.....

.....

KOMA – Tural Həsənli (romanın davamı)

KOMA – Tural Həsənli (romanın davamı)

XI bölüm

Həqiqəti bilənlərlə onu sevənlər heç zaman eyni vəziyyətdə deyildir
(K)

Jonasa sual vermək və verməmək arasında çarəsiz qalmışdım. Cavabından qorxduğum sual məni həqiqətə aparan yolun başlanğıcı idi. Amma mən Jonası həqiqət bahasına olsa da, itirmək istəmirdim. Uşaqca düşünürdüm, çünki qəlbimi sevgisindən asılı saldığım adam əgər bir yalançıdırsa, ha elə, ha belə bir gün gedəcəkdi. Bu səbəbdən özümü toparladım, nəfəsimə qüvvət verib söhbətə başladım:

– Jonas sənə anamın və atamın öldüyünü demişdim. 

– Aha, demişdin.

– Əslində atam ölməyib, öldürülüb.

– Niyə Adel? Bunu kim və hansı səbəblə edib? 

– Atam çox məşhur bir adam idi. İş üçün səyahət etdiyi ölkədə, yəni sənin ölkəndəöldürüldü. Bunu bilmirmiş kimi rəftar edirsən, amma həqiqəti ikimiz də bilirik.

– Adel, mənimlə belə danışacaqsansa, heç danışmayaq.

– Amerikada öldürülmüş azərbaycanlı milyarder Yusif. Bir şey ifadə etmir?

– Eşitmişdim. Atan olduğunu bilmirdim. Bir ara bütün medianı bu xəbər işğal etmişdi. Bu yerdə nə deyərlər, bilmirəm, gözlədiyin bir şey deməliyəmsə və demirəmsə, buna görə bağışla.

– Sən dəlisən. Beyninin üstündə o qədər oturmusan ki, onu xarab eləmisən. (gülürəm)

– Ciddi bir məsələyə qeyri-ciddi yanaşan sən, dəli olan mən, ah necə də gözəl dünya. Bəs atanı kim və niyə öldürdü?

– Həyat onu ciddiyə alacaq qədər mənalı deyildir, Jonas. Kimin öldürdüyünü yox, amma niyə öldürüldüyünü təxmin edə bilirəm. 

– Niyə?

– Bir açar var, ölməmişdən, daha doğrusu, Amerika səfərindən əvvəl onu mənə vermişdi.

– Aha, davam elə. (eşitmək istədiyini eşidirmiş kimi gözləri bərələ qalmışdı)

– Bilmirəm, təxmin edirəm ki, həmin açarı əldə etmək istəyənlər hər kimdirsə, atamı da öldürənlər onlardır. 

– Bəs indi həmin açar haradadır?

– Təhlükəsiz bir yerdə. Harada istifadə olunduğunu və nə işə yaradığını bilmirəm.

– İstəsən sənin üçün araşdıra bilərəm. Məhz bu cür şifrələr üzrə mütəxəssis tanışlarım var. Necə bir açardır, təsvir edə bilərsən?

– Bildiyin sadə açarlardan deyil. Elektron şifrə və təchizata malik maraqlı bir dizaynı var.

– Baxa bilərəm? Yanındadır?

– Əlbəttə, baxa bilərsən, amma yanımda deyil. Onu heç kimin tapa bilməyəcəyi bir yerdə gizlətmişəm.

– Bəs atan sənə bu açar haqqında heç nə demədi?

– Atam mənə çox şey deyib. Həyatdan çox ölümə yaxın olduğunu ikimiz də bilirdik. Amma bir planı vardı, əgər baş tutsaydı, indi hər şey daha fərqli ola bilərdi.

– Şəxsi deyilsə, bu planı öyrənmək olar?

– Deyəsən çox marağına gəlir, elədir? – detektiv mr. Jonas? (gülürəm)

– Səninlə söhbət etdiyimizi düşünürəm, sonra mən nə isə deyəndə sən məni acılamaq üçün növbə gözləyirmiş kimi edirsən, problem nədir, Adel? 

– Haqlısan, bağışla. Bu aralar bir az özümdə deyiləm. Boş ver, belə maraqsız bir mövzu ilə səni də yordum.

– Yox, qətiyyən Adel. Həyatımızda aksiyon çatışmazlığı var, bəlkə bu açarla “Da Vinçinin şifrəsi”ni qıra bilərik? (gülür)

– Zənn etmirəm, həm boş ver dedim, deməmiş fərz et.

– Oldu. Necə istəyirsən, elə də olsun.

– Jonas uşaqkən qolumuzu dişləyib qolumuzda qalan izi saata bənəzədərdik. Sanki zamanın zamanla canımızı həqiqətən ağrıdacağını bilirmiş kimi.

– Nə demiş şair? Boş yerə canı yanmaz insanın. Ya bir əksik vardır gələcəyə dair ya da bir artıq vardır keçmişdən qalan? Bu artıqdan birlikdə qurtula bilərik, Adel.

– Dünən insanı güldürən, bu gün öldürə bilər, elə deyil Jonas?

– Danış, bilirsən ki, mənə etibar edə bilərsən.

– Jonas, dedim axı boş ver! 

Jonas bunu boş verə bilməzdi, çünki oyunda plandankənar hücum cəhdi olmuşdu. Müdafiə sistemini işə salmalı və artıq oyun qurucular zəif halqa olaraq gördükləri mənə qarşı ciddi hazırlıqlar başlatmalı idi. Sual olaraq qurulan hər cümlənin bir cavabı olmalı idi. Jonasın həyatıma təsadüfən gəldiyi planı “puf” deyə havaya dağılmalı, kreslolarında oturmuş mənzərəni seyr edən oyunqurucular, bir zəhmət, yerlərindən qalxmalı və  mənə qarşı əks strategiya taktikasını işə salmalı idilər. İllərdir atamın getdiyi bütün səfərlər və planlar, yatırdığı sərmayələr və qurduğu düzənin başındakı tək adam artıq mən idim. Adel, güc deməkdir, Adel gücün rəmzidir, İsa “Allahın oğlu” idisə, Adel “Tanrının qızı”dır. Bəs oyunun tanrısı, tanrıçası kimdi? Öz xoşu ilə gəlməyəni yemləyib tutmaq ən təməl ovçuluq prinsipidir. Sadəcə bir tələ hazırlayıb, ayağını ayağının üzərinə aşırıb, əlindəki çayı xortumlayıb içərək ovun bu tələyə düşməsini gözləyirsən. Açarı yem olaraq qoyduğum meydanda başlarına gələcək tələdən xəbərsiz üzərimə gələcəklərdi. Mənsə, sadəcə içinə kəklik otu atdığım çayımı ləzzətlə içəcəkdim. Kefim çox yaxşı olsa, meyvə və viskiyə də yox deməzdim.

Sən saydığını say, gör fələk nə sayır, Adel…

***

Tərs gedən bir şey vardı, çünki Jonas dediyim məsələni həqiqətən boş vermişdi. Hər gün əlində bir lotus çiçəyilə könülümü alıb, mənimlə sevgili rolunu oynamağa davam edirdi. Hətta daha da mehribanlaşmış və diqqətini, qayğısını artırmışdı. Fikirlərim çox qarışmışdı, çünki Jonasın məni həqiqətən sevib ya da sevmədiyini aydınlaşdırmaq artıq mümkün deyildi. Bunun bir oyunun içindəoyun olduğunu düşündürəcək qədər qısa zaman keçməmişdi. Tərs gedən nə idi axı?

Məni narahat edən məsələ təkcə bu da deyildi. Şirkətlərimin bir çox hissəsində geriləmə müşahidə olunurdu. İkisini birlikdə aparacağımı düşünməklə yanlış etdiyimi bilirdim, amma bacara biləcəyimə inanmışdım. Hərdən bu çıxmaz oyunu, bütün hər şeyi bir anda unudub geriyə qayıtmaq istəyirdim, amma bunu tək yox, Jonasla etmək arzusunda idim. Çox yorulmuşdum, çünki hər kəsin həyatında olan hüzur, sakitlik və adilik niyə məndən yan keçməli idi ki? Tanrının qızı olmaq havalı səslənirdi, amma çox da əyləncəli deyildi artıq. Son zamanlarda sadəcə Adel kimi insanların yaşadığı sadə həyat tərzindən istəyirdim. Üsyan edib, deyirdim ki, başlarına dəysin bütün düzən, qurulmuş oyun, oyunçular, qurucular və bütün hər şey. Çox düşünüb, bir qərar verdim. Axşam Jonasla görüşümüz var idi, həmin zaman Jonasa və özümə son bir şans verəcəkdim. Ona təklif hazırlamışdım və əgər qəbul edərsə, hər şeyi oradaca bitirib, qalan ömrümü onunla birlikdə yaşayacaqdım. 

“ev bir yer deyildir, hissdir”…

– Jonas, bilirsən nə düşünürəm?

– Yenə nə düşünürsən, başımın bəlası? (gülür)

– Yadındamı dünyaya İslandiyada gəlmək istədiyini demişdin?

– Aha, demişdim.

– Bəs bundan sonra yaşamaq üçün ora köçmək istərdin? Yəqin ki, bu haqda əvvəllər də düşünmüsən.

– Əlbəttə, Adel, düşünmüşəm. Amma bunun nə əhəmiyyəti var ki?

– Mənim üçün səninlə əlaqəli olan hər şeyin əhəmiyyəti var. İçində “sən” olan hər şey gözəldir, “sənsizlik” xaric.

– Mənimlə orada yaşasan, istəyərdim.

– Bu, evlilik təklifidir? (gülürəm)

– İplərimi sənin əlinə verəcək qədər axmaq deyiləm. (gülür)

– Artıq gecdir, bəlkə də vermisən. (gülürük)

– Sən bunu necə istəsən elə də qəbul et, amma mən orada səninlə birlikdə yaşamaq istərdim.

– Hər kəsi, bu günü və dünəni unudub, olmuş və olacaqlara baxmayaraq, sadəcə mənimlə gedərsən?

– Düşünmərəm belə…

– Jonas, səni sevirəm… Səni sevirəm. Sadəcə səni sevirəm. (sevincdən ağlayıram)

– Düşünmərəm, çünki düşünsəm, yox deyərəm. (ucadan gülürük)

– Səni axmaq, sənə pislik olduğunu demişdim.

– Səni sevən pislik olduğumu deməmişdin.

– Nə dedin? Sən…

– Mən səni sevirəm, Adel… (əllərim əllərinin içində, gözləri gözlərimə möhürlənmiş, baxışlarından duyğusunu hiss edə bilirdim, evimiz yerimiz deyil, hiss etdiyimizdir)

Dünyanın ən xoşbəxt adamı kimi hiss etməyimə heç kim mane ola bilməzdi. Əgər qarşı qoyacaq biri vardısa, öldürmək lazım gələrsə, öldürərdim ki, bu duyğunu istədiyim kimi yaşayım. Mən yenə yanılmışdım, Jonas məni həqiqətən sevirdi. Beynimdə kiçik detallı şübhələri orada gömdüm, çünki qəlbim adamın gözlərindəki sevgini görmüşdü, əllərini tutduqda ürək döyüntüsünü, həyəcanını duymuşdu. O gecə Jonasla iki saat dəniz kənarında gəzdik, məşhur “ekmek arası köfte”nin dadına baxdıq, içimizdəki uşaqları azadlığa buraxdıq, çünki ən saf sevgi və dəlisovluq uşaqların hiss etdiyi duyğularda mövcud olur. Biz həmin gün bir-birimizi uşaqlaşaraq sevdik. Gecəyə doğru hava soyuduqda, isti qucağında məni sevgisi ilə isidən adamı dəlicəsinə sevirdim. İnsanlar sevgini tanıdığını zənn edir, elə düşünür ki, onu tamamlayacaq kişi elə doğulduğu bölgədə, yaxında, yanındadır. Başqa bir yerdə, ayrı adda, fərqli bir dildə qarşına çıxdığına inanmır, ehtimal vermir və beləcə özünü sevdiyinə inandığı adamla bir ömrə həbs edir. Halbuki məhəbbət gözlənmədiyin vaxt heç inanmadığın birindən gələn ruzigardır. Biz həmin gecə o ruzigarı duyduq, fısıltını eşitdik, təkcə dənizin coşan dalğasını deyil, duyğularımızın astanasında tamamlığın ritmini, hisslərin notlarını və sevginin musiqisini yaşadıq. Biz sevirdik, bütün dünyaya, yalanlara və insanlara inad sevirdik. 

– Jonas, məni sevdiyini yenə deyərsən?

– Şansını zorlayırsan (gülürük)

– Qorxursan ki, fikrin dəyişər? (gülürəm)

– Fikirlər dəyişər, amma sevgi fikir deyil, Adel.

– Bəs duyğular dəyişmir?

– Sevgi duyğu da deyil, Adel.

– Nədir ki, sevgi?

– Sevgi sənin özünsən. Duyğuların, hisslərin, fikirlərin, adını nə qoyursan qoy hiss etdiyin hər şey səninlə əlaqəlidir. Sən dəyişmədikcə sevgi də dəyişməz. 

– Ruhum sənindir, Jonas.

– Biri vaxtında çox iddialı idi. Belə tez təslim olmaq necə hiss etdirir? (gülür)  

– Şansını çox zorlayırsan, fikrimi hər an dəyişə bilərəm. (gülürəm)

“Ruhuma sahib olmayan heç kəs bədənimə sahib ola bilməzdi”, Jonas artıq hər ikisinə sahib olmuşdu. O gecə özümü ona təslim etdim. Bunu sevərək, dəlicə istəyərək və nə olursa olsun, peşman olacağımı düşünmədən etdim. Bir çox qadın öz bəkarətini sevmədiyi adama təslim edir. Mən sadəcə sevdiyim kişinin qollarında sevərək yaşadığım o andan zövq almışdım və bu,möhtəşəm hiss idi. 

Səhər erkəndən oyanıb, onu yatarkən izləmişdim. Yatmağını, üz ifadəsini, gözlərini, hər bir detalı sevərək yaşadığım adama doymadan baxmışdım. İncə və uzun barmaqlarımın arxası ilə bəyaz qollarını tumarlamağa başladım. Bunu bir neçə dəfə etdikdən sonra gözlərini yavaşca açdı və məni özünə tərəf çəkib qucaqladı. 

– Bir nəfər həyəcandan yata bilməyib. (gülümsəyir)

– Bir nəfər çox tənbəldir. (gülümsəyirəm)

– Bir nəfər saatdan xəbərsizdir.

– Bir nəfər sevginin zamansız olduğunu bilmir.

– Bir nəfər çox zamanımızın olacağını bilmir.

– Bir nəfər gələcəyi görür.

– Bir nəfər səhər-səhər çox duyğusallaşıb.

– Bir nəfər odundu.

– Bir nəfər üşüyür.

– Bir nəfər oyun oynamaq istəyir.

– Bir nəfər mənimdi.

– Bir nəfər sənindi.

O gün iki nəfər yoxdu, bütövlük vardı, biz vardıq, tamamlanmış ruh, bədəni də tamalanmağa məcbur etmişdi. Cütlük ifadəsi bu mərhələdə qəbul etdiyimiz kimi işləmir. Cütlüklə bağlı bildiklərimiz yanlışdır, çünki ikinin tək olduğu gün kimi aydındır. İçində cütü ehtiva edən tək bir şey varsa, o, sevgidir.

“Gözəl olan yox, gözəl görünən hər şey tez bitir” – deyərdi atam. Kənardan çox gözəl görünən bu sevgi hekayəmiz – “Adel və Jonas” həqiqətən də göründüyü qədər gözəldimi?

Axşama görüş planlayıb, həmin səhər ayrıldıq. Dərsdə iştirak edə bilməyəcəkdi, çünki dediyinə görə burada yaşayan xalasını görməyə gedəcəkdi. Əslində məni də xalası gilə dəvət etmək istədiyini, amma məni hər kəsdən gizlətmək ehtiyacı yaşadığını, kimsə ilə bölüşməyəcək qədər çox sevdiyini dediyi üçün, sonrakı görüşlərə birlikdə gedə biləcəyimizi demişdi. Axşamkı görüşə birbaşa oradan gələcəkdi. Dərsdən sonra bir az gəzib, axşam görüşü üçün təyin etdiyimiz yerə erkən getdim. Gün ərzində iki dəfə əlaqə yaratmaq cəhdlərim boşa çıxmış, yazdığım mesajlar cavabsız qalmışdı. Heç belə etməzdi. Çox nigaran idim, başına bir şey gəlməsindən çox qorxurdum. Qorxu və nigaranlıq hissi ilə görüş yerinə tez getmişdim. Bir neçə saat gözlədim, amma heç bir xəbər yox idi. Telfonuna zəng çatmır, internet mesajlarıma cavab gəlmirdi. Artıq bir saat keçmişdi, amma Jonas heç olmamış kimi yox idi.

​Qeyri-iradi göz yaşlarım yanaqlarımdan axdıqca ağlıma hər fikir gəlirdi, amma tək bir düşüncənin özünü doğrultma ehtimalını ağlımdan belə keçirtmək istəmirdim. Həqiqətlə yalan arasında yenə böyük bir sual altında idim. Həqiqət həmişə sevdiyim bir şey idi, amma bu dəfə həm də bildiyim bir şeydimi, bilmirdim. Həqiqəti bilənlərlə onu sevənlər heç zaman eyni vəziyyətdə deyildir.

Başımı aşağı salıb, gözlərimi ovuc içimə gömmüş və dəlicə düşünürdüm ki, bir anda yanımda birinin əyləşdiyini hiss etdim. Əslində hiss etdiyim kiminsə oturması deyil, burnuma gələn “lahmacun” qoxusu idi. 

Qoxumu dedim? – necə maraqlıdır ki, hər şeyin qoxusu bizə onu tanıma imkanı verir. İnsanlar bunu çox sadə qəbul edir. Gözlərin burunu hər dəfə gördüyü halda bizim üçün bunu görməzdən gəlməsi, həyatdakı hər şeyin, hətta duyğuların belə öz ayrı qoxusunun olması, çox sadə görünən və ya görünməyən kiçik detallardır ki, bu da bizi var edən trilyonlarla hüceyrənin kainatla əlaqəsini şərtləndirir. “Gülmək yoluxucu bir şeydir” deyirlər, biri güldükdə bu duyğu sizi də güldürməyə vadar edir, əslində isə həmin duyğunun qoxusu sayəsində biz də gülürük. Amma nə yazıq ki, bu gün burnuma gələn iy gülmək yox, lahmacun qoxusu idi.

Başımı sağ tərəfə doğru döndərdim və o:

– Jonası gözlədiyini bilirəm, bihudədir, gözləmə. O, gəlməyəcək.

Köşə

Bəzi qərarların arxasında geriyə dönülməz yollar vardır – deyirlər, amma hər enişin yoxuşu olduğu kimi hər gedişin də dönüşü vardır. Hər seçim bir yoldur, hər yolun sonunda daha bir seçim vardır. Seçmədiyimiz yola girdiyimiz vaxt sonda seçimsiz qalarıq. Həyatı sevərək yaşamaq üçün seçdiklərinlə yaşa… 

***

(Son gün)

Sonu niyə sevirəm, bilirsiniz? Axı hər son özündə başqa bir başlanğıcı ehtiva edir və bununla da son deyə bir sözün lüğətimizdən və idrakımızdan silib atmağımıza xidmət edir. Son yox, sonsuzluq vardır. 

Heç tanımadığım qadının – anamın məzarına getdim. Ana kimdir ki? Dünyaya gəlməyimə vasitə olmuş adammı? Sevildiyi qədər deyil, deyildiyi qədər müqəddəs olanmı? Bizi dünyaya gətirənə qədər bətnini övladına doqquz aylıq kirayə vermiş və haqqını nə etsək də bir ömür verə bilməyəcəyimiz qadınmı? Ayaqlarının arasından gəldiyimiz yolda çəkdiyi ağrılara görəmi cənnəti anaların ayaqların yazdı Allah? Kimdir axı qanadsız mələk tipli, qadın qiyafəli, şeytan tüklü bu varlıq? Niyə canlı olan hər bir varlıq üçün qız, qadın, bacı ayrı-ayrı qiymət qazanmışkən, bütün aləm üçün “ana” adı ümumi dəyər daşıyır? Bu sözə xüsusilə diqqət etmək lazım, çünki dəyər qarşılığı olan bir şeydir. Analığını etdiyi təqdirdə “ana” olmuş bir qadından gedir söhbət, yoxsa nəticədə nəsil artıran, təsadüf və məcburiyyətdən doğmuş birinə də “ana” deyilir. Yoxsa fədakarlıqmı? Məsələ elə bununla bitirmi? Axı dəyər fədakarlıq tələb edir. Fədakarlıq isə qarşıdakının buna layiq olmasından asılı olmayaraq, daxildən gələn duyğudur. Söz dilemması, beyin yandıran tezislər, bunları saatlarla və günlərlə davam etmək olar. Bəs bu varlığı həqiqətən tanıyan var?  Nə qədər tanıyırsan ki, ananı? Nəyini bilirsən, misal? Ən sevdiyi rəngi, gülü, parfümü, yeri, geyimi, adamı, ən sevdiklərini düşündünmü heç? Düşündünsə, cavabını tapa bildinmi ki, ananın ən sevdiyi hər şey əslində övladı ilə əlaqəlidir? Səndən fərqli olaraq ona hər nəalsan gözləri dolacaq, sevinəcək və gözlərindəki qürur, duyğu, o an hiss etdiklərini gizləyə bilməyəcək?! Ananı sevdinmi heç?

Məni həyata gətirdikdən sonra heç olmamış birini tanıdım bu gün. Yalnız fədakarlıq etməmiş, özünü fəda etmiş birini. Bir can özünü bilə-bilə məhv etməyi gözə alırsa, ya axmaqdır, ya da anadır. Atalar kölgədə qalsın istəmərəm, mənə analığı edən də atam olub. Bakıda olduqda hər gün məzarına getdiyim atamdan fərqli olaraq bütün ömrüm boyu ilk dəfə məzarına gəldiyim qadından danışıram mən.        

Aidə xalanın anam haqqında dedikləri həqiqətən bir hekayə kimidir. İnsanın sevdiklərinə olan sevgisinin onu məhv etməsi heç içdən deyil, amma anam atamı, sonra bizi sevdi, bütün məsuliyyəti öz üzərinə aldı, amma sevməkdən heç qaçmadı. Axı atam deyirdi ki, “sevgi yükdürsə, insanı zəiflədir”. Əgər haqlıydısa, bu qədər çox sevmiş anam, deyilənin əksinə olaraq, bu qədər gücü haradan almışdı bəs? Bəlkə də yanılmışdı professor Yusif bəy, sevgi deyil, sevgisizlikdir insanı zəiflədən. Bəlkə də heç yanılmamışdı, axı sevgi anama yüklənsə də, yük deyildi, zövqdü onu çəkmək və yaşamaq…

Bəlkə də sağ olsaydı, hər şey daha fərqli ola bilərdi. Babalarım razılaşmış və bu gün biz çox xoşbəxt ailə olaraq yaşayırdıq. Hər şey sadəcə xəyal dünyamızda ehtimallardan, həqiqətdə isə baş verənlərdən ibarətdir. Necə də qəribədir ki, ölümümə son gün qalmış, ailəm haqqında hər şeyi öyrənmişdim. Sözsüz, burada Tanrı amili də var. Bunu unutmuram, çünki kiçik toxunuşları ilə böyük fərqlər yaradan o deyilmi ki? Tanrı da istərdi ki, hüzuruna ailəmi tanıyaraq gedim. Ailəmdən geriyə sadəcə həyatda olduğunu təxmin etdiyim Aysel qalırdı və mən onu tapmalı idim. Amma çox gecdi, çünki Tanrıya verilmiş bir sözüm vardı. 

Detektiv mənə Jonasın həmin gün səhər ölkəni tərk etdiyini, İsrailə getdiyini demişdi. İstehza ilə söhbətinə “türkün türkdən başqa dostu yoxdur” kimi deyim əlavə etmişdi. Güldüm, çünki məsələ irq məsələsi deyildi, insanın ən yaxın dostu da, düşməni də özüdür, amma tarixin səhifələrindəki böyük düşmənliklər ən yaxın dostlar arasında başlamışdı. Axı dostlar arasında şəxsi sirlər, dəyərlər, ortaqlılqar olur və nə yazıq ki, onları birləşdirən hər şey, eyni zamanda, onlarıayıran şey də olur. İnsan itirdiyi bir manatı belə ilim-ilim axtarır, gözü sahib olduğu nemətlərdəqalır, mənim Jonasda itirdiyim hər şey onda qalmışdı. Gözüm hər yerdə onu axtaracaqdı. Ta ki, onu tapana qədər. Pizzaçı ilə görüşümüzdəki güclü qadın obrazı, artıq cılız görünürdü. Yenə olsun, axı özüm demişdim ki, heç zaman Jonasla yaşadıqlarım üçün peşman olmayacağam. İnsan sevdiyi bir xatirədən onu xatırladıqca zövq almaq yerinə niyə acı almağı seçsin ki? Darıxırdım vəbu təbii idi, çünki darıxmalı idim. Əgər sevginin yan təsirləri adlı bir siyahı olsaydı, içində mütləq ki, birinci darıxmaq yazılacaqdı. Darıxan insanlar sevməyi, darıxdırıcı insanlar getməyi yaxşı bacarır. Necə ki, adamın darıxdırmaqda, qadının darıxmaqda üstünə yoxdu. Jonasdan geriyə qalan xatirələrim xaricində kompüterimin arasında gizlədilmiş bir not vardı:

“Tanrı qızını gözləyir Adel, onu gözlətmə.

Məni yenidən görmək istədiyində orada olacağam, unutma, 

Bu dünyada hər şey öz əslinə dönər…”

Jonası həmişə mənim dilimdən eşitdiniz, bəs onu öz dilindən eşitmək istəməzdinizmi?

Adel haqqımda sizə çox şey danışsa da, hər şeyi danışmayıb. Adətən biri haqqınızda danışanda detalları danışmır, sizi ya çox mübaliğə edir ya da müxəssər edir. Haqqımda düşündüyünüz hər şeyi unudun. Adımı belə unudun, çünki bu ləqəbimdir. Bizim ellərdə ləqəblər məşhurdur, sizin oralarda da olmamış olmaz. Bizim və sizin oralar haqqında danışacaq vaxtımız olacaq. Qaldığımız yerdən zamanda geriyə və irəli doğru eyni vaxtda davam edək ki, qaçırdığınız detalları bir araya toplayaq. Adelin bura qədər danışdıqlarında baş qəhrəman özü olduğu üçünmaraqla dinləyir, onu sevirdiniz, mən də sizdən eyni hörməti və sevgini gözləyirəm. 

İlk əvvəl bir şeyi dəqiqləşdirək, çünki düşündüyünüz kimi deyil, bu səbəbdən də arxamca nalayiq ifadələr işlətməyin, mən həyatınızdan və filmlərinizdən oxşar ssenarilərlə tanıdığınız qədəri ilə qızın birini sevirmiş kimi göstərib, ona sahib olub, tərk edən o … insanlardan deyiləm. Adeli tərk etmədim, bəs onu sevdimmi? 

Bunu danışacaqlarımdan sonra cavablamağınızı sizin ixtiyarınıza buraxıram. 

Adel, həmin gün intihar etdi. İsraildə, anasının məzarı üstündə, səssiz-səmirsiz, kimsənin xəbəri olmadan, doğulduğu torpaqda, şəhərdə əslinə döndü. İnsanlar torpaqdan yaranır və torpağa qayıdır deyirlər, Adel torpaqdan yaranmamışdı, ancaq torpağa qayıtmadı, Tanrıya qayıtdı. Bu, belə də olmalı idi, axı hər şey öz əslinə qayıtmaqda hökmlüdür. Gözlənilən kimi də oldu, Adel atasının yanına qayıtdı.