.....

.....

“Ləçər” (povestdən parça) – Rövşən Yerfi

“Ləçər” (povestdən parça) – Rövşən Yerfi

“Ləçər”

Deyirlər, “sən Allahdan dilə, Allah da istəyini versin.” Amma, Allah sən istəyən kimi yox, özü istəyən vaxtda, qaydada verir. İllərlə sənin səbrini çatlada-çatlada, dözümünü tarıma çəkməklə, bərkə-boşa salmaqla, müəyyənləşdirdiyi məkan və zamanında istəyinə çatdırar. Eynən cəzaları da belə verir, gözləmədiyin zamanda, şəraitdə ya özünə, ya da övladına…
Həyatda heç nə səbəbsiz baş vermir, anlamaqda çətinliyimiz var. Anasının söhbətlərindən ona aydın olmuşdu ki, atası günahları çox olan birisi olub. Görünür atasının günahlarından ona da pay düşüb və onun da taleyinə həbsxanada yatmaq yazılıb.
14 il həbsdə yaşamaq… Bu adi bir zaman deyil, el dilində desək, bir igidin ömrüdür. Bunun həsrət, iztirab, işgəncə dolu gündüzləri, gecələri var: sayı beş mindən çox gecə-gündüz.. Qohum-əqrəbasından min kilometrlərlə uzaq diyarda yaşlı anasından başqa kimsəsi yox idi. Təqaüd alan, əyalətdə yaşayan anasının da ildə çox olsa bir neçə dəfə yanına gəlməyə maddi imkanı çatardı.
O gün olmayıb ki, azadlığı düşünməsin, arzulamasın, nəinki burnunun ucu, varlığınım bütün hüceyrələri göynəyirdi. Hər dəfə həbsxananın hasarından o üzdəki evlərdə azad yaşayanlara baxanda ürəyində həsəd çəkirdi. Ancaq o insanlar yəqin ki, malik olduqları xoşbəxtliyi dərk etmirdilər. İnsan yaranışından belədir, heç vaxt özündə olanın dəyərini bilmir, yalnız itirəndən sonra anlayır. Ona görə müqəddəs kitabda nahaq deyilməmişdir ki, insan nankor və naşükürdür…
Bu uzun illər ərzində dörd dəfə rəis dəyişilmişdi. Onlarla yeni zabit və nəzarətçilər işləməyə gəlmiş və buradan başqa həbsxanalara iş yerlərini dəyişmişdilər. Həbsxanaya yüzlərlə məhkum daxil olmuş və azadlığa çıxmışdılar. Həbs vaxtı dünyasını dəyişənlər də olmuşdu. Burada nələr görməmiş, nələr anlamamışdı… Heç düşməninə də arzulamırdı.
Ötənləri xatırlayanda ürəyinə sıxıntılı ağırlıq yayılırdı. Saçlarına dən düşmüşdü. Üzünə, gözlərinə məhbəs həyatının kədəri çöksə də Nahidə bu illərdə özünü vüqarlı, şux tutmağa, zahirən bədbəxtliyinə təslim olmamağa çalışırdı. İstəməzdi ki, Nemanın düşmənə çevrilmiş, ədliyyənin müxtəlif sahələrində böyük vəzifələrdə işləyən qohumları həbsxanaya yolları düşəndə onun pis gününə baxıb sevinsinlər. Ürəyi qan ağlasa da, ona nahaqdan verilən cəzadan heç də sınmadığını göstərmək istəyirdi. İnanırdı ki, bütün bağlı qapıları açan Allahdır.
Cəzasının ilk illərində cəza evinin rəisi qadın – Mariya İvanovna idi. O, çox insanpərvər adamıydı, hamının – işçinin də, məhkumun da işini xoşluqla yola verirdi. Qəddarlıq etmirdi, acgözlüyü yox idi. Lakin bütünlüklə qadınlardan ibarət öz həmkarları çox işləməyə ona imkan vermədilər. Məhkumlar arasında bir-birilə yola getməyən dəstələr yarandı, təfriqələr başlandı. Davalar, saçyoldular ara vermədi. Hər həftə sorağı İslah işləri idarəsinə çatan hadisələr baş verdi. Nahidə ağıllı tərpənib baş verən olaylara qoşulmadı. Başa düşürdü ki, olanlar özbaşına yaranmır, arxa planda hadisələrin törənməsində marağı olan zabit və nəzarətçilərin gizli niyyətləri var.
Müəssisədə xaos hökm sürürdü. Azmış kimi Mariya İvanovnanın yaxınlıq etdiyi bir neçə məhkumlarla lezbiyanlıq etməsi haqda şayiələr də yayıldı. Vəziyyətin ağırlaşdığını görən İslah işləri idarəsi Mariya İvanovnanı işini bacarmamaqda günahlandırıb işdən azad etdi. Lakin onun yerinə hazırlaşan əməliyyat və rejim üzrə müavinin də arzusunu gözündə qoydular. Onun ümumiyyətlə ədliyyə sıralarında xidmətinə xitam verildi. Bir neçə işçinin isə yerini dəyişib aşağı vəzifələrə təyin etdilər.
İslah işləri idarəsində bu qənaətə gəlindi ki, qadın cəza evinin rəisi bundan belə kişi olmalıdır. Kişi zabitlərsiz işin gedişatı alınmır. Rəisdən əlavə bəzi vəzifələrə də kişi zabitlər gətirildi. Bir daha sübut olundu ki, “həbsxana uşaq bağçası deyil, məhkumu xoşluqla idarə etmək yanlışdır. Onlar təzyiq qadağa görməyəndə məhkum olmalarını unudurlar.” Qadınlar üçün isə öz həmcinslərinin göstərişləri, əmrləri yetərli olmur, Qadınların kişi zəhminə, kişi tələbkarlığına ehtiyacları var.
Mariya İvanovnanın yerinə gələn təzə kişi rəis bir ayın içində hüquqdan danışan araqarışdıranların hamısını qanuni yollarla yerinə oturtdu. İnsanlar, xüsusilə qadınlar sərt qərarlı adamları sevir, hörmət edirlər, qaydasında olan güc xoşlarına gəlir.
Bir müddət müəssisədə həyat qaydasına düşdü. Ərazidə yerləşən istehsalat zonasındakılar başlarını işlə qatdılar. Yaşayış zonasında işləməyənləri də vaxtaşırı mədəni əyləncəli tədbirlərə cəlb etməklə içərilərindəki bəzilərinin rejimdən kənar hərəkətlərinə imkan verilmədi. Nahidəyə də “srok”unun –cəza vaxtının rahat keçməsi üçün tikiş sexində iş ayrıldı. Bu arada rəisə girişmək istəyənlər də oldu. Lakin onun bir zabit xanım və bir nəzarətçi xanımla istirahət otağında, ayrı-ayrı vaxtlarda intim münasibətini olduğunu gizlində danışsalar da, o, heç bir məhkum qadına yaxın olmağa şans verməmişdi. Onun bu sərtliyi səbəbindən digər kişi zabitlər də xəyalından şorgözlük keçən qadınlarla ehtiyatla davranırdılar.
Təəssüf ki, həmin rəisi də İslah işləri idarəsindən uzun müddət işləməyə qoymadılar. Uğurlu fəaliyyətini, idarə etməsini əsas gətirib, onu vəzifədə irəliyə, böyük cəzaçəkmə müəssisəsindən birinə baş rəis göndərdilər.
Növbəti rəis – Mixail Fyodoroviç özünü əvvəlki rəis kimi aparmağa cəhd etsə də, onun yerini verə bilmədi. İlk aylardan əməkdaş və ya məhkum fərqinə varmadan qadın sarıdan mayasının yumşaqlığı bilindi. Şorgözlərin atdığı qarmaqlar boş qalmadı.
Gizlin pıçhapıçlarda bir neçəsinin gecələr rəisin qonağı olmalarına dair söhbətlər başladı. Az-çox yaraşığı, gözəlliyi olan bu qadınlar azadlıqda da dinc otura bilməyənlər idi. Bəziləri, hətta, dözməyib “pa-ra” adlandırdıqları qadın sevgilisi ilə fürsət tapanda lezbiyanlıq edirdilər.
Belələri özlərini rəisin qucağına atmaqla həm qadın olmaqlarından həzz alırdılar, həm də bir və ya bir neçə dəfə ilə özlərinə rejim qaydalarında geniş imtiyazlar qazanmaq istəyirdilər. Dili qısıq rəisin qaydalardakı məhdudiyyətlərdə onlara güzəştlər etməsi şübhəsiz idi. Eyni zamanda bu yaxınlıqla öz aləmlərində qadın həmcinsləri arasında seçildiklərini düşünür və fəxr hissi keçirirdilər: “həbsdə olsam da, mən gözələm ki, dəyərləndirən var…”
Mixail Fyodoroviçin gecələr yanına gedən qadınların sayı artmaqla Nahidənin də ağlına qəribə bir ideya gəldi: olmazmı o da həmin qadınların sırasına qatılsın? Ola bilərmi, bir və ya bir neçə dəfədən sonra hamilə qalsın? Hamilə qalsa, şok fakt qarşısında qalacaq rəhbərlik onu cəzasının yarıdan çoxunu, üçdə ikisini çəkdiyi üçün qalan dörd il yarımı şərti azadlığa buraxmağa məcbur olacaqdı. Çöldən pul qarşılığında birini təcili tapıb bir müddətlik nikah da təşkil etmək olar. Qanun həbsdə olanlarla nikaha girməyə icazə verir. Əks halda Nemanın ədliyyədə yüksək vəzifədə işləyən atası onu azadlığa tez çıxmasına əngəllər yaradıb, son gününədək həbsdə saxlayacaqdı.
Mixail Fyodorovun “gecə qəbuluna” düşmək elə də asan deyildi. Vasitəçisiz olmazdı. Gərək haqqında ona müsbət rəy çatdırılaydı, etibarlılığına söz veriləydi. Yoxsa yerindən duran onun qonağı olmaq həvəsinə düşərdi. Bütün bu zəmanət işlərini rəisə ilk qarmağını atmış Svetlana İqnatyevna adlı məhkum qadın aparırdı.
Svetlana İqnatyevna qırx-qırx beş yaşlarında gözəlliyini qoruya bilmiş uca boy, qamətli bir qadın idi. Cavanlıq vaxtında, o, bir dəfə gözəllik müsabiqəsinin qalibi də olmuşdu. Sifətinə, saçına yaraşıq verəndə məşhur müğənnilərdən birinə də bənzəyirdi.
Svetlana azadlıqda gözəlliyinə görə daim elit məclislərdə gəzmiş, qısa desək hal əhlindən olmuş, kübarlara məxsus həyat tərzində yaşamışdı. Lakin, onun pərəstişkarları ilə ikili-üçlü, çox xəttli siyasət apararaq münasibətlər qurması, sonda onun tək qalmasına, narkotika istifadəçisi kimi üzərində narkotik maddə ilə tutulub həbs edilməsinə gətirib çıxarmışdı.
Onun keçmişdən olan təcrübəsi sayəsində Mixail Fyodoroviçə qarşı ilk cəhdi uğurlu nəticələnmişdi. Rəis onun qadın gözəlliyinə, qarşındakı insanı cəlb etmə qabiliyyətinə etinasız qala bilməmişdi. Özünə inam qazanandan sonra, Svetlana məsləhət bildiyi digər qadınların da “gecə qəbuluna” şərait yaratmışdı.
Əlbəttə, Svetlana İqnatyeva düşüncəli qadın idi. O, belə etməklə həm rəis, həm də özü sayaq qadınlar qarşısında hörmətini, mövqeyini artırmışdı. Nahidə təklikdə ona “gecə qəbulu” ilə bağlı niyyətini açıqlayanda Svetlana ümidsizliklə başını buladı:
– İnanmıram Mixail Fyodoroviç razılaşsın, səni qəbul etsin. Sən çox cavansan. O, cavanlardan ehtiyatlanır.
O vaxt Nahidənin iyirmi səkkiz yaşı vardı, cəzasının onuncu ilinin tamamına az qalmışdı.
– Svetlana İqnatyevna, məni pərt etməyin, sizdən gedən nə var, cəhd edin də, bəlkə qəbul etdi, – Nahidə ona xahiş etdi.
– Yaxşı, deyərəm, razılaşsa xəbər edərəm, – Svetlana cavabladı.
Mixail Fyodoroviç intim məsələlərdə sayıqlığını qoruyurdu. Nahidə onun qəbulunda olanlardan eşitmişdi ki, rəis hamiləliyə qarşı mümkün qədər qoruyucu vasitələrdən, dərmanlardan istifadə edirdi. Cavanlardan başı ağrı çəkməməsi üçün onlarla çox cinsi münasibətdə olmaq istəmirdi.
Mixail Fyodoroviç əvvəlcə razılıq verməsə də, bir həftə keçəndən sonra, Svetlananın səyi ilə etiraz etmədi. Yəqin həftə ərzində onun haqqında araşdırma aparmış, təhlükəli qadın olmaması qənaətinə gəlmişdi.
Svetlana ona qəti tapşırmışdı ki, artıq söz-söhbətin əmələ gəlməməsindən ötrü istisna hal kimi “gecə qəbuluna” düşməyinə dair heç kəs bilməməlidir. Ağzından qaçırsan, taleyindən küs.
Nəhayət, gecələrin birində hamının şirin yuxuda olan vaxtı, qabaqcadan xəbər edilən saatda, nəzarətçi qadınlardan biri onu yatdığı çarpayıdan səssiz-səmirsiz durğuzub özü ilə idarə binasına, rəisin istirahət otağına aparıb içəri ötürdü.
Gündüzdən xəbəri olduğu üçün yuxulu deyildi, ayıq yatağına uzanıb nəzarətçini gözləyirdi. Sanki, hamıdan gizlin gecə oğurluğuna gedəcəkdi. Ona yasaq edilən, qeyri-qanuni sayılan “oğurluğa”…

İçəridəki səsin çölə çıxmasının qarşısını alan qalın meşinli qapısı və qalın şüşəli, örtüklü pəncərəsi olan rəisin istirahət otağı xüsusi seçilən dizaynı, mebeli, cah-cəlalı ilə Nahidənin yaddaşında qaldı. Elə bil həkim qəbuluna gəlmişdi. Burada çox vaxt itirmək də olmazdı. Qarşıdan havanın işıqlaşması başlayırdı. İşıqlaşanadək buranı tərk etməli idi. Saat yarımlıq “proseduradan” sonra yenidən nəzarətçi qadının müşayiəti ilə səssizcə barakdakı çarpayısına qayıtdı.
Otaqdan çıxanda ona verilən dərmanı ağzına alsa da, rəisin ani gözünü qaçırmasından istifadə edib ovcuna qaytardı, udmadı. Sadəcə dərman üçün süzülən suyu içib, təşəkkür etdi.
Çarpayıda yerinə girən kimi onu şirin yuxu apardı. Axşamdan bəri yuxusuzluğundan idimi, yoxsa nədən idi bilmədi…

Bir gün sonra, Svetlana ilə qarşılaşarkən mənalı tərzdə ona göz vurub söz atdı:
– Cavan olmaq gözəl şeydir…
– Maşallah, elə siz də cavansız, – Nahidə cavab verib ötürülən mesajı anladı: Mixail Fyodoroviçin ürəyincə olub gecə… Belədirsə, baxarıq gözləntim baş tutmasa, yenə gedərəm qəbuluna, – gülümsədi.
Həsrətlə, səbirsizliklə bətnindən xoş soraq gözləyirdi. Günləri sayırdı, ilk növbədə hər ay qadına məxsus baş verən fiziki vərdişin dayanması vacib idi. Hesabladığı vaxtdan bir neçə gün də keçdi, hər ay təkrarlanan hal baş vermədi. Ümidi artdı. Dəqiqləşdirmək istədi. Kimsəyə deyə bilməzdi ki, “qarğa məndə qoz var”.
Daha beş-on gün keçdi. Bir gün halı dəyişdi, özünü pis hiss etdi, halsızlığına görə sexdə işləyə bilmədi. Onu müəssisənin girəcəyində yerləşən “sançast” deyilən həkim və tibb bacısı oturan tikiliyə yolladılar:
– Get, həkim yoxlasın vəziyyətini, dərman-filan versin özünə gəl.
Onu sançastda tibbi müayinə edəndən sonra, həkimlə tibb bacısının bir-birilə müəmmalı baxışmalarını anlaya bilmədi.
– Səndə ciddi qan azlığı yaranıb. Səni hələlik nə işə, nə də baraka buraxmaq olmaz. Yaxşısı, burada, palatamızda yaxşılaşanadək yatasız, dincələsiz sonra sizi buraxarıq.
– Sizcə nə qədər çəkər belə vəziyyətim?
– Uzağı bir sutkya əhvalınız yerinə qayıdacaq. Hələki uzanın dincəlin…
Hava qaralanda sol qolundakı damarına iynə vurdular. Dərin yuxuya getdi.

O, yuxudan ayılıb özünə gələndə qarnının aşağısında kəskin ağrılar hiss etdi. Başının üstünü baş əməliyyatçı Faina Vasilyevna kəsdirmişdi.
– Mənə nəsə olub? –Nahidə ağrılı səslə zarıdı.
– Narahat olma, hər şey yaxşı qurtardı, qurtulduq biabırçılıqdan, – Faina şükür etdi.
– Nə biabırçılıq, nə olub axı, – Nahidə ürəyi əsə-əsə soruşdu.
– İlişmişdin, Mixail Fyodoroviç qinekoloq dostunu gətirtdi, məsələ yoluna qoyuldu…
Heç demə, onda hamiləliyin başlandığını görən sançastın həkimi təcili tədbir görülməsi üçün rəisi xəbərdar etmişdir. Yubanmadan ona narkoz iynəsi vurulub, qinekoloq həkim gətirilib, mini abort edilibmiş…
Nahidə ona edilən növbəti haqsızlıqdan dəhşətə gəldi. Gücü gəldikcə bağırmaq, etirazın bildirmək istədi. Ancaq qımıldanmağa belə gücü yox idi. Nifrətdən başının üstündə durmuş Fainaya baxa bilmədi, gözlərini yumdu. Örtülü göz qapaqlarından yanaqlarına yaş süzüldü.
– Sevinc göz yaşlarıdır, – Faina arsızcasına dişlərini ağardıb kənarda dayanmış tibb bacısına pıçıldadı. Ardınca amiranə səslə Nahidəyə səsləndi:
– Nadya, bax ha, bir kəlmə hardasa ağzından söz çıxarmayasan. Burada oldu, burada da bitdi. Danışsan, ziyanını görərsən. İkinci iynə ilə həyatını da itirə bilərsən. Anladınmı?..
Sonra, cavab gözləmədən sançast otağını tərk etdi…