Mənə Tanrının ölüm xəbərini gətirmə…
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir.
Vücudumuzda ümidin harada yerləsdiyini də bilmirik. Əgər o bir nursa bəlkə elə gözlərimizdə yerləsir.
Vicdan, sevgi, mərhəmət və s.kimi nəsnələr də var ki, insanlar ürəkdə yerləşdiyini zənn edərlər.
Lakin ümid o nəsnələrdən fərqli. Çünki o bir gözləntidir.
Arzularının gerçəkləşməsini ümidlə gözləmək…
Uzaqlarda olan doğmanı ümidlə gözləmək…
Ağrı-acının bitəcəyini ümidlə gözləmək…
Sevirsənsə sevdiyinə qovuşacağın günü ümidlə gözləmək…
Gözləmək…gözləmək…gözləmək…
Budurmu ÜMİD?..
Ümid əgər gözləntidən ibarətsənsə niyə mənim daxilimdə sıxışıb qalmısan?..
Sən artıq bu gündən özgürsən.
Qanadların varsa ruhumu da qanadlarına alıb göy üzünə apar.
Orası daha aydın, daha təmiz.
Bir az da insanlardan uzaq yaşa.
Ümid görünməyəni görür, duyulmayanı duyur və mümkün olmayanları edir.- demişlər.
Elə isə göylərə pərvazlan.
Bizdən Tanrıya xəbər apar.
Artıq insanlar yorulub de.
Onu görmək istədiyimizi de…
Bizi duysun , eşitsin de…
Yolunu gözləyəcəm.
Geri döndüyündə mənə Tanrının ölüm xəbərini gətirmə.
Axı sən Ümidsən…
Uşaqkən xəyalını qurduğumuz insan ola bildikmi?..
Bəzi hekayələr göründüyündən daha köhnədir.
Bəzi yaralar göründüyündən daha dərindir.
Bəzi insanlar göründüyündən daha fərqlidir.
Amma kimsələrin vaxtı, həvəsi yox kimisə dinləməyə, durub incə nəsnələri anlamağa.
Artıq kimsə “niyə,” “nədən” deyə sormur.
Hər kəs yaşıllıqda bitən ot kimi yaşamağı tərcih edir.
Artiq yaxşımı, pismi, adilmi, deyilmi deyə soran yoxdur.
Ruhları olmayan robotlar kimidi insanlar.
Halbuki insanlar haqqında daha fərqli düşünürdüm.
Və…
İllərlə bir gün fərqli insanların birindən olacağam deyə xəyallar quraraq yaşadım.
Böyüyüncə uşaqkən xəyalını qurduğumuz insan ola bildikmi?..
Mən ola bilmədim…
Ölüm olmasaydı həyat bütün gözəlliyini itirərdi.
Həyat eşqi ilə ölüm qorxusu əkizdir- demişlər.
Nə qədər yaşamaq eşqi varsa ürəyimizdə o qədər də ölüm qorxusu var.
Bəzən dünyanın gözümüzü qamaşdıran gözəlliklərinə o qədər aludə oluruq ki, gələcək naminə o qədər əlləşib-vuruşuruq ki, uğruna savaşdığımız həyatın son ucunda bizi ölümün gözlədiyini unuduruq.
Ölüm olmasaydı həyat bütün gözəlliyini itirərdi. İnsan öləcəyini bildiyi üçün, həyatın ona müvəqqəti verildiyini dərk etdiyi üçün hər bir nəsnəni yaşamağa tələsir. Yaşaya bilmədikləri üçün isə “yenidən yaşamaq mümkün olsaydı”- deyərək, bu düşüncəni ölənə qədər beynində daşıyır.
Hamı hər kəsin sağ qalmayacağını bilir, amma öz öləcəyinə inanmaq istəmir.
Hər kəs öz öləcəyinə azacıq da olsa inanmış olsaydı anın belə dəyərini bilərdi.
Çünki həyat çox sürətlidir, hərəkətlidir, sabit deyil.
Dünyada baş verən müharibələr, insanların səsizliyi, içimizi bürüyən ölüm qorxusu, qəlbimizin hər çırpıntısı bizə əcəlin ayaq səsini xatırladır.
Hamı qorxur, hamı təlaş içində…
Çoxuna yeni görünən ölüm isə təzə gəlin kimi nazlanır.
Qurani-Kərimdə yazılmış: “Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə ölüm sizi haqlayacaq.”
Yaşamağı bacara bilməyən insan ölümdən qorxar. Qorxunun qulu olmaq isə köləliyin ən dəhşətli növüdür.
Qorxmağa ehtiyac yoxdur, ehtiyac olunan nəsnə ehtiyatlı olmaqdır.
Bu qədər bir-birimizə oxşamağa gərək yox.
Hər şeydə fərqlilik olsun istərəm. Heç kimə bənzəmək istəmərəm.
Yazdığım cümlənin, şeirin, söyləyəcəyim sözün, düşüncənin, hər şeyin fərqli olmasını istərəm.
Əgər fərqlilik yoxsa sıradansan…
Səs tonun, xarakterin, fikirlərin, hətta sevdiyin adam belə yüzlərlə insanın arasından seçilirsə deməli, fərqlisən.
Mütləq fərqlilik olmalı…
Bu lap məni dəli edə biləcək fərqlilik olsa belə, olsun. Çünki yeniliklər insan həyatının nəşəsidir.
Həyatı olduğu kimi qəbul edənlər, heç zaman fərqlilik yaratmağa can atmayanlar həyata əsir olanlardır.
İnsanlar anlamalı ki, həyata əsir olanlar deyil, hakim olmağı bacaranlar xoşbəxt ola bilər.
Yeniliklər, fərqliliklər olmalı, daha çox düşüncələrdə.
Lakin bu fərqliliklər, yeniliklər hər kəsin anlayacağı, gördüyünüz işlər isə dərrakə və bacarığınızın aşkar edilə biləcəyi şəkildə olmalıdır.
Yeniliklərdən, fərqliliklərdən qorxmayaq.
Bu qədər bir-birimizə oxşamağa gərək yox!
Ümidin rəngi olurmu?
Ümid ruhun gəncliyidir.
Ümidlərini daim mühafizə edən adam nə qədər yaşa dolsa da, qocalmaz.
Ömrü uzadan da, insanı yaşadan da ümiddir.
Ümidin rəngi olurmu ?..
Bəlkə də hər kəsin ümidi yaşadığı həyatın rəngindədir.
Mən isə ümidimin hansı rəngdə olduğunu bilməsəmdə ,
amma rəngini bilmədiyim bir ümidim oldu içimdə.
Bəzən deyirik ki, içinizdəki uşağı ölməyə qoymayın.
Bəlkə də elə o uşaqdır ümidimiz, kim bilir…
Çünki mən nə zaman ümidsizliyə qapılsam daima içimdəki saçları dağınıq o qız uşağına sarıldım.