.....

.....

Könül Bünyadzadə – Bu əfsanənin nə əvvəli bəllidir, nə sonu…

Könül Bünyadzadə – Bu əfsanənin nə əvvəli bəllidir, nə sonu…

Sevgi dəyirmanı

Bu əfsanənin nə əvvəli bəllidir, nə sonu. Yalnız indisi var, biz də onu danışacağıq.

Bir kiçik dəyirman vardı. Adi bir dəyirman deyil, sevgi dəyirmanı idi, üyütdüyü də yalnız sevgi idi.

Kim tikib, hansı məqsədlə tikib, heç kim bilmirdi. Hansı isə bir qüdrətli əl onu gətirib bu çölün düzündə inşa etmişdi. Onun necə işləməsi də bəlli deyildi. Ancaq onun necə şövqlə işlədiyini görüb bir vaxtlar yaxındakı kiçik çay onun yanına qaçıb, çarxının boynuna dolanmışdı, külək havalanıb başına fırlanırdı. Ondan sonra axan suyun dörd tərəfində gül-çiçək açdı, ətraf kiçik bir cənnətə döndü. Qəribədir, bu sevgi dəyirmanı o qədər səssiz, o qədər həmahəng işləyirdi ki, çax-çaxının səsinə bülbüllər səs verirdi.

İnsanlara soraq çatdı, gəlib bu möcüzəni öz gözləri ilə görmək istədilər. Əvvəl gəlib heyran heyran tamaşa etdilər. Üyütdükləri unun dadı tamam başqa idi, yeyənlər dünyaya, insanlara ancaq sevgiylə baxmağa başlayırdılar. Oturub unun üyünməsini gözləyənə qədər buranın havasını udan, çax-çaxının səsini dinləyən dəyirmandan fərqli insan kimi çıxırdı: sanki içindəki bütün ağırlığı, acısı, problemləri də burada üyünürdü, yerini sevgi tozu doldururdu. İnsanlar bu haldan xoşallanıb bütün problemlərini bura daşımağa başladılar. Biri dərdini atırdı dəyirmanın ağzına, biri həllolunmaz məsələsini, biri içini yeyən həsəd hissini, bir başqası da beynini qurd kimi gəmirən hiylələrini. Sevgi dəyirmanı da sakit-sakit hamısını üyüdüb yerinə sevgi tozu verirdi.

Ən ağırı xəyanəti üyütmək idi. İnsanlar etdikləri ən ağır xəyanətləri bura sürüyüb gətirdilər. Boğazına salınan xəyanətlər əvvəlcə bu kiçik dəyirmanı boğurdu, ancaq bütün sevgisini, gücünü toparlayıb asta-asta, udquna-udquna üyüdürdü. Sonra yenə, yenə. Beləcə, xəyanətlər üst-üstə tökülürdü dəyimanın boğazına, o isə əvəzində sevgi qaytarırdı. Nə daşları yorulurdu, nə çax-çaxı… Dəyirman şikayətsiz, səssiz-səmirsiz öz işini görürdü.

Bu dəyirmanın ürəyi daşdı deyib keçirdilər, ancaq heç kim hiss etmirdi ki, bu dəyirman daşları xəyanəti üyüdür, amma ağrısı onun daşlarına çökür. Sevgi dəyirmanı xəyanəti bağışlayırdı, ancaq daş yaddına yazırdı.

İnsanlarda heyranlığı maraq üstələməyə başlamışdı: axı bu sevgi dəyirmanı necə işləyir?! Niyə işləyir?! Kimin üçün işləyir? Kimsə sevginin suda olduğunu zənn etdi və gecə xəlvətcə çayın ağzını kəsib öz bağına çəkdi – qoy sevgi ancaq mənim bağımı suvarsın deyə. Sevgi dəyirmanının çax-çaxı yenə zümzüməsini davam etdirdi. Kimsə sirrin küləkdə olduğuna inandı və onun pərlərini kəsdi ki, yel fırlatmasın. Sevgi dəyirmanı yenə üyütməyindən qalmadı. Hətta kimsə dəyirmanın boğazına Vətən xəyanəti də saldı. Dəyirmanın daşları titrəyib dayandı. Bu zaman qüdrətli bir əl daşları aralayıb xəyanəti ordan çıxarıb gətirənin üzünə çırpdı. Adam vahimələnib birdəfəlik qaçdı ordan.

Bəli, heç kim bilmirdi bu kiçik dəyirman necə işləyir… Dəyirman daşlarının bütün ağrını, acını, xəyanəti öz içinə hopdurmağından, əvəzində görünməz ilahi əlin aram-aram dəyirmanın boğazına sevgi buğdası tökdüyündən heç kimin xəbəri olmurdu. Bilmirdilər ki, çayın qabağını kəsəndə ilahi bir nur seli hərlədir o çarxı, kəsilmiş pərlərin yerində mələklər öz qanadlarını açır. Ağıllarına belə gəlmirdi ki, xəyanəti içinə hopduran dəyirman daşlarının ağrısını, sızısını dindirmək üçün buludlar üzərində göz yaşı axıdır, bərəkət verir ona.

Ancaq düşüncələrdəki “qara bulaq” qurumamışdı deyə, qara niyyətlər də bitmək bilmirdi. Bir gün kimsə, belə dəyirman olmaz, tanımadığımız birinə hər şeyimizi necə etibar edə bilərik deyib, tam o dəyirmanın yanında bir un zavodu tikib düz ortada da bərli-bəzəkli bir elektrik, modern dəyirman qurdu. Unun istehsalı artdı, sürətləndi, həyatın axarı da dəyişdi. İnsanlar varlandı, kökəldi, ambarlarında un çuvalları, sandıqlarda qızıl kisələri artdı, ticarət yolları açıldı, asfaltlar salındı. Ətrafdakı ağaclar kəsildi, otlar tapdandı, quşlar perikdi, çay sısqalaşdı. Axı, bu dəyirman yalnız arpa, buğda üyüdürdü, ağrıları, xəyanəti yox. Bu dəyirmanın verdiyi də yalnız qarın doydururdu, könül yox. Ona görə də məmləkətdə işıq azalır, qaranlıq artırdı.

Kölgədə qalmış sevgi dəyirmanı belə xəyanət gözləmirdi. Bu xəyanət yaxına gəlsə, onu da tutub üyüdərdi. Ancaq o gen gəzirdi, toxunduğu yeri viran qoyurdu. Sevgi dəyirmanı balaca bir oazisə dönmüşdü, heç kim qara düşüncəsi ilə yaxınlaşmağa cürət etmirdi, bilirdilər ki, üyüdəcək. İnsanlar dəyişməkdən, artıq alışdıqları bu maddi toxluğu itirməkdən, əvəzində sevgi adlanan hansı isə mücərrəd bir tozu almaqdan qorxurdular. 

Beləcə, möhtəşəm tikililər arasında, qaynayan həyatın bir küncündə bu Sevgi dəyirmanı aram-aram işləməkdə davam edirdi. Arada əyri yoldan azanlar, dərddən başını itirənlər təsadüfən çaşıb dəyirmana girir, nəfəslərini dərir, könül rahatlığı tapırdılar və təəccüblənirdilər ki, niyə heç kəs buranı tanımır. Hətta bir gün bu həngaməni başladanın özü də gəldi. Xəyanəti ilə bir yerdə… Daşların boğazı düyünləndi, içindən ağrı qopdu, çax-çaxın dili dolaşdı… ancaq üyütdü. Yenə də xəyanəti çökdürdü daşın yaddaşına, əvəzində sevgi verdi. Axı Sevgi dəyirmanıydı, ilahi əmrlə işləyirdi… Sadəcə bu dəfə daşların sızıltısını elə özünün göz yaşları avazıtdı.

Bu qaynar göz yaşının ağrısı İlahi qüdrətə çatdı və bir əmr verildi: sevgi dəyirmanı hər kəsin könül evinə yerləşdirildi. Beləcə, dünyaya sevgiylə baxmaq istəyən də, problemlərin, kədərin, həsədin, hətta xəyanətin belə əvəzində sevgi paylamaq istəyən də öz könlünə baş çəkməli olur. Yox, öz könlünə yolunu unudanların gözündə də bu dünya da qaralır.

Bu əfsanənin nə əvvəli var, nə sonu. Sadəcə ağrıları, xəyanətləri üyüdən bir Sevgi dəyirmanı var. Bəlkə də hərənin könlündə qurulub o dəyirman, sadəcə yolunu tapmırıq.