.....

.....

Mənim erməni oğlum – Akşin Xəyal (roman, 2-ci hissə)

Mənim erməni oğlum – Akşin Xəyal (roman, 2-ci hissə)

Mənim erməni oğlum (2-ci hissə)

Səhər bizi Əsgərana gətirdilər. Maşından düşəndə ətrafa göz gəzdirdim. Bir həyət evinin həyətindəydik. İki mərtəbəli hündür bir ev idi. Həyəti çox böyük idi və hündür də daş hasarla əhatə olunmuşdu. Hasarın üstündə tikanlı məftillər çəkilmişdi. Bizi evin arxa tərəfinə apardılar. Cəmi on-on beş nəfər qalmışdıq. Bəzilərini üzdən tanıyırdım, bizdən aşağı məhəllədə qalanlar vardı, dükanda işləyən iki satıcı qadın vardı. Yaxın tanıdığım bircə ədəbiyyat müəlliməmiz Gülnar müəllimə idi. Gülnar müəllimənin iyirmi yeddi yaşı vardı. Yeni ailə qurmuşdu, heç bir il deyildi. Əri dəbizim məktəbdə idman müəllimi işləyirdi. Məndə ədəbiyyata vurğunluğu elə Gülnar müəllimə yaratmışdı. Ədəbiyyatı sevdiyim qədər də elə Gülnar müəlliməni sevirdim. Anam, əmim və qardaşım gözümün qabağında öldürüləndən sonra tək yaxınım o qalmışdı. Bütün yol boyu maşında onun əlini buraxmadım. Elə indi də onun əlindən tutaraq evin arxasına tərəf gedirdik.

Evin arxasına keçəndə dəhşətə gəldim. Doğranmış meyidlər, kəsilmiş başlar, ağaclardan asılmış insanlar… Torpaq isə üzərinə axıdılmış qandan rəngini dəyişmişdi.

Bir neçə kişi əlləri arxadan bağlanaraq üzü üstə uzadılmışdı. Tərpənmələrindən sağ olduqları bilinirdi. Bizi ətrafı setkalanmış bir yerə salıb qapısını qıfılladılar. Samvel yerdə uzadılmış əsirləri bir-bir təpikləyib uca səslə:

− Qalxın görüm bu qadınların içində hansınızın qızınız, arvadınız, bacınız, qohumunuz var! – dedi.

Əsirlər ayağa qalxanda birinin atam olduğunu gördüm. Saqqalı uzanmış, gözlərinin altı şişib göyərmiş, ağzı, burnu qan içindəydi. Atama yazığım gəldi. Döyülməkdən ayaq üstə durmağa taqəti də qalmamışdı. Ani göz-gözə gəldik və elə o an gözüylə mənə sakit durmamı işarə elədi. Əsirin birini o qədər döyüb, əziyyət vermişdilər ki, tərpənməyə belə taqəti yox idi. Ermənilərdən biri öz dillərində nəsə deyə-deyə onu saçından tutaraq qaldırdı. Üzünü görəndə bədənimə sanki cərəyan buraxdılar. Dizlərim qatlandı. Yıxılmamaq üçün bir əlimlə setkadan, bir əlimlə Gülnar müəllimədən yapışdım. İçimdən bir hıçqırtı gəldi, “Sadiq” deyə bağırmaq istədim. Boğuldum, səsim boğazımda xırıldadı. Mənim Sadiqim, mənim ilk və tək sevgim, gələcək xəyallarımın qurucusu. Səni bu vəziyyətdə görməkdənsə, kaş ölərdim. Sadiqin sifəti elə vəziyyətdə idi ki, bəlkə də, heç məni görmürdü. Üzü döyülməkdən o qədər şişmişdi ki, gözləri belə açılmırdı. Samvel onun saçından yapışmış əsgərə rus dilində:

− O artıq nəfəs alan bir ölüdür, güllələyin getsin, – deyə əmr etdi.

Əsgər Sadiqin saçını buraxan kimi Sadiq üzü üstə yerə yıxıldı. Əsgər isə əlindəki avtomatın lüləsini onun başına söykədi.

− Yox…! − deyə qışqırdım. – Dəyməyin ona. Məni öldürün, amma ona dəyməyin, – ağlayaraq yalvarmağa başladım.

Əsgər mənə baxaraq kinayəli-kinayəli gülərək tətiyi çəkdi. Qan Sadiqin başından onun üzünə fışqırdı. Qışqıraraq irəli qaçıb dizi üstə oturaraq barmaqlarımı setkaya keçirib səsim gəldikcə qışqırıb ağlayırdım. Atamın da burda olduğunun heç fərqində deyildim.

− Bu gözəlçəni gətirin onun meyidinin üstündə zorlayın! – yenə Samvel rus dilində əmr verdi.

İki əsgər qıfılı açaraq içəri girib qollarımdan yapışaraq məni ayağa qaldırdılar və qapıya tərəf dartdılar. Bu vaxt Gülnar müəllimə arxadan cumaraq əsgərləri yumruqlamağa başladı:

− Buraxın uşağı, əclaflar! Buraxın onu, o hələ uşaqdır! Əsgərin biri çevrilərək onun sifətinə bir yumruq ilişdirdi. Zərbədən Gülnar müəllimə bir neçə addım geriyə yıxılıb, üzünü ovucları arasına aldı. Samvel məni buraxıb onu gətirmələrini əmr etdi. Məni setkanın bir küncünə tullayıb, Gülnar müəllimənin qollarından tutaraq sürüyüb apardılar. Onu yerə uzadaraq biri qollarını tutdu, digəri içlərində hamısından yaşlı görünən kök, saqqalı bir erməni əsgəri isə onun paltarının sinəsini cıraraq, donunu yuxarı qaldırıb alt paltarını çıxardı və zorlamağa başladı. İyrənc qəhqəhələrlə gülərək dörd ya beş erməni əsgəri onu növbəylə zorlayırdılar. Döşlərini o qədər dişləmişdilər ki, qanı axırdı. Zorlayandan sonra təbii ehtiyaclarını onun ağzına, üzünə boşaltdılar. Çəkdikləri siqaretləri sinəsində, budlarında söndürdülər. Sonra müəlliməni sürüyərək gətirib mənim yanımda yerə atdılar. Məni aparmaq istəyirdilər ki, Samvel: “O mənimdir, ona dəyməyin”, − deyə qışqırdı. Öz dillərində dodaqlarının altında nə isə mızıldanaraq çölə çıxdılar.

Kişi əsirləri diz üstə oturdaraq onlara “Qarabağ ermənilərindir” deməklərini əmr etdilər. Digər iki əsir atamdan yaşca çox cavan idi və görünür, çox qorxurdular. Onlar hər ikisi ermənilərin dediklərini təkrarladılar. Samvel erməni dilində əsgərlərə nəsə dedi, onlar isə həmin əsirləri qaldıraraq harasa apardılar. Növbə atama çatmışdı. Samvel onun başının üstündə duraraq ona da “Qarabağ ermənilərindir” deməsini əmr etdi. Atam isə cavabında onun anasını söydü. Samvel atamın sifətinə necə təpik vurdusa atam arxası üstə yuvarlanaraq yerə sərildi. Bir erməni əsgəri onu qaldıraraq yenə diz üstə oturtdu. Samvel yaxılaşaraq yenə ona “Qarabağ ermənilərindir” deməsini əmr etdi. Yenə söyüş vəyenə atamın sifətinə dəyən təpik. Daha dayana bilmədim “Ata” deyərək qışqırıb qaçıb özümü atamın üstünə atdım. Atamı qucaqlayıb başımı sinəsinə qoyaraq hönkürdüm. Samvel saçımdan tutaraq məni geri çəkdi. Rus və azərbaycandilində söyüşlər yağdıraraq qarnıma bir təpik vurdu. Sancıdan qıvrılaraq yerə uzandım. Samvel atamı saçından tutaraq dizi üstə qaldırıb kəmərindəki süngü bıçağını çıxararaq onun boğazına dirəyib:

− Sənə yaşamaq üçün son şans verirəm, denən “Qarabağ ermənilərindir”, – dedi.

Atam bu dəfə bütün ermənilərin anasını söydü. Artıq hər şey məlum idi, atamın başını kəsəcəkdi. Qarnımdakı ağrını unudaraq yerimdən qalxıb atama tərəf qaçmaq istəyirdim ki, gicgahımdan dəyən zərbədən huşumu itirərək yerə yıxıldım. Özümə gələndə erməni əsgərləri atamın başını top kimi təpiklə vuraraq bir-birilərinə atırdılar. Sürünə-sürünə atamın başsız bədəninə yaxınlaşdım. Başımı sinəsinə qoyaraq qoxusunu doyunca çəkdim içimə və yenə də huşumu itirdim.

Ayıldıqda yarıqaranlıq bir yerdəydim. Mal təzəyi- nin iyi gəlirdi içəridən. Yerə saman döşənmişdi. Çox güman ki, bura əvvəllər tövlə olmuşdu. Gözüm qaranlığa alışana qədər gözlədim, sonra ətrafa göz gəzdirdim. İçəri- də məndən başqa 50-60 nəfər də vardı. Hamısı da qız, gəlin, qadınlar. Üzbəüz divarda çox hündürdə balaca bir pəncərə vardı, əgər pəncərə demək olardısa ona. Oradan içəri sızqa ay işığı süzülürdü. Və çox güman ki, o pəncərə olmasaydı içəridəkilər hamısı havasızlıqdan boğulardı. Qalxıb kürəyimi divara söykəyərək oturdum. Yanımda biri uzanmışdı və zarıyırdı. Üzü üstə uzandığından sifəti samana dirənmişdi deyə nəfəsini güclə alıb verirdi. Ehtiyatla çiynindən tutub arxası üstə çevirdikdə onun Gülnar müəllimə olduğunu gördüm. Başını qaldırıb dizimin üstünə qoydum. Üzünə dağılmış saçlarını yana çəkdim. Gözlərini açıb üzümə baxıb:

− Elnurə, – deyə zarıdı.
− Burdayam, müəllimə, – deyib saçlarını sığalladım.

Qucağımda tir-tir əsirdi. Əlimi yerə sürtüb pencəyini tapıb üstünə atdım. Əlimi atıb əlindən tutmaq istəyirdim ki, əlində əlimə nəsə soyuq bir şey dəydi. Yaxınlaşdırıb baxdım, süngü bıçağı idi. Yavaşca qulağına əyilib:

− Müəllimə, bu nədir? – pıçıldadım.

− Məni içəri sürüyən əsgərin kəmərindən çıxardım, xəbəri olmadan. Bir daha mənə toxunarlarsa özümü müdafiə etmək üçün, – dedi və bıçağı məndən alaraq o biri əlinə ötürüb sinəsinə sıxdı.

Bir az sonra nəfəs almasından hiss etdim ki, yuxuya getdi. Mən də başımı divara söykəyərək yatdım.

Balaca pəncərədən gözümə düşən zəif gün işığı məni oyatdı. Səhər açılmışdı. Əllərimi yerə dirəyib qurcunaraq bir az yuxarı dartındım. Gülnar müəllimə hələ yatırdı. İçəri göz gəzdirdim. Oyanan da vardı, hələ yatanda. Hiss elədim ki, ayağım keyiyib. Gülnar müəllimənin başı sanki gecəkinə nisbətən ağırlaşmışdı dizimin üstündə. Çiynindən tutub rahat uzansın deyə başını azca yuxarı bud tərəfimə çəkmək istəyirdim ki, ölmüş adam kimi boynu düşdü. Qorxdum, tez barmağımı burnuna tutdum, nəfəsi gəlmirdi. Cəld üstündəki pencəyi kənara atdım. Bir əlində ucu qanlı süngü bıçağı, digər əlinin isə biləyində damarları doğranmışdı. İndi diqqətlə fikir verdim ki, altımızdakı sarı saman qana boyanıb. Başımı əllərimin içinə alıb dayan- madan dəli kimi qışqırmağa başladım. İçəridəkilər səsimə diksindilər. Bir neçə qadın “Ay qız noldu sənə” − deyərək mənə yaxınlaşdılar. Biri əlimdən tutub dartır, biri saçımı sığallayaraq nəsə deyirdilər. Amma öz səsimdən nə dediklərini anlamırdım. Elə bu an qapı taybatay açıldı. İçəri gün işığıyla bərabər soyuq bir hava doldu. İki erməni əsgəri yaxınlaşaraq məni sakitləşdirməyə çalışan qadınları təpiklə vurub hərəsini bir tərəfə atdılar. Bir neçə an heç nə anlamadan mənə və qucağımda intihar etmiş Gülnar müəlliməyə baxdılar. Onun əlindəki bıçağı və kəsilmiş damarlarını görəndən sonra vəziyyətin nə yerdə olduğunu anlayaraq mənə öz dillərində nəsə qışqırdılar. Mən isə heç nəyə fikir verməyərək hələ də qışqırırdım. Əsgər mənə yenə nəsə dedi və mənim susmadığımı görüb var gücüylə ağzımın üstündən bir yumruq vurdu. Zərbənin təsirindən yerə uzandım. Dodağımda kəskin ağrı hiss edərək bar-maqlarımı dodağıma toxundurdum. Dişim sınaraq alt dodağımı parçalamışdı. Ağzımın qanını köynəyimin qoluna silib, əllərimi yerə dayaq verərək qalxıb oturdum. Erməni əsgərinin biri Gülnar müəllimənin ayaqlarından tutaraq sürüyüb apardı. Bir az sonra qapı yenidən açıldı. Erməni əsgərləri nisbətən yaşlı qadınları qabaqlarına salıb apardılar. İçəridə cəmi altı nəfər gənc qız qaldıq. Günortaya kimi bizi ac, susuz saxladılar. Günorta içəri iki vedrə su qoydular və hərəmizə bir tikə quru çörək verdilər. Çörək o qədər bərk idi ki, dişimiz kəsmədiyindən vedrədəki suda isladıb yedik.

Axşam apardıqları qadınları gətirdilər. Gələnlərin üst-başı çirkli və üfunət qoxuyurdu. Danışdıqlarından öyrəndim ki, onları şəhər kənarında yerləşən bir mal-qoyun fermasında işlətməyə aparıbmışlar.

Kiçik pəncərədən günəş işığının düşmədiyindən və içəridəki havanın nisbətən soyumasından hiss olunurdu ki, gecə çoxdan düşüb. Başımı divara söykəyib mürgüləməyə çalışırdım ki, qapı açıldı və iki erməni əsgəri əllərində fənər içəri girdi. Biri fənərin işığını bir-bir hamının üzündə gəzdirib, mənim üzümdə saxladı. Yanındakı əsgərə məni göstərərək nəsə dedi və məni qollarımdan tutaraq ayağa qaldırıb çölə çıxardılar. Düşündüm ki, yəqin, məni öz əsirləri ilə dəyişməyə aparırlar. Amma məni darvazaya tərəf deyil, evə tərəf apardıqlarını görəndə yanıldığımı anladım. Uzun bir dəhlizdən keçərək dəhlizin sonundan sola burulub bir otağın qarşısında dayandıq. Əsgərlərdən biri cibindən açar çıxarıb qapını açıb məni içəri itələdi və qapını çöldən üzümə bağladı. İçəri qaranlıq olduğundan heç nə görə bilmirdim. Döşəmənin üstündə oturub həyəcanla başıma nə gələcəyini düşünürdüm. Təxminən yarım saata kimi belə oturub başıma gələnləri əmimin, anamın, qardaşımın dəhşətli ölümünü, Sadiqimin güllələnməsini, atamın başının kəsilməsini, Gülnar müəllimənin gözümün önündə növbəylə zorlanmasını və qucağımdakı cansız bədənini düşündüm. Dəhlizdən gələn ayaq səsləri məni fikirdən ayıltdı. Getdikcə yaxınlaşan ayaq səsləri mən olduğum otağın qarşısında dayandı. Açar cingiltisi… Və qapı açıldı. Qaranlıqdan üzünü görə bilmədiyim biri içəri girib işığı yandırdı. Bu Samvel idi. İçəri göz gəzdirdim. Ortada köhnə bir taxta stol və iki stul, küncdə, pəncərənin qabağında dəmir bir çarpayı, çarpa- yının yanında isə kiçik bir taxta şkaf qoyulmuşdu. Çarpayıyla stolun arasında döşəmənin üstündə qurumuş qan ləkələri vardı. Samvel irişə-irişə mənə baxıb gedib çarpayıda oturdu. Çəkmələrini çıxarıb, məni çağıraraq əliylə yanında yer göstərdi. Yerimdən tərpənmədim. Bu dəfə daha sərt və əsəbi bir səslə yanına getməyimi əmr etdi. Yenə də yerimdən tərpənmədim. O, çarpayıdan qalxaraq mənə tərəf gəlib qolumdan tutdu. Qolumdan darta-darta aparıb çarpayının üstünə itələdi. Üzüstə çarpayıya yıxıldım və tez də qalxıb çaprayının baş tərəfinə qısıldım. Dizlərimi sinəmə sıxaraq qucaqlayıb oturdum. Samvel taxta şkafdan iki stəkan və tünd rəngli üstündə erməni dilində yarlığı olan bir şüşə çıxardıb stolun üstünə qoydu. Şüşəni açaraq stəkanlara süzüb, qalxıb stəkanın birini mənə uzadaraq:

− Al, Yerevan konyakıdır, iç ağrıların azalsın, − dedi. İçmək istəmədiyimi deyəndə saçımdan yapışıb məni çarpayıya yıxaraq burnumu tutdu. Nəfəsim kəsiləndə ağzım biixtiyar açıldı. Konyakı güclə mənə içirdi. Konyakın acılığı boğazımı yandıraraq mədəmə bir istilik verdi. Hər özü içdikcə bir stəkan da məcbur mənə içirdirdi. Getdikcə başım gicəllənir, gözlərim qaralmağa başlayırdı. Mədəmdə sanki ocaq qalamışdılar. Otaq başıma fırlandı. Hər şeyi bulanıq görməyə başladım. Ondan sonra baş verənləri yuxu kimi xatırlayıram.

Səs-küy, qışqırıq səslərinə yuxudan oyandım. Amma gözlərimi açmamışdım. Səs həyətdən gəlirdi. Yenə kiməsə işgəncə verir, ya da zorlayırdılar. Yavaş-yavaş gözlərimi açdım. Əsirlərin saxlandığı tövlədə olduğumu zənn etmişdim, amma işıqlı bir otaqda idim. Buranın hara olduğunu yadıma salmağa çalışdım. Başım ağrıdan az qalırdı partlaya. Əllərimlə başımı tutub, gözlərimi yumdum. Xatırlamağa başlayırdım. Dünən məni bu otağa gətirmişdilər. Sonra Samvel gəldi, mənə güclə konyak içirtdi. Sonra… Qəfil lüt olduğumu hiss eləyib gözlərimi açdım. Qalxıb oturmaq istədim ki, qasığımda kəskin bir ağrı hiss elədim. Əllərimi yerə dayaq verib yavaşca qalxıb oturdum. Budlarımın arasında qurumuş qan ləkələri vardı. Zorlanmışdım. Atam yaşında bir kişinin, anamın, qardaşımın, atamın, sevgilimin qatili olan birinin, əzizlərimin qanına batmış əlləriylə məni necə soyundurmasını, piy basmış bədəniylə üstümə uzanaraq məni zorlamasını, onun iyrənc saqqalı sifətini, saralmış dişlərini düşündükcə özümdən, öz bədənimdən iyrəndim və üzüstə çarpayının kənarına uzanıb öyüyərək qusmağa başladım. Qusduqca gecəki konyakın acısı boğazımı yandıraraq ağzıma dolurdu. Onsuz da mədəmdə o konyakdan başqa heç nə yox idi. Öyüdükcə sanki mədəm gəlib boğazıma dirənirdi. Qusub qutarıb elə uzanıqlı vəziyyətdə də dəli kimi qışqıraraq ağlamağa başladım. Göz yaşlarım yaz vaxtı navalçalardan süzülən damcılar kimi döşəməyə tökülürdü. Amma bu göz yaşları doğmalarımın vəhşiliklə qətlə yetirilməsinə görə deyildi. Bu göz yaşları qadın olduğum üçün axırdı. Bəli, mən artıq qadın olmuşdum, həm də on yeddi yaşımda. Qadını olmaq arzusunda olduğum Sadiqimin qatilinin qadını olmuşdum. Sevdiyimin ölümünə doyunca ağlamağa belə fürsətim olmamışkən, sevdiyimin qatilinin qadını olmuşdum.

Qəfil açılan qapı məni fikirdən ayırdı. İki erməni əsgəri içəri daxil oldu. Çılpaq olduğumdan altımdakı əzik, çirkli və qanıma bulaşmış mələfəni dartıb sinəmə tutdum.

Əsgərlərin biri açıq qalmış ayaqlarıma baxıb diliylə dodaqlarını yaladı. Digər əsgər onun fikrini anlayıb əvvəl ona, sonra isə mənə baxıb qımışdı. Canıma qorxu düşdü. Onlar mənə tərəf gəldikcə mən söykəndiyim çarpayının başına daha da qısılırdım. Vəhşi heyvanın şikarına cumduğu kimi ikisi də üstümə cumub, biri biləklərimdən tutaraq başımın üstündə oturdu, digəri isə şalvarını soyunaraq özünü üstümə atdı. Qışqırmaq istədim, ağzımı tutdular. Məni növbəylə zorlayıb, təpiklə vurub çarpayıdan yerə atdılar. Əsgərlərdən biri paltarlarımı götürüb üstümə ataraq öz dilində nəsə dedi. Ağlaya-ağlaya əynimi geyindim. Ayağa qalxmağa taqətim olmadığı üçün qoluma girib məni sürüyərək əsirlərin saxlanıldığı tövləyə gətirdilər. Ağrıdan ikiqat olub qalmışdım. Qarnımı qucaqlayıb ilan kimi yerdə qıvrılırdım.

Beləcə günlər keçirdi. Hər gün gecələr Samvel, səhərlər isə müxtəlif əsgərlər tərəfindən zorlanırdım. Artıq müqavimət göstərməyə də taqətim qalmamışdı. Sadəcə göz yaşları içində həyata nifrət edərək işlərini bitirib nə vaxt məni rahat buraxacaqlarını gözləyirdim.

Bir gün yenə həmişəki kimi gecə Samvel tərəfindən zorlanaraq həmin otaqda səhəri açmışdım. İçəri on, on iki, on beş, on altı yaşlı yeniyetmə daxil olub, növbəylə məni zorlayaraq ən iyrənc hərəkətlərini üstümdə sınaqdan keçirdilər. Sonradan öyrəndim ki, həmin yeniyetmələr məktəbdən qaçaraq qapıda dayanan keşikçi əsgərə pul verib məni bir saatlıq alıblarmış.

Artıq üç ay idi ki, əsirlikdə idim. Bu üç ayda insan təfəkkürünə sığmayan hər cür vəhşiliyi gördüm. Ölümlər, intiharlar, zorlanmalar, insanlarla heyvani davranışlar və sairə. Artıq adiləşmişdi bütün bunlar mənim üçün. Bir damcı qandan qorxan qız indi qanlar içində yatıb, qanlar içində oyanırdım. Son günlər özümdə qəribə dəyişikliklər hiss edirdim, hər şeydən iyrənir, tez-tez ürəyim bulanır, qusurdum. Əlim, ayağım şişməyə başlamışdı. Verilən işgəncələrdən, hər gün dəfələrlə zorlanmalardan, soyuq yerdə yatmaqdan hansısa xəstəliyə tutulduğumu düşünürdüm.

May ayının son günləri idi. Elə bir vəziyyətdə, elə bir şəraitdə idik ki, havadan yaz qoxusu deyil, qan qoxusunu duyurduq. Hərdən məni qadın yaratdığı üçün, hətta insan yaratdığı üçün Allaha üsyan edirdim. Anamı istəyirdim. Başımı qoyam dizlərinə yuxuya gedəm, bu acı həyatdan uzaqlaşam. Qardaşımı istəyirdim. Toppuş yanaqlarından çimdikləyəm, o da mırıq dişləriylə mənə baxıb şirin-şirin gülümsəyə. Atamı istəyirdim. Hər səhər dərsə gedəndə tük basmış yanağından öpəm, o da kobud əlləriylə saçlarıma sığal çəkə. Sadiqi istəyirdim. Əllərindən tutam, saatlarla gözlərinə baxam, o da barmaqlarının arxasıyla xəfifcə yanağıma toxuna. Sevdiklərimin hamısını gözümün qabağında öldürdülər. Məni niyə yaşatdı ki, Allah? Bütün bu acılara, əzablara dözmək üçünmü? Hər gün bu murdar məxluqların oyuncağına çevrilərək şəhvət və ehtiraslarını məndə söndürmələri üçünmü?! Bütün dünyadan, bəşəriyyətdən, insanlıqdan hətta özümdən belə iyrənirdim. Artıq yaşamağa, bütün bu acıları daşımağa gücüm qalmamışdı. Neçə gün idi ki, ölmək üçün yollar axtarırdım. Bu gün səhər Samvelin otağında küncdə stəkan qırığı gördüm, yerimdən qalxdım ki, götürəm, amma gecikdim, qapı açıldı və məni gətirib atdılar bura. Qərarımı vermişdim. Bu gecə o stəkan qırığıyla damarlarımı doğrayıb intihar edəcəkdim. Əsirlikdə olduğum müddətdə ilk dəfəydi ki, içimdə bir sevinc, rahatlıq hissi yaranmışdı. Bu gecə sevdiklərimə qovuşacaqdım. İlk dəfəydi ki, gecənin düşməsini, məni Samvelin otağına aparmalarını səbirsizliklə gözləyirdim.

Tövlənin qapısı zarıltıyla açıldı. Samvel və daha iki erməni əsgəri içəri daxil oldular. Bir neçə saniyə içəri göz gəzdirdilər. Mənə və məndən əlavə daha iki qıza çölə çıxmamızı əmr etdilər. Hər üçümüz onların dalınca çıxdıq çölə. Samvel üzünü bizə tutub:

− Sizi aparırıq dəyişməyə. Güman edirəm ki, orda Erməni xalqının qonaqpərvərliyindən bir ömür danışacaqsız, – deyərək hırıldadı.

Əsgərlər əllərindəki avtomatların arxasıyla kürəyimizdən vuraraq bizi həyətdə dayanmış hərbi yük maşınına tərəf itələdilər. Hər üçümüz maşının yük yerinə qalxıb bir-birimizə qısılaraq oturduq. Qızlar sevinclərindən ağlayaraq əllərini göyə tutub, Allaha şükr edirdilər. Mənim isə şükr edəcək bir halım yox idi. İndi tam olaraq əmin oldum ki, Allah məndən üz döndərib. Bu gecə intihar edəcəkdim, əzizlərimə, sevdiklərimə qovuşacaqdım ki, bunu da Allah mənə çox gördü.

Təmas xəttində bizi Azərbaycan əsgərləri və Qızıl aypara cəmiyyətinin nümayəndələri qarşıladı. Oradan Gəncə şəhərinə gətirib bizi xəstəxanaya yerləşdirdilər. Həkim müayinəsindən sonra mənə hamilə olduğumu dedilər. Bilmədim sevinim, ya kədərlənim. Hamiləyəm, ana olacam, amma kimdən? Hansısa bir ermənidən? Uşağı aldırmağı düşündüm. Hətta abort stoluna kimi getdim də. Amma elə bil ki, içimdən bir səs “etmə” deyirdi. Öz körpəmin qatilinə çevrilmək düşüncəsi sıxdı məni və fikrimdən daşındım.

Bir həftə Gəncədə xəstəxanada yatandan sonra Azərbaycanın digər bölgələrində qohumlarımızın olub-olmaması haqda soruşdular. Mingəçevirdə bir dayım yaşayırdı. Ondan başqa daha heç kimim qalmamışdı. Onun adını və ünvanını verdim. İki gün sonra dayım dalımca gəldi xəstəxanaya. Dayım məni görcək bərk-bərk qucaqlayıb uşaq kimi hönkürüb ağladı. Üzümü ovcunun içinə alaraq üzümə baxıb, təzədən başımı sinəsinə sıxaraq hönkürtü vururdu. Əsirlikdə gördüyüm vəhşiliklər, işgəncələr məni o qədər daşlaşdırmışdı ki, gözümdə yaş belə qalmamışdı ağlamağa.

Artıq bir həftə idi Mingəçevirdə dayımın evində yaşayırdım. Hamilə olduğumu heç kimə demədim. Bilirdim ki, desəm uşağı aldırmağa məcbur edəcəklər məni. Ona görə də hələlik susmağa qərar verdim.

Dayım anamdan yaşca böyük idi. Evlənəndən sonra Mingəçevirə köçmüşdü. İxtisasca mühasib idi. Elə burda da şəhər maliyyə şöbəsində yüksək vəzifədə işləyirdi. İki oğlu vardı. Böyük oğlu Rəşadın iyirmi, kiçik oğlu Bahadurun isə on səkkiz yaşı vardı. Dayımın yoldaşı uzaq qohumlarımızdan idi. Çox yaxşı qadındır. Dayım, yoldaşı, elə uşaqlar da mənimlə çox yaxşı davranırdılar. Əlimi ağdan qaraya vurmağa qoymurdular.

Bir gün səhər dayımın yoldaşı Solmaz xalanın geyinib harasa getmək istədiyini gördüm. Hara gedəcəyini soruşdum, bazara gedib bəzi şeylər alacağını söylədi. Xahiş elədim ki, pulu versin mənə mən gedim. Bütün günü evdə oturub, televizora baxmaqdan sıxılırdım artıq. Sağ olsun Solmaz xala, xahişimi rədd etmədi və beləcə həmin gündən evin bazarlığına, çörək almağa, zibil atmağa özüm getməyə başladım. Bir dəfə bazardan qayıdırdım. Blokun qarşısındakı oturacaqda iki qonşu qadın oturmuşdu. Yanlarından keçərkən istəmədən danışıqlarını eşitdim.

− Azz, bu Solmazın o əsirlikdən gələn qohumu deyil?

− Hə, odur.

− Bu niyə özünü belə qudurub salam-zad vermir ki? Elə bil erməninin altından çıxan bu deyil…

Qadının dediyi söz sillə kimi dəydi mənə. Gözüm qaraldı, dünya başıma fırlandı. Əlimi atıb divardan tutdum ki, yıxılmayım. Bir təhər özümü evə çatdırdım. Solmaz xala halımın pisləşdiyini görüb nə olduğunu soruşdu. Başımın ağrıdığını deyib otağa keçib ağzımı yastığa dirəyib ağladım.

Həmin gecəni demək olar ki, yatmadım. Səhərə kimi ancaq bir fikir düşündürürdü məni: “Axı mənim günahım nə idi?” Səhərə yaxın bir az mürgülədim. Səhər bazara getməliydim deyə məcburən tez durdum. Solmaz xala alınacaq şeylərin siyahısını və pulu verdi, geyinib evdən çıxdım. Gözəl hava vardı. Bazara getməmişdən qabaq biraz gəzmək istədim. Getdim Kür qırağına. Dəmir məhəccərə söykənib bir müddət çayın sakit axışını seyr elədim. Ətrafa baxdım. Kimsənin olmadığından əmin olandan sonra, üzümü səmaya tutub, qollarımı yana açaraq sərin havanı içimə çəkdim. Əlimi qarnıma qoydum. İçimdə bir körpə böyüyürdü. Hər dəfə hamilə qadınlardan eşidirdim ki, ana olacağını bilmək çox gözəl bir duyğudur. Adamı həyata bağlayır, yaşamağa sövq edir. Həyatda hər şeydən məhrum olduğum kimi bu hislərdən də məhrum olmuşam. Bilmirəm ana olacağıma sevinim, ya kədərlənim. Mənim uşağımın atası sevdiklərimin qatili, millətimin düşməni olan bir ermənidir.

Başım gicəlləndi, əlimi atıb dəmir məhəccərdən yapışdım ki, yıxılmayım. Bir müddət belə qalıb özümə gələndən sonra artıq gec olduğunu düşünüb Kürün sahilindən ayrılaraq bazara tərəf yönəldim.

Evə qayıdan da qapının açıq olduğunu görüb döymədən içəri girdim. Əlimdəkiləri bir küncə qoyub, idman ayaqqabılarımın iplərini açmaq istəyirdim ki, içəridən Rəşadın əsəbi səsi gəldi.

− Biyabır olmuşam, dost-tanış içinə çıxa bilmirəm, üzümə deməsələr də, arxamca deyirlər ki, zorlanmış bibisi qızını fəxrlə evlərində saxlayırlar.

− Düz deyir, mən də utanıram camaat içinə çıxmaqdan. Buna bir əncam çək, ata, – bu da Bahadurun səsi idi. Dayımın verdiyi cavabı eşidə bilmədim, çünki eşitdiklərimdən dünya başıma fırlanırdı. Yerdə oturub kürəyimi söykədim divara. Otaqdan çıxan Solmaz xala məni görüb özünü itirmiş halda:

− Qızım, nə olub sənə, qapının ağzında niyə oturmusan? − dedi.

Cavab vermək əvəzinə divardan tutaraq ayağa qalxıb otağıma qaçdım. Arxadan Solmaz xalanın:

− Utanırsız heç, eşitdi qız dediklərinizi. Dediyini eşitdim. Bir neçə gün otağımdan çıxmadım. Solmaz xala yeməyi güclə, danlayaraq yedizdirirdi mənə. Bu neçə gündə nə dayım, nə də uşaqlar otağıma girib halımla maraqlanmadılar. Özümü burda artıq yük kimi hiss edirdim və tezliklə bu evi tərk etməliydim. Amma hara, kimin yanına gedəcəkdim ki? Dayımdan başqa bir kimsəm qalmamışdı bu həyatda. Çıxılmaz bir vəziyyətdə qalmışdım. Nə getməyə bir yerim vardı, nə də daha burda qala bilərdim. Bircə yolum qalırdı: Solmaz xaladan yol pulu alıb, Bakıya getmək. Kirayə ev tutardım, bir iş də tapıb öz-özümü birtəhər dolandırardım. Elə bu fikirlər başımda dolanırdı ki, dayım girdi içəri. Qalxıb oturdum. O da sakitcə gəlib yanımda oturdu. Uzun sürən sükutdan sonra nəhayət ki, dayım sakit səslə:

Qızım, olanları təkrar sənə deməyə ehtiyac yoxdur.

Hamısını özün eşitdin, − dedi, − özün də yaxşı bilirsən ki, sənin daha burda qalmağın mümkünsüzdür.

Sözünə bir az ara verib, dərindən nəfəs alıb davam etdi:

− Uşaqlar haqlıdırlar, mən də son zamanlar hiss edirdim ki, işdə də, elə həyətdə də arxamca nəsə deyib gülüşürlər.

Ağlamamaq üçün dodaqlarımı gəmirirdim. Özümü toplayıb:

− Narahat olmayın, dayı, mən də düşünürəm ki, daha sizə yük ola bilmərəm. Mənə bir az yol pulu ver Bakıya gedim. Orada kirayə ev də tutaram, iş də tapıb dolanaram, – dedim.

− Yox, qızım, Bakıya getməyə qoymaram səni. Sən mənə bacımın yadigarısan. Sənə yataqxanada bir otaq almışam. Gedib orada qalarsan. Pul sarıdan da nə köməklik lazım olsa, edəcəm, – deyib əlini şalvarının cibinə salıb bir açar çıxarıb mənə uzatdı.

Bacısının yadigarıymışam. Evində saxlamağa utandığı, qoruya bilmədiyi, yataqxana otağına göndərdiyi yadigarı. Dayım dost-tanış arasında başı uca gəzsin deyə məni evindən çıxarır, amma halbuki mən onun başını aşağı edəcək bir günah işləməmişəm. Əsir düşməyim, günlərlə zorlanmağım, əzablara dözərək sağ qalmağım mənim günahım deyildi axı.

Fikrə dalmışdım deyə dayımın otaqdan nə vaxt çıxdığından xəbərim olmamışdı. Açarı çarpayının üstünə qoyub getmişdi. Daha gözləyə bilməzdim, getmək lazım idi. Yerimdən qalxıb cəmi iki-üç dəst olan paltarlarımı yüngül bir çantaya yığıb otaqdan çıxdım.

Solmaz xala məni yola salmaq üçün mənimlə aşağı düşdü. Blokun ağzında məni bərk-bərk qucaqlayıb bağrına basdı, üzümdən, saçlarımdan öpüb:

− Bağışla, qızım, mən çox istərdim getməyəsən, amma kimdir mənə qulaq asan. Dayına çox dedim, yalvardım qulaq asmadı, – dedi və qoynundan bir büküm pul çıxarıb ovcuma basdı. – Götür bunları da, özünə iş tapana kimi dolanarsan, özüm də imkan düşdükcə gəlib dəyəcəm sənə, – deyib bir daha məni qucaqladı.

Qalacağım yataqxananın ünvanını bilirdim. Bazara gedəndə yanından keçib gedirdim. Yaxın idi deyə elə piyada getdim. İçəri girib qarşıma çıxan qadından otağımın harda yerləşdiyini soruşdum, ikinci mərtəbə dedi. Pillələrlə yuxarı qalxıb qalacağım otağı tapdım. Üstünün rəngi getmiş, köhnə taxta qapını açıb içəri girdim. Balaca, təmirsiz bir otaq idi. Pəncərəsinin şüşəsinin bir tərəfi sındığından yerinə taxta vurmuşdular. Divarları rütubətdən kif basmışdı. İçəridə pəncərənin qabağına qoyulmuş köhnə taxta stol, yanında bir dənə kətil və bir paslanmış dəmir çarpayıdan başqa heç nə yox idi. Paltarlarımı çantadan çıxarıb stolun üstünə qoyub özümü üzü üstə yıxdım çarpayıya. Sanki illərin yorğunluğu vardı canımda. Uzanan kimi də yuxu tutdu.

Oyandığımda pəncərənin çirkli şüşəsindən içəri gün işığı düşürdü. Deyəsən, bir sutkaydı yatmışdım. Qalxıb oturdum. Bir az özümə gəlib dəhlizə çıxdım. Üzbəüz qapıdan cavan bir gəlin çıxdı. Ondan tualetin yerini soruşdum. Dəhlizin sonunda dedi. Saatı da soruşdum, dedi doqquzun yarısıdır. Dünən axşam saat dörddən yatmışam. İndi də səhər doqquzun yarısı. Tualetdə böyük bir növbə var idi. Növbəm çatdıqda əl üzümü yuyub otağıma qayıtdım. Acımışdım. Mağazaya düşüb stəkan, qab və lazım olan başqa bir-iki əşya, bir də yeməyə bəzi şeylər aldım.

Artıq bir aya yaxındır ki, burda yaşayıram. Qonşularla da tanış olmuşam. Yaxşı-pis birtəhər dolanıram. Özümə iş tapmaq barədə düşünürəm, çünki Solmaz xalanın verdiyi pul tükənmək üzrədir. İş tapmasam, acından ölərəm burda. Qarnım da böyüməyə başlayıb deyə paltarlarım əynimə olmur, yeni paltar da almalıyam. Qonşulardan soraqlaşdım. Dedilər mənzil istismar sahəsinə xadimə axtarırlar. Yollandım ora. Katibə mənə rəisin yanına girməyi məsləhət gördü. Rəis orta yaşlı, dolu bədənli bir kişi idi. İş üçün gəldiyimi dedim. Kim olduğumu, harda qaldığımı və dayımın adını dedim. Rəis məni ayaqdan başa süzərək:

− Hə, sən o əsirlikdə olan qızsan? – deyə soruşdu. − Bəli, Xocalıdanam.
− Gəl otur görək, − deyib mənə yer göstərdi.

Keçib onunla üzbəüz stulda əyləşdim. Özü isə qalxıb otaqda var-gəl edə-edə mənə bir neçə sual verdi. Neçə yaşım var, adım nədir və sairə. Danışa-danışa gəlib başımın üstündə duraraq əllərini çiyinlərimə qoyub:

− Heç rəvadırmı belə gözəl, gənc bir qız xadimə işləyib, onun bunun ayağının altını süpürsün? – dedi.

− Mənim təhsilim yoxdur axı, heç orta məktəbi də bitirməmişəm.

− Eybi yox, hərfləri ki tanıyırsan, yaza bilirsən.
− Bəli, xəttim də yaxşıdır.
− Hə, lap yaxşı, sənə babat bir iş verərəm, maaşın da yaxşı olar, – deyərək əllərini çiynimdən sinəmə tərəf sürüşdürüb, köynəyimin içinə salaraq döşlərimi sıxmağa başladı.

− Buraxın, nə edirsiz, siz, dəli olmusuz? – deyərək stuldan qalxmağa çalışdım. Amma o, güclü əlləri ilə məni stula sıxdığından tərpənə bilmədim. Onun əlindən çıxmağa çıxış yolu axtarırdım ki, biləyi keçdi ağzıma və var gücümlə biləyini dişlədim. Bağıraraq məni buraxdı.

Yerimdən qalxıb qapıya tərəf qaçdım. Arxamca:
− Qancıq, mənim o ermənilərdən nəyim əksikdir ki? Allah bilir neçə erməninin altından çıxmısan, – deyə bağırdı. Qapını açıb çıxmaq istəyirdim ki, başım hərləndi. Əlimi atıb divardan tutmaq istədim, amma divara çatmamış yıxıldım.

Gözümü açanda xəstəxanada idim. Solmaz xala yanımda oturmuşdu.

− Mənə nə olub? – deyə soruşdum.

− Qorxma, qızım, sadəcə başın hərlənib yıxılmısan. Dayın da burdadır, həkimin yanındadır, indi gələr o da bura.

Dayım əlində bir neçə kağız içəri girdi. Mənə qəzəbli baxaraq Solmaz xalanın qulağına nəsə pıçıldadı. Solmaz xala təəccüblü halda:

− Vay… – deyərək əlini ağzına apardı.
Sonra hər ikisi çölə çıxdılar. Bir neçə dəqiqə sonra

Solmaz xala içəri qayıdıb yanımda oturdu.
− Qızım, həkim deyib ki, hamiləsən, həm də artıq dördüncü ayına keçmisən. Dayın da həkimlə danışıb, abort edəcəklər səni.

− Bilirdim hamilə olduğumu, Solmaz xala. Gəncədə xəstəxanada olanda demişdilər. Qorxdum, sizə demədim.

− Gərək mənə gizlində deyərdin, heç dayın da bilməzdi, gedib abort elətdirərdik.

− Yox, Solmaz xala, mənim bu uşağı aldırmaq fikrim yoxdur. Başa düş məni, xala, ürəyim gəlmir.

− Camaatdan ayıbdır, qızım. Deyəcəklər ermənidən uşaq doğub.

− Bu uşaq mənimdir, xala. Dörd aydır mənim bətnimdədir, mənim qanımdandır, mənim canımdandır. Qurban olum, nolar, dəyməyin uşağıma, yalvarıram, öldürməyin balamı, − deyib ağladım.
Solmaz xalanın da gözləri dolmuşdu. Gördüm ki, mənə yazığı gəlir. Ən azından o da qadın idi və ən əsası ana idi. Məni çox yaxşı anlayırdı. Dayımla danışacağına söz verib palatadan çıxdı. Az keçmişdi ki, dayım əsəbi halda içəri girərək:

− Sən nə danışırsan, başın xarab olub sənin, ermənidən uşaq doğmaq nə deməkdir?– deyə üstümə bağırdı.

− Dayı…

− Azzar dayı, niyə bunu vaxtında deməmisən? İstəyirsən ki, camaat içinə çıxa bilməyək, köçək çıxaq gedək buralardan?

− Dayı, mən öz əlimlə öz uşağımın qətlinə fərman verə bilmərəm.

− Sən qələt edirsən. Sən kimsən ki, nəyəsə də qərar verəsən? Özbaşınasan, ya yiyəsizsən? – deyib üstümə yeriyərək qolumdan tutub dartaraq, – Qalx! Abort etmək üçün səni gözləyir həkimlər.

Özümdən asılı olmayaraq hirslə qolumu çəkib onun barmaqları arasından çıxardım. Ömrümdə ilk dəfə olaraq:

− Hə, yiyəsizəm. Atası, anası, yaxınları ermənilər tərəfindən öldürülmüş, dayısı camaatın ağzını yığışdırmaqdansa evindən çıxarıb yataqxana otağına göndərdiyi yiyəsiz bir qızam! – dayımın üstünə qışqırdım.

– Mən uşağımı öldürməyəcəm! Əl çəkin məndən!
Dayım məni vurmaq üçün əlini qaldırdı və yumuruğunu havada sıxaraq əlini yenidən yanına salıb:
− Rədd ol! Mənim bundan sonra sən adda bacım qızı yoxdur, – deyib qapını çırparaq çıxıb getdi.
Yenə gücüm göz yaşlarımla yastığı islatmağa çatdı.