.....

.....

Koma – Tural Həsənli (romandan hissə)

Koma – Tural Həsənli (romandan hissə)

K O M A

gücün sevgisi yoxdur, 
sevginin gücü vardır

Bakı 2021

Həsənli Tural Məhərrəm oğlu 1991-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Yaradıcılığa 2010-cu ildə “Mən həyata gecikmişəm” romanı ilə başlamışdır. 2012-ci ildə “Psixodrama (Özünü axtarış)” adlı ikinci romanı və “Dünyadakı dünyam” adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2014-cü ildə yaradıcılığına “İki sıfır bir dörd” adlı şeirlər kitabı ilə davam edən yazıçı-şair, eyni ildə “İgid ölər, igidlik ölməz” povestini oxucuların ixtiyarına buraxmışıdır. Sonuncu romanı olan “Təşəbbüs”        2018-ci ildə çapa verilmişdir. Ali hüquqşünas təhsilli olan gənc yazıçı-şair Tural Həsənli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, prezident mükafatçısıdır.

ÖN SÖZÜM

İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimintəsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misali, içində hamımıza ehiva edən böyük bir komadır. Haradan baxsanız, on il var ki, qələmlə dərdləşir və bir şey yazmağa çalışıram. 

Varlıq kimi yoxluqlar da bu həyatdan bizə ərməğandır. Məhz bu səbəbdən də qazanclarımın olduğu kimi son on il müddətində, eyni zamanda bir çox şeyin yoxluğunu çəkdim. Hərçənd heç zaman düşüncə yoxluğu yaşamadım, yaşamın düşüncəsiz var olmayacağına inandım. Həyatımın hər bir hissəsində var olmağıma səbəb olan düşüncələrim mənimlə idi. Düşündükcə böyüdüm və böyüdükcə dünyaya baxışım dəyişdi. Mən dəyişdikcə də ətrafımı dəyişdirməyə davam etdim. Beləcə gördüm ki, gələcək düşüncələrimlə formalaşır. Dəyişmək gözəl idi, amma dəyişməyən ən gözəl şey qələmimə istiqamət verən sevgi idi.

​Bu, bir sevgi, bu, bir dəyişim, bu, bir dünya hekayəsidir. Bu, gənc bir yazarın içində yaşadığı “Koma”dır. (komadır)

Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi?

Not:

Özünü həqiqətə və yalana çox yaxın hiss edəcəksən.

Əgər həqiqətləri öyrənəcək qədər cəsur, yalanlarla yaşayacaq qədər cahil deyilsənsə, gəl, amma unutma ki, yalnız hazır olduğunda dərk etməyə başlayacaqsan, çünki yalanlarla yaşamağa öyrəşmiş biri üçün həqiqət əhəmiyyətsizdir.

Dalğaları yalnız dənizdə görürsənsə, bütün bildiklərini unut, çünki kainat konkretliyə tərs mütənasib olmaqla mücərrədliyə mütanəsibdir. 

I HİSSƏ
I bölüm
İnsan yaşadığının şahidi, yaşamadığının kahinidir

İl 2016, Bakı

​Bir həftə əvvəl həyatımda ən dəyərli varlığımı itirdim. Yəqin ki, ən dəyərli şey şəxslərə və zamana görə dəyişən bir şeydir, çünki həmin an mənim üçün atam, mənim ən dəyərli varlığım idi. Müqayisədə kiməsə görə can sağlığı, kiməsə görə şəxsiyyət, kiməsə görə övlad, kiməsə görə din və sair bu kimi şeylər sahib olduqları ən dəyərli varlıqlardır. Əslində sahibləndiyimiz hər şeyin zamanla bizi sahiblənməsi qaçınılmaz idi. Təkcə “yaşatdığını yaşamamış ölməzsən” prinsipi belə bütün mühakimələrimizi parçalamağa kifayət edərkən insanoğlu, elə insanoğlu insan olaraq qalırdı. Bir faylın virus tutaraq kompüterdə çoxalması kimi insanlıq bir-birini təkrarlayır, çoxalır və nəticədə bütün kopyalarının kompüterdən asanlıqla silinməsi kimi əslində öz-özünün qurbanına çevrilirdi. Atamı həmişəlik itirdiyimdə ölümün bizə həyatdan daha çox yaxın olduğunu dəqiq öyrənmişdim, çünki həyat yaşamın hər yerində idi, amma ölüm sadəcə bir an idi. Hər kəs qayğısız və sağlam ömür arzuladığı kimi əziyyətsiz və təbii ölüm istəyər. Əgər həyat istəklər üstündə qurulsaydı, hər halda həyatı istəksiz yaşayardıq. 

​Mənimlə sağollaşanda sanki son olduğunu bilirdik, çünki onu məndən daha yaxşı tanıyan heç kəs yoxdu. Əslində onun məndən başqa heç kimi yoxdu desəm, daha düzgün olardı. Bir-birimizə doğmalaşmışdıq. Əvvəl o mənə qızı kimi, sonra mən ona öz atam kimi sahiblənmişdik. Burada qeyri-adi heç nə yoxdur, ata və qızı arasındakı bağların nə qədər güclü olduğunu təsəvvür etmək çox çətin deyildir, amma bu da bizim sevgimizin qarşısında çox xəfif qalır, hiss etmək üçün onu yaşamaq şərtdir. Nəticədə insan yaşadığının şahidi, yaşamadığının kahinidir. Qızını tək-başına böyüdən bir adamın hekayəsi idi bu, bəlkə indi daha dramatik səsləndiyi üçün onun ən dəyərli varlığım olduğunu anlayışla qarşılayarsınız. Atam mənə deyirdi ki, insanlar sənin nə düşündüyünü bilməz, nə dediyini eşidər, nə hiss etdiyini anlamaz, nə etdiyinə baxar. Bir filosof, bir dahi idi, mənim atam. Düşünməyin ki, bu, atasına heyran qalan sadə bir qızın uydurduğu sözlərdir.Atam Ali Attestasiya Komissiyası və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən, akademik, professor adlarına layiq görülmüşdü. Onun baxış və həyat tərzi üst-üstə düşürdü. Başqa cür olması çox da istənilən hal olmasa da, bizim ölkəmizdə gözlənilən idi. Əksər insanın həyat tərzini onun həyata baxışı deyil, idarəsində olduğu heyətin, oturduğu yerlərin, gəldiyi yüksək məqamlarım müəyyən etməsi tez-tez müşayiət olunurdu. Əgər həyat tərzinlə ayaqlaşmırsa, baxış tərzinin gözəl olması nisbidir. Atam heç vaxt bürokratik və hörümçək toru kimi yayılmış çox güclü bir sistemin zəif halqası olmamışdı, əksinə o, sərbəst iradə və zəkanın keşiyində insan haqq və hüquqlarının ən ali keşikçisi, elmin dərvişi, əxlaqın və təməl olmayan dinin təmsilçisi idi. Onun cəmiyyətin istənilən təbəqəsi arasında böyük nüfuz sahibi olması, sadaladığım keyfiyyətlərə əlaqəli deyildi, çünki o, yalnız yaşadığı ölkənin deyil, dünyanın ən varlı insanları sırasında ilk iyirmilikdə idi. Az insanın bildiyi kimi zənginlik həmişə şöhrət və rahatlığı eyni anda gətirmir, məsuliyyət və lənət də gətirir. İnsanlar böyüdükcə kölgələri də böyüyər. Bəzi insanlar öz kölgələrinə rəğmən başqasının kölgəsində gizlənər. Atamın kölgəsi çox böyük idi və orada gizlənən insanlar saya-hesaba gəlməzdi. Bütün bu çətinliklərə baxmayaraq, atam məni öz sevgisindən yoxsul buraxmamış, hətta aramızda ana yoxluğunu hiss etdirməyəcək qədər güclü sevgi bağları yaratmışdı. Onun daha var olmayacağını qəbullanmaq mənə çox ağır gəlir. Bildiyim hər şeyi ondan öyrənmişdim; “bu gün varam, başqa bir gün yox, bu qədər bəsitdir həyat” – dediyini düşünüb gələcəyə baxıram, əlbəttə ki, bir gizli həqiqəti, nəyin bahasına olursa olsun,öyrənəcəyimə söz verərək. 

Atamı kim və nə üçün öldürmüşdü?

Köşə

İlk əvvəl insanı anlamaqdan yola çıxdım, sonra həyatla davam edib, dünyada dayandım.Sona çatdığımda dərk etdim ki, əslində mən dayandığım yerdən başlamalı idim. Dünyanı doğulduğun yerdən, həyatı yaşadığın zamandan və insanı böyüdüyün ailədən axtarmağa yola çıxsan, nəticədə gəldiyin yer yaxın, çərçivəli, məhdudiyyət və sərhədlə əhatələnmiş olacaq. İnsan səyyahdır və unutma ki, axtardığın sualların cavabları cəmiyyətin arasında mövcud deyil, yalnız təkliyini qəbul etdiyində həyatını üzərinə köklədiyin dəyərlər mənasız olduğu qədər mənəviyyatın dəyər yüklü olacaq. Qırılmaqdanyorulmaqdanyüklənməkdən qorxma, yəqin et ki, hər tam özündə kəsirləri ehtiva edir… Platform 9¾

II bölüm
Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyadın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın
(K)

İl 2016, İstanbul

​Bu, mənim xarici bir ölkəyə ilk gedişim olacaqdı. İyirmi üç yaşında, dünyanın ən zəngin adamlarından birinin qızı olub, lakin heç vaxt ölkədən kənara çıxmamaq qulağa dəlicə gəlirdi. Bu belə səslənə bilər, amma mən dünyadakı əksər ölkələrinin mədəniyyəti, şəhərləri, dinləri və dilləri haqqında məlumata sahib idim. Dünya haqqında “gəzən daha çox bilər” teoreminə əks aksiom olacaq qədər çox şey bilirdim. Əslində qız uşağı olduğum və atamın da üzərimdəki böyük sahiblənmə, mühafizə duyğusu ucbatından xarici ölkələrə heç vaxt getmədiyimi qəbul etməkdə çətinlik çəkirdim, çünki getdiyi qısa səfərlərdə məni özü ilə bərabər aparmaq imkanı olsa belə bu heç vaxt aramızda müzakirəyə açıq olmayan tək mövzu idi. Atam cəmiyyət arasında nə qədər dinə bağlı biri kimi görünsə də, o, dünyəvi biri idi. Sadəcə Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti olan Kembric Universitetində təhsil alması onun haqqında fikir formalaşdırmağa bəs edəcək qədər idi. Amma dediyim kimi müzakirəyə açıq olmayan bu mövzunu atamla heç vaxt danışmamışdım. Ona sevgim nə qədər böyükdürsə, verdiyi qərarlara hörmətim də bir o qədər böyük idi. İndi isə xaricə ilk səfərim üçün qarşımda heç bir qadağa qalmamışdı. 

Magistratura təhsili almaq üçün dünyanın istənilən ölkəsinə gedə bilmək imkanım olmasına baxmayaraq, azacıq klastrofobiya ucbatından dünyaya ilk səfərimi Türkiyəyə planlaşdırdım. Mədəniyyəti, dili, dini və bir çox ortaq nüansların bizi birləşdirdiyi bu ölkəni atamın yalnız mənim kompüterimdə mövcud olduğunu dediyi bütün dünya ölkələrinə səyahət etməyimi təmin edən “AwA”adlı proqramla qarışbaqarış gəzmişdim. Ən çox İzmiri sevməyimə baxmayaraq, İstanbulda oxumaq və iki qitəni birləşdirən möhtəşəm şəhərin sehrinə şahid olmaq duyğusu daha üstün olmuşdu. Məhz bu səbəbdən də İstanbul Texniki Universitetində “elm texnologiyaları ixtisası” üzrə təhsil almaq üçün yola düşdüm. Təyyarə ilə ilk tanışlığım olduğu üçün həyəcanlı idim. Bu həyəcanı ətrafdakı insanlara hiss etdirməmək üçün bacardığım qədər danışmamağı, sadəcə gülümsəməyi üstün tutdum. Amma bu, həmin vaxt məndən asılı deyildi, çünki arxamca gələn izdihamcangüdənlərimi də həyəcanlandırırdı. Gözümü həyata açdığım vaxtdan ətrafımda cangüdənlər olmuşdu. Sadəcə evimizin içinə girmək hüquqlarının olmadığı həmin mühafizəçilər, bağçada, darvazada, getdiyim hər yerdə məni və atamı kölgə kimi izləyirdilər. Hər şey kimi zamanla artıq buna da öyrəşmişdim. Şəxsi həyatıma heç vaxt qarışmadıqları və sadəcə məni qoruduqları müddətdə narahat olmurdum. Bu dəfə onların vəzifəsi məni təyyarəyə qədər gətirmək idi, çünki atamdan sonra mənim qərarlarımla və istəklərimlə hərəkət etməli idilər. Ətrafımızda həmişədəstəyini can-başla hiss etdirib atamın qısamüddətli səfərlərində mənə dəstək olan Fati (adı Fateh idi, mən elə səslənirdim) də yanımda idi. Fatinin uzun boyu onu görənlərə kənardan yeriyən nərdivanı xatırladırdı. Çəkicə bənzəyən çənəsi, çatma qaşları, iri bədəni, güclü əzələləri, çopur dəri səthi olmasına baxmayaraq, Fati mənə çox doğma idi. Onsuz da ətrafımızdakı insanlar zamanla bizə doğmalaşır və onların xarici görünüşləri bizim üçün əhəmiyyətini itirir. Fatiyə həqiqətən hörmət etdiyimi, onun da məni çox istədiyini bildiyim üçün mənə xarici ölkəyə tək getməyin güvənli olmadığını ikinci dəfə deməyə cəsarət etmişdi. Qərarımın qətiyyətini və dəyişməyəcəyini görən Fatiyə tuş gələn baxışlarımda onun nə qədər nigaran olduğunu görmək mümkün idi. Həyatımı daimi qoruyacağı barədə atama söz vermişdi. Amma bu söz artıq mənim qərarımla sadəcə öz ölkəmizdə keçərli idi, çünki hamı kimi olmaq mənim haqqım idi, baxmayaraqki, bu, mənim üçün çox təhlükəli idi. Hələ də atamın sadəcə bir ay əvvəl öldürüldüyünü düşündükdə, özümü qorumalı və təhlükədə olduğumu unutmamalı idim. Düzü, təhlükədə olduğumu hesab etmirdim, atamı öldürənlər məni öldürmək niyyətində olsaydılar, bunu çoxdan bacarmışlardı. Bütün bu düşüncələrin arasında sonuncu çıxışda biletimi və pasportumu mənəqaytaran qadınla göz-gözə gəldik. Mənimlə şəkil çəkdirmək istədiyini və bu şəkli heç bir sosial platformada paylaşmayacağına söz verdiyini deyərək gözlərimə baxırdı. Sosiallığın qarşısıalınmaz şəkildə sürətlə yayıldığı bir zamanda sosial şəbəkələrdə geniş təqibçi kütləmin olduğunu və onlardan biri ilə rastlaşdığımı düşünərək xoş bir gülümsəmə ilə buna icazə verdim. “Amma Adel, bu sizin üçün çox təhlükəlidir” dediyində Fatiyə ünvanladığım sərt baxışla sözü yarıda kəsildi. Səmimi bir gülüşlə istədiyini alan təyyarə bələdçisinin “yaxşı yol, xanım” deməsi ilə arxama dönüb geridəki hamıya sağ əlimlə vida edirmiş kimi gülümsədim. Bu vida əslində geridə buraxdığım xatirələrə, bildiyim həyata və atamın yoxuğuna idi.

Fati təhlükəsizliyimlə bağlı dediyi hər bir şeydə haqlı idi. Əgər ona bələd idimsə, ki, bundanarxayın idim, o sevimli xanımla çəkdirdiyimiz şəkil artıq çoxdan onun telefonundan silinmişdi. Sözün düzü, bunu etməsi məni rahatladırdı, çünki dünyanın ən varlı iyirmi adamından birinin adı atamın ölümü ilə mənim adımla yer dəyişdirmişdi. Sadəcə sərvətim üçün də mənə xətər yetirə biləcək çox adam vardı, amma mən qorxmurdum. Bəs qorxmalı idim? Əlbəttə, qorxu bu məqamda şərt idi, çünki atamın ölümü ilə həyatın mənim üçün yeni başladığının və nə qədər böyük bir oyunun içində olduğumun fərqinə varanda gec ola bilərdi.

​Təyyarədə sadə qoltuqlardan birində əyləşmişdim. Təyyarə uçuşa başlayan kimi yanımda əyləşən gənc qızın əlinə aldığı kitab diqqətimi cəlb etmişdi. Konfutsinin kəlamları haqqında yazılan kitabı gördükdə fərqində olmadan yüksək səslə demişdim: “Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyadın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın”. Bu cümlədən sonra gənc qız əlindəki kitabı dizlərinin üstünə qoyub, üzünü mənə tərəf çevirib, təəccüblə baxdı. Adım Nura dedikdən sonra mənim də ona özümü tanıtmağım üçün səssizcə dayandı. Şad oldum Nura, adım Adeldir. 

– Adel? Bizim ölkədə eşitməyə öyrəşmədiyimiz, amma çox xoşuma gələn addır. Mənasını bilirsiniz?

Üzümdəki özümdən razı gülümsəməni gizlətmədən:

– Əlbəttə, ibranicə “güc” deməkdir – dedim.

Köşə

Qapımı döydüm, evdə heç kəs yox idi. Səsləndim, susmuşdu vicdanım. Əməllərimə görə utanmadıqca arsızlaşırdım. Ruhum qəfildən yoxa çıxmışdı və içimdə böyük boşluq hiss edirdim. Hamı kimi duyğusuz olmaq istəmirdim, amma acını hiss etmədiyim üçün təəssüflənirdim. Hər şeyim var idi, amma heç nəyim yoxmuş kimi hiss edirdim. Böyük evin içində özümü böyük olduğunu zənn edən insanlar sonsuz olduğu təxmin edilən qalaktikanın içində kiçik zərrə olduğunu unudurmuş. Evin yüksəkliyindən şəhərə baxmaqdan bezmişdim, bu səbəbdən zirzəmiyə düşdüm.Gözüm köhnə sandığa sataşdı və içindən on il əvvəlki günlüyümü tapdım. Sevdiyim qıza yazdığım uşaq düşüncəli məktubu oxudqca üzümdə çoxdandır unutduğum təbii gülüşün gəldiyinin şahidi oldum. Ard-arda yazdıqlarımı oxuduqca bir də baxdım ki, qeyri-iradi gözümdən yaş düşür. Sonuncu dəfə atam öləndə ağlamışdım. Günlüyün son cümləsində belə bir not var idi; “bir gün çox güclü olacağam”. Həyat istədiyimi mənə vermişdi, çox güclü idim, amma xoşbəxt deyildim. Anladım ki, gücün sevgisi yoxdur, sevginin gücü vardır…

III bölüm
Əgər biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik?
(K)

​Uçuşun bitməsinə nə qədər qaldığını öyrənmək üçün qol saatıma baxdım. Atamdan mənəon üçüncü doğum günümdə verilmiş İsveçrə markalı bu qol saatı yarım ay şəklində idi. Hərçənd ki,ilk saat bu ölkədə kəşf olunmamışdı, amma saat dedikdə ağla gələn ilk ölkə İsveçrədir, çünki dünyanın ən yaxşı saatları bu ölkənin adı ilə bağlıdır. Zaman keçdikcə qolumdakı bu mexanizminüstünə daha ağıllı saatlar çıxsa da, mən onu əvəzləyəcək bir saat tanımırdım. Əslində hədiyyələri dəyərli edən ona xərclənmiş maddi vəsaitlər deyildir, dəyər verdiyin insanlar tərəfindən sənə göstərilən diqqətdir. Ətrafınızda hədiyyələrin dəyərini maddiyyatla ölçən biri varsa, bilməyinizinvacib olduğu bir həqiqət vardır; sizin onun gözündəki dəyəriniz mənəviyyatdan çox rəqəmlərdən asılıdır.

Təyyarədə olduğum müddətdə atamdan miras qalmış şirkətlərin maliyyə vəziyyətinə göz gəzdirdim. Bağladığımız beynəlxalq müqavilələri, onların şərtlərini, əməkdaşlıq etdiyimiz və ortaqlıq təkliflərini rədd etdiyimiz bütün şirkətləri diqqətlə yenidən araşdırdım. Atamın ölümündə xüsusi bir payı, mənfəət sahibi olacaq və kimin nələr qazanıb, nələr itirəcəyini diqqətlə incələdim. Bütün araşdırmalarıma baxmayaraq, ortaya çıxan nəticələr sadəcə şübhə dolu zəif ehtimallara dayanırdı.

1994-cü ildə bağlanılmış “Əsrin müqaviləsi” ilə qoyulacaq investisiyanın 17,01 faizi həcmində payı olan ABŞ-ın “Amoco” istehsalatçısının Azərbaycandakı səlahiyyətli nümayəndəsi olmaqla sərvət qazanmış böyük bir iş adamı olaraq tarixə adını yazdırmış atam, eyni zamanda “Heydər Əliyev” fonduna ildə ən çox yardım edən böyük xeyriyyəçi olaraq da tanınmışdı. Azərbaycanda bizim ailəyə məxsus 11 xəstəxana, 2 bağça və 2 orta məktəb, körpələr və kimsəsizlər evi, 6 otel zinciri, 28 restoran-kafe, 3 əyləncə, 1 ticarət mərkəzi, 1 avtosalon və 8 ev var idi. Dünyanın ayrı-ayrı ölkələrində isə bu rəqəmlər daha böyük idi. Hətta “Dünyanın ən şimal paytaxtı” ünvanlı qəsəbəsi olan “Şpitsbergen adası”ndakı Longyearbyen’də də evimiz var idi, çünki orada dünyanın qiyamət anbarı mövcud idi.

Atamdan mənə qalmış sərvət yaşadığım ölkənin dövlət büdcəsindən dəfələrlə çox idi. Ona görə də atamın ölümündə şübhəli kimsə axtarmaq samanlıqda iynə axtarmağa tay idi. Əlimdəki kiçik, amma sahib olduğu imkanlara görə olduqca güclü olan kompüterimdə heç bir görüşlərdə iştirak etmədən, hər bir yeni müqaviləni oxuyub elektron şəkildə imzalamaq bir tuş qədər yaxın idi. Ölkədə olmayacağım iki il müddətində bütün hər şeyi bir ay əvvəldən planlaşdırmış, demək olar ki, məndən qabaq qurulmuş sistemin olduğu kimi davam etməsinə razılıq vermişdim. Mənim daha da böyük sərvət qazanmaq kimi nə bir fikrim, nə də ehtiyacım var idi. Atamın ölümü ilə bağlı bütün suallarıma cavab axtarmaq üçün göstərdiyim səylər boşa çıxmışdı. Qısa Amerika səfərində müəmmalı şəkildə öldürülmüş azərbaycanlı iş adamı haqqında yazılanlar son bir ayda dünyanın bütün sosial platformalarında hələ də birinci xəbər olaraq qalırdı. İrəli sürülən bütün iddialar,şübhəlilər və nəticələr sadəcə şəxsi mülahizələrə dayanırdı. Həyatdakı hər şey kimi bu xəbərlər dəmüvəqqəti idi. Yeni çıxan xəbərlər köhnələri heç olmamış kimi unutdururdu. Sosiallıq insanlara bir çox yaxşı şeylər vermişdi, bu danılmaz idi, amma əvəzində insanlardan oğurladığı ən böyük şey duyğu idi. İnsanlar duyğularını itirirdi, ki, bu da ilk baxışda çox böyük itki kimi səslənmirdi, çünki bəşəriyyət artıq bununla mübarizə aparmağın yolunu sonradan tapmışdı. Hər kəs öz kiçik dünyasının sakini idi. Sanki qınından çıxmış və dünyaya açılmış bir ruh küsmüş, tükənmiş və yenidən öz qınına çəkilmişdi.

Bütün sosial platformalarda gündəmdə olan bu günkü tarix daha bir cinayəti gizlətməklə məşğul olarkən öldürülən adamın atam olmasında baxmayaraq, bəlkə də onu mənə xatırladan hər şeydən uzaq olmaq diləyilə, bəlkə də sadəcə təhsilim üçün duyğusuzca dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbul şəhərinə gedirdim. Amma kim bilir, bəlkə də məqsədsizcə atılmış hər addım özü ilə gətirəcəyi böyük fırtınanın ilk xəbərçisi idi?

​Təyyarə Türkiyənin ən böyük adamının şərəfinə adlandırılmış “Atatürk hava limanı” na çatmışdı. Sakit uçuş sonrası təzyiq səbəbi ilə azacıq baş ağrımın olması xaricində, ilk təyyarə səfərim sakit keçmiş, qorxulu və qeyri-adi heç nə olmamışdı. Amma məni ən çox həyəcanlandıran digər bir şey “Atatürk hava limanı” idi. İlk dəfə bu qədər böyük bir hava limanını yaxından görürdüm. Hər tərəfdə fərqli millətlərdən harasa tələsən insanlar, hava limanının içində məşhur kafe, restoranlar mövcud idi. Çox maraqlı dizayna sahib bu hava limanının pəncərələrindən hər dəqiqə uçuşa hazırlaşan, qalxan və enən təyyarələr görmək mümkün idi. Artıq İstanbul məni hava limanı ilə sehrləməyi bacarmışdı. Burada məni qarşılayacaq şirkətin sürücüsü adım yazılmış tabelanı qaldıraraq məni gözləyəcəkdi. Fati qabaqcadan hər şeyi planlamışdı. Təhsil alacağım universitetə yaxın ərazidə çox bahalı olmayan bir ev almışdı. Sürücü məni gedəcəyim ünvana aparacaq və onun vəzifəsi bununla da bitəcəkdi. Bununla da mən yalnız İstanbulda tək-tənhaqalmayacaq, eyni zamanda dünyada kimsəsiz biri kimi yeni tanışlıq hekayəmin qəhrəmanı olacaqdım. 

Bu qədər sərvətin qarşılığında onu bölüşəcəyin bir ailənin və ya kimsənin olmaması acınacaqlı idi. Atam da anasını xəstəlik ucbatından cavan itirmişdi. Babam Bəkirin təkbaşına böyütdüyü atama tale eyni oyunu oynamış, onu da məni təkbaşına böyütmək məcburiyyətindəburaxmışdı, çünki anam məni dünyaya gətirərkən mələk olmuşdu. Arxasındakı sirrin nə olduğunu heç vaxt bilməsəm də, adımın Adel olmasını anam istəmişdi. Bəlkə də qəddarcasına səslənir, amma onun üçün heç darıxmıram. İnsan tanımadığı biri üçün necə darıxa bilər? Həyatında heç zaman görmədiyin birini arzulamaq mənasız deyilmi?

Adımın güc mənasını verməsi, xarakterimə təsirsiz ötüşməmişdi. Atam mənə həmişə güclü olmağı öyrətmişdi. Anamın ailəsi ilə bağlı o qədər məlumatlı deyiləm, çünki uşaqkən atam həmişə anamdan geriyə sadəcə mənim qaldığımı demişdi. 

​Bu da tarixi Konstantinopol şəhəri, canlı əfsanə və tarixi dünya möcüzəsi. Bu şəhərin sehrinə düşməmək mümkün deyildi. Kim bilir, bəlkə də bundan əsrlər əvvəl Osmanlı hökmdarı II Mehmet Bizansın paytaxtı Konstantinopolu ələ keçirdiyi zaman şəhərə mənim durduğum yerdən baxmışdı?! İçimdən bir səs bu şəhəri çox sevəcəyimi, bəlkə də heç vaxt ölkəmə geri qayıtmayacağımı deyirdi. Amma mən Azərbaycanı çox sevirdim. İnsan Vətənini sevməzmi? 

​Çox cılız şəkildə ilk baxışda sadəcə İstanbulun yollarının Bakıdan heç fərqli olmadığını düşünürdüm. Amma şəhərə dair səyahət planımın rəngarəngliyindən heç şübhə etmirdim. Bir anlıq özümü atamın ölümünü unutmuş kimi apararkən radioda səslənən mahnı sayəsində yenidən ölüm barədə düşünməyə başladım. Hər kəs ölür, hər şey ölür, amma nə demiş şair? – “quş da ölər, sən uçuşu xatırla…”

Əgər biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik?

Köşə

Böyük ziddiyət içindədir insan. Özü uşaqlığı üçün darıxarkən uşaqlığını yaşayan balaca bir uşağa artıq uşaq deyilsən deyib, böyük birini uşaqlıq eləməsin deyə tənbeh edirDoğru anladıq ki, həyat bir yoldur, amma qəbul etmədik ki, bu yol yarış zolağı deyilİnsana hüzur verən səssizlikdir, suyu durğunlaşdıran hərəkətsizlik. Günəşi dünyaya gözəl, dənizi mavi göstərən uzaq olmaları deyilmi? Bəs nədir bu təlaşın, sağa-sola baxmadan amansızca qaçışın səbəbi? Biz bir-birimizi anlamırıq, çünki biz bir-birimizi dinləmirik. Dinləyənin deyil, anlayanın yoxluğundan qəribləyər insan. İlk ölən insanın yanındakı o adamdan bəri insanlar itirdiklərinə bir zaman qovuşmağı gözləyirBəlkə də saatın millərinə əqrəb ismini verən ilk adamdan soruşmalı zaman nədir deyə….

IV bölüm
Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver
(K)

​Yeni evimə yerləşmək vaxtımı çox almışdı, amma öyrəşmək çətin olmayacaqdı, çünki Fati uşaqlıqdan məni tanıyır və zövqümü yaxşı bilirdi. Dəniz cəbhəli eyvana sahib olan bu mənzil düşündüyümdən də gözəl idi. Sadəliyi ilə göz oxşayan evin divarlarında əl işləri mövcud idi. Balaca dəhlizin böyük salona çıxan hissəsindən eyvana açılan cam balkon görünürdü. Eyvanda kiçik iki nəfərlik stol dəsti də axşamlar içəcəyim içkilərlə dənizin dadından doymayacağıma göz qırpırdı. Əşyaların demək olar ki, hamısı yeni və xüsusi zövqlə alınmışdı. TV stendə qoşulan səssistemi sayəsində musiqi dünyamda da rahatlıqla hüzur tapa biləcəkdim. Ən sevdiyim isə yataq dəstimdə səhər melodiya ilə oyanma mexanizminin quraşdırılması idi. Bu mənzili həqiqətən çox sevmişdim. Dənizə açılan açıqbalkon, əl işlərindən ibarət divarlar, musiqi sistemi, melodiyalı yataq,daha başqa nə ola bilərdi ki? Elə bu qədər sadəmi? Əslində bura mənim evim yox, yaşayış yerim idi. Ev ürəyimizin, yaşayış yeri bədənlərimizin olduğu yerdir. Evlər yalnız əşyalardan ibarət olmaz, sütunu sevgi olmalı, damı güvən verməli, divarları sədaqətdən hörülüb, içi hüzur qoxmalı, evindən deyil, evinə qaçmalı insan…

Bura asanlıqla öyrəşəcəkdim. Bakıya oxşar təbiəti, hava temperaturu, tünd mavi dənizi, qəlbə yaxın insanları bu mövzuda mənə xeyli kömək edəcəkdi. Əslində ətrafa çətin öyrəşəndeyiləm. Mənim uzun zamandır arzuladığım şey də tam bu idi; başqa bir ölkədə yeni insanlarla ünsiyyət qurmaq, onların arasında sadə insan kimi yaşamaq. Heç zaman başqalarını necə tanıyacağım, kimə etibar edib, yoldaşlıq edəcəyim mənim istəklərimdən asılı olmadığından,burada özümü daha sərbəst hiss edirdim. Həyatınız nə qədər maddi cəhətdən zəngin olarsa, ətrafınız bir o qədər də çərçivələnər. Halbuki çərçivələr insanlar üçün yox, şəkillər üçündür. Atamın əhatəsində olan ailə dostları, dövlət və ictimai tədbirlərdə tanıdığımız insanlar xaricindəbaşqalarını tanımaq şansım olmurdu. Bütün tanıdığım insanlar üzümə baxanda gülümsəyir, nəzakətli danışır, gözəlliyimin göz qamaşdırıcı olduğunu vurğulayır, nə qədər şanslı insan olduğumu hər dəfə mənə xatırladırdılar. Təsəvvür etmək çox asandır, bəlkə də insanlar şanslı olduğumu düşünə bilər, amma bu həyat tərzini yaşamaq göründüyündən də çətin idi. 

Bütün bu sünilik, dəb və eynilik içində səmimiyyətimi itirməmək üçün zamanla savaşırdım. Kənardan hər bir şeyə baxışımız bizim durduğumuz nöqtədən digər nöqtəyə olan məsafədən asılıdır. Dəniz mavidir, uzaqdan çox gözəldir, yaxınlaşıb, daha dərinliyinə enmək istəsən, görəcəyin mənzərələr ürəkaçan olmaya bilər. Günəşin doğuşu və qürubu, səmadakı rəngarəngliyi heyranedicidir, amma ona yaxın olmaq istəsən yanmağı gözə almalısan. İnsanlar öz aralarındakı məsafələrdən yola çıxaraq dəyər biçməyə üstünlük verir. Zahiri gözəllik qalıcı deyil, axıcıdır. Demək istədiyim cəmiyyətdə nə qədər tanınmış ailə olursan ol, xeyriyyəçi və öz vicdanınla hesabatda olan biri olsan da, əgər insanları narahat edəcək qədər maddi sərvətin varsa, onlar üçün sən yadellisən. Mən ölkəmdə yadelli Adel idim, çünki onlar mənə hər baxdıqda sosial ədalətin olmadığını, doğuşdan ərmağanın olmuş zənginliyi qısqanırlar. Qısqanc olmaq sərxoş olmaq kimidir. Əlbəttə, hamının peşmanlıq səviyyəsi qarşındakına dəyər verdiyi qədərdir. Amma biz zənginlər, hamımız eyniyik, ətrafımız ayrı-ayrı adamların oxşarlığından ibarətdir. Toxunuşlar, onların hiss etdirdiyi ehtiras eynidir, yerli şəbəkədən açılan fərqli pəncərələr kimiyik. Əhatədairəmiz genişdir, əlimizin çatmadığı yer azdır, amma ətrafımızda olan kütlənin, gedə bildiyimiz yerlərin oxşarlığı, qəlbimizi fəth edən sözlərin təkrarlığı və seçim imkanlarımızın məhdudluğu heç vaxt adi insanların həyatı qədər bizi xoşbəxt edə bilməzdi. Xoşbəxtlik çılpaqdır, ona geydirdiyimiz don bizim zövqümüzdən, baxış tərzimizdən asılıdır. Amma burada məsələ onu necə geydirdiyimiz və ortaq dünyamızda hansı halda sərgilədiyimiz deyil, məsələ hər nə geyinir, necə görünürsə görünsün, dəyişilməyən xoşbəxtliyin hamı tərəfindən çılpaq qəbul olunmasıdır. 

Mən inanmıram ki, arasında olduğum təbəqələr ruhum sərbəst olmadığı müddətdə, məni azad hiss etdirsin. Nəticədə günün sonunda kim nə edirsə etdin, insan nədirsə, odur. Qərarlarımın mənə aid olmadığı bir mühitdə özümü qəfəsdəki quş kimi hər kəsdən asılı hiss edirdim. Atam həmişə deyərdi ki, bu insanların içində sıxıldığını bilirəm, çünki mən də sıxılıram. “Olduğun kimi görün və ya göründüyün kimi ol” deməyəcəyəm sənə, insanların səndən görünmələrini istədiyi kimi görünüb olduğun kimi qalmağı bacarsan, həm öz daxilindəki dünya, həm də gerçək dünya ilə bağını qoparmadan yaşaya bilərsən. Amma çox diqqətli ol, eyni maskanı uzun müddət taxırsansa, içində gizlətdiyin həqiqi kişiliyi unuda bilərsən. Eyni yalanı təkrar-təkrar danışsan, ona zamanla özün də inanarsan. İndi mənim gerçək və qəlbimdəki dünyam eyni olmuşdu. Artıq rola girmək, gülümsəmək, həmişə nəzakətli olmaq məcburiyyətində deyildim. Bütün çərçivələri sındırımış və öz qabığımı qırmağı bacarmışdım. Axı “yalnız qabığını qıran, bir balaca toxumdan zəngin bir meşəyə dönüşə bilmiş balaca bir toxum həyat macərasına atılmağa cəsarət edə bilər”. 

​1773-cü ildə əsası qoyulmuş İstanbul Texniki Universiteti dünyanın mühəndis hazırlayan ilk universiteti ünvanı ilə tanınan dövlət universiteti idi. Xatırladım ki, tədris binaları 5 kampusda yerləşən bu təhsil müəssisinin ərazisi 16,5 hektardır və burada 25000-dən çox tələbə təhsil alır.

​Necə böyük bir universitetdə oxuyacağımı hər düşündükdə ilk ağlıma gələn qarşıdakı iki ilin mənim üçün nə qədər fərqli bir təcrübəyə səbəb olacağı idi. Həmin təcrübənin ilk gününə bu gün qədəm qoyurdum. İlk orta məktəbə yola düşəndə yaşadığım həyəcan, birinci dəfə ali məktəbə getdiyimdə içimdəki sevinc indi də mənimlə idi, amma ikisindən fərli olaraq daha atam yanımda yox idi. Onun yoxluğunu göz ardı etmək başımı qatmaq üçün bəhanələr olduqda işə yarayırdı, amma xatirələrini unutmaq mümkün deyildi. İnsan xatirələrdən ibarət deyilmi? Əgər elədisə, mənim hər xoş xatirəmin bir ucu atama bağlanırdı. Bəlkə unutmaq mümkün deyildi, amma xatırlamamaq bu çətin vəziyyətdən tək çıxış yolu idi. Xatırlamamaq üçün də sadəcə yeni xatirələrin yaranması şərt idi.

​ Bu gün mənim üçün sonun yeni başlanğıcı olacaqdı. Türk dilini başa düşsəm də, yaxşı danışmaqda əziyyət çəkirdim. Amma nə yaxşı ki, tədris ingilis dilində idi. Ana dilim və türk dili daxil olmaqla ingilis, rus, alman, ispan, erməni və ibrani dilləri ilə ümumilikdə səkkiz dil bilirdim. Öyrəndiyim hər dilin mənə yüksək şüur qazandırdığını yaxşı bilirdim. Nəticədə hər dil, ayrı bir insan olmaqla fərqli bir mədəniyyətdir. Amma bu dünyada nə qədər ölkə olursa olsun, dünya bir bütövdən ibarətdir. Eyni zamanda insana lazım olan sadəcə insan dili olduğu mənim üçün əhəmiyyətli həqiqətdir. Bu gün mənim düşündüklərimin, qəbul etdiklərimin, inandığım və inanmadıqlarımın dünyanın asılı olduğu sistemə heç bir faydası yox idi. Biz hamımız öz dünyamızın sakini olmaqla, istəməsək də dolayı yollarla bu sistemə bağlı qalır, yaşayışımızla ona xidmət edirdik. 

​Universitetə yaxınlaşdıqda girişin önündəki canlı təbiətin möhtəşəm sintezi məni başdan çıxarmağı bacarmışdı. Bağçasında fərqli və göz oxşayan gülləri, süni gölü və içindəki suyun səsi mənə dənizlə baş-başa qaldıqda yaşadığım hüzurun bir qismini verməyi bacarmışdı. Əlbəttə,diqqətimdən qaçmayan xüsusi bir nüans üzümdəki qəribə sevincə, gülümsəməyə səbəb olmuşdu. Doğru yerdə olduğumu hələ ilk baxışda bağçasındakı sadəcə beş çiçəklə təsdiqləyən bu yerin mənim həyatımda açacağı cığırın fərqində deyildim. Çoxları üçün adi və diqqət cəlb etməyən bu beş çiçəyə həsədlə baxırdım, çünki beş ayrı rəng çalarına sahib eyni çiçəyin zəngin ayrılıqda fərqli mənası var idi. Ağ, çəhrayı, qırmızı, mavi və bənövşəyi olmaqla eyni cinsdən olan Lotus çiçəklərini istər görünüşünə, istər də qəbul edilən mənalarına görə çox sevirdim.

Binaya daxil olduqda sağda tikilinin daxili xəritəsinə ilişib qaldım. Gözüm xəritədə ilk olaraq sinif otağını deyil, adəti üzrə kitabxananı axtardı, çünki özümü ən zəngin hiss etdiyim yer kitabxanalar idi. Ömrümün sonuna qədər kitabla dolu bir evdə, çiçəklə dolu bir bağçada şikayətlənmədən yaşaya bilərdim. Bir kitabla viza və pula ehtiyac duymadan istədiyin zamana, istədiyin yerə, hətta istədiyin duyğuya səyahət etmənin mümkünlüyünü kəşf edəni illər olmuşdu.

Liftin qarşısı sıxlıq olsa da yuxarı mərtəbəyə qalxmaq üçün pilləkənlərdən istifadə edərək ilk gündən təngnəfəs olmaq fikrində deyildim. Tədris binası uzaqdan mavi balinanı xatırladırdı, amma düşünün ki, bu mavi balina sizi udur və artıq onun içərisindəsiniz. Əvvəl çətin görünür, amma zamanla hamı hər şeyə öyrəşir. Bu böyük və maraqlı dizayna sahib binanın rəng çalarları,xüsusilə, diqqətimi çəkmişdi. Pilləkənlərdə fərqli rəng tonları, piano notları tədris binasının sıxıcı müəssissə rejimindən insanı çıxarmağı bacarırdı. Oxumağın məcburiyyət yox, könül işi olduğunu təcəssüm etdirən bu binada olmaq qətiyyən vaxt itkisi sayılmazdı. Binanın divarlarında dahi şəxsiyyətlərdən kəlmalar yazılmışdı. Binaya ilk girişdə fikir verməsəm də, zamanla ətrafımdakı tələbə sayının sıxlığı və bir o qədər də gülərüzlüyü mənə həqiqətən zövq verirdi. Bakıdan fərqli olaraq İstanbuldakı tədris binaları insanı özünə sevdirməyi bacarır, çünki məqsəd həqiqətən tələbələrin diplom sahib olması deyil, bilik sahib olması, gələcəkdə sevəcəyi işi görməsi üçün ən uyğun peşəni seçməsidir. Hələ bütün mədəniyyəti ilə bizə yaxın olan İstanbulla aramızda bu cür səviyyə fərqi mövcud idi, qaldı ki, inkişaf etmiş ölkələrdə bu səviyyəni təsəvvür etmək insanı dəhşətə gətirirdi. Bir binanı, daş yığınını, evə, təhsil ocağına və sığınacağa çevirən titulları ya da diplomları deyil, orada hiss etdiyin duyğu, göstərdiyin səylər, yəni bir növ sevginin özüdür.

Bir mərtəbəni sırf pilləkənlərin zövqünü yaşamaq üçün piyada qalxsam da, sonra yorulmamaq üçün liftə yaxınlaşdım. Nəhəng liftin qapısı açıldı və metro gözləyən sərnişinlər kimi on nəfərə yaxın adamla liftə girib, yuxarıya doğru hərəkətə başladıq. Liftdə olarkən insanların gülünc səssizliyi, baxışları və hissləri mənim üzümdə bir anda gülümsəməyə səbəb olur. Bunun niyə belə olduğunu həmişə düşünürəm. Bəlkə də buna səbəb liftdə olacaq qısa zamanın təsirindən yaranmış ünsiyyət lazımsızlığı ola bilər. Ya da insanlar sadəcə gözlərini bir-birindən qaçırmağı sevir deyə belədir, kim bilir? Nəhayət, sinif otağına daxil oldum, içəridəkilərlə göz-gözə gəlib salamlaşdım və arxa tərəfdə bir yerdə əyləşdim. Sinfə nəzər saldıqda digər millətlərdən olan tələbələri də görmək mümkün idi. Sinfə baxdıqda “AwA” proqramının meyvələrini toplayır, bir baxışla insanların üz cizgiləri, mimika, gülüş və hərəkətlərindən kimin hansı millətdən olduğunu ayırd edə bilirdim. Özümü o an özündən razı, eqoist dedektiv Şerlok kimi hiss edirdim. Bu mənə qəribə bir özgüvən verirdi və içimdə burdakı həyatımın çox maraqlı keçəcəyinə dair bir hiss vardı. Halbuki, mən tədris gününün ikinci həftəsində aramıza qatılan yeni tələbənin gəlişi ilə bütün həyatımın, planlarımın alt-üst olacağını təsəvvür edə bilməzdim. 

Köşə

Dərinə enmək istəyirsənsə, boğulmağı gözə almalısan. Şübhə zəkanın, inanmaq ürəyin işidir. Hər şeydən şübhə etmək ürəyə, hər şeyə inanmaq zəkaya hörmətsizlikdirArtıqlıq və əksiklik riyazidir, bərabərlik insana xas xarakterdir. İnsan doğulmaq bioloji, insan qalmaq mənəvi hadisədir. Birincisi əlində deyil, ikincisi əməlindədir. İnsan dünyaya məhkum, dünya insana məcburdur. Kainatda düz ya da səhvin, yalan və doğrunun yeri qaranlıq və işığın olduğu qədərdir. Yenə bir dilemma ortaya çıxır ki, qaranlıq işığın olmadığı yerdir. 

V bölüm
Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, imkanı əldən vermə
(K)

2017, Bakı
(bir il sonra)

​Bəzən heç nə gözlədiyimiz kimi olmaz, bəzən də hər şey gözlədiyimiz kimi olar. Ən böyük bəzən də odur ki, bəzən gözlədiyimiz istədiyimiz deyildir. 

Bu dünya ilə tamamilə vidalaşmağıma cəmi yeddi gün qalmışdı. Daha detallı desəm, yüz altmış səkkiz saat, on min səksən dəqiqə, altı yüz dörd min səkkiz yüz saniyə. Detallar çox önəmlidir. Sənin üçün sadəcə altmış saniyədən ibarət olan bir dəqiqədə dünyada nələr olduğunu heç düşündünmü? Bir neçəsini deyə bilərəm, məsələn, əlli səkkiz təyyarə qalxır, yüz on altı evlilik olur, yüz qırx dörd kişi yeni evə köçür, səksən üç min adam sevişir, yarıdan çoxu bunun olmasını istəmədən üç yüz səksən qadın hamilə qalır, on beş qüsurlu və yüz on beşi aclıq səviyyəsinin altında olmaqla iki yüz əlli beş uşaq doğulur, on səkkiz insan acından olmaqla yüz yeddi nəfər ölür və son olaraq ən maraqlısı, hər qırx saniyədə bir adam intihar edir. Sonuncu mənim üçün ona görə daha maraqlıdır ki, yeddi günün sonunda ortalama olaraq hesablanmış o qırx saniyədə intihar edənlərdən biri də mən olacağam, daha doğrusu, məndən geriyə qalan bir statistika.

​İstanbuldakı həyatımı bir ilin sonunda yarımçıq qoyub küləklər şəhərinə geri qayıtmışdım. Əvvəlində hər şey çox maraqlı idi. Hər şey əvvəlində daha maraqlı, həyəcanverici, axıcı olmağa məcburdurmu? Atam sağ olsaydı, bəlkə də heç bir zaman xarici ölkəyə getməyəcək, onu tanımayacaqdım. İlk tanışdıqda bunun möhtəşəm bir duyğu olduğunu, sərhədsiz xoşbəxtliyin qapılarını açdığımı zənn edirdim. Eşq əvvəli cənnət, sonu cəhənnəm olmağa məhkumdurmu həmişə? Əvvəli fərəhlədib, sonunda atəşi ilə yandırmasa olmazmı? Hər şey o lənətə gəlmiş elektriklə başlayır, hər kim kəşf etdisə artıq, onu da söyürəm hər dəfəsində. Elektrik aldığın insandan uzaqlaşdıqda duyğularda, yəni naqillərimizdə qısaqapanma olması məntiqlidir, təbii ki, bu da yanma verə bilər. Nə danışıram, mən İlahi? Nə danışdığımı, nə yaşadığımı, yoxsa heçyaşamadığımı bir bilsəm?! Ondan sonra nəyi bilib, nəyi bilmədiyimi də unutmuşam. Mən Adel, gücün təmsilçisi, sevgi qarşısında gücsüzlüyümün acizliyi ilə boğuşurdum bu gün. İradə sahibi, güc sahibi, məqam sahibi ola bilərik, amma eşqin sahibi heç zaman olmayacaqdıq. O, sahibsizdir, o, sonsuzdur, ölümsüzdür, zamansız və məkansızdır, eyni Tanrıya uyan bu təriflərə uyğundur, amma Tanrıdan daha güclüdür, çünki sənə bəxş edilmiş və qəsd edilməsi qadağan edilmiş cismə sahiblənərək onu intihara sürükləməsi mümkündür. Bəs hər şey necə başlanmışdı?

​Sinfə ilk girişində gözlərim iradəmdən kənar onun gülümsəyən üz cizgilərində əsir qaldı. Kilid qalmışdım dərs boyu onun dərisinin rənginə, dağılmış saçının nizamsız düzülüşünə, gözlərinin titrəkliyi və səs tonunun ahənginə. Boyu tam xoşladığım kimi, çəkisi orta olmaqla, diksindirəcək qədər səviyyədə olmayan, başdan çıxaracaq qədər inkişaf etmiş qol əzələləri içimdəki qəribə istiliyə, qarşı qoyulmaz bir ehtirasa səbəb olmuşdu. Ayaqlarımı bir-birinə kilidləyərək sehrində itdiyim bu adamın mənim üçün yaradıldığına and içə bilərdim. Duyğularımın dilmancı idi sanki. Hətta geyimi, saç düzümü, vurduğu parfümün cəzbedici qoxusu məni özünə ilk görüşdə kilidləməyi bacarmışdı. Əllərimi qollarında gəzdirmək, barmaqlarımla üzünü oxşamaq, dodağımla bədəninin hər zərrəsini kəşf etmək istəyi mənim beynimdən çıxmırdı. Özümə dur deyə bilmir, düşüncələrimin qarşısını ala bilmirdim. Daha ağzından on kəlmə belə içməmiş qulaqlarıma kimi qızardığımı hiss edirdim. Bu dəli ehtirası həyatımın heç bir hissəsində kimsəyə qarşı hiss etməməyim, indi məni çox utandırırdı, bədənimdən qalxan istinin təsirindən  yanaqlarım közərmişdi. Üzərimə buz töksələr həmin an “cız” edərək əriyəcək qədər alovlu hiss edirdim özümü. Bütün duyğularım pik nöqtədə idi. Sağ qolundakı köhnə model İsveçrə saatına qədər diqqət etmiş, ingilis aksentindən Amerikalı olma ehtimalına üstünlük vermişdim. Bu qədər həyəcanın içində analiz etmək qabiliyyətimin hələ də itməməsinə çox sevinmişdim, çünki özümü bu qədər itirməyim heç normal deyildi. Məndən az irəlidə oturmasına baxmayaraq, geriyə bir dəfə də dönüb baxmaması, fərqimə varması üçün etdiyim bəzi məntiqsiz, gülünc şeylərin faydasız olması məni özümdən çıxarırdı. Onu tanımalıydım, hətta daha irəli getməli idim, bəli, onu həyatımda əbədi istəyirdim, o, mənim sevgilim olmalı idi. Mən bu şəhərə, bu universitetə, bu sinfə, ilahi, de ki, bu dünyaya onu tanımaq üçün gəlmişdim, amma görəsən o da mənimlə eyni fikirdəydimi?

​Tənəffüs olan kimi gizlicə təqibim başlamışdı. Kafeyə tərəf getmiş, özünə sadə bir qəhvə alıb, tək-tənha əyləşmişdi. Mən də su alıb, onunla üz-üzə qarşıdakı masada əyləşmişdim. Əlində telefonla nə isə qurdalanır, arada qəhvə içir, gözlərini sanki hər kəsdən gizlədirdi. Artıq sıxılmağa başlamışdım, çünki o mənim fərqimə varmalı, mənimlə tanış olmalı idi. Bir anlıq beynimdən əsl kimliyimi bilsə, yaxamdan düşməz deyə fikir keçsə də, amma bunun nə qədər çirkin bir düşüncəolduğunu elə həmin anda qəbullandım, çünki mənim əsl kimliyim elə bu idi. Zənginliyin mənə geydirdiyi don süni və saxta idi. Nəticədə mən də insanam, belə şeylərin ağlıma gəlməsi normaldır, amma indi məsələ onunla necə tanışmağımla bağlı olacaqdı. Nigaran və düşüncəli baxışlarım diqqətsizliyimə səbəb olmuşdu ki, bir anda qarşıdakı stolda onun olmadığını fərq etdim. Səfeh düşüncələrimlə çəkişmə yaşadığım vaxt iki daşın arasında yox olmağı bacarmışdı. Dəli kimi yerimdən sıçradım, gözlərimlə ətrafı diqqətlə gəzib, onu axtardım. Əlbəttə ki, onu tapacağımı düşünməklə yanlış etmişdim, ayağa qalxıb getmək fikrində idim ki, mənə tərəf gəldiyini gördüm. 

​Həmin an içimdəki hisslərin fırtınasını təsəvvür etmək istəsəniz, bu, mümkün olmayacaqdı. Xatrırlayıram adam dümdüz mənə tərəf gəlirdi. Dünyam öz  oxu ətrafından çıxıb tərsinə dönməyə başlamışdı. Yuxu və xəyal deyildi, adam mənə tərəf gülümsəyərək yaxınlaşırdı. Yavaş-yavaş gəlməsinə baxmayaraq, bir sürət qatarının mənə dəyməsinə az qalırmış kimi hiss edirdim. Dalğalarım tamam pozulmuş, bildiyim səkkiz dilin hamısı yadımdan çıxmışdı, çünki yaxınlaşıbmənə salam verdikdə, qarşılığında sadəcə salam deməli idim. Halbuki bütün sözlər boğazımda ilişib qalırdı. Yadımdadır, düyün tutmuş dilim, qıc olmuş damağım, titrəyən dodağım, saitləri və samitləri yeni anadan doğulmuş körpə kimi tanımaz hala gətirmişdi. Salam əvəzində, gülünc və qırıq-qırıq səslər çıxırdı boğazımdan. Baş vermiş hadisənin təsiri ilə məndə yaranmış anormal hərəkətsizliyi görüb əlini gözlərimin önündə sağa-sola hərəkət etdirdi və “nə baş verir, yaxşısan?” deyə amerikan aksenti ilə təəccüblə soruşdu.

​Arxaya döndüm və heç nə demədən oradan uzaqlaşdım. Elə bir sürətlə uzaqlaşmışdım ki,dayandığımda sinif otağı yerinə evə gəldiyimin fərqinə vardım. Qapıdan içəri girib, uşaq kimi ağlamağa başlamışdım. Öz acizliyimə gülməli olduğum halda çarəsizcə ağladım. Artıq çox gecdi, çünki üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, fürsəti əldən vermə. Zamanında əlimə düşən fürsətdən yararlanmadan bir söz belə deyə bilməmişdim. Həmin anın yuxu olmasını o qədər arzulamışdım ki, amma kabus olduğunu artıq bilirdim və pis xəbər bu idi ki, bu kabusdan oyanmaq kimi bir şansım yox idi.

​Ertəsi gün dərsə getmək və getməmək arasında qərarsız qalarkən, özümə hara qədər qaça biləcəyimi sual edib var-gücümü topladım. Zatən insan eşqdən qaça bilərmi? Siz üzərinizə sitəmkar yağan yağışdan qaça bilən birini tanıyırsınız? Bəlkə də özümü bu eşqin yağışından qaçmaq əvəzinə sadəcə ona təslim etsəm, hər damlanı bütün varlığımda hiss edə bilərdim. Səhərəcən güzgüdə bir neçə dəfə özümlə dialoqlar edib, növbəti qarşılaşmada nə deyəcəyimi, dünənki ani hərəkətimi necə izah edəcəyimi düşünərkən planlarımı qurmuşdum. Onunla üz-üzə gəlməyə hazır idim. Amma bütün hazırlıqlara baxmayaraq, onunla yenə hazırlıqsız vəziyyətdə qarşılaşacağımı bilmirdim. 

Hadisədən bir gün keçmişdi. Evin qapısını bağlamış, özümlə danışa-danışa pilləkənləri aşağı enirdim. İradəmi ələ keçirib, özümə sual etməyə başladım. Bəlkə də bu adamın bir sevgilisi, ya da ailəsi vardı. Seçimləri fərqli, zövqləri müxtəlif idi? Bütün sərvətini kampüterdən idarə edən Adel, hansı ara sevgi romanlarındakı səfeh şahzadəyə dönüşmüşdün? Sevgi belə bir şeydir, demək. Bir kitabda da deyildiyi kimi insan iki şeyi gizlədə bilmir, sərxoş və aşiq olduğunu. Belə tez aşiq olmaqdansa, sərxoş olmağı seçərdim. Bütün bunları düşünərkən bir mərtəbə aşağı düşmüşdüm ki, üz-üzə gəldiyim qonşu qapı açıldı və o, qarşımda idi. Yox, daha nələr deyə içimdə fırtına qopmağa başladı. Onun burda nə işi vardı? Üzümə baxdı, gülümsədi, işarə və baş barmağını birləşdirib dodağını kilidləyirmiş kimi etdi. Adam ya dəli olduğumu düşünürdü, ya da dilsiz. Güldüm, salam verdim və ardınca özümü nəzakətlə təqdim edib, adımın Adel olduğunu dedim. Güldü, danışa bildiyimə sevindiyini dedi, ikimiz də güldük, ardınca adının Jonas olduğunu dedi. 

Beləcə başladı bizim tanışlığımız. Bu hekayə aldığım evin tam altında kirayə götürdüyü mənzillə başlamışdı. Təsadüflərə həyat boyu inanmasam da, bizi təsadüflər qarşılaşdırmışdı. Hər gün eyni yolu gedib-gəldiyimiz, sinifdə eyni partanı bölüşməyimiz sayəsində birlikdə keçirdiyimiz qısa vaxt zaman-zaman daha da artmağa başlamışdı. Mənə qarşı boş deyildi, amma mən ona dəlicəsinə aşiq olmuşdum. İlk görüşdə aldığım elektrik, müsbət enerji bizi fərqli məcraya aparmışdı. Jonası tanıdıqca zəkasını, ruhunu, baxış tərzini sevməyə başlamışdım. Bir ay sadəcə yol və sinif yoldaşı kimi davam etmişdik. Hisslərimizi bir-birimizdən sadəcə bir ay saxlamağı bacarmışdıq. 

Onunla bağlı heç nəyi həyatımdan çıxarmaq mümkün deyildi. Hələ o, ilk çıxma təklifi var ha, onu heç unutmayacağam, çünki sevincdən ayaqlarım yerdən kəsilmişdi. Həftə sonu ona vaxtı olarsa İstanbulu birlikdə gəzməyi təklif etmişdim. Ciddi-ciddi həftə sonuna dair başqa planının olduğunu, yeni tanışdığı biri ilə görüşəcəyini demişdi. O qədər əsəbiləşmişdim ki, guya həmin adamın kim olması ilə maraqlanmadığımı istehza ilə üzünə vurmuşdum. Həftə sonu öz planıma sadiq qalmaq üçün ertəsi günə dair geyim seçdiyim zaman qapı döyülmüşdü. Jonas olduğunu düşünmüşdüm, amma qapını açdıqda poçtalyon olduğunu görmüş və təəccüblənmişdim. Əlində qırmızı rəngdə bir lotus çiçəyi (sevgi və tutqunu təmsil edir) və not gətirmişdi. Həmin lotus çiçəyi qurumuş halda hələ də həmin notla birlikdə sevimli kitabımın içində durur. Notda belə yazılmışdı:

Bu həftəsonu sevgilim olarsanmı?

Sevgi hekayəmin proloqu olan bu sualı hər düşündükdə kulminasiya nöqtəmin ayrılıq olacağını təsəvvür etməzdim. 

Köşə

Sevgi hər şeydir deyənlərə yox, sevgi bir heçdir deyənlərə qatılıram. Bu dünyanın bir heçdən yaranmış olduğu həqiqətini unutmadan. Ürəyin tutduğu xərçəng xəstəliyidir, sevgi. Nə qədər kəsib atsaq, metastaz verib, çoxalıb, bədənimizə yayılacaq. İnsanı həyatda tutan tək ölüm diaqnozu sevgidir. Xəyallarla sərhədlənmiş bir dünyadır, təəssüf ki, yaşadığımız yer xəyallar qurmaq üçün gözəl olsa da, onları yaşamaq üçün əlverişli yer deyildir. İnsan yağışı belə yağarkən sevir, ertəsi gün sevdiyi yağışın səbəb olduğu palçıqda dünənki xoşbəxtliyi deyil, bu günkü peşmanlığı axtarır.

ARDI VAR…