.....

.....

Leyla – Paşayeva Simuzər

Leyla – Paşayeva Simuzər

Leyla

Qarlı bir qış gecəsi idi. Hər tərəf buz bağlamış, qar hər yeri öz bəyaz örpəyi altına almışdı. Şəhərdə heç kim görünmürdü. Bir az keçmişdi ki, ayaq səsləri eşidildi. Bu, Leyla idi. Bəli, düz eşitdin, gələn Leyla idi. Onun insanın ağlını başından alan dəniz mavisi gözləri soyuqdan elə qıyılmışdı ki, qarşısını belə görə bilmirdi. Bir tərəfdən isə donmuş zərif əllərini nəfəsi ilə isitməyə çalışırdı. Onu belə bitkin halda görəndə çox narahat oldum. Yaxınlaşıb haradan gəldiyini və ya bu vaxtı haraya getdiyini soruşmaq istəyirdim, amma elə bil kimsə qolumdan tutub geri çəkirdi. Bəlkə də məni tutub geri çəkən keçmişin məndə buraxdığı qorxu idi. Əslində, bu qorxunun da əsl səbəbi var idi…
Mən məktəb illərindən Leylaya çox böyük məhəbbət bəsləyirdim. Əvvəllər bunu dilə gətirə bilməsəm də, zaman keçdikcə bunu ona da bildirməyimin doğru olacağı qərarına gəldim. Tənəffüs idi. Leyla öz rəfiqələrilə oturub şirin-şirin söhbət edirdi. Mən isə ağlımda ona necə yaxınlaşacağım haqqında fikirlər qururdum. Birdən özümdə cəsarəti tapıb ona tərəf yaxınlaşdım. Titrək bir səslə:

– L…Le…Leyla, səni olar? – deyə soruşdum.
– Buyur, Şahin, nə olub? Nəsə problemin var? Son vaxtlar səni çox narahat görürəm.
Elə Leyla bu cümləni bitirmişdi ki, ani bir halda ona onu sevdiyimi dedim. Leyla bir müddət donmuş vəziyyətdə susdu.
Sonra çətinliklə soruşdu:
– Necə? Şahin, bu həqiqətdir?
“Bəli” deməyə çalışırdım ki, Leyla buna şərait belə yaratmayıb qəribə halda “Yox! Yox! Bu, həqiqət ola bilməz!” deyərək yanımdan uzaqlaşdı.
Hər gün onun mənə nə səbəbə elə davrandığı haqqında fikirləşirdim. Leyla həmin gündən sonra bir də heç vaxt mənə əvvəlki kimi yaxın olmadı. Mən zaman keçdikcə ona daha böyük məhəbbətlə bağlanırdım. O isə məndən hər gün daha da uzaqlaşırdı. Mən hələ də ümidlə gözləyirdim. Bəlkə bir gün… Bəlkə bir gün…
Bir neçə il keçmişdi, artıq biz məktəbi bitirirdik. Məzun olmağımıza son bir neçə gün qalmışdı. Bu məndə çox böyük qorxu yaratmışdı, çünki bir daha Leylanı görə bilməyəcəkdim. O məndən uzaq gəzsə də, onu məktəbdə hər gördüyümdə özümdən asılı olmayaraq üzümdə xoş bir təbəssüm yaranırdı. İndi artıq o təbəssüm də olmayacaqdı. Bunu fikirləşdikcə gözümdən süzülən yaş yanağımı isladırdı…
Bəli, bu, həqiqət idi. Mən həm Leylanı, həm də onun məndə yaratdığı təbəssümü itirirdim. Bəlkə də çoxdan itirmişdim…
Vaxt gəldi, çatdı və biz məzun olduq. Hər kəs üçün yeni bir həyat başlayır və yeni səhifələr açılırdı. Bir tək mən keçmişimə bağlı qalmışdım, çünki mənim “Leyla” adlı tamamlaya bilmədiyim bir hekayəm var idi.
Xeyli müddətdən sonra dostlarımla bir araya gəldik. Məktəb illərindən danışırdıq. “Məktəb illəri” dedikdə də ağlıma ilk Leyla gəlirdi. Amma ona qarşı olan məhəbbətimdən dostlarımın heç biri xəbərdar deyildi. Onlardan biri bu gün sinif qızlarının hamısının bir yerdə olacağını bildirdi. Mən təəccüblə səbəbini soruşduqda “Sənin xəbərin yoxmu?” – deyə cavab verdilər. Titrək bir səslə: “Nədən xəbərim yoxdur?” – deyə dilləndim. “Bu gün Leylanın toyudur”,- deyə Azər cavab verdi. Bu sözü eşitdikdə elə bil dünyam başıma yıxıldı. Dizlərim tutuldu. Nitqim qurudu. Nə deyəcəyimi, nə edəcəyimi bilmədim. Bir bəhanə ilə oradan uzaqlaşıb, özümü çölə atdım. Ayaqlarımın məni haraya apardığından belə xəbərsiz idim. Heç özüm də bilmədən bir də baxdım ki, onların küçəsindəyəm. Gördüm… Bəli, onu gördüm… Gəlinlik çox gözəl yaraşmışdı, üzündə məsum bir təbəssüm vardı. Bununla yanaşı, ağlımı başımdan alan o dəniz mavisi gözlərinin içi gülürdü. Mən isə gözlərimin yaşını silə-silə onu izləyirdim. Sonra sakitcə oradan uzaqlaşdım.
O gündən sonra yalnız bir təsəllim oldu – onun xoşbəxt olması. Ta ki onu bu vəziyyətdə görənədək…
İndi sizə həmin qarlı gecədən danışım. Düzdür, ilk anda ona yaxınlaşa bilmədim. Sonra qərara gəldim ki, onu gedəcəyi yerədək izləyim. O, iri addımlarla hərəkət edirdi, mən isə ona görünmədən onu izləməyə davam edirdim. Bir az getmişdi ki, qəfildən arxaya dönərək:

– Burada nə işin var, Şahin? – deyə soruşdu.
Axı bunu necə bilmişdi, hələ də dərk edə bilmirdim. Mən ona görünməməyə çalışmışdım. Elə bunu fikirləşirdim ki, yenidən soruşdu:

– Şahin, səninlə deyiləmmi? Burada nə işin var? Yoxsa məni izləyirsən?
Nə deyəcəyimi bilmədim, amma sonra düzünü deməyi qərara aldım. Titrək bir səslə:

– Bəli, səni izləyirdim. Gecə vaxtı bu qarlı havada səni gördükdə çox narahat oldum. Səbəbini soruşmağa çəkindim. Onun üçün ardınca gəlirdim. Fikirləşdim ki, bu yolla səbəbini öyrənə bilərəm. Səhvim oldusa, bağışla.
Bunu demişdim ki, o hönkür-hönkür ağlamağa başladı. Onun ağladığını gördükcə elə bil kimsə ürəyimə dəfələrlə zərbə vururdu. Sakitləşməyini istəyərək: – Niyə ağlayırsan, Leyla?, – deyə soruşdum. O isə utanıb, başını aşağı saldı. Yoldaşının ona əl qaldırdığını, bu da azmış kimi gecənin yarısında çölə atdığını dedi. Mən nə deyəcəyimi bilmədim. Nitqim tutuldu. Elə bil bütün sözlərim boğazımda düyünlənib qalmışdı. İç səsimlə öz-özümə deyirdim: “Mən onu xoşbəxt bilirdim, axı mən onu son görəndə onun gözlərinin içi gülürdü. İndi isə tam əksi idi – nə Leyladan, nə də o gözlərdən əsər-əlamət qalmamışdı. Bu necə ola bilərdi? Bir insan az bir müddətdə bu qədər qocala bilərdimi?” Bəli, qocalarmış, buna Leyla və özümdə şahid oldum. Məni qocaldan səbəbi soruşsanız, “Leylaya olan məhəbbətim” deyərdim.
Heç belə olacağı ağlımdan belə keçməzdi. Onu atasıgilə gətirdim. Yolda gələrkən Leyladan onu izləyənin mən olduğunu necə bildiyini soruşdum. Leyla gözləri dolaraq dedi:

– Mən səni yerişindən tanıyacaq qədər çox sevmişdim.
Bu sözü eşidəndə donmuş halda bir neçə dəqiqə susdum. Sonra:

– Necə?! Sən məni? – çaşqınlıqla soruşdum. Sonra əlavə etdim:

– Axı mən görmüşdüm, sən çox xoşbəxt idin. Bu necə ola bilər?
Leyla gülümsəyərək cavab verdi:

– Mən heç vaxt xoşbəxt deyildim.
Leyla bunu demişdi ki, gözlərimdən yaş yanağıma doğru süzülməyə başladı:

– Bəs toy günü? Sevincdən gözlərinin içi gülürdü. Bu da yalan idi?
Leyla cavabında dedi:
-Yox, Şahin, heç nə göründüyü kimi deyildi. Mən sənin gəldiyini görmüşdüm. Onun üçün xoşbəxt kimi davranırdım. Səni xoşbəxt olmağıma inandırmaq istəyirdim.

– Niyə? Axı niyə? Günahım nə idi? Sevmək? – deyə soruşduqda Leyla cavab verdi:

– Yox! Yox, Şahin! Ailəmin istəyi o idi. Mən məcbur idim… Mənə əvvəldən səndən uzaq olmağım deyilmişdi. Məni bağışla…
Bunu deyib Leyla tələm-tələsik evlərinə daxil oldu. Beləliklə, mən Leylanın mənə qarşı olan davranışının əsl səbəbini anlaya bilmişdim.
Evə qayıdarkən çox fikirləşdim. Hər kəsin bir qisməti olduğunu və o qismətdən qaça bilmədiyini dərk elədim. Nə bilərdim ki, məni qocaldan dərdin məhəbbət hissi olduğu kimi Leylanı da qocaldan dərd məhəbbət hissi imiş. Həm də indiyə kimi deyə bilmədiyi məhəbbət. Və mən heç vaxt o yarımçıq qalmış Leyla hekayəmi tamamlaya bilmədim. Əslində, bu hekayə təkcə mənim yox, həm də Leylanın yarım qalmış hekayəsi idi…