.....

.....

Könül Bünyadzadə – Qadın bir çıraqdır, işığı… sevgi

Könül Bünyadzadə – Qadın bir çıraqdır, işığı… sevgi

Bu ayaltı dünyada nə varsa, həqiqəti ayüstü dünyadan gəlir: ideyası üst qatda, maddi təcəssümü alt qatda. Mütləq Yaradan onların arasındakı əlaqəni elə bir hikmətlə qurub ki, yer üzünün nisbi yaradanı – İnsan bu əlaqənin mərhələlərini kəşf eləməklə ayüstü dünyaya ucalıb şeylərin mahiyyətini, ideyasını bilavasitə tanımaq imkanı qazana bilir. Nəticədə insanın özündə də ideyalar doğulur, mövcud şeylərin üzərində öz ideyalarını yazır, onlara maddi forma verir. Bəli, Əbu Turxan da dediyi kimi, “Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq”. Beləcə Allahın yaratdıqları yanında İnsanın da yaratdıqları özünə yer edir, mükəmməl gözəlliyin yanında onun təqlidləri da gözləri, könülləri sevindirir. Mən də yaradan insandan – Qadından yazmaq istədim. Mövlana demiş,

“Kadın, Hak nurudur, sevgili değil;

Sanki yaradıcıdır, yaradılmış değil!” (Mesnevî, 1/2437)

Söhbət yalnız Qadının dünyaya yeni bir insan gətirmək qabiliyyətindən getmir. Heç onun ilahi aləmdən aldığı ilhamla yazılan yaradıcılığından da getmir. Bir var, İnsan yaradılmış üzərində özü də nə isə yarada. Bir də var, İnsan Allahın yaratdığını olduğunu kimi, toxunmadan, dəyişmədən təqdim edə, daha doğrusu, onun üzərinə işıq sala. Bunu yalnız könül işığı gur olan kəslər bacarır, yəni işığı ilahidən gələnlər. Elə insanlar da var ki, onlara fitrətən bu bacarıq verilir. Qadınlar kimi. Məncə, buna ayrıca təhlil verməyə dəyər. 

Allah hər yaratdığının nüvəsinə bir hikmət qatır, sonra da müqəddəs mətnlərdə buna işarələr qoyur ki, insanlar dərk etsin, tanısın. Yaradanın xoş niyyətindən əmin olanlar ilahi gözəlliyi adətən hər şeydə axtarır, görür, hətta artıq məlum faktlara da fərqli baxışla baxırlar. Beləcə, tək olan Haqqa gedən yollar yolçuların sayı qədər artır.

Bütün böyük həqiqətlər vahid bir aləmdən nazil olduğuna görə, ifadə tərzindən asılı olmadan eyni mahiyyətə sahib olurlar. Yetər ki, həmin ortaq məqamı tuta biləsən. Onlardan birinə baxaq.

Qəribədir, necə ki, ananın “qucağında” insanın ruhu ilk dəfə maddi bədən qazanır, eləcə də son mənzili yenə də Ana Torpağın “qucağı” olur… Bəli, Qadının ən çox müqayisə olunduğu, eyniləşdirildiyi fenomen qara torpaqdır. Bu bənzəyişin arxasında nə qədər hikmət var, ilahi!

Qədim Çin fəlsəfəsində qadın və kişi başlanğıcının simvolu olan inyan həm bir-birinə ziddirlər, həm də bir-birini tamamlayırlar. İn – Qadın qaranlıq, soyuq, eyni zamanda, inkişaf üçün şərait yaradan, həyatı dəstəkləyən bir qüvvədir. Yan – Kişi onun tam əksidir. Qurani Kərimin ayələrinin birində deyilir: “Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir”. (Quran 24/35) Bəli, Haqq təala bir şeyi anlatmaq istəyəndə “insanlar üçün misallar çəkir”. Bu ayənin bir çox təfsiri var. Biz o təfsirlərlə bərabər bunu da qəbul edirik ki, bu mübarək ayə də bir misaldır. Yaradılış və qadına fərqli baxmaq üçün bir misal. Çin fəlsəfəi ilə Qurani Kərimdəki iki hikməti qarşılaşdıranda belə bir maraqlı nəticə çıxır ortaya: in – cıraq, yan – o çıraqdakı yağdır. O çırağın odu isə ilahidən yandırılır. İn – Qadındır! Bu aksiomdur. Elə isə çırağın da qadın olması aksiom kimi qəbul edilə bilər. Ancaq Qadın sadə bir çıraq deyil, Allahdan üfürülən ruhun nurunu qoruyan, sevgi işığının şölələrinin qayğısını çəkən bir çıraq. Bəzən odu, nuru o qədər gözəl olur ki, çırağın özünə də Nur deyirlər. Mövlana kimi.

Bəli, Yaradan öz mübarək nəfəsini – ruhu məhz qadının şahidlliyi ilə, onun bətnində insana əmanət verir. Bilir ki, ondan güclü və şəfqətli bir qoruyucu yalnız Özü ola bilər. Beləcə çırağın içində ilahi qüdrətlə bir nur yandırılır. Bir çırağın, təndirin torpağı xüsusi yerdən götürüldüyü, xüsusi tərzdə yoğrulduğu kimi, qadının da yaradılışı kişidən çox fərqlidir. Həm bir odu saxlayacaq qədər dözümlüdür, həm onu İlahidən necə alıbsa, eləcə də təqdim edəcək qədər etibarlıdır, həm də içində nə çəkəcəyindən asılı olmadan gözəlliyini, hər halı ilə müqəddəsllik hissi saçan bir zərifliyə malikdir Qadın. 

Çırağın keyfiyyəti birbaşa içindəki alovun şölələrində əks olunur: əyridimi, düzdümü, tüstüsü işığından çoxdurmu, yoxsa heç acı tüstü vermir, ətrafını hisə batırırmı, yoxsa tər-təmizdi…? Hamısında çırağın rolu var. Eləcə də, hələ doğulmamış, gələcək insanın kimliyi, hansı mənəviyyata sahib olması göydə Allahdan, yerdə Anadan asılı olur. Hələ bətnində ikən körpəsi ilə söhbət edən, zövqünü formalşadırmağı bacaran, ona zövqlü bir mühit hazırlayan yalnız Ana ola bilər. Platonun dialoqlarında bu incə məqama xüsusi diqqət yetirilir: gələcəyin anası yalnız gözəlliklərlə əhatə olunmalıdır ki, dünyaya gətirdiyi insan da dövlətinə yararlı olsun. 

Antik dövrün qadın filosofu Diotimanın dediyinə görə, insan iki cür öz əbədiyyətini qazana billir: ya nəslini davam etdirməklə, ya da ilahi ideyalar yaratmaqla. Belə bir həqiqəti yalnız qadın deyə bilər. Çünki yalnız Qadın-torpaq ya çıraq şəklində bətnində nur yetişdirib dünyaya gətirə bilər, ya da sadəcə Qara torpaq kimi başqa cür işıqları-ideyaları “böyüdə” bilir.

İlk baxışda sakit görünən torpağın hər sakininə ayrıca bir qayğısı var. Onun qucağında yaqut da öz gözəlliyinə yetişə bilir, dəmir də öz sərtliyini qazana bilir, mərmər də öz ağappaq simasını ala bilir. Necə ki, hər övladına ayrıca sevgi verməyə qadının sevgisi, diqqəti çatır, eləcə də torpaq hər birinə hansı şərait, hansı mineral lazımdırsa, onu verə bilir. Qəribədir, bir də görürsən qapqara torpağın içində bir qızıl dənəsi parıldayır. Öz ömrünü övladı üçün yandırmış savadsız bir ana öz oxumuş övladını necə qısqanmadan, boyunu oxşayıb adam içinə çıxardır, özü kölgədə qalırsa, eləcə də qara torpaq o qızıl dənəsinin üzərindən yuyulur, unudulur.

Bir də görürsən, torpaq öz bağrından axan suları süzdürə-süzdürə üzə çıxarır. Əgər kənardan bir zərərli müdaxilə olmursa, bir bulağın suyu qədər təmiz su tapmaq olmur. Yağış sularını, yüz dərədən torpağa hopan suları təmizləyib göz yaşı kimi dumduru bulaqdan qaynadır. Qadın orqanizmi də əslində elə torpaq kimidir. Axı o da, adi qidanı körpəni bəlalardan qoruyan hündür bir qala divarına bənzəyən Ana südünə çevirə bilir. Ancaq bu işin maddi tərəfidir. Bir də mənəvi tərəfi var axı. Qadın ən adi sözlərdən elə bir laylay düzür-qoşur, balasına “içirdir” ki, yuxusu sakit, sağlam olsun, mənəvi dünyası saflaşsınır, ülviləşsin.

Qoxusu güldən gəlir,

Güldən, bülbüldən gəlir,

Balamın gül beşikdə,

Yuxusu birdən gəlir.

Heç kim mübahisə etməz ki, Ana südü əmən, laylayla böyüyən bir insanın mənəviyyatı elə bulaq suyu içən insanın sağlamlığı qədər möhkəm olur.

Qadının Torpaq olub bətnində Nur bəsləməsi Yaradanın bir lütfüdür. Ancaq ilahi işarələrdən, gözəl həqiqətlərdən təxəyyülümüz, təsəvvürümüz o qədər uçdu ki, Qurani Kərimin bir ayəsini də düşünməyə başladı: Yaradan insanı torpaqdan yaradıb axı…?!