KƏLAĞAYI
I HİSSƏ
Nazlı oxuduğu kitabı yerə qoyub, telefonda saata baxdı. Saat 5ə işləyirdi. Hazırlaşmalı idi. Telefona gələn ismarışlara bir daha nəzər saldı, Asyadan hələ də heç bir xəbər olmadığını görüb divandan qalxdı. Bugün gözəl bir tədbirə dəvət almışdı. Asya ilə gedəcəkdi. Kəlağayı bayramı idi. Çox sevinmişdi bu dəvətdən. Maraqlı olacaqdı yəqin ki. Nazlı çox bağlı idi milli dəyərlərimizə. Onların yaşamasını, nəsillərdən- nəsillərə ötürülməsini çox arzulayırdı. Avropalaşmış Azərbaycanı gördükcə, insanların geyim tərzlərinin həddən artıq dəyişməsini seyr etdikcə, üzünə kədər çökür, ürəyi ağrıyırdı. Gələcək nəsillərin, mələk kimi qızların geyimi, həyatı çox narahat edirdi onu. Son dəvət aldığı kəlağayı bayramı qəlbinə bir ümid qığılcımı səpmişdi. İllərlə istifadə edilməyən, artıq unudulmaqda olan bu milli örpəyimizin yeni nəsil arasında təbliğ olunması möhtəşəm bir ideya idi. Bu təbliğat gözəl aparılarsa, gözəl nəticələr verər, qız- gəlinlərimizdə bu incə, zərif örpəyə maraq yaranar, xalqımızın öz kökünə qayıdışı başlayar. Qəlbində bu sevinc, iftixar hissləri ilə hazırlaşmağa başladı. Çox sevinirdi. Uzun ətəklərindən birini seçib götürdü. Ona uyğun bir kofta da seçdi. Güzgüdə özünə baxdı. Saçlarını darayıb yuxarıda topladı. Yox, yaxşı olmadı. Açıb yenidən daradı. Çiyinlərinə tökdü saçlarını. Ehhh, yenə də olmadı, təkrar sancaqla yığdı. Hər gün işə gedəndə olduğu kimi. Amma nədənsə ürəyinə yatmırdı bu gün saçları. Sanki çirkin göstərirdi bu gün saç düzümləri. Nə isə çatmırdı elə bil. Qəfil yuxudan ayıldı. Axı bugün nənəsindən ona yadigar qalan mürəkkəb yelənli kəlağayısını bağlayacaqdı? Bu dəvəti alandan bunu düşünmüşdü. Paltar dolabına yaxınlaşdı. Asılqanda səliqə ilə asılmış üç kəlağayıdan ən çox sevdiyini- ağ, kənarları mürəkkəbi bəzəkli olanı götürdü. Onun gözəlliyinə, zərifliyinə yenidən vuruldu. Bir anlıq o illərə apardı xəyalları….
Onunla ilk dəfə universitetin pillələrində rastlaşmışdı. Dərsə 2 dəqiqə gecikmişdi. Paltosunu qarderoba verib, başındakı ağ kəlağayısını səliqəyə saldı. Bu kəlağayı ona çox yaraşırdı. Utancaq baxışlarına, danışanda qızaran yanaqlarına gözəllik qatırdı. Kəlağayının uclarını çiyinlərindən arxaya atıb cəld addımlarla ikinci mərtəbəyə qalxan pilləkana yaxınlaşdı. Pilləkənlə düşən oğlan bir anlıq dayandı. Sanki onu gözləyirdi. O isə başını aşağı salıb, çox sürətlə çıxırdı pillələri. Oğlanın yanında cəld ötmək istəyirdi. Bir-iki pillə qalmış, salam verdi oğlan. Özünü itirdi, dərsə gecikdiyi üçün həyacanlı ürəyi şiddətlə döyünməyə başladı. Qıpqırmızı qızardı. Bir anlıq nə edəcəyini bilmədi. Alsınmı, almasınmı? Nənəsinin bir sözü həmişə qulaqlarında qalmışdı, indi də yadına düşdü.”Salam Allahın adıdı, salamı alarlar”. Asta səslə “Salam” deyib cəld ötdü oğlanın yanından. Ürəyi sanki köksündən çıxacaqdı. Arxadan oğlanın səsini eşitdi. “Nə gözəl yaraşır sənə kəlağayı”. Sanki ayaqları bir-birinə dolaşdı. Pillələrin qalanını güclə qalxıb özünü auditoriyaya atdı. O gündən Kamil onun kölgəsinə, pərəstişkarına çevrildi. Hara getsə orda peyda oldu. Qarabaqara izlədi onu… qorudu onu…. sevdi onu…. Zamanla o da Kamilə vuruldu. Onları bir-birinə bu ağ kəlağayı sevdirmişdi.