IX bölüm
Xoşbəxtliyi tapmaq üçün deyil, bölüşmək üçün evlənməli, bir şey almaq üçün deyil, vermək üçün sevilməlidir
(K)
Həmin gün ikimizin də çox sevdiyimiz, hətta ayrılıqda həyat hekayəsini oxuyub birlikdə müzakirə etdiyimiz aktyor Kianu Rivzin “47 Ronin” filminə baxdıq. Filmin sonunda yaşadığım təsir ucbatından göz yaşlarımı saxlaya bilməmişdim. İnsanlar bir amal uğruna savaşmış, ədaləti bərqərar etmiş, bu yolda öz canlarından keçmişdilər.
– Gözü sulu qız, nə oldu? Yoxsa gözünə küləkmi qaçdı? (gülümsəyir)
– Mənim üçün gerçək hekayəsi olan hər şey duyğulu və təsirlidir, Jonas. Adamlar dərinsədaqətlə özlərini inandıqları həqiqət uğrunda fəda etdilər.
– Sən “Masada” intiharını bilirsən? Həmin intihar öz tarixi hekayəsinə görə “47 Ronin”dən heç də geridə qalmır.
– Bəlkə inanmayacaqsan, amma bunu həqiqətən bilmirəm.
– Yəhudi olasan və bunu bilməyəsən? (gülərək)
– Azərbaycanlı olduğumu sənə daha neçə dəfə deməliyəm, Jonas?! (əsəbiyəm)
– Bu, İsrailin cənubunda Nəcəf çölündə yerləşən Masada (ibranicə “qala”) adlı qalada romalılara təslim olmaq istəməyən yəhudilərin hekayəsidir. Aralarındakı münaqişələrin əsasını din təşkil edən romalılarla yəhudilər arasında olan bu savaşda, romalılar yəhudilərin inanclarını təsir etmək məqsədilə onları həmin qalada mühasirəyə almışdır. Masada qalasının içində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini görüb, aralarında silah istifadə etməyi bacaran on şəxsi doqquz yüz əlli insanı öldürmələri üçün vəzifələndirirlər. Həmin on adam, digərlərini öldürdükdən sonra, öz aralarından bir nəfər seçməli, seçilmiş adam geridə qalan doqquz yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Həmin seçilmiş on nəfərin öhdəliyinə heç kimin sağ qalmaması şərti qoyulmuşdu. Lakin bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırmaq məqsədilə həminintihardan yalnız iki qadın və beş uşaq həyatda qalmışdır. Masada qalası YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir və mən həmin qalada olmuşam. 2007-ci ildə “Masada”da qaldırılan İsrail bayrağı dünyanın ən böyük bayrağı olaraq dünya rekordunu qazanmışdı və yəqin ki, bilirsən, hazırda dünyanın ən böyük bayrağı haradadır?
– Mənim vətənimdə, Azərbaycanda.
– Azərbaycanı çox sevirsən, sanki sənin dünyan oradır.
– Əlbəttə çox sevirəm, amma deməzdim ki, dünyam oradır. Bəs sənin dünyan haradır, pis yalançı?
– Sənin qəlbin. (gülümsəyir)
– Jonas, bu gün dozasından xeyli artıq olan romantikanızı nəyə borcluyuq?
– Sizə madam Adel, yalnız və yalnız sizə.
– Pis bir yalançısan, Jonas. (gülürəm)
Bəlkə də yalan danışırdı, amma pis yalançı deyildi. Ya da mən bu münasibətdə ona inanmağı seçmiş saf bir aşiq idim. Qısa səssizlikdən sonra üzümü Jonasa tutub:
– Sənə bir sual vermək istəyirəm.
– Niyə o zaman sual vermək istəyini də sual olaraq verirsən, birbaşa sual versənə, Adel.
– Amma həqiqəti danışacağına dair şübhələrim var.
– Aha, vəziyyət ciddiləşdiyinə görə maskaları taxa bilərik. (gülmür)
– Sən mənə ilk dəfə gül göndərdiyin günü xatırlayırsan? Lotus göndərmişdin.
– Aha, yadımdadır.
– Lotusun ən sevdiyim çiçək olduğunu haradan bilirdin?
– Universitetə ilk gəldiyin gün girişdə lotuslara baxdığını görmüşdüm.
– Mən də elə cavab verəcəyini düşünmüşdüm, amma sən həmin vaxt universitetdə deyildin. Dərslər başladıqdan iki həftə sonra bizə qoşulmusan, elə deyil, Jonas?
– Əslində burada idim, amma dərslərə gəlmirdim. Ev, universitet və digər vacib məsələləri həll etməli idim.
– Oradan baxanda sənə çox sadəlövh biri kimi görünə bilərəm. Bəlkə də bu sənə olan təmiz sevgimdən irəli gəlir. Gəl, mənim durduğum nöqtəyə və yerlərimizi bir anlıq dəyişək. İstəyirəm, özümə bir də sənin gözündən baxım. Jonas, mən sadəcə həqiqətləri eşitmək istəyirəm.
– Eşitdiklərin həqiqətdir. Sənə nə üçün yalan deyim ki?
– Bu qədər? Son dəfə soruşuram, mənə demək istədiyin başqa bir şey var?
– Yoxdur, Adel. Amma deyəsən sənin var.
– Daha mənim də deyəcək sözüm yoxdur. Sadəcə, boş ver.
Ona boş ver deyirəm, ancaq özüm bunu edə bilmirəm, çünki “boşuna deyil dilimin tutulması, ya da o yanımdaykən əllərimin titrəməsi. Ah Jonas, sən ilk addımlarımsan bu həyatda, yarım qalmış və ya deməyə şansımın olmadığı cümlələrim, gözümdən belə qoruduğum, həsrət və hüzn içində yatarkən heç vaxt unuda bilmədiyim gecələrimsən” demək istədim. Onu nə qədər çox sevdiyimi eyham vurmaq, məndən istifadə etsə də, hisslərinin yalan olmadığına inanmaq istədim, amma bir yalana inanıb, yalançıya aşiq olan məndim. Bunu cəzasını acı həqiqətlə çəkməli idim. Xoşbəxtliyin şirin, bədbəxtliyin acı olduğu qədər bütün yalanlar bal, həqiqətlər də zəhər dadır.
Təəssüf ki, insanlar unudur ki, “xoşbəxtliyi tapmaq üçün deyil, bölüşmək üçün evlənməli, bir şey almaq üçün deyil, vermək üçün sevilməlidir”…
Doğum günüm olan gün…
Həmişə doğum günümdə məni ilk təbrik edən atam olardı. Bu dəfə də məni yanıltmadı və gecə yuxuda atamı gördüm. Əlində bir qızıl güllə yatdığım otağın qapısını açmış, gülü masanın üzərinə qoyub, geriyə bir not buraxmışdı. Yuxuda olduqda nota baxmışdım, amma nə yazıldığını xatırlaya bilmirdim. İnsanlar gördüyü yuxuları çox tez unudur. Səhər yuxudan oyandıqda o notda nə yazıldığını xatırlamadığım üçün beynimi günahlandırmağa başlamışdım.
Atamın qızılgülü qoyduğu yerə yatağın sağına tərəf baxdım və heybətdən geriyə doğru sıçradım. O yuxuda gördüyüm kimi eynilə masada yanında not olan bir qızıl gül var idi. Əllərim əsə-əsə, gözlərimi ovuşdurdum və bunun yuxu olmadığını anlamaq üçün özümə çimdik atdım, dərindən nəfəs aldım və notu götürdüm:
Not:
Jonas olduğunu düşündüyün adam deyil.
Hazır olduğunda bu nömrəyə zəng et, iki siqnal səsindən sonra dəstəyi as,
“Tanrının qızı Adel”.
“yom hu’ledet sameach”
(ibranicə: doğum günün mübarək)
O not doğum günümdə əlimə keçsə də, həmin gün sadəcə Jonasın yanında olmaq istəmişdim. Notda yazılanların həqiqət olma ehtimalı çox olsa da, son dəfə şirin yalanların içindəqısa xoşbəxtliyi Jonasla yaşama istəyimə mane ola bilmədim. Amma içimi yeyib bitirən həmin notun kimdən gəldiyini öyrənməli, dedikləri həqiqətin nə olduğunu öyrənməli idim. Həyatımda həmişə yalandan uzaq qaçan mən, bu gün ən böyük yalanın qollarında özümü uşaq kimi xoşbəxt hiss edirdim. Onsuz da həyatın qısa fraqmenti də bu deyildimi? Yalanlar içində böyük xoşbəxtlik? Axı hamı bunun yalan olduğunu bilə-bilə xoşbəxt görünürdü yoxsa xoşbəxt görünmək üçün yalançı olurdu? Hər bir halda həqiqət arada-sırada bizə gələn qonaq, yalansa həyatımızın ən vəfalı sakini idi.
Köşə
Allah ev yiyəsi, dünya qonaq otağıdır. Biz dünənlərin sakini, bu günlərin qonağıyıq. Doğuşumuz ağlamaqla başladı, öldüyümüzdə ağlatdıq.
Hərdən elə gəlir ki, mənə, dağları daşları köksünə daş basmış Tanrının, dünya adlı qəlbində, dəniz adlı göz yaşları vardır…
Və çox maraqlıdır mənə insan nə zaman başladı bu qədər eqoist olub, yalnız özü üçün yaşamağa. Dəyərmi görəsən, hirs, güc ucbatından mərhəmət, xoş niyyət kimi gözəl duyğulardan məhrum qalmağa? Eyni dünyada eyni oksigeni tükədirik və bəzən mən çox utanıram, bu dünyada insan olduğum üçün.
Xoş gəldin, yalançı həqiqət…
Telefonu götürdüm, yazılan nömrəni notda deyildiyi qaydada yığdım. On beş dəqiqə sonra qapının zəngi çaldı. Gözlükdən baxdıqda kuryer şirkəti geyimində olan qızın əlində paketlə qapıda gözlədiyini gördüm. Qapını ehtiyatla açdım, qarışmdakı qız gülümsəyərək, “buyurun pizza sifarişiniz, zəhmət olmasa təhvil alın və bu kağızı imzalayın” dedi. Pizzanı götürüb, sənədi imzalayıb, içəri keçdim və paketi açdım. Bir pizza və not var idi:
İyirmi dörd saat təqibdəsən. Aşağı məhəllədəki “Nur” kafeyə get. İstədiyin hər nə isə sifariş ver və bir az gözlə. Qapıdan içəri qara eynəkli bir adam girəcək. Təqibindən qaçmalı olduğun adam odur. Telfonunu masanın üzərində qoy, tualetə gedirmiş kimi et və mətbəxə keçərək həmin kafenin arxa qapısından gizlicə çıx. Arxa çıxışdan sağa dönüb, yüz metr irəlidə ardıcıl dayanmış üç eyni rəngli “Audi” markalı maşınlardan nömrə nişanı dördlə bitənə min, pult maşında olacaq. Maşını işə sal, naviqatoru aç və göstərilən ünvana gəl. Digər maşınlar da yolun bir qisminədəktəhlükəsizlik məqsədilə səni müşayiət edəcək. Ünvana beş kilometr qalmış tək olacaqsan. Sonda, madam Adel, pizza soyuyanda ləzzətli olmur, nuş olsun!
Pizzaçı ilə görüş…
Sanki hansısa dedektiv romana film çəkilmiş və mənə təklif olunan rolun öhdəsindən uğurla gəlmişdim. Bu çətin olmamışdı, çünki hər şey notda yazıldığı kimi olmuş, tərs gedən heç nəolmamışdı. Deyilən maşına minmişdim və naviqatorun göstərdiyi ünvana qısa müddətdə çatacaqdım. Üzümdə qəribə sual yaranmış və düşdüyüm vəziyyətə ucadan gülmüşdüm. Həyatımda çatışmayan tək şey sanki bu imiş və yaşadıqlarım azmış kimi hadisələr ağılalmaz səviyyəyə çatmışdı. Normalda mən bu hadisədə nigaran olmalı, polisə müraciət etməli və özümü bacardığım qədər təhlükədən uzaq tutmalı idim. Amma sevgi insana fərqli bir cəsarət verir. Adı üstündə, sevgi…
Budur, artıq deyildiyi ünvandayam. Məni gözləyən dəst geyimli həmin müəmmalı adama yaxınlaşıram.
– Xoş gəldin, Adel.
– Xoş gördük.
– Pizzanı yedin? Dadlı idi?
– Dadlı görünürdü, amma yemədiyimə görə bunu cavablaya bilməyəcəyəm.
– Qorxdun ki, zəhərli olar?
– Zəhərli olduğunu deyə bilmərəm, zərərli olduğunu dəqiq bilirəm. Qorxaq olsaydım bura gəlməzdim.
– Bura gəldiyinə görə ya çox cəsarətli ya da çox ağılsızsan.
– Cavabını bildiyiniz tezislər üstündən oynamayın mənimlə. Kimsiniz və nədir sizin həqiqətləriniz?
– Tələsmə, vaxtımız var Adel.
– Sizin olmaya bilər, amma mənim vaxtım çox dəyərlidir.
– Ona görə vaxtınızı sağa-sola boş-boşuna xərcləyirsiniz?
– Bax, detektiv, etiraf edirəm, ilk səhnə çox xoşuma gəldi. Giriş olaraq hazırladığınız ssenari tutarlıdır; çiçək, not, kuryer, pizza, qara eynəkli təqibçi, restoran, “Audi”, naviqatorlasəyahət, bunlar doğrudan da həyəcanlı görünürdü. Amma belə adi şeylərlə ali birinin başını döndürə bilməzsiniz. Uzatmayın, nə demək istəyirsinizsə, deyin.
– Başını döndürən biz deyilik, madam Adel, yalançı sevgilinizdir.
– Jonas haqqında nə bilirsiniz və təkrar soruşuram, kimsiniz?
– Hər il ölkəmizə təhsil üçün gələn xarici tələbələrin siyahısını əvvəldən alırıq. Şübhəli məqamları gözdən keçirib, bir müddət nəzarətdə saxlayırıq. Ölkəmiz üçün təhdid ola biləcək hər incə detalı təhlil edirik.
– KGT?
– “Kamu Düzeni ve Güvenliği Müsteşarlığı” deyə düzəldirəm.
– Dövlət təşkilatlarının bu dəqiqliyi məni öldürəcək. Buyurun, davam edin.
– Adınızla rastlaşdıqda dərhal sizi nəzarətə götürdük. Sizə də məlum olduğu kimi əksərinsanın əksinə, kimliyinizi uzun müddət gizli saxlamağınız soyadınız və ölkənizdəki ictimai nüfuzunuz səbəbi ilə mümkün deyil.
– Məlumdur, sirli olanlardan yola çıxsanız, zəhmət olmasa.
– Vaxtı dəyərli olan yalnız siz deyilsiniz, Adel, amma biz olduqca sizə qarşı nəzakətlə rəftar edir və şıltaq xarakterinizə göz yumuruq, çünki məqsədimiz ilk əvvəl ölkəmizin, sonra sizin təhlükəsizliyinizi qorumaqdır.
– Özümü qoruyacaq yaşdayam, cənab. Sizin müdafiənizə sığınmağı istəyən mən deyiləm.
– Kimlərlə qarşı-qarşıya olduğunuzu bilmirsiniz.
– FBİ-lə? (kinayə ilə gülümsəyirəm)
– Yox, zənnimcə, “Mossad”.
– Səbəb?
– Siz bunu daha yaxşı bilərsiniz, Adel. Ölkəmizdə nə işiniz var?
– Dövlətiniz sizə o qədər əmək haqqını havayı verir, deyəsən. Bunun cavabını siz bilməlisiniz, cənab. Mən Türkiyəyə təsilimi davam etdirmək üçün gəlmişəm.
– Ananız Məryəm, o, bir yəhudi idi, elə deyil?
– Yəhudi olmaq cinayətdir?
– Xatırladım ki, Türkiyədəsiniz.
– Xatırladım ki, türkəm.
– Buna inanmaq istəyirik deyə sizinlə bu görüş baş tutur, madam Adel.
– Jonas və Mossad. Çox maraqlı səslənir, amma inandırıcı deyil.
– Təqdim edilmiş siyahıda adınızla rastlaşdıqda sizi və dərhal bütün sinfi nəzarətə götürdük. Amerikadan gələcək olan tələbə Jonas Garcia Martinez dərslər başladıqdan iki həftə sonra ölkəyə giriş etdi.
– Aha, bunu xatırlayıram, o, iki həftə gecikmişdi.
– Gələn tələbənin həqiqətən də təhsil alacaq Jonas olduğuna dair əsaslı şübhələrimiz var, amma sübutumuz yoxdur. Sizinlə qarşılaşması, qonşunuz və sonra da sevgiliniz olması təsadüf yox, plan kimi görünür.
– Həyatda təsadüf yoxdur, cənab.
– Təsadüfə bax ki, eyni fikirdəyik.
– Eyni fikrə gəlməyimiz təsadüfün yox, ortaq düşüncəmizin nəticəsidir. Bu qədər dediklərinizə rəğmən, hələ də sizə qarşı fikrim dəyişmiş deyil. İlk tanışlıq səhnəmizi və ondan əvvəlki aksiyonlu səhnələri çox gözəl düşünmüsünüz. Bu günədək təqib edilsəydim, bunu asanlıqla anlamışdım. Kafeyə arxamca göndərdiyiniz qara eynəkli adam sizin adamınızdır. Xəyal gücünüzə heyran qaldım, amma özünüzü bu qədər yormağa ehtiyac yox idi, telefonsuz gəlməyimi istəsəydiniz, bunu edəcəkdim. Bədxərcliyiniz sayəsində əməliyyat nəticələriniz sizə bu qədər baha başa gəlir, cənab. Bunun daha ucuz və sadə yolları var. Gənclərə yol açın, siz artıq yaşlanmısınız.
– Yaşlı görünürəm, amma mən də sizin kimi cavanam. Bir də ki, məncə yaşlı nəsil daha təcrübəli olur. (gülərək)
– Amma gənc nəsil qalstuk taxmır, dəst geyinmir. Qaldı ki, Jonas haqqındakı iddialarınıza, bu sübut olmadığı təqdirdə fərziyyədir. Amma bütün dedikləriniz nəzərə alacağımdan arxayın olun, xəbərdarlıq etdiyiniz üçün, xüsusilə, təşəkkür edirəm.
– Qara eynəkli adamı necə anladınız?
– Hər şey dediyiniz kimi oldu. Bu, yalnız filmlərdə olur. Əsl həyatda bu tip planların ardıcıl və səhvsiz olma ehtimalı azdır. Bir də dediyim kimi, kimsə məni təqib edirsə, bunu çox qısa zamanda aşkar edə bilirəm.
– Sizinlə əməkdaşlıq etmək istəyirik. Türk olduğunuzu dediniz, demək ki, dostumuzsunuz.
– Evimə gizlicə girən adama dost deyə bilmərəm.
– Bilirsiniz ki, o işimizin bir parçası idi.
– Mənim də işinizin bir parçası olduğumu ikimiz də bilirik, amma hər halda bu əməkdaşlıq mənim də mənfəətlərimə cavab verdiyi müddətdə zamanla baş tuta bilər, cənab.
– O zaman görüşərik.
– Gələn dəfə pizza əvəzinə “lahmacun” göndərin, yanında ayran da olsun.
– Yumor hissiniz də zəkanız kimi inkişaf edib, madam Adel.
– Haqqınızda eyni fikri deyə bilmədiyim üçün, üzgünəm, cənab.
Köşə
İnsanın da içində əhatələndirdiyi böyük bir təbiəti vardır və bu təbiət içində özü kimi olanları ehtiva edir. Özü kimi olmayanları bu təbiətdə yer vermək təbiətini dəyişə, hətta korlaya bilər. Ya buna göz yummalı ya da özü kimi olmayanları həyatından uzaqlaşdırmalıdır, insan. Bağban sənsən, unutma.
***
(3-cü gün)
2017, İsrail
Tel-Əviv şəhəri (Bahar təpəsi)
“Ben-Qurion” beynəlxalq aeroportundan çıxdıqdan sonra Tel-Əviv şəhərinə yola düşdük. Fati qısa səfərimiz üçün lazım olacaq hər şeyi bir-iki saatda həll etmişdi. Hava limanı mənə ilk səfərimi xatırladırdı. İstanbulu xatırladıqda isə yenə Jonası xatırlayırdım. Düzdür ki, bura “Atatürk hava limanı” qədər nəhəng və gözəl deyildi, amma bu, başa düşüləndir, çünki iki ayrı ölkədə, fərqli mədəniyyətlərin oxşarlıqlarını axtarmaq düzgün deyildi. Təyyarələrin hərəkəti, keçid terminalları və hava limanı mənə İstabulu xatırladır, darıxdırır və hüznləndirirdi. İlk səfərimin sevincini vəhəyəcanını təbii ki, Təl Əvivdə axtarmayacaqdım, amma İsraildə çox şeylər tapacağımı bilirdim.Bu düşüncələr içində Fatinin də fikirli olduğunu görüb:
– Çox həyəcanlı görünürsən, Fati. Nə baş verib?
– Hadisələr daha da qəlizləşir və bu, mənim xoşuma gəlmir, Adel.
– Məryəm və Aysel haqqında eşitdiklərin, sanki səni heç təəccübləndirmədi, əksinə narahat etdi.
– Elə şey olarmı, Adel? Sözün düzü, mən bunların olmasına ehtimal vermirdim.
– Fati, məndən heç nə gizlətmirsən?
– Səni uşaqlığından bəri tanıyıram, Adel.
– Bunu bildiyim və ən etibar etdiyim adamın sən olduğun üçün bu sualı verirəm. Anam haqqında heç nə bilmirsən?
– Adel, mən atanı tanıdığım zaman sən üç aylıq idin. Anan səni doğduğu gün öldüyündən onun haqqında başqa heç nə bilmirdim. Yusif bəylə işdən başqa mövzuları danışmırdıq, çünki bu, mənim vəzifəm deyildi. Məhz işə qəbul olan zaman atanızın məndən ilk tələbievinizə heç vaxt icazəsiz daxil olmayacaq və ailəniz haqqında sual verməyəcəkdim.
– Atam mənə yalan danışıb, Fati, düşünə bilirsən?
– Atanız sizi təkbaşına böyüdüb, bunu unutmayın, Adel. Mən bir atanın qızına qarşı böyük və təkrarsız sevgisini sizin münasibətdə görmüşəm. Əgər həqiqətən də atanız yalan danışıbsa, bunu sizi qorumaq üçün edib. O, doğru bilmədiyi şeyi əsla etməzdi.
– Mən də elə düşünürəm, amma hər nə olursa olsun, atam “yalan danışan adam axmaq adamdır” – deyirdi həmişə.
– Sizə ananız haqqında danışmaması ilə yalan danışması eyni şey deyil, gizlətdiyi şeylər mütləq ki, sizin təhlükəsizliyiniz üçün vacibli idi. Buna inanıram, bunun əksini düşünmək istəmirəm, fikrimcə, burda axtardığımız hər nə olacaqsa, tapdığımız təqdirdə sonda sizin də bu qənaətə gəlməyinizə əsas olacaq.
– Ta ki, elə olsun. Atam deyirdi ki, “heç vaxt insanlara səni pis xatırladacaq xatirələri miras qoyma, çünki insanlar xatirələrdən ibarətdir. Xatirələr insan əməlləri üstündə böyük təsirə malikdir”. Atamı həmişə gözəl xatırlamışam, heç nəyin bunu dəyişməsinə icazə vermək niyyətində deyiləm. Bu arada, vaxtımız qalarsa, “Masada” qalasına getmək istəyirəm.
– Qeyd götürdüm, istədiyiniz vaxt gedə bilərik.
Dənizi gördüyüm vaxt Tel-Əviv artıq məndən bir xal qazanmışdı. İnsanlar kimi dünyamız da əsasən sudan ibarətdir. Dənizə olan sevgim çox başqadır. Necə maraqlıdır ki, dünyanın ən böyük şəlaləsi olan “Danimarka boğazı şəlaləsi” belə dənizin altındadır. Ya da okeanların dərinliyində gizlənmiş “Khambat şəhəri”, elmin sadəcə yüzdə doqquzunu kəşf edildiyi düşünülən dəniz altı canlılar, dünyadakı bütün muzeylərdə olduğundan daha çox miqdarda olduğu təxmin edilən tarixi əsərlər, “Baltik anomaliyası”, “Bermud üçbucağı”, ümumi uzunluğu yetmiş min kilometr olan “Orta-Okean silsiləsi”, Mərcan dənizindəki dünyanın təbii yeddi möcüzəsindən biri olan “Böyük Sədd rifi”və hələ də digər bilinməyənlər. İnsanın bilmədiyi çox şey vardır, əslində. Okeanlar, dənizlər, su olan hər şey içində həyatı ehtiva edir və bu heç kim üçün sirr deyil. Adətən, bilinməyən yerlərdən bilinməyən şeyləri öyrənməyə meyllidir insan, halbuki ki, bilinən yerdən bilinməzliyi kəşf etməyə səy göstərsək, bəlkə də daha böyük sirlərin aşkar olunmasına töhfələr verə bilərik.
“Rothschild Bulvarı”ndan gəzərək küçələrə doğru hərəkət etməyə başladıq. Bu, samanlıqda iynə axtarmaq qədər çətin idi, amma ən kiçik ehtimal belə göz ardı edilməyəcək qədər vacib idi. Anamın buradakı qohumlarından kimisə tapmağı ümid edirdik. Bəlkə də heç vaxt marağında olmadığım, amma bu gün təqibinə düşdüyüm ana tərəfim məni təəccübləndirəcəkdi. Ola bilər ki,heç nə tapmayacaqdım, amma dünyada keçirəcəyim son üç gündə bunu öyrənmədən ölmək istəmirdim. Fatinin əvvəldən əlaqə saxladığı adam bizi bulvarda qarşılayacaq, yaxşı məvacib qarşılığında axtardıqlarımızı tapmaq üçün köməklik edəcəkdi. Pulun açmadığı az qapı vardır, axı bu merət həqiqətən insanın əlini-qolunu uzadır, imkanlarını genişlədir və özgüvənini formalaşdırır.
Budur, həmin eybəcər adam bizə yaxınlaşır:
– Boker tov! (ibranicə:günaydın). Kalev Rabinovich.
– Salam, bu, Fatidir, mənsə, Adel.
– Ma şlomha Fati, ma şlomek Adel? (necəsiniz?).
– Toda raba. Na’im meod lehakirha. (çox sağ olun, tanışlığımıza şad oldum)
– Na’im meod gvirtî. (şad oldum, xanım)
Kalev Rabinovich. Maraqlı ad və soyadı var. Görünüşü də özü kimi maraqlı idi. Baxışlarında gizlətdiyi nə isə vardı, amma İsraildə əksər adamla üz-üzə gəldikdə tuş gəlmiş baxışlarda eyni ifadəni görmək mümkün idi. Onlara qarşı nəzakətlə gülümsəməyimə baxmayaraq, bəlkə də yerli olmadığım və onlardan seçildiyimi açıq-aşkar hiss etdirməyim buna səbəb olurdu. Kalevin iti baxışı, gözünə çox yaxın olan qaşları, çox seyrək saçı, cılız, amma sağlam bədən quruluşu vardı. Onun dəri rəngi rusların dəri rənginə yaxın idi. Yəqin ki, valideynlərindən birinin rusla qarışacağı vardı, yoxsa ki, bir yəhudidə bu dəri rəngi çətin rastlaşılan rəngdir. Tünd qara gözləri, çatlamış dodaqları və üz ifadəsindəki daimi bir narazılıq ondan uzaq durmağımız üçün kifayət edirdi, amma burada əlaqə yarada biləcəyimiz başqa heç kim yox idi. Fatinin Kalevi haradan və necə tapması mənə maraqlı deyildi, bu qədər qısa müddətdə irəliləmək belə mənim üçün çox şey ifadə edirdi. Kalev üzümə diqqətlə baxıb sözünə davam etdi:
– Siz gələnədək araşdırmalara başladım.
– Bevâkaşa. (zəhmət olmasa)
– Carisi Caleb Maryam, buralarda biz eyni qadınlara qısacası Mari deyirik. Son dəfə İsrailin cənub dairəsində yerləşən, olduğumuz yerə elə də uzaqda olmayan Aşkelon şəhərində yaşadıqları məlumatını tapa bildim. İstəsəniz yola düşə bilərik, orada olan əlaqələrimə artıq bildirmişəm.
– Biz bura sırf həmin qadını tapmaq məqsədilə gəlmişik. Əlbəttə, gedək.
Yol müddətini sadəcə düşünməklə keçirtdim. Avtomobilin arxa oturacağında başımı güzgüyə dayayıb yolu izləsəm də, dərin düşüncələrin içində azmışdım. Əslində yolların gözəl mənzərəsi diqqətimi özünə cəlb edə bilmişdi. Asfalt müasir olmasa da, sağlam idi. Təbiəti yaşılın rəng tonu ilə vəhdət təşkil etmirdi, amma sarının torpaqla ahəngi, bozun təpələr və dağlara paralelçaları sanki yaşadığım sıxıntı və tənhalığa güc qatırdı. Bu qədər hüznlü mənzərə içində ağlımdan heç çıxmayan Jonası qəlbim kimi beynimin də mərkəzinə gətirmişdim, çünki hər sualı təhlil etdikcə ağlabatan cavablar tapa bilirdim. Jonası düşünmədən yaşamaq ruhuma böyük əziyyət idi. Bəlkə də, ömrüm o olmadan keçə bilərdi, amma onu sevmədən keçəcəyinə ehtimal vermirdim. Özünə də demişdim ki, “sənsiz keçər bu ömür, amma səni sevmədən keçməz”. Məni ondan sadəcə üç gün ayırırdı. Sonra ona çatacaqdım. Hələ ki, son üç gündə tək niyyətim Məryəm və Aysel haqqında mümkün olan qədər məlumat tapmaq idi. Sözün düzü, çox şey tapacağıma inanmırdım, çünki sağ-salamat həyatda olsaydılar, onlar məni daha asan tapa bilərdilər. Bəlkə də həyatda idilər, sadəcə məni görmək istəmirdilər.
Fikirlərimi Kalev belə pozdu:
– Yaxşı vaxtda gəlmisiniz, üç gün sonra “şabat” günüdür.
– Şabat günü?
– Yəni istirahət günü. Cümə ertəsi günü İsraildə iş olmur. Yəhudilər Tanrının dünyanı altı gündə yaratdığına və yeddinci gün istirahət etdiyinə inanır, Tanrının bu günü yəhudilərə hədiyyə etdiyini düşünür.
– İslamda da ortaq inanc mövcuddur. Kalev, çoxdandır ki, İsraildə yaşayırsan?
– Mən İsraildə doğulmuşam, atam da İsraildə doğulub, onun atası da, babamın …
– Dayan, dayan, aydındır. Yəhudi bir adamın müsəlman biri ilə evlənməsi bu torpaqlarda qəbul ediləndir?
– Günümüzdə buna yol verilir, əslində müsəlman adamın yəhudi dini olan musəviliyi qəbul etməsi gözlənilir, düzdür ki, hələ də yəhudilərin böyük qismi, xüsusilə də, Ortodoks yəhudiləri qarışıq evliliyi qəbul etmir. Xatırladım ki, axtardığınız qadın Mari bir musəvi idi və Ortadoks (provaslav) yəhudilərindən idi.
– Çox mənasızdır.
– Başa düşmədim?
– Deyirəm, çox maraqlıdır.
– Maraqlı olan nədir, bilmək olar?
– “Sevmək” felin məsdər formasındadır, isim olduqda “sevgi” olur, aidlik olduqda isə “sevgili”. Necə mənalıdır, amma çox insan sevməyin nə olduğunu, sevməyi bilmir, harada qaldı ki, sevişməyi bilsin.
– Bəs sizin dininizdə necədir? İnsanlar sevməyi, sevişməyi bilir?
– Müsəlman bir kişinin əhli-kitab qadınlarla evlənməsi, dinimizə görə qəbul ediləndir. Deyəlim ki, yəhudi bir qadın müsəlman kişi ilə evləndi və uşaqları oldu. Buna münasibət necədir?
– Günümüzdə yoxsa?
– Mən keçən əsri nəzərdə tuturam.
– Mari sizin ananız ola bilər?
– Kalev, xahiş edirəm, sənə aid olmayan işlərə burnunu soxma.
– Sizə kömək etməklə mənə aid olmayan işə burnumu soxmuş oluram. Rəftarınızdan başa düşdüyüm qədəri ilə Mari sizin ananızdır. Atanız isə müsəlman olub. Adınız yəhudi adı olsa da, türk olduğunuz üz cizgilərinizdən görünür, təxminlərim doğrudur?
– Doğru olması işinizə mane olmayacaq ki?
– Mən pulumu alıb, işimi görərəm. İvrit dilini hansı ara belə mükəmməl öyrənmisiniz, Adel?
– Məni atam təkbaşına böyüdüb və dediyinə görə Mari, yəni anam məni dünyaya gətirərkən ölüb. İbranicə öyrənməyimi atam istəyib.
– Atanızın bunu istəməsinin tək məntiqli açıqlaması ola bilər.
– Nədir?
– Sizin üçün böyük planları olub. Mari ölübsə, onun arxasınca hansı səbəbdən bu qədər yolu gəlmisiniz?
– Bizdə olan məlumata görə Marinin Aysel adında başqa bir qızı da olub. Həm Marinin ödüyünü sadəcə təxmin edirəm.
– Aysel? Bu yəhudi adı deyil. Başa düşmədim, atanızla evlilikdən əvvəl başqa evliliyi olub?
– Yox, Aysel mənim əkiz bacımdır.
– Düşünürsüz ki, Aysel burda Mari ilə birlikdə qalıb, siz də atanızla birlikdə öz ölkənizdə?
– Bu da ehtimal olunandır, sən ağıllı birinə oxşayırsan Kalev.
– Yəhudilər çox ağıllı olur. Siz də ağıllı qadınsız.
– Mən yəhudi deyiləm, Azərbaycan türküyəm.
– Bu sizin şəxsi fikrinizdir. Yəhudi bir qadından dünyaya gəlmiş hər qadın, atasının irqindən asılı olmayaraq bizə görə yəhudidir.
– Sizin dəri rənginiz isə atanızın rus əsilli olmasına işarə ola bilər?
– Yox, mən balaca vaxtı günəşin altında çox vaxt keçirmişəm. (gülümsəməsi belə çirkin idi)
– Be emet? (həqiqətən?). Günəşin sarı şüaları altında olmaq sizi saraltmaz, əksinə qaraldar,adoni Kalev (cənab Kalev).
– Öz keçmişinizlə maraqlanırsınız, yoxsa mənim keçmişimlə, madam?
– Ətrafımda olan insanlardan arxayın olmaq istəyirəm.
– Mənə inanmaqdan başqa bir seçiminiz varmı ki? (gülərək)
Susmuşdum, çünki haqlı idi. Tanımadığım bir ölkədə yad bir adama inanmaqdan başqa əlimdən heç nə gəlmirdi. Kalevin əhatəsi və əlaqələri bizi təəccübləndirəcək qədər geniş idi, çünki Təl-Əvivdə qısa müddətdə böyük yol sərf etmişdik. Əldə etdiklərimiz təkcə vacibli məlumatlar deyildi, mən də Təl-Əvivi getdikcə daha çox sevməyə başlayırdım. Buranı mənə sevdirən yalnız aşiq olduğum dəniz amili deyildi, bu şəhərə qarşı qanımda aidiyyət sevgisi hiss edirdim. Etiraf edim ki, İspaniyanı xatırladan qəribə bir mənzərəsi vardı. Dağların arasında qurulmuş evlərlə dənizin maraqlı sintezi məni burdan xoşlanmağa məcbur edirdi, çünki bu mənzərə özündə həm keçmiş tarixi, həm də müasirliyi eyni anda canlandıra bilirdi.
Kalevin düzgün addımları nəticəsində düşünürdüm ki, qaranlıq qalmış həqiqəti işıqlandırmağa həddindən artıq yaxın idik. Əslində, özümü ehtimal olacaq hekayəyəhazırlamışdım. Axı parçaları birləşdirmək elə də çətin deyildi. Kalevin dedikləri ilə yola çıxsaq, anamın ailəsi ortadoks yəhudilərindən idi və onlar Məryəmin Yusiflə evliliyinə qarşı çıxmışlardı. Kembricdə təhsil aldıqları və orada tanış olduqları həqiqəti ilə yola çıxanda isə parçalar daha tez birləşmiş olurdu. Böyük ehtimalla, ailələrindən gizli və qanundan kənar münasibət yaşadıqlarına görə anam hamilə qalmış, sonra hansısa səbəbdən Məryəm İsrailə qayıtmış, dünyaya Adel və Ayseli gətirmişdi. Anamın ailəsi bunu qəbul edə bilməmiş ya da bəzi şərtlərlə qəbul etsə də, atam bununla razı olmadığı üçün məni, anam da Ayseli öz aralarında öz şəxsi malları kimi bölüşdürmüşdü. Bir daha görüşməmək şərtilə atam Azərbaycana qayıtmış, anamsa İsraildəqalmışdı. Beynimdə qurduğum ssenari belə idi.
Kalev:
– Adel, mənim buradakı əlaqələrimdən biri Simon zəng eləmişdi, Hələ dəqiq deyil, amma bir izə düşdüyünü və doğru olma ehtimalının yüksək olduğunu deyir. Gün artıq sona çatır və uzaq yol gəlmisiniz. Yemək yeyib, yaxın olan otellərdən birinə keçin. Sabah Simon həmin izdən yola çıxaraq, nə isə tapa bilsə, biz də görüşüb, yola düşərik. Amma söz verirəm ki, o ehtimal olmasa da, bir yolla Marini sənin üçün tapacağam.
– Çox sağ ol, Kalev. Sən deyən kimi olsun, o zaman səhər danışarıq. Bu arada, səhərə kimi hər nə olursa olsun, vacibli bir şey baş versə, saat fərqi olmadan əlaqə yaratmaqdan çəkinmə.
– Layla tov, lehit, gvirtî Adel. (gecəniz xeyirə, görüşərik xanım Adel)
– Həyat imkan tanısa, hələlik…
Beynimdə qurduğum hekayə hazır idi, amma…
Sən saydığını say, gör fələk nə sayır, Adel…
Köşə
Uca mərtəbəli binaların eyvanlarından aşağıdakı həyatı, insanları, davam edən düzəni izlədikcə dünyanın bu olduğunu qəbul etməkdən başqa çarəm qalmır. Doğuşdan ölümə qədər olan intervalda yaşamaq təkrardan ibarətdir. Bizim çox xatirəmiz yoxdur, biz hamımız çox yoxsuluq, əslində. Tanrının doğum günü hər kəsin öz ölüm günü ilə üst-üstə düşür. Kimi iman, kimi güman edir…
X bölüm
Heç bir şey qaranlıq otaqda, qara pişik axtarmaq qədər çətin deyil, hələ o otaqda qara pişik yoxdursa
(K)
KGT, Mossad, FBİ, görəsən sırada nə var idi? Sıradan olmadığımı bilirdim, amma bu qədər vacib olduğumu təsəvvür etmirdim. Jonas mənə yalan danışmışdı, çünki mənim lotus güllərimə baxdığımı heç vaxt görə bilməzdi. Amma bunu bildiyinə görə demək ki, İstanbula gəldiyim gündən bəri təqib edilirdim. Bu oyunda mən təqib edilən – ov idim, ovçunun Jonas olduğunu düşünsək, tək gizli adam oyun qurucusu idi. Bunu təhlükəsizlik təşkilatları bilmədikdən sonra bir adamın bilmə ehtimalı var idi ki, o, da sadəcə Jonas idi. Görünən o ki, yersiz zamanda yanlış adamı sevmişdim. Məni Jonasla tanışlığa qədər başqa kim təqib etmişdi, bunu öyrənməli idim. Oyun qurucunu tapmaq üçün ov olduğum yerdə ovçu olmalı və oyun qurucunu tanımalı idim. Zənnimcə, bunu edə bilməyin tək yolu vardı, Jonasın oynadığını hesab etdiyi oyunu davam etməsinə icazə vermək və aldığını düşündüyü məlumatlardan yola çıxıb ala bildikcə ondan daha çox məlumat almaq.
Jonasdan fərqli olaraq mən ona aşiq olmuşdum. İki üzlülük bacarılmayacaq qədər çətin bir şey deyil, bu oyuna asanlıqla qoşula bilərdim, amma adama olan aciz sevgim işimə mane ola bilərdi. Məqsədim Jonasın üzərindən oyun qurucusunu tapmaqdırsa, hansı ki, bu, belədir, bunun ən yaxşı üsulu Jonasın məndə axtardığı şey haqqında danışmaq idi. Bu gün Jonasla görüşəcək və ona elə bir şey deyəcəkdim ki, oyun qurucular oturduqları yerdən ayağa qalxıb, məni tanımaq məcburiyyətində qalacaqdılar. Ov ovçunu ayağına gətirib ovlayacaqdı.
Jonasla görüşdük, nahar yeməyini yemək üçün ikimizin də sevimli yerimiz olan “Aşk kafesi”nə getdik. Bacardığım qədər özümü heç nə olmamış kimi aparırdım.
Səyahət planımda böyük arzu ilə görmək istədiyim bir yer daha qalırdı. Jonasa “İstanbul arxeologiya muzeyi”nə getmək istədiyimi bildirdim. Sözün düzü tarix dəyişdirilməsi asan olan bir gedişat olduğu üçün onu öyrənməyə elə də meylli deyildim. Bildiyimiz tarixi belə göz önümüzdə dəyişdirir, müdaxilə edirlər. Əsl qəhrəman və dahilər bu dünyada məhv olarkən tarixi savaşın qəhrəmanları ya da qana susamış generalları, komandanları yazır. Biz işin keyfiyyət deyil, kəmiyyət göstəricisi altında dəhşətli bir tarix yaradırdıq. Amma İstanbul arxeoloji muzeyində məni çox maraqlandıran və günümüzdəki bütün həyat normalarında, adətlərimizdən tutmuş qanunlarımızadək özünü göstərən şumerlərin həyat tarixinə, keçmişinə dair maraqlı məlumatlar sərgilənirdi. Həyatdan öyrəndiyim digər bir şey də o idi ki, etmək istədiklərimiz ola bilər, amma getmək istədiyimiz yerləri təxirə salmaq bu şansı əlimizdən tamamilə itirməyə səbəb ola bilərdi.
Əllərim sevgilimin əllərində həqiqi aşiqlər kimi yola düşmüşdük. Jonasın yanında olanda,sanki hər şeyi unudurdum. Bir anlıq bu adamın həqiqətən məni sevdiyinə inanıb dünyanı unutmaq o qədər gözəldi ki, amma siz bunu bilməzsiniz, çünki bəzi şeyləri təsəvvür etmək yetərli deyil, onları sadəcə yaşamaq lazımdır. Əsl məhəbbət yalnız yaşanmışların yox, eyni zamanda, yaşanmamışların hekayəsidir.
Muzeydə istəyimə nail olacağımı bilirdim. Əgər keçmişdə yaşamaq istədiyim bir dövr vardısa, bu, yalnız şumerlərlə birgə yaşamaq ola bilərdi. Mədəniyyətin, elmin, tarixin doğuşu, ümumiyyətlə, günümüzə baxdıqda, əslində şumerlərin qoyub getdiyi kimi qalmış zamanın içində yaşamaq, böyük kəşflərin şahidi kimi həmin tarixdə pay sahibi olmaq əvəzsiz duyğular təcəssüm etdirirdi.
Muzeyə çatdıqda qarşıdan görünən mənzərə insanı öz sehrinə bürüyürdü. Buranınmənzərəsini sehrli edən təkcə köhnə daşlarla əhatə olunması və giriş hissəsinin antik yunan mədəniyyətini xatırladan arkaları deyildi. Məni daha çox özünə bağlayan sadə və antik görünüşün arxasında görünən məscidin muzeylə maraqlı sintezi idi. Çöldəki misilsiz görünüşü artıq içindəyaşayacağımız maraqlı seansın işarələrini əvvəldən vermişdi. Qapıdan içəri keçdikdə qarşımıza çıxan mənzərə fikrimdə yanılmadığımı sübut etmiş oldu. Bu muzey “Qədim yunan sərgisi”, “Afroditanın heykəli (Berqama)”, “Mesopotamiya heykəlləri”, “Dua edən Məryəm ana relyefi”, “Roma İmperatoru II. Valentinianın heykəli”, “İslami keramika” və.s kimi maraqlı sərgiləri ilə bütün dinlərin və mədəniyyətlərin incə detallarını özündə birləşdirməyi bacarmışdı. Bir az gəzdikdən sonra şumerlərə aid hissəyə yaxınlaşdıqda ocaq qalamağa çalışan kiçik heykəlləri görüb Jonasa:
– Novruz bayramını eşitmisən, Jonas?
– Əlbəttə, Adel. Sizin “Yeni il”iniz kimi adətiniz var, səhv etmirəmsə, gecə ilə gündüzün birləşdiyi günə – iyirmi bir mart tarixinə təsadüf edir.
– İstər sizin yeni ilin, istər bizim Novruzun tarixi şumerlərə dayanır, çoxbilmiş. (gülürəm)
– Bizim yeni illə bağlı bir çox iddialar var, amma qəbul edim ki, mənim üçün də ən məntiqlisi şumerlərlə bağlı olandır. Amma sizin Novruz bayramınızın tarixinin şumerlərlə əlaqəliolduğunu bilmirdim.
– Guya bizim özümüz bunu bilirik ki? Həmişə uzun-uzun sən danışırsan, bu dəfə də mən şumerlər haqqında sənə ətraflı məlumat vermək istəyirəm.
– Buyur, sevə-sevə dinləyərəm, Adel.
– Altı min il əvvəl mövcud olduqları təxmin edilən bu icma günümüzdə olan ilk, o cümlədən,ən əhəmiyyətli mədəniyyətin, dinlərin, adət-ənənələrinin, müasir hüquq sisteminin, hətta bürclərimizin qurucularıdır. Yazını kəşf edən şumerlər hüquq qanunlarını, qaydaları yaratmaqla müasir hüququn təməlində dayanan mülkiyyət, ailə və bərbərlik hüququnu rəsmiləşdirən ilk icma oldular. Kasıb və varlı təbəqə arasında sosial ədaləti bərabər hala gətirən bu xalqın iqtisadiyyatı, əkinçilik və digər sahələrdəki uğurları saymaqla bitmir. Günəşi ədalətin rəmzinə çevirmiş şumerlər günəşin qaranlığı aydınlatması kimi ədalətin də haqsızlığı aradan qaldıracağına inanırdılar. “Ədalət xalqın haqqı, dövlətin vəzifəsidir” deyən cəmiyyətin ideal ölkə anlayışı yazılarında bu şəkildə göstərilmişdir: “Qaranlıq küçələrə girməkdən heç kimin qorxmadığı, yeriyənlərin ayaqlarına tikənlərin batmadığı, insanların ac yatmadığı bir ölkə xəyal edin”. Müasir hüquq sisteminin bütün detallarının varisi olan şumerlər, qadının cəmiyyətdəki rolunu kişiyə bərabər edən, uşaqlara orta təhsilin məcburi olduğu, təmiz əllər sonrasında yemək süfrəsində əyləşmək şərtinin olduğu ilk cəmiyyətdir. Günümüzdə hər tərəfdə gördüyümüz miraslara nümunələr gətirməklə tükənməyən böyük bir tarixdir şumerlər. Bir ayda otuz günün, saatda altmış dəqiqənin, dəqiqələrdə altmış saniyənin olması, göy üzündəki səma cisimləri və digər planetlər, bürclər və onların indiki adları, dairənin ölçüsü, təkərin kəşfi kimi hər şey onların adı ilə bağlıdır. Müasir qanuni fahişəxanaların belə təməli şumerlərlə əlaqəlidir, çünki heç bir cinsi əlaqə təcrübəsi olmayan gənclərin ilk təcrübələrini yaşadığı rahibələr həmin mədəniyyətin irsi idi. Qədim yunan və Misir mədəniyyəti öz inkişafını şumerlərə borcludur. Dini inanclarımız, adət-ənənələrmizin banisi olan şumerlərdə Novruz (yeni bir gün) bayramının adı iki şumer tanrıları, günəş tanrısı Dumuzi və eşq tanrısı İnannanın hər ilə iyirmi bir martda görüşməsi ilə bağlıdır ki, bu tarix gündüz və gecənin bərabər olduğu gündür. Xristianlarda “Pasxal bayramı” həmin şumer tanrıların evliliyə ilə bağlıdır.
– Bu hissəni bilirəm, Adel. İnanca görə İnanna evlilikdən əvvəl çimir, anasından evlilik əvvəli tövsiyələr alır, qapı arxasından baxaraq ona toy hədiyyələrinin gəlişini müşahidə edir. Gəlin otağı hazırlanır və cehizlər qonaqlara göstərilir. Evlilik üzüyündən tutmuş, nəzər muncuğuna kimi digər adətlər şumerlərin yaşadığı bölgədə, qonşu bölgələrdə, hətta, bu gün sizin ölkədə də belə davam edir, elə deyil?
– Tamamı ilə doğrudur, Jonas. İyirmi bir dekabrda günəş tanrısı ölür və sonra yenidən dirilir. Bu diriliş ilk dəfə iyirmi beş dekabrda şumerlər tərəfindən qeyd edilir və həmin yığıncaqda müasir şam ağacı adını verdiyimiz, yeni il bayramının rəmzi olan ağac istifadə edirlər. Həmin ağacı bəzəməkdə istifadə edilən bəzək əşyaları bərəkət və bolluğu işarə edir. Bu bayram xristianlarda “Yeni il” olaraq tarixə keçir.
– Hələ bununla da bitmir, həmin günəş tanrısı Dumuzi inanca görə vəhşi bir donuz tərəfindən qətl edilir.
– Donuzu mifologiyada günahkar, dinlərdə haram edən, bu rəvayətdir.
– Adını eşitməmiş olmazsan, türk əsilli alman futbolçu Məsut Özilin?
– Əlbəttə, eşitmişəm, məncə, futbola marağı olmayan kişilər maraqsız olur. Bu arada İstanbula gəlmişkən, bu şəhərin ən böyük futbol komandası “Beşiktaş”ın da oyununa gedərik. Amma Məsut Özillə nə əlaqə? Yoxsa İnanna onun ulu nənəsidir? (gülərək)
– Gülüncünə gəlməsin, Jonas, bu, həqiqətən belədir. Stadionda elədiyi bir hərəkətlə onun nəvəsi olduğunu sübut etmədimi?
– Aha, anladım. Meydançada yerə atılmış çörəyi öpərək alnına qoyması və bütün dünyanın onu alqışlaması…
– Özüdür ki, var, Jonas. Bu, şumerlərin adətidir. İnsanın torpaqdan yaranması, İslamda da öz əksini tapan qadının kişinin qabırğasından xəlq edilməsi, Tanrılara dualar, niyyətlər əsnasında heyvanların qurban verilməsi kimi əfsanələr onların adı ilə bağlıdır.
– Sizin Qurban bayramınız kimi?
– Oxşarlıqlar çoxdur, etiraf edirəm. Şumerlərdə bir gün on iki saatdan ibarət idi, amma günümüzdəki bir saat onlara görə iki saata bərabər hesab edildiyindən eyni müddət tamamlanmış olurdu.
– İsanın on iki həvarisi, sizin on iki imamınız, on iki bürc, on iki ay, on iki, on iki, on iki…
– Sən də az bilmirsən, Jonas, amma daha çox bilmək və bu böyük sirrin içində itmək istəyirsənsə, şumer xalqının müəllimi və yazıçı-şairi Ludingirra’nın xatirələrini oxumağa çalış.
– “Yazı sənətin atası, danışmağın və öyrənməyin anasıdır”, “yazı qalar, söz uçar” deyimləri ilə əslində yazını deyil, sözü ali tutan şumer atalar sözlərini xatirələrində ifadə etmiş Ludingirranı deyirsən, Adel? (bic-bic gülür)
– Heç təəccüblənmədim. Bilmədiyin şey varmı ki, adam?
– Sənin var ki?
– Var Jonas! Sən və müəmmalı qaranlığın. İşıq tutmaq istəyirəm, amma icazə vermirsən.
– “Heç bir şey qaranlıq otaqda, qara pişik axtarmaq qədər çətin deyil, hələ o otaqda qara pişik yoxdursa”, haqlıyam yoxsa yox, Adel?
– Haqq dediyin şey sənin inandığın və müdafiə etdiyin, mənim bilmədiyim bir şeydirsə, bu haqda fikir yürütmək mənim cahilliyim olmazmı, səncə?
– Heç nə bilmirsən, Adel, hər şeyi bildiyini zənn edərək.
– Elə isə, gəl, qarşıdakı skamyada oturaq və səssizcə dinləyək…
(Narahat olma, yalnız olmaq mənim qismətim,
Uç uzaqlara, bizim dünyalarımız ayrı, unut məni,
Bu qanadlar mənim deyil, onlarla uça bilmərəm.
Qanadlar mənim deyil, heç vaxt uçmayacağam.
Qanadlar mənim deyil…)
Köşə
Həyatlarımızın ssenari müəllifi kimdir, görəsən? Tanrıdırsa, bu qədər bəsit olmazdı. Ailəmizdirsə, pis şeyləri heç yaşanmazdı. Özümüksə, qəhrəman ölməz, nöqtələr qoyulmazdı. Yıxıldığımız məqamlara yoldaş, zirvələrdə şöhrət, qismətimizdə hikmət axtarırırq. Bu film deyil ki, bəyənmədiyimiz, istəmədiyimiz səhnələri yenidən çəkək, bu, sadəcə həyatdır…!
***
(2-ci gün)
Çox yorğun olduğum üçün bütün gecəni yaxşı yatmışdım. Buna tək səbəb yorğunluq deyildiəlbət, eyni zamanda gecə qaldığımız “Leonardo Hotel Ashkelon” adlı otelin Marina çimərliyinə yaxın olduğu üçün dənizin qoxusunu açıq qalmış eyvandan alaraq yatmağım idi. Otel çox gözəl idi. Təbii ki, bu otel Bakıdakı nəhəng və gözəl turizm zonalarında olan otellərimiz qədər gözəl deyildi, amma eyvan sayəsində dənizə açılan möhtəşəm mənzərə amili məni yenə yaralı yerimdən vurmuşdu. Dənizi, təbiəti, yaratdığı mənzərəni səbəbsizcə sevirdim. Bütün bu sevgi seansımın içində həyatla aramda artıq iki gün qaldığını, həqiqəti öyrənməmiş ölmək istəmədiyimi özümə təkrarlayırdım. İçimdə bu günə dair böyük ümidlər var idi. Yaxınlaşdığımızı hiss edirdim. Fati ilə otelin restoranına səhər yeməyi üçün düşmüşdük. Qısa zamanda Fati masanın üzərini sevdiyim səhər yeməkləri ilə doldurmuşdu. Zeytun bu sevgimin ön planında xüsusi yer tuturdu. Səhər yeməyini başlayıb, çayımızı yenicə içmişdik ki, Kalevdən zəng gəldi:
– Adel, salam. Mən otelin qarşısındayam. Simonun izinə düşdüyü ehtimal özünü doğrultdu. Səni tanıyan və görmək istəyən biri var.
– Kimdir o, Kalev? (həyəcanla)
– Bir qadın.
– Bir qadın? “Bir qadın” – dedin sən? Onun adı Mari…
– Adını bilmirəm, Adel. Simon da heç nə bilmir, çünki qadın yalnız səninlə danışacağını deyir. Sadəcə gedəcəyimiz ünvanı mənə göndərib.
– Dərhal gəlirik.
– Tez gəlin, yola düşməliyik.
Göz yaşlarımın qeyri-iradi yanaqlarımdan süzüldüyünü görən Fati:
– Adel, duyğusal olma, yaxşı düşün, bu adamları tanımırıq, hamısı bir tələ ola bilər. Bu sənin üçün çox təhlükəlidir. İçimdə qəribə nigaranlıq hissi var.
– Fati, başa düşmürsən. İçimdə nələr hiss etdiyimi anlamırsan. Səncə, təhlükə düşünən haldayammı? Bir qadın olduğunu deyir, məni gözləyən bir qadın. O bəlkə də…
– Başa düşürəm, getməyək demirəm, amma Adel, özünü toparlayacağına söz ver. Hər şey oyun ola bilər. Sənin hekayəni öyrənən Kalev, pul üçün bizə tələ qura bilər. Nə edirsən et, düşünməmiş etmə.
– Söz, Fati. Yaxşı ki, sən varsan, yoxsa…
– Adel, sakitləş, yaxşıdı hər şey…
Müasir şəhərin içində cığırlardan keçərək getdikcə daralan küçələrə doğru addımlayırdıq. Artıq maşınla gedə bilməyəcək qədər dar olan yolları piyada getmək məcburiyyətində idik. Fatidediklərində haqlı ola bilərdi. Nəticədə bir gündə tanıdığımız adamın bizə pul müqabilindəetdiklərinə baxdıqda pul üçün başqa şeylər etmə ehtimalı başımda dörd dolanırdı. Qorxmağa başlamışdım, amma heç tərəddüd etmirdim, çünki məni görmək istəyən o qadın həqiqətən vardısa, onunla bərabər suallarım cavab tapacaqdı. Qaranlığın gün işığına tuş gəlməsinə bir neçə addım qalmışdı. Kalevin dediyinə görə Simonun verdiyi ünvana çox yaxın idik.
Hava da içim kimi bir göz qırpımında qaralmağa başlamışdı. Ensiz və dağınıq küçənin sonunda sola tərəf dönüb, dayandıq. Simon bizi gözləyirdi. Kalevlə qucaqlaşıb, bizimlə salamlaşdıqdan sonra qapını açıb içəri keçməyimizi istədi. Qadın içəridə məni gözləyirdi…
Mənim sandığım, fələyin saydığı…
***
Qapını açdım və içəri keçdim. Yaşlı bir qadın ayağa qalxıb, üzərimə tərəf sevinclə gəldi. Asta addımlayırdı, çünki yaşı çox idi. Saçlarının seyrəkliyindən və əyilmiş belindən görünürdü ki, yaşamağa həvəsli deyil və ölümü gözləyir. Dəri rəngi bəyaz olsa da, qırışmış dərisi ucbatından çopur-çopur olub qarabuğdayı hal almış bədəni, yaşılın açıq tonunda gözləri, seyrək qaşları və ağzında iki əyilmiş dişi vardı. Yanına çatanda əyildim ki, məni qucaqlasın. Qucaqladı da, hətta öz doğması kimi alnımdan öpüb, dolmuş gözlərinin yaşını sildi və əli ilə qarşıdakı kreslonu oturmağım üçün işarə etdi. Mənimlə tək danışmaq istədiyini deyib, Kalevin, Simonun və Fatinin çöldə gözləməsini istədi. Fatiyə başımla işarə etdikdən sonra onlar çölə çıxdılar və yaşlı qadın, üzümdə asılı qalmış gözlərinin yaşını silib söhbətə başladı:
– Adel, ona çox oxşayırsan.
– Kimə oxşayıram?
– Gələcəyini bilirdim. Bilirdim ki, bir gün mütləq gələcəksən. Sırf sən gələsən deyə Tanrı məni yaşamaqla cəzalandırdı, amma mən səni gözlədim. Onun uşaqlığı gözümün önündədir, necə də ona oxşayırsan.
– Gələcəyimi haradan bilirdiniz və nə üçün məni gözləyirdiniz? Kimə oxşayıram, xahiş edirəm…
– Sakitləş, qızım. Hər şeyi danışacağam, bunun üçün gəlməmisənmi? Bilirəm ki, çox həyəcanlısan. Bura qədər gəldiyinə görə demək ki, artıq ailən haqqında bəzi şeyləri bilirsən.
– Bilirəm, amma doğru bildiyimdən belə şübhəliyəm. Siz kimsiniz?
– Mənim adım Aidədir.
– Nə? Aidə dediniz, yoxsa mən səhv eşitdim? Siz Azərbaycanlısınız?
– Əslində, “Eide”dir. Amma mən Bakıda doğulmuşam. Adımı anam ivrit dilində “Eide”yə uyğun olaraq, Aidə qoymuşdu. (gülür ya da nə bilim axı, ağlayır)
– Başa düşdüyüm qədəri ilə siz Bakıda doğulmuş azərbaycanlı yəhudisiniz.
– Bizə buralarda “Qafqaz yəhudiləri” deyərlər. Azərbaycanda üç yəhudi icması vardır, dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri. Mənim və sənin ailən, bizim etnik kökümüz dağ yəhudilərindən gəlir ki, təxminlərə görə dağ yəhudiləri və tatlar çox qədimdən 5-6-cı əsrlərdə Qafqaz Albaniyasında məskunlaşıblar. Bunlar köhnə tarixdir və sadəcə rəvayətdir. Yaxın tarixə qayıdaq ki, sən öz suallarının cavabını tapasan. Biz uzun illərdir ki, mənim və sənin ailən, Məryəm, onun atası, yəni baban Caleb – sizin oralarda ona Xaleb deyirdilər, nənən Mashah – ona da təxmin edərsən, Maşa deyirdilər, Azərbaycanda yaşamışıq. Böyük Vətən müharibəsindən sonra, daha doğrusu, 1948-ci ildə İsrail dövləti qurulduqdan sonra ailələrimiz, əksər yəhudilər kimi İsrailə qayıtdı. Təxminən 50-ci illərdi. Xatırladım ki, ailələrimiz qarışıq şəkildə qohumdur. Biz qayıtdıqda Məryəm hələ doğulmamışdı. Amma babanın Bakıda iki yaxın dostu var idi, Bəkir və Saleh. Yəni atan Yusifin atası, digər baban Bəkir. Baban Bəkir, Xalebə çox yaxşılıqlar etmişdi. Bakıdan köçdükdən sonra əlaqəni itirdilər. O vaxt indiki kimi əlaqələr asan deyildi, qızım. İnternet yox idi, ev telefonu olanlar varlı hesab edilirdi. O vaxt həyat maraqlı olduğu qədər imkanları da çətin idi. Həyat təsadüfləri sevir qızım, köhnə iki dostun övladları, müsəlman Bəkirin oğlu Yusiflə, yəhudi Xalebin qızı Məryəm bu dostluqdan yol almış sirli gələcəkdən xəbərsiz idilər. Çox adam təsadüflərin olduğuna inanmır. Sözün düzü, mən də inanmazdım, amma illər sonra İngiltərədə Yusif və Məryəmin qarşılaşıb, keçmişdən xəbərsiz bir-birilərini dəlicəsinə sevmələri həyatın təsadüfi deyildimi? Axı niyə həmişə həyat belə maraqlı oyunlar oynayaraq hər gedişdə daha təəccüblü sürprizlərlə insanı gah aşağı çırpır, gah yuxarı atır? Yusif Məryəmi çox sevirdi, qızım. Bütün dünyada eşq hekayələri mövcuddur. Fərhad və Şirin, Leyli və Məcnun, Romea və Julietta, belələri həmişə olub və olacaq. Tanımadıqlarımız yüzlərlə və minlərlə daha var. Tanıdıqlarımızdan fərqli olaraq Yusif və Məryəm kimi həqiqi eşqi yaşayan aşiqlərin həyatını qələmə alacaq, ölümsüz hekayələri gələcək nəsillərə miras qoyacaq yazıçılar yoxdur, sadəcə. Can qızım, axı sən heç nə bilmirsən, sən bunlarıgörmədən böyümüsən, bir yəhudi və türkün böyük məhəbbətindən də böyük məhəbbət ovçularının, o eşqə düşmən kəsilən iblislərin olduğunu bilmirsən. Cahillik, cəhalət, xurafat, din, dil, irq fərqi, bu dünyanın ən yaralı yeridir, bunu bilmirsən, deyək ki, bilirsən, amma buna qarşı heç nə edə bilmirsən. Kim bizə haqq verdi ki, insanı parçalayıbparamparça etdik, axı kim, mənim gözəl qızım, bu haqqı bizə kim, hansı səbəbdən verdi?! Bu gün də dünəndən fərqli deyil ki, insanlar içində insan yalnızlıqdan bu səbəbdən ölmürmü?! Dinlərin böldüyü təbəqələr, irqlərin verdiyi müharibələr, dillərin ayırdığı sevgilər, cinslərin azadlıq və azlıq üsyanı, dünyanı niyə belə cəhənnəmə çevirdik ki, qızım? Mənim heç nədən xəbərsiz, günahsız fidanım, Adelim. Sən niyə anandan uzaq, əli silahlı adamlarla sərhədlənmiş Vətən adlı çərçivədə, yalquzaq böyüyəydin, axı bizə kim mane olur ki, dünyanın vətənimiz olduğunu dərk edək və qəbul edək?! Əli silahlı beyni manqurt adamlarmı, yoxsa dəst geyimli var-dövlətlə gözləri yumulmuş və kuklalaşmış ölkə liderlərimi? Qansızca qan tökən, baş kəsən, təcavüz edib, adam doğrayan qəhrəman qiyafəsində canilərmi, “göz” və onun kimi onlarla axmaq təriqətin Allahlaşmış heykəllərimi, yoxsa sadəcə qəflət yuxusuna yatmış biz insanlarmı? De, qızım, axı kim bizə özümüz olmağa icazə vermir? Hamının əlinə itələdikləri beyindən çox beli işlədən, o getdikcə böyüyən merətlərlə beyinlərini zəhərləyirlər. Beyni yuyulmayanların dilini kəsirlər, bu nəticə vermədikdə isə qanun adını qoyduqları, guyadünyada ədaləti təmsil edən şeylə insanın ən təməl haqqını – azadlığını alırlar. Bu sistemi quranlar bizdən deyil, insan ola bilməz, bu haqda danışa bilməz, qızım.
– Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü, demişdi əfəndim… (göz yaşlarımı saxlamaq mümkünmü?)
– Qan izi, yara izindən də dərindir. İnsanlar gələcəyə savaşı miras qoyduqca, təcavüz edilmiş gələcəkdən doğulmuş bic keçmiş intiqam atəşi ilə alovlanar. Alovda yaşayanlar isə cəhənnəmin sakinləridir. Oranın əksinə cənnət saf suyun, təbiətin, yaşıllığın və maviliyin evidir, qızım. (təcavüz edilmiş gələcəkdən doğulmuş bic keçmişmi? – bu ifadə mənə bir filmi xatırlatdı)
– Bəs sonra Aidə xala, sonrası?
– Biz bura gəldikdən sonra da qonşu kimi yaşadıq. Anangilin evi iki küçə irəlidəydi. Mən evin ən böyük qızı idim, sənin nənən Maşadan yaşca balaca olsam da, ananla aramızda on yaş fərq vardı. Ölümsüz ola biləcək qədər təbii gözəlliyi vardı, Marinin. Sənə hərbaxanda, sanki onu görürəm. Baban Xalebin ilk və tək övladı idi Mari, çünki o dövrlər həyatda qalmaq çətin və bahalı idi. İkinci uşağı olan ailələr aclıq və səfalət çəkirdi. Baban Xaleb sonralar vəziyyətini yaxşılaşdırdı, kiçik ticarətlə sizi maddi ehtiyacdan qurtardı. Bundan sonra isə daha uşaq üçün gec olduğunu düşündülər və bütün sərmayələrini Marinin təhsilinə yatırdılar. Mari uşaqlıqdan dəqiq fənlərə çox maraqlı idi, xüsusilə, fizika və riyaziyyat sahəsində ərazidə bütün diqqətləri öz üstünə çəkməyi bacarmışdı. Əlqərəz, dövrünün təhsilində inqilab edəcək səviyyədə biri vardısa, bu Mari idi və onun bu istedadının inkişafına görə atan Xaleb lazım olan hər şeyi etməyə hazıridi. Bizim dövrümüzdə oxumaq üçün ən yaxşı universitetlər paytaxtdakı universitetlər hesab edilirdi, amma Marinin məktəb vaxtı yazdığı bəzi riyazi düsturların daha fərqli və qısa yollarla həlləri, fizika sahəsində irəli sürdüyü fikirləri paytaxt səviyyəsini aşırdı. Kembricdən onun haqqında xüsusi dəvət məktubu gəlmişdi, necə ki, eyni məktub atan Yusifə də oxşar zamanda göndərilmişdi. Qızım, atan indi hardadı?
– Keçən il öldü, daha doğrusu, öldürüldü.
– Mənə bir stəkan su verərsənmi, qızım? (ağlayırdı)
Suyunu içdi, jaketinin cibindəki dəsmalı çıxarıb göz yaşlarını sildi, dərindən nəfəs aldı və məndən pəncərənin küncünü açmağımı istədi. Halı tez-tez qarışır və çox tərləyirdi. Sanki həyatdan daha çox ölümə yaxın olduğunu özü də bilirdi. Qısa vaxt sonra sakitləşib özünə gəldi və söhbətinə qaldığı yerdən davam etməyə başladı:
– Ağlayıram, çünki atanı tanımasam da, öldüyünə üzülürəm. Amma sevinc göz yaşı da bu kədərə qarışıb, artıq “Yusif və Məryəm” sevgisi əfsanə deyil, onlar ayrı deyillər, onlar qovuşublar. Bilirsən, qızım, əgər birini tanıyan başqa biri saatlarla sizə o adam haqqında danışarsa, insan tanımadığı biri üçün üzülər, darıxar, yeri gəlsə, onu sevər də. Mari Yusifdən danışanda gözlərinin içini işıq alırdı, səsi incəlir, boğazı düyünlənir, o an öləcəkmiş kimi darıxırdı. Bu, əsl məhəbbət hekayəsi idi. Mari bir dəfə Yusifə olan sevgisindən doğan əsrarəngiz cümlələri belə demişdi: “Sevgi iki kişilik deyil, tək kişilik bir şeydir. Çox adam bunu bilmir. İki ayrı yerlərdə, bir-birindən xəbərsiz insanlarınrastlaşması ilə başlayır və birləşməsi elə bir bütöv yaradır ki, buna da sevgi deyirlər. Ən gözəl tərəfi isə odur ki, bir dəfə o parçanı tapdınsa, ayrı qalmağa məcbur olsan da, bu ayrılıq sadəcə cismən mövcuddur. Ruhən ayrı qalmaq qeyri-mümkündür. Bir dəfə dadını bildinsə, üstünə dad tanımaz. Bir yoldur, addım atdınsa, sonunu düşünməzsən. Bir səsdir, eşitdinsə, yenə eşitmək ümidi ilə günlərlə susarsan. Bir sözdür, bir dəfə ağızdan çıxdısa, ağlını yerindən oynadar. Bir sarmaşıqdır, bütün bədənini və ruhunu özünə dolayar. Bir səyahətdir, tutar əlindən sonlu dünyada sonsuz olan tək şeyə aparar.
– Bu möhtəşəm sevgini kim ayırdı, xala? Kim bacardı, niyə etdilər?
– Əlbəttə, insan, yenə insan, qızım, yüz dəfə insan, hər şeydə, hər yerdə insan. Gözəl olan gülü belə kökünə çox görüb, onu qoparıb, solduran, gözəlliklərə sahiblənmək istəyən, eqoist insan. Tanrının ən gözəl sifətdə yaratdığı, sifətsiz insan. Kamil olmaq varkən cahil olmağı seçən, dünyaya düz gəlib, əyri gedən, nəfsinə məğlub, sadəcə bir parça nüftədən yol almış ən böyük yolsuz insan. Biz ayırdıq, biz insanlar ayırdıq onları. Mari İngiltərədə olanda atandan hamilə qaldı. Mari nə qədər istedadlı olursa olsun, təhsil aldığı universitet onu qəbul etməyəcəkdi, hətta Yusif və Marini ikisini birdən qovacaqlardı. Mari hamilə olduğunu atan başda olmaqla hamıdan gizlətdi. Təhsilini yarımçıq qoyub qarnındakı dörd aylıq uşaqla, daha doğrusu, uşaqlarla bura qayıtdı. İlk başlarda bunu gizlətmək elə də çətin deyildi, amma məlum məsələ ki, zaman onun əleyhinə işləyirdi. Hər şeyi öz öhdəsinə götürmüş və bir plan qurmuşdu. Ailəsinə qısa müddətli tətil məqsədilə gəldiyini və tez bir zamanda qayıdacağını dedi. Bir gün aramızdakı yaş fərqinə baxmayaraq, sirdaşı kimi gördüyü mənə hər şeyi danışdı. Anana səhv etdiyini, bunu hər kəsdən gizlətsə də, Yusifdən gizlətməyin ağıllı fikir olmadığını ona dedim. Amma Mari fikrini dəyişmədi. Yusifin onu çox sevdiyini, əgər xəbəri olarsa,təhsilini yarımçıq qoyacağını, bunun ikisinin də həyatını məhv edəcəyini deyirdi. Əslində haqlı idi, əgər qurduğu plan uğurlu olsaydı, indi sən burda olmayacaq, Mari ilə birlikdə böyümüş xoşbəxt bir ailəyə sahib olacaqdın. Plana görə Qüdsə köçəcək və doğuşu təkbaşına ev şəraitində edəcəkdi. Amma həyat bizim planlarımız əsnasında başımıza gələnlərdən ibarətdir, bilirsən. İlk başda hər şey yaxşı irəllilədi. Mən heç vaxt evlənmədim deyə, ailə kimi bir məsuliyyətim yox idi. Bu səbəbdən anana kömək etmək mənim üçün hər şeydən vacib idi. Qüdsdə çox pis şəraitdə, amma pulunun görəcəyi qədər olan bir evə köçdü. Mən hər ay iki dəfə fərqli bəhanələrlə onun yanına gedirdim. Sahib olduğu bütün əşyaları satmışdı. O vaxt atanın onun üçün aldığı ən bahalı şeyləri, hətta geyimlərini də sataraq öz güzəranını və ərzaq ehtiyacını qarşılamışdı. Mən də o vaxt fabrikdə işləyirdim və aldığım maaşdan Mariyə az da olsa, kömək edirdim. Çox qürurlu qadın idi. Məndən aldığı hər şeyin hesabını aparıb bir gün qaytaracığını deyirdi. Atan Yusifə doğuşundan qısa müddət əvvəl məktub yazmışdı və həmin məktubda hər şeyi izah etmişdi. Güman edirdi ki, məktubu aldıqdan sonra Yusif onun üçün İsrailə gələcək və birlikdə ya İngiltərəyə, ya da Azərbaycana köçəcəklərdi. Yusifin təhsilinin sonuncu ili idi. Mari bütün təhsilini, yüksək zəkasını və gələcəyini sadəcə sən və Aysel, atan Yusifə olan sevgisi üçün qurban vermişdi. Etdiyi fədakarlığı bu gün belə heç kəs etməz, qızım. Anan o qədər başqa biri idi ki, cümlələr onu ifadə etməyimə kifayət edəcək qədər təsirli deyil. Hər kim olursan ol, nə qədər ali səviyyədə düşünsən də, bir ana üçün bu adın aliliyindən vacib bir ad yoxdur, yəqin ki. Mən bilməsəm də, ananın yaşadığı hekayədə buna ən yaxın şahid mən olmuşam. Qurduğu plan mükəmməl işləyirdi. Artıq məktub da ünvana çatmış olardı. Amma başqa məktub da Maridən xəbərsiz Kembircdən onun evinə yollanmış idi. Təhsilini bilinməyən səbəbdən yarımçıq qoymuş Mari üçün universitet nigaran qalmış və ona ikinci bir şans vermək üçün bərpa məktubu göndərmişdi. İkinci şans məktubu deyirəm, amma bu babanın əlinə çatdığında ölümə dəvətnamə olmuşdu. Xaleb ingilis dilində bilmədiyinə görə məktubu tərcümə etdirmək üçün getdiyi mərkəzdən qısa müddət ərzində əraziyə yayılmış şayiələrlə,gələcəyinə ümid bəslənilən qızın aylardır, ailəsindən xəbərsiz halda harada olmasını utancverici bir hala çevirmişdi. Marinin harada olduğunu bildiyimə dair şübhələri artdıqca o yeri demədiyim üçün məni o qədər döymüşdülər ki, ağzımda dişlərin hamısını o vaxtdan itirmişdim. Evdə bir müddət həmin vəziyyətdə qaldığım an Mari artıq ana olmuşdu və mən Marinin yanında ola bilmədiyim üçün özümü bağışlaya bilmirdim. Gözləri məni axtarmışdı, çünki həmişə yanında olsam da, ən vacib günündə yanında ola bilməmişdim. Halbuki, nə mənim, nə də onun başına gələcəklərdən xəbərsiz idi. Elə bir zaman gəlir ki, insanın ətrafında onlarla adam, ailəsi, yaxınları, dostları olur, amma insan yenə də özünü tənha hiss edir, çünki düşdüyü vəziyyətdən çıxa bilmək üçün təkliyə ehtiyac duyur. İnsanlar tərəfindən mühakimə edilməkdən, anlaşılmamaqdan qorxur və özünə sığınır. Mari elə bir zaman yaşamış və bunun təsirindən özünəsığınmışdı. Ən çox dəstəyə ehtiyac olduğu vaxtda o, sadəcə özünə və qarnındakı dünyada böyütdüyü əkiz balalarına sarılmışdı. Amma dünya düşündüyümüz kimi gözəl yer deyil, əslində dünyanın da günahı yoxdur, axı həyat həqiqətən bizə ərməğandır. İnsanlar başqalarını dəyişdirməyi, təsir etməyi, özünə oxşatmağı sevir. Cəmiyyət fərqliliklərə açıq deyil və nə qədər bərabərlik, azadlığı müdafiə etsə də, oxşar fikir, təcrübə, müşətərək kədər və sevinci sevir. İnsan heç vaxt fərqli və başa düşmədiyi bir düzəni qəbul etməyə hazır deyil, əslində burada böyük bir təzad vardır. Təkin cəmə qarşı gücsüzlüyündən yola çıxıb təkləri özlərinə cəmləmək heç zaman haqlı rəqabət və fikir ayrılıqlarına səbəb olmaz. Bu olmazsa, düzən eyniləşər, monoton həyat formalaşar və tarix sübut edir ki, bütün uğurlu inqilablar təkdən çıxan səsin ətrafında cəmləşən gücdən qaynaqlanıb.
– Bu yaşda olmağınıza baxmayaraq, çox kamil bir insansınız, Aidə xala. Həyata baxış tərziniz fərqlidir və dediyiniz kimi insanların fərq anlayışı riyazi termin kimi işləyir. Fərqin sadəcə insandan nəyinsə aldığını düşünürlər, amma fərqlər sayəsində dəyərlərin mövcud olmasını dərk etmirlər.
– Sağ ol, qızım, amma buna kamillik yox, təcrübə deyək. Deməli, Mari doğuşunu təkbaşına etmişdi. Əslində, təkbaşına deyildi, bu işlə evdə məşğul olan mamaçalar var idi. Mənim vəziyyətim düzəldikdən sonra gizlicə Marinin yanına getmək üçün evdən çıxdım. Amma Xaleb bunu edəcəyimi bilirdi. Marini tapmağın tək yolu məni təqib etdirməkdi. Heç nədən xəbərsiz yola düşdüm. Yolda təqib edildiyimi hiss etdim. Çox qorxmuşdum, artıq geriyə yol yox idi. Marinin yerini bildiyimi artıq öyrənmişdilər deyə, geri qayıtsam da, bunun xeyri olmayacaqdı. Qaş düzəltmək üçün çıxdığım yolda, göz çıxartmağa çox yaxın idim. Bundan sonra edəcək bir şey qalmamışdı. Mən avtobusdan düşən kimi baban, mənim atam və həmin təqibçi ilə birlikdə məni tutdular. Yolboyu onlara hər şeyi danışdım. Bəlkə də baban Xaleb, Yusifin Bəkirin oğlu olduğunu həmin vaxt bilsəydi, hər şey daha fərqli ola bilərdi. Amma həmin vaxt bunu heç birimiz bilmirdik. Marinin yaşadığı ünvana çatanadək Marini bağışlasın deyə babana yalvardım. Amma bıçaq vursan qanı çıxmazdı babanın, ağzına su alıb, durmuşdu sanki. Heç dediklərimi də eşitmirdi. Tək istədiyi Marini tapmaq və onu öldürməkdi. Amma buna ehtiyac qalmamışdı.
– Necə?
– Mari sizi doğarkən ölmüşdü, qızım. (ikimiz də ağladıq, o sakit-sakit, mən isə uşaq kimi hönkürərək)
Bu günə qədər həmişə ölü bildiyim anamın, ölüm xəbərini indi almağım arasında nəticə olaraq heç bir fərq yox idisə, məgər bildiyim bir şeyi yenidən öyrəndim deyə belə reaksiya verməyim səmimiydimi? Əlbəttə səmimi idi, axı o qadın mənim anamdı. Bir ümid vardı içimdə;bəlkə sağdır deyə, bir ümid vardı qəlbimdə; bəlkə heç qucaqlamadığım anamı qucaqlayaram deyə. Göz yaşlarımı saxlamağı düşünmək axmaqlıqdır, mən necə buna mane ola bilərdim axı?!Anam, canım anam, bizim üçün hər şeyini fəda etmiş qadın! Ax anam, necə səni tanımamışam,sənin sevginlə böyüməmişəm, niyə məhz indi yoxluğun məni bu qədər içdən yaralayır, anacan, hardasan? Atamla qovuşdunmu? Cənnətdəsiniz?…
– Qızım, Adel, gözəl qızım, ağla, bir az daha ağla. Göz yaşları ilə zamanı geriyə qaytarmaq mümkün deyil, amma bu səni rahatladırsa, ağla ki, içindəki fırtınaları dindirə biləsən. Anan indi atana qovuşub, cənnətdədirlər.
– Bəs atam məni necə tapdı? Aysel, o, haradadır?
– Biz həmin ünvana gəldikdə qonşular bir gün əvvəl təcili tibbi yardım maşınının oragəldiyini dedilər. Sonra araşdırmaq üçün polislər də gəlibmiş, amma biz hansı xəstəxanaya getdiklərini öyrənən kimi dərhal yola qoyulduq. Nə baş verdiyini bilmədən xəstəxanaya doğru gedirdik. Qızını öz əlləri ilə öldürmək istəyən Xalebin işini tale öz öhdəsinə götürmüşdü. Biz xəstəxanaya gəldikdə polislər də orda idi. Ev şəraitində doğuş, onsuz da, çox risklidir, hələ də bu əkiz uşağın doğuşuydusa, ölüm şəxsən dəvət edilmiş bir qonaqdı. Marini tale yox, həmin mamaçalar yox, biz öldürmüşdük. Evlilikdən əvvəl günah, evlilikdən sonra məcbur olan cinsi əlaqənin cəmiyyətdəki mənasız təzahürü, insan mühakiməsi, din və irq fərqi, sosial qınaq, ailə təzyiqi, cəmiyyət baxışı, biz, biz, biz və hər biri biz idik. Bu cəmiyyətin hər üzü, qatili, hakimi, cahili, alimi, hamısı bizik. Mari həmin doğuşda mələk olmuşdu, ölüm anında son istəyi qızlarından birinə özünün ən sevdiyi qız adı olan Adel, digərinə Yusifin ən sevdiyi Aysel adının qoyulmasıidi. Xatirimdədir, Mari deyirdi ki, Yusiflə gələcəkdə uşaqlarımız olsa, adlarının nə olacağını müzakirə etmişdik. Atanın ən sevdiyi oğlan adı Barış, qız adı Aysel, ananın ən sevdiyi oğlan adı Jonas, qız adı Adel idi. Biz xəstəxanada…
– Bir dəqiqə, Aidə xala, bir dəqiqə, xahiş edirəm. Mən yəqin ki, səhv eşitdim. Anamın ən sevdiyi oğlan adını…
– Jonas dedim, Jonas! Bu adı eşitməməyin normaldır, qızım, çünki yəhudi adıdır.
Bu adı eşidən kimi dünya başımda tərs dönməyə başlamışdı. Çəkdiklərim azmış kimi Jonas adının bu gün qarşıma belə çıxması təsadüfün işi ola bilərdimi? Özümü ələ alıb, Aidə xalaya dedim:
– Bilirəm, çox yaxşı bilirəm, həm də mənasının “göyərçin” olduğunu da bilirəm. Bu ad sizin üçün başqa nə isə ifadə etmir?
– Göyərçin barış quşudur, qızım. Jonas adı başqa nə ifadə edəcək ki? Görürsən, Yusif və Məryəm bir-biri üçün yaradılmışdılar, qızım.
– Bu adın mənim həyatımdakı yeri başqadır, bu işdə bir iş var, çünki həyatda təsadüf yoxdur, tək bildiyim budur.
– Qızım, dünya belə təsadüfən yaranmışkən, sən hansı zərurətdən danışa bilərsən?
– Bəs Aysel, ona nə oldu, haradadır? Atam məni necə tapdı?
– Marinin öldüyünü öyrəndikdə babanın onu öldürəcəyinə dair inancımız həmin anda yox oldu, çünki Xaleb bu xəbəri eşidən kimi özündən getmişdi. Xəstəxana bir-birinə qarışmışdı. Qızım, o günlər heç yaxşı günlər deyildi. Baban Məryəmi çox sevirdi, bir ana qızını nə qədər sevərsə, bir ata da ifadə edə bilməsə də, ən az onun qədər sevər. Xalebin Məryəmdən başqa kimi vardı ki? Amma artıq Məryəm olmasa da, ondan geriyə iki qız qalmışdı. Adel və Aysel. Baban oyandıqda, xəstəxanada bir müddət nəzarətdə qalmasına dair həkimlərin bütün təkidlərinə baxmayaraq, o, sizi götürüb, evə qayıtdı. Sizi qucağına alanda onu görsəydin kaş ki. Adamın ağlamamaq üçün etdiyi bütün səyi boşa getmişdi. Sizi qucaqlayıb uşaq kimi ağlayırdı. Əslində təkcə o və biz yox, bu mənzərəni görən xəstəxana heyəti də göz yaşlarını saxlaya bilməmişdi. Bizdə adətdir, ölüm xəbərini alan şəxs bu sözləri deyər:
“Baruh ata Adonay Eloheynu meleh haolam, dayan ha-emet” (uca olan Rəbbimiz, Tanrımız, kainatın yaradıcısı və həqiqi hakim sənsən) və dedikdən sonra ölüm xəbərini alan şəxsin paltarının bir hissəsini qopartmaq kimi adətimiz üzrə baban ürəyinin üzərindəki paltarı əli ilə kəsib qopartdı. Gerisini təxmin edə bilərsən; məzarlıq, dəfn mərasimi, yas. Bu adətlərimiz sizinlə oxşardır, qızım. Səni ananın məzarını göstərəcəyəm. Getmək istəyərsən?
– Əlbəttə, istəyirəm. Söhbətimiz bitən kimi məni ora apararsınız. Sonra nə oldu?
– Səni və Ayseli alıb evinizə gətirdi. Məryəmin yerini qısa vaxtda doldurdunuz, çünki sizi sevməmək mümkün deyildi. Xaleb və Maşa sizə çox bağlanmışdı. Nənən ikinizlə tək baş edə bilmirdi deyə sənə çox Xaleb, bəzi vaxtlarda mən baxardım. Aysel sakit idi, amma sən susmaq bilmirdin. Tək və nəzarətsiz qalmaqla aran yox idi. Bir gün atan gəldi. Məryəmin məktubu ona çatan kimi gəlmək istəmişdi, amma bu, asan deyildi. İsraili və qaydalarını bilirsən, hələ o vaxtlar bu, daha çətin idi, amma Yusif bir yolunu tapmışdı. Əvvəl Marinin dediyi ünvana getmiş, sonra xəstəxana, sonra polis və nəticə olaraq bura qədər gəlib çıxa bilmişdi. Artıq bura gəldikdə, o, hər şeyi bilirdi. Onun gəldiyi gün çox ağır gün oldu. Xaleb atanı öldürəcəkdi, sırf bunun üçün silahı belə vardı. Bir gün atanın arxanızca gələcəyini bildiyi üçün özünü hazırlamışdı. Amma atan tək gəlməmişdi, baban Bəkir də onunla birlikdə idi. Həyat yenə öz rəngli qələmini ağ kağız üstündə əsdirməyi bacarmış və əsrarəngiz mənzərədən zövq almağımız üçün bizə təqdim etmişdi. Babaların bir-birini gördüyü vaxt qucaqlaşıb, hönkür-hönkür ağlamışdılar. Xalebin öldürmək planı bu dəfə yenə taleyin təkərinə çomağın ilişib qaldığı kimi qalmışdı. Xaleb söz vermişdi, amma nə ananı öldürə bildi, nə atanı. Həyat söz verən adamları sevmir, Adel. Heç kəsə söz vermə, çünki sözünü pozmağın üçün həyat həmişə daha çox səy göstərir. Bunu babanla kəşf etmişdim. Atan Yusif ibrani dilini bilmədiyi üçün baban Bəkiri gətirmişdi, amma xəbəri yox idi ki, əslində, o, öz qoruyucu mələyini yanında gətirir. Yaxşı ki, atan ivrit dilini həmin vaxt bilmirdi, yoxsa bu söhbətimiz belə olmayacaqdı. Bəkirlə Xaleb uzun-uzun danışıqdan sonra ortaq məxrəcə gələ bildilər. Baban Xaleb qızlardanyalnız birini ala biləcəyini demişdi, digər biri isə onlarda qalmalı idi. Babalarının ikisi də dəqiq adamdı, sözləri sözdü və qərarları qəti idi. Bu mövzuda yekun qərar verilmişdi. Atan etiraz edə bilməzdi, amma şərtlər yalnız bununla bitmirdi. Məryəmin ölümündə baban Xaleb atanı günahkar bildiyi üçün onu bağışlamadı və onunla bərabər qalacaq uşağın necə ki, anası uşaqkən ölmüşdü, atası da ölmüş olacaqdı. Bir daha heç zaman digər qızı üçün geri qayıtmayacaq, özü ilə böyüdəcəyi qızına anası haqqında heç bir məlumat verməyəcəkdi. Eynilə, burada qalacaq qıza da oxşar yalanlar danışılacaqdı. Burada qalan qıza, ata dili olan Azərbaycan dili, orada qalacaq qıza, ivrit dili öyrətmək şərt idi. İki bacı heç zaman həqiqəti öyrənməyəcəkdi, bu isə qanunsuz evliliyin cəzası kimi baban Xaleb tərəfindən kəsilmişdi. İlk başda, əlbəttə ki, atan buna etiraz etdi. Amma baban Bəkir, Xalebi yaxşı tanıyırdı. Bu şərtlər dostluğa güzəşt kimi ən ideal təqdim edilmiş şərtlər idi. Yusifin qarşısında çox ağır bir seçim qoyulmuşdu. İkiniz də onun qızı idiniz, amma birinizi seçməli idi. O, səni seçdi.
– Çünki Adel anamın ən çox sevdiyi ad idi. Məndə anamı axtardı, məni bu səbəbdən özü böyütdü, anam kimi çox sevdi.
– Elədir ki, var qızım. Atan Adeli seçdi və bütün şərtləri məcburən qəbul etdi. Böyük sevgi hekayəsi iki bacının ayrı-ayrı yerlərdə, başqa mədəniyyət altında bir-birindən xəbərsiz yalanlarla böyüməsi ilə davam etdi. Ayselə Azərbaycan dilini babası, nənəsi və mən öyrətdim və şərt üzrə həqiqəti heç zaman ona danışmadıq. Biz bacardığımız qədər söz vermərik, amma verilmiş sözümüz varsa, heç zaman bunu pozmarıq. İndi harada olduqlarını bilmirəm. Ayselin altı yaşı olanda baban, nənən və Aysel buranı tərk etdilər. Mən isə and içdim ki, bir gün ikinizdən biriniz geri gəlsəniz, hər şeyi danışacağam. Həqiqətə ən yaxın olan Aysel olsa da, bura ilk gələn sən oldun, Adel. Ömrümə çox az qalıb. Onsuz da, verilmiş sözüm ucbatından indiyədək ölməmişəm. Tanrı mənə susduğum üçün yaxşı bir cəza verdi, amma artıq rahat ölə bilərəm.
– Elə deməyin, sizi…
– Qızım, mən daha yaşamaq istəmirəm. Artıq hazıram, mənə görə heç narahat olma. Arxayın ol ki, qısa müddət sonra artıq ölmüş olacağam. Bir günahım vardı, susmuşdum, sonra isə acı içində yaşamaqla cəzamı çəkdim və artıq vicdanıma verdiyim hesabla Tanrıya gedən yolun qapısını açmış oldum.
– O zaman cənnətdə görüşərik, xalacan.
– Onun sözünü verə bilmərəm, qızım. Onu Yaradan bilər. İndi mənə qalxmağıma kömək elə ki, son vəzifəmi də yerinə yetirmiş olum. Ayselin məndə olan altı yaşındakı şəklini sənə verim və səni ananın məzarına aparım.
Köşə
Mən həyatdan dərs çıxarmaq əvəzinə, həyatın dərslərindəki səhvləri üzə çıxardım. Gözlərim cinayəti ələ verdi. Hisslərim şübhə altına alındı, baxışlarım göz altına. Dilim susdu deyə qəlbim ekspertə verildi. İçərisində o qədər ölü tapıldı ki, ruhum bədənimə ölənədək həbs oldu, beləcə qurtuluş son ümid yolum oldu.