlaşdı. Ülviyyə xala sözün həqiqi mənasında ismətli-dəyərli bir xanım idi. Hər zaman da, Mehrdadı bəyənir və buna görə Mehrbanunun şükür etməsini, onun qədrini bilməsini tövsiyə edirdi… Mehrdad da, ilk əvvəldən Mehrbanunun xalaları arasında əsasən Ülviyyə xalanı çox bəyənir və onun xətrini çox istəyirdi. Hörmət əlaməti olaraq əvvəllər olduğu kimi onun əlini öpdü. O isə əlini öpmüş Mehrdadı qucaqlayaraq bağrına basıb öpdü. Onun gözləri yaşla dolmuşdu.

– Ülviyyə xala necəsiz? Vəziyyətiniz, səhhətiniz necədir? Nə oldu sizə? Niyə gözləriniz doldu belə?
– Çox sağ ol əzizim, Mehrdad sən necəsən? Neynirsən bala? İşlərin necədir? Bilirsən ki, mən səni öz övladım kimi sevmişəm. İndi də, xətrin mənə əzizdir…

– Mən elə mənəm də! Həyatımda heç bir yenilik yoxdur. Bundan sonra da, nəsə ürəkaçacaq bir hadisənin baş verəcəyinə ümidim qalmayıb. Çünki Mehrbanunun mənə vurduğu zərbə ilə artıq hər şeydən küsdüm və ondan sonrakı həyatımda sevgiyə də, heç bir inamım qalmadı…
Onun bu sözlərindən sonra Ülviyyə xala ağlamağa başladı. Mehrdad onu sakitləşdirməyə çalışsa da, bu mümkün deyildi. O, həqiqətən də, ürəkdən ağlayır, sanki Mehrdadın çəkdiyi ağrı-acıları hiss edən kimi davranırdı…

– Oğlum, mən səni başa düşürəm. Mehrbanu həyatının çox böyük yanlışlığını etdi. Mən ona neçə dəfə söyləsəm də, sözümü eşitmədi. Ona neçə dəfə dedim ki, ay qız ağlını yığ başına! Səni ürəkdən sevəni sev və ona qovuş. Bu qədər yaxın münasibətdə olduğun kişini belə tərk etmə! Bunun yaxşı sonluğu olmaz! Səni bu qədər sevən ləyaqətli oğlanın ahını üzərinə alma! Amma dediklərim elə özümə qaldı. Anasının da, bu işdə çox böyük səhvləri oldu. Yoxsa o mənim qızım olsaydı, belə qələti edə bilməzdi. Əslində Mehrbanu həyatda heç xoşbəxt də ola bilmədi…

– Nəsə olub Ülviyyə xala? Nə baş verib ki?
O, göz yaşlarını silə-silə sözünə belə davam etdi:

– Ehh, toydan bir müddət sonra həyat yoldaşı Avtovağzal tərəfdə bir əqli qüsurlu qoca qadını avtomobillə vurub, qorxduğu üçün hadisə yerindən qaçmışdı. Buna görə sonra çox problemlərlə üzləşdilər. Evlərini satıb, külli miqdarda borca, kreditə düşdülər. Ardınca isə onu tam başqa bir məsələ ilə bağlı, həm də, ağır maddə ilə həbs etdilər. İndi 2 ildir ki, həbsdədir. Hələ bundan sonra daha 16 il həbsdə yatmalıdır. Mehrbanu buna dözləməyib öz tələbi ilə rəsmən boşandı. Atası da, bu hadisədən 3 ay sonra dünyasını dəyişdi. Bir dəfə işdən evə qayıdanda yolu keçərkən özünü də, maşın vurdu və ondan sonra bir ayağında problem yaranıb… Şəxsi biznesini də, itirdi. Bu illər ərzində başına o qədər hadisələr gəlib ki, deməklə bitməz. İndi yaşlı və xəstə anası ilə birlikdə yaşayır. Öz nadanlığı və ötəri həvəsi ilə səni də, bu vəziyyətə saldı, özünü də, bədbəxt elədi! Ona dedim ki, icazə ver Mehrdadla özüm danışım bəlkə səni bağışladı, yenidən qəbul etdi… Amma icazə vermədi. Dedi ki, o məni həmişəlik həyatından silib. Çünki onun gözündən düşən yalnız bircə dəfə düşür, özü də həmişəlik!
Mehrdad bu sözləri eşitdikdə, heç də, sevinmədi. Çünki başqasının bədbəxtliyinə görə sevinməyi mərdlik və insanlıq məramına zidd sayırdı. Əslinə qalsa, bu xəbərdən sarsılaraq çox narahat oldu. Hislərinə hakim ola bilmədiyi üçün gözlərindən yaş axdı. O, ötən illər ərzində ayrı-ayrı vaxtlarda Mehrbanunu fərqli və bir-birindən dəhşətli hallarda pis yuxularda görürdü. İndi həmin yuxuların sadiq və müəyyən bir mesaj olduğunu anlamağa başladı. Özünü toparlayaraq Ülviyyə xalaya təsəlli verməyə çalışdı. Bir az söhbətləşəndən sonra sağollaşıb ayrıldılar və Mehrdad öz yoluna davam etdi…
Artıq bu günlərdə onun əsas fikiri Mehrbanunun həyatda üzləşdiyi nakam həyatı və bədbəxtliyi idi. Lakin artıq gec idi. Kimsə yalan, saxtakarlıq və xəyanətlə həyat yoluna çıxırsa, bu daha çox bilə-bilə əyləcində nasazlıq olan avtomobilə əyləşərək uzun yola çıxan şəxsə bənzəyir. Sadəcə müəyyən bir zamanın ötməsindən sonra hər kəsin kimliyi və vəziyyəti aydınlaşır, maskalar yırtılıq, bütün arzular və xəyallar puç olur…
Həmin hadisədən təxminən 1 ay sonra bir dəfə idarə işi ilə bağlı metrodan istifadə etmək məcburiyyətində qalıb metroya endi və vaqona daxil olaraq əyləşdi. Günortadan sonra saat 15.00 radələrini göstərirdi. Mehrdad isə İçərişəhər metrosunda enməli idi. Bu zaman vaqona daxil olan bir yaşlı xanımı görüncə ayağa qalxıb yerini ona verdi, özü isə giriş qapısı tərəfə keçib ayaq üstə dayandı. Birdən sağ tərəfə baxanda sanki gözlərinə nəsə tanış bir üz sataşdı. Yenidən başını yavaşca çevirib o tərəfə baxanda Mehrbanunun ondan 2-3 metr aralıqda əyləşdiyini gördü. Bu, Mehrabunun özü idi. Ötən illər ərzində çəkdiyi nakamlıq və əzab-əziyyətli olaylar onu çox qoca və sınmış görkəmdə göstərirdi. Saçları ağarmış, üzündə qırışlar yaranmışdı. Onun sağ üzündə nəsə yanıq ya da, çapıq ləkəsi görünürdü. Əynində isə çox sadə və bir az nimdaş libaslar var idi. Əvvəlki illərə nisbət çəkisi artmış və daha yaşlı görünürdü. Sanki bütün həyatın dərdi-qəmi və bütün dünyanın kədərlərinə yüklənmiş kimi başını aşağı salmış və yalnız yerə baxırdı. Onun qarşısında daha çox şəxsi əşyaları kimi görünən iki böyük paket də, var idi. Çox güman ki, ilk əvvəldən vaqona keçib əyləşdiyi və fikirli halda yerə baxdığına və bəlkə də, vaqonda olan izdihama görə onun qarşısından keçən Mehrdadı görə bilməmişdi. O, yaşadığı ata evinə tərəf gedirdi. Mehrdad ilk öncə ona yaxınlaşmaq istəsə də, bunun uyğun olmadığını düşünüb dayandı və sadəcə kənardan onu seyr etməyə davam etdi. Hətta, gedəcəyi idarəni və şəxsi işini də, unudub bütün diqqətini ona cəmləmişdi. Amma ona yavaşca baxarkən özündən asılı olmadan gözlərindən acı və həsrət yaşları axırdı. Ətrafdakıların nəzərini cəlb etməmək üçün ara-sıra yavaşca üzünə axan yaşları silirdi. Nəhayət, o, bir-neçə dayanacağı ötürdükdən sonra düşəcəyi dayanacaqda çətinliklə ayağa qalxıb qarşısındakı paketləri əlinə aldı və vaqondan çıxmağa çalışdı. Mehrdad da, onun ardınca hərəkət etdi. Ülviyyə xalanın söylədiyi düz imiş. O qəzadan sonra ayağında problem yarandığından rahat yeriyə bilmir və bir az axsayırdı. Əlindəki yükün də, nisbətən ağır olduğunu hiss etmək olardı. Mehrdad yenə də, ona yaxınlaşıb salamlaşmaq və ona ən azından marşrut dayanacağına qədər yardım etməyə qərar versə də, bütün bunları yersiz və mənasız sayıb vaz keçdi.
Metrodan çıxıb marşruta qədərki yol onların dəfələrlə birlikdə keçib-getdiyi yaddaqalan və şirin xatirələrlə dolu yollardan biri idi. Mehrdad hər dəfə görüşdən sonra onu həmin yolla evlərinə kimi ötürürdü. Amma bu dəfə onlar birlikdə deyil, ayrı-ayrı, həm də biri digərindən xəbərsiz halda hərəkət edirdi. Beləcə Mehrbanu bütün çətinliklərə rəğmən marşrut dayanacağına çatdı. Orada onu anası Xatirə xala gözləyirdi. Mehrdad uzaqdan onun anasını tanıya bildi. O da, çox qocalmış və ağrılı-kədərli görünürdü. Sanki Mehrbanunun nakam həyatı onun belini vaxtından tez bükmüşdü. Onlar birlikdə marşruta əyləşib evə doğru hərəkət etdilər. Mehrdad isə bir müddət fikirli və kədərli halda orada dayanıb kənardan onları izlədi və marşrutun ardınca baxdı. Sonra oradan bir-başa gedəcəyi idarəyə doğru yollandı.
Həmin gün Mehrdad daha çox əzab çəkməyə başladı. Onun gördükləri həyatın çox acı, amma öncə yazılmış əzəli və dəyişməz həyat qanunlarının təzahürü idi. Çünki kimsə həyatda nadanlıq, həvəsbazlıq, sayğısızlıq və xəyanətkarlıq edirsə, onun cəzasını da, çəkməyə məhkumdur. Sevgi kimi müqəddəs bir məsələni həvəskarlığa və həvəsbazlığa çevirən, ardınca onu 1 qəpiyə satan birisi həyatda necə məsud ola bilər ki? Amma bütün bunlara rəğmən Mehrdad yenə də, Mehrbanunun düşdüyü vəziyyətə görə acıyır, ürəkdən sızlayırdı. Çünki o, bir zamanlar Mehrdad tərəfindən həqiqətən sevilmiş və buna görə də, qəlbinə həkk olunmuş birisi sayılırdı.
Mehrbanu sevgini ötəri, mənasız və həvəsbazlıq kimi anlayıb yaşasa da, bir müddət öncə böyük xalasının onun dilindən söylədiyi bir cümlə onun ən azından bir həqiqəti doğru-düzgün tərzdə anladığını göstərirdi. O, xalasının israrları qarşısında belə demişdi: “O (Mehrdad) məni həmişəlik həyatından silib. Çünki onun gözündən düşən yalnız bircə dəfə düşür, özü də həmişəlik!”
Əslində Mehrbanunun bu sözü tam doğru və düzgün idi. Mehrdadın gözündən düşən yalnız bircə dəfə, özü də həmişəlik olaraq düşürdü. Elə o özü də, həqiqi deyil, həvəskarcasına sevgi göstərib sonda sayğısızlıq və xəyanətə yol verdiyi üçün artıq Mehrdadın gözündən həmişəlik olaraq düşmüşdü. Lakin həqiqi sevən vüsalın gecikməsi, ötəri çətinlik və sıxıntılara görə ruhdan düşmür, zaman ötdükcə daha da, güclənərək dərinləşir və belə bir sevgi sonda şirin vüsalla tamamlanır…

İlqar İSMAYILZADƏ
(Fəlsəfə üzrə fəlsəfə doktoru, AJB-nin üzvü, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı)