VI bölüm
Üç böyük təhlükə: ağıllı insanların duyğusuz, duyğulu insanların təsirsiz, təsirli insanların ağılsız olması
(K)
İradəsi xaricində olan seçimlərin iradəsinə olan təsiri zamanı verdiyi qərarlardan, sizə olan sədaqətləri ilə çıxarlarının kəsişdiyi yerlərdən, ən əsası isə nə yaşadığından asılı olmayaraq sizə yaşatdıqlarından tanıyın insanları. Tanıyın deyirəm, ancaq insan həqiqətdə özünü belə tanımır ki. Kim inanardı ki, bir gün uçurumun kənarında öz iradəmlə aşağı atlamaq üçün gün sayacağam? Dönüşü olmayan geri sayım başlamışdı. Bir daha geri qayıtmayacağım səyahətə çıxacaqdım. Sonuncu gündən geriyə başlayaraq hər günə özəl şeylər yazmağa qərar verdim. İnsanı ölümsüz edən ondan geriyə qalan izlər deyilmi?
***
(7-ci gün)
Yeddinci günün sonunda məni həqiqətən sevdiyinə inandığım iki insana, atam və anamaqovuşacaqdım. Buna dair içimə düşən hər şübhə toxumunda onları görmək ümidimi itirməmək üçün əksini iddia edərək özümə qarşı dürüst olmurdum. Adı cənnət və cəhənnəm olan başqa bir dünyanın olduğuna inancımı sorğulamaq mənə sadəcə ümidsizlik verirdi. Axı dünya bu qədər mənasız ola bilməzdi. Ən azından bir şeyə inanmaq lazımdı, axı bu qədər ədalətsizliyə və sosial bərabərsizliyə səbəb olan hər kəsin ilahi cəzası olmalı idi. Ya yoxdursa deyə içim-içimi yeyirdi hər dəfəsində. Əslində ölüm deyildi insanı qorxudan, ondan sonra baş verənlər idi. Hər iki ehtimalqorxudurdu, olsa ayrı bir təlaş, olmasa heçlik qorxusu insanı sirli və cavabını heç kəsin bilmədiyi çıxılmaza soxurdu. Mənsə inanmağı seçmişdim, əksi üçün səbəbim bir o qədər çox olsa da. Bir gün heç görmədiyim anamı və yenidən görmək üçün canımı belə verməyə hazır olduğum atamla qarşılaşmaq imkanı vardısa və bunun olmasına yaşamaq mane olurdusa, bir an belə tərəddüd etməyə dəməzdi. Əksər insan yaşamağın bizə ərməğan, Tanrıdan hədiyə olduğunu düşünürdü, mənsə bunun əksinə yaşamağın cəza olduğuna inanırdım. İnsan yaşamaqla sınanır, ölümlə mükafatlanır. Hər dəfə yeni bir düşüncə məni başqa inamsızlıq və ümidsizliyə sürükləyərkən, bəzən düşünməyin lənətini bütün hüceyrələrimdə hiss edə bilirdim. İnsan bildiyi, inandığı, öyrəndiyi hər şeyi unudaraq təməl düşüncədən çıxmaq şərtilə həqiqətən düşündüsə, daha düşünmədən var ola bilmir. İnsan düşünməsin deyə hələ beşikdən məzara qədər planlaşdırılmış bu böyük dünya düzəni saat kimi dəqiq işləyirdi. Bu düzəni dayandırmaq heç bir halda mümkün deyildi, amma onunla ayaqlaşmağın yolu hər şeyə inanmaq yerinə düşünməkdən keçirdi.
Bu planetdə tərs gedən bir şey vardı. Əslində nəyin tərs getdiyini filosofundan başlamış cahilinə qədər hər kəs bilirdi, amma bihudə. Heç kəs bunun nə olduğunu düşünmək, düzəltmək istəmirdi. Yanlışdan yol almış hər şey nə qədər doğru davam edirsə etsin, bir gün böyük izdihamasəbəb olacaqdı. Yalanları pərdələmək üçün başqa yalanlar danışmağın daha böyük çıxılmaza səbəb olduğu kimi hər yanlış özü ilə bərabər başqa yanlışlar gətirməyə məhkum idi.
Jonasın mənə danışdıqları yalan deyildi, amma inanılacaq qədər həqiqət də deyildi. Yalan və həqiqət arasındakı xətt ölüm və yaşam arasındakı cizgidən də incə idi. Özünün də dediyi kimi olanlar üçün heç kimi təqsirkar bilməyə və ya kimisə bağışlamağa lüzum yoxdur, insanlar istədiyi qədər bəhanə, yalan və həqiqət uydura bilər, hər kəs öz doğrusunu müdafiə etdiyi və bunainandığı müddətdə heç kəs haqsız deyildir. Yəni bütün məsələ sadəcə səninlə əlaqəlidir, hazır olduğunda dəyişdiyini görəcəksən və yalnız dəyişdikdən sonra görməyə hazır olacaqsan.
Bu proses çox sadə təsir bağışlayan, amma bir o qədər ağır irəliləyən bir hadisədir. Məsələn ilanın dərisini dəyişməsi kimi ya da qartalın “ölüm ya da olum” hekayəsi kimi. Bilmirəm deməyin, axı hər kəs bilir ki, qartal quşlar arasında ən uzunömürlü olanlardandır, ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir, çünki yaşlandıqdaqartalın pəncələri sərtləşir və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir, həmin vaxt qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra o, artıq uça bilmir və iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da yenidən doğuşun acı və çətin sınağına dözməlidir. Bu proses təqribən yüz əlli gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuva qurur. Bu yeri tapdıqdan sonra dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür və o, bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır, bundan sonra yeni çıxan güclü oyuncaqları iləqartal bu dəfə tüklərini yolmağa başlayır. Nəhayət beş ay sonra isə qartal ona iyirmi il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur.
Hər insan olmasa da, əksəri bu hadisəni başqa bir üsulla yaşamış olur. Bunu yaşadıqda əvvəlcə heç nə inandırıcı gəlmir, sonra müqayisə etməyə başlayır və inanmaq istəyirsən, ardıncabildiklərini yalanlayır və yeni həqiqətlərindən bilinməzliyə yol alırsan. Araşdırma ruhun səni misilsiz bir həyəcanla elmi cavabı olan hər teoremin səssizliyində azdırır, boşluqda itirsən və özünü kəşf etmək üçün hazırlıq mərhələsinə qədəm qoyursan. Olduğun adamdan başqa bir canlıya dönüşürsən, hər şeyə şübhəli yanaşıb, heç nəyə inanmırsan, yuxusuzluq səni məhv edir, həyatı düz yox, dalğalı görürsən. Hər qaranlığa baxanda işıq çatışmır, amma sən gözünü yumduqda beyninin gücü ilə işığı açıb, bağlaya bilirsən. Artıq səmaya baxanda buludları, ulduzları, günəşi və ayı axtarmırsan, onları beyninin içində təsəvvür edə bilirsən. Canlı hüceyrələrin ətrafındakı cansız görünən hər şeyi hərəkət etdirməyə başlayır, bununla ölçülər arasındakı fərqi hiss edirsən, anılayırsan ki, enerji itmir və sadəcə şəkil dəyişdirir. Tam da o an, özündən nə qədər uzaqlaşmış insanlığın etdiyi, düşündüyü hər şeyi başa düşürsən, buna çatdığın halda onları mühakimə etmirsən, çünki artıq sən adi deyil, ali insan təbəqəsinə addımlayırsan.
“Onu bağışlamağa məcbur deyilsən, amma bu, o demək deyil ki, onu unutmalısan”…
Jonas məni tərk etdiyi üçün onu bağışlamamışam, eynilə bu o demək deyildi ki, mən onu unutmuşam. Bağışlamaq yaxşı insanların intiqam alma üsuludursa, mən heç yaxşı insan deyiləm.
5w, 1h qanununu bilirsiz?3 (Açıqlaması: who, what, where, when, why, how)
Kim, nə, harada, nə vaxt, necə, niyə? Bunlar verilən suallara görə yaddaşımızın altı sadiq xidmətçisidir. Beynimiz bir məlumatı özündə arxivləşdirərkən bu qaydaya əməl etsək, xidmətçilərimizdən biri uğursuz olsa belə, digəri həmin vəzifəyə yiyələnərək bizə məlumat ötürəcəkdir. Əgər hər hansı bir məlumatı xatırlamaq sizin üçün çox vacibdirsə, bu düsturdan istifadə edərək həmin məlumatı yaddaşınıza sonadək həkk edə bilərsiniz. Əlbəttə ki, beyindəki bəzi arxivləşmiş məlumatlar istifadə edilmədiyi, xatırlanmadığı müddətdə tozlanacaq və əlçatanlığı çətin olacaqdır.
Onunla bağlı olan xatirələrim daima bədənimi, zehnimi, yuxularımı işğal edirdi. Unutmaq üçün xatırlamamaq lazımdır, amma bu da duyğularla davamlı əlaqəli olan insan beyninin möhtəşəm funksiyalarından biridir ki, insan beynində bir-birinə bağlı xatirələr nə qədər həyəcanverici olarsa və çoxluq təşkil edərsə, xatırlanması istənilən hər şey daha asan xatırlanır. Əslində unutmaq beyinə arxivləşmiş bəzi məlumatların zamanla xatırlanmaması ucbatından həmin yerdən itməsidir. Bu səbəbdən bəzən unutduğumuz hadisəni bizə xatırlatdıqda həmin tozlanmış məlumat beynimizdə yenidən canlanır. Müasir texnologiyaların inkişaf tarixi insan beynininaraşdırılmasından yola çıxaraq başlamışdır və bunun nəticəsində insanoğlu böyük uğurlara müvəffəq olmuşdur. Şübhəsiz ki, insan beyni bunu işlətməyi öyrəndiyimiz müddətdə özündən üstün texnologiyanın mövcud olmadığı bir möcüzədir.
Jonası heç kəs mənə xatırlatmırdı, buna ehtiyac da yox idi, çünki gözlərimi hər yumub-açdıqda o, zəhərli bir maddə kimi hüceyrələrimi zəbt edirdi.
“Ölüm həyatın təbii bir prosesidir, həqiqi ölüm insanın yaddaşlardan tamamilə silindiyi vəunudulduğu zaman baş verir”.
Beləliklə, insan öldüyü zaman deyil, unudulduğu zaman ölür.
Mən də Jonasın məni unutduğu zaman ölməmişdimmi?
Jonas çox ağıllı idi. Məni özünə cəlb edən xarici görünüşü olsa da, özünə sevdirən zəkası idi. Ağlı və insan üzərindəki qarşısıalınmaz təsiri onu tanıyanadək heç bir insanda olması ehtimal etmədiyim səviyyədə idi. Sadəcə bir əksik tərəfi var idi. O, duyğusuz idi. Bəlkə də elə deyildi, amma mən yenə hisslərimə inanırdım.
“Üç böyük təhlükə: ağıllı insanların duyğusuz, duyğulu insanların təsirsiz, təsirli insanların ağılsız olması”.
Köşə
Böyümək bizə beldən aşağını və boğazdan yuxarını öyrətdi. Biz böyüməyən uşaqlar da zamanı dərəman bilib, özümüzü buraxdıq sabahların tən ortasına; qisməti fərman bilib, inandıq ilahi ədalətin bir gün bərqərarına. Nə zamanı gəldi, nə fərmanı. Beləliklə, eskalatorun sol tərəfi kimi qaldı sol yanımız. Bu boşluğu yalnız, müvəqqəti doldurdu tələsməyən adamlar.
***
Yolu dəyişdirmədən davam etdiyin müddətdə, nə qədər yavaş getdiyinin önəmi yoxdur
(K)
Bu həftəsonu sevgilim olarsanmı?
Nəinki bu həftəsonu, səninlə ömrümün sonuna qədər sevgili olaram. Ah, Jonas sən hələ də kimə sevgi təklif etdiyin fərqində deyilsən. Bu balaca sahibsiz qızcığazın qollar arasına alınmağı gözləyən bir ovuc sevgi dolu kiçik ürəyi var. Amma bir ovuc olmasına baxma, ona sahiblənməyi bacarsan, sənə sonsuz sevginin gücünü göstərəcək qədər vəfalıdır.
Geyim şkafımdakı bütün dəstləri, donları, kostyumları yoxlasam da, hələ də çatışmayan nə isə vardı. Bunun nə olduğunu tapdım. Hər qadın kimi ilk görüşə yeni aldığım geyim vəayaqqabılarla çıxmalı idim. Yalnız o zaman özümü yarımçıq deyil, tam hiss edə bilərəm. Hələ kifayət qədər vaxt var idi. Tələsik ən yaxındakı ticarət mərkəzinə gedib, bəyəndiyim geyimi alıb və hazırlaşmalı idim. Jonas məni gördükdə gözəlliyim və cəlbediciliyimin sehrində keflənməli, gün boyu bu sərxoşluğun təsirində baxışlarımdan asılı qalmalı idi. Bu münasibəti öz lehimə dəyişmək üçün ən yaxşı fürsət bu idi. Hələ ki, mən onun arxasınca qaçırdım, amma bu, həmişə belə davam edə bilməzdi. Ona görə də “gözəllik ondur, doqquzu dondur” deyib məqsədimə nail olmaq üçün cəld yola atıldım.
Sərvətinlə satın ala bilməyəcəyin çox az şey çıxacaq qarşına, demişdi atam. Demişdi ki, bu sərvətə özünü satmayan bir adamla qarşılaşsan, bil ki, o adam bir idealdır və unutma ki, yalnız alovun qarşısında əriməyən qızıl, qızılın qarşısında əriməyən qadın və qadının qarşısında əriməyən kişi məqbuldur.
Jonası gözümdə çox böyütdüyümü bilirdim, çünki haqqında heç nə bilmədiyim bu sirliadamı mənim üçün dəyərli edən, əslində çatışmayan sevgi ehtiyacı idi. Amma nə yalan deyim adam həqiqətən çox yaraşıqlı idi. Anasının və atasının, xüsusilə də, təbiətin haqqını vermək lazım idi. Təbiət davamlı olaraq gözəllik və gözəllər yaradırdı. İnsanlar gözəllik düşkünüdür, onlara sahiblənmək, tükətmək və məhv etməkdə çox mahirdirlər. Amma işin düsturu, birini sərbəst buraxıb, sənsiz buraxmamaqdır. Bir gün həyatımdakı adamı nə olursa olsun, tükətmədən, sahiblənmədən sevəcəyimə söz vermişdim. Bu adam Jonas olduğu üçün çox şanslı idi, amma o, hələ bunun fərqində deyildi.
Yaxınlıqdakı ticarət mərkəzinə gedən yolda qarşıma çıxan ilk telefon kabinəsinə yaxınlaşdım. İstəmədən kabinədə bir nəfər kişinin kənddəki həyat yoldaşı ilə söhbətinə şahid oldum. Adam şəhərə işləyib pul qazanmaq üçün gəlmişdi. Bizim ölkəmizdə də eyni vəziyyət mövcud idi. İnsanlar şəhərə pul qazanmaq üçün axışır, ailəsindən uzaq çətinliklərə sinə gəlirdi. Həyat insanları sevdikləri ilə sınmağı çox sevir. Kapitalizmin ən yaxşı bacardığı şey pul müqabilində insanları sevdiklərindən uzaq tutmaqdır. Kişi həyat yoldaşına oğlunu evləndirməküçün pulu tamamladığını və qısa zamanda geri qayıdacağını deyib kövrəlir və sadə sevincigözlərindən oxunurdu. Çıxarkən onu həsədlə izlədiyimi və doluxsunduğumu görüb, yəqin ki, danışmaq htiyacı hiss etdi və üzümə baxaraq:
– Qızım, bu həyatda hər çətin şeyə ailəmizin xatirinə göz yumuruq, gün gələcək məzar daşımız üstündə ailəsindən xatirə yazılacaq. O da ki, bəlkə.
Səssizliyimlə cavab vermişdim, çünki deyəcək sözüm yox idi. Bəzən düşünürəm ki, əksər insanlar üçün yaşamaq sadəcə yanmaqdan ibarətdir.
Telefon kabinəsinə yaxınlaşdım, dəstəyi götürüb nömrəni yığdım. Az sonra:
– Türkiyədəyəm. Burada hər şey qaydasındadır. Sən necəsən? Hər şey yaxşıdırmı?
– Səsini eşitdiyimə sevindim, mənə görə narahat olma. Tezliklə, görüşəcəyik.
– Həqiqətən buna inanırsan?
– Bütün qəlbimlə.
– Səni çox sevirəm.
– Mən də səni…
Telefon kabinəsindən çıxıb yaxınlıqdakı ticarət mərkəzinə doğru irəlilədim. Çox kövrəlmişdim, amma göz yaşları hələ doğmamış onları sıxıb boğmağı, bəzən bu alınmadıqda köksümə doğru axıtmağı öyrənmişdim. Bu gözəl günü göz yaşı ilə başlamaq kimi istəyim yoxdu. Tezliklə, yaşadığım anlıq auradan çıxıb böyük alış-veriş mərkəzinə yaxınlaşdım və axşamkı görüş üçün geyim seçimlərimə başladım.
Xərclədiyim üç saat və sınadığım onlarla geyimdən sonra tam istədiyim kimi olmuşdum, görəsən Jonasın da istədiyi kimi olmuşdummu? Dəbdə olan geyimləri seçməyə çalışmışdım. Düzdür, dəb tərzin müvqqəti hökmranlığıdır və o şey müvəqqətidirsə, göstəriş üçündür. İnsanların bu gün reklama və dəbə ehtiyacı var, amma insanlığın bunlara ehtiyacı yoxdur. Bizlər bu ikisi arasında daima rəqs edirik, kimsə insanlığı qoruyur, kimsə dəbi, mən isə hər ikisini etməyi bacarıram. Əvvəldə demişdim axı, düzənin bir hissəsi olmasam da, ayaq uydurmağı bacarıram.Hər şeyin olacağına varmasına inananlardan deyiləm, seçimlərimiz və etdiklərimiz sayəsində olacaqları bizim təyin etdiyimizə inananlardanam. İndi mənim nəyə inandığımın heç bir önəmi yoxdur, bu an tək vacib olan gözəlliyini geyimlərlə bəzəyən qadını gələcəkdə uçuruma sürükləyən həmin görüş idi. Görüşün həyəcanı ilə zamanın sürəti düz mütənasib idi. Hadisələrin gedişatınıizləməkdə çətinlik çəkirdim, Jonasın həyatıma anlıq girişi, əlimdən tutması, çox qısa müddtdə qət etdiyimiz yol, amma bu sevgidirsə, nə baxar zamana, nə baxar məkana, nə səbəb tanıyar, nə bəhanə.
– Bura çox gözəldir, Jonas.
– Bəyəndiyinə sevindim. İnternetdə xeyli araşdırdıqdan sonra buranı seçdim. Bəyaz işıqlar, bəyaz divarlar və bəyaz güllər. Bir də bəyaz bir mələk. (göz qırpdı)
Deməli, o da mənim kimi bu görüşü önəmsəyib. Mən ona gözəl görünmək üçün geyim seçərkən, Jonas da mən bəyənən məkan axtarırmış. Necə olduğunu bilməsəm də, özümü cənnətdə hiss edirdim:
– Cənnət kimi bəmbəyaz. (gülürəm)
– Getmisən ki? (qaşlarını təəccüblə çataraq)
– Əlbəttə yox, sadəcə gözəl olan hər yeri, adətən, cənnətə bənzədirik. (gülürəm)
– Cənnət gözəl yerdir?
– Yaxşı adamların olduğu hər yer gözəldir.
– Bir gün bir şagird müəllimindən cənnətdə həqiqətən də sevdiklərimizlə birlikdə olub-olmayacağımızı soruşur. Müəllim, əlbəttə, deyir. Şagird təəssüflə, müəllimim, demək ki, cənnətdə də yalnız qalacağıq – deyir…
– Maraqlıdır, amma mən əksini düşünürəm.
– Adel, həqiqətən elə bir yerin varlığına inanacaq qədər safsan?
– Allahın işinə qarışa bilmərəm. (gülürəm)
– Bəs cənnətə getsən və sevdiklərinin cəhənnəmdə yandığını görüb, onları bağışlaması üçün Allaha dua edərsən?
– Əlbəttə, edərəm.
– Bəs Allahın işinə qarışa bilməzdin?
– Dua Allahın işinə qarışmaq deyildir ki, onu mərhəmətinə sığınmaqdır. Sənə bir kiçik hekayə danışmağımı istəyərsən?
– Buyur, əlbəttə, sevərək dinləyərəm.
– Bir gün gözəl bir mələk Allahdan icazə istəyir. Deyir ki, bizim sərbəst iradəmiz yoxdur, bilirəm, amma məni ölümlü insan kimi dünyaya göndərsən Şeytanı özümə aşiq edərəm və beləcə insanlar daha günah etməz, cəhənnəm boş qalar. Hər şeyi bilən Allah, sonunu bilə-bilə həmin mələyin istədiyini verir. Uzun illər keçir. Mələk Şeytanı heç tapa bilmir, amma o, insanların arasında yaşamağa başlayır. Günlərin birində mələk ölümlü bir insana aşiq olurvə dünyadakı vəzifəsini unudur. Sevgi hissini yaşayan mələk, bunun nə qədər gözəl bir şey olduğunu düşünür, ta ki, o ölümlü bir gün mələyə xəyanət edənədək. O gündən sonra mələk heç bir insana inanmır və nifrət hissini də tanımış olur. İnsanları yalanlara və xəyanətə sürükləyən səbəbləri düşünərkən onların arasında Allaha verdiyi vədi unutduğunuvə dünyada bir vəzifəsi olduğunu xatırlayır. Əllərini Allaha açaraq onu bağışlanması üçün dua edir. Deyir ki, mən Şeytanı tapdım, o, məni özünə aşiq elədi. İndi anlayıram ki, hər insanın içindəki Şeytan elə onun özüdür.
Hekayəm bitəni bir neçə dəqiqə olmuşdu, Jonas susmuş və gözlərimə baxırdı. Bu səssizliyi ona tuş gələn diqqətli baxışlarım altında sanki memar tərəfindən yonulmuş dodaqları ilə belə pozdu:
– Maraqlı hekayədir, yoxsa ki, Şeytan olduğumu düşünürsən? (gülür)
– Olmadığın nə məlum? (gülürəm)
– Ya sənin mələk olduğuna necə inanım?
– Bunu yoxlaya bilərik.
– Amma mən cənnətə getməyəcəyəm, çünki necə gedəcəyimi bilmirəm.
Həmin gün canlı musiqi əhatəsində çox romantik bir gecə yaşadıq. Jonas ağıllı olduğu qədər də əyləncəli biri idi. Restorandan evə qədər olan uzaq məsafəyə baxmayaraq, biz həmin yolu piyada qayıtdıq. Yarı yolda “daha qısa yoldan gedərək yolumuzu dəyişə bilərik” – dedi Jonas. Gülərək “yolu dəyişdirmədən davam etdiyin müddətdə, nə qədər yavaş getdiyinin önəmi yoxdur” – dedim Jonasa. Romantikaya fəlsəfə qatmaq fikrim xoşuna gəlmişdi və sadəcə ölülər və dəlilər dəyişməz demişdi.
Yolboyu özümüz, böyüdüyümüz şəhər, az da olsa ailələrimiz, həyat tərzimiz və mədəniyyətlərimiz haqqında danışmışdıq. Artıq onun ailəsi haqqında qısa da olsa məlumatlı idim. Amerikanın New Jersey ştatında yaşayırdı. Atası və anası universitet müəllimi, bacısı isə psixoloq idi. Dünyanın ta o başından magistr oxumaq üçün Türkiyəyə gəlmək fikri isə onun bu xalqın mədəniyyətinə olan marağı imiş. Jonas da mənim kimi İstanbul aşiqlərindən idi. Dediyinə görə xalası da türklə evli imiş və İstanbulda yaşayırmış.
Köşə
Hamı yorğundu, çünki bu şəhərdə hamı bir-birinə oxşayır və eyniliklər yorur insanı. Biz hamımız daxilən bu qədər uzaqkən, zahirən necə bu qədər oxşar ola bilirik? Gözəl görünmək üçün etdiklərimizdirmi bizi bizə oxşadan? Yoxsa hər kəsin öz gözəlliyi özünə xas təbiətinin mənzərəsi deyilmi daha? Gözəl olmaqla, gözəl görünmək arasındakı fərq, birincisi daxili dünyanın xaricə yansıması, ikincisi daxili dünyanın zahirə təsirlə gizlədilməsidir. Birincilər özlərini, insanları, dünyanı sevir, ikincilər özlərini sevə bilmir ya da özlərini çox sevir deyə insanları, dünyanı sevə bilmir.
***
Beyin və ruhun dansı
(6-cı gün)
“Hər şey öz əslinə dönər” deyirlər, mənim dönüşümə sadəcə altı gün aldı. Atam deyirdi ki, Allah dünyanı altı günə yaratmışdır. “Niyə bir yox, niyə altı” sualını ona verdikdə, bir insanın ana bətnindən dünyaya gəlməsi üçün doqquz ay lazımdır, Allahın kainatı yaratmasını bazar günündən başlayıb cümə günündə tamamlaması, bəndələrinin hər iş və hərəkətlərində səbirli və təmkinli olmalarını, tələsməmələrini anlatmaq üçündür, demişdi atam.
İndi isə altı günə yaradılmış dünyadan köçməyimə tam altı gün qalmışdı. Atam yolsuz bir adam olmağımı istəmədiyi üçün dini təhsilimlə özü birbaşa məşğul olmuşdu. Amma elmsiz olmağımı heç istəmədiyindən hələ kiçik yaşlarımdan məni sadəcə özünün məsləhət gördüyümüəyyən elmlər üzrə istiqamətləndirmişdi. Bütün bunların keşiyində mənim uşaqlığıma mane olmamış, doya-doya yaşayım deyə əylənə biləcəyim heç bir vasitədən məni məhrum etməmişdi. Əslində elmə əyləncə qatması və ya tərsini edərək bir çox sahələrdə müəllimlərimdən belə qabaqcıl biliyə malik olması, düşüncə tərzindəki fərqlilik və heç bir insanı mühakimə etmədən yaşaması onun haqqında daima xoş xatirələrimin olmasına səbəb olmuşdu. Hər bir övlad istəyər ki, onun atası onun ilk dostu olsun. Mənim varlığım ətrafımda sevdiyim insanların yoxluğunu ehtiva edirdi. Öz ölkəmdə məndən zəngin və yalnız insan yox idi. Atam yalnızlığın, kimsəsizliyin nə olduğunu yaxşı bildiyi üçün sərvətindən kimsəsiz uşaqlar və yaşlılar evi üçün ayırdığı xüsusi vəsait var idi. Hətta həmin uşaqların ilk gündən başlayaraq təhsili və mədəniyyəti mövzusunda çox diqqətcil idi. Ahılların isə sağlamlığı və son günlərinin darıxdırıcı keçməməsi üçün böyük xərclər tələb edən işlərdən heç də qaçmırdı. Həmin uşaqlar və yaşlıların ziyarətinə hələ mən uşaqkən getməyə başlamışdım. Mənim uşaqlıq dostlarım, qardaş və bacılarım kimsəsizlər olmuşdu. Mənim nənələrim və babalarım da həmin yaşlılar idi. Atam həmişə deyirdi ki, ailə olmaq üçün eyni atadan gəlmək və anadan doğulmaq şərt deyil, eyni qanı daşımaq vacib deyil, bu dünyada yaşamaq, ətrafımızdakı bütün canlılarla dost olmaq bizi ailə edər. Tərk edilmiş hər insan uçurumların kənarında sahibsiz böyüyən ağaclar kimidir. Hər kəs bu dünyada vasitəçi olduğunu dərk edə bilsə və kibrini parçalayıb öz yaradılış təməlinə ensə, görüş ərazisi genişlənər və dünyanı buludların üzərindən seyr edə bilər. Atam mənə deyirdi ki, heç bir insan digərindən üstün ya da alçaq deyil, sadəcə öyrənib kamilləşmiş və öyrənməyib cahilləşmiş insanlar vardır. Cahil insanların fikirləri, o cümlədən özləri idarə olunur, müstəqil bir mən olmadıqları üçün onları öldürmək asandır, amma kamil insanlar düşüncə və fikirdən ibarətdir.
“Fikirlərin gücünə şəxsən şahid oldum. Fikirləri üçün öldürülən və bir fikri müdafiə edərkən ölən insanlar gördüm. Bir fikri öpmək, ona toxunmaq və ya onu əl ilə tutmaq mümkün deyildir.Fikirlər qan ağlaya bilməz, kədəri hiss etməz və sevməzlər”
Altıncı gün həm də görüş günüm idi. Bəhs etdiyim həmin kimsəsiz uşaqlarla görüşəcəkdim. Əlbəttə, onlar artıq kimsəsiz uşaqlar deyildilər. Əksəriyyəti sahibi olduğum şirkətlərin idarəçiləri, işçiləri halına gəlmiş, öz ailələrini və karyeralarını qurmuş, gələcək vəd edən gənclər olmuşdular. Həqiqətən, dünyaya yeni bir uşaq gətirmək yerinə bir uşağa dünya vermək, onu tərk edilmiş həyata yenidən qazandırmaq qədər möhtəşəm duyğu ola bilməzdi. Bu duyğunun sevincini yaşamış adamın qızı olaraq həmin işi davam etdirmək üçün əlavə vəsaitlərin xərclənməsini heç zaman əsirgəmədim. Bu qədər böyük sərvəti idarə etmək asan deyildi, amma hər şeyi öyrənmişdim. Bütün hər şeyə hazır idim. Amma həyat bizi hazır olmadığımız vaxtlarda gözləmədiyimiz hadisələrlə sınamağı sevirdi. Mənim ən böyük qorxum heçlik duyğusunun narkotik kimi artıq dozada bədənimə, qanıma yayılması idi. Bu məni içdən məhv edə biləcək yeganə güc idi.
Görüş yaxşı keçmişdi və hər birinin mənasız hesab etdiyim bu həyatı sevmək üçün səbəbləri yaranmışdı. Sevirdilər, sevilirdilər, içdən gülüb, birlikdə yaşadıqları xatirələri xatırlaya bilirdilər. Hətta çoxu bir-biri ilə evlənmişdi. Heç şikayət etmədən ən uzun tanıdığınız adamlarla, köhnə dost və keçmişinizdə xoş xatirələri olanla insanlarla evlənməkdən gözəl heç nə yoxdur deyə düşünürdülər. Əslində onları digər insanlardan daha çox anlayacaq biri vardısa, o da mən idim. Həyatımda özəl birinin olduğunu soruşmaqdan bezmirdilər. Təhsilimi nə üçün yarımçıq qoyub geri qayıtdığımı, niyə uzun müddət özümə qapandığımı maraqla dinləməyə hazır idilər. Amma mən heç kimə tənqid olunmaq üçün özüm haqqında materiallar təqdim edəcək qədər emosional biri deyildim. Nə qədər ailədən olursa olsun, kimsə mənim daxili dünyama enəcək qədər mənə yaxın olmamalı idi. Jonas haqqında danışmaq, içimi rahatlatmağı mən də istərdim, onun üçün nə qədər darıxdığımı bu dünyaya çılpaq səslə çığırıb, geri qayıtması üçün səsimi eşitməsini arzulayırdım, amma onu görməyimin tək bir yolu vardı. Mən isə artıq bu yola çıxmışdım və həmin yolun sonuna çatmağıma sadəcə altı gün qalırdı.
Jonasdan eşqin nə olduğunu soruşmuşdum. Gülümsəyərək “sənin necə qəbul etdiyindən asılıdır” demişdi. Onun mənə aşiq olub olmamasını necə öyrənə bilərdim ki? İnsan yalnız öz hisslərindən arxayın ola bilər, elə deyilmi? Bütün bu sualları düşünərkən fikrə getdiyimi görüb, qarşımda əyləşmiş, əllərimdən tutmuş və gözlərimin içinə baxaraq:
Mən sənə səni bütün qəlbimlə sevirəm desəm, bu xoşuna gələcək, amma səni bütün beynimlə sevirəm desəm, yəqin ki, dəli olduğumu düşünəcəksən. Ya da daha detallı “səni beynimin mezokortikal yollarındakı obsesif dövriyyəsinə görə sevirəm” desəm, bunun heç gülməli və romantik olmadığını deyəcəksən, çünki insanlar duyğuların elmi izahatına yox, nə hiss etdiyinə baxar.
Fransız yazar Nicolas-Sebastien Roch Chamfort deyirdi ki, “Eşq haqqında hər şey həqiqətdir, hər şey yalandır. Haqqında deyiləcək heç nəyin mənasız olmadığı tək şey eşqdir”.
Eşq sözü ərəb dilindən tərcümədə sarmaşıq mənasını verir, yəni tutduğu şeyə bağlanır və tutduğu şey ölərsə, o da ölür. Bunlar daha mənalı və bədii səslənir. Amma insanlar eşqin bir duyğu deyil, zamanlı bir proses olduğunu qəbul etmək istəmir. Əslində bir insanın aşiq qalma müddəti 12-18 ay arası, ən uzağı iki ildir. Bu o demək deyil ki, eşq bitərsə, həmin insana olan sevgi tükənməlidir, eşqdən fərqli olaraq sevgi müddətsizdir. Eşqə nəzarət etmək insanın əlində olmur, amma sevgi məntiq və qaydalarla, qarşılıqlı ehtiyac və birlikdə mümkün olan bir şeydir. Canlı təbiət aləminin sadəcə üç-beş faizi monoqamik olduğu halda böyük əksəriyyəti poliqamikdir.
Sevgidə ilk ortaya çıxan hormonlar testosteron və estrogendir. Testosteron kişilərdə testisdə, qadınlarda yumurtalıqlarda istehsal olunur. Əslində bir kişi hormonudur, ancaq qadınlarda da az miqdarda olur, eynilə estrogen hormonunun qadın hormonu olmasına baxmayaraq, kişilərdə də az miqdarda olduğu kimi. Estrogen hamiləlik üçün uşaqlıq qatının hazırlanması və qadınlarda yumurtalıqdan ifraz edilərək döş kimi orqanların inkişafında rol oynamaq üçün lazımdır.
Bu çaşdırıcı ola bilər, çünki “ilk görüşdə eşq yoxsa ilk görüşdə seks” deyə qarışıq bir vəziyyətə düşə bilərik. Amma sevgi bu hormonlarla da bitmir, aşiq olduğumuz insandan uzaqlaşdığınız zaman kortizol ifraz olunmağa başlayır. Ayrı qaldığımız zaman stress və depressiyaya düşməyimizin səbəbi itirmə qorxusu ilə üzləşməyimizdən irəli gəlir.
Həyəcan, qısqanclıq və xoşbəxtlik kimi duyğuların başlandığı ikinci mərhələdə dopamin, neyroepinefrin və serotonin hormonları ifraz olunur. Əgər sevgi bir xəstəlikdirsə, dopamin bu xəstəliyin bir nömrəli hormonudur. Narkotik, alkoqol, qumar və internet asılılığında olduğu kimi, dopamin hormonu da sevgidə oxşar asılılığa səbəb olur. Sevdiyin insanı görmək insana həzz verir və yenidən həzz almaq üçün o insanı daima yanında arzulayırsan.
Adrenalin kimi də bilinən neyroepinefrin hormonu aşiq olmaqla bərabər sevgini də davam etdirməkdə ən təsirli hormondur. Nəzarətsiz ürək döyüntümüzün və isti yanaqlarımızın səbəbi adrenalindir. Bu mərhələdə yuxusuzluq, iştahanın azalması və ya artması, artıq enerji görünməsi normaldır.
Serotonin isə hər kəsin haqqında danışdığı və az şey bildiyi xoşbəxtlik hormonudur. Şokolad yemək, idmanla məşğul olmaq və s. digər etdiklərimiz həmin hormonun ifrazına səbəb olur. Bəzən xəstə olduğumuz halda idman etməkdə israrlığımız məhz bununla əlaqəlidir.
Sevdiyiniz insandan uzaqlaşanda serotonin azalır və stress hormonu artır. Beləliklə, bədbəxt olmağa başlayırıq. Amma eşqin, sevginin insan üzərindəki təsiri bununla da bitmir. Həyəcan, ehtiras və itki qorxusu sevginin ilk mərhələlərində sıx şəkildə olduğu halda, bu vəziyyət davamlı olmadığı üçün beyində digər hormonlar, yəni oksitosin və vazopressin ifraz olunmağa başlayır, sədaqət və bağlılıq hissləri inkişaf edir.
Oksitosin əslində bir növ “sədaqət” hormonudur. Əlbəttə ki, bu dediklərimin heç biri romantik deyil, səndən sevgi gözləyən birinə səndə oksitosin çatışmazlığı var desən, böyük ehtimalla qarşılığında sənin də ona qarşı dopamin çatışmazlığı verdiyini, bu səbəbdən sizin birlikdə serotonin olmayacağınızı deməyəcək. Normal qəbul etdiyimiz düzənli həyatda bu cür müqayisələr, eşqə, sevgiyə, duyğulara belə yanaşmaq adət edilmiş hal deyil.
Sən biri ilə sevişdikdə ağlına gələn şeylər ehtiras, zövq və bundan üzünə doğan gülümsəmədir, mən isə oksitosin hormonunun münasibətdə sabit bir tendensiyanı təmin edən orgazm əsnasında, cinsi əlaqə və dəriyə toxunmaqla sərbəst buraxılan xoşbəxtlik və sevgi hormonu olduğunu bildiyim üçün buna başqa baxış tərzi ilə yanaşıram.
Əlləri hələ də əllərimdə idi. Mən həsədlə onun gözlərinin içinə baxırdım. Jonas sözünü yarımçıq qoyub aşiq olduğumuz insana baxarkən göz bəbəyimizin böyüdüyünü dedi. Bununla daona aşiq olduğumu mənə xatırlatdı. Qısa səssizlikdən sonra onun mənə baxışları altında bu səssizliyi pozaraq:
Bunları bilmədiyimi düşünürsən? Oksitosin qadınlarda doğuş və ana südü zamanı da artır. Buna görə qadınlar ana südü verdiyi zaman bütün yorğunluğa baxmayaraq, daha xoşbəxt və daha pozitiv ola bilərlər. Bu ilahi bir möcüzə deyilmi?
Ya da sənin qısa müddətli dediyin eşqin əslində lap əvvəldən bəri özü ilə bərabər daşıdığı sevginin uzunmüddətli olmasında ən vacib olan vazopresin hormonu haqqında danışsam, onun beynimizdəki hipotolmusdan ifraz olunduğunu, insanda daha çox müsbət enerjiyə səbəb olduğu kimi, qarşılıqlı münasibətlərdə bağlılığı gücləndirdiyini desəm, bəlkə də heç romantik olmaram. Bəlkə də desəm ki, eşq, sevgi və düzgün tərəf müqabili ilə davamlı birgəlik həm fiziki, həm də mənəvi baxımdan insana çox müsbət təsir göstərir, qan təzyiqin daima normasında saxlamasından ağrıların azalmasına qədər, ümumi cismi və ruhi sağlamlığın stabil olmasına müsbət səbəb olur, bu da immunitet sistemini gücləndirir və insan bədənində virus və bakteriyalarla mübarizə aparan interferon səviyyəsini yüksəldir, insan daha az xəstələnir, yəqin ki, sən həm bunları bildiyin üçün təəccüblənməz, amma bunları mənim bildiyimə görətəəccüblənərsən. Düzgün həyat yoldaşı kimi yaxşı dostlar sayəsində də bu təsirlər özünü doğruldur. Tam tərsi də, təsirin əks təsiri prinsipi kimi özünü mənfi şəkildə göstərir. Bəyəm biz ətrafımızdakı beş insanın ədədi ortası deyilik?
Bir də, əzizim, eşqin yalnız beyində yarandığını, orda bitdiyini dedikdə diqqətli ol. Eşq acısı deyilən bir şey vardır. Yəqin ki, heç yaşamamısan və ya sən çox emosional biri olmadığın üçün bunu ciddiyə almamısan. Bizlər buna biri qəlbimizi qırdıqda, həqiqətən də, ürəyin parçalandığını heç bilmədən buna qəlbin qırılması deyirik. Belə ki, həqiqətən qırılmış bir qəlbin yaratdığı duyğulara görə ürək düzgün şəkildə qan vura bilmir və bu vəziyyət uzun müddət davam edərsə,fiziki bir zərər meydana gəlir. Yəni ürəyimiz həqiqətən qırılır.
Birinin qəlbini qırdıqda iki dəfə düşünün.
Köşə
Nə qədər ki, kişilər öz qadınına ayırmadığı vaxtı yaşatmadığı məhəbbəti və dəyəri başqa qadınlara xərcləyəcək, bir o qədər də evli qadınlar evsiz kişilərin evlərində ögeyləşəcək.
Nə qədər ki, qadınlar ömür yoldaşı ifadəsinin əhatə etdiyi məsuliyyəti dərk etmədən, öz iradələri və istəklərinə görə ailə üçün heç bir fədakarlığa getmədən yaşayacaq, evli kişilər başqa qadınılara ev olacaq…
VII bölüm
Bir söz qərarını, bir duyğu həyatını, bir insan səni dəyişdirə bilər
(K)
Jonasla sevgili olmuşduq. Onunla İstanbulu qarış-qarış gəzirdik. Əllərindən tutmağı, onu öpməyi, saçları ilə oynamağı çox sevirdim. Təhsilim Jonasla maraqlı hala gəlmişdi, amma dərs sonrası görüşlərimiz daha həyəcanverici idi. Sevgi mücərrəd isim olsa da, Jonasa olan sevgim konkret idi. Sevgimin nə zaman adlı bir ölçü, nə məkan adlı bir ərazi vahidi vardı. Qanıma, qəlbimə, ruhuma o qədər yerləşmişdi ki, yaşayacağım müddət ərzində onu unuda biləcəyim bir gələcək, xatırlamaycağım bir keçmiş olmayacaqdı. Artıq bir aydan çox idi ki, birlikdə idik. Payız fəslinin bitməsinə az qalırdı. Atamın ölümü yalnız mediada və sosial platformada hamı üçün unudulmamışdı, Jonas bunu mənə də unutdurmağı bacarmışdı. Elə vaxt olur ki, insan üçün hər şey çox çətin gəlir, amma çətin ya da deyil, biz həyatdayıqsa, bir yolunu tapıb öhdəsindən gəlmişik deməkdir.
İki gün sonra doğum günüm olacaqdı. Jonas özünü elə aparırdı ki, guya həmin günüunudub, mən də bu oyunu pozmamaq üçün gedişata ayaq uydururdum. Ertəsi gün bizim əvvəldən hazırladığım səyahət planına görə növbəti səfərimiz Böyük Adaya olacaqdı. Artıq necə təsadüfdürsə, ki mən təsadüflərə inanmasam da, doğum günümdə Böyük Adada məni böyük sürprizin gözlədiyini bilirdim ya da sadəcə belə olmasını gözləyirdim. Duyğusuz Jonasın mənə qarşı olan duyğularına şübhəm azalmışdı. Ya sevməyi yaxşı bacarırdı ya da çox usta rol oynayırdı. Mən birincinə inanmağı seçmişdim. Amma yaxşı bilirdim ki, bizim ən kədərli hekayələrimizin altında əsasən sevdiklərimizin imzası olur. Bu dəfə bütün həqiqətlərimi unutmaq üçün bir bəhanəm var idi. Həyatım boyu sevgidən gözəl bəhanə tapmayacağımı bilirdim. Özümü bu hekayənin təsirinə buraxmış, gələcək hər bir sevinc və peşmanlığa razı idim.
Həmişə doğum günümdə məni ilk təbrik edən atam olardı. Bu dəfə də məni yanıltmadı və gecə yuxuda atamı gördüm. Əlində bir qızıl güllə yatdığım otağın qapısını açmış, gülü masanın üzərinə qoyub, geriyə bir not buraxmışdı. Yuxuda olduqda nota baxmışdım, amma nə yazıldığını xatırlaya bilmirdim. İnsanlar gördüyü yuxuları çox tez unudur. Səhər yuxudan oyandıqda o notda nə yazıldığını xatırlamadığım üçün beynimi günahlandırmağa başlamışdım. Amma vacib olan atamın uzun müddət sonra ilk dəfə yuxuma gəlməsi idi. Yataqdan qalxdım, hazırlaşdım və səhər yeməyinə çıxmaq üçün Jonasa hazır olduğumu mesajla yazacaqdım ki, ondan gecə bir mesaj gəldiyini gördüm:
“Özəl günləri sevmirəm, çünki insanları həmin gün üçün dəyərli etməyə məhkumdurlar. Halbuki insanları dəyərli edən günlər yox, dəyər verən insanların varlığıdır. Dəyər verdiyiniz insanları hər gün sevin, bir gün yox. Yalnız özəl günlərində deyil, sənli ya da sənsiz hər gün səni sevəcəyimə söz verə bilərəm. “HB” kiçik şahzadə, yaxşı ki varsan”.
Duyğusuz bir insana görə çox duyğulu və iddialı cümlələr idi. Jonası tanımasam, bu mesajı özünün yazdığına inanacaqdım. Amma onun bir qadını həmişə sevə biləcəyinə inanmırdım, hətta bundan arxayın idim. Dağınıq və dəyişkən biri olduğunu gizlətmirdi, amma bu, həqiqətdir ki, məni sevməmək üçün apardığı mübarizədən məğlub ayrılmışdı, bunu da bilirdim. Bu düşüncələr astanasında qapı döyüldü, açdım və qarşımda Jonas var idi.
İçəri girdi və çox gözəl göründüyümü deyib, yanaqlarımdan öpdü. Saçımın təbii rənginə heyran qaldığını, heç vaxt bəzənməməyimin sehrinə düşdüyünü, parfüm istifadə etməsəm də,məndən gələn təbii gül qoxusuna aşiq olduğunu bir daha xatırlatdı. Bütün bu sadaladıqlarımı etməyən qadınla heç zaman rastlaşmadığını da əlavə etdi. Hamısının ciddi zərərlərini atam hələ mən uşaqkən izah etmişdi. Satışa təqdim olan hər bir zərərli məhsulların tərkibi haqqında həmin məhsulların arxasında olan məlumatları heç kəs oxumurdu. Sadəcə gözəl görünmək, şöhrət xətrinə, ətrafdakılara təsir etmək və zamanın dəbinə görə hərəkət vərdiş halını almışdı. Fələyin çevirdiyi böyük reklam çarxının içində qaçışa məcbur böcəklər kimi yazıq idi, insanoğlu. Bildi, bilmədi, öyrəndi və ya öyrənmədi fərq etmir, insanlar özündən çox uzaqlaşmışdı. Bu uzaqlıq isə təbiiliyi, səmimiyyəti və insan olmağı bizə unutdurmuşdu.
Aldığı boyunbağını taxmaq üçün arxama keçdi. Əllərimlə saçımı qaldırdım və istəyinə nail olduqdan sonra məni arxadan qucaqladı, boyun və boğaz nahiyəmin sərhədindəki incə nöqtəyə ehtiraslı bir öpüş qoydu. Sonra dərimi qoxulayaraq ön tərəfə keçib uyuşmuş bədənimin həzzini çıxarmaq üçün dodaqlarıma yapışdı. Qarşılıq verdim, titrədiyimi və işin başqa macəralara səbəb olacağını görüb ikimiz də dayandıq. Boyunbağı açıla bilən bir ürək formasında qızıl idi. Açdıqda qarşıma çıxan şəkil əvvəlcə məni qorxutdu. Şəkildə üz-üzə dayanmış və bir-birinə sarılmış iki skelet var idi. Qeyri-iradi gülməyə başladım və gözümdən bir damla yaş axdı. Bu sevinc göz yaşı idi. Əksər qadına skelet şəkli olan boyunbağı hədiyə etsəniz, yəqin ki, anlamaz və bunun üçün sizdən izahat gözləyər, amma mən boyumdakı boyunbağının dəyərini və mənasını yaxşı bilirdim. Bu altı min əvvəl tarixi olan “Valdaro aşiqləri” idi.
Günümüzün böyük qismi plana uyğun olaraq Böyük Adada keçdi. Faytona minməklə bütün romantik ab-havaya əks gələn həmin dəhşətli at nəcisinin qoxusu burnumda uzun müddət qalsada, Jonasla birlikdə növbəti doğum günümü bu adada keçirtmək, sanki zamanın mənə ən böyükhədiyəsi idi.
Dünən gecə bir az “Böyük Ada”nı araşdırdığını və “Prens ada”larına daxil olan ən böyük adanın bura olduğunu dedi, Jonas. Buranın xalqa açıq dəniz kənarı olduğunu, velosipedlə gəzinti etmək üçün ideal şərait yaradıldığından danışdı. Bunları bilsəm də, yenidən Jonasın dilindən eşitmək mənə xoş gəlirdi. Həqiqətən möhtəşəm mənzərəsi olan bu ada, misilsiz təbiəti və dənizin əhatəsindəki gözoxşayan sahili ilə insanı heyrətə gətirirdi. Bu qədər təbiətə yaxın olmaq mümkün olduğu halda, insanlar uca göydələnlərin arasında, dörd divarın içində özlərini məhv edirdi. Bunun fərqinə gec varacaqdıq, çünki biz divar, dəmir, daş və çirkli mühitin təsirlərindən bixəbər halda robot kimi yaşamağı və sadəcə nəsil artırıb mənasızca çoxalmağı seçmişdik. Hüzursuzduq, ağrılarımız və həyəcansız həyat tərzimiz vardı, çünki anamızın südünün dadını xatırlamadığımız kimi ana təbiətin də möcüzələrinin, insandakı hüzur verən səssizliyinin çalarını çoxdan qara və ağ şəhərlərin içindəki şöhrətə qurban vermişdik.
Bir az gəzintidən sonra adada yerləşən kilsə və məscidlərin ətrafında dolandıq. Bir erməni kilsəsi var idi. Jonas ora girməkdə həvəsli görünsə də, bunun mənim üçün heç yaxşı fikir olmadığını, çox istəyərsə içəri tək girə biləcəyini dedim. O isə təəccüblü şəkildə üzümə baxırdı. İzahat gözlədiyi məlum idi və etirazımın səbəbinin nə olması haqqında kiçik də olsa fikri yoxdu. Ona ermənilərin tarixən vəhşicəsinə azərbaycanlıların başına gətirdiyi müsibətlər haqqında kiçik tarix dərsi keçdikdən sonra qərarımı anlayışla qarşıladı. Nə qədər dünyəvi düşünsəm də, torpaq üstündəki mənasız savaşlar sayəsində uzaq tarixin siyasi qurbanı olmuş insanların əqidəsinə vəuğrunda öləcək qədər böyük olan yurd sevgisinə hörmətlə yanaşırdım. Bu şəxsi sevgidir, səninlə birgə mənsubiyyətini daşıdığın ölkənin adı ilə doğulur və bütün dünyada qəbul edilmə şəklin həmin yerin mədəniyyəti, dini, dili ilə əhatələnir. Sevməyə ya da uğrunda ölməyə məcbur deyilsən, heç bir ölkənin vətəndaşı olmaya bilərsən, amma məsələ dünyalı olmağı hər şeydən üstün görməklə əlaqəli deyil. İnsanın da musiqi alətləri kimi incə simləri, notları vardır. Bu sevgini izah eləmək üçün bunu daxilən hiss etmək, yaşamaq mütləqdir. Ən böyük sevgilərin səbəbsiz olduğunu demişdi, atam, ki mən də Vətənimi səbəbsiz sevirəm.
Tarixi köşkləri gəzdik, velosiped gəzintisindən sonra restoranların birində dadlı balıq yedik. Şəkillər çəkdirdik, mahnılar oxuyub, təbiətin nəzarəti altında özümüzü azadlığın, sevginin və bu günün iradəsinə həsr etdik.
Dəniz kənarı üçün sadəcə şort götürmüşdüm, çünki çimmək fikrim yox idi, amma özümü günəşin şüalarından uzaq tutumayacaqdım. Jonas çimmək üçün hazır idi. Üzərindəki qısa qol köynəyini çıxardıqda əzələləri və bədəninin qarşısı qoyulmaz cazibəsi ilə udqunduğum zaman nəfəs boğazımdan daş kimi keçmişdi. Onunla birlikdə hərəkət edib ona qarşı qoymaq çox çətin idi. Əslində hər dəfə Jonasın cazibəli bədəninə baxdıqda onunla yox, öz ehtirasımla savaşdığımı bilirdim. Bu adamın mənim üçün yaradıldığına and içə bilərdim. Onu istədiyimi oxumasın deyədavamlı olaraq gözümü ondan qaçırırdım. Adadan geri qayıtdıqda mənim evimə gələcək, birlikdə doğum gününün qalan hissəsini orada qeyd edəcəkdik. Yaxşı bilirdim ki, bir az rəqs, romantik bir film və azca şərab ona qarşı hər an qırılmağa həssas olan iradəmi asanlıqla qıra bilərdi. Özümü onun qollarına atmaq üçün bu gündən gözəl gün ola bilməzdi. Hər şey düşündüyüm kimi oldu. Gün bitirdi, amma gecə hələ çox gənc idi.
Qapıdan içəri girdikdə əllərim yenə əsirdi. Titrədiyimi görüb, gülərək sakitləşməyimi və burnumdan nəfəs almağımı tövsiyə etdi. Demək asan idi, amma hisslərim ömrümün kulminasiya nöqtəsində idi. Zirvəsi fəth edilməyə hazır olan dağ bunun qarşısını sıldırıma doğru atdığı qayalarla ala bilməzdi. İçəri girdik, bir az dincəlib, kofe içdikdən sonra Jonas yuyunmaq üçün hamama keçdi. Mən də filmə baxmaq üçün aldığımız quru meyvə, çərəz və şərabı TV stendin qarşısındakı masaya qoydum.
Hamam otağının qapısını bilərəkdən bağlamadığını yaxşı bilirdim. Çox film izlədiyi üçün bu səhnəni yaddaşına həkk etmiş olsa da, bunun düşündüyü qədər asan olmayacağını biləcək qədər ağıllı idi. Yenə də şansını sınamışdı, amma pis alınmadı, çünki mən də özümə görə deyildim. Qapının qarşısından keçəndə duşun altında onu izləmək üçün azca dayandım. İçimdəki istiliyi gözlərimdə belə hiss edə bilirdim. Nəfəsimin daraldığını, əllərimin titrədiyini, ayaqlarımın və bədənimin iradəmə güc gəlmək üçün mənimlə savaşdığını hiss edirdim. Təcili oradan uzaqlaşmasaydım, bu, düşündüyümdən də asan olacaqdı, amma nə yaxşı ki, mənə bədənim və hisslərim deyil, bədənim və hisslərimə mən hökm edirdim.
Saçlarını qurutduqdan sonra divanda oturdu və qollarının arasına sızdım. Əlləri ilə saçlarımı oynatmağa başladı. Sirri bilinməyən bu adamın bütün dünyanı unutduracaq qədər hüzurlu bir qucaqlaması vardı. Səssizliyi belə pozdu:
– Mən çimdiyim müddətdə bir həzin mahnı səslənirdi, çox təsirli idi, amma dilini başa düşmürdüm.
– Musiqinin dili olurmu, adam? Eşitmisən yəqin ki, insanlar xoşbəxt olduqda mahnıları, xoşbəxt olmadıqda sözləri dinləyir. Dinlədiyin həmin mahnını Akif İslamzadə oxuyurdu, adı “Ala gözlüm”. Həmin mahnının hekayəsini bilsən, daha təsirli olacağına söz verirəm.
– Gözəl mahnıların pis xatirələrə ehtiyacı vardır, Adel. Eşitməyi çox istəyərdim.
– Rəsul adlı bir şair olur. Bir gün qan təzyiqi ilə xəstəxanaya yerləşdirilir. Onu çox sevən Nigara isə xərçəng xəstəliyi diaqnozu qoyulur. Bu xəbəri eşidən Rəsulun təzyiqi yüksəlir və ölür. Şairin öldüyünü Nigardan gizlədirlər. Xəstəxanadan evə gələn Nigar şairin yoxluğunu başa düşür, bunu çəkə bilmir və bir həftə sonra o da dünyasını dəyişir. Sənin dinlədiyin həmin mahnının sözlərini Rəsul müharibədə olarkən Nigar ondan ayrı qaldığı müddətdə yazıb.
– Həqiqətən, təsirli imiş. Bir-birilərini o qədər böyük məhəbbətlə sevənlərə həsəd aparıram.
– Sevgi həyatın özüdür, bunu başa düşmək o qədər də çətin deyil, elə deyilmi Jonas? Bunu duymaq üçün sadəcə həyatın və qəlbinin ritmini dinləməlisən.
– Adel.
– Ken. (bəli)
– Səncə mən yaxşı insanam?
– Mənə münasibətdə?
– Təbii ki, yox. Altıncı hissin mənim haqqımda nə deyir?
– Deyir ki, məndən gizlətdiyin şeylər var.
– Səndən?
– Əslində yalnız məndən yox, deyir ki, bu adamın özündən də gizlətdiyi şeylər var.
– Altıncı hissin yanıla bilməz?
– Sən sağ beyini bilirsən?
– Xaricdəki dünya ilə onun sayəsində əlaqə qurduğumuzu bilirəm.
– Elədir və bu, tamamilə indiki zamanla əlaqəlidir. Daha dəqiq desəm, bu an mənim yanımdasan və mən bunu pozacaq heç nəyi düşünmək istəmirəm. İndi hiss etdiyim hər şey, bədəninin qoxusundan başlayaraq otaqdakı hər bir detal, qabdakı quru meyvəni yediyim təqdirdə alacağım dad, lampadakı işığın şüaları, hamısı bu andır və bildiyim nə olursa olsun, bunun bir də təkrar olmayacağıdır.
– Daha yaxşıları da ola bilər.
– Jonas, mən olacaqlara baxmaram, olmuş və olanlara baxaram, ki qaldı sənin digər sualına, sol beyni bilirsən?
– Anatomiya dərsidir yoxsa bir yaş daha kamlilləşməyin təsiri? (gülərək)
– Sol beyin sayəsində danışaraq düşünürük. İnsanlar buna vicdanın səsi deyir. İçində danışdığı adamın kim olduğunu düşünür, amma özü ilə danışdığının, daxili və xarici dünya ilə əlaqənin sol beyinlə mümkün olduğunu bilmir. Qısacası sağ beyin emosional, sol…
– Sol beyin rasional beyindir, sol beyninlə düşünüb danışanda əksər hallarda “əgər” və “ancaq” sözlərini çox istifadə edirik. Sağ beyin emosional olduğu üçün ən çox istifadə etməyimizə səbəb olduğu söz “indi”dir. Nəhayət, sol beyin faktlar gətirir, sağ beyin duyğular yaradır, ön beyin isə həqiqətləri təhlil edir. Bunlarla nəyə varmaq istəyirsən, balaca qız?
– Heç nəyə, aleksitimiya bilirsən nədir?
– Hisslərinə ad qoya bilməmək, hisslərinin nə olduğunun fərqinə varmamaq, başqa sözlə emosional korluq.
– Sənlə mən çox klassik səslənsə də, tək medalın iki ayrı üzü kimiyik.
– Sən empatik insansan, Adel. Empatik bir insana qarşı həqiqətləri nə qədər gizlətməyə çalışsan da, onlar həqiqi hədəfləri, düşüncələri və niyyətləri tanıyır.
– Bəzən empatik bir adam yalana inandığını göstərə bilər, amma bu, o demək deyil ki, baş verənləri görmür. Mehriban olması qurulmuş planın fərqinə vararaq bu oyunda iştirakçı kimi oynadığını göstərib, əslində maskanın arxasında gizlədilənləri görmək üçündür.
– Mənfi cəhətləri fədakar olması, duyğuları ilə hərəkət etməyi sevməsidir, bu da insana yaxın olan xüsusiyyətlərdir.
– Jonas, sən də bilirsən ki, insanlar həqiqətə yalandan daha çox yaxındılar. Bəzən həqiqətlər acı verdiyi üçün onları görməzdən gəlirlər. Mənim üçün vacib olan sənin necə biri olmağından çox yanında nə hiss etdiyimidir. “Bir söz qərarını, bir duyğu həyatını, bir insan səni dəyişdirə bilər”.
– Mənə hansı sözü deyə bilərsən ki, həmin sözün duyğusu ilə həyatım dəyişsin?
qulağıma pıçıldadı...
Sonra barmaqlarını qısa qol köynəyimin altından çılpaq bədənimin böyür nahiyəsində gəzdirərək məni özümdən çıxarmağa başladı. Bunu yavaş-yavaş etməsi məni daha da dəli edirdi. Açdığımız film, içdiyimiz şərab kimi yarılanmışdı, amma biz bunun fərqində deyildik. Sirli adamın qucağında özümü onun hərəkətlərinə buraxmışdım. Barmaqları piano dillərinə toxunurmuş kimi bədənimin müxtəlif hissələrində gəzirdi və bu toxunuşlardan bədənimin hər zərrəsinə amansız bir melodiya dağılırdı. Dodağımı dodağına yapışdırmasıyla ehtirasımdan doğan həzz, onu arzulmaq, onun olmaq istəyi məni çılğına döndərmişdi. Üzərindəki koftanı çıxarması ilə əllərimi sinəsinə toxundurmağım eyni zamanda oldu. Boynunu və bədənini öpməyə başladım. Sağ və sol beynimin çəkişməsi başlamışdı, ağlım dur, hisslərim davam et deyirdi. Qollarını sıxırdım, sinəsini didir, boynuna və boğazına mənimsən damğasının simvolu olan diş izlərimi qoymaq istəyirdim. İki əli ilə koftamı işıq sürəti ilə çıxardı. Bəyaz dərimin sehrində itmişdi, sehrli adam. Artıq titrəyən yalnız mən deyildim, o da əsirdi və bu ön səhnəni keçib mənə sahiblənmək istəyirdi. Amma bilmədiyi bir şey vardı. Ruhuma sahib olmadığı müddətdə bədənimə heç kəsin sahib olmasına əsla icazə verməyəcəkdim. Gülümsəyərək “dur”, “sakitləş”, “dərindən nəfəs al” dedim. Ovuclarımın arasında başımı sinəmə sıxmış adamı uzaqlaşdırıb, “dayan” dedim. Bir anda dəyişən vəziyyətimə baxıb təəccüb içində:
– Nə baş verir, nə edirsən, Adel? Səni istəyirəm. Səni dəli kimi istəyirəm. Səni bu an hamıdan çox istəyirəm.
– Luka İncili, 14/10-u xatırla, Jonas. (gülürəm)
– Adel, nə danışırsan? Hərdən Quran, hərdən İncil, nədir sənin dərdin, rahibə olmaq?
– Bunu bilmədiyini demə. (gülürəm)
– Nəyi bilmirəm?
– Gəl danışım o zaman. Günlərin birində bir rahib gənc rahibəni evinə aparır. Yolda olanda avtomobilin sürət qutusunu dəyişdikdə əlini rahibənin dizinə qoyur. Rahibə “Rahib, Luka (İncil) 14/10-u xatırla” deyir. Rahib “üzr istəyirəm, hisslərimə məğlub düşdüm” deyir. Bir az getdikdən sonra rahib yenə sürət qutusunu dəyişdikdə, əlini rahibənin qasıqlarına atır və rahibə “Rahib, Luka 14/10-u xatırla” deyir. Rahib utanaraq “bağışla, nəfsimə sahib çıxa bilmədim” deyir. Rahibəni evinə qoyduqdan sonra evə gələn rahib dərhal Luka İncilini açır və 14/10-a baxır. Nə yazıldığını təxmin et, Jonas?
– Yəqin ki, Tanrı günahları bağışlayandır?
– Yox Jonas, İncildə yazır ki, “dostum daha yuxarılara çıx ki, gözəlliklərə çatasan” (ikimiz də ucadan gülürük)
– Məni niyə bu gözəlliklərdən məhrum edərək sakitləşdirdin, Adel?
– Ruhuma sahib olmadığın müddətdə bədənimə sahib olmağına icazə verə bilmərəm…
Köşə
Sən də dəyişdin, artıq dəyərini gəzəcək yollar deyil, böyük pullar təyin edir. Küçələrində küləklər deyil, köpəklər ulayır. Gənclərinin arzuları körpələr, fikirləri qocalar evində yatan şəhərim. Bir gün oyanacaqsan qara neftin qoxusundan və sevgisizlikdən mavi gözləri qaraya dönmüş Xəzər boğacaq səni. Havasız qalacağıq sənin hayasız dalğalarının altında. Suyun altındakı timsah göz yaşlarımız da xilas etməyəcək bizi. Nə gözəl demişdi adam, göz yaşı da çəkiyə gəlir, dəcəl oğlanın göz yaşı küləkdən yüngül, ac oğlanın göz yaşı isə planetdən ağırdır.
***
(5-ci gün)
Pifaqor kvadratını bilirsiniz?
Rəqəmlərin təkcə riyazi deyil, həm də sehrli xassələrə malik olduğuna inanırsınızsa, bunu sınaqdan keçirməlisiniz. Həyatda təsadüf yoxdur, hər şey bir-biri ilə əlaqəlidir. Belə ki, ay olmasaydı dünya olmazdı, daha doğrusu ay dünya ilə toqquşmasaydı, iyirmi üç dərəcə əyilməyəcək və fəsillər olmayacaqdı. Gördüyün, bildiyin, bilmədiyin hər şey çox detallı bir şəkildə bir-biri ilə əlaqəlidir. Doğulduğumuz yer, öyrəndiyimiz dil, olduğumuz ailə, böyüdüyümüz mühit, ətrafımız, təhsilimiz və bundan sonrakı hər bir şey əlaqəli şəkildə bizə şəxsiyyətimizi qazandırır. Hələ bir də taleyin olmadığına inansaq, bu iki möhtəşəm ziddiyyətin içində azıb qalarıq. İnsanları həyat açan ölüm qoxulu çiçəklərə bənzədirəm. Bir gün solub, torpağa qarışacaq və küllərindən bir gül kimi yenidən doğacaq.
Çox zərərsiz və faydalı bir insan idi, mənim həyat müəlimim, əziz atam. Gülləri, güllə sözünə bənzəyir deyə sevə bilməyən bir adamdan danışıram, nəhayətində. Atam deyirdi ki, insanlar ömrü boyu ən azı bir dəfə həyata nə üçün gəldiklərini düşünürlər. Əlbəttə, bu suala bir cavab tapa bilmirlər, tapdıqda isə cavablar canqurtaran, hamı tərəfindən dini inanclarla qəbul edilən və əksər halda məntiqsiz olur. Əslində biz həmin sualın cavabını öyrənmək istəmirik. Əgəröyrənmək istəsəydik, zatən ilk sual bu olmazdı. İlk sual dünyanın və insanın yaradılışı, yaşadığımız kainat və bədənimizi tanımaqla əlaqəli olmalıdır. Dünyanın hara olduğunu, hansı bir boşluqda durduğunu, insanın burdakı rolunu öyrəndikdən sonra bütün suallara ağlabatan cavablar verə bilərik. O zaman cavablarımız məntiqsiz olmayacaq. Bəlkə də mütləq heç nə yoxdur deyə, istədiyimiz cavabları tapa bilmərik, amma nəticədə hamı kimi düşünməyəcək, asan inanmayacaq və durduğumuz yer torpaq səthinə yox, göy üzünə daha yaxın olacaq. Atam həmişə göy üzünəməndən yaxın idi, bu gün də heç nə dəyişməmişdi. Yoxluğu ilə məndən daha uzaqda olması məlum idi, amma gün-gün mənim ona yaxınlaşdığımı cənnətdən görə bilirdi.
İnsan kənardan ət və sümükdən ibarət görünsə də, əslində bizi var edən şey karbon, hidrogen, oksigen, azot, fosfor və kükürd elementləridir ki, bu da torpağın tərkibindəki kimyəvi elementlərlə eynilik təşkil edir. (Şübhəsiz ki, Biz onları yapışqan kimi bir palçıqdan yaratdıq).
Bütün suallar və cavablar sadəcə insan beynində gizlidir. Kilo yarım civarında olan bu kiçik sistemin içində yüz qırx milyarddan çox sinir hüceyrəsinin olduğu ehtimal edilir ki, bu da haradasa qalaktikadakı ulduz sayına bərabərdir. Bir hüceyrənin də təxminən 2-10000 arasında hüceyrə ilə əlaqəli olduğunu düşündüyümüz zaman qarşımıza möhtəşəm bir mənzərə çıxır. Hələ beyindəki mesajların sürəti insanı çılğın edəcək qədər çoxdur. Təsəvvür edə bilirsiniz ki, bu sürət saatda 580kilometrə bərabərdir?
Bir qram beyin arasında olan şəbəkə əlaqələri dünyadakı telekommunikasiya şəbəkələrindən daha çoxdur. Belə ki, sinir hüceyrəsi eyni anda minlərlə siqnal qəbul edə bilir və trilyonlarla fərqli yolla bir mesaj beynimizdəki yerə çatır. Beyin bədənin ümumi çəkisinin yalnız iki faizini təşkil etdiyi halda, bədənimizə daxil olan oksigenin iyirimi beş faizini istifadə edir.
Ana bətninə düşdükdən dörd həftə sonra insan beyni var olmağa başlayır. İlk on iki aya qədər beyin kökü və ya onurğa beyni inkişaf etmədiyi üçün yalnız ani reflekslərə, yuxu, yemək və ya ağlamaq kimi əsas həyati funksiyalara cavab vermək iqtidarında oluruq. Üç yaşımızda olduqda beynimiz normal insan ölçüsünün səksən faizinə çatır və bu yolla özümüzü ifadə edə və duyğuları tanıya, oyun oynaya, saymağa və danışmağa başlaya bilirik. Ən uzun müddətə formalaşan hissə isə davranış, düşünmə, problem həll etmə və kimi mövzularda bizə düşünmə imkanı verən ön beyin lobumuzdur. Bilinən bir metod vardır ki, düşüncəyə duyğu əlavə edilərsə, inanc formalaşmış olar, əgər inanc davamlı hal alarsa, davranış inkişaf edər. Davranış inkişaf etdikdə isə vərdiş və öz növbəsində vərdişdən şəxsiyyət formalaşar. Uşaqlığımızda öyrədilən hər şey təkrarlanırsa, bubizim qazandığımız şəxsiyyətimizi təyin edir. İnsan istəmədikcə bu ardıcıl şəbəkəni dəyişə bilməz.
Bunları atam mənə hələ kiçik yaşlarımda danışmışdı. Biz beyin şəbəkəmizin adəti üzrə işləmə metodlarını qırmağı bacarmışdıq. Ona görə də ətrafımızdakı heç kəsi mühakimə etmədən yaşaya bilirdik. Hakim və ya qatil olsun, fərq etməz, onun formalaşmış şəxsiyyəti yönləndirilmiş beyninin içində olan mexanizmdən ibarətdir.
Beynimiz sərhədlərini görə bilməyəcəyimiz qədər böyük və boş bir sahəyə oxşayır. Orada düşüncə ilə yarada bilməyəcəyimiz möcüzə yoxdur. Beynimiz yalnız bizim iradəmiz, ehtiyaclarımız və özümüz üçün faydalı hesab edib, etmədiklərimizlə özünü formalaşdırıb bizə mükəmməl şəkildə geri dönüş edir. Atam ilk dəfə beynin talamus sahəsi haqqında danışdıqda dəhşətə gəlmişdim. Ətrafdan gələn xəbərdarlıqları sanki süzgəcdən keçirməklə yararsız və vacib olmayan səs, qoxu, rəng, təmas xəbərdarlıqlarını avtomatik olaraq bizdən xəbərsiz aradan qaldıran bu sahənin insan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edəndə bir daha bizim yoxsa beynimizin bizi idarə etdiyinə dair şübhələr içində qıvrılıb durmuşdum. Amma üz ifadəmdən çox qorxduğumu görüb, demişdi atam: əgər ətraf mühitdən gələn hər bir xəbər beynimizdən bizə şüurlu və məlumatlı şəkildə ötürülsəydi, beynimiz özü-özünü məhv edərdi. “Bazal ganglionlar” adlanan beynimizin emosional modulyasiyası və beyin qabığı adlandırdığımız zehni modulyasiya sahələri bu duyğuları və düşüncələri dərhal süzgəcdən keçirir və yararsız olanları görməzdən gəlir.
– Bunu necə edə bilir?
– Bax qızım, bir ananın öz övladını pəncərənin qarşısında qucağında tutduğunu düşün.
– Aha, düşünürəm.
– O anda ananın ağlına “atsam nə olar?” kimi fikir gəlir. Ananın beynindəki psixoloji süzgəc, analiz qabiliyyəti düzgün işləyirsə, “ağılsız deyiləm ki, niyə də atım?” deyir. Əgər ana bu düşüncəni ciddiyə alarsa və bunu vəsvəsə halına salarsa, bir müddət sonra öz övladını qucağına ala bilməyəcək qədər özünə psixoloji təsir edə bilər.
Dediyi kimi düşündükdə hadisə daha qarışıq hal alırdı, amma zamanla təhlil edib, həyatın müxtəlif məqamlarında bununla rastlaşdıqda daha aydın mənzərə göz önündə durur. Beynimizədaxil olan məlumatlar kitabxanadan fərqli olmayan sənədləşmə sistemi kimi işləyir və yaddaşımıza bölümlər şəklində həkk olunur. Tutaq ki, ailə, məktəb, tələbə, xəstəlik, rəng kimi bölümlərin olduğunu təsəvvür etsək və oranı tamamlanmış kimi qəbul edib həmin bölgəyə məlumat ötürülməsini dayandırsaq, bundan sonra qeyd edilən yerin qapıları bizə həmişəlik bağlanacaq,yeni bir məlumat yüklənməyəcəkdir. Bu, mövcud olan məlumatlarla razılaşan, olduğu kimi qalan və dəyişikliyi sevməyən insanlara xasdır. Beynimizdə stulla bağlı qəbul etdiyimiz bir standart var. Əgər üçayaqlı bir stul görsək, qəbul etdiyimiz standartlara cavab vermədiyinə görə bu məlumatı həmin bölməyə yerləşdirmirik, yeni qırıq ayaqlı stul hissəsi açırıq. Amma bütün bunların hamısı bizdən xəbərisz, şüursuz olaraq baş verir.
Əsas məsələni isə tamamilə unutmuşuq. Çox dil bilməyimin mənə nə qazandıracağını atama sual verəndə, “nə qədər çox dil, o qədər fərqli düşüncə” demişdi, cavabında. İlk başda bunu da anlamamışdım. İndi səkkiz dildə tamamilə danışa bilməyim və on dildən artıq dili anlamaq qabiliyyətimin niyə vacib olduğunu çox yaxşı başa düşürdüm.
İnsan beyninin ən təəccüblü funksiyası uşaqkən danışmağı öyrənməsidir. Bir meymun balası insanlar arasında nə qədər qalsa da, danışmağı öyrənə bilməz, amma insan övladı vəhşi meşədə qaldığı halda yaşadığı canlıların səslərini öyrənir. Məsələn, Mauqli kimi. Bizə təqdim edilən Mauqlinin əksinə vəhşi təbiətdə böyümüş insan bir müddət sonra cəmiyyətə qarışsa da,danışmağı öyrənə bilməz. Həyatımızın ilk beş ilində öyrəndiklərimiz, bütün ömrümüz boyu öyrəndiklərimizdən çoxdur. Doğuşdan sonra yeni beyin hüceyrələri istehsal olunmur, ancaq əlaqələrin sayı artdıqca beynimiz böyük və yeni bacarıqlara yiyələnir.
Hələ də çox dil bilməyimizin bizim həyatdakı rolumuza təsirini anlamaqda güclük çəkə bilərsiniz. Amma baxış bucağını dəyişən, həyatdakı hər bir şeyi doğru ya da yanlış və yaanlamağımıza səbəb olan hər şey məhz elə insan dilidir. Hətta insan bunu qavraya bilsə, bu gün qəbul etdiyimiz sabit zaman anlayışını parçalaya bilər. Bizim qəbul etdiyimiz zaman anlayışında keçmiş bildiklərimiz və gələcək bilmədiklərimizdən ibarətdir ki, bu da bilinəndən bilinməzə doğru hərəkətdə olduğuna görə buna zamanın oxu deyirlər. Dünyada etdiyimiz hər bir müşahidənin içində yaşadığımız cəmiyyətin düşünmə tərzi, zamanı və məkanı anlama metodu, xüsusilə də,danışdığı dillə birbaşa əlaqəsi vardır. Hind dilində dünən və sabah sözlərini ifadə edən eyni sözişlədilir ki, onun da bizim dilə tərcüməsi belədir: “bu gündən bir gün uzaqda”…
Başının içindəki səs-küyə, qarmaşaya rəğmən bəzən ürək qəfəsində hiss edərsən tək qaldığını. Bəlkə yalnızdım, amma edəcək işlərim bitmirdi. Bu günə edəcək iki vacib işim vardı. Biri konfrans, digəri seans. Seans haqqında sonra danışacağam, çünki zaman ardıcıllığına görə əvvəlcə konfransda iştirak etməli idim. Atamın da vaxtı ilə dini konfranslarda iştirak etdiyi kimi həmin ənənəni davam etdirirdim. Bu medianın diqqətini çox cəlb edirdi. “Böyük xeyriyyəçinin davamçısı Adel” başlıqlı məqalələr, haradansa eşidib adımdan “Tanrının qızı Adel” kimi bəhs etdikləri köşə yazıları, sosial çağırışlar və başqaları. Bununla da mediada hər ay haqqında ən çox danışılan adam olaraq gündəmi işğal edə bilirdim. “Gənc milyarder” və “subay gözəlçə” olmaqla yanaşı İslam dininə bağlılığımla xeyli tanınırdım. Əslində belə tanınmaq mənim fikrim deyildi. Bir çox halda bu böyük reklamdan ibarət olsa da, nəticədə cəmiyyətin gözündəki simamımızetdiklərimiz təyin etmirmi? Olduğumuz adamı yalnız aşkarda etdiklərimiz və etmədiklərimizin müəyyən etməsi çox ədalətsizdir, çünki istədiyini edə bilmədiyi kimi istəmədiyini edən adamlar da var. Bu konfranslar xeyriyyəyə ayırdığım pulların nəticəsində həyatını dəyişdiyim insanlara həsr edilirdi. İslam dininin şərtlərindən biri olan zəkat verməyin dində nə qədər böyük savab əməl olmasını insanlara çatdırır və nəticə olaraq sosializmin həm aşağı, həm də yuxarı təbəqəsinə istədiklərini almaq imkanı verirdim. Aşağı təbəqə yuxarıdan alırdı, həm yuxarıdakı təbəqəyə, həm Allaha şükür edirdi. Yuxarı təbəqə aşağıdakına yuxarıdan aşağı baxdığına və şükür edilən olduğuna görə özünü Allaha daha yaxın hiss edirdi. Hər kəs nəticədə öz istədiyini alırdı. Başqa deyişlə cənnəti aşağıdakılar əməlləri, yuxarıdakılar isə pulları ilə qazanırdı. Ya da başqa bir bənzətmə ilə aşağıdakılar cəhənnəmə, yuxarıdakılar cənnətə yaxın idi.
Sıxıcı, amma bir o qədər də vacib konfrans sonrası mənim ən çox gözlədiyim seans gəlirdi. “Göz” adı altında psixoloji dəstək proqramı kimi başlatdığım layihə ölkəmizdə öz ağlına inanan və ağlına heç kəsin inanmadığı üçün psixoloji cəhətdən əziyyət çəkən insanları əhatə edirdi. Onlar bir araya gəlir, öz fikirlərini, nəzəriyyələrini onun kimi hiss edən insanlar arasında etiraf edərək rahatlayırdı. Mən də həmin seanslara qoşulurdum. Amma heç zaman iştirakçı deyil, sadəcə dinləyici kimi qoşulur, aralarında fiziki və əqli qüsurlular olduqda kömək edə biləcəyim bir şey olarsa, bunu əsirgəmirdim. Məqsədim yalnız kömək etmək deyildi, həm də öyrənmək idi. Atam həmişə deyirdi ki, “psixoloji problemi olduğuna inandığımız insanlar dəliliyə və dahiliyə digər insanlardan daha yaxın olur”. Bunu təcrübələrdə sınamışdıq, həqiqətən, onların əksəriyyətinihəyatın ən çətin məqamlarından çəkib, dəlilikdən qurtararmış və dahi etmişdik. Bizim bu gün elmi-araşdırma mərkəzlərimizdə xidmət edən bir çox dahilərin çoxu bu seanslarda kəşf edilmişdi. Təbii haldır ki, aralarında iradəsindən kənar gülünc hekayələr danışanlar da olurdu. Biz ağlabatan və ya qulağa maraqlı səslənən əksər fikri ehtimallar nəzəriyyəsi ilə təhlil edib, deyilən nəzəriyyə və təcrübələri sınaqdan keçirirdik. Seansda adətən bizə müraciət etmiş bir nəfər olurdu. Amma bunu özü bilmirdi, digər stullarda əyləşən insanların da onlar kimi olduğu mənzərəsini yaratmışdıq. Əslində hamı bu kiçik oyunu təhlil edərək təcrübə aparacağımız adamın içindəki fırtınanı sərbəst buraxmağa proqramlı idi. Pedaqoq, psixoloq, həkim, filosof və digər sahələrdən heyətimiz bu seanslarda iştirak edirdi.
İstanbulda olduğum müddətdə də bu seansların heç birini qaçırmamışdım. Online platforma üstündən iki saatlıq seansları həmişə izləyirdim. Vaxt xərclədiyim hər şeyin müqabilində onların da mənə nə isə qazandırması ilk şərtim idi. Filmlər və kitabların mənə qazandırdığı təcrübəni, həyat standartları qazandıra bilmirdi. Bu seanslar artıq on ildən artıq idi ki, baş tuturdu. Bu layihəni atama təqdim edən vaxt on bir yaşım var idi. Əyilib alnımdan öpmüş, mənimlə qürur duyduğunu demişdi. Hələ layihənin adının özündən də maraqlı tarixi var idi, çünki heç bir ad haqqındadüşünməzkən, atam məni alnımdan öpüb, mənimlə qürur duyduğunu deyərkən gözlərimə baxmış və layihənin adını soruşmuşdu. Heç bir fikrim yox idi, amma o an onun gözlərindəki sevinci, qüruru görüb, “Göz” demişdim.
“Göz”ün on il əvvəl atdığı addım sayəsində Azərbaycanda yalnız brend`ləşmiş vətrend`ləşmiş insanlar şöhrət qazanmırdı, bu adamlar ön planda olmadan səhnə arxasında tarixin formalaşmasında əvəzsiz pay sahibi olurdu. Heç kimin onları tanımasına lüzum olmadığı kimi beləarzuları da yox idi. Kütbeyin cəmiyyətdə, onları anlamayan ailələrinin arasında ola bilmədikləri üçün bu gün “Göz”ə sığınıb, bizimlə birlikdə yaşayırdılar. Burada hər kəsin dünyadan kənar həyatları, öz adlarından əlavə ləqəbləri var idi. Mən heç sevməsəm də öz aralarında mənə “Tanrının qızı” deyirdilər.
Bu adamlar deyə müraciət etdiyim dahilərin həyatındakı kiçik toxunuşlarım sayəsində mənə geri qayıtmış əvəzsiz dalğalar vardı.
“Etdiyiniz hər şey bir gün sizə qayıtması şərtilə sonsuz bir dalğa yaradır”.
Atam deyirdi ki, “şöhrət kənardan gözəl görünən, hər kəsin diqqət və sevgi göstərdiyi düşünülən bir illüziyadır. Yoxluğu heç nə etmədiyi halda, çoxluğu insanı öldürə bilər.”
Ən böyük istedadlar da tarixdən şahidi olduğumuz kimi asanlıqla şöhrətin qurbanına çevrilə bilir. Bir gənc yazar keçirilən müsabiqəyə qoşulur və yazdığı bir cümlə ilə dövrünün ən tanınmış, şöhrətli yazıçısı olur. Sadəcə bir cümlənin hesabına əldə olunmuş böyük şöhrət eyni zamanda onun cəlladına dönüşür. Özünü öldürmə səviyyəsinə çatdıracaq qədər “nə demiş görəsən?” – deyə düşünür insan. Amma fransız yazıçı Jül Vern nə demiş, bircə bilsən, bir düşünsən. Ya da düşünməyi burax və insanda asılılıq yaradan həmin cümlənin içində dərviş ol:
“Tumurcuqlar gülümsəyir, bir azdan uğunacaqlar”…
Köşə
“Saxlamaq” felinin, xüsusilə, gündəmdə olduğu bir dövrdə yaşayırıq. Niyə kişilər başqa qadınları saxlayır, qadınlar pişik, it, digər heyvanları saxlayır, ac, xəstə, çarəsiz insanları Allah saxlayır, kimsə digərlərindən həqiqətləri saxlayır, xahiş edirəm, bir az ayaq saxlayın…!
VIII bölüm
İnsanlar pul qazanmaq üçün səhhətini qurban verir, sonra səhhətini geri qazanmaq üçün pul xərcləyir. Gələcəyi düşünərkən bu günü unudur, beləcə, nə bu günü yaşayır, nə də gələcəyi. Əslində ölüm heç yoxmuş kimi yaşayarkən, yaşamamış kimi ölür
(K)
İstanbulda “Gülhane” parkında idik. Jonas da mənim kimi təbiəti, dənizi çox sevir, sakit və kimsəsiz məkanlara üstünlük verirdi. Sakitliyi və dəm çayı sevənlər üçün bura ideal məkan idi. Jonasın qoluna girmiş, başımı çiyninə yaslamış halda mənzərədən zövq alırdım. Həmin gecə onu dəli edib, istədiyindən uzaq tutmağım, hələ bir də qurduğum son cümlə onu əsəbiləşdirmişdi. Bu isə başa düşüləndir, istənilən kişinin həssas hisslərini oyadıb, anidən buna qarşı qoymasını istəsəniz, o, çılğına dönər. Əsəbi olduğu üçün ruhumla bağlı dediyim cümlədən sonra, “biz ruhlar dünyasında yaşamırıq” demişdi, çox keçmədən üzr istəmiş və mən sadəcə işarə barmağımı dodaqlarıma dayayıb, “all is well” demişdim. Jonas duyğusuz olduğu qədər də anlayışlı idi. Onu güldürmək üçün “Gülhane” parkında gəzərkən “bu park ruhlar dünyasında yaşayanlar üçün ideal istirahət mərkəzidir” demişdim. Jonasın əlindən tutmaq, ona yaxın olmaq mənə çox yaxşı gəlirdi. Soyuq havada isti qəhvə içmək, isti havada dondurma yemək hissinin verdiyi zövq kimi sevgininbədənimə yayıldığını hiss edirdim. Həyatda keç kəsə qarşı ümid içində olmayan mən Jonasa qarşıetinasız qala bilmirdim. Məndən fərqli olaraq Jonas insanın gözləntilər olmadan yaşamasının hər kəsə qarşı şübhəli yanaşaraq, insanı ümidsiz və inancsız yaşamağa sürüklədiyinə inanırdı. Jonas bəlkə də Robert Rozental deyildi, amma Piqmalion effektini mənim üçün sübut etmişdi.
Jonasın məndən fərqli olaraq həyat fəlsəfəsi olmayan adam idi. Deyirdi ki, bizim gələcək üçün qurduğumuz xəyallar həyatın bizə görə biçdiyi geyimi geydiyimiz zaman suya düşür. Mən ondan fərqli olaraq əvvəldən bəri hər şeyi planlayaraq yaşamağı seçmişdim. Bu mənə əlavədənzaman qazandırırdı, çünki əksər insanlar kimi yalnız özüm üçün yaşamırdım. Sahib olduğum kişilik eyni anda bir neçə rolu oynamağa məcbur idi. Doğrudan da etdiklərimi etməsəm, nə olacaqdı ki? Bir filmdə deyildiyi kimi “həyatda nə edirsən et, əhəmiyyətsiz olacaq, amma sənin etməyin önəmlidir, çünki bunları sənin yerinə kimsə etməyəcək”. Etmədiklərimdən dolayı gələcək daha fərqli bir yer olacaqdımı yoxsa bu hərəkətsizlik sadəcə böyük bir qayadan küləyin aldığı toz qədər gələcəyə təsirsiz ötüşəcəkdi? Atam deyirdi ki, doğru bildiyin və inandığın şeyləri etdiyin müddətdə sən özün ola biləcəksən. “Bəs başqasının doğruları, onlar nə olacaq?” – deyə soruşmuşdum atamdan. Onlar da öz doğru bildikləri və inandığı şeyləri etdikcə “mən” olacaqlar. Axı, bu düz deyil, bizim doğrularımız ziddiyyət təşkil edirsə, hansımızın daha doğru dediyini necə təyin edəcəyik? – deyə etiraz etmişdim, atama. Yenə həmişəki kimi sakit tərzlə və yanağındakı o gülümsəmə ilə demişdi, dahi adam: “İnsanların nə dediklərinə yox, nə etdiklərinə bax. Varlığının dəyişdirdiyi şeylərə yox, yoxluğunun dəyişdirəcəyi ehtimallardan yola çıx və tam tərsinə yoxluğunla deyil, varlığınla fərq yarat. Əgər dünyada doğru bildiklərimizin ziddiyyəti olmasaydı, bilmədiklərimizi heç vaxt öyrənə bilməzdik. Müzakirələr mübahisəyə, müdafiələr müharibələrə çevrilmədikcə kəşfiyyatçıdır insan və unutma ki, insanlığı xilas etmək insanları xilas etməkdən daha vacib bir vəzifədir”.
Parkda ağacın altında Jonasın sinəsinə başımı qoymuş, səssizcə dincəlirdim. O isə iki ayağını az məsafədə aralayıb, kürəyini sərt palıd ağacının yumşaq hissəsinə söykəmiş, bu andan və təbiətdən zövq alırdı. Uzun səssizlik sonrasında demişdi ki, bəlkə də çox vəhşicə səslənir, amma bir zamanlar təbiətin insanlardan aldığı o tarixi qisasda yer üzündən silinmiş Fransa şəhəri Sen-Piyer kimi, bütün dünyadakı canlı aləmin yer üzündən silinməsini istəyirəm. Düşünə bilirsən,Pasxa bayramını qeyd etməyə hazırlaşan otuz min insan Mon-Pele vulkanının püskürməsi nəticəsində yaşadıqları Sen-Piyer şəhərindən silindi. Sadəcə üç insan həmin fəlakətdə sağ qaldı. Bir mağarada gizlənən on yaşlı kiçik qız, okeana özünü atmış bir adam və daş hücrəsində edam olunmağı gözləyən bir məhkum. Həyat çox qəribə deyilmi, Adel?
Əlini boynumda gəzdirərkən yenə bədənimin içindəki istilik alovlanmağa başladı. Bu Jonasın xoşuna gəlirdi, sözün düzü, mənim üçün də xoş idi, amma bunu bacardığım qədər hiss etdirməməyə çalışırdım. Görünən o ki, bunu çox yaxşı bacara bilmədiyim və ehtiraslandığımı hiss etdiyi üçün Jonas onun üçün sirli qalmış həmin gecəyə dair suallara başladı:
– Adel, sən bakirəsən?
– Ken.
– Be emet? (həqiqətən?)
– Bu çox təəccüblüdür?
– O gecə ona görə dedin ki…
– Əlbəttə yox. Yenə təkrar edirəm: sən mənim ruhuma sahib olmadığın müddətdə bədənimə sahib ola bilməzsən. Bu tamamı ilə şəxsi fikrimdir, bakirəliklə bağlı deyil.
– Bəzi ölkələrdə olduğu kimi sizin də ölkədə bakirlik qadın üçün evlənənə qədər şərtdir?
– Bu şərt deyil, adətdir.
– Adət və ya şərt, fərq etməz, Adel. Şərtlər dəyişdikcə, adətlər də dəyişir, zamanla o da dəyişəcək.
– Dəyişdirməli olan şeyləri dəyişdirmədik və dəyişdirməməli olan şeyləri dəyişdirdik deyə bu gün insan dünyanı maddi və mənəvi cəhətdən yeyib-bitirir, bunun müqabilində təbiət insandan amansızca qisas alır.
– Amma bakirəliyini qorumağı müqəddəs bir vəzifə sayan, hətta bunu evləndiyi günə qədər bacardığı üçün sonra hər gün qəhrəman qadın kimi dolaşan ruhu fahişələşmiş qadınlar var.
– Yenə qarışdırırsan, Jonas. Fahişələrin ruhu deyil, bədəni satılmış olur. Bu gün fahişə olmayan az adam qalıb. Özlərini istəmədiyi işlərə pul üçün satanları unutma.
– Bununla razı deyiləm, Adel. Onlar məcbur qalırlar.
– Eynilə fahişələr kimi.
– Amma nəticədə…
– Nəticələr müxtəlif ola bilər, səbəblər isə həmişə eynidir. İnsana səbəblər yox, nəticələr maraqlıdır. Səbəbsiz gəldiyimiz nəticələr sayəsində əllərimiz doludur, amma təmiz deyil. “Tanrı dolu yox, təmiz əllərə baxır”, Jonas.
– Mənə başqa bir şey daha çox maraqlıdır, Adel. Ölkənizdə evlilik hansı yaş aralığında üstünlük təşkil edir?
– Əvvəllər daha az idi, indi orta hesabla iyirmi iki yaş məqbul hesab olunur. Sənə bu niyə belə maraqlıdır ki?
– Yəni qadınlar bütün ehtirasını evlənəcəyi adama saxlayır?
– Həmişə yox, bəzən sadəcə bakirəliyini saxlayır.
– Bəs evləndikdən sonra?
– Ondan sonrası həmişə şübhəlidir, kim kimi, nəyi, harda necə saxlayır, bilinmir. Şair deyir ki, qəfil gün doğsa bir gecə, dünya düm ağ işıqlansa.
– Başa düşmürəm, Adel. Sən nə danışırsan? Hansı şair? Nə əlaqə?
– Bunları xoş görməli və boş verməlisən, Jonas. Yoxsa ki, adət və mədəniyyətləri müstəqil tarixindən böyük ölkəni bir gündə kəşf etmək niyyətindəsən?
– Adel, sən azərbaycanlısan, amma heç düşündün ki, atan nə üçün sənin digər aparıcı dillərlə yanaşı yəhudilərin dili olan ibranicə öyrənməyini istəyib?
– Nə deməyə çalışırsansa, bunu açıq de, Jonas.
– Adın belə ibranicə addır, ananın da adı Məryəm idi. O yəhudi ola bilərdi?
– Atam adı Yusif idi, və o, azərbaycanlı idi. Adımı anam qoyub və haqlısan, o, yəhudi idi. Azərbaycanda çoxlu yəhudi olub, hətta indi də var. Amma mən, azərbaycanlıyam.
– Yerində olsam, əksini seçərdim, verdiyi üstünlüklər daha çoxdur. (gülərək)
– Vətənimizi biz seçmirik Jonas, o bizi seçir.
– Haqlısan, amma mənə görə vətən sevdiklərimizin olduğu yerdir.
– Vətən dedikdə ağlına yalnız sevdiklərin gəlirsə, sən vətənsizsən.
– Mənim Vətənim dünyadır.
– Olsun, dünyalı adam. Bəs sən harada yaşamaq istərdin, Jonas?
– Od və buzun əfəndisində.
– İslandiya? (gülürəm)
– Bilsəydin yox, bilməsəydin, təəccüblənərdim. Okeanın ortasında qarın, buzun və odun içində olan bir yer təsəvvür edə bilirsən?
– Yoxsa sən vikinqsən Jonas? (gülürəm)
– Əsgər və ordusunun olmamasına rəğmən dünyanın ən təhlükəsiz yeridir. Polisləri beləsilah daşımır. İslandiya cinayət ortalaması ən az olan ölkələrin başında gəlir, statiskayagörə ən hüzurlu ölkə də məhz oradır, insanların inkişafını düşünə bilirsən, Adel?
– Filokinin yerində olmaq istərdin?
– Əlbəttə, istərdim, Adel. Kim istəməz ki? Adını qoyduğun bir ölkən olur. Cənnət və cəhənnəmi görmək istəyirdin, aha səni İslandiyaya apara bilərəm. (gülür)
– Aktiv vulkanlar, buz dağları, şəlalələr, isti və soyuq bulaqlar cənnət və cəhənnəm kimi eyni adada. Bu, əlbəttə, möhtəşəmdir. Məktəb vaxtı bizə iki ifadənin önündə “ana” sözünün olduğunu öyrədiblər. Vətənin və təbiətin. Təbiətə yaxın olduqda o, insanın yalnız ictimai deyil, bioloji varlıq olduğunu da xatırladır. Nə gözəl ki, bu ölkədə insanlar və təbiət arasında böyük bağ vardır.
– Bütün vulkanlar partlamağa hazırdır və hamısına ironiya ilə qadın adları verilmişdir. İddiasına varam, içində Adel də vardır. (gülürük)
– Səni yandıraram, Jonas. (gülərək təhdid edirəm)
– Zatən bunu baxışlarınla etmirsənmi?
– Sən var ya sən, od olan sənsən. Elə yansan yaxşıdı. (gülürük)
– İslandiyanın elektrik ehtiyacı şəlalələr və yer altı isti sular hesabına yüz faiz təmin edilir. Təbiət insanın ən yaxın dostu, ehtiyacı olan hər şeyi təmin edən ayrılmaz bir parçası deyilmi?
– Elədir, Jonas, məhz elə təbiətə zərər vermədikləri üçün İslandiya dünyanın ən təmiz havasını özündə ehtiva edən təbiətə məxsusdur.
– Yalnız havasına deyil, eynilə ən təmiz suyuna və ətraf mühitinə məxsus ünvana da yiyələnib. Yaz, qış isti su hovuzları xalq üçün böyük istirahət zonalarına çevrilib və təbiətlə dost olan bu ölkənin adamları yeməklərini bişirmək üçün onları torpağa gömərək bişməsini gözləyirlər. Düşün ki, Adel, hər an təbiətlə bərabər təbii bir düzənin içində hüzur dolu yaşayırsan.
– Ən sevdiyim tərəfi isə oxuma və yazma faizinə görə dünyada birinci yeri tutmasıdır. Adam başına çap edilən kitab və jurnalların sayı bütün Avropa ölkələrindən yüksəkdir. Adamlar həm oxuyur, həm yazır, həm də yaşayırlar.
– Çünki dövlət bu təminatı birinci öhdəlik kimi görür. Uşaqların həm təhsili, həm əyləncəsi ön plandadır. Çox uşaqlı ailələr demək olar ki, yoxdur. “Az, amma öz” prinsipi ilə böyüdülən uşaqlara ilk əvvəl faydalı insan olmağın üsulları öyrədilir. Özünə faydalı olan insan cəmiyyət üçün də faydalıdır. Hər uşağa təhsil sonrası əlavə pul ayrılır ki, onlar idmanla da məşğul olsunlar. İnsan anatomiyası idmanın sayəsində sağlam və xoşbəxt qala bilər. Bunun nəticəsidir ki, ən seyrək xalq olan islandiyalılar idmanın müxtəlif sahələrində qazandıqları uğurlarla öz ölkələrini dünyada tanıdır, sağlam və idmançı xalq olaraq da bilinirlər.
– Ailələrin uşaqlarla birlikdə vaxt keçirməsi məcburiyyəti olan bir ölkədən bəhs edirsən, Jonas. Dövlət cəmiyyəti var edən şeyin ailələr olduğunu bildiyi üçün ailə təməlini hər şeydən üstün tutursa, uşaqlara müxtəlif vaxtlarda ailələri ilə bağlı məcburi anket suallarına cavab vermək öhdəliyi qoyaraq ailədəki vəziyyəti nəzarətdə saxlayırsa, artıq əlavə şərhə ehtiyac yoxdur ki.
– Nəticə olaraq İslandiya gəncliyi dünyanın ən idmançı və xoş xarakterli gəncliyi olaraq da tanınır. Sadə, fərqli yanaşma tərzi və zəkaları nəticəsində dünyanın bir çox ölkəsindən xeyli irəlidədirlər. Soyadların olmadığı bir məkan düşün, hər kəs ad və atasının adı iləçağırılır. İslandiyada yaşayan hamının əlaqə nömrələri bütün hər kəs üçün əlçatandır,təbəqə fərqinin aşkar göstəriciləri, hegemonluq və yoxsulluq yoxdur.
– Bir islandı əsəbişləşdirmək üsulunu düşünərkən belə bu, insanı başqa bir aləmə aparır. Çox sakit təbiətli olmaqlarına baxmayaraq, təbiəti, ətraf mühiti, dənizi çirkləndirən insan gördükdə ona qarşı reaksiyasız qalmırlar, məhz elə bu səbəbdən də dünyanın ən təmiz ölkəsi yenə İslandiyadır. İnsan təbiəti dünyanın təbiəti ilə ayrılmaz sevgi ilə bağlıdır və onlar bu şifrəni bildikləri üçün xoşbəxtliyin qapıları üzlərinə açıqdır.
– Ən sağlam yeməklər də İslandiyada mövcuddur, məlumdur ki, İslandiya ada dövlətidir və dəniz məhsulları dünyada ən sağlam məhsullar hesab edilir. Bu arada İslandiyada insanların birinci düşməni hesab edilən ağcaqanadlar mövcud deyil və əminəm ki, bütün insanlar kimi sən də qütb işıqlarını xüsusilə bəyənirsən. İslandiya qütb işıqlarınınölkəsidir.
– Kim elə Vətən istəməzdi ki? (gülürəm). Amma Jonas, dünyada nə pis bir Vətən, nə pis bir yer var.
– Bir tərəfdən razıyam, əslində, dünya yarandığı gündən onu dəyişdirən insan dünyaya qarşı həmişə pis niyyətli olmamışdır. Bəzi xoş niyyətlərlə atdıqları addımlarla cəhdləri sayəsində dünya tarixində yaxşı izlər qoymuş insanlar da vardır. Qurulan bütün dövlətlərin siyasi məqsədi və idarəçilik xidmətindən fərqli olaraq daha yaxşı dünya üçün qurulmuş xəyali dövlətlər də var.
– Əlbəttə var, biri mənim şəhərim Bakıda doğulmuş, İqor Rauf oğlu Aşurbəylinin qurucusu olduğu ilk kosmos dövləti olan, təxmin edilən məqsədi daha gözəl dünyanın yaradılmasıolan “Asgardia”dır.
– Əslində bu, ilk deyil, Adel. Tarixdə bəzi məqsədlərlə belə qurulmuş onlarla dövlətlər vardır, hətta onların vətəndaşları belə mövcuddur. Bu fikri ilk düşünən “Celestia” dövlətinin banisi James Thomas Mangan olmuş, hətta həmin dövlətin öz bayrağı, himni, pul vahidi belə mövcud olmuşdur. Bunları boş ver, Adel, faktiki olaraq, astral səyahətlə səni cənnətə və cəhənnəmə aparmış oldum.
– Səadətə gəl, Jonas, nə demək istəyirsən? (gülürəm)
– Sən ağılı qızsan, Adel. (gülür)
– Ağıllı adamlar özünü çox yaxşı gic yerinə qoya bilir. Ən yaxşısı, gəl, biz bir film seçək. (gülürəm)
Həmin məlum gecə baxmaq istədiyimiz filmdən heç nə xatırlamırdıq deyə Jonasla gəzintidən sonra sinema kluba getmək qərarına gəldik. Telefonda yeni çıxmış filmlərin seanslarına baxırdıq. Dünyadakı hər on ölümün birinin siqaret səbəbi ilə olduğunu bilmədən, yanımızdan siqaret çəkən gənclər saatlı bomba kimi gülərək keçirdilər. Hər il altı milyondan çox insan bu səbəbdən ölür, amma kimin vecinə?! Doğumlar və ya ölümlər, cəmlənə bilən hər şey dolayı yolla statistika deyilmi?
“İnsanlar pul qazanmaq üçün səhhətini qurban verir, sonra səhhətini geri qazanmaq üçün pul xərcləyir. Gələcəyi düşünərkən bu günü unudur, beləcə, nə bu günü yaşayır, nə də gələcəyi. Əslində ölüm heç yoxmuş kimi yaşayarkən, yaşamamış kimi ölür”.
– Bu filmin video fraqmentinə bax, əgər xoşuna gəlsə, həmin filmə baxaq.
– Video deyə bir şey yoxdur, Adel. Bunlar hamısı şəkildir. Video elektronların toqquşması ilə üç fərqli rəng (yaşıl, qırmızı və mavi) təşkil edən işığın yaratdığı rəngli görüntülərin sürətli yerdəyişməsidir.
– Daha sadə dildə desək, insanın gözü saniyədə sadəcə altmış beş şəkil çəkə bilir və bizə göstərilən videolarda bu daha sürətli hərəkət etdiyi üçün şəkillərin hərəkət etdiyini görürük.
– Bir şeyi də bilmə, Adel. Bir şeyi də bilmə! Başqa insanlar kimi bilsən də, ilk dəfə eşidirmiş kimi etsən olmazmı? Çox maraqsız insansan.
– Toda, rab..! (təşəkkürlər, əfəndim)
– Elə deməyimə baxma. Əslində, bu mənim çox xoşuma gəlir. Birlikdə bilmədiyimiz şeyləri öyrənə bilərik. Məsələn…
– Məsələn, səni. (gülürəm)
– Ən çox getmək istədiyin yer haradır?
– Bunu sənə demişdim, Jonas. Yaddaşını itilə, xatırlayacaqsan.
– Cənnət? Axı ora mövcud deyil.
– Söz verirəm, bir gün məni ora apara bilsən, sənə bədənimi və ruhumu təslim edəcəm.
– Şeytana şeytanvari bir şey təklif edirsən? (gülür)
– Şeytan aşiq ola bilməz ki? Doğrudan, biz həmişə mələklərin aşiq olduğunu təsəvvür edirik, Şeytan da bir mələk deyilmi?
– Adel, mən aşiq olmuş bir şeytanın hekayəsini bilirəm. Cəhənnəmi bir müddətlik tərk etmiş Los Angels`da öz dedektivinə aşiq olmuş bir Şeytan.
– Lucifer? (gülümsədim)
– Özüdür ki, var. Şeytan belə aşiq olmağı bacarırsa, insanlar üçün ümid vardır demək.
– Ümid həmişə vardır, Jonas, bir də ki, məndən cavabını aldın, bəs sən bakirsən? (utanıram)
– Ruhən? (gülür)
– Biz ruhlar dünyasında yaşamırıq, Jonas. (hər ikimiz gülürük)
– Necə bir uşaqlığın olub? Heç onun üçün darıxırsan, Adel?
– Çox maraqlı uşaqlığım olub. Əlbəttə, darıxıram.
– Ən çox nəyi üçün darıxırsan?
– Heç nəyi düşünmədən, yastığıma sarılan kimi yatdığım gecələri…
Uşaqlıq tək tərəfli gedişdir, o, bir daha qayıtmayacaq. Eyni zamanda biz ruhlar dünyasında yaşamırdıq, amma ətrafımızdakı hamının yaşadığı bu dünyanın bir parçası olmadığımız hər halımızdan məlum idi. Kim bilir, bəlkə də sadəcə bir-birimizi yola verirdik. Bəlkə də həqiqətən aşiq olmuşduq? Əgər belə bir ehtimal vardısa, onunla indiyədək yaşadığım və yaşayacağım hər şeyə dəyərdi. Ayrı olduqda parçalar halında olan biz, birlikdə olanda tamamlanmışdıq sanki. Biz bir-birimizə bərabərdik. Bunun belə olduğuna inanırdım, amma atamın dediyi son cümlə qulağıma sırğa olmuşdu:
“Həyatına girəcək hamının bir məqsədi olacaq, hər kəsin sənə verəcəkləri müqabilindəalacaqları da olacaq. Münasibətdə olduğun insanlarla məsafədə kiçik olma, amma böyük olmağa da çalışma, böyük bərabər ol, mənfi olan hər şeydən uzaq dur. Sıfırdan belə kiçik, səni mənfiyədüşürə biləcək tək müsbət şey sevgi ola bilər ki, bunun sevgi olduğunu bir tək halda anlayacaqsan, bərabərlikdə”.
Köşə
Elə bir gün gələcək ki, həyat baltasını əlinə alıb, düşəcək sənin canına. Acımadan sağına-soluna, üzünə-gözünə amansızca vuracaq! Buna görə narahat olma, dost. Möhtəşəm bir sənət əsəri yaradacaq deməkdir. Bir az boşluq olacaq, amma unutma ki, boşluq içərisinə düşdüyün an tərəfindən doldurulmuş bir şeydir, bir az realist ol, sənin üçün heç kəs sənin yerini verməz.
***
(4-cü gün)
Əlimdə tutduğum köhnə şəkilə diqqətlə baxırdım. Anamdan geriyə xatirə qalan tək şəkli idi. Bu günümüzdə adi bir insan həyatı boyu yüzlərlə, minlərlə şəkillər çəkdirdiyi halda, keçmişdə iki rəqəmli saya qalxacaq qədər şəkli olanlar nadir tapılardı. İnsanlar texnologiyanı nə zaman bu qədər irəli daşıdı? Bu texnoloji inqilab çox sürətli baş vermədimi? O zamanlar televizor, telefon və internet yox idi, kitablar var idi. Fiziki qüvvəyə daha çox ehtiyac duyulur, yoxluqlar içində qalan insanlar bir-birinə daha yaxınlaşırdı. Biz varlığın insanları birləşdirdiyini düşünürük, amma hərdən yoxluğun insanları yaxınlaşdırması ehtimalını düşünsək, daha düzgün qənaətə gəlmiş olarıq. Bu günü görmüş gənc çətin ki, keçmişdə yaşamağı arzulasın.
Texnoloji inqilabın ağılalmaz dərəcədə sürətli inkişafından danışırdım. XX əsrin ən son illərindən XXI əsrin əvvəllərinə kimi nə dəyişdi ki, insan mümkünsüz olacağını düşündüyümüz çoxşeyi mümkün hala gətirdi?
İlk yalanı danışdığım zaman altı yaşım var idi. Atam yalan danışdığımı öyrənəndikdə buna əsəbiləşmədi. Məni dizinin üstündə oturdub, saçlarımı tumarlayaraq “yalan danışan adam axmaq adamdır” dedi. Sonra kədərləndiyimi görüb, yalan danışmağın yaxşı və pis tərəflərini mənə danışdı. Dedi ki, yalan özünü müdafiə etmək üçün ideal görünən vasitədir, bəlkə bu, səni xilas edə bilər, insanların həmin an üçün sənin haqqında müsbət fikir formalaşdırmasına səbəb ola bilər, qısacası yaxşı çıxış yoludur, amma qapısını açıq qoyub bir gün ora geri dönməyə məhkum olduğun bir yoldur. Özünü müdafiə etdiyini düşünürsən, amma əslində özünü alçaldırsan, sənin haqqında qısa zaman üçün yaranmış müsbət fikrin əslində mənfiyə doğru dəyişəcəyinə bilirsən və buna şüurlu surətdə yol verdiyin üçün, eyni zamanda, öz axmaqlığını sərgilənmiş olursan. “Yalan danışan adam axmaq adamdır”. Atama sual verdim ki, “bir insanın yalan danışmadığını nə vaxt dəqiq bilərsən”? Dedi ki, mən ölüm ayağında olan insanın son nəfəsində yalan danışmayacağınıdüşünürəm, amma bu da mütləq deyil, bəlkə də bir səbəb vardır, buna görə də sübut edilməmişhər deyim teoremdir.
ABŞ-ın keçmiş hərbi zabiti ölüm yatağında, Nyu Meksikodakı Roswell hərbi bazasının yaxınlığında illər əvvəl düşən müəmmalı obyektdə yadelli cəsədləri olan bir UFO tapıldığını və bunların Amerika hərbçiləri tərəfindən gizlədildiyini etiraf etdi.
O zaman hərbi bazanın ictimaiyyətlə əlaqələrdən vəzifəli zabiti olan və 2008-ci ildə vəfat edən leytenant Walter Haut, ölümündən sonra açılmasını istədiyi məktubunda ABŞ hərbçilərinin həmin qəza olan yerdə o vaxt araşdırma üçün 51-ci əraziyə köçürülmüş kosmik gəmidən bir çox texnologiya əldə etdiyini iddia etdi. Əlbəttə, bu təsdiqini tapmamış bir məlumatdır. Müəmmalı olan da budur ki, bu ya həqiqətən bir çox şeyi insanlardan uzaq tutan güclərin varlığını sübut edir ya da Fermi paradoksunun əksini sübut edəcək başqa bir paradoks çıxanadək deyilən hər şey sadəcə nəzəriyyədir.
Anamın şəklinə diqqətlə baxırdım, əgər Kvant fizikasının işləmə metodunu kəşf edə bilsəydim, zamanda geriyə qayıdıb anamı tanımaq istəyərdim. Bəlkə də bütün istədiklərimiz zaman tərəfindən başqa formada və yerdə bizə təqdim edilmə imkanına malikdir. Keçmiş ona müdaxilə edilməsini sevməz, gələcək onun qabaqcadan görülməsini istəməz. Beləliklə, keçmiş və gələcək dediyimiz nisbi zaman anlayışını unutmaq çox da çətin deyildir. Niyə bu günümüzü dolu-dolu yaşamaq əvəzinə keçmiş və gələcək arasında qaçaqaçda qalırıq? Həyat başlamasını bizim təyin etdiyimiz bir yer deyil, amma bitməsini gözlədiyimiz halda son verə biləciyimiz yerdir. Başlama və bitmə xətti, yəni “x və y” şərti adları altında zaman kimi yaşam oxu da mövcuddur. Həmin ox eyni kardioqramda olduğu kimi eniş və yoxuşlardan ibarətdir.
Dörd gün sonra mənim eniş və yoxuşlarım bitmiş olacaq, zaman və yaşam oxum iradəmlə son tapacaq. Cəzası cəhənnəm olsa da, cənnətə gedəcəyimi bilirəm. Atamın və anamın orada məni gözlədiyini bilirəm. Əslində bunu dəqiq bilmədiyimi də bilirəm. Bilmədiyim şeylərdən qorxmuram, çünki onlar mənə öyrənməyin nə qədər zövq verdiyini xatırladır. Öyrənə bilmədiyim şeylərə nifrət edirəm, çünki onlar mənə öyrəndiyim hər şeyin yalan olduğunu xatırladır.
Axşamçağı yürüşə çıxmış və yağış yağacağını görüb təəssüflə evə geri qayıtmışdım. Xəstələnməyim heç yaxşı olmazdı, çünki sağlam ölmək niyyətində idim. Buludlar köksünü çəkmiş şəkildə bircə toxunuşda nə göz yaşı varsa, yerlərə ələyəcək kimi küskün dururdular, amma bir o qədər də məğrur idilər. Bir azdan yağış damlaları yerə doğru istiqamət alacaq və təbiətin ən maraqlı parçası olduğunu sübut edəcəkdi. Əlimdə qəhvə, güclü yağışın pəncərəyə toxunuşu və bununla yaranmış təbii melodiyadan zövq alacaq, bu böyük kainatın kiçik zərrəsi kimi özümü tənhalığıma basdıracaqdım. Çayı da sevərəm, amma onu tək içməzlər, qəhvə mənim kimi yalnızadamların içkisidir.
Bir yağışı sevməyən insanları, bir də dənizi olmayan şəhərləri heç anlamıram.
Saat axşam səkkizi göstərirdi. Fati məni təcili görmək və vaxtım olarsa, qəbuluma gəlmək istədiyini dedi. Razılığımı aldıqdan sonra tez bir zamanda iş otağıma gəldi. Üzündə tərəddüd və qorxu var idi, sanki onu narahat edən şey məni də nigaran edər deyə düşündüyünü mənə deməkdən çəkinirdi.
– Fati, nə baş verib? Həyəcanlı görünürsən. Təzə nə isə xəbər var?
– Adel, polis gəlib. Sizinlə görüşmək istəyir.
– Bəs onları nə üçün gözlədirsən? Bu ki, əla xəbərdir.
– Adel, onlar bizim polislər deyil. Beynəlxalq Kriminal Polis Təşkilatından – İnterpoldan gəliblər.
– Uzun zamandır, xəbər yox idi, Fati. Bu günü gözləyirdik.
– Mənim də qorxduğum şey uzun müddət sonra yalanlarla qarşımıza çıxacaqlarıdır. Cinayəti pərdələmək üçün uyduracaqları yalanlara onlara inanacağımızı düşünürlər.
– Hələ bir gəlsinlər, dinləyək, sonra düşünərik.
– Yaxşı, Adel.
Ofis otağımda səbirsizliklə onların gəlişini gözləyirdim. Bu müddətdə üzümü atamın divardakı böyük tablosuna tutub, onunla dərdləşməyə başladım. Kaş ki, yanımda olsaydın, atacan. Bunların heç biri yaşanmasaydı və sağ olsaydın. Necə qəribə həyatdır, atacan. Bir az sonra sənin ölümün haqqında danışmağa gələcəklər, bəlkə də deyəcəkləri hər şeyi bilirəm, amma bu heç nəyi dəyişməyəcək, sən qayıtmayacaqsan.
Nə yalanlarla qarşıma çıxacaqları haqqında onlar otağa gələnədək düşündüm. Hər ehtimalı beynimdə zamanla təhlil etmək üçün vaxtım çox olmuşdu. Qapıdan içəri keçdilər və nəzakətlə həmin üç adamı qarşılayıb, əyləşmələrini, Fatinin də onlarla bərabər yanımda olmasını istədim. Bu adamlar arasındakı ziddiyyəti görməmək mümkün deyildi. Başdan ikisi bizim “Hadı və Bıdı”ya oxşayırdı. Sonuncu isə yumru idi. Yalnız üz quruluşu yox, taxdığı eynək də yumru idi. Arıq uzun olan daha çox özündə gücü, ortancıl elmi, sonuncu isə ikisi arasındakı qarşılıqlı təhlil bacarığınıüzünə yansıdırdı. Sıra ilə qarşımdakı masada əyləşdilər. Onlar sözə başlamamış nəzakətimi qorumaq şərtilə:
– Vaxtım çox dəyərlidir. Bildiyimiz şeylər haqqında danışmaq istəməzdim. Bakıya qədər uzaq yol qət etdiyinizə görə demək istədiklərinizin əhəmiyyətinə inanıram. Atamın cinayəti ilə bağlı cəfəngiyat olduğunu düşündüyüm mövzu haqqında danışacaqsınızsa, əvvəldən sizi yormaq istəmərəm.
– Madam Adel, biz bura atanızın cinayəti ilə bağlı deyil, ananız haqqında danışmağa gəlmişik.
– Anam? Necə yəni, nə əlaqə? Başa düşmədim.
Məryəm, yəhudi əsilli Azərbaycan gəlini idi və sizin ananız idi, eləmi? – deyə söhbətə davam etdi, yumru adam.
– Aha, davam edin.
– Məryəmin sizin ananız olduğunu təsdiqləyirsiniz? Xatırladım ki, bu görüş üzərimizə yerləşdirdiyimiz kiçik kamera vasitəsilə video lentə alınır və bu məlumatı təsdiqləməyiniz bizim üçün vacibdir.
– Təsdiqləyirəm.
– Atanız Yusif bəy, sizə ananız haqqında nə danışıb? Daha doğrusu, nə qədərini danışıb?
– Xahiş edirəm, bildiklərinizi deyin, əgər bilmədiyim məlumatlar varsa, reaksiyamdan bunun fərqinə varacaq qədər peşəkarsınız.
– Yusif bəy və Məryəm xanım harada tanış olub, məlumatınız var?
– Anam Azərbaycanda yaşayan yəhudilərdən olub. Onlar Bakıda tanış olublar.
– Atanızın Kembric Universitetində təhsil aldığını, yəqin ki, bilirsiniz.
– Bəli, bilirəm. Amma nə əlaqə var, bunu əlaqələndirə bilmirəm.
– Atanız 1984-88-ci illərdə Kembric Universitetində təhsil aldığı dövrdə ananızla tanış olub.
– Axı, bu, ola bilməz, bunu məndən gizlətməkdə atamın nə kimi məqsədi ola bilərdi ki? Elə olsa belə, atamla anamın orada tanış olması nəyi dəyişir ki?
– Ananız İsrail dövləti qurulmamışdan əvvəl ailəsi ilə birlikdə Bakıda yaşayan yəhudilərdən olub və siz əlimizdə olan məlumatlara görə Azərbaycanda yox, İsraildə doğulmusunuz.
– Bir dəqiqə durun, xahiş edirəm, orada dayanın. Mənim Vətənim Azərbaycandır. Bunlarınhamısı cəfəngiyatdır.
– Buyurun, özünüz baxın, madam Adel.
Əlimə aldığım faylı açaraq məlumatları diqqətlə gözdən keçirdim. Fati də qəflətən yerindən sıçrayıb başımın üstündə dayandı. O da oxumaq istəyirdi, amma başa düşəcəyi dildə yazılmamışdı. Həmin məlumatlarda doğum yerimi təsdiq edən ibranicə sənədlər mövcud idi. Haqqımda hazırlanmış bu kiçik dosyada mənim illərdir özüm haqqımda bildiyimdən daha çox məlumat var idi. Axı bu, necə ola bilərdi, bunlar haradasa səhv etmiş ola bilərdimi? Faylın son səhifəsində oxuduğum raportlarda və yəhudi mamaçaların ifadələrində bütün şübhələrim beynimin içini bir anda işğal etdi, qan dövranımın sürtələndiyini, ürək döyüntülərimin nəzarətsiz atışını hiss edə bilirdim. Bu ola bilməzdi, xəstəxana kağızları və ifadələrə görə doğuş vaxtı anamın iki qızı olmuşdu.
– Siz mənimlə zarafat edirsiniz? Belə yanlış məlumatlarla nəyə nail olmaq istəyirsiniz?
– Ananız doğuş zamanı iki qız övladı dünyaya gətirib, bunlardan biri Adel, yəni sizsiniz, digəri sizin bacınız Ayseldir.
– Aysel? Nə danışırsınız, bunlar çox mənasızdır. (qəhqəhə ilə gülürəm)
Gülməyimin təzadında göz yaşımı çölə deyil, içimə doğru axıtmağı bacarmışdım, amma boğazımın düyününə bir çarə tapa bilmirdim. Masanın üzərindəki suyu cəld stəkana tökərək bir anda başıma çəkdim. Daha sonra:
– Bunların bir məntiqli izahatı və sübutu olmalıdır. Yoxsa bu sənədlərin hamısı mənim üçün uydurma kağız parçasıdır. Ayselmiş, bacımmış, yaxşı bəs indi o, haradadır?
– Madam Adel, bacınızın sizinlə eyni gündə doğulduğunu bildiyimizə görə dizigotik əkiz olduğunuzu düşünürük. Yəqin ki, dizigotik əkizlər haqqında məlumatınız var.
– Tək yumurtada olmayan, yəni bir-birinə oxşamayan əkizlər.
– Bəli, Aysellə sizi əkiz edən tək şey sadəcə eyni gündə doğulduğunuzdur.
– Bəs onun haqqında nə bilirsiniz? Bəs anam, o öldükdən sonra Ayselə nə oldu?
– Ananızın öldüyünə və yaşadığına dair əlimizdə heç bir məlumat mövcud deyil. Eyniləbacınız Aysel haqqında tapa bildiyimiz, sadəcə, onun sizinlə eyni gündə və yerdə doğulmasıdır.
– Beynəlxalq polis təşkilatının əlindən gələn budur?
– Baxın, madam Adel. Bizim işimiz, əslində bu deyil. Biz atanızın cinayətini araşdırırdıq, çünki yerli amerikan polisi üçün bu cinayət əhəmiyyətsiz ola bilər, ya da bu cür pərdələnməsi onlardan tələb oluna bilər, amma bizim təşkilat üçün atanızın ölümünün arxasında kimlərin olması beynəlxalq bir təhdiddir.
– Nə kimi təhdid?
– Biz məlumatları işimizin məxfiliyi səbəbindən sizinlə bölüşə bilmərik.
– Bir anda gəlirsiniz və bütün həyatımı alt-üst edəcək xəbərləri mənimlə bölüşürsünüz, sonra da başqa məlumat verə bilməyəcəyinizi deyirsiniz?
– Bu cür reaksiya başa düşüləndir. Hissləriniz çox qarışıq olmalıdır. Anlayışla qarşılayırıq. Eyni bizim kimi, sizin də bizi anlayışla qarşılayacağınıza ümid edirik.
– Heç nə etməyin və başqa nə isə deməyin, sadəcə getmənizi istəyirəm.
– Son bir şey daha madam Adel, valideynləriniz riyaziyyat ixtisası üzrə birlikdə təhsil aldığı vaxt müasir dövrün ən məşhur və nüfuzlu fizik-nəzəriyyəçilərindən olan professor Stiven Uilyam Hokinq Kembric Universitetində Lucasian Riyaziyyat professoru idi.
– Yenə də bu sualda məntiqli əlaqə qura bilmirəm. Nə demək istəyirsinizsə, bunu birbaşa deyin.
– Burada biz özümüz də ağlabatan bir əlaqə qura bilmirik, bəlkə atanız sizə bu haqda bir şey demiş ola bilər deyə bu sualı sizə veririk.
– Yox, mən bu haqda heç nə bilmirəm.
– Amma heç təəccüblənmədiniz, madam Adel.
– Dediklərinizdən dolayı olduqca təəccüblənmiş və sayənizdə günlük təəccüb limitimi doldurduğumdandır, cənablar. Fati sizə çıxış yolunu göstərər.
– Bien dormir madame, Adel. (fransızca: şirin yuxular, xanım Adel)
– Bon voyage monsieur! (yaxşı yol, əfəndim)
Onlar getmişdi, otağı dörd dolanır, çarəsizcə ora-bura baxırdım. Fati diqqətlərini mənim üzərimdən çəkmir, ilk nə deyəcəyimi gözləyirdi. Az keçən səssizlik sonrası üzümü Fatiyə tutub:
– Ağlı itirməyəcək qədər deyil. Atamın bunları məndən gizlətməsi çox mənasız deyilmi?
– Elədir, madam. İnan ki, mən də deyəcək söz tapa bilmirəm. Nə edə biərik?
Məntiqli bir izah axtarmaq üçün atamın otağına keçdik. Amma kor-koranə nə axtardığımı bilmədən kitabları və əşyaları arasında eşələnirdim. Atam sevimli müəllimi Stiven haqqında mənə çox danışmışdı. Onun sayəsində zehni inkişafında inqilablar olduğunu dəfələrlə mənə xatırlatmış, kitablarını oxutmuşdu. Bütün bunları təhlil edib, hər şeyi tapmalı idim, amma hardan başlayacağımı bilmirdim. Geriyə dönüşü olmayan yolda dördüncü günün sonuna gəlmişdim. Sadəcə üç gün qalırdı, amma mən ilk dəfə idi ki, ölmək istəmirdim. Yaxşı bilirdim ki, bu müddətin sonunda ölməsəm, bir də heç zaman Jonası görməyəcəkdim. Qarşımda iki sual və tək cavab dururdu. Ya heç tanımadığım anam və bacımın izi ilə gedəcək və sevdiyim Jonası tamamilə unudacaqdım ya da bu günü kabus kimi yaşayıb Jonasa qovuşmaq üçün son üç günü sayacaqdım. Amma hər ikisini etməyi çox istəyirdim. Atam burada olsa, bu vəziyyətdə nə edərdi? O, hər ikisini etməyin bir yolunu tapardı. Ax, ata kaş ki sağ olaydın və bu suallara cavab verəydin. Üç günüm var, bunu mən də bacara bilərəm. Əvvəl ən başa, hər şeyin başladığı yerə, yəni doğulduğum torpaqlara – İsrailə getməli, sonra anam haqqında öyrənə biləcəyim hər şeyi öyrənməli, sonda həqiqətən vardısa, həyatdadırsa, Ayseli tapmalı idim. Bütün bunları üç gündə edə bilərdimmi? Əlimdə limitsiz pulum, hər qapını açacaq açarlarım, şəxsi təyyarəm və yetmiş iki saatım var idi. Yaşamağın son anından bu qədər həzz alacağımı heç düşünməmişdim:
– Fati, dərhal hazırlaş, elə indi İsrailə gedirik.
Köşə
Keçməz dediklərimiz elə birinci keçdi bizdən. Ölülər belə kürəyi üstə dəfn edilərkən, bizi üz üstə buraxıb gedənlər az olmadı. Sonradan baxdıq ki, hər şey onlar üçün bəlkə də bir keçiddən fərqli deyilmiş və yenə də gülürlər. Biz onlar kimi olmadıq, amma gülüb keçməyi öyrəndik.Torpağın altındakı bir nəfərlik taxtadan evlərin kirayəsi bir ölüm, bu dünyada dərd əzablı cəhənnəmin qiyabisi bir ömürdür.