Lalə Həmidli
Hələ çox gənc idim- həyat dolu. Bütün arzularım, xəyallarım hələ qabaqda idi. Bəlkə də uşaq xəyalları ilə həyatın çətinliklərindən, insanın seçimlərinin onu hara aparmasından bixəbər idim. İndi bu yaşda gəncliyimə baxanda nə qədər səhv qərarlar verdiyimi görürəm. Amma nə fayda? Olan olub, keçən keçib. Saçlarıma artıq ağlar düşüb. “İndi vaxtı deyil, bəs uşaqlarım necə olsun, ətraf nə deyər? Axı arxamda duracaq atam, qardaşım yoxdur”,- deyə -deyə gəlib ahıl yaşıma çatmışam. Verəcəyim qərarın isə heç bir mənası yoxdur artıq…
Mən onu tanıyanda böyük uğurları olan təhsilli, cəmiyyətdə artıq tanınan biri idim. Amma sevgiyə və qayğıya çox ehtiyacım vardı. Uşaqlıqdan ata sevgisi görmədən böyümüşdüm. Bütün meylimi təhsilə salmışdım. Ancaq oxuyub böyük insan olmaq istəyirdim. Psixoloqum deyir ki, bu istək, əslində, atama özümü təsdiq etmək istəyi olub. Çünki atam anamı təhsili olmadığı üçün həmişə əzirdi, alçaldırdı. Mən atamın anamı əzizlədiyini, sevgi göstərdiyini heç vaxt görməmişəm. Onunla tanışlığım da elə uşaqlığımın yaraları ucbatından oldu.
Artıq 3 ildir terapiya alıram. Hələ də yaralarım sağalmayıb. Hələ də evdə rahat uzanıb istirahət edə bilmirəm. Elə bilirəm indi evə girib üstümə qışqıracaq: “Nə uzanmısan işin, gücün yoxdur? Dur yeməyimi hazırla. Deyəsən, çırpılmaq vaxtın çatıb…”
Çox çətin idi onsuz yaşamaq… İlahi, insan da zülmə vərdiş edərmiş. Bəlkə də mən 25 il çəkdiyim bu zülmü artıq qəbul etmişdim. Bəlkə də bu mənim normalım olmuşdu. Amma terapiyalar müddətində öyrəndim ki, psixopat narsistlə yaşayan hər kəs bu duyğunu yaşayır. Çünki mənim kimi qadınlar qurbanı oynayırlar. Çünki mənim kimi qadınlar öz həyatları üzərində məsuliyyəti əllərinə almaqdan qorxurlar. Əslində, sən demə, bu yaşamaq uğrunda mübarizə üsulu imiş.
Psixoterapevtim mənə bunu belə izah etdi ki, uşaqlıqda anamın necə döyüldüyünə, əzildiyinə şahid olmuşam. Anam tam əzilib alçalandan sonra atam ondan əl çəkirdi və artıq döymürdü. Mən də uşaq vaxtı bunu görmüşəm və ancaq qurban olsam, sağ qalacam qərarına gəlmişəm….
Bilmirəm bu nə qədər belədir, amma göründüyü qədər, bəli, mən bu qərarı vermişəm. Ona görə də seçdiyim insanın qurbanı olmuşam.
Günbəgün həyat eşqimin söndüyünü görürdüm. Amma bir çarə tapa bilmirdim. Mən artıq 3 uşaq anası, səhərdən axşama kimi özünü hamıya təsdiq etməyə çalışan qadına çevrilmişdim. Artıq məndən məndən heçnə qalmamışdı. Günlərim qorxu, səksəkə içərisində idi. Hər saniyə düşünürdüm ki, sözlərimi necə seçim ki, evdə dava düşməsin. Hər sözdən sonra mənim dediklərimə mütləq bir məna verirdi. Sonra isə olanlar olurdu. Yenə üzüm, gözüm, bədənim göyərirdi. Qəribəsi bilirsiz nədir? O məni döyəndən, alçaldandan sonra gəlib üzr istəyirdi. Mən isə həmişə ona inanırdım. Deyirdim ki, “özündən asılı deyil, əslində, yaxşı insandır, nə vaxtsa düzələcək”. Amma düzəlmədi. Seanslar zamanı bildim ki, psixopat narsistlər cəmiyyətdə nüfuzlarına söz gəlməsini istəmirlər. Ona görə də cəmiyyətdə özlərini çox da normal aparırlarmış. Amma çöldə yığdıqları bütün aqressiyanı gətirib ailədə seçdiyi qurbanından çıxırlarmış.
Qızım böyüyürdü, ən çox da bu vəziyyətdən o, əziyyət çəkirdi. Hər gün mənə “ana gəl bu evdən gedək“- deyə yalvarırdı. Mən isə getmirdim. Çünki- psixoterapevtin dediyi kimi- mən məsuliyyətimi qəbul etməkdən qorxan biri idim. Bacardıqlarımı, tək də yaşaya biləcəyimi, övladlarıma tək də baxa biləcəyimi çoxdan unutmuşdum.Və ən əsası, o, həmişə məni qorxudurdu: “Getsən, səni harda olsa tapəb öldürəcəm”.
Mən nə edə bilərdim axı? Hər gün arvadını öldürən insanları görürdüm. Qorxurdum. Bəlkə də qorxaq idim.
Hərəkətlərimi belə itirmişdim. Evdən çölə çıxanda hara baxacağımı bilmirdim. Çünki hara baxsam, mütləq “Hara baxırsan?”- deyib, məni təhdid edirdi. Həyacandan nə edəcəyimi də bilmirdim. Sonra da mənə bu hərəkətlərimə görə axmaq, key, xəstə adı verirdi. Həmişə günahkar mən idim. Cavab versəm, “Sən kimsən, mənə cavab vermirsən?”-, cavab verməsəm, “Qudurmusan, adam saymırsan”,- deyirdi. Mən nə edəcəyimi artıq illərdir, bilmirdim. Uşaqlarım da travmayla böyüdü. Və günlərin bir günü sadəcə o olmadı. Elə bil, bu həyatda belə insan olmamışdı.
Bəs mən? Əlimi ayağımı sındırıb getdi. İndi əlsiz, ayağsız neyləyəcəkdim? Uşaqlarım böyük idi, mən isə qəfəsdən çıxmış kimi idim. Nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. O, yox idi, amma qorxusu ürəyimdə idi. Evdən çıxanda yenə də qorxurdum. Elə bilirdim zəng vurub yenə qışqıracaq: “Hansı cəhənnəmdə qalmısan?” Keçmirdi həyəcan. Və beləcə mənə panik atak diaqnozu qoyuldu- 52 yaş.
Bu yaşda indi panik atak diaqnozu ilə müalicə aldım. Lalə xanım mənə dedi ki, bu illərin yığılmış, üzə vura bilmədiyiniz emosiyalarınızdır. Artıq bu emosiyaları göstərə bilərsiz, çünki artıq o yoxdur. Amma beynim hələ də ölüm qorxumla yaşamaq eşqim arasında ilişib qalıb deyə panik atak başlayıb. Təşvişimin bitməsi üçün gərək bütün yaşantılarıma münasibəti dəyişim. Artıq 3 ildir və mən həyatımın ahıl yaşına addımlayıram. Bilmirəm bundan sonra necə olacam. Amma bir şeyi bilirəm ki, bir ömür vaxtında verilməyən qərara görə boşa getdi…