Saatların zikri haqqında
Seçim məsələsi
Onların gördüklərini mən də görürəm, onların yaşadıqlarını (aşağı-yuxarı) mən də yaşayıram, lakin mən hər gün, hər şeyə rəğmən yenə də xoşbəxt olmağı seçirəm və iddia edirəm: xoşbəxtlik əksər hallarda seçim məsələsidir.
Məsələn, bəzən mənə elə gəlir, saatların əqrəbləri də sıxılır fırlanmağından: eyni yolu neçə dəfə gedib-gəlmək, gedib-gəlmək, gedib-gəlmək olar axı, bezməzmi adam? Mənimsə kefim yaxşıdır bu gün, baxıram ki, köksüm də qabarıb, yerişim də bir qəribədir hətta və bu, məni düşündürür: niyə, neyçün, görəsən? Yox, axşamın əri döymüş qadına oxşayan çağı adamın kefi belə yaxşı olmamalı, nəsə şübhəli sevincdir bu, sinəyə çəkilməz. Bir az qurdalayıb, hə, hə, tapıram kələfin ucunu: bayaq şahmatda oğluma qalib gəlmişəm və bütün məsələ budur.
Axx, insan, sən nə qədər xırdasan!
10-15 il qabaq baxdığım İran seriallarından birinin adı beləydi: “Pərvaz dər hobab”. Pərvaz bizdə də pərvazdır, hobabsa sabun köpüyü. Beş-üç saniyəlik ömrü olan o balaca şarcıqların içində və ya üstündə nə qədər uçmaq olar ki? İnsan uçur amma, uçuruq, vallah uçuruq, dedim axı, çox xırdayıq biz, olduqca!
Kefimizi alt-üst edən şeylərin siyahısın tutsaq, ölərik xəcalətimizdən, görərik ki, İlahi, yarpaq bizdən yaxşıdır; bizə nə payız lazımdır, nə qar, nə yağış: bir himə bəndik qopmağa… budağımızdan. Soruşan da yoxdur ki, ay bala, düşməyi kimdən öyrəndin!
Növbədə dörd həmsöhbətim vardı o gün, fikirlərimi sahmana salıb ən dərdlisi gəlsin, dedim. Ona ürək-dirək verə-verə bir də baxdım ki, ay dadi-bidad, özüm də ürəklənmişəm, inanmışam ki, hər şey yaxşıdır, hətta əladır, sadəcə biz fərqində deyilik. Yəni, bəzən yalan da işə yarayır, yetər ki, onu da həqiqət kimi, cani-dildən, inanaraq dilləndirəsən.
Məsələn, şəxsən mən indi bu dəqiqə istəsəm, bütün varlığımla inana bilərəm ki, əqrəblərin gecələrin qulaqdələn sükutunu pozan çakka-çuku, əslində, saatların zikridir.
Salavat çevirə-çevirə Ruminin canavarla ceyranın cütləşməsindən peyda olan bala hekayətini xatırlayın, indi bu gözəl bala – ceyrandır, yoxsa canavar? Dahi Cəlaləddin məsələni belə həll edir: qarşısını doldurun, ot-ələf yesə ceyrandır, ət-ələf yesə canavar.
Yəni meyillərini təftiş edəcəksən, qardaşım.
Dedim axı, onların gördüklərini mən də görürəm, onların yaşadıqlarını (aşağı-yuxarı) mən də yaşayıram, lakin mən hər gün, hər şeyə rəğmən yenə də xoşbəxt olmağı seçirəm və iddia edirəm: xoşbəxtlik əksər hallarda seçim məsələsidir.
Fəqət təkcə xoşbəxtlikmi…?
Məsələn, mən bu gün qarşıma qoyulan menyudan sevinməyi, həyəcanlanmağı, bir də (desert olaraq) sevməyi seçmişəm, sakitcə, ustufca və gizlicə. Şair demiş:
“…əzab qalsın başqa günə…”