.....

.....

KİMYA DƏRSİNDƏ HƏYAT İMTAHANI – Ruhiyyə Abbaszadə

KİMYA DƏRSİNDƏ HƏYAT İMTAHANI – Ruhiyyə Abbaszadə

KİMYA DƏRSİNDƏ HƏYAT İMTAHANI

Kimya dərsi – 8 “v” sinfi, ev tapşırığı:səhifə 57, paraqraf – 11.“Turşuların təsnifatı, adlandırılması və alınma üsulları”.
Aynur müəllim təbaşiri lövhəyə hirslə vura-vura dərsin yerini qeyd etdi, sonra şagirdlərə acıqlı-acıqlı baxıb ucadan dedi:
-Ev tapşırığını lövhədə ona görə yazdım ki, hamınız biləsiniz, bugünki dərs əvvəlkilərə bənzəməyəcək. Bu gün sizə qarşı çox sərt olacağam. Heç bir halda, heç birinizə güzəşt etməyəcəyəm.
Kök, qaraqabaq, orta yaşlarında olan Aynur müəllim bu sözləri deyəndən sonra keçib öz stulunda əyləşdi, dərs jurnalında qeydlərini aparmağa başladı.
Bir azdan ayağa qalxıb sinfə müraciətlə dedi:
-Uşaqlar, dərsə kim hazırdır?
Bir oğlan, üç qız əlini qaldırdı.
-Qızlar əllərini aşağı salsın. Bu gün yalnız oğlanlardan dərs soruşacağam.
Oğlanların çoxu dərsə hazır deyildi. Həmişəki kimi utancaq halda başlarını aşağı salıb oturmuşdular. Səkkiz oğlandan yalnız biri, sinfin əlaçısı Nihad dərsini öyrənmişdi.
Aynur müəllim yumruğunu stola çırpıb səsini ucaltdı:
-Nə vaxtacan, axı nə vaxtacan yalnız Nihad dərs danışacaq? Deyin görüm, sizin dərsə bu qədər laqeydliyinizin səbəbi nədir? Valideynləriniz hara baxır? Hansı problemə görə gələcəyinizi vecinizə almırsınız? Adam olun da! Ağıllanın! Sonra gec olacaq, vallah, gec olacaq. O qədər gec olacaq ki, sonrakı peşmanlığınız heç bir fayda verməyəcək. Bir tərəfdən baxanda, əsl günahkar elə sizin öz valideynlərinizdir. Hərənizə bir telefon alıb, girmisiniz o “Tik-tok”un içinə, çıxa bilmirsiniz. Bu telefonu alıb sizi elə bataqlığa salıblar ki, külli-aləm yığışa sizi ordan çıxara bilməz! Nə özləri tənbeh edirlər, nə də imkan verirlər ki, müəllimlər tərbiyə versin. Amma birinizin başının üstündən sərçə uçsun a, bax onda “102”yə məlumat vermək üçün növbəyə durarlar. Barmağımızı birinizə toxunduran kimi o dəqiqə üstümüzə polis gətirirlər. Ay balam, biz şagird olmamışıq, ya müəllim danlağı eşitməmişik, müəllim silləsi görməmişik? Murad, Sənan, Vüsal, qalxın ayağa, deyin görüm, niyə dərsə hazır deyilsiniz?!
Adları çəkilən şagirdlər yerlərindən ağır-ağır qalxdılar. Hərəsi bir bəhanə uydurdu.
Aynur müəllim gözlərini qıyaraq dedi:
-Necə deyərlər, tarix təkrarlanır. Yaxşı, olsun, eybi yoxdur. Elə bu dərsdə sizi elə cəzalandırım ki, ömür boyu yadınızdan çıxmasın. Amma bunun üçün əvvəlcə Nihad dərsini danışmalıdır…
Nihad lövhənin qarşısına çıxıb həmişəki kimi dərsini yüksək həvəslə danışmağa başladı:
-Turşuların molekulunda hidrogenlə birləşmiş atom və ya atomlar qrupu turşu qalığı adlanır. Turşu qalığının yükü həmişə mənfi olur və ədədi qiymətcə turşunun əsaslığına bərabərdir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif olunurlar…
-Aydındır, oğlum, gerisini söyləməsən də olar. Sən bu gün də ev tapşırığını yüksək qiymətə layiq oxumusan, – deyə dərhal da əlavə etdi, – ancaq keçib əyləşməyə tələsmə. Hələlik yerindəcə dayan.
Müəllimə nə qərara gəlmişdisə, sinfin oğlanlarını lövhənin qarşısında yanbayan sıraya düzdü. Nihadı onların qarşısında saxladıb kəskin tərzdə dedi:
-Bu dəfə, bu əfəllərin cəzasını mən deyil, sən verəcəksən. Onların qulağını bircə-bircə dartıb buracaqsan. Bəlkə belə etsək, utanc hissinin nə olduğunu anlayıb, dərslərinə ciddi yanaşarlar.
Nihad müəllimin bu gözlənilməz təklifindən əvvəlcə duruxdu. Sinif yoldaşlarının onun üzünə zillənmiş narahat baxışları altında elə sıxıldı ki, barmaqlarını bir-birinə keçirib həyacanlandı. Sonra bu həyəcan bədənini əsdirdi. Birtəhər dilləndi:
-Müəllim, xahiş edirəm, sinif yoldaşlarıma bu gün də şans verin. Onların adından sizə özüm söz verirəm, bu gündən hamısı dərsini oxuyacaq.
-Xeyr, Nihad, bu olmayacaq. Onlar təzə dərs ili başlayandan ta bu saatacan boş-boş söz verib səbrimlə oynadılar. İndi hər birinin cəzalanmaq vaxtı çatıb. Başla, Nihad, müəllimin nə deyirsə, onu da et.
Nihad başını sağa-sola yelləyib gözlənilmədən dedi:
– Yox, müəllim. Dediyinizi edə bilməyəcəyəm.
Aynur müəllim daha da coşub gözlərini Nihada ağartdı:
-Necə yəni? Bu nə deməkdir?
-O deməkdir ki, bu uşaqlar mənim səkkiz illik sinif yoldaşlarım, əzizlərimdir. Bacarmaram, müəllimə, sabah üzlərinə necə baxaram?!
-Bəs sənin qiymətini kəssəm necə?
-Kəsin!
-Jurnala “2” yazsam?
-Yazın!
-Onların əvəzinə sinifdən qovsam necə?!
-Qovun, müəllimə, nə edirsiniz edin, amma bircə sinif yoldaşlarımla üz-üzə qoymayın. Onlara qarşı çıxmağı da qətiyyən gözləməyin məndən.
Aynur müəllim sakit təbiətli Nihaddan bu cür inadkar təpki görəndə qanı qaraldı. Əllərini qoynunda çarpazladı, pəncərənin qarşısına çəkildi, sonra nə fikirləşdisə, dönüb dedi:
– Uşaqlar, yerlərinizi dəyişin, siz Nihadın, o da sizin yerinizdə dayansın.
Yerlər dəyişəndən sonra müəllim dərs oxumayan oğlanlara baxdı:
– Uşaqlar, bu gün sizə son dəfə şans verə bilərəm. Ancaq bir şərtim var. Hamınız bir-bir Nihadın qulağını burmalısız.
Sinfin oğlanları müəllimin sözü ağzında bitər-bitməz, bir-birinə aman vermədən Nihadın qulağını burmağa başladılar.
Nihad qızarmış qulaqlarını qorumağa çalışdı. Lakin heyhat! Elə insafsızcasına dartıb burmuşdular ki… Başını sallayıb doluxsunmuş vəziyyətdə dayandı. Oğlanlardan hansısa Nihadı göstərib hırıldadı:
– Uşaqlar, ona baxın. Qulağını necə burduqsa, lap eşşək qulağına oxşadı.
Onun bu sözünə hamı qəhqəhə çəkdi.
Müəllim göstəriş verdi ki, şagirdlər iki-üç dəqiqəlik otaqdan çıxsınlar. Sinifdə Nihadla təkbətək qaldı. Sevimli şagirdinin sinəsinə enən başını çənəsindən tutub yuxarı qaldırdı. Nihad pərt baxışlarını o yan-bu yana qaçırdı; müəllimini görmək istəmədi.
Aynur müəllim onun başını sığalladı, mülayim səslə dedi:
– Oğlum, səni başa düşürəm. Bu an ürəyində mənə qarşı nifrətin alovlandığını da çox yaxşı anlayıram. Lakin mənim məqsədim o yaramazları bu gün fərqli üsulla tənbeh etmək, cəzalandırmaq idi. Heç olmasa, utanıb dərslərini oxusunlar deyə. Sən bu gün mənə qəzəblənə, ya kin bəsləyə bilərsən. Lakin aylar, illər keçəcək, məktəb illərindəki bu günü xatırlayıb, bəlkə, daha bu dünyada olmayacaq Aynur müəllimin kimya dərsindəki həyat dərsini, ilk həyat imtahanını heç vaxt unutmayacaqsan…

Ruhiyyə Abbaszadə